Şəxsi hekayələri danışmaq sizi digərlərindən necə fərqləndirir?

Bu günlərdə işdə Azərbaycanın qərb rayonlarında yaşayan gənclərin İngilis dilində Novruz bayramı haqqında yazdıqları bir neçə inşanı oxuyurdum. Bu şəxslər BP təşkilatının British Council ilə birgə icmalarda İngilis dili bacarıqlarını artırılması məqsədilə ilə keçirdikləri uzunmüddətli təlimin iştirakçılarıdırlar. Sözüm onda deyil. Başlıqdan da göründüyü kimi bu yazıda hekayə danışmaqdan vacib bildiyim bəzi fikirlərimi sizinlə paylaşacağam.

İstənilən bir təqdimatı, yazılan inşanı, esseni, müsahibədə bölüşülən təcrübəni gözəl tərtib edilmiş şəxsi hekayə ilə birgə təqdim etdikdə sizə uğurlu nəticəyə çox yaxınlaşırsınız. Hələ mən dostlarla, yeni tanış olduğunuz şəxslərlə ünsiyyətdə öz hekayənizi bölüşməyi demirəm. İstənilən halda bizlərin çoxlu hekayələrimiz var ki, onları yerində istifadə etdikdə söhbətimizi daha maraqlı etmiş oluruq.

Təsəvvür edin ki, bütün inşaları oxuyursan və orada hamı Novruzun simvollarından, 4 çərşənbədən, Zərdüştlükdən danışır. Qəfil yazanların arasından 2-3 nəfər çıxır ki, onlar çox fərqlənir. Necə? Yazırlar ki, bəli bu bayram gözəldir, çərşənbələri var. Amma bu bayramın mənim üçün çox özəl məqamları var. Belə ki, bir dəfə mənim 5 yaşım olanda bayram günü bu baş vermişdi. İllər keçdi və mən bir dəfə tonqalın yanında dayananda, o məqamı xatırladım. Ancaq bunu həmin an yanımda olan şəxs ilə bölüşə bilmədim. Hələ digər biri Novruza hazırlıqdan yazarkən öz nənə və babasını yad edir və təəssüf edir ki, indi babasının səhhəti onlar üçün əvvəllər olduğu kimi saz ifa etməyə imkan vermir. Bu inşalar çox şəxsi olduqlarından mən onların detallarını sizlərlə təəssüf ki, bölüşə bilmirəm. Həm də yazılar bu məqsədlə də yazılmayıblar. Sadəcə bəzi məqamları toxunuram ki, nə demək istədiyim daha aydın olsun.

Şəxsi hekayələrin dediyimiz kimi yerində işlənilməsi çox vacibdir. Həm də danışılan bu hekayə sadəcə mövzuya aid olmağı ilə yekunlaşmamalıdır. O həm də hansısa bir pozitiv mesajı paylaşmalıdır. Neqativ nəticə də ola bilər. Tutaq ki, siz konfransda çıxış edirsiniz və insanlara yeni iş yerində davranışdan danışırsınız və ilk iş yerində başınıza gələn maraqlı məqamları bölüşüb bunu danışdığınız mövzuya uyğunlaşdırırsınız. Yaxud da, siz internetdən səmərəli istifadə etməklə bağlı seminar keçirsiniz və 3 yaşınızda oğlunuzun əlində telefon olan fotosunu slaydların birində qoyub, onun internet və telefon asılılığından və sizin bunu necə idarə etməyə çalışdığınızdan bəhs edirsiniz. İnsanlar şəxsi hekayələri çox sevirlər. Xüsusən də bir insan artıq ulduzlaşıbsa, onun şəxsi həyatı haqqında çox məqamları öyrənmək istəyirlər.

Digər  bir məqam inşa yazanların bəzilərinin bizim standart mətn kimi qəbul etdiyimiz inşalarda maraqlı foto və şəkillərdən istifadəsi idi. Düzdür, burada şəxsi fotolar deyildi. Amma çox yaxşı haldır ki, gənclərimiz işə belə yaradıcı yanaşırlar. Demək artıqdır ki, indiki dövrdə vizual məlumatlar, foto və videolar daha çox diqqət cəlb edirlər. Uzun mətnlərə elə çox fikir vermirlər. Bu həm də məlumatı daha yadda saxlayır.

Dostlar, həyatı elə yaşayın ki, danışmağa çoxlu hekayələriniz olsun. Onsuzda biz istəməsək də, həyatımızda neqativ məqamlar da olur. Əsas odur ki, bu hekayələrdən çıxardığımız nəticələri yeri düşəndə digərləri ilə bölüşək və ünsiyyətimizi, təqdimatımızı, yazılarımızı faydalı edək.

PS Şəxsi hekayələrdən söhbət düşmüşkən, bu postda istifadə edilən fotonun 10 yaşı var. Mən əslində heç vaxtı gözümün zəif görməsinə görə eynək taxmamışam. Amma arada dostların eynəklərini alıb taxardım. Hətta bir dəfə universitetdə zaçot vaxtı müəllimin gözündə ‘ağıllı uşaq’ kimi görünmək üçün uşaqların birinin eynəyini alıb taxmışdım.

Böhran dövründə işçilərin motivasiyasını qaldırmaqla bağlı 5 tövsiyyə

Bildiyiniz kimi hazırda Azərbaycan böhranın içindən keçir. Hələ bilinmir nə vaxt keçib qurtacağıq. 3-4 il öncə bir çox insanlar böyük şirkətlərdə, lap elə balaca şirkətlərdə özləri üçün karyera planları qururdular ki, manatın dəyərdən düşməsi əməllicə şirkətləri silkələdi. Bundan da əlbəttə ki, ən çox əziyyət çəkən işçilər olur. Hətta iş yerlərini saxlasalar belə, bir çoxlarında əmək haqqı kəskin aşağı düşdü. Ancaq motivasiya əlbəttə ki, sadəcə əməkhaqqı ilə bağlı deyil. Bu yazımız da əməkhaqqı daxil olmadan 5 digər tövsiyyəni özündə birləşdirir.

  1. Ünsiyyəti artırın – Bizdə həm sadə, həm də özündən razı rəhbərlər haqqında tez-tez eşidirik. Ünsiyyət sadə rəhbərin gəlib işçilərlə sadəcə əl ilə görüşməsi deyil. Rəhbər böhran vaxtlarında maksimum işçilərin yanında olmalıdır. Bu da çox sadə səslənir. Eləmi? Amma həqiqətən mənim fikrimcə böhranda rəhbərin və menecerin ən böyük vəzifəsi həm də işçilərin şəxsi problemləri ilə səmimi olaraq yaxından maraqlanmasıdır. Eyni zamanda şirkətin yaxın 1 və ya 3 illik perspektivini ara-sıra əməkdaşlarla bölüşməsi də vacibdir. Düzdür, daxili PR baxımından bəzən bir sıra məlumatların bəzi aşağı pilləli əməkdaşlardan müəyyən müddət gizli saxlanılması daha məqsədəuyğundur. Ancaq unutmayaq ki, böhranda daxili ünsiyyət olduqca vacibdir.
  2. Performansın qiymətləndirilməsi ilə bağlı ədalətli sistem qurun – Artıq bir çox şirkətlərimiz işçilərin performansını ölçməyə başlayıblar. Qabaqcadan əsas qiymətləndirmə göstəricilərini müəyyənləşdirmə o qədər çətin olur ki, ilin və ya layihənin sonunda qiymətlədirmədə boşluqlar ortaya çıxır. Motivasiyaya ən pis təsir amillərdən biri də məhz ədalətsiz qiymətləndirmədir. Şirkətinizdə sənayenizdən xəbəri olan bacarıqlı bir HR ilə bu işi düzgün qursaz bilin ki, hər mənada bir addım öndə olacaqsınız. Böhranda planlar alt-üst ola bilər. Satış rəqəmləri planla heç cürə üst-üstə düşməyə bilər. Ona görə də qiymətləndirmə göstəricələrini sadəcə rəqəmlərə bağlamamaq lazımdır.
  3. Maksimum sərbəst qrafikə doğru irəliləyin – Evdən işləmək, işə gec gəlib, gec çıxmaq, həftənin 4 günü çox işləyib 5-ci günü evdə olmaq və s. imkanların tətbiqini araşdırmağa başlayın. Bəli, indi böhrandır. Deyirik ki, çox işləmək lazımdır. İşçi lazım olsa 6-cı günü də işləməlidir. Ancaq indidən bu sistemə doğru gedin. Məsələ orasındadır ki, təzə gələn nəsilin nümayəndələrinin işləməklə çox arası olmayacaq. Bunu artıq mən neçə ildir ki, görürəm. Həm də Azərbaycanda bunu çox az şirkət tətbiq edir. Ona görə də siz fərqli iş yeri kimi fərqli insanların, daha dəqiq desək yaradıcı və innovativ insanların axtardığı iş yeri olacaqsınız. Həm də əsas odur ki, düzgün plan və hədəfləriniz olsun. Bunun düzgün daxili ünsiyyətini aparın və inanın ki, işçi iş yerində günə 5-6 saat olsa belə, fürsət düşdükcə bu ali hədəflər haqqında düşünücək. Mən şəxsən ara-sıra duşda British Council-dakı işlərimlə bağlı düşünürəm və ağlıma heç də pis ideyalar gəlmir.
  4. Tibbi sığortanı mütləq olaraq sosial paketinizə daxil edin – Sığorta faktiki olaraq işçiyə çəkdiyiniz xərcdə 13-cü maaşıdır. Sığorta xidmətləri elə çox fantastik baha olmur. Əgər işçilər üçün orta aylıq əməkhaqqı 800-1000 manat arasıdırsa və şirkətinizdə 50 işçi çalışırsa, adambaşı 500 manata minimal sığorta paketi əldə etmək mümkündür ki, bu da ilə 25 000 AZN edir. Unutmuşdum, axı böhrandır. Ancaq işəgötürənlər əməkhaqlarını azaldanda, evdə 2 nəfərdən biri işsiz qalanda stressdən müxtəlif xəstəliklər insanın bədəninə hücum edir. Nəticədə üz tutursan bizim bahalı klinikalara və az qala maaşının yarısını adı müayinəyə xərcləyirsən. Ancaq bunu işə götürən kimi təşkil edəndə sizin işçilər bu imkandan istifadə edir və bir balaca xəstəlik olanda onun qayğısını yaşamır və işdə işə daha çox fokuslanır.
  5. Təlimatlandırın  – Təcrübəsindən və yaşından asılı olmayaraq təlimatlandırma böhran vaxtı çox effektiv olur. Düzdür şirkətiniz yenə də bu proseslərə vaxt tapa bilmir. Çox işləmək lazımdır. Bir gün də fasilə vermək olmaz. Ancaq insan həyatda hansısa uğursuzluğa düşəndə oturub ondan çıxmaqla bağlı rahat düşünmürsə, özünü daha da dərin bataqlığa salır. İnnovasiya və yeniliklərlə bağlı, eləcə də işçilərin motivasiyası ilə bağlı 2-3 aya 1 təlim təşkil  etmək elə böyük büdcə aparmır. Xüsusən də indi ölkəmizdə təlimçilər doludur. Bunu daxili təlimçilər vasitəsilə ilə də edə bilərsiniz. İşçi sadəcə bir təlimdən sonra qaçıb gedəcəksə, qoy getsin. Ancaq bir çox əməkdaşlar mütləq sizinlə qalacaq, əgər siz onlarla qalıb işləmək istəyirsinizsə. İndi böhrandır deyə, xaricə təlimlərə göndərməkdən danışmıram 🙂

Fikir verdinizsə mən əməkhaqqından danışmadım. Həqiqətən, sadəcə pul ilə motivasiyanı qaldırıb uzunmüddət saxlamaq mümkün deyil. Yəqin ki, mənlə razı olarsınız ki, ən vacib resurslar öz əməkdaşlarınızdır. Ona görə də böhranda onlara çox vaxt ayırın. Sizi böhrandan həm də o komanda çıxardacaq. Həttə kimlərisə itirsəniz belə, kimlərəsə özünüz sağol desəniz belə sizinlə bu yolu axıraqədər gedən insanlar mütləq olacaq.

 

Paşa Sığortanın məsuliyyətli sürücü keysi haqqında

Bu günlərdə Paşa Sığorta şirkəti Gənclik Mall-da kasko sığortası almaq istəyənlər üçün yol hərəkəti qaydaları ilə bağlı test keçirir və suallara daha çox sayda düzgün cavab verənlər müvafiq olaraq sığorta haqqına endirim qazana bilirlər. Mən də bu testdə iştirak etdim və bu videoda bu keysin maraqlı məqamlarına toxunuram:

Yeni il gəlir! Korporativ hədiyyəniz yenədəmi fincandır?

1390

2016-cı ilin son günlərini yaşamaqdayıq və artıq geridə qoyduğumuz həftədən başlayaraq şirkətlər və təşkilatlar öz partnyorlarına, müştərilərinə, dostlarına Yeni İl hədiyyələrini göndərməyə başlayıblar. Elə bu gün bir məqalə oxuyurdum ki, PR sahəsində çalışanlar üçün uyğun olan hədiyyələr hansılardır, onları sıralamışdılar. Düşündüm ki, şirkətin PR-ı, imici və kommunikasiyası baxımından vacib olan bu məsələ haqqında bir neçə fikrimi sizlərlə paylaşım.

Hansı hədiyyələr daha məqsədəuyğundur?

Şam ağacı şarları? Sözün açığı bunu şirkətə göndərmək pis deyil. Amma şirkətdəki fərdi şəxslərə göndərirsinizsə, məncə yaxşı ideya deyil.

Şirniyyat? Adətən yeni ildə biz işə 3-4 şirkətdən tort hədiyyəsi alırıq. Novruz bayramında hətta çərəz səbəti göndərənlər də var. Bu da korporativ üçün yaxşı hədiyyədir. Amma ayın 30-u göndərsəz və şirkət balaca olsa onu yeyə bilən az adam tapılacaq.

Fincan? Bu ən asan yollardandır. Amma mənim heç xoşuma gəlmir də bu fincan. Xüsusən də əgər siz ardıcıl  olaraq 2-3 il eyni adamlara fincan göndərərsinizsə. Həm də adətən bu fincanlar çox da keyfiyyətli materialdan olmur.

Aksessuar? Brendləşmiş və lazımi olan aksessuar fərdi şəxslərə çox gözəl hədiyyədir. Yeni İl hədiyyəsi olmasa da Azərbaycan Gənclər Fondundan olan fləş kartı artıq 5 ilə yaxındır istifadə edirəm. Açarlıq, iş masası üçün gözəl süvenir fərdi hədiyyələr üçün çox uğurludur.

Alışqan, vizitka qabı, parker qələmi və ya xüsusi dəyərli hədiyyələr? Əlbəttə ki, bunlar adətən çox fərdiləşmiş hədiyyələr olurlar. Xüsusən də alışqan. Biz bu yazıda daha çox ümumi korporativ hədiyyələrdən danışırıq və vizitka qapı müəyyən qədər buna uyğun gəlir. Ancaq indi aktual bir hədiyyə deyil. Xüsusən də əgər brendləşmiş, yəni sizin loqo ilə olan vizitka qabıdırsa, yüksək pilləli menecerin onun içində öz vizitkalarını gəzdirməsi real görünmür.

Şokolad, spirtli içki? Belçika şokoladı ilə bahalı konyak da çox fərdiləşmiş qaydada göndərilən hədiyyələrdəndir. Ancaq şampan içkisini korporativ hədiyyə kimi göndərən şirkətlər var. Azərbaycan üçün bu geniş yayılan hədiyyə tipi deyil.

Kalendar, bloknot? Üstündə bir qələm də ola bilər. Bu da ən çox yayılmış hədiyyələrdəndir. Ancaq siz bunu kifayət qədər vəzifəli şəxsə göndərərsinizsə inanmaq çətindir ki, o üzərində sizin loqo olan bloknotu özü ilə görüşlərə aparacaq. Kalendarı ən yaxşı halda iş masasına qoyacaq. Bunun üçün isə çox yaxşı konseptli bir kalendar hazırlamağınız yerinə düşərdi.  İdeyaları artıq özünüz fikirləşin. Hər ayda bankın bir filialının şəkli olan kalendarı şəxsən mən masamın üzərinə qoymaram.

Kitab? Biznes sahəsində olanlar üçün kitab pis hədiyyə deyil. Ancaq kiməsə ‘Yaxşı necə menecer olmaq olar?’ adlı kitabı hədiyyə edirsinizsə, bu aydındır ki, yaxşı qarşılanmayacaq. Hansısa yeni çox tövsiyyə olunan kitabı göndərmək yaxşı olar.

Güzəşt? Sizi yeni il münasibətilə təbrik edir və öz xidmətlərimizə və mallarımıza növbəti il üçün sizə eksklüziv 20 % güzəşt kuponunu təqdim edirik olan bir kart qıcıq yarada bilər. Hələ siz hansısa kampaniyanız ilə bağlı məlumat göndərib üstündə ta yeni il ərəfəsidir, bu arada bayramınız da mübarək yazırsınızsa, sizə mənim daha sözüm yoxdur.

Korporativ tədbirə dəvət? Bunu adətən otellərlər və ya üzvlük əsasında işləyən təşkilatlar edir. İlin yekunları üçün yaxşı bir formatdır. Həm netvorkinq imkanları yaradır, həm də korporativ tədbir keçirməyən şirkətlərin əməkdaşları üçün yaxşı əyləncədir.

Sadəcə kart göndərmək düzgündürmü? 

Etik olaraq hədiyyənin və diqqətin dəyərini ölçmək düzgün deyil. Xüsusən də korporativ mühitdə. Ona görə də sadə kartla belə təbrik etmək özü gözəl addımdır. Həm də ümumi götürəndə düzgün addımdır. Çünki şirkətlər qarşı tərəfdən bahalı hədiyyə gələndə özünü gözü kölgəli hiss edə bilər. Məsələn, biz işdə müəyyən dəyərdən artıq hədiyyələri qəbul etmirik. Həmçinin fərdi işçilərə gələn hədiyyələr belə ortaya qoyulur və sonradan onlar püşk ilə oynalınır. Yadımdadır, Azercell bir neçə il öncə çox sadə hədiyyələr göndərib, kartda da yazmışdı ki, bahalı hədiyyələr üçün pulu uşaq evlərinə xeyriyyəyə sərf etdik. Standard Sığorta isə ötən il səhv etmirəmsə təbii ağac göndərmişdi ki, onu bayramdan sonra şirkətlər əksinlər. Yəni çox aktual sosial mesaj.

Bəlkə elə e-mail ilə yazım?

Yerli şirkətlərə e-mail yazıb quru təbrik etmək və bunu da 30 dekabr axşam 5-ə saxlamaq uğursuz fikirdir. Ola bilər gözəl bir video təbrik hazırlamısız, bax onu paylaşmaq pis olmaz. Amma e-mail ilə xarici partnyorları təbrik etmək daha yaxşıdır. Yerli dostlarınız üçün isə aşağı  büdcə ilə kartlar göndərmək daha diqqətli olduğunuzu göstərəcək. Yuxarıda da yazdığım kimi hansısa bir kampaniyanız haqqında olan e-mailə təbriki yazıb atmaq da bir şey deyil. Bunu şəxsən mən məsləhət görməzdim. Bu daha çox B2C, yəni müştərilər ilə ünsiyyətdə çox effektiv ola bilər.

Böhrandır, qalsın gələn ilə

Gözlənilir ki, bu il korporativ hədiyyələrin sayı azalacaq. Aydındır ki, bəzi şirkətlər bağlanıb, çox xərclərə qənaət edir. Ancaq müştəri və partnyor ilə əlaqələrin təşkilində bir neçə yüz manatdan keçmək mütləqdir. Xüsusən də belə məqamlarda. Diqqət sizi də diqqətdə saxlayır. Bu həm də axı dəb və korporativ bir ünsiyyət qaydasıdır.

Siyahını çox uzatmaq olar. Bu prosesə onsuzda bəzi şirkətlər sentyabrdan, oktyabrdan başlayır. İndi brendləşmiş hansısa bir hədiyyəni hazırlamaq üçün onsuzda çox gecdir. Ancaq elə hədiyyələr var ki, onları hələ yaxın 2 həftə ərzində təqdim etməyə imkanınız var. Hamınıza bol-bol təbrik və hədiyyələr arzusu ilə 🙂

Alət çubuğuna keç