Mənə biraz təlimdən danış – Neptun marketdə gördüklərim

Mənə biraz təlimdən danış – Neptun marketdə gördüklərim

2 gün öncə yolüstü Neptun marketə girdik. Tapılması bir qədər çətin olan bir neçə məhsul da almalı idik. Hansı şöbəyə gedirdik qaça-qaça işçilər üstümüzə gəlir, salamlaşır və nəzakətlə nə axtardığımızı soruşur və necə kömək edə biləcəklərini praktik nümayiş etdirirdilər. Sonda hətta peçenyə axtarışına adminstrator da qatıldı. Axtardığımız olmadı deyə elə çox üzr istədilər ki. Qətiyyən şişirtmirəm, yuxu da danışmıram. Üstündən 3 saat keçdi. Axşam yenə dış fırçası almaq üçün məxsusi yolumu yenə Tbilisi prospektindəki Neptuna saldım. Yenə eyni səhnələr. Hamı qaçır, soruşur. Fürsət düşmüşkən satıcılardan birini söhbətə tutub öyrəndim ki, Neptun şəbəkəsinin bütün supermarketlərinin işçilərinə xüsusi təlim keçirilib, maaşlar artıb. Biraz uzun giriş oldu, amma bu dəyişikliyin təlimatdan doğduğunu hiss etmişdim. Ona görə də ikinci dəfə bilərəkdən Bizim Market və Life Marketlə müqayisədə müvafiq olaraq diş fırçasını mənə 25 və 15 qəpik baha satan Neptuna getdim ki, bu hissimi təsdiqləyim.

Pərakəndə ticarətdən yazmayacağam. İstənilən halda salafanların nazikləşdiyi bir vaxtda, çoxunun böhrandan sıxılıb işçiləri sıxdığı mühitdə işçi resurslarına dəyər verib bu addımı atan Neptun market rəqabətdə qalib gəlmək yolunda düzgün addım atıb. Təlimatlandırıb. Bu yazıda bunun Neptun market timsalında biznes üçün potensial müsbət tərəflərini qeyd edəcəyəm.

1. Təlim müştərini də təlimatlandırır

Təlim keçən personal həm işləməyə həvəsli olur, həm də danışmağa. Adi halda marketdə hansısa məhsul haqqında kəlbətinlə çıxardığın sözü təlimdən sonra soruşmadan belə eşidirsən. Ən azı real Neptun təcrübəsində. On minlərlə çeşidin artdığı vaxtda, insanların marketdə səbəti dolu çıxmasını sadəcə yerli yerində danışıb izah edə bilən personal rahat təmin edə bilir. İlk baxışdan bu müştərinin cibinə girmək kimi görünür. Bəlkə də elədir. Amma danışan personal həm də müştərilərə pisi-yaxşıdan seçməyə kömək edir. Satıcı 2-3 məhsul haqqında məlumat verəndə artıq müştəri hansı çeşidi seçməyin düzgün olduğunu başa düşür. Yaxud da hər hansı bir məhsulun tərkibi varsa, istifadə qaydaları haqqında da təlimatlandırılmış personal müştərilərini təlimatlandıra bilmək qabiliyyətində olur. 

2. Təlim satdırır

Təbii ki, təlim həm də satdırır. Çox satdırır. Müştərinin vitrində tapa bilmədiyi, müştərinin tərəddüddə olduğu, müştərini məlumatsız olduğu məhsulu satdırır. Bəzən bahalı olanı da satdırır. Bəzən müştəriyə lazım olanı amma ağlına gəlməyəni də. Nəticədə müştərinin brendə inamı artır. Buranı daha çox ziyarət edir. Bu da təlim görmüş personalın müştəriylə düzgün davranışının nəticəsidir. O axtarmağa və ya öyrənməyə tənbəllik edib müştərini əliboş yola salmır. O satmağın vacibliyi ilə yanaşı müştərini razı salmağın da vacibliyini öyrənir.

3. Təlim ümid verir

İşçilərə də. Müştərilərə də. Təlimatlanan işçi özünə həm də inamlı olur. İşçilərin bəzən minimal biznes düşüncəsi olmur. Müştəri xidmətləri, satış texnikaları ilə yanaşı biznesin necə işlədiyini müəyyən proporsiyada görən işçi adi bir saqqız satışının biznesə töhvəsini başa düşür. Hər şeydən öncə təlim işçinin özünə, öz biliyinə, gördüyü işə inam yaradır. Bu da davamlı gələcək üçün ümiddir. Müştərilər də belə mühitdə xidmətlərini istifadə etdiyi biznesə daha ümidli baxırlar. Çünki hər bir insan üçün xoş olur ki, o konkret marketdə hansısa satıcını tanıyır və ziyarəti zamanı onun tövsiyyələrinə ac olur. Bu da o deməkdir ki, əslində təlim həm də loyallıq yaradır. 

4. Amma təlim möcüzə deyil

Bəzi şirkətlər təlimin bəzən 1 aylıq effekti olduğunu deyirlər. Təbii bu normaldır. Əgər satışda artım da yoxdursa yuxarı menecment də təlimin möcüzəsinə daha inanmadıqlarını bildirirlər. Əslində isə təlim nə qısamüddətli satış artımı, nə də böyük gəlirlər vəd etmir. Bəli təlim bunu təmin edir. Əgər ümumi biznes strategiyası düz işləyərsə, bazar böyüyürsə, digər innovasiyalar tətbiq edilərsə. İstənilən halda möcüzəvi olmasa da təlim rəqabətə tab gətirmək və daxili və xarici müştəriləri xoşbəxt etmək üçün çox uğurlu alətdir.

Sözün düzü bir sıra sahələr üzrə loyal müştəri olsam da supermarketlərdə heç də loyal deyiləm. Ayda 5-6 fərqli marketə yolum düşür. Son günlər Life Marketdən aldığım Azərsüd ayranı turşumuş və Fresco-dan aldığım Bonduelle xiyar turşusu həddən artıq şirin çıxdı. Vaxt olmadı aparıb keyfiyyətsiz malları qaytarmağa. Amma həm də həvəs. Bəzən nəyisə sübüt etmək və sənin problemini həll etmək istəməyən insanlarla danışmağa həvəs qalmır. Rəqabətdə düşünürəm supermarketlərdə loyallıq kartları ilə yanaşı əlində keyfiyyətsiz mal ilə gələn müştəri ordusunun da problemini hansı yollarla həll etmək haqqında düşünmək yerinə düşər. Yenə də məsələ gəlib çıxacaq təlimata. Hansı ki, işçilərin müştəri problemləri və narazılıqlarını necə həll etməyi öyrədəcək.

Niyə görə TAM praktik deyil?

Orxan Rza öz bloqunda təlimçilərlə bağlı çox maraqlı fikirlər paylaşmışdı. Bu sahədə bundan öncə də bəzi yazılarda mən də öz təcrübəmi paylaşdığımdan düşündüm ki, Orxanın yazısındakı təlimçilərin akkreditasiyası ilə bağlı fikirlərinə cavab olaraq növbəti qeydləri sizə təqdim edim.

1) Niyə görə təlimçilərin sayı belə sürətlə artır?

Cavab çox sadədir. Bəzi insanlar öyrəndikcə paylaşmaq, bəziləri öyrətməkdən xoşlanmaq, bəziləri rahat yol ilə qazanmaq, bəziləri gecə-gündüz etdiyi araşdırmalara insanların münasibətini öyrənmək, bəziləri isə təlimçi olmaqla daha çox öyrənmək motivasiyası ilə bu yola çıxırlar. Bunlar əsas motivasiyalardır. Digərləri də ola bilər. Konkret Azərbaycanda təlimçi bazarında hər bir kateqoriyanın nə qədər payı var demək çox çətindir. Təlimçilər arasında beynəlxalq şirkətlərdə iş təcrübəsi olan, xaricdə təhsil alan, xaricdə bir neçə təlim kursunda iştirak edən, müxtəlif vaxtlarda Təlimçilərin Təlimi (Train the Trainer – TOT) proqramlarına qatılan insan kateqoriyaları üstünlük təşkil edir. Bəzi insanlar da var ki, onlar yerli şirkətlərdə olan uğur hekayələri və ya fərdi uğur hekayələri ilə auditoriyalar qarşısına çıxırlar. Təlimçilərin keyfiyyət məsələsinə dərindən toxunmadan sadəcə deyə bilərəm ki, sadaladığım müxtəlif kateqoriyalar üzrə insanların sayı artdığından təlimçilərin də sayı belə sürətlə artır. Əslində buna sevinmək lazımdır. Gec də olsa biz Amerikanın təlim bazarının 60-cı illərini yaşamağa başlayırıq. Təlimçilərlə bağlı öncəki yazılarımın birində bəzi fikirlərimi də paylaşmışdım.

2) Təlimin nəticəsi – Reallıq

Yuxarıda təlimçilərin sayının artması ilə bağlı yazanda ümid edirəm ki, mövzudan çox uzaqlaşmadım. Məsələ burasındadır ki, belə bir fonda təlimə, öyrənməyə həvəsli insanların da sayı artmaqdadır. Özü də öyrənməyə meylli insanlar müxtəlif məlumat mənbələrindən ‘özünütəlim’ edir və heç də hər təlimdə iştirak etməyə qaçmır. Təcrübə göstərir ki, bəzi hallarda öyrənən tərəfdə olan insanlar hətta iştirak etdiyi təlim mövzusunda belə öyrədən şəxsdən daha məlumatlı olurlar. Orxan Rza da yazısında belə halların az olması və təlimlərin daha effektiv keçməsi üçün təlimçilərin akkreditasiya edilməsini təklif edir. Təhsil və təlim xidmətində keyfiyyət və məmnunluq desəm ki, 80 % məhz nəticə ilə bağlıdır yanılmaram. Bəzən hansısa təlimdən müsbət emosiyalar, böyük enerji ilə çıxırıq, amma onu işdə və ya gündəlik həyatda tətbiq etdiyimizdə reallıqdan nə qədər çox uzağa getdiyimizi görürürk. Təlimin də müsbət nəticəsi də məhz bizi həm reallıqlara uyğun gələn, həm innovativ, həm də bizi qabağa aparan bilən faydalar verməsidir. Odur ki, yüksək pafosla danışan, əla təqdimat bacarıqları olan, pozitiv ab-hava yaradan insan heç də əla nəticə verən təlimçi demək deyil. Bütün bunlar hər bir yaxşı təlimçidə olmalıdır, amma peşəkar təlimçi həm də o şəxsdir ki, təqdimatı, danışığı, öyrətdikləri, paylaşdıqları reallıqları əks etdirir və tətbiq edilmə ehtimalı daha realdır. Dəqiqləşdirmə aparım ki, burada daha çox ‘soft’ bacarıqlar, menecment və marketinq ilə bağlı təlimləri nəzərdə tuturam. Təlim-tədrisin əhatə dairəsi çox geniş olduğundan buradakı fikirləri ümumiləşdirmək düzgün olmaz.

3) ‘Dostlar Klubu’ – Bəs sizin akkreditasiyanız var?

Biznesdə tam şəffaf və səmimi olmaq çətindir. Ona görə də sadə məntiqlə dövlət məmurlarına dünya praktikasında bizneslə məşğul olmaq qadağan edilir və ya hansısa audit və ya assosiasiyalarda şəffaflıq üçün xüsusi sərt qaydalar müəyyən edilir. Səbəb də çox sadədir. İnsan övladı əksər hallarda öz nəfsinə qalib gələ bilmir. Ona görə də bizi bir-birimizə nəzarətçi təyin edirlər. İndi təsəvvür etsək ki, Azərbaycanda bir qrup, lap elə iki qrup insan təşəbbüs edir ki, gəlin təlimçiləri akkreditasiya mərkəzi yaradaq. İlkin sual budur ki, bu mərkəz(lər)i yaradan şəxslər kimlər olacaq. Güman ki, təlimi öz çörək ağacı edən və təlimçilərin sayının artdığını görüb bunu özlərinə təhlükə hesab edən insanlar və ya doğurdan da Azərbaycan təlim bazarına ürəyi yanan və bazardakı bu vəziyyəti səhmana salmaq istəyən şəxslər. İkinci sual odur ki, bu təlimçilər özləri haradan akkreditasiyadan keçəcəklər, cavab ola bilər ki, filan beynəlxalq qurumun üzvüdürlər. Fikrim nə qədər sərt olsa da istənilən belə bir qurum indiki vəziyyətdə daha çox ‘dostlar klubuna’ oxşayacaq. Biznesdə 20 il təcrübəsi olan insan təlim sahəsində 4-5 il təcrübəsi olan insanın qurumu o yana, hətta biznesdə 20 il olan şəxsin də Azərbaycan reallıqlarında qurumundan akkreditasiyadan keçməz. Bu düzdür qeyri-peşəkarlıq kimi görünə bilər. Amma o şəxslərin də arqumentləri bu qurum və ya qurumların peşəkarlığı ilə bağlı olacaq. İlk iki bəndə göstərdiyim kimi bizdə təlimçilərin sayı artır və hələ çox çətindir demək ki, neçə faiz təlimçimiz reallıq hissinə malikdir. Biz də reallıq hissini unutmadan demək istəyirik ki, belə bir peşəkar qurumun olması üçün gərək bu işə 4-5 nəfərin koalisiyası kimi yox, təlimçilərin böyük əksəriyyətinin təmsil olunduğu bir təşkilat kimi baxaq. Daha bir düşündürücü sual çıxır ki, belə bir qurum akkreditasiyanı necə aparacaq? Nəzəri olaraq mənim də bir neçə versiyam var, amma bunlar nə dərəcədə praktik ola bilər demək çətindir. İnanın ki, bu məsələyə qarşı deyiləm. Sadəcə şəffaf seçkilərlə, müəyyən üzvlük ödənişləri ilə, təlim bazarına tövsiyyələrlə, vahid portal ilə və ən əsası təlim şirkətlərinin ən azı 80 % ilə əməkdaşlıqla belə bir qurum olarsa mən özüm çox sevinirəm. Yoxsa prestij xatirinə fəaliyyət göstərəcək belə bir qurumun vəziyyəti düzəldəcəyinə inanmıram.

4) Onların təcrübəsi və milli təcrübəmiz

Dünya təcrübəsində həm təlimçilərin, həm də təlim paketlərinin akkreditasiyası geniş yayılıb. Ölkəmizdə menecment və marketinq istiqaməti üzrə təlim və beynəlxalq kvalifikasiya kursları keçirən təlim təşkilatları da tədrisi bütün akkreditasiya tələblərinə cavab verən təlimçi və təlim paketləri ilə təqdim edirlər. Chartered Institute of Marketing (CIM) üzrə hansısa sertifikasiyası olan insan, əlavə olaraq Train the Trainer kursunda iştirak etməklə, ən əsası fərdi keyfiyyətləri çox peşəkar təlimçi kimi fəaliyyət göstərə bilir. Bu insan həm dünya üzrə marketinq sahəsində ən populyar olan qurumdan tədrisi başa vurub, həm də təlim keçməyi bacarır. Onun hansısa yerli quruma qoşulma motivasiyası sadəcə daha çox təlim keçmək fürsəti ilə bağlı ola bilər. Belə bir qurumun isə bütün üzvlərinə daha çox təlim keçmək imkanı yaradacağını demək heç praktik görünmür. O zaman bu qurum olacaq biznes təşkilatı. Yerli təlim şirkətlərimiz isə bir-birilə əməkdaşlıqdan qaçırlar. Nəhayət, demək olar ki, bəz dövlətin rolu nə ola bilər, düşünürəm ki, dövlətin müasir biznesdən uzaq insanlarına bu iş tapşırılsa gözləyin ki, TQDK-nı işə cəlb edib təlimçi akkreditasiyası adı ilə təlimçiləri kimyadan test edərlər. Yuxarıda da dediyim kimi, əslində sevinməliyik ki, bazarda təlimçilərin sayı bu qədər artır. Bazar özü isə yavaş-yavaş bu məsələləri tənzimləyəcək. Təlimçi brendlər formalaşacaq və bu brendlərdən ən yaxşı nəticə verənlər daha uzunmüddətli bazarda öz mövqelərini qoruyub saxlaya biləcəklər.

Beləliklə, mən hesab edirəm ki, Təlimçilərin Akkreditasiya Mərkəzi – TAM praktik deyil. Xüsusən 3-cü bəndə bunu əsaslandırmağa çalışdım. Qətiyyən bu məsələyə qarşı deyiləm. Yerli təlim şirkətlərinin bir çoxunun fəaliyyətinə bələd olduğumdan bilirəm ki, bu məsələdə onların birləşmə ehtimalı azdır. Hətta baxmayaraq ki, təlimçilərin sayının artdığı bir dövrdə təlim şirkətlərinin peşəkar təlimçi problemləri olsa belə.

Uğur hekayəsi – Zahid Qədimli

Bloq açıb yazı yazmağa məni həvəsləndirən ən vacib məsələlərdən biri məhz ‘uğur hekayələri’ni tapıb onları öyrənmək ilə özümü və sizi ilhamlandırmaq idi. Baxmayaraq bu əsas məqsədlərdən biri idi, amma artıq bir neçə aydır ki, yazdığım bloqda bu istiqamət üzrə bu ilk yazımız olacaq. İlk öncə qısa bu ‘rubrika’ ilə bağlı əsas məsələləri qeyd edim, sonra isə hədəf aldığım insanı uğurlu edən səbəbləri öyrənməyə çalışarıq:

Sadəcə məşhurların hekayələrimi?

Xeyr, mən deyərdim ki, bizim populyar insanlarla çox az işimiz olacaq. Düzdür çalışdığı şirkətdə, sferadakı məşhurları hədəfləcəyik, amma bacardıqca orta statistik gəncləri hədəfə alacağıq ki, onların real və mümkün yanaşmalarını daha çox insan tətbiq etsin. Nə qədər desək ki, əlçatmaz heç kim yoxdur, amma bəzən məşhurların PR-ı elə uğurlu aparılır ki, onlar əlçatmaz nədir, ömür çatmaz olur.

Xaricilər ya özümüzkülər?

Maksimum özümüzkülər. Uğurun disturları üçün dünyada oxşar təkliflər çoxdur. Amma düşünürük ki, burada yerli mühit və psixoloji amillər daha vacibdir.

Yalan və pafosdan uzaq olacağıq

Necə milyoner oldun sualına təxminən ‘Mən 10 manata alıb 11 manata satırdım, gecələr oyaq qalırdım və qəfildən həyat yoldaşımın xalası vəfat etdi və 1 milyonluq varidatını bizə buraxdı’ cavab verən insanlar bizlik olmayacaq.

Formatımız necə olacaq

Bu da çox sadə və oxunaqlı. Müsahibə kimi deyil, təhlil kimi olacaq. Uğurunu öyrəndiyimiz insana ya suallar verib fikrini ümumi öyrənəcəyik, ya onun haqqında ətrafındakılarının fikrini öyrənəcək, ya da kənardan uğurunu qiymətləndirməyə çalışacağıq. Deyə bilərsiz, ən düzü birinci variantdır, amma düşünürük ki, ikinci və üçüncü versiyaları da tətbiq etmək səhv olmaz.

Nəhayət məqsədimiz nədir

Orta statistik insanlar arasında həyatına fərqli yanaşan və bizlərdən biri olub amma bizlərdən çoxumuzun nail ola bilmədiyi uğurlara nail olmuş şəxslərin nailiyyətləri haqqında öyrənmək və bu təcrübəni yaymaqla ən azından qəhrəmanımız qədər uğurlu olacaq şəxslərin 1-dən 100-ə qalxmasına töhvə vermək.

Yuxarıdakı prinsiplərimizi əsas tutaraq sizə ilk qonağımız Zahid Qədimlinin hekayəsindən maraqlı məqamları təqdim edirəm. Zahid hazırda dünyanın aparıcı audit və konsaltinq şirkətlərindən biri olan Deloitte & Touche şirkətinin Azərbaycan ofisində çalışır. Böyük dördlüyə daxil bu şirkətdə, eləcə də digər audit və konsaltinq şirkətlərində işləmək yüzlərlə gəncin arzusu və məqsədidir. Kimsə buna çox tez nail olur, kimsə çətin, kiməsə illər lazım olur, kimsə heç yaxın gəlməyə ürək etmir, kimsə isə heç bu barədə bilmir. Əslində isə ən azından aşağıdakılara yaxın bir həyat tərzi qursaq ‘iş yoxdur’ deyənlərdən 71.43 sm (1 addımın orta göstəricisi) qabaqda olarıq.

Ətrafımıza fikir verməli

Zahid fikirləşir ki, insanların həyat tərzinə dostların böyük təsiri olur. Dost əhatəsi nə qədər düzgün seçilərsə, bu bir o qədər də düzgün və sağlam həyat tərzi deməkdir. Amma bu o demək deyil ki, dostu sadəcə hər hansı bir mənfəətə görə seçmək lazımdır. Həyatında və ya karyerasında uğur qazanmış insanlara ünsiyyət insanı həyatda uğur qazanmağa motivə edir. Ümumi nəticə budur ki, bizi məqsədlərimizə çatmağa həvəsləndirəcək insanlarla daha çox vaxt keçirtmək məsləhətdir. Hətta sosial mediada belə dost olduğumuz və izlədiyimiz insanların sırasına uğurlu və faydalı daha çox şəxsi daxil etməklə 71 sm-in 10 sm-i getmiş olarıq.

İnternetdə vaxtı səmərəli keçirməli

Biz Zahiddən əksərən heç bir ödəniş tələb etməyən onlayn təhsil resursları haqqında soruşanda cavabı o oldu ki, ‘Hələ bakalavrda oxuyarkən mən bir necə online təhsil resurslardan faydalanmağa başlamışdım, bunlara misal olaraq coursera.org, khanacademy.org, udemy.com, ‘iTunes U’ və s. bu tip təhsil resursları mənim bilik səviyyəmin və dünya görüşümün artmasında mühim yer tutur.’ O həmçinin bir çox nüfuzlu unversitetlərin online təhsil təklif etdiyini, bunlardan yararlanıb distant təhsil ilə də yüksək keyfiyyətli təhsil almağım mümkünlüyünü xüsusi qeyd edir. Əlavə olaraq mən də qeyd edim ki, sadəcə elə TEDx və Youtube-da professorların, ekspertlərin minlərlə videosu var ki, çox yox elə yüzünə baxıb bizdəki bəzi ali təhsil müəssisələrindəki 4 illik təhsildən daha çox bilik öyrənmək olar. Odur ki, internetdə çalışın sistemli onlayn təhsil resurslardan faydalasınız.

Filan yerdə işləyənlərin hamısı xaricdə oxuyanlardır deməməli

Qəhrəmanımız da qəbul edir ki, hal-hazırda universitetlərimizin təhsil səviyyəsi bir çox Avropa və Amerika universitetlərindən geri qalır. Xaricdə təhsil almış gəncin ilk olaraq dünya görüşü daha geniş olur və xaricdə təhsil almış gənclərimiz iş ilə təmin olmaq baxımından o qədər də çətinlik çəkmirlər. Amma əgər dövlət proqramına düşə bilməmisənsə və xaricdə oxumağa özünün də kifayət qədər pulun yoxdursa bunu dramatikləşdirmə. Zahid məsələhət görür ki, öz ixtisasın və ya karyera qurmaq istədiyin sahə üzrə beynəlxalq, nüfuzlu assosiasiyaların sertifikat imtahanlarını verməyə çalışasınız. Audit şirkətləri timsalında söhbət ACCA kvalifikasiyasından gedir. Beləliklə də, daha 10 sm qabağa addım atmaqla həm digər tələbə yoldaşlarından seçilə və xaricdə təhsil almış gənclərlə bilik baxımından rəqabət apara biləcəksən.

Əlavə bacarıqlar haqqında da düşünməli

Mən soruşanda ki, oxuduqlarını işdə tətbiq edə bilməyəndə özündə hansı yeni bacarıqların və keyfiyyətlərini olmasını istəyirsən, cavab o oldu ki, ‘İş həyatında məktəb və universitetdə yiyələndiyin biliklərin heç də hamısını istifadə etmirsən, lakin karyerada uğurlu addımlamaq üçün güclü orta və ali təhsil vacibdir. Məncə, xüsusən də iş həyatının ilk illərində, ən böyük çətinliklərin arasında qərar qəbuletmə, problemlərin həlli, vaxtın düzgün idarə edilməsi kimi məsələlər önə çıxır. Bunları isə həm təlimlərlə, həm də iş təcrübəsi artdıqca aradan qaldırmaq daha asan olur.’ Göründüyü kimi, bu keyfiyyətləri sonradan inkişaf etdirmək olar. Əsas odur ki, özünü düzgün qiymətləndirə biləsən və hələ sahib ola bilmədiyin bacarıqsızlıqlara görə bildiklərini də unudasan.

Tələbə olarkən qurtarıb işləyərəm deyib arxayınlaşmamalı

Zahid fikirləşir ki, tələbə 3-cü kursdan başlayaraq ‘internship’ və ya ‘part-time’ işlərə müraciət etməlidir. Əgər hər hansı bir şirkətə qəbul olarsa, bu ona öyrəndiklərini praktiki olaraq tətbiq etməyə köməklik edəcək. Bundan əlavə tələbə hətta işə qəbul olmasa belə, işə qəbul zamanı müsahibələrdə öz güclü və zəif tərəflərini əvvəlcədən təyin edib və onları elə universitet dövründə inkişaf etdirməyə başlamalıdır ki, universiteti bitirdikdən sonra bu tip problemlərlə qarşılaşmasın. Bu barədə öz fikirlərimi mən ‘‘Narxozu’ bitirmişəm, amma ki işsizəm’ yazımda da qeyd etmişdim. İşləyərkən, azdan-çoxdan insanın əlinə pul da gəlir və bəzər gənclər bu pulu daha düzgün necə xərcləmək barəsində çox düşünürlər. O deyir ki, ‘Əgər ailədə imkanlar yüksəkdirsə, onda işləyərək qazanılmış pulun xərclənməsi üçün da bir neçə alternativ ortaya çıxır. Kursda iştirak, təlimə yazılmaq və digər faydalı ola biləcək investisiyalar etmək olar.’

Sonda bildirim ki, 2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin İdarəedilməsi ixtisası üzrə bakalavr məzunu olmuş Zahid ACCA (the Association of Chartered Certified Accountants) üzrə 8 fənnin imtahanını uğurla verə bilib. Təbii ki, yüksək ballarla. Zahid kimi Azərbaycanda minlərlə gənc var, amma bu cür ola bilməyən on minlərlə də insan var. Biz inanırıq ki, bu yazıdan da ən çox faydalananlar da elə on minlərlə insanın arasında olan şəxslər olacaq və kim bilir, bir neçə il sonra kimlərsə onların hekayələrini oxuyanda onlar bu son sətirləri xatıralayacaq. 🙂

Təlimdə praktika – Təcrübəni göstər deyim kimsən

Ötən dəfələrdə ‘Yaxşı təlimçi məsləhət görərdin’ yazısında peşəkar təlimçi axtarışı və seçimi üçün bəzi qeydləri etmişdik. Toxunduğumuz məsələlərdən biri də praktika ilə bağlı idi. İngilis dilində biznes yazışmadan təlim keçən təlimçi əgər həyatında cəmi 2-3 e-mail yazıbsa, kim bilir onlara da cavab alıb-almayıbsa inanmaq çətindir ki, sadəcə nəzəriyyə ilə yazışma duyğularını çatdıra bilsin. Deyə bilərsiniz, hazır e-maillərə baxıb elə effektik və işgüzar e-maillər yazmaq olar ki. Amma bir halda ki, təlimə gedirsən demək haqqındır ki, kitablardan oxuya biləcəklərini real həyatında tətbiq etmişin uğur və uğursuzluq hekayələrini dinləyib nəticə çıxarasan. İstərdim ki, təlim sahəsindəki praktikamı yada salaraq praktik təlimlər haqqında maraqlı bildiyim növbəti məsələləri sizlərin də müzakirəsinə çıxarım:

Bütün təlimlərdə praktika vacibdir axı

İlk öncə bu anlayışa aydınlıq gətirək ki, növbəti bəndlərdəki fikirlərimiz daha aydın olsun. Bizim burada nəzərdə tutduğumuz təlimlər daha çox ‘Müştəri xidmətləri’, ‘Liderlik’, ‘Satış bacarıqları’, ‘Effektiv danışıqlar’, ‘Layihələrin idarə edilməsi’, ‘Öhdəliklərin paylanılması’ və yüzlərlə müxtəlif mövzuların əhatə olunduğu menecment, marketinqin müxtəlif komponentləri üzrə olan təlimlər olacaq. Əslində təhsil-təlimin hər bir sahəsində praktika vacibdir. Amma düşünürük ki, bizneslə və idarəetmə ilə birbaşa bağlı sahələrdə təlimlərin praktik olması daha önəmlidir. Biznesdə öndə ‘PhD’, ‘Master’ ‘MBA’ statusları durmur, burada tamamladığımız layihələr portfeli, kütlənin bizi yaxşı biznes işçisi kimi tanıma səviyyəsi kimi faktorlar vacibdir. 

Milli keyslər

Təlimin praktik olması üçün təbii ki, ən vacib məqam keyslərdir, biz də məsələyə buradan başlamaq istərdik. İnsanların, şirkətlərin təcrübə boxçalarınıı ağzını açmaqdan. Ölkədəki biznes mühiti son bir neçə il ərzində müsbətə çox dəyişib. Əgər 10 il öncə sadəcə 5-6 xarici neft şirkətində, Azercell-də, Bakcell-də korporativ mühit və keyslər var idisə, indi onlarla yerli bank və sığorta, ticarət və pərakəndə satış brendləri, tikinti şirkətləri, İT mütəxəssislər, təhsil-təlim ilə məşğul olanlar bazarda yüzlərlə keyslər yaradırlar. Sadəcə lazımdır ki, bu keyslər təlimlərdə, bloqlarda, seminarlarda paylaşılsın, kitablar halına gəlsin. Biznesdə nə qədər ümumbəşəri dəyər və prinsiplər olsa da, burada coğrafi və psixoloji xüsusiyyətlər daha vacib rol oynayır. Milli keyslərimizi sadəcə təsvir etməməli, onları təhlil etməli, onlardan dərs çıxarmalıyıq. Təlimdə 60-cı, lap elə 2000-ci illərdə Amerikədə filan şirkət filan şeyi filan cürə etdiyi yaxşı nümunə ola bilər amma onun milli qarşılığını təqdim etməyə təlimçi borcludur.

Universitetdə təhsil alarkən

Hələ ki, təhsil sistemizdə Marketinq, İdarəetmə ixtisaslarında keçirilən fənlər praktikləşməyib. Milli keyslər üzərində qurulan kitabların, dərs vəsaitlərinin demək olar ki olmaması, həm də daha az sayda sənayedə çalışanların universitetlərdə dərs deməsi tələbələrə praktikanı duymağa əsas maneələrdəndir. Bu birbaşa təlim sənayesi ilə bağlı deyil, amma indiki tələbə sabahkı təlim iştirakçısıdır prinsipi ilə yanaşsaq görərik ki, universitetlərdə əkilən toxumlar, təlimdə bəhrə verə bilir. Universitet sonrakı ömürboyu təhsil üçün əla platformadır. Tələbəyə praktikadan öyrənmək və onu təhlil etmək metodlarını öyrətmək ona sonradan hətta onlayn təlimlərdən maksimum faydalanmasına imkan verəcək. Amma sadəcə praktikadan necə öyrənməyi öyrətməməklə, eyni zamanda real təcrübələri lazım gəlsə saatlarla müzakirə etməklə.

Şirkətlərin məsuliyyəti

Təcrübədə təlim sifariş edən şirkətlərin təlim ehtiyaclarını düzgün müəyyən edə bilməmə halları olurdu. Məsələn, bizə satış təlimi lazımdır deyib dərhal qiyməti danışmağa keçənlər. Amma müştərilərdən biri maraqlı sifariş etmişdi, ‘Blackberry Sales’. O zaman bu telefonların şirkətlərə kütləvi axını vaxtı idi. Yəni evdə, qonaqlıqda, toyda, yasda, mağazada kassada növbədə bizi e-maillərimizə bağlayan bu virusun təzə-təzə populyarlaşan vaxtları 🙂 Demək şirkət istəyirdi təlimdə onun satış nümayəndələri tək telefonun texniki xüsusiyyətlərini yox, həm də onun iş həyatına verdiyi töhfələrinin psixoloji məqamlarını öyrənib satışları artırsın. Təlim sifariş edən şirkət özü də təlimdən gözlədiklərini və praktik keysləri təlim şirkəti və təlimçi ilə paylaşmalı bacarmalıdır ki, təlimdən gözlənilən hədəfə çatılsın. Xüsusi qrup insanlar üçün dar çərçivədə xidmət göstərən və ya məhsul təqdim edən şirkətlər üçün tövsiyyə olunur ki, bu sahələr üzrə ixtisaslaşmış təlim şirkətləri ilə işləsinlər. Əgər siz gecə növbəsində işləyən operatorlarınız üçün stress menecment təlimi istəyirsinizsə təlimçi həyatında sadəcə bir dəfə gecə oyaq qalan adam deyil, ən azından 1 dəfə də olsa gecə növbəsi olmuş və ya gecə növbəsində işləyən şəxslər üçün bir neçə təlim keçmiş biri olmalıdır ki, təlim iştirakçılarına təlimi yaşada bilsin.

Təlimçi ‘insider’ imişki

Sifarişçi şirkət təlimin effektini artırmaq üçün məxfi məsələləri təlimçi ilə paylaşanda sonradan bu keyslərin müzakirə olunub-olunmayacağı maraqlı sualdır. Bank of Baku-nun müştəri loyallığı ilə bağlı etdiyi kampaniyanın hamının üzdə gördüyü hissəsi və görünməyən tərəflərlə bağlı mülahizələrdən ibarət müzakirəni təlimdə aparmaq gözəldir. Amma bundan öncə təlimçinin bu banka keçdiyi təlimdə öyrəndiyi pərdəarxası məsələləri çılpaqlığa ilə Bank Standard-ın təlimində danışması təlimçi etikasına sığmaz. Hətta filan bank deyib də. Insider olmaq o demək deyil ki, danışdığın şirkətdə mütləq olaraq işləyəsən, bu şirkətin sənə bir təlimçi kimi etibar etdiyi məsələləri bilib onu paylaşanda da diqqətli olmaq lazımdır. Digər bir məqam var ki, təlimdə eyni anda bir neçə şirkətin nümayəndəsi ola bilər. Bu məqamda təlimçi iştirakçıları elə peşəkarcasına danışdırmalıdır ki, hamı maraqlı təcrübəsini paylaşsın.

Praktik təlimin imtahanı həyatın özüdür

IELTS imtahanına, dövlət qulluğuna, lap elə maliyyə-mühasibatlıq üzrə kvalifikasiya imtahanına hazırlaşən şəxsin kurs müddəti əsas hədəfi, fikri-zikri imtahanı uğurla keçmək olur. Amma liderlik və mübahisələrin həlli təliminə gələn insan keçilən mövzuları əzbərləyib, lap elə öyrənib təlimin sonundakı imtahanı uğurla verməsi təlimin uğurlu olması demək deyil. Çünki praktik sahələrdə nəzəriyyəni, digərlərinin hekayələrini bilməklə, onu həyatda tətbiq etmə bir yerdə olanda uğur əldə edilir. Belə demək olar ki, praktik təlimin imtahanı həyatboyu davam edir və hər yeni vəziyyətdə bu imtahanı uğurla vermək lazım olur. Yeri gəlmişkən, iştirak etdiyim bəzi təlimlərin sonunda imtahan keçirilməyib, bəzilərində isə sadəcə qrup şəklində təqdimatlar olub və ya heç o oda olmadan sertifikatı verib yola salıblar.

Təbii ki, praktik təlim qısa müddətə iştirakçının həyatını büsbütün dəyişə bilməz. Amma özünü tanımaq və etdiklərini düşünmək üçün təlim gözəl vasitədir. Əgər bu təlimi sənayedən çıxmış biri, yüksək etikaya sahib, milli keysləri bilən və onlardan dərs çıxardan, nəhayət sizə praktik olmağı bacaran biri keçirsə nə gözəl sizin halınıza.

Yaxşı təlimçi məsləhət görərdin

Ötən dəfələrdə ‘Divardakı sertifikatlar – Növbəti il üçün təlim planı’ yazısında əməkdaşlarınız və ya elə özünüz üçün illik təlim planlaşdırmasından bəzi vacib bildiyimiz qeydləri etmişdik. Bir qədər kənara çıxaraq deyim ki, mənə telefonda, e-maildə, hətta üzbəüz görüşlərdə yalan olmasın hər ondan birində Yusif deyə müraciət edirlər. Yəni soyadımı adımla səhv salırlar. Təxminən mənə verilən ümumi sualların eyni proporsiyasında ‘yaxşı təlimçi tanımırsan?’ sualıdır. Fikirləşdim ki, xalqın seçib seçildiyi bir gündə (23 dekabr 2014) mən də yaxşı təlimçi seçməklə bağlı bəzi fikirlərimi sizlərlə paylaşım. Ənənəvi seçkilərdən fərqli olaraq sizin xanalara quş qoymaqda məhdudiyyətiniz yoxdur 😉

1. Təlim şirkətinin təmsilçisi

Azərbaycan təlim bazarında az da olsa öz brendini gücləndirə bilmiş təlim-tədris şirkətləri var ki, onlardan təlim seçərkən təlimçinin kimliyi ikinci dərəcəli olur. Çünki inam var ki, bu brend həmişə peşəkar təlimçilərlə təmsil olunur. Amma bu məsələdə mütləq təlimin nə dərəcədə bu şirkətin ənənəvi xidmətlərinə uyğun gəldiyini araşdırmaq pis olmaz. Təlim paketi, tədris vəsaitləri yaxşı ola bilər, elə təlimçi özü də təcrübəli və şirkətin seçim standartlarına cavab verə bilər. Amma təlim şirkəti müştərini itirməmək və ya təcrübə etmək məqsədilə özünün və ya təlimçinin ixtisaslaşmadığı sahə üzrə təlimlər təqdim elə bilər. Bu məsələ özü də tək Azərbaycana aid deyil.

2. Dünənki uşaq

Sadəcə Bakıda İngilis dili kurslarından tutmuş menecment təlimlərinə qədər müxtəlif kurs və təlim təqdim edən 200-ə yaxın təlim-tədris mərkəzi var. Təbii ki, əksəriyyətinin əməkdaşları da, təlimçiləri də 20-25 yaşında olan gənclərdir. Bəzən peşəkar təlim şirkətləri də 23-25 yaşında bir gənci təlimçi kimi təqdim edəndə müştəridə narazıçılıq olur. Xüsusən də təlim iştirakçılarının yaşı 30-dan, iş təcrübəsi isə 10 ildən yuxarıdırsa. Amma ki, əgər ‘dünənki uşaq’ xaricdə oxuyubsa və ya məsələn sosial şəbəkələr üzrə ixtisaslaşıbsa ondan sadəcə faydalanmaq olar. Xüsusən də bu cavan oğlan bildiklərini gözəl öyrədə bilirsə.

3. Praktika, praktika, praktika

Həyatında təsadüfən 1-2 dəfə neft platformasında olan şəxsin təhlükəli iş şəraitdən danışması mümkündür, amma ki bir qədər ağ qaradır. Təlimdə iştirakçılar təlimçidən sadəcə rəngli təsvirlər deyil, 3D keyfiyyətində təsvir və misallar gözləyirlər. Nəzəriyyəni gözəl bilmək olar, hətta kimlərinsə təcrübəsini də böyük həvəslə paylaşmaq olar, amma elə təlim mövzuları var ki, iştirakçı mütləq, ‘siz bunu necə etmisiniz?’ sualını verəcək. Uzun illər böyük təşkilatlarda müxtəlif vəzifələrdə işləyən şəxslər yalnız 20-30 illik zəngin təcrübədən sonra təlimçi kimi master-klasslarda özlərini ‘sınayırlar’.

4. Təlimçinin kvalifikasiyası

Təlim şirkətinin əgər kvalifikasiyalı təlimçiləri varsa,  bunu özləri dəfələrlə qeyd edəcək. Yoxdursa bu faciə deyil. Amma əgər konkret bir sahə üzrə kvalifikasiya kursunda iştirak etmək istəyirsinizsə təlimçi haqqında kvalifikasiya detallarını tələb etmək üçün tam haqqınız var. Məsələn, İngilis dili üzrə beynəlxalq kvalifikasiyalı təlimçi Azərbaycanda məhdud saydadır. Amma kvalifikasiyalı təlimçidən İngilis dilini öyrənmək daha çox məsləhətdir. Mən kvalifikasiyasız olub təqdimat, izah etmək bacarıqlı, təcrübəli, nəzəri bilikli təlimçilərin üstündən qətiyyən xətt çəkmirəm, sadəcə təlimçi seçərkən bu detala çox üstünlük vermənizi tövsiyyə edirəm.

5. Xarici təlimçi

Əgər fikirləşirinizsə ki, sizə yerli təlimçi yox, ancaq xarici təlimçi lazımdır, onda daxili bir sualı özünüzə verin. Təlim Türk, Rus, İngilis, lap elə İspan dilində olacaqsa, siz bu xarici dili tam anlamaq və ya fikirlərinizi tam başa salmaq üçün nə dərəcədə yaxşı bilirsiniz?! Təlim ümumi başa düşürəm prinsipi ilə ağzına su alıb oturmaqla sizə tam faydalı olmayacaq. Düzdür İngilis dilini bu dilin daşıyıcısı ilə öyrənmək çox zaman daha düzgündür, amma digər sahələrdə gərək daha dəqiq qərar verəsiniz. İngilis dilində marketinq təlimi sizə terminləri öyrənməyə kömək edəcək düşünə bilərsiniz, amma ümumi kontektsi sizə öz doğma dilinizdə izah edə biləcək, elə terminləri də orjinalda olduğu kimi deyə biləcək peşəkar yerli təlimçidən daha çox öyrənə bilərsiniz. Xarici təlimçi mövzusu o qədər geniş mövzudur ki, buna gərək əlavə bir yazıda gələcəkdə toxunaq.

6. Tədqiqat qabiliyyətləri

Konkret dil, mühasibatlıq kurslarından fərqli olaraq marketinq, menecment kurslarında təlimçilər böyük həvəslə, Avropada, ABŞ-da aparılan tədqiqatları keysləşdirirlər. Elmin və elmi işlərin gücünün ölkəmizdə az olduğunu bilirik. Amma bəzən təlimçilərimiz məhdud sayda olan elmi məqalələrə, ən azından təcrübəli yerli biznesmenlərin müsahibələrinə etinasız yanaşırlar. Elmi deyil, heç ilkin tədqiqat belə aparmadan hazır keysləri sağa-sola fırlayırlar. Yekunda təlimçidən gözlənilən odur ki, o müxtəlif mənbələrdən faydalı məlumatları, yenilikləri təlim iştirakçıları ilə məhdud vaxt çərçivəsində paylaşa bilsin.

Təbii ki, bu xüsusiyyətlərə ümumi yanaşdıq. Təlimə gedən insan nə gözləyir? Bəzən bildiyi və ya elə tətbiq etdiyi məsələləri təkrarən təcrübəli təlimçidən eşidərək ondan ‘təsdiq almaq’, yeni yanaşmaları öyrənmək, özünə əminliyi artırmaq, uğurla imtahan vermək və s. Yetər ki, bu gözləntiləri özünüz dəqiq müəyyənləşdirib seçdiyiniz təlimçiyə təlimdən öncə ötürə bilərsiniz.

Alət çubuğuna keç