Mən və 4 noyabr

Yəqin fikir verdinizsə, 4 noyabr ilə bağlı geridə qalan müddət ərzində heç nə yazmadım. Tədbirə qeydiyyatdan da keçməmişdim deyə dəvətnamə də gözləmirdim. Təşkilatçıların da bir qismi, MaşAllah xeyirdə-şərdə görüşdüyümüz dost-tanış idi. Əvvəlcə onları belə rezonansa görə təbrik edirəm. Hər bir bu cür işi daima dəstəkləyirəm. Bəs nədən dünənə qədər bunu etmirdim?  Çünki söhbəti gec tutdum və saytda ‘bu tədbirdə kitab satılmır’ cümləsi mənə xoş gəlmədi. Mən AIR tədbirlərinə söz atmaq kimi qəbul etdim və bunu da etik saymıram. Halbuki, sizin də, onların da gördüyü iş Azərbaycan üçün vacibdir.

Bəs yaxşı hədiyyə məsələsi niyə belə əks-səda doğurdu? Mən orada olmamışam, amma dostlar, igidlər gələcəkdə bu 2-3 məsələni mütləq nəzərə alın:

1) Şəxsən mən elə bilirdim ki, 4 noyabr hədiyyə söz verən insanlar özləri öz hədiyyələrinə təsadüfi bir qalibi seçəcək. Bütün hədiyyələri sonda 1 nəfər qazanacaq məsələsini tədbirdən sonra bildim. Görün mənim kimi neçə nəfər bunu belə bilə bilər.

2) Seçimi siz özünüz bir neçə nominasiya üzrə apara bilərdiniz. Təbii ki, aralarında zalda olmayanlar olacaqdı və insanlar şəffaflığa inanacaqdı.

3) Seçim metodologiyası öncədən paylaşıla bilinərdi. Variant çoxdur. Səhv etmirəmsə, daha çox yazan daha çox şans qazanırdı. Necə kommunikasiya etdiz, seçim prosesi necə olacaq?

4) Mən bu il mayda və iyunda Visa şirkətinin 2 lotoreyasında iştirak edirdim. 50-dən artıq kassa çeki qeydiyyatdan keçirmişdim. Lotoreyanın birincə Paşa Qəlbinurun oğlu qalib gəldi. Əziyyətimə heyfim gəldi. Kütlə VIP, tanışlıq məsələrini sevmir. Bunu bilirik, siz də bilirsiz. Amma özümü daxilən inandırdım ki, Visa bunu etməz. Siz də kütləyə bu etibarı təbliğ edin. Öz məhsullarınızla, brendlərinizlə. Bu günün sabahı da var.

5) Biz marketoloqlar kütləni tez yoldan çıxarırıq. Əgər məqsəd bu həş təq ilə böyük kütlə qazanmaq idisə elə açıqca elan edilərdi ki, qalib MARKETOLOQ olmayacaq.

Təbii ki, məqsəd gözəl tədbir keçirtmək idi. Bu da sizdə alındı. Amma marketinqin PR tərəfini lütfən unutmayın. Narazı şəxslər varsa, aqressiya ilə deyil, acıq verməklə yox, çox böyük ürəklə, səmimiyyətlə onlarla davranın.

İnternetdə məşhur adamsan, gəl bir dənə loqomuzun qabağında şəklini çəkək

2016-cı ildə iqtisadi aktivliyin aşağı düşməsi sosial medianın aktivliyi üçün əməllicə düşərli oldu. Kütləvi işsiz olanlar, işdə olub işləməyənlər, lap elə gün ərzində zəhmət çəkib tər tökən insanlar belə gün ərzində bir neçə saatlarını sosial mediada keçirdiklərindən bu prosesə öz töhvələrini vermiş oldular. Kütlənin hədəfə alınması asan olan bir platformada belə kütləviləşmə heç şübhəsiz ki, marketloqların daha çox işinə yaradı. Bir neçə sosial media idarəetməsini həyata keçirən şirkət yarandı. İzləyicilərin brendlərin sosial media idarəetməsindən gözləntiləri artdı. Bu il göstərdi ki, sadəcə Facebook-da səhifə açıb idarə etməklə səs-küy salmaq olmur. Sosial medianın artıq öz qəhramanları və ulduzlar var, hansılarını ki, çoxunu biz ilk olaraq elə sosial mediadan tanımağa başladıq. Bu il onların bir çoxu artıq məqsədli şəkildə ətraflarına kütlə yığıb, bundan pul çıxartmağa başladılar.

Məsələn, götürək Hüseyn Əzizoğlunu, Taleh Yüzbəyovu, Banu Murad, Erkinli və Kənanlı İkibaşlını. Faktiki olaraq onları ölkəyə məşhurlaşdıran məhz sosial media oldu . Belə şəxslərin arasında uzunmüddətli TV-lərdən tanıdığımız insanlar da var. Muğənnilər, siyasətçilər, iqtisadçılar. Ancaq 1000-2000 layk yığmaqla sənin reklam daşıyıcı olmağına qarantiya yoxdur. Qəribov Azərin səhifəsinə baxsaz onun bunu neçə gözəl bacardığını görəcəksiniz. İnsanı sırf səyahətlərinə görə minlərlə insan izləyir. O da hara nə ilə, necə getdiyini oturub elə bədii təsvir edir ki, adam istəyir ona özü təyyarə bileti alıb versin ki, get, gəz, gör, yaz, bizdə oxuyaq.

Bəs, 2017-ci ildə bu proses neçə inkişaf edəcək? Əlbəttə ki, genişlənəcək. Bizdə bir neçə il öncə çox populyar olan Youtube-da yaxşı pul qazanmaq mümkün olmadığından indi pul qazanmağı real edən Instagram-da, Facebook-da yuxarıda da qeyd etdiyimiz şəxsləri görəndən sonra bir çox insan asan görünən yolla pul qazanmağa can atacaq. Amma biz bilirik ki, əslində sosial media üzərindən pul qazanmaq elə yeni bir şey deyil. Ancaq bu işə yenilikləri gətirmədən burada ‘milyoner’ olmaq biraz müşkül olacaq.

Gizli mesajlar – İstər video olsun, istər bloq yazısı, istər film. Ənənəvi məhsul yerləşdirilməsində gizli mesajlar və reklamlar həmişə effektiv olub. Nə qədər reklamı açıq edirsən bir o qədər kütlədə qıcıq yarada bilərsən. Əlbəttə məhsul və xidmətdən asılı olaraq bu qıcıq minimuma enə bilər. İstənilən halda bu cür reklam edənlərin gizli mesajları növbəti il daha effektiv olacaq.

Sosial məsuliyyət – Əgər sizi minlərlə insan izləyirsə və siz ağzınızda siqaret (bunun özü də reklam ola bilər) insanlara həyatı başa salırsınızsa və ya öz videonuzda suyu açıq qoyub dişlərinizi fırçalayayırsınızsa, ən azından öz təsir gücünə malik başqa insanlar tərəfindən də tənqid oluna bilərsiniz. Zarafat və ya reytinq qırmaq xatirinə edilən işlər bir müddət effektiv olsa da, özünə hörmət edən brend bu cür məsələlərdə diqqətli olacaq.

Konsept və tematik istiqamətlər – Biz daima şikayət edirdik ki, Azərbaycanda tematik media demək olar ki yox dərəcəsindədir. Müəyyən qədər idmana aid kanallar və internet saytları var idi. Digər sahələrdə də tək-tük tematik iş təqdim edən media var idi və olmaqdadır. Bir halda da ki, bunu sosial mediada etmək çox asandır və artıq bir çoxları edir, bu növbəti il daha aktual olacaq. Yeni gələn nəsil telefon və kompüter ilə böyüdüyündən onların sosial mediadan və internetdən tematika baxımından konkretlik gözləməkləri bizi təəccübləndirməsin. Belə konsept olanda uyğun reklamları da cəlb etmək asan olur. Bundan əlavə bu cür şəxslər gərək özləri də müştərinin reklamını necə və nə cür konseptə yerləşdirmək olar barəsində baş sındırıb cəlbedici təkliflər etsinlər.

Peşəkar şirkətlərin dəstəyi – Elə insanlar var ki, ümumiyyətcə sosial mediada bir xeyli insan tərəfindən izlənilsələr də bu prosesə nə başlayanda, nə də indi marketinq və reklam tərəfindən baxmayıblar. Düzdür, bu insanlar öz fikirlərini, ideyalarını təbliğ ediblər. Bunun özü də bir marketinqdir. Ancaq hansısa bir reklam aləti kimi öz profillərini və ya səhifələrini istifadə etmək ağıllarına gəlməyib. Belə insanlara, lap elə özləri sponsor, reklam verən cəlb edənlərə bu cür şəxslərlə işləyən peşəkar şirkətlər kömək edirlər. Onlar reklam verənlərin reklamlarını strategiya hazırlayaraq, bu şəxslərin təsirlərindən istifadə edib gizli və ya aşkar yayırlar. Düşünürəm ki, gələn il bu barədə də ölkəmizdə ciddi irəliləyişlər görəcəyik.

Dostlar, bu gün radioda bir dinləyici xalqımızı Instagram və Facebook-u öz təyinatına görə istifadə etmədiyinə görə belə desək qınayırdı. Ancaq bununla qəti razı deyiləm. Bəli, mənə də xoş gəlmir ki, LinkedIn-də kimsə sevgidən və ya yağışdan status yazır. Ancaq filan ölkə belədir, bizdə də belə olmalıdır marketinqdə işə yaramır. Fakt bu platformalar bizdə insanların fikrinə, hərəkətlərinə, fəaliyyətlərinə öz təsirini edir. Ona görə də burada yenilikçi olanlar və onu reallıqlarına görə düzgün istifadə edənlər daima bir addım öndə olacaqlar.

Alət çubuğuna keç