Təhsil xidmətlərinin Facebook-da reklamı

10_Almost_Effortless_Ways_to_Boost_Facebook_Engagement-ls

Faktiki olaraq 6 ildir ki, aktiv şəkildə Facebook-da təhsil xidmətləri üzrə promo fəaliyyəti həyata keçirirəm. O vaxtlar hələ Facebook ölkəmizdə çox təzə idi və indi dəqiq xatırlamıram, amma GRBS-də iş yoldaşlarımızdan biri böyük brendlərin Facebook səhifəsi üzərindən təqdimat edib təcili bizim də sosial mediada səhifə açmağımızın vacibliyindən danışırdı. O vaxt bu vaxt indiyə qədər bu fəaliyyəti davam etdirirəm. Son 3 ildə British Council-dakı işimdə Britaniya universitetlərinin təbliği ilə bağlı keçirdiyimiz tədbirləri və bu tədbirlərlə bağlı fəaliyyətlərimizi sosial mediada təqdim etmək imkanım var. Öyrəndiyimiz xeyli dərslər olub. Məsələn, elə sonuncu promo postumuza 1300 layk gəlsə də, faktiki effekt, yəni əks əlaqə çox aşağı olub. Bəzən isə eyni məbləğə 500 layk olsa da daha çox nəticə əldə edirik.

Reklam və PR nə qədər brend qurmağa və onu möhkəmləndirməyə xidmət etsə də, hər ikisinin əsas məqsədi biznesi ayaqda tuta bilmək üçün satışa xidmət etməkdir. Əgər kurs açmısınızsa və bu kursa gələn sayı sizin reklam və PR fəaliyyətindən sonra artmırsa siz ən yaxşı halda özünüzə ‘brendi möhkəmləndiririk’ təsəllisini verəcəksiniz. Vacib deyil ki, Facebook-da bütün postlarınıza pul qoyulsun. Reklam edilsin. Uğurlu virus reklamı da yaratmaq olar. Maraqlı foto qoyub 400 layk da əldə etmək olar. İstənilən halda istərdim təhsil brendlərinin sosial media sükanının arxasında oturanlara, ümumiyyətcə təhsil biznesi ilə məşğul olanlara bu sahədə olan təcrübəmdən bir neçə tövsiyyəmi edim. İnanıraım ki, bu yazıdan digər sahələr üzrə də çalışan digər şəxslər də faydalana biləcəklər, ən azından seçdikləri təhsil brendindən ‘nəyi tələb etməli olduqları’ haqqında məlumatlı olacaqlar.

Konsepsiya ilə başlayacaqsan

Əlbəttə ki, hər şey peşəkar bir sosial media meneceri tutub ona 500 manat verməklə bitmir. Hər şeydən öncə sizin təqdim edə biləcəyiniz xidmət olmalıdır. Təhsil biznesində bu çox çətindir. Fərq etməz çeşidiniz genişdir, ya dar ixtisaslaşmısınız, əsas olan odur ki, müəllim və təlimçiləriniz peşəkar olsun. İşiniz gözəl təşkil olunsun. Bu imkan verəcək ki, sosial media üçün də uğurlu strategiya qurasınız. Müxtəlif təhsil şirkətlərinə fərdi tövsiyyə etdiyim 1 səhifəlik olsa da sosial media bələdçisi çox vacibdir. Bu gün ağlıma bu gəldi, bunu qoyumla iş düz getməyəcək. Sosial media meneceri, koordinatoru təmsil etdiyi şirkəti çox yaxşı tanıyıb, komandadan da məsləhətlər alıb və ən əsası xarici təhsil brendlərini izləyib ortaya faydalı bir iş qoymalıdır.

Faydalı olacaqsan

Əgər dırnaq boyası satan bir brend müxtəlif dırnaq boyaması üsullarını təqdim edirsə, təhsil brendi öz izləyicilərinə daha çox faydalı olmağa borcludur. Bunu öz səhifəsinə bağlı olan hansısa öyrədici brend yaradaraq da etmək olar. Məsələn, siz HR sahəsində peşəkar kurslar və təlimlər təqdim edirsinizsə ölkə və ya dünya səviyyəsində HR ilə bağlı yeniliklərə öz qısa şərhinizi yazıb paylaşa bilərsiniz. Yaxud da siz hansısa əlaqəli tədbirdə, məsələn HR forumunda partnyorsunuzsa, o zaman həmin forumdan maraqlı sitatları, şərhləri, qısa videoları öz səhifənizdə paylaşa bilərsiniz. Bizdə təhsil brendləri daha çox dil kursları İngilis dili ilə bağlı maraqlı və faydalı məlumatları paylaşırlar.

Müsabiqələr ilə baş qatmayacaqsan

Mən də reklamdan çox PR-a inananlardanam. Sosial media da sizin hekayənizin söyləniləcəyi yer olmalıdır. Müsabiqələr bu baxımdan çox yaxşıdır. Amma o qədər də effektik və vacib deyil. Düzdür, hər hansı bir təhsil brendinin öz Facebook səhifəsində müştərilərinin fotolarına layk dilənməsinə rast gəlməmişəm ki, deyib belə yaramaz. Ümumiyyətcə müsabiqələri hansısa kursa güzəşt, kitab hədiyyə etmək və bu kimi məqsədlər üçün etmək olar. Amma bunu turizm şirkəti kimi deyil, təhsil yaraşan adda etmək lazımdır. Daha intellektual, düşündürücü, faydalı bir formatda. Məsələn, onlayn test edib sonradan çox cavab verənlər arasında lotoreya keçirtmək olar. Sadəcə bu müsabiqələrdən daha məsləhətli auditoriyaya necə maraqlı olmaq haqqında düşünməkdir.

Yalan deməyəcəksən

1 aya İngilis dilini super öyrənəcəksən, 2 günə peşəkar menecer olacaqsan və bu kimi vədlər sonunda brendə olan inamı azaldır. Marketing Air təlimləri haqqında yəqin ki, çoxunuz eşitmisiniz. Elə bir fantastik reklamı yoxdur, sadəcə hekayələri var. Uğuru da hekayələrinin məhz öz məzunları tərəfindən qurulması ilə bağlıdır. Xaricdə təhsil şirkətlərimiz üçün də bu çox vacibdir. Əgər Avstraliyaya tələbə göndərirsənsə bunu hansısa formada çək və yay. Məsələn səhifəndə qabaqcadan elan et ki, filan vaxtı Avstraliyada oxuyan tələbəmizin burada təhsil və yaşayış ilə bağlı vebinarı olacaq. Əldə etdiyini, edə bildiyini göstərməyi bacaraqsan. Məsələn, biz hər hansı bir Britaniya universitetinin  azərbaycanılar üçün təqaüdü olduğundan dəqiq əmin olduqdan sonra bunu xüsusi olaraq öz postlarımızda qeyd edirik.

Qısa və konkret ol(may)acaqsan

Bəzən bu keçərlidir, bəzən deyil. Təhsil xidməti parfum və ya avtomobil satışı deyil ki, şəklini və qısaca qiymətini, güzəştini qoyub fərqlənəsən. Xüsusən də əgər Bakıda sizin xidməti təqdim edən onlarla, yüzlərlə rəqib varsa. Lazım deyil, yarım kilometr mətn olsun. Amma 3-4 cümlədə əlavə qeydlər etmək olar. Tutaq ki, siz ACCA kursları təqdim edirsinizsə, öz internet səhifənizdə və ya LinkedIn-də kursu aparacaq təlimçi haqqında olan məlumata keçid qoya bilərsiniz. Yaxud da İngilis dili kursları üçün olan postda siz danışıq klubu haqqında qısa məlumat təqdim edə bilərsiniz. Ümumiyyətcə əlavə məlumatları gözəl infoqrafiya ilə də etmək olar.

İnteqreyted olacaqsan

Axtarış versəniz bu inteqreyted sözünü bloqda ilk dəfə istifadə etdiyimi görəcəksiniz. Xalxın təhsil brendləri Twitter səhifələri açıb 100 000 post edib, biz isə Twitter bizdə işləmir deyib özümüzə haqq qazandırırıq. LinkedIn təhsil brendləri üçün Facebook-dan da effektiv bir yerdir, xüsusən də sizin xidmətləriniz peşəkar insanlar üçündürsə. Instagram da brendin inkişafı üçün əla platformadır. Bütün bunlar Facebook ilə birləşəndə daha gözəl nəticələr əldə etmək olur.

Biraz da diri oynayacaqsan

Facebook indi canlı yayım xidmətini təqdim edir. Hərçənd ki, bu yayım hələ təzədir və çoxu əlindəki telefonu əsdirə-əsdirə canlı yayım aparır, amma təhsil mərkəzlərinə öz kurslarından, təlimlərindən 10-15 dəqiqəlik canlı yayım etməklərinə əla imkandır. 2-3 ilin promo videosunu yaymaqla fərqlənmək çox çətindir. Təhsil xidmətlərinin alıcısı artıq 21-ci əsrdə dünyaya gələnlərdir. Növbəti 5 il ərzində faktiki olaraq əsas tələb onlardan olacaq. Onlar da sürətli və dinamik inkişaf dövründə böyüdüklərindən daha interaktiv və canlı təmas istəyirlər.

Ümumiyyətcə, indi sadəcə Facebook ilə fərqlənmək azdır. Burada yazdıqlarımız da ümumidir amma ümid edirəm ki, faydalıdır. Facebook internet səhifəsi olmadan belə brendin kommunikasiyası üçün əla platformadır. Baxmayaraq ki, son 2 il ərzində faktiki reklam burada 2 dəfə bahalaşıb, amma yenə də Facebook-da aktiv olmanız çox tövsiyyə edilir.

Biraz soyuq başla düşünsək

İstanbul - Karabakh

Son günlərin gərginliyi hamılılıqla yaşadıq. Çoxumuz cəbhədən gələn hər xəbəri səbirsizliklə gözləyirdik. 2 gün öncə rəsmi atəşkəs elan olunsa da, silahlar müəyyən qədər sussa da , insanlar bu tarixi yaşatmağa davam edir. Belə də olmalıdır. Paralel olaraq artıq bu hadisələr haqqında soyuq başla da düşünmək çox vacibdir. Bu yazıda konkret olaraq vacib bildiyim bir neçə məsələ haqqında fikirlərimi paylaşacam ki, onlar haqqında bundan sonra daha çox fikirləşək. Hamılıqla.

Bir ola bilməyimiz ən böyük dəyirimizdir

Bir çoxlarınız kimi mən də son 5 günü faktiki olaraq yarısını internetdə keçirmişəm. 100-ə yaxın şəxsin Facebook profilini, 50-ə yaxın xəbər saytını davamlı izləyirdim. Xalqımızın birlik göstərməyi fonunda mənim nə rolum ola bilər əzabını mənim kimi yəqin çoxunuz çəkirdiniz. Kimi bunu küyə getmək, kimi hamısı siyasətdir deyib acı zəhərini yaymaq istəsə də əsas odur ki, çoxumuz bir yerdə idik. Eyni hədəfə vururduq və hələ bundan sonra da vuracağıq. Bizdə komanda oyunu yoxdur, biz bir ola bilmirik mifini yaymaq kimlərə sərf edirdisə, indi həmin insanlar susa bilər. İndi qalır daha düzgün hədəflər qoymaq. Görünən odur ki, Qarabağı işğaldan azad etmək bizdə ən vacib hədəfdir. Təsəvvür edin ki, bizim başqa sahələrdə düzgün hədəflər qoyub onlara doğru səmimi bir mühit qursaq vəziyyətimiz necə yaxşı ola bilər. İctimai fikrə, şüura mənfi təsir edənlər də bundan yəqin ki, dərslərini aldılar və indi başqa tərkibli zəhər hazırlayacaqlar. Odur ki, hazır olaq 🙂

Yaradıcı və çevik reaksiyalar

Bu günlərdə nədənsə reklam və dizayn şirkətlərindən çevik reaksiya görə bilmədik. Ancaq yüzlərlə sosial media istifadəçisi maraqlı video, slayd, posterlər hazırladı. Həqiqətən dünyada bir çox məsələlər var ki, onlara dərhal reaksiya vermək tövsiyyə edilmir. Yəni vacib deyil ki, trenddə nə var, dərhal sən də nə isə öz sözünü bildirəsən, lap uzağı 200 Facebook dostun onu bəyənsin. Ancaq bu məsələ xalqımız üçün o qədər həssas məsələdir ki, burada danışmaq trendə görə deyildi. Mənə elə gəldi ki, bizim bir çox brendlərimiz bu məsələdə laqeydlik göstərdi və bəlkə də indi fikirlərini onunla əsaslandırlar ki, ‘əşi mən bilirdim ki, 2-3 günə bitəcək’. Həyat əlbəttə ki, davam edirdi və edir. Heç Facebook-da həmin günlər reklam edənləri də qınamaq fikrim yoxdur. Ümumlikdə isə şəhidlərin borclarını bağışlamaq, cəhbə zonasında yaşayanlara mobil operatorlardan dəqiqə payı çox gözəl nümunə idi. Amma bəzi səhifələrin və şəxslərin yersiz paylaşmaları da oldu. Məsələn Bakcell vebkameranın tarixi haqqında məlumatın yerinə Kapital Bank kimi Tərtərdəki əməkdaşlarının fotosunu da paylaşa bilərdi. ANS isə hər hansı rəsmi icazəsi olub-olmamasında asılı olmayaraq faktiki olaraq media mübarizəsində daha çevik oldu. Mirşahinin Çingiz kimi cins gödəkçə geyməsini isə təsadüf saymıram. Bu məsələdə çox fürsətcil oldular. Dostlardan biri Azadlıq radiosunun da Erməni və Azərbaycan bölmələrinin çox gözəl müqayisəsini aparmışdı. Ayın 5-i səhər Azərbaycan bölməsini əsas səhifəsində 20-25 % xəbərlər Qarabağdan olsa da, onların Erməni həmkarlarının sayından bu 100 % idi.

Dəyərli gənclərimiz və liderlərimiz

Sovqat toplamaqdan tutmuş, informasiya müharibəsi üçün qərargah yaratmaq, xaricdə toplanaraq bayrağımızı dalğalandırmağa qədər olan təşəbbüslərini sürən, insanları həvəsləndirən gənclərimiz liderlik göstərdilər. Əsl liderlərimiz isə əlbəttə ki, özünü qumbara, güllə qarşısına atanlarımız oldu. Situasiya liderliyi haqqında yəqin ki, azdan-çoxdan məlumatınız var. Şəhid olmuş və ya çevik reaksiyalar göstərmiş insanlarımızın bəziləri ola bilsin ki, heç zaman liderlər kimi davranmayıb, buna heç təşəbbüs, maraq da göstərməyib. Amma məqamı gələndə əjdaha insanlara çevriliblər. Yəqin ki, siz də hansı rayonun nə zaman işğal olunduğunu bilməyən birinicin indi şəhid olmasını haqqında məlumatı eşitdiniz. Ona görə də belə məqamlar əslində həm də ona görə yaxşıdır ki, bizə əsl qəhrəmanları tanımağa kömək etsin.

Təhsilsiz çətin olacaq

Sağa-sola çevirsək bir daha əmin oluruq ki, bir xalq kimi bizim uğurlarımız məhz təhsil ilə gələcək. Bu sadəcə akademik təhsil deyil, həmçinin də yeni məlumatları öyrənmək, araşdırmaq, elə Facebook-da bilikli olmağı deyə bilərik. Təhsil sistemimiz tənqidi təfəkkürlü, düzgün təhlil qabiliyyətli, diskusiya etmək bacarığı olan yetişdirə bilsə onda uğurlarımız davamlı olacaq. Bu arada təhsil sistemində Qarabağ təbliğatının da uğurlu olduğunu görə bildik. Sadəcə tam əmin ola bilmədim, hamılıqla Dağlıq Qarabağ, ətraf rayonları haqqında daha düzgün məlumatlıyıq yoxsa yox.

Əlbəttə ki, bütün bu işlər belə asan olmayacaq. Məlumat yayımında güc sahibləri media, fikir formalaşdıran sosial media istifadəçələri yuxarıdakı və digər strateji istiqamətlər üzrə hələ çox çalışmalıdırlar. Qısası, sabahınız xeyir!

Tələbələr böhrandan hansı dərsləri götürməlidirlər?

Mən 1-ci sinifə 1993-cü ildə getmişəm və 90-cı illərin iqtisadi çətinliklər, müharibəsonrakı müddət və keçid dövrü adlandırılan illərinin böhranı tam da olmasa böyük şəkildə yadımdadır. Artıq universitetə daxil olanda, xüsusən də 1-ci kursun ortalarında ölkədə vəziyyət çox dəyişmişdi. Sadə bir nümunə ilə deyə bilərəm ki, 1-ci kursun sentyabr, oktyabr və noyabr aylarına olan təqaüdüm əgər cəm olaraq təxminən indiki puldan 14-15 manat etmişdisə, sonradan təqaüdümüz ciddi şəkildə artmışdı. Amma elə deyəsən 10 ildir ki, o artandır. 🙂 İndi universitetdə oxuyan gənclər 90-cı illərin ortalarında yenicə dünyaya gəlmişdilər və onların məktəb illəri ailələrinin azdan-çoxdan imkanlı vaxtına düşdü. İndidə qəfil bu böhran. Manatın kursu düşdü, yüksək inflyasiya, artan tələbatları azalda bilməmək qorxusu, aqressivliyin artması… Bu siyahını artıra bilərik. Artırmaqla yanaşı özümüzü daha da çox depressiyaya sala bilərik. Amma fikrimcə bir neçə dəqiqə vaxt edib aşağıda məsələlərə fikir verəcək tələbələr uduzmazlar:

Xərclərinizə nəzarət edin

Bəli, birinci məsləhət çox sadədir, amma elə ən əsasıdır. Yazılarımın birində 10 il qabaq tələbələrin daha az xərcləri olması barəsində bildirmişdim. İndi tələbələr ya özlərinin gəlirləri, ya da ailəsinin dəstəyi ilə bahalı telefona, kompüterə sahibdirlər. Sağlıqlarına qismət! Bütün bunlar dünyaya bağlanmaq üçün vacibdir. Amma gərək indiki vəziyyətdə xərclərinizə nəzarət edə biləsiniz. İldə bir telefon dəyişməyə ehtiyac yoxdur. Evdən biraz tez çıxıb hava şəraiti, xüsusən də  ‘yolların palçıqlılıq şkalası’ imkan verirsə universitetə olan yolun bir hissəsini piyada gedə bilərsiniz. Bu həm faydalıdır, həm də düşünməyə daha çox vaxtınız olacaq. Siqareti də atmağa da kömək edə bilər. Kredit kartları ilə geyimə-keçimə xərclədiyiniz pulları isə ayda özünüzə 3-4 kitab alıb, həmçinin sadəcə almaqla kifayətlənməyib oxumaqla da daha faydalı iş görmüş olarsınız. Sizin təhsil haqqınız və ya başqa vacib xərcləriniz üçün onsuzda valideynləriniz çətinliklə qazandıqları pullardan sizə olan ayırmaları azaltması ehtimal olunur. Özünüz buna hazır olun və kofeni Gloria-da deyil, evinizdə ailənizin əhatəsində için.

Vaxt həmişə qızıl olub, indi onun da qiyməti qalxır

Böhran oldu olmadı bunu unutmayın ki, vaxt hər il daha da öz dəyərini itirir. Xüsusən də siz onun dəyərli olması üçün çox az çalışırsınızsa. Əslində pul nə qədər vacib element kimi görünsə də, çoxlarımız ondan da vacib olan vaxtı düz dəyərləndirə bilmirik. Gün ərzində bizim üçün prioritet, vacib olan məsələlərə əslində çox az vaxt ayırırıq. Xüsusən də məqsədyönlü deyiliksə onda vaxt necə gəlir necə keçir bilmirik. Məktəbdə oxuyanda Çempionlar Liqasının play-off mərhələsində cavab oyunlarını gözləyəndə 2 və ya 3 həftənin çox sürətli keçməsini istəyirdim. Bir dəfə başa düşdüm ki, sevimli komandam hansısa kuboku qazansa belə bu mənim həyatımı dəyişməyəcək. Bu sadəcə mənə məmnunluq, sinif yoldaşlarımın yanında qürurlanmağım üçün bir səbəb olacaq. Bu cür yanaşma tərzilə həyatımda tam da olmasa gördüyüm işlərin böyük hissəsinin vaxt baxımından dəyərli olmasına nail ola bildim. Vaxtın idarə edilməsi ilə bağlı oxuduğum materiallarda oxşarlıqlar çoxdur. Xüsusən də ‘daha vacib məsələləri önə çəkməyə’ tez-tez rast gəlmək olur. Amma bir məqam yadıma düşdü ki, onu sizinlə paylaşmaq istəyirəm. Bu məqam o idi ki, yazı müəllifi evə çatarkən və ya səhər oyanarkən televizoru açıb xəbərlərə baxmamağı tövsiyə edirdi. Həqiqətən bir qədər dərinə gedəndə gündə bir neçə saatımızın bəzən bizə heç bir fayda verməyəcək, ən əsası bilməyimizlə bizi heç bir fəaliyyətə çağırmayan xəbərlərə getdiyini görə bilərik. Bu o demək deyil, başqa proqramlara baxmaq tövsiyyə olunurdu, sadəcə yazar misalı xəbərlər üzərində daha təsirli edə bilmişdi. 🙂 Bu misalı sosial mediaya da aid etmək olar. Növbəti bəndə bu barədə daha ətraflı.

Sosial mediadan bir qədər, lap elə çox uzaqlaşmaq

Mən çox səmimi məsləhət görürəm ki, indiki dövrdə xüsusən də böhrandan çox danışılan vaxtda sosial mediada çox az vaxt keçirəsiniz. Bəli, cəmiyyətdə baş verən hadisələrdən, ətrafınızdakı insanların həyatından xəbərdar olmaq pis deyil. Lazım gələndə hansısa məsələyə münasibət də bildirmək lazımdır. Elə sosial medianın vasitəsilə də bu yazını oxumaq imkanı əldə etmisiniz. Amma maksimum çalışın gündə sosial mediada 2 saatdan çox vaxt keçirməyəsiniz. 40 yaşına çatmış insanın, hətta 30 yaşına çatmış və özünə azdan-çoxdan şərait yaratmış bir şəxsin sosial mediadakı aktivliyi ilə özünüzü müqayisə etməyin. Xüsusən də hər bir yazıya, fotoya şərh bildirməklə elə bir qeyri-adi iş görmürsünüz. Yüzlərlə insan aylarla Facebook da olmur və çoxu da geri dönərkən bəyan edir ki, burada heç nə dəyişməyib. Eyni ilə vaxtın idarə edilməsi ilə bağlı yuxarıdakı fikirlərimdəki kimi. Odur ki, neqativ fikirlərdən, medianın qıcıqlandırıcı təbliğatından bir gənc kimi özünüzü qorumaq üçün bura yolunuzu az salın. Hərdən hətta dostlarla görüşəndə və ya axşam idmana gedəndə telefonu evdə qoyub gedin.

Əmək bazarında yeni imkanlar mütləq olacaq

Baxmayaraq ki, iqtisadçılar, mütəxəssislərin iş yerlərinin azalması ilə bağlı neqativ fikirləri var, bu sizi qətiyyən öz gələcək karyeranız ilə bağlı ruhdan salmamalıdır. Həqiqətən də sizin əmək bazarına daxil olacağınız yaxın 2-3 il ərzində vəziyyətin dəqiq necə olacağını proqnozlaşdırmaq çətindir. Amma bir proqnozu dəqiqliklə vermək olar ki, əmək bazarı, şirkətlər daha çox bacarıqlara sahib, savadlı tələbələrə çox üstünlük verəcək. İndi şirkətlərdə çalışan 30-45 yaşında olanlara nisbətən tədris aldığı illəri faydalı keçirən və oxuduğu sahəni dərindən öyrənən şəxslər gələcək üçün daha avatanjlıdırlar. Orta bizneslər gəlirlərinin azalacağı fonunda daha çox əməkhaqqına tələbatı olan şəxslərin əvəzinə daha enerjili, karyera yönümlü məzunlara üstünlük verə bilərlər. Sadəcə öz ixtisasınızı və ya çalışmaq istədiyiniz sahəni çalışın dərindən öyrənəsiniz. Əgər düşünürsünüz ki, təhsil aldığınız ixtisas üzrə sizə Azərbaycanda imkanlar azdır, xaricdə imkanlar axtarın. İxtisas-bilik-bacarıq-karyera kombinasiyasına daha real və obyektiv baxın. Öz ixtisasınıza vurulub özününüzü aldatmayın. Əmək bazarında olan şəxslərdən ixtisasın perspektivi ilə bağlı öyrənməyə çalışın və lazımdırsa qoy universitetdə ixtisasınız lap diplom xətrinə qalsın, amma özününüzü görmək istədiyiniz sahə, məsələn Maliyyə, Mühəndislik, Marketinq, Dizayn, Mühasibatlıq, İnsan Resursları, Əyləncə, Media olsun elə şou-biznes üzrə proqramlaşdırın.

Pozitiv olun dünyanın axırı deyil

Həqiqətən də, həyat öz axarı ilə gedir. Bir tələbə kimi sizin 100 nəfərlik bir şirkətdə maaşları vermək, 30 % artan ofisin kirayə pulunu ödəmək və s. ciddi biznes öhdəlikləriniz yoxdursa, dollar ilə ipotekaya ev götürməmisinzə, xaricdən dollar ilə Azərbaycana mal gətirib onu manatla satmırsınızsa və sizin əgər əsas işiniz indi daha çox oxuyub yaxşı karyera qurmaqdırsa bunu ancaq pozitiv əhval-ruhiyyə ilə edə biləcəksiniz. Deyə bilərsiniz ki, işçilərinin maaşını verə bilməyən və ya işçi olub maaşının gecikdiriləcəyindən narahat olan mənim atam, anamdır və bu böhran da bilavasitə mənə təsir edir. Bütün bu məsələləri başa düşürəm. Amma inanın ki, gənc olaraq depressiv həyat yaşayan şəxslər orta yaşlı depressiv həyat yaşayanlara nisbətən daha az uğur əldə edə bilirlər. Çünki elə işlər var ki, onları məhz tələbəlik illərində etmək daha düzgündür. Həm də bu dövr də, böhran da, tələbəlik illəri də uzun çəkməyəcək.

Ümumilikdə, bütün dövrlərdə böhrana fürsət kimi baxanlar həmişə qabağa düşüb. Dediyimiz kimi hadisələrə pozitiv yanaşmaq, vaxtı səmərəli və düzgün istifadə etmək sizləri Azərbaycan biznesinin gələcəyi edəcək. Ən əsası siz həm də ona görə Azərbaycanın gələcəyi olacaqsınız ki, sizin indi yaşı 30-dan yuxarı olanlara nisbətən Azərbaycanın real biznesinin böhran vəziyyəti və ondan çıxmaq yolları ilə bağlı oxuya biləcəyiniz çoxlu keyslər olacaq.

Alət çubuğuna keç