Turizm sferasında karyera – Perspektivlər üzərindən 5 məsləhət

ilham ali yusifBilmirəm məlumatınız var, yoxsa yoxdu, amma mən həm bakalavr, həm də magistr təhsilimi turizm ixtisası üzrə almışam. Tələbə olduğum müddətlərdə qonaqpərvəlik sənayesinin müxtəlif sahələrində işləmişəm. Həmçinin o zaman təsis etdiyimiz Azərbaycan Gənclər Turizm Klubunun vasitəsilə Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif layihələrində də yaxından iştirak etmişəm. Amma bu nə az, nə çox düz 10 il bundan öncə olub. Sonradan isə mən öz peşəkar karyeramı təhsil sferasında qurmuşam. Qısası turizm sferası mənə həm yaxın, həm də doğma sahədir. İşimizin bir hissəsi də karyera və peşəkar inkişafla bağlı tövsiyyələr vermək olduğundan da son günlər turizmdə karyera ilə bağlı haqqında düşündüyüm bəzi məsələləri, daha dəqiq desək məsləhətləri sizinlə də paylaşmaq istərdim:

  1. Beynəlxalq düşünün – Bu mütləqdir. Uzun müddət bizdə insanlar hər hansı bir sahə haqqında düşünəndə bəs bunun bizdə perspektivi yoxdu deyirdilər. Amma təcrübə göstərdi ki, biz çox səhv düşünmüşük. Qlobal düşünmək lazımdır. Tək Azərbaycan üzrə deyil, özümüzü dünyanın hər bir yerində işləyə biləcək səviyyəyə qaldırmaq lazımdır. Hətta bələdçi, ofisiant kimi xaricdə işə başlasanız belə uğurlu olmaq şansınız çoxdur. Dediklərim ilkin olaraq ümumi gələ bilər, amma ətrafınızda yəqin ki, elə şəxslər var ki, onlar son 10 il ərzində Türkiyədə, Ərəb ölkələrində, Avropada və ya Amerikada turizm sənayesində işləməyə başlayıblar. Vacib deyil ki, onlar ömürlərinin axırlarına qədər bu ölkələrdə işləyəcəklər. Ancaq bu ölkələrdə turist axını çox olduğundan öyrənmək və real situasiyaları təcrübədən keçirtmək imkanı var. Bizə bu yay İraqdan günə 3 təyyarə gələndə, turizm ölkələrinə bir saata 30 turist təyyarəsi enir. Turizmin beynəlxalq perspektivi qlobal səviyyədə qeyri-adi heç nə olmasa hər il artacaq. Burada aviaşirkətlərin rolu böyükdür. Çünki onlar insanları səyahət etməyə şüuraltı çox həvəsləndirirlər. İndiki dövrün gəncləri də ev və maşın almağa tam həvəsli olmadığından gəlirlərini səyahət və əyləncəyə xərcləməyə daha çox meyllidirlər.
  2. İT biliklərinizi artırın – Excel və Word ilə iş bitmir. Bu gün dünyada ən perspektivli sahə İT-dir. Bu baxımdan mən turizmi top 5-likdə görürəm. Düzdür turizmdə xeyli peşələr var ki, 2-3 ilə onlara tələbat çox azalacaq. Bir halda ki aviabileti, otel bronunu internet üzərində almaq mümkündür, artıq ənənəvi operatorların sayı kütləvi azalır. Amma ümumi sənaye olaraq turizm sferasında işçilərə olan tələbat artacaq. Dünyada turistlərin sayı ölkələrdaxili belə sürətlə artır. Turizm sferasına yardım edən digər sahələr üzrə də xidmətlərin sayı artır. Belə bir mühitdə İT bilikləri sadəcə sizə istifadəçi kimi deyil, İT prosesləri başa düşüb yeni biznes modellər yaratmağa imkan verir. İT bilikləri həm də işinizi optimallaşdırmağa kömək edir və kiçik biznesinizi belə effektiv idarə edə bilirsiniz. Ən sadə CRM sistemi belə sonradan biznesinizi təhlil etməyə imkan verir. Məsələn, dostlarımız Turizm.Az şirkətinin konkret olaraq elektron viza ilə bağlı yaratdıqları layihə bizim dediklərimizə bir misaldır.
  3. Dil və yenə də dil – Ərəb İngilis dilini bilir. Amma onunla Ərəb dilində ünsiyyət qurmaq daha səmimi mühit yaradır və nəticədə onu daha çox xərcləməyə təşviq etmək olur. Amma vacib deyil ki, siz Ərəb dilini öyrəsiniz. Ən vacib turizm dili onsuz da İngilis dilidir. Turizm sferasında bələdçi olmasanız belə İngilis dilini mükəmməl bilməklə gəlirlərinizi artıra bilər və bu sahədə uğurlu biznes də qura bilərsiniz. Mən bir adam tanıyırdım, heç dil də bilmirdi amma turistlərdən qəşəng qazanırdı deyənlər həmişə olacaq. Amma turizmin təbliği zamanı həmişə məzmun çox vacib olub. Bu məzmunu yarada biləcək səviyyədə İngilis dilini bilməyiniz şərtdir, eləcə də biznesinizə aid digər xarici dilləri. Həmçinin, turizm sferasında bir sıra beynəlxalq tədris kvalifikasiyaları var ki, dil bilgiləri sizə yeni biliklər qazanmağa da imkan verəcək.
  4. Biznes təfəkkürünüzü artırın – Gələcəkdə hər bir sahədə çalışan şəxsə bu cür düşünmək çox fayda verəcək. Aribnb haqqında eşitməmiş olmazsınız. Orada siz öz evinizi belə turistlərə təqdim edə bilərsiniz. Onlayn platformada artıq ənənəvi bazar prinsipləri olmur. Sizin evdə qalanlar sonradan rəy yazır, sizi qiymətləndirir. 5 günlük dünya deyil. Orta statistikaya görə 60-70 il yaşayırıq. Biznes təfəkkürünüz, bilik və bacarıqlarınız elə olmalıdır ki, biznesinizi üzunömürlü edəsiniz və qlobal trendləri gərək hamıdan qabaq görəsiniz. Biznes təfəkkürü sizə həm də liderliyə can atdıracaq. Təsəvvür edin ki, siz hansısa aviakompaniyada təyyarə bələdçisi kimi işə düzəlirsiniz, əgər əminlik və ambisiyalarınız yoxdursa, o zaman 5-6 il eyni işi görəcək və sonradan da özünəinamı daha da itirəcəksiniz. Bu təfəkkürü formalaşdırmaq üçün tək biznes ədəbiyyatları deyil, işlədiyiniz mühit, dostlarınız, həyat tərziniz də böyük rol oynayır.
  5. Elə indidən iş axtarın – Biz yazılarımızda müxtəlif yaş kateqoriyalarında olan insanları hədəf seçirik. Bu yazımızda əsasən 17-25 yaşında olan şəxsləri hədəfə almışıq. Ancaq razılaşarsınız ki, elə bəndlər var ki, onlar çoxumuza aiddir. Niyə görə mən indidən iş axtarmağı tövsiyyə edirəm? Burada qeyri-adi nə var? Sırf təcrübədən. İnsanlara hər hansı bir sahədə tutaq ki, 5 məsləhət verirsən və deyir ki, gözlə ilk 4-ü üzrə mükəmməl olub başlayacağam CV hazırlayıb iş axtarmağa. Yaxud da elə insanlar var ki, 1-2 dosta iş olsa deyərsən deyib iş axtardığına özünü inandırır. Turizm sferasında dediyimiz kimi sahələr çoxdur. Bu sferada fikrimcə ən perspektivli sahələr onlaynlaşmış bizneslər, aviakompaniyalar, əyləncə mərkəzləridir. Otelçilik, bələdçilik, ənənəvi turizm şirkətləri, sığorta, transfer və nəqliyyat xidmətləri qeyri-adi gəlir və ya karyera imkanları təqdim etmir. Bu mənim fərziyyəm və proqnozumdur. Siz əgər indidən girib bu sfera üzrə Azərbaycan və ya xaricdə iş axtarsanız birincisi biləcəksiniz ki, turizm sferasında hansı iş imkanlar var və ən əsası bu işlər üçün hansı bilik və bacarıqlar lazımdır.

Şəxsən mən düşünürəm ki, turizm sferasında iş imkanları daha da artacaq. Nə qədər avtomatlaşdırma olsa da turizm elə bir sferadır ki, orada insani münasibət həmişə vacib olacaq. Ona görə də bu sferada oxuyanlar, hazırda işləyənlər maksimum yaradıcı olub öz karyeraları haqqında daha dərindən düşünsünlər.

Bir də var Azərbaycansayağı səyahət məsləhətləri

Untitled

Bu ilin əvvəlində dostumuz Murad ilə görüşəndə o tezliklə Azərbaycanda səyahətə aid bloq yaratmaq fikrində olduğunu bildirdi. Və elə də çox vaxt keçmədi artıq bu bloq 10-larla yazı ilə necə deyərlər LIVE oldu. Baxmayaraq ki, mənim bu bloqda ilk yazım təxminən 2 həftə öncə çıxdı, lakin bu ayın əvvəlindəki döyüşlər səbəbilə bu bloq haqqında fikirlərimi sizlərlə paylaşmaq həvəsində olmadım.

Yeri gəlmişkən, Murad özü bir neçə ilini hərbi təhsilə ayırıb. Onun layihələrdə uğurlu olmasını mən həm də onun hərbi nizamına bağlamaq istərdim. Çünki çoxumuz hansısa bir ideyam var, vaxtım və pulum olsaydı reallaşdırardım dediyimiz vaxtda, Murad konkret olaraq fəaliyyət həyata keçirir. Belə tərifnəmadən sonra icazə versəydiniz səbəbkar haqqında bir neçə fikrimi sizlərlə paylaşım.

Turizm mənim üçün çox yaxın sahədir. 6 il turizm sahəsində təhsil almağım, Turizm İnstitutunda dərs deməyim bu sahədən tanıdığım xeyli sayda insanın olması mənə son 10 il ərzində Azərbaycan turizm sənayesini izləyə bilməyimə imkan verib. Tələbə olarkən ilk müşahidələrimiz o idi ki, Azərbaycanda turizm və səyahət haqqında yazanlar, danışanlar daha çox Rus dilli auditoriyanı hədəf tuturdular. Paralel olaraq Azər Qərib, Aynur Talıbova maraqlı TV layihələr ilə bizə turizm və səyahətdən öz dilimizdə danışırdılar. O vaxtlarda Oralar.Az, Turizm.Az forumları var idi ki, burada da səyahətdən müzakirələr olurdu. Biz o zamanlar turizm sahəsində oxuduğumuzdan və bir neçə universitetdən olan turizm tələbələri kimi Turizm Klubu kimi təşkilatlandığımızdan daha çox bu sahənin inkişafı ilə bağlı dava-dava oynayırdıq. Bunu artıq tərif kimi yox fakt kimi bildirirəm ki, o vaxtki, Turizm.Az forumunun da təsisçisi məhz Murad və onun qardaşı idi.

Bloqçuluq dalğası son 5-6 ildə Azərbaycana da gəldi. Yenə də səyahət ilə bağlı bloqlar daha çox Rus dilli idilər. Amma ara-sıra qarşımıza Azərbaycan dilində də müxtəlif bloqlar çıxır. Əslində TravelBlog.Az fantastik yenilik deyil, amma bir sıra üstün cəhətləri ilə Azərbaycanda ən populyar səyahət bloqu ola bilər. Məsələn, burada səyahətindən danışmaq istəyən istənilən şəxsə söz verilir. Yetər ki, siz öz gördüklərinizi, bildiklərinizi paylaşmaq həvəsində olasınız. Ola bilsin ki, sizin yaxşı yazmaq bacarığınız yoxdur, siz hər hansı bir səyahətinizdən fotolar və videoları bloq kimi təqdim edə bilərsiniz. Həm də vacib deyil ki, burada ancaq Azərbaycan dilində yazasınız.

İnformasiyanın belə çox mənbədən gəldiyi bir vaxtda insanların brouzerdən konkret hər hansı bir bloqa girməsi və ya sosial mediada paylaşılan postlara diqqətlə yanaşması üçün indi vacib olan odur ki, informasiya mənbəyi kimi bloqu brendləşdirə biləsən. Dostlarımıza tövsiyyə edərdim ki, davamlı keyfiyyətli məzmunun olmasına ‘nəzarət etsinlər’. Həm də səyahət sevərlər üçün müxtəlif kampaniyalar da təşkil etsinlər. Bunlara onların həm də infrastruktur baxımdan kifayət qədər imkanları var.

Potensial və hazırki yazarlara isə tövsiyyə edərdim ki, hətta insanların çox səyahət etdiyi yerlərdən də maraqlı məqamları və tövsiyyələri paylaşmaqda xəsis olmasınlar 🙂 Bunu bəzən Facebook-da edirik, öz dost-tanışımıza danışırıq. Amma imkan düşmüşkən bunu heç vaxt tanımadığımız və tanımayacağımız şəxslərlə paylaşsaq, nə qədər çox insanda səyahət etməyə həvəs yaradarıq. Yəni onların işini bir xeyli ASANlaşdırmış olarıq. Faktiki olaraq beynəlxalq bron saytları, aviaşirkətlərin rahat funksional internet səhifələri turistlərin işini xeyli asanlaşdırır. Trip Advisor kimi beynəlxalq portallar kifayət qədər məlumatvericidir. Amma bir də var Azərbaycansayağı məsləhətlər. Bax o məsləhətləri paylaşmaqla suvab iş görmüş olarsınız.

Aydın məsələdir ki, bloqçuluq dünyada neçə ildir ki, çox gəlirli bir sahədir. Reklam və PR niyyətilə müxtəlif turizm brendləri də birbaşa və ya dolayı öz bloqlarını yaradırlar. Bu sadəcə hansısa taktiki gediş deyil ki, müştərinin diqqətinə qısamüddətli cəlb edəsən. Əksinə bu davamlı bloqçuluqla məşğul olan brendlərin öz müştərilərinə olan loyal münasibətidir. Həm də bu brendlərin məsuliyyətindən və işgüzarlığından xəbər verir. Bəzən milyonlar qazanan şirkətlər və brendlər olur ki, girib onlardan necə düzgün istifadə etmək haqqında məlumatı biz Rus və ya İngilis dilində oxumalı, baxmalı oluruq.

Yeri gəlmişkən, bu bloqdakı ilk yazımı buradan oxuya bilərsiniz.

 

Çörəyi çak-çukdan çıxan tuk-tukçu

Başlıq söz oyunu kimi görünməsin. Zatən bir çox insanın gəliri çak-çukdan çıxır. Kimsə buna maaşdan əlavə gəlir kimi, kimsə də daimi işi olmayanın müxtəlif gəlir yerləri kimi baxa bilər. 2 gün öncə başıma gələn maraqlı hadisəni sizinlə də paylaşmaq istəyirəm. Sonra isə bu hadisə ilə bağlı ibrətamiz hesab etdiyim bir məqamı qeyd edəcəyəm.

Bu günlərdə Banqkok-da təlimdə iştirak edirdim. Təlimdən sonra şəhəri bir qədər ətraflı gəzmək imkanım oldu. Sözün açığı Bakı ilə müqayisədə hava çox isti və rütübətli idi deyə, gəzməyin ləzzətini tam çıxarda bilmirdim. Bir neçə yerə baş çəkdikdən sonra bunlar böyük budda deyirlər, dedim gedim görək o nədir. Bizim uşaq vaxtımızda Azərbaycanda da çox sürülən 3 təkərli kuzalı motoskeletlər burada tuk-tuk taksilər kimi işləyirlər. Bir bələdçi yaxınlaşıb, mənə 60 bahta tuk-tuk turu təklif etdi. Dedim mənə budda olan yerə getmək lazımdır. Dedi yox tək ora 100 bahtdır. Amma bizim təklif etdiyimiz bu tur 60 baht. Elə gedib o nəhəng buddanı da görərsən. 60 baht təxminən 3 manatdan da azdır. Fikirləşdim ki, yəqin xəritədə səhv görmüşəm. Yaxın turdur, güman ki. Amma yalnız 15 dəqiqə getdikdən sonra böyük buddaya çatdıq. Girib içəridə biraz fırlandım, şikil vurdurdum və çıxıb dedim gedək ikinci yerə. Bələdçi demişdi tura böyük tikiş fabrikinə səfər də daxildir. Başa düşmüşdüm bu nəsə turizm xodudur.

Paralel olaraq da bütün yolboyu fikirləşirəm ki, bu 1 saat vaxtını sərf edəcək. Benzin, arvad-uşaq. Buna çıxardıb 100 baht verərəm. Daha 15 dəqiqə getdikdən sonra gəldik ‘fabrik’-ə. Fabrik dediyi 60-70 kvadrat metrlik mağaza. Mən də dedim daha gəlmişəm girib artistlik edim də. Məni qəşəngcə qarşılayıb lüks brendlərin qondarma kataloqlarını qoydular ki, müəllim seç fasonu, parçanı ölçək-biçək kostyumunu hazırlayaq. Başladım ki, bəs 2-3 günə gedirəm, birdən çatdırmazsız filan. Sonra gördüm ki, bu keçmir, dedim bəs mən gərək xanımımla birgə seçəm. Qaqaş da uşaq deyil, məndən bir xeyir gəlməyəcək. Dedi onda bir yerdə gələndə baxarsız, indi o biri salona keçib hazır mallara baxın. O biri salondan da onsuzda axtardığım 2-3 suvenir alıb çıxdım. Tuk-tukçuya da dedim gəl əl pulunu mən onsuzda buralara yaxın yerə gəlməliydim. Bütün yolboyu bəs bu gün onlarda xüsusi 30 %-lik güzəşt var, belə keyfiyyətli parça filan danışıb məni yola gətirdiyinə inanıb arxayın oturan tuk-tukçu məni fabrikfason yerdən tez çıxan görüb özünü itirdi və özünü yandırıb bəs içəridə nə qədər xərclədin deyə soruşdu. Dedim filan qədər ki, bu gedib faizini də düz alsın.

Buna oxşar hadisə sizin başınıza əminəm ki, çox gəlib. Turizmdə də çörək burdan çıxır. Sözümün canı məhz bu hadisədən çıxardığım bu nəticədir ki – qəpiyi-qəpiyin üstünə qoymağı bacarmaq lazımdır. Banqkok-da 12 milyon yerli və 5 milyona da yaxın Asiya ölkələrindən gələn qeyri-leqallar yaşayır. Hara baxırsan taksidir. Kifayət qədər lüks taksilər də var. Rahat metroları da var. Amma tuk-tukçuları da doludur. Hərdən biz deyirik ki, Bakı kontrastlar şəhəridir, amma gəzdiyimizdən, eşitdiyimizdən görürük ki, əhali sayı daha çox olanda kontrast daha rahat görünür. Sözün açığı mən elə şəhərin nisbətən varlı yerlərində oldum. Bu kontrastı bir çox sahədə hiss edə bilmədim. Nəqliyyat sistemindən çox istifadə etdiyimdən bunu rahat gördüm. Məsələn kimsə 1 iş gününə kondisionerli maşınında 7-8 saata 1500-2000 baht qazanırsa, kimsə 10 saat dalbadal fasiləsiz 10 müştəridən zülmlə ən yaxşı halda 600 baht qazanır. Aydın məsələdir ki, o da ümidini çak-çuka bağlayır.

Tuk-tukçunun turizm xodundan qətiyyən incimədim, əksinə ləzzət elədi. Bəzən kimsə az gəlirli işə vaxt sərf edib pul qazanmaq istəmir, vaxtını boşa verir. Bəzi nəzəriyyələrə əsaslanıb bizneslərdə də az pul xərcləyən müştəriyə elə böyük sevgi ilə yanaşılmır. Lüks brendlər üçün bu başa düşüləndir, amma aşağı və orta gəlirli müştərilərə işləyən biznesin bu yanaşması mənasızdır. Eləcə də təhsili, bacarığı olmayan kifayət qədər olmayan insanın fanatik səviyyədə mən ən yaxşısına layiqəm deyib lazımı gözləməsi sadəcə vaxtını boşa keçirməsi deməkdir. Bu prinsiplə yanaşsanız karyerada da, biznesdə də uğurlu olmaq şansınız çox deyil. Təsəvvür edin ki, bəzən 10 manata satılan hansısa məhsulun real mənfəəti 10 qəpik ola bilər. Ona görə də pul axan kranın gərək ‘obşisini’ həmişə açıq tutasan.

Belə, düşünürəm ki, mənim yadımda məzəli tuk-tukçu kimi qalan bir insan haqqındakı fikirlərimiz sizə də pozitiv təsir etdi. Hər səfərdən sonra yeni ideyalarım və fikirlərim formalaşır. Elə tezliklə turizmimiz üçün xarici ölkələrlə müqayisəli formatda 4-5 ağrılı dərdimizi təkliflərlə birgə sizə təqdim edəcəyəm.

Alət çubuğuna keç