Uğursuzluqlar və uçan maşın

Bir neçə gün öncə Yasamaldan Bakı şəhərinə əsas çıxışlardan biri olan Bizim market və Günəş petrol qaya yolunda (əslində yolu çox yaxşı təmir ediblər, sadəcə yol o qədər dardır ki, günün əksər saatlarında aşağıdan dikinə yuxarı onlarla maşın tıxacda düzülür) bir maşın qəfil xarab oldu. Tıxaclardan bu üstdənaşağı yolda yuxarı gedən maşınlarda bu hal ara-sıra baş verir. Nisbətən köhnə avtomobillərin işləmə mexanizmdən tanış olanlar yəqin bunun səbəbini daha yaxşı bilirlər. Mənim isə diqqətimi həmin an digər bir məqam cəlb etdi. Arxada oturan 9-10 yaşlı uşaq. Atası nə qədər cəhd etsə də maşını hərəkətə gətirə bilmirdi. Uşaq həyacanla onu izləyirdi. İlk baxışdan uşağın halına acıdım. Çünki yavaş-yavaş maşınlar yanında keçib gedirdi. Sonra yadıma ətrafımda müxtəlif çətinliklərdən çıxıb sonunda hər hansı bir sahədə uğurlu olan insanlar düşdü. Əlbəttə uğurlu insanların bəzən çoxlu belə maraqlı və düşünülmüş çətinlik hekayələri olur. Bir neçə gün öncə tədbirlərin birində Dünya Bankının prezidenti Cim Yonq Kim Alibaba şirkətinin qurucusu Jack Madan KFC və iş tapmaqla bağlı digər uğursuzluq hekayələrinin doğru olub-olmamasını da zarafatca soruşmuşdu.

Bu yazımın mahiyyəti isə o deyil. Biz nə qədər istəsək də liderlik üçün yerlər, uğurluluq mövqelər azdır. Təbii ki, heç də hamımız bu yerlər uğrunda mübarizə aparmırıq. Ancaq hər gün bu yerlər uğrunda mübarizə aparanlar daha da artır. Bərkə-boşa düşmələr olduqca nərdivanın yuxarısına doğru gedənlər azalır. Sona qədər gedənlərin alt yaddaşında əminəm ki, o uşağın düşdüyü kimi çoxlu uğursuzluqlar, xoş olmayan anlar var. Kimisə deyir, atamı-anamı kasıblıqdan qurtaracam, kimsə deyir bahalı maşınım olacaq, kimsə görür ki, atası-anası hansı çətinliklərə tab gəlir və pozitiv mübarizə aparır bundan ilham alır, kimsə düşünür ki, uçan avtomobil kəşf edəcəm, kimisə deyir ki, daha yaxşı yollar salacam. İndi Azərbaycanda 25-35 yaşında olanların çoxu bu çətinliklərdən çıxıbdır. Ona görə də təsadüfən yuxarıda ətrafımdakı insanları demədim. Çünki çox çətin şəraitlərdən, özü də sadəcə maddi deyil, mənəvi sıxıntılardan, fiziki xəstəliklərdən əziyyət çəkib sonra böyük uğur qazananlardan şəxsən tanıdıqlarım çoxdur

O uşaq isə həmin vaxt sadəcə düşünürdü ki, kaş maşın tez düzələrdi. Əlbəttə, atası da istəmirdi yəqin ki, övladı sıxılsın. Atası ən yaxşı halda özünə yeni maşın ala biləcəksə, bəlkə də bu hadisə onun övladının uçan maşın mühəndisi olmasına gətirib çıxaracaq.

Xanımlar, güclü xanımlar haqqında

 

Bir neçə gün öncə axşamcağı Puşkin küçəsində bir xanımın sahibi və ya adi işçisi olduğu mağazanın qapısını bağlayıb getdiyini görəndə bu postu yazmaq qərarına gəldim.

Müəyyən sosial gərginlik fonunda uğurlu xanımlar görəndə çox sevinirəm. Uğur sadəcə təbii ki, avtomobil sürmək və ya hardasa menecer vəzifəsini tutmaqla məhdudlaşmır. Özünəinamı yüksək olmaq, çalışqan, öz zəhməti ilə hər hansı bir sahədə uğurlu olmaq, yeniliklərə açıq olmaq, müəyyən yaşdan sonra hətta öz təhsilinə vaxt ayırmaq da bir uğurdur. Xüsusən də ipinə odun düzməli olmayan şəxslə ailəsi dağılsa da, sonradan vicdanla öz övladlarını mərdcəsinə böyüdən xanımlara rəğbətim böyükdür. Nəzərə alsaq ki, indi belə bəylərin sayı əvvələ nisbətən daha çoxdur. Şəxsi həyat məsələlərinə çox qarışmadan bu uğura şərait yaradan vacib 1-2 məqamını sizinlə də bölüşüm.

1) Təbii ki, təhsil ən önəmlidir – Əlbəttə bizim ətrafımızda olan insanlar çox gözəl başa düşürlər ki, qız övladı da eyni səviyyədə təhsil almalı və uğurlu karyera qurmağa can atmalıdır. Zatən bunu gözəl başa düşərək biz sosial mediada bir-birimizi izləyirik. Ancaq düşünürəm ki, fürsət olduqca bu məsələlərə laqeyd qalmamalıyıq. Xanımlar üçün sadəcə dərzi, kosmetoloq peşə kursları deyil, sahibkarlıq yönümlü kurslar da keçilməlidir. Xanıma sadəcə kluba pulsu giriş deyil, bəzi kurslara heç olmasa 5-10 % endirim olmalıdır.

2) Düşüncə tərzimizdə dəyişiklik – Məsələn, axşam saat 11-də metro və avtobusla evə gələn xanım çox zaman kefindən elə gec evə getmir. Çünki Mall-lar 10-da bağlananda, işçi də iş yerini 11-ə işləmiş tərk edir. Az olub hansısa qıza qarşı təcavüz edildi yazısının altında, ‘axşam 11-də küçədə nə edir’ yazıblar? Hamının işi rahat deyil. Bir tikə çörək üçün biz çox çətin və fərqli şəraitlərdə çalışırıq.

3) Daha etik olmaq – Belə bir düşüncə var ki, bəzi şirkətlərdə xanımlar qabağa gedir. Rəhbərlik şərait yaradır. Birincisi biznes mühitində qadın-kişi, ortayaşlı-cavan, ateist-dindar, Habibtərəfdarı-McQreqortərəfdarı tipli ayrıseçkiliklər aradan qalxmasa bu cür yalnış, bəlkə də doğru fikirlər çox müzakirə olunacaq. Məqsəd etik olmaqdır. Əgər hansısa vəzifəyə layiq X adamdırsa, o da olmalıdır. CV-nizdə mütləq və mütləq şəkil qoyun yazan elanları yıxıb sürümək lazımdır. İnsan resursları müzakirələri belə fundamental məsələlərdən başlayıb, sonra performansdan danışmalıdır.

Əlbəttə bu fikirlərin formalaşmasında güman ki, qız övladına sahib olmağım da az-çox rol oynayır. Və durub-durub nədən bu barədə yazdım? Yox, sadəcə düşüncə tərzimizi reallıqlara kökləməsək, informasiyaya çıxışı az olan xanımların təhsilinə önəm verməsək, xanımların liderliyinə vicdanla şərait yaratmasaq, qadınların uğuruna sevinməsək, ümumiyyətcə bir insan kimi bir-birimizə dəyər verməsək, yaxşı ideallar uğurunda çalışmasaq ədalətli mühit qura bilməyəcəyik.

Söhbət təbii ki, sadəcə xanımlardan getmir, həm də müxtəlif yerlərdə dominantlıq edən qrupların qrupdaxili azlıqlara, xüsusən də az təhsilli, aşağı gəlirli, fiziki məhdudiyyəti olan şəxslərə qarşı ədalətsiz, vicdansız mövqeyindən gedir..

Alət çubuğuna keç