Xaricdə təhsilə pulum çatmır (Bəhanə)

Xaricdə təhsilə pulum çatmır (Bəhanə)

Valideynləri narahat edən əsas məsələ gənclərin telefona, kompüterə sıx bağlılığıdır. Haqlıdırlar, amma tam yox. Telefon, kompüter və ya planşet, hər birindən indi maksimum faydalı istifadə etmək olar, indi hətta bu cihazlarla universiteti belə uğurla bitirmək olar. Yetər ki, əlinizdə tutduğunuz bu qurğudakı mənasız və faydasız proqramlardan az istifadə edib özünüzü onlayn təhsil dünyasına vurasınız.

İnsanların, xüsusən gənclərin təhsil ilə bağlı ən çox etdiyi bəhanə puldur. Pulum olsaydı mən də xaricdə oxuyardım, indi yaxşı iş tapardım deməklə illər boş-boşuna keçir. Dünya dəyişibdir. Milyonları ətrafına toplayan onlayn təhsil platformaları demək olar ki, hər bir sahə üzrə pulsuz proqramlar və kurslar təklif edirlər. Yəqin ki, Coursea, TED haqqında məlumatınız  var.

Dünən Birləşmiş Krallığın ən böyük onlayn təhsil portalı FutureLearn-in kontent rəhbəri Nigel Smith-in təqdimatında iştirak etmək və onunla görüşmək imkanım oldu. Təqdimat və görüşdən ilhamlanaraq qısaca fikirlərimi nəzərinizə çatdıraram:

Universitet cibinizdədir

Yaxud da çantanızda, divanınızda. Onlayn təhsil platformalarına siz internet olan istənilən yerdə daxil ola bilirsiniz. Avtobusda, evdə, universitetdə (kaş bizim dövrümüzdə belə imkanlar olardı) yaxud da telefonla daha çox vaxt keçirdiyiniz digər yerlərdə. Qulaqcığınız da olsa pis olmaz 😉

Dil baryeri

Belə proqramlar əsasən İngilis dilində olur. Bunun üçün Youtube-da, TED platformasında sadə videolara baxmaqla, sadə karyera və biznes kitabları oxumaqla belə böyük proqramlara özünüzü hazırlaya bilərsiniz. İngilis dilini öyrənməklə gələcəyiniz üçün 3 böyük addımdan 1-i atacaqsınız. Qalan 2-nə növbəti yazılarda toxunarıq.

Paylaşmaq imkanı

Onlayn proqramlarda iştirak etmək ilk baxışdan fərdi xarakterli görünsə də indi onlayn platformalar paylaşmaq, fikirləri bölüşmək üçün geniş imkanlar yaradır. İnsanlar bir-birindən öyrənirlər və bunlar hamısı onlayn platformada baş verir, hansısa sosial media plaformalarına çıxmağa ehtiyac yoxdur. Orada axı qoy buna da baxım, onu da edim deyib çox vaxt itiririk. Təəcüblü ola bilər, amma onlayn kurslara qatılan tələbələrə görə Ukrayna, Səudiyyə Ərəbistanı, Nigeriya FutureLearn platformasında ilk 10luqdadır. Burada siz beynəlxalq mühiti hiss edirsiniz.

Bizim o vaxtımız deyil

FutureLearn platformasında istifadəçilərin 40 %-dən çoxu 35 yaşdan yuxarı insanlardır. Oxumaq ömürboyu olmalıdır və indiki dövrdə biznes proseslərə çevik reaksiyanı verə bilmək üçün yeni trendlərlə tanış olmaq üçün onlayn təhsil əla imkandır. 

Bunlar nədən qazanırlar?

Onlayn kurs təşkil edən platformalar zaman-zaman bəzi kursları ödənişli təqdim edirlər. Həm də bəzi platformalar pulsuz kursu bitirənlərə sertifikatı pul ilə təqdim edirlər. FutureLearn bunun üçün təxminən hər sertifikata 50 manat alır. Eyni zamanda bu platformalar qlobal təhsil bazarında universitetləri də təbliğ edirlər dolayısı ilə. Nəyisə pulsuz öyrənmək istəyən üçün məncə bu sual elə vacib olmamalıdır.

Dünya dəyişibdir. Pul ödəyib onlayn təhsil alanların sayı artır. Əlbəttə bu üzbəüz təhsil ilə müqayisədə cəlbedici görünmür, amma çox effektiv alətdir. Nə qədər ki, pulsuz onlayn təhsil almaq imkanları varsa bundan istifadə etməməyin adı məncə tənbəllikdir. 😉

Rektor gəldi, dağılışın koridordan

Rektor gəldi, dağılışın koridordan

Bu günlərdə işlədiyim layihənin Britaniyada keçirilən illik konfransında iştirak edirəm. Elə indi konfransın bir hissəsinin keçirildiyi Queen Margaret Universitetinin rəhbərliyinin çıxışından elə pozitiv təsirləndim ki, bunu qısaca bloqa yazmağı vacib hesab etdim.

Universitetin yeni kampusu tikiləndə tələbələri də planlaşdırma qrupuna daxil ediblər ki, öz fikirlərini bildirsinlər. Onlar da universitetin yeni kampus binasının tam ortasında kompüterlərlə və oxuma üçün şəraiti olan stollarla böyük sahənin ayrılmasını və orada kafe və mağazanın olmasını təklif ediblər. Və nəticədə binanın tam ortasında böyük sahədə yüzlərlər kompüterlə təmin olunmuş stollar, Starbucks, qida, qəlyənaltı və içkilər satan xürmani mağaza təmin edilib. Bu mühitlə əminəm ki, Britaniyada və digər müasir düşüncəli ölkələrdə təhsil alanlar tanışdırlar.

Sonra bir qrup tələbə çıxıb deyib ki, biz səs-küydə oxuya bilmirik. Onlar üçün də kitabxanada təknəfərlik kabinalar ediblər. Tələbələr üçün qrup şəklində kabinalar da ediblər. Bir dəfə Nigeriyadan olan tələbə əlindəki kofeni kitabxanada klaviaturanın üstünə dağıdanda universitetin işçisi ona yaxınlaşaraq, zarafatla ‘bura qarolçu qoysaq ki, insanları kofe və çay ilə içəri buraxmasım bu bizə klaviuturaları dəyişdirməkdən daha baha başa gələcək :)’ deyib. Qısası:

  1. Uğurlu təhsil mühiti tələbələrin istəyi nəzərə alınmaqla qurula bilinir. Ən xırda elementə belə fikir verməklə tələbələri öyrənməyə və universitetin adını qaldırmağa nail olmaq olar. İndi rektor gələcək deyib tələbələri az qalsın binaya qoymamaqla yox.
  2. İnsan gərək paxıl olmasın. Bu bina tikilənə mən artıq buranı bitirmiş olacam və neynirəm ki, 2-3 ilə necə olacaq düşüncəsi ilə yaşamaq doğurdan da həm gələcək nəsillərlər qarşısında məsuliyyətsizlik, həm də paxıllıqdır.

Universitetdə diqqətimi çəkən yeni bir şey də təxliyyə zamanı lift, eskalator işləməyəndə əlil arabasında olan şəxslərin pilləkanlardan rahat düşürməyə imkan verən avadanlıq oldu.

Gəncədən gəlirəm, yüküm bloq yazısı

Gəncədən gəlirəm, yüküm bloq yazısı

27 noyabr Gəncədə çox maraqlı gün oldu. İlk öncə səhər tezdən çox da soyuq olmayan havada Xan Bağında gəzərək günə başladım. Sonra isə Azərbaycan Texnologiya Universiteti və British Council arasında əməkdaşlıq imkanlarını müzakirə etmək üçün universitet rəhbərliyi ilə görüşdük. Həqiqətən çox yaxşı haldır ki, bu universitet Təhsil Nazirliyinin pilot layihəsi olan Müştəri Yönümlülüyü Proqramını ilk icra edən universitetdir. Rəsmi görüşdən sonra isə 300-dən artıq tələbə ilə görüşüb onlara Karyera və Britaniyada təhsil ilə bağlı təqdimat etmək imkanımız oldu. Elə bu təqdimatdan və Gəncə səfərindən çıxardığım bəzi nəticələri sizlərlə bölüşmək istəyirəm:

  1. Gəncə dinamikləşir – Tələbəlikdən indiyə qədər Gəncədə bir neçə dəfə olmuşam və bu dəfə Gəncə mənə daha dinamik gəldi. Bakıda bezdiyimiz tıxac Gəncədə ləzzət elədi. Əsasən şəhərin mərkəzində olsam da gecə saat 12-ə qədər qaynayıb-qarışan mühiti görmək xoş idi. Oteldə də xeyli sayda xarici var idi. Urus stuardessalarını Bakıdan kənar hər deyən şəhərdə və rayonda görmək olmur 😉
  2. Gənclərimizin motivasiyaya ehtiyacı var – Bakının özündə belə ali təhsil alan gənclərin çoxu həvəssiz və inamsızdırlar. İnsanlar uğur hekayələrinə inanmırlar. Amma günahı onların üstünə atmadan onu da nəzərə almaq lazımdır ki, çoxunun bu uğur hekayələrindən, müxtəlif imkanlardan heç xəbərləri belə yoxdur.  Nə qədər məlumatverici təlimlər və seminarlar olsa bir o qədər uğurlu gənclərimiz artacaq. Bizim seminardan sonra tələbələrin və müəllimlərin təşəkkürlərindən belə başa düşdüm ki, adi bir motivasiya edici çıxış çox yüksək qiymətləndirilir, çünki ehtiyac çoxdur.
  3. Resurslara çıxış – Gəncə gənclər sektorunda gördüyü işlərdə heç də Bakıdan geri qalmayıb. Amma son zamanlar gənclər təşkilatlarının populyar olmaması heç də gənclərin xeyrinə deyil. Hamınız internet dövrüdür deyib günümüzün yarısı internetdə, çox üzr istəyirəm səhv dedim, Facebook-da oluruq. Bizə elə gəlir ki, bütün lazımi məlumatları feysdən (ilk dəfədir bu sözü yazıram) əldə etmək olar. Amma Gəncədə də qısa söhbətlərimdən belə anladım ki, internetdən səmərəli istifadə etməmək ciddi problemdir. Resurs tək internetlə məhdudlaşmır. Gənclər həm də müxtəlif maraq qruplarında birləşməlidirlər. İnternet dövrüdür deyib üzbəüz ünsiyyətdə qaçdığımıza görə özümüzə haqq qazandırmayaq.
  4. Bütün dünya bu yolu keçib – Bakıda demək olar ki, bütün şirkətlərdə işçilərin ən azı 30 %-i orta məktəbi Bakıda oxumayıb. İçi mən daxil Bakıda daha böyük karyera imkanlarına inanıb ali təhsil üçün Bakını seçmişik. Amma böhran oldu-olmadı Bakıda iş imkanları məhdudlaşır və bazar müxtəlif səviyyələrdə kütləvi kadrlara elə də ehtiyaclı deyil. Üstəgəl bütün dünyada olduğu kimi mərkəzi şəhər olan Bakıda da yaşayış çox bahadır. Elə bu perspektivdən sadəcə formal proqramlar ilə deyil, real nəticələrlə regionların inkişafı vacibdir. Gəncənin Azərbaycanın Bristolu olmaq üçün heç də az potensialı yoxdur. Sadəcə bu gərək bütün maraqlı tərəflər üçün səmimi gündəlikdə olsun.

Gəncədən həm də maraqlı bir təklif gəldi ki, burada marketinq təlimləri və seminarları təşkil edilsin. Düşünürəm ki, ilkin olaraq bir neçə marketoloqun iştirakı ilə mini forumun təşkili ilə bu işə başlamaq olar.

Çox istəyən azdan da qalar və ya təhsil və karyerada geri düşənlər

Çox istəyən azdan da qalar və ya təhsil və karyerada geri düşənlər

İndiki dövrdə nə qədər möhkəm insan olursan ol nəinsə peşəkar reklamı və PR-ı səni də özü ilə çəkib aparacaq. Fərq etməz istər film, istərsə də musiqi, restoran, siyasi lider, istirahət mərkəzi, avtomobil və s. Təbii ki, marketoloq olmasan belə, marketinqdən azdan-çoxdan məlumatın olanda fokus-mokuslara heç də emosional yanaşmırsan və buna görə digərlərindən yarım addım öndə olursan. Özümüz də yaxşı başa düşürük ki, səsli-küylü Hollivud filmləri ilə müqayisədə sakit gəlib-gedən Avropa filmləri daha mənalı və baxımlıdır, bəzən eyni xüsusiyyətli avtomobillərin qiymətlərinin arasında bir neçə min dollar brend ucbatından süni fərq var. Bunun kimi yüzlərlə misala səbəb olan reklam və PR manipulyasiyaları olduğunu da bilirik. Təbii ki, mən xalqımızın yaxşı məhsulu reklam etməzlər zərbi-məsəlinə qətiyyən haqq qazandırmıram. Sadəcə ən yaxşı, ən mükəmməl, ən güclü və müxtəlif ənlərlə öz həyatını quran və trenddir, belə eşitmişəm deyib həyatını yaşayan və bununla da bir çox imkanları itirən insanlara üzümü tutaraq:

Bu cür yanaşmanı təhsil və karyerada tətbiq edəndə uğursuzluğa daha yaxın olursan demək istəyirəm.

Düzdür məsələnin digər tərəfi məhz hər şeyin ən yaxşısını istəyənlərin xeyli saydakı uğur hekayələridir ki, Harward-dan, Microsoft-dan, Ferraridən gəlir. Amma aşağıdakı formatda düzgün qiymətləndirmə aparıb düşünsək heç də pis olmaz.

Arada bir sağa-sola baxaq

Ətrafımızda xeyli sayda insar var ki, təhsil bahadır deyib, filan qədər pulum olsaydı filan təhsili alardım deyirlər. Təcrübə göstərir ki, bu insanların qəfil pulu çox az hallarda artır və bu cür insanlar yekunda heç bir normal təhsil ala bilmirlər. Bu həm də o insanlardır ki, adamım olsaydı, filan şeyi bilsəydim, filan sahənin adamı olsaydım bu şirkətdə iş tapardım deyənlərdir. Özümü da bu insanlara aid etməkdən utanmıram. Səbəb isə çox sadədir. Biz xoşlayırıq ki, reallıq hissindən tez-tez uzaqlaşaq və uğursuzluğumuzun və ya indiki vəziyyətdəki narazılığımızın günahını özümüzdən başqa istənilən şəxsin üzərinə ataq. Əyilib sağa-sola baxsaq imkanların istənilən ağıllı insan üçün eyni olduğunu görərik. Həm də onu da görərik ki, çox insan həyatda məhz özünə layiq olan yerini tapır. Əgər biz bu gün 1000 nəfərlik şirkətdə CEO deyiliksə və buna çox az şansımız varsa, bu arzunu ürəkdə qoymaqdansa 100 nəfərlik şirkətdə ən azı departament müdiri olmaqdan məmnun olmalıyıq. Müsbət nəticəli departament müdirinin 100 nəfərlik şirkətdə CEO olmaq və yaxşı qazanmaq şansı aydındır ki, 1000 nəfərlik şirkətdə reklam meneceri kimi çalışmaqdan daha yaxşıdır. Rəqəm sadəcə simvolikdir.

Potensialımızı düzgün qiymətləndirək

İşlədiyim layihədə Britaniya universitetlərini Bakıda təbliğ edirik və aydındır ki, hər il yüzlərlə insan bizə bununla bağlı müxtəlif suallarla müraciət edirlər. Bir tərəfdən yaxşıdır ki, gənclərimizin əksəriyyəti Britaniyanın Top 5 universiteti ilə maraqlanır, digər tərəfdən isə pisdir ki, yalnız 10 % tələbə bu top universitetlərə daxil ola bilirlər. Qəbul olandan sonra hələ oxumağa qabiliyyəti çatıb-çatmayacağına təminat verilmir. Halbuki bu cür gənclər IELTS imtahanından maksimum 6.0-6.5 güc ilə yığırlar. Vacib deyil ki, təhsiliniz məhz Britaniyada olsun. Yaxud da vacib deyil ki, mən mütləq BP-də, Azercell-də işləməliyəm deyə onsuzda qısa olan həyatı boşa yaşayasınız. Orada oxuyan və ya işləyən sizdən, məndən artıq adam deyil, amma reallıq hissi də var ki, o da sizə öz potensialınıza uyğun yerdə olmağı tövsiyyə edir. Ona görə ki, sizin belə uğur qazanmağa daha çox şansınız var. 

Uğura yol ölçmək üçün çatmırıq

Bir misal da öncəki iş təcrübəmdən çəkim ki, bizə ara-sıra şirkətlərdən əməkdaşları üçün təlimlərin İngilis dilində keçirilməsi ilə bağlı sorğu gəlirdi. Təbii ki, menecment üzrə hansısa bir təlimi İngilis dilində dərk etmək üçün bu dili yaxşı bilmək lazımdır. Ancaq bəzən İngilis dilini Red Murphy səvviyəsində bilən işçilər mən İngilis dilində təlimdə iştirak etdim və sanki 1 günlük təlimdə İngilis dilinə qulaq asıb öyrəndim deməklə özünə təsəlli verirdi. Demək ki, arzuladığın yerdə özünə iş tapmaq və ya sanki ‘oxumaq’ hələ məsələnin hamısı deyil. Öncə qeyd etdiyimiz hazırlıqlar məhz bu zirvədən sizi daha böyük uğurlara götürməyə imkan verməlidir. Nəyisə bilməsəniz belə potensialınız varsa onu tez bir zamanda öyrənə də biləcəksiniz. Əks halda necə yüksəlmişdinizsə eləcə də yuvarlanıb aşağı düşəcəksiniz.

Ümumi götürsək, hər bir insanın haqqıdır ki, ən yaxşısını istəsin və ona doğru irəliləsin. Ancaq mən 3 000 manatlıq yerdə işləyəcəm və ya mən mütləq filan universitetdə təhsil alacağam prinsipi ilə yaşayıb aylarla işsiz qalmaq və ya 10 il keçsə də təhsil almamaq heç birimizə arzu olunan vəziyyət deyil.

Bəs sən ACCA tələbəsisən?

On il bundan öncə təhsil alan tələbələr üçün uğurlu karyeranı təmin edən çox az sayda təhsil imkanları barəsində məlumat var idi. Şəxsi əlaqələr, şəbəkələşmələr vasitəsilə az sayda gənclərimiz xaricdə təhsil almağa gedir, təhsil səviyyəsi yüksək olan Bakıdakı özəl universitetlərdə təhsil alır və ya az sayda təlim mərkəzlərində kurslara gedirdilər. Təhsil şirkətlərinin reklam büdcələrinin azlığı, təhsil və karyera ilə bağlı məlumatların çatışmamazlığı və internetin çox məhdud əhatə dairəsinin olması hansısa yeni təhsil xidmətlərini daha çox sayda insana çatdıra bilmirdi. Yaxşı ki, bu 10 il qabaq idi. İndi vəziyyət çox dəyişib və ‘məlumatım yoxdu’ demək sadəcə bəhanədir. Gənclər və tələbələr, eyni zamanda karyerasını inkişaf etdirmək istəyən hər bir şəxs müxtəlif təhsil imkanları barəsində dərhal məlumat əldə edə bilər. Dövr o dövr deyil, amma hələ o dövr də deyil. Bu cür imkanlardan təxminən hər 10 tələbədən indinin özündə də ortalama 2 tələbə yararlana bilir. Bu yazını da həmin 2 nəfərlərə həsr edirik.

ACCA hegomonluğu

Ola bilsin ki, bu ‘akka’ nədir deyə soruşacaqsınız. Bu ACCA (ey si si ey) 100 ildən artıq tarixi olan böyük təhsil mexanizmi, daha dəqiq kvalifikasiyasıdır. Maliyyə və mühasibatlıq sahəsində karyera qurmaq istəyən istənilən insan akademik təhsil ilə yanaşı bu kvalifikasiya üzrə də təhsil almağa çalışır. Hətta bəzi təhsil müəssisələri bu kvalifikasiyanın proqramının böyük hissəsini öz akademik proqramlarına daxil ediblər. Son 5 il ərzində Azərbaycandan bu kvalifikasiya üzrə təhsil alan tələbələrin sayı 300-350 nəfərdən təxminən 10 dəfəyə qədər artıb və maraq hər il artmaqda davam edir. Bu kvalifikasiya haqqında az və heç məlumatı olmayanlar ətraflı özləri araşdıra bilərlər. Bu şəxsi iddia kimi görünsə də amma düşünürəm ki, ACCA bu gün güclü təbliğat və karyera faydaları üzərindəki ağızdan-ağıza effekti ilə bazarda öz potensialından daha çox paya sahib çıxıb və digər peşələrdə karyera qura biləcək insanları da özünə cəlb edə bilib.

Bəs bazarın ehtiyacları necədir?

Azərbaycanda əmək bazarının ehtiyaclarını ümumi müəyyən etmək elə asan deyil. Bu ehtiyac Əmək və Təhsil Nazirlikləri arasında gərək ki, çoxdan müəyyənləşdirməli idi. Çoxumuzun təhsil aldığımız ixtisaslar da açılarkən onlara olan  ehtiyac üzündən deyil, trend olduğundan açılıblar. Məsələn, mənim özümün təhsil aldığım turizm ixtisası kimi. Məntiqi olaraq ümumi ixtisas adları bazarın tələblərini ödəyə bilən kurrikulumlar təqdim edə bilmir, həmçinin gələcək karyera perspektivləri də tələbələrə çardırılmır. Amma ümumi biznes mühitindən xəbəri olan istənilən tələbə ən azından öz ixtisası və ya özünə maraqlı olan başqa sahə üzrə bazar potensialını müəyyənləşdirə bilər. Düzdür bu çox çətindir. Amma ACCA kimi uğurlu modellər gənclərə ‘real karyera uğuru’ yolunu cızmağı öyrədir. Ona görə də ACCA nümunəsində bazarda öz payını artıra bilir. Müxtəlif sahələrin də, İnsan Resursları, Marketinq, Əməyin Təhlükəsizliyi, Təchizat, Loqistika, Ümumi menecment və digər biznes proseslərin, öz ACCA-si var. Məsələn marketinq sahəsi üzrə ölkəmizdə həm müxtəlif praktik təlimlər, həm də artıq CIM (Chartered Institute of Marketing) üzrə təhsil proqramları təqdim edilir.

Tələbə nəyi seçməlidir?

ACCA özünə imici rahat qazanmayıb. O uğurlu təhsil-karyera mexanizmi qura bilib onu işlədə bildiyi üçün minlərlə insanın seçimidir. Hansı ki, bir çox ixtisaslar üzrə Azərbaycandakı ali təhsil müəssisələri hələ model işlətmək nədir, hazırlaya bilmirlər. Tələbələr ən azı internetin imkanlarından faydalanıb karyera yönümlü ixtisaslar tapa bilərlər. Hər hansı bir kurs, kvalifikasiyaların haralarda hansı vəzifələə imkan yaratması araşdırmaq çətin deyil. Tövsiyə olunur ki, seçim sadəcə trend üzərindən deyil, real karyera faydaları  düşünülab qərar verilməlidir.

Xaricdə biznes və menecment oxuyanlar

Bu yaxınlarda tanış olduğum hesabatda deyilir ki, 2030-cü ildə elm sahələri, mühəndislik, riyaziyyat üzrə hər ali təhsil müəssisələrinin hər 10 məzunundan 6-ı ya Hindistandan, ya da Çindən olacaq. Demək olar ki, əhali sayına görə bu proporsiya məntiqlidir. Amma bizim ölkədən də xaricdə təhsil almağa nədənsə əksəriyyət biznes və menecment sahəsi üzrə gedirlər. Mən isə gənclərə, xüsusən də universitetə hazırlaşan, ilk kurslarda oxuyan gənclərə elm sahələri üzrə istiqamətlənməyi tövsiyyə edirəm. Nə qədər sadə olsa da marketinqi, lap elə mühasibatlığı sonradan öyrənmək olar. Amma elmə gərək lap əvvəldən başlayasan ki, innovasiyaları idarə etməli olan menecerlər də elm adamlarının hesabına evlərinə çörək apara bilsinlər. 

Gələcək haqqında düşünsək…

Əgər elmə həvəsiniz yoxdursa ACCA və digər biznes sahələrini öyrənməkdə israrlısınızsa o zaman vaxt itirməyin. Başlayın! İndiki mühitdə ənənəvi təhsildən bu cür proqramlar sizə daha çox fayda verəcək . Elmə həvəsi olanlar, lakin Azərbaycanda bunun mümkün olmadığını düşünənlər isə xaricdə rahat təhsil ala bilmələri üçün fərdi və ya kurs şəklində Bakıda fəaliyyət göstərən İngilis dilində riyaziyyat, fizika və kimya dərslərinə qoşula bilərlər. Həm də elmə marağı olanlar nəzərdə saxlasınlar ki, onların xaricdə təhsil üzrə dövlət təqaüd proqramına düşmə ehtimalları daha böyükdür. Gələcək haqqında həm də onu vacib addım kimi qeyd edək ki, dövlət təşkilatları, konsaltinq şirkətləri bazarın real ehtiyaclarını müəyyənləşdirib bazarda yeni məhsul və xidmətlər yaradanlarla bu məlumatları paylaşmalıdırlar.

Doğurdan da ACCA, ümumi maliyyə və mühasibatlıq ixtisasları üzrə əmək bazarının böyük imkanları var. Amma bu o demək deyil ki, digər sahələr üzrə imkanlar yoxdur. Odur ki, öz gələcəyinizi planlaşdırarkən səsə-küyə düşüb daha çox təbliğatı aparılan sahələr deyil, digər sahələr haqqında da düşünün. Məsələn, elə mühəndislik.

PS Bizimkilər oxumur demək çox sadədir. Bu gün təhsil sahəsində çalışan istənilən şəxs gərək ACCA misalından nümunə götürərək özündə təsdiqləsin ki, güclü təbliğat bütün faydalı təhsil xidmətləri bazarını inkişa etdirə bilər.

Alət çubuğuna keç