Soyuq havada vaxtı səmərəli idarəetməyə dair 5 isti məsləhət

Əlbəttə ki, dövr nə qədər dəyişsə də bir çox klassik məsələlər var ki, daima aktualdır. Məsələn, vaxtın düzgün idarəedilməsində prioritetlərin düzgün müəyyən edilməsi həmişə işə yarayır. Amma elə məqamlar var ki, onlar dövrün tələblərinə uyğun formalaşır və bir çox hallarda bir neçə il sonra aktual olmur. Mən də sizlər kimi gecə-gündüz vaxtımı səmərəli idarə etmək haqqında düşünürəm, buna çalışıram. Deyim ki, bu asandır. Yox! Qətiyyən. Xüsusən telefon və internet adamın çox vaxtını alır. Qabaqdan soyuq günlər gəlir. Yəni indikindən də soyuq. Düşündüm ki, son 3-4 ilin təcrübəsinə əsasən soyuq havalara istilik gətirəcək, eləcə də vaxtınıza dəyər qatacaq 5 məsləhəti sizlərlə paylaşım:

1) Tək kofe içməyə gedin – Dolların düşməyə nəyə də olmasa kofe şopların artmasına yaman təkan verdi. İndi hər tində biri var. Siz də arada vaxt tapın, lap o kinolardakı kimi əllərinizi ağzınız havası ilə isidə-isidə gedin 1-2 saata kofe şopda oturun. Bacarsaz telefonsuz. İnsanları müşahidə edin. Kitab da götürə bilərsiz. Əsas odur ki, həftədə 1-2 dəfə ruhunuza qida verin.

2) Yaya planlar qurun – Dekabr və yanvar aylarında insan həm işi ilə bağlı, həm də şəxsi həyatı ilə bağlı illik planlar qurur. Böyük məqsədlər ortaya qoyur. Sonra necə olursa bu planların çoxsu elə plan kimi qalır. Əslində qışda olan passivlik sonradan yazda da, yayda da davam edir. Təbii ki, siz orta gəlirli və hətta ondan da aşağı gəlirli şəxssinizsə o zaman yaxşı olar ki, qışda səyahət saytlarını açıb yay üçün planlar qurasınız. Qışdan axtarsanız qızmar yay günlərində 4-5 günlük olsa da nə isə tapacaqsınız. Bu sonradan həm vaxtınıza və pulunuza qənaət etməyə imkan verəcək. Həm də bu səyahət həvəsi içinizi isidəcək.

3) Pəncərədən çölə az baxın və caza qulaq asın – Əslində qışda işə gələnədək və ya evə çatanadək insan sadəcə özünü isitmək haqqında düşünür. Xüsusən də hava qarlı və çovqunlu olanda, şimal küləyi əsəndə. Belə hava adətən insanı böyük məqsədlərdən uzaqlaşdırır və bəzilərini hətta romantikləşdirir. Deyə bilərsiniz ki, hələ üstəlik caza qulaq assaq bəs onda daha da romantik olacağıq. Sizi başa düşürəm. Amma məndə bu yanaşma çox effektiv işləyir. Qışınki cazdır. Əgər ecazkar caza qulaq assanız sanki çöldəki havanı bədəniniz daha stabil qəbul edəcək və siz böyük işləri görməyə eyni templə davam edəcəksiniz.

4) Az yatmağa çalışın – Çox pis məsləhətdir, eləmi? Xüsusən də qışınkı yatmaqdır deyənlər üçün. Çox banal görünən bu məsləhətin məğzi nədir. Əslində isti yerindən heç kim durmaq istəmir. Amma yaxşı olar ki, soyuq havalarda həmişəki kimi yerinizə tez yox, gec girin. Səhər bir qədər gec dursaz eyib etməz. Çünki qışda adətən səhər duranda ev nisbətən soyuq olur deyə həvəssiz olursan. Gecəyə doğru isə ev qəşəng qızır. Yatmaq əvəzinə kinoya baxmaq, kitab oxumaq olar.

5) Onlayn təlimlərə qatılın – Qışda hava tez qaralır. Tez qaralan tək hava deyil, işləmək də adama qara gəlir. Yazda, yayda həvəslə gördüyün işi qışda daha həvəssiz görürsən. Bəzən işdə 2-3 saat boşuna vaxt gedir. Amma yaxşı olar ki, onlayn kurslara yazılıb iştirak edəsiniz. Bunu hətta nahardan sonraya da sala bilərsiniz. Sizə və gələcək məqsədlərinizə çox bağlı olan kursdursa orada həvəslə iştirak edəcəksiniz və bu da sizin çox böyük qazancınız olacaq.

Təbii ki, insanın mühitindən asılı olaraq bunların hamısını və ya 1-2-ni həyatında tətbiq edə bilər. Bu yazı da bir bəhanədir. İpucudur. Öz həyatınıza istilik qatan başqa nələrisə tapmağa. Odur ki, qışdır deyib keçməyin. Həqiqətən hər fəsil gözəldir və hər vaxt önəmlidir.

You will never find time for education – My talk at TEDx IGEC event

IGEC Baku organised TEDx event in Baku on 16 April 2017. I was invited to the event as a speaker. It was such a great chance to give a speech on education in front of young people, as well as the representatives of the business organisations, academic institutions. In my presentation I shared some research findings from my own life and tried to show 7 factors that prevent us to dedicate time for education. Enjoy the video and do not forget to share your thoughts and comments:

 

TED-dəki çıxışımda nədən danışacağam?

Cəmi 2 gün sonra, 16 aprel 2017-ci il tarixində IGEC şirkətinin təşkilatçılığı ilə Bakıda, Marriott oteldə TED sayağı bir tədbirdə iştirak edirik. Bu mənim TED-də spiker kimi ilk iştirakım olacaq. Nədən danışacağam? Təhsildən. Daha ətraflı az sonra. Əslində, bu yazını başlaya bilərdim ki, bəs 10-15 il öncə, biz tələbə olanda o yox idi, bu yox idi. Belə imkanlar çox az idi. Amma yazmıram ki, çünki keçmiş keçmişdə qalıb. Maksimum gələcək haqqında düşünməliyik. Yaşımız 40 olsa belə fikrimiz keçmişdə buraxılmış səhvlərdə deyil, gələcək imkanlarda olmalıdır. Bunun üçün isə bizə davamlı öyrənmək lazımdır. Ancaq ən böyük problemimiz məhz öyrənməyə, təhsilə vaxt tapa bilməməyimizdir. Davamlı öyrənmək mənim həyat prinsipimdir. Mən bu cür yaşamağı üstün tuturam. Təhsildən danışacam deyərkən də, davamlı öyrənməyə, ümumiyyətcə təhsilə, yenilikləri əldə etməyə vaxt tapmaqdan danışacağam.

Biz lazım olan şeyə mütləq vaxt tapırıq. Hər halda ən sadə, yemək yeməyə ki vaxtımız var. Əslində vaxtımız çatmayan məsələlərdə problem vaxt ilə bağlı deyil. Necə deyərlər, vaxt elə bir məfhumdur ki, hamıya bərabər verilib. Hamının bərabər 24 saatı var. Çıxışımda həyatımla bağlı apardığım maraqlı statistik müşahidələri də iştirakçılarla bölüşəcəyəm. Uzun tarixçəsi olan bir hadisədir, ancaq bütün bu illər ərzində bunu etməyə qətiyyən peşman deyiləm. Əksinə bu cür yanaşma hər il mənim daha düşüncəli olmağıma kömək edib. Və qərara gəlmişəm ki, əslində bizim təhsilə vaxt tapa bilməməyimiz.. Yox! Qoy, bu qalsın artıq təqdimata.

Dostlar, həmişə bu cür tədbirlər haqqında maksimum bloqumuzda yazıb onların necə vacib olduğunu qeyd edirəm. Əminəm ki, siz də fürsət düşdükcə belə tədbirlərə qatılırsınız. İnanın ki, belə tədbirlərdən hətta narazı qalıb çıxsanız belə, onlar sizin həyatınızı müsbətə dəyişir. Bazar günü olacaq TED tədbirinə mənimlə yanaşı Azərbaycanda kifayət qədər uğur əldə etmiş 7 spiker də olacaq. İnanıram ki, bu tədbirdən maksimum fayda əldə edəcəksiniz. Görüşənədək!

Alət çubuğuna keç