Resurslara çıxış ilə bağlı 7 acı həqiqət

Hərdən bir çoxumuz çox böyük həvəslə 90-cı illərdən danışanda bu günlərlə bir çox fərqləri xüsusi vurğulayırıq. Məsələn, həftədə 1 dəfə kino olardı, onu gözləyərdik və o da başlayanda qəfil işıqlar keçərdi. Al, bu da sənə bu həftənin kinosu. Axı, hamıda evdə videomaqintafon yox idi. Bu bir həqiqətdir ki, o zaman çox bəsit resurslara çıxış məhdud idi. Bəs 20 il sonra bu bolluqda bizim doğurdanmı bir çox resurslara daha rahat çıxışımız var? Təbii ki yox. Heç 20 il sonra da bu olmayacaq. Buyurun, misalçünlər:

1) Networking-dən kənar düşmə. Bu tək Azərbaycana aid deyil. Amma əgər sən hansısa şəbəkələşmələrdən kənardasansa, məlumata, bonuslara çıxışın azdır. Azərbaycanda yaxşı iş yeri az olduğundan təbii ki, sənin üzv olduğun şəbəkələşmə səni qabağa çəkir. Yaşın, maddi imkanın, davranışların, xasiyyətin, mövqeyin və zamanlaman düzgün olmasa, qalırsan gəmidən kənarda.
2) Pul, təbii ki, buna çıxış çox məhduddur. Bəlkə mən bilmirəm, amma 5 dənə özəl təhsil və elm fondu saya bilərsiz? Mən hələ mələksifət investorları demirəm. Gənc insan üçün bu məhdudiyyətlər çox üzücüdür.
3) Sağlamlıq təminatı resursları. Bir çox insan düşünür ki, həkimə getsə 3 aylıq maaşı müalicəyə gedəcək. Elədir ki, var. Xəstəlik faizi artsa da, bir çox özəl şirkətlər belə hətta tibbi sığortaya maraq göstərmir.
4) Dil bacarıqları zəif olduğundan hər saniyə yenilən elmlərə çıxış məhduddur. Müəllimlər çox rahat ev tapşırığını Discovery, Discovery Science, History kanallarından verə bilərlər.
5) Özü aya 10 000 qazanıb işçisinə 350 manat verməklə həftəyə onun 60 saatını alan sahibkarlar. Güya bu pulu onlar özləri qazanır, işçilər də fərsizdir.
6) Sosial mediada keyfiyyətli məzmuna trafik proporsiyası azdır. Əyləncə və idman ilə müqayisədə faydalı məzmun istifadəçilərə daha az göstərilir. Çünki 2-3 dəfə əyləncəyə olan marağın alqoritmləri sənə ‘qarşı’ edir. Əslində bu qədər bol keyfiyyətli resurslardan uzaq düşməklə həyatdan, ömürdən günlər gedir.
7) Hələ də 20-ci əsrdə qalan şirkətlər. İşçiyə boş-boş nəzəriyyələr deyib mənasız işi göndərən eqoist menecerlər.

Bu hələ sadə sıralamadır. Yəni evdə istədiyim vaxt kinoya baxıram demək, hələ dünya ilə ayaqlaşmaq demək deyil.

Bəzən demək çox asandır ki, əziyyət çək, pul qazan, get xaricdə oxu, işlə. Həyatın bəzi məqamları var ki, orada müəyyən resurslara ehtiyac olur, o təmin edilmədikdə nə isə ala-yarımçıq qalır. Bundan sonra da çox az adam özünə gəlib davam edir.

Amma istənilən halda mən gənclərə bir daha xatırladıram. Öz həyatınıza sahib olun, unutmayın ən vacib resurs vaxtdır. Vaxtınızı oğurlayanlardan uzaq qaçın! Elə ortayaşlılara da aiddir 🙂

8 günlük təcrübənin faydaları

Ötən yay məzuniyyətdə qərara gəlmişdim ki, 10 gün telefondan az istifadə edim. Amma bu dəfə daha fərqli yanaşdım. 1-8 sentyabr arası telefondan Facebook, Instagram və LinkedIn proqramlarını sildim. Brauzerdən belə bu saytları sildim. Tam 1 həftə ümumiyyətcə kompüterdən belə istifadə etmədim. Telefonun özünü də məhdudiyyətlə istifadə etdim. Gün ərzində 1-2 saat bəzi şəxsi və iş öhdəliklərinə görə e-mail və WhatsApp-dan istifadə edirdim. Bir də Youtube-da sevdiyim videolara baxır, nə isə maraqlıdırsa google-da axtarış edib baxırdım.

Bu kiminsə üçün adi gələ bilər 🙂 Mənasız bir addım ola bilər. Ancaq azdan-çoxdan sosial məsuliyyətli insan kimi işimlə və fəaliyyətlərimlə bağlı mən sosial mediadan gün ərzində 2 saata yaxın istifadə edirəm. Bəzən bir çoxunda olduğu kimi mən də tamamilə başqa nə üçünsə telefonu əlimə götürsəm də, baxıram ki, neçə dəqiqədir ki, Facebook-dayam.

Qısaca bunun faydaları nə oldu?

1) İndiki dövrdə insanların ən böyük problemlərindən biri fokus ola bilməməkdir. Sosial media insanı fokusdan uzaqlaşdırır. 1 filmə baxanda bəzən fikrin sosial mediada qala bilər. Görəsən nə cavab yazdı və s. Amma bu günlər fikrə dalıb rahatca Youtube 30-35 dəqiqəlik videolara baxırdım.

2) Sosial mediada insanı yersiz yükləyən çox məlumat var. Təki həmişə şad günlər olsun. Amma bəzən heç tanımadığın insanların şikayəti, aqressiyası, sənə birbaşa aid olmayan neqativ hadisələr beyində neqativ mühit formalaşdırır. Görmədikcə yada düşmür. Bu biganəlik deyil. Əksinə fikirləşməyə vaxt tapdıqca daha vacib insanlarla maraqlanırsan.

3) 2-3 gün sonra ümumiyyətcə yadından çıxır ki, sən hər gün sosial şəbəkələrdən istifadə edirsən. Time Management üçün çox yaxşı bir alətdir.

4) Bu müddət ərzində heç bir, konkret heç bir xəbər saytına girmədim. Sadəcə UEFA-nın saytında Kosova ilə oyunun nəticəsinə baxmışam 🙂 Bunu il ərzində tez-tez edir, hamıya tövsiyyə edirəm. Gündəm mövzuları elə gündəm mövzularıdır. Xəbər saytını 1 ay sonra açsan da gündəmi tez tuatacaqsan. Yəni heş zad itirmirsən. Əvəzində pozitiv enerjin özündə qalır. Ən əsası vaxtın özünə qalır.

5) 1 həftə ərzində demək olar ki, çox az insanın yadına düşdüm. Virtual dostlar artdıqca, yaxşı dostlar da virtuallaşdıqca, realda çox az yaxşı dost qalır.

Bir daha qeyd edim ki, mənim yaxınlarım, yoldaşlarım və dostlarımım arasında bir xeylisi sosial mediadan ümumiyyətcə az istifadə edir. Mənim nisbətən çox vaxt keçirməyim şəxsi və peşəkar fəaliyyətlərimlə bağlıdır. Bu da müəyyən sosial öhdəliklər yaradır. İstər-istəməz vaxtın gedir və bağlılıqların var.

Əlbəttə bu statusu çox az insan görür. Çünki sosial media platformalarına etinasızlıq göstərəndə bu şəbəkənin alqoritmləri səni arxa plana salır.

Nəyisə artıq 2 dəfə etmək artıq 3-cü və daha çoxunun mümkün olduğunu göstərir 🙂 Qabaqda isə ayın 10-dan tamamilə yeni planlar və fəaliyyətlər var. Sosial mediadan isə yenə də qarşıdakı həftələr ərzində çoxumuz üçün faydalı olacaq məzmunları paylaşmağa davam edəcəm.

Xoş gəldim! Fərqli gəldim 🙂

Soyuq havada vaxtı səmərəli idarəetməyə dair 5 isti məsləhət

Əlbəttə ki, dövr nə qədər dəyişsə də bir çox klassik məsələlər var ki, daima aktualdır. Məsələn, vaxtın düzgün idarəedilməsində prioritetlərin düzgün müəyyən edilməsi həmişə işə yarayır. Amma elə məqamlar var ki, onlar dövrün tələblərinə uyğun formalaşır və bir çox hallarda bir neçə il sonra aktual olmur. Mən də sizlər kimi gecə-gündüz vaxtımı səmərəli idarə etmək haqqında düşünürəm, buna çalışıram. Deyim ki, bu asandır. Yox! Qətiyyən. Xüsusən telefon və internet adamın çox vaxtını alır. Qabaqdan soyuq günlər gəlir. Yəni indikindən də soyuq. Düşündüm ki, son 3-4 ilin təcrübəsinə əsasən soyuq havalara istilik gətirəcək, eləcə də vaxtınıza dəyər qatacaq 5 məsləhəti sizlərlə paylaşım:

1) Tək kofe içməyə gedin – Dolların düşməyə nəyə də olmasa kofe şopların artmasına yaman təkan verdi. İndi hər tində biri var. Siz də arada vaxt tapın, lap o kinolardakı kimi əllərinizi ağzınız havası ilə isidə-isidə gedin 1-2 saata kofe şopda oturun. Bacarsaz telefonsuz. İnsanları müşahidə edin. Kitab da götürə bilərsiz. Əsas odur ki, həftədə 1-2 dəfə ruhunuza qida verin.

2) Yaya planlar qurun – Dekabr və yanvar aylarında insan həm işi ilə bağlı, həm də şəxsi həyatı ilə bağlı illik planlar qurur. Böyük məqsədlər ortaya qoyur. Sonra necə olursa bu planların çoxsu elə plan kimi qalır. Əslində qışda olan passivlik sonradan yazda da, yayda da davam edir. Təbii ki, siz orta gəlirli və hətta ondan da aşağı gəlirli şəxssinizsə o zaman yaxşı olar ki, qışda səyahət saytlarını açıb yay üçün planlar qurasınız. Qışdan axtarsanız qızmar yay günlərində 4-5 günlük olsa da nə isə tapacaqsınız. Bu sonradan həm vaxtınıza və pulunuza qənaət etməyə imkan verəcək. Həm də bu səyahət həvəsi içinizi isidəcək.

3) Pəncərədən çölə az baxın və caza qulaq asın – Əslində qışda işə gələnədək və ya evə çatanadək insan sadəcə özünü isitmək haqqında düşünür. Xüsusən də hava qarlı və çovqunlu olanda, şimal küləyi əsəndə. Belə hava adətən insanı böyük məqsədlərdən uzaqlaşdırır və bəzilərini hətta romantikləşdirir. Deyə bilərsiniz ki, hələ üstəlik caza qulaq assaq bəs onda daha da romantik olacağıq. Sizi başa düşürəm. Amma məndə bu yanaşma çox effektiv işləyir. Qışınki cazdır. Əgər ecazkar caza qulaq assanız sanki çöldəki havanı bədəniniz daha stabil qəbul edəcək və siz böyük işləri görməyə eyni templə davam edəcəksiniz.

4) Az yatmağa çalışın – Çox pis məsləhətdir, eləmi? Xüsusən də qışınkı yatmaqdır deyənlər üçün. Çox banal görünən bu məsləhətin məğzi nədir. Əslində isti yerindən heç kim durmaq istəmir. Amma yaxşı olar ki, soyuq havalarda həmişəki kimi yerinizə tez yox, gec girin. Səhər bir qədər gec dursaz eyib etməz. Çünki qışda adətən səhər duranda ev nisbətən soyuq olur deyə həvəssiz olursan. Gecəyə doğru isə ev qəşəng qızır. Yatmaq əvəzinə kinoya baxmaq, kitab oxumaq olar.

5) Onlayn təlimlərə qatılın – Qışda hava tez qaralır. Tez qaralan tək hava deyil, işləmək də adama qara gəlir. Yazda, yayda həvəslə gördüyün işi qışda daha həvəssiz görürsən. Bəzən işdə 2-3 saat boşuna vaxt gedir. Amma yaxşı olar ki, onlayn kurslara yazılıb iştirak edəsiniz. Bunu hətta nahardan sonraya da sala bilərsiniz. Sizə və gələcək məqsədlərinizə çox bağlı olan kursdursa orada həvəslə iştirak edəcəksiniz və bu da sizin çox böyük qazancınız olacaq.

Təbii ki, insanın mühitindən asılı olaraq bunların hamısını və ya 1-2-ni həyatında tətbiq edə bilər. Bu yazı da bir bəhanədir. İpucudur. Öz həyatınıza istilik qatan başqa nələrisə tapmağa. Odur ki, qışdır deyib keçməyin. Həqiqətən hər fəsil gözəldir və hər vaxt önəmlidir.

Alət çubuğuna keç