Onun sığortası mənə extra large

Sizdə bilmirəm, ancaq məndə avtomobilin parkinq xərcləri benzin xərclərindən daha çox olur. Üst-üstə az qala ilə 1200 manatdan artıq xərc edir. Bəzən hansısa küçənin tinində evakuator xofu ilə deyil, əzərlər, cızarlar, sındırarlar fikri ilə saxlamayıb daha çox ödənişi olan parkinqə üz tuturam. Təbii ki, bu gündəlik xərc olduğundan adama böyük görünmür. Amma bizə deyəndə ki, get 500-600 manat ver maşınını elə yuxarıda da dediyim məsələlər daxil olmaqla qəza hallarından sığortala, çoxumuz buna getmirik. Bir çox insan deyir hadisədir olanda-olacaq, bəziləri özlərindən çox əmin olduqlarını deyir, təbii ki, çoxluq da bunun olduqca baha olduğunu düşünürlər. Təbii ki, hərənin öz həqiqəti var. Xüsusən də devalivasiyadan qabaq 25000 manata maşın alıb, birtəhər kreditini aybaay ödəyən insan, o maşınını indiki dəyəri ilə 40 000 manatlıq sığortalamaq üçün 1200-1300 manat gərək hər il pul xərcləyə ki, bu da real görünmür.

Amma qəzalar olur. Xırdalı-böyüklü hər gün 10-larla qəza olur. 10 nəfərdən 3-nün yol mədəniyyətinə əməl etdiyi bir mühitdə gəl olmasın. Əsas salamatlıqdır deyib, qarşı tərəfin günahı varsa ümidi onun icbari sığortasına bağlayırıq. Yox, səhv özümüzdədirsə və icbarimiz varsa, onu yola salıb fikirləşirik 3-4 min haradan tapıb maşını ortaya çıxarım. Özü də çox maraqlıdır. Baxmayaraq ki, Azərbaycanda avtomobilin könüllü kasko sığortası az yayılıb, qəza olanda verilən ilk ‘kasko var idi?’ sualı olur. Kreditlə avtomobil satılan vaxtı bu cür sığorta pis satılmırdı. Ancaq müşahidələr göstərir ki, bu sığortaya maraq azalmaqdadır.

Görünür bu azalmağı fürsət kimi görənlər olubdur. Yoxsa ortaya Kasko Butik brendi çıxmazdı. Heyif ki, ötən ay onların təqdimat tədbirində iştirak edə bilmədim. Səfərdə olsam da tədbirdə nə baş verdiyini ucundan-qulağından eşidə bildim. Bu günlərdə saytlarını da incələdim. Bizneslər o zaman inkişaf edir ki, o insanların arzularını və istəklərini incələyir və ortaya müştərinin axtardığını qoya bilir. İndi siz yuxarıdakı ilk 2 abzası yenidən oxuyun və görün sizdə belə sual çıxırdımı, ‘Niyə ucuz kasko edən yoxdur görəsən’? Əlbəttə ki, bilən bilir. Azərbaycanda bir çox sığorta şirkətləri əslində maşının markasından asılı olaraq minimal qiymətə az məbləğli kasko sığorta xidmətləri təqdim edirlər. Bir dostumuz minimum qiymətə avtomobilini 2000 manat dəyərində sığorta etmişdi. Avtomobilin arxa şüşəsi qırılanda, bu da içidolu bir arxayınlıqla götürüb sığorta sənədlərinə baxıb ki, zəng vuraram həll edərlər. Ancaq sən demə bu minimum paketdə avtomobil şüşələrinin sığortası nəzərdə tutulmayıbdır. Belə deyək, minimum xərclər hələ minimum məmnunluq demək deyil. Eyni zamanda qəza halında insanların ən çox nədən əziyyət çədiklərini siyahılaşdırsaq, gecikən sığorta ödənişləri, mübahisəyə itən vaxt, uzanan və keyfiyyətsiz təmir, əlavə xərclər və s.. Tək qəza halı yox, ümumiyyətcə sığorta almamaq üçün etdiyimiz bəhanələri də yada salaq. Mən ilin yarısını xaricdə oluram deyə sığorta mənə sərf etmir,  500 manata görə get filan qədər sənəd yığ, gəl indi bunlarla araşdır ki, rulun arxasında kim idi və s.

Belə hekayələr çoxdur. Başa düşdüyüm qədər Kasko Butik elə yuxarıdakı tipli hekayələri bir-bir təhlil edib və faktiki indiyə qədər sığorta şirkətlərinin təqdim etdiyi xidmətləri onlarla birgə əməkdaşlıq sayəsində daha fərqli təqdim etməyə başlayıb. Verdikləri vəd və təqdim etdikləri qiymət adamda belə bəhanə qoymur. Amma ən vacibi bu deyil. Ən vacib məqam məhz onların ortaya çıxardığı statistik məlumatdır ki, o da deyir ki, 97 % halda qəza ilə bağlı ortaya çıxan təmir xərcləri 5000 manatı keçmir. Əgər Kasko Butik öz vebsaytında verdiyi vədə, qurduğu biznes modelə əməl etməyə davam etsə, onda insanlar mütləq başqa bahalı sığortaları özlərinə XXXL görəcəklər. Faktiki siz sığorta ilə bağlı əlavə xərclərinizlə 100 % yox, cəmi 3 % risk edirsiniz. Əgər son 5 il ərzində qəza yaşamamısınızsa və düşünürsünüz ki, səliqəli sürürsünüz, qaydalara əməl edirsiniz, siz M və L paketi ilə kifayətlənəcəksiniz. Əgər qəza etmiş hər 100 maşından 3-dənəsindən 1-i olmaq istəmirsinizsə, bir xahiş də mən sizdən edim ki, avtomobil idarə edərkən mobil telefondan maksimum az istifadə edin.

Belə. İkinci devalivasiyadan artıq 2 il vaxt keçir. Bütün bu müddət ərzində biz xərclərin optimallaşmasından danışmışıq. Şirkətlər məhz bunu görməlidirlər. Necə ki, Kasko Butik görübdür. Əgər siz kütləvi bazar çıxışı istəyirsinizsə, kütlənin nəyə gücü çatdığını gərək düzgün qiymətləndirəsiz. Kasko sığortanı indi kim alacaq deyib, bu xidməti ümumiyyətcə təqdim etməməkdənsə, bu cür yanaşma ilə bazarın davranışlarını dəyişmək mümkündür. Biznesdə kommunikasiya vacibdir, gərək insanların qorxularına işıq salasan. Çünki sən bunu etməsən, 100 % başqası edəcək. Ona görə də heç bir halda şikayətlənməyin, istər fərdi qaydada, istərsə də şirkət olaraq. Yeniliklərə açıq olun, onları da tətbiq edin ki, fürsət düşdükcə bizim kimi insanlar da sizlərdən danışsın, yazsın.

Facemark marketinq portalına verdiyim müsahibə

Bilirsiniz, mən vaxtın səmərəli idarəedilməsindən çox danışıram, yazıram. Deyim ki, bu şəxsən mənim üçün də ciddi problemdir. Təbii ki, buna səbəb həm də sosial şəbəkələrdir. Ancaq nə qədər təzadlı olsa da, bu o demək deyil ki, sabah sosial şəbəkələr olmasa, biz vaxtımızı dərhal səmərəli idarə edə biləcəyik. Məncə, bunun fəsadları çox böyük ola bilər. Bura komfortlu yerdir. Xüsusən də, burada mənim kimi öz brendini quran, bloqerliklə məşğul olan insanlar üçün. Yəqin ki, bəzi insanlar üçün çox az nə isə dəyişəcək. Məsələn, mənim tanıdığım şəxslər var ki, 2-3 il bundan öncə çox aktiv “Facebook” istifadəçiləri idi. İndi yenə qayıdıblar köhnə həyatlarına. Bəzən günlərlə aktivliklikləri olmur. Konkret vərdişlərə gəldikdə inanmıram ki, qəzet və kitab oxumaq kimi köhnə vərdişlər geri qayıdacaq. Güman ki, insanlar yeni texnoloji vərdişlərə yiyələnəcəklər.

Çoxu düşünür ki, “Instagram” səhifəm də 100 000 izləyici varsa, mən artıq brend oluram. Ancaq məşhurluqla brend olmaq arasında təbii ki, fərq çoxdur. Bizdə yaxşı bir məsəl var, “ala itdən məşhur olmaq”. Bizi hətta milyonlarla insan tanıya bilər, ancaq brendləşmək insanın həyat dəyərləri, məqsədləri, missiyası ilə bağlı məsələdir. Bu gün baxın istər ciddi, istərsə də qeyri-ciddi mövzuların şərhlərində nə qədər aqressiya var. Çünki kütləvi izləyicisi olan insanlar düşünmədən nə gəldi yazır, paylaşırlar. Tək bizdə yox, dünyanın hər yerində. Sosial media brendin sadəcə kommunikasiyası üçün bir platformadır. Bu gün əgər uğurlu biznesmen və ya menecer öz bildiyi və məsləhət gördüyü məsələləri paylaşırsa, yaxud da həmişə dəblə geyinən xanım dəbə aid bildiklərini bölüşürsə və ən əsası danışdıqlarında stabillik, dürüstlük, auditoriyaya hörmət varsa bu uğurlu brendləşmədir. Hətta elə insanlar var ki, onlar heç sosial şəbəkələrdə aktiv deyillər. Ancaq öz dairələrində, mühitlərində kifayət qədər öz brendlərini formalaşdıra biliblər.

Bu çıxarışlar bu günlərdə Facemark portalına veridiyim müsahibəndir. Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Mən və 4 noyabr

Yəqin fikir verdinizsə, 4 noyabr ilə bağlı geridə qalan müddət ərzində heç nə yazmadım. Tədbirə qeydiyyatdan da keçməmişdim deyə dəvətnamə də gözləmirdim. Təşkilatçıların da bir qismi, MaşAllah xeyirdə-şərdə görüşdüyümüz dost-tanış idi. Əvvəlcə onları belə rezonansa görə təbrik edirəm. Hər bir bu cür işi daima dəstəkləyirəm. Bəs nədən dünənə qədər bunu etmirdim?  Çünki söhbəti gec tutdum və saytda ‘bu tədbirdə kitab satılmır’ cümləsi mənə xoş gəlmədi. Mən AIR tədbirlərinə söz atmaq kimi qəbul etdim və bunu da etik saymıram. Halbuki, sizin də, onların da gördüyü iş Azərbaycan üçün vacibdir.

Bəs yaxşı hədiyyə məsələsi niyə belə əks-səda doğurdu? Mən orada olmamışam, amma dostlar, igidlər gələcəkdə bu 2-3 məsələni mütləq nəzərə alın:

1) Şəxsən mən elə bilirdim ki, 4 noyabr hədiyyə söz verən insanlar özləri öz hədiyyələrinə təsadüfi bir qalibi seçəcək. Bütün hədiyyələri sonda 1 nəfər qazanacaq məsələsini tədbirdən sonra bildim. Görün mənim kimi neçə nəfər bunu belə bilə bilər.

2) Seçimi siz özünüz bir neçə nominasiya üzrə apara bilərdiniz. Təbii ki, aralarında zalda olmayanlar olacaqdı və insanlar şəffaflığa inanacaqdı.

3) Seçim metodologiyası öncədən paylaşıla bilinərdi. Variant çoxdur. Səhv etmirəmsə, daha çox yazan daha çox şans qazanırdı. Necə kommunikasiya etdiz, seçim prosesi necə olacaq?

4) Mən bu il mayda və iyunda Visa şirkətinin 2 lotoreyasında iştirak edirdim. 50-dən artıq kassa çeki qeydiyyatdan keçirmişdim. Lotoreyanın birincə Paşa Qəlbinurun oğlu qalib gəldi. Əziyyətimə heyfim gəldi. Kütlə VIP, tanışlıq məsələrini sevmir. Bunu bilirik, siz də bilirsiz. Amma özümü daxilən inandırdım ki, Visa bunu etməz. Siz də kütləyə bu etibarı təbliğ edin. Öz məhsullarınızla, brendlərinizlə. Bu günün sabahı da var.

5) Biz marketoloqlar kütləni tez yoldan çıxarırıq. Əgər məqsəd bu həş təq ilə böyük kütlə qazanmaq idisə elə açıqca elan edilərdi ki, qalib MARKETOLOQ olmayacaq.

Təbii ki, məqsəd gözəl tədbir keçirtmək idi. Bu da sizdə alındı. Amma marketinqin PR tərəfini lütfən unutmayın. Narazı şəxslər varsa, aqressiya ilə deyil, acıq verməklə yox, çox böyük ürəklə, səmimiyyətlə onlarla davranın.

Yol Polisi marketoloqları işə götürsə

Bu fikirlərimi dünən Facebook-da status yazmışdım. Düşündüm ki, bloqun da yaddaşına həkk edək. Başlıq da simvolikdir. Çünki mən düşüncələrimi bir marketoloq olaraq paylaşıram.

Hərçənd ki, mənim başıma az gəlir, amma Yol Polisi əməkdaşları kimisə saxlayanda eyni mübahisəli qayda pozuntusunu mübahisə-protokol dialoqunda dalbadal neçəsi edir. Etiraz edirsən ki, bax bu da etdi, o da etdi və cavab o olur ki, hərə özünə cavabdehdir. Bir neçə həftə öncə Yol Polisi əməkdaşı aeroport yolunda mülki maşında qəza törətmişdi. Məlum oldu ki, bir neçə gün öncə olan qalmaqallı qəzada da ötüşənlərdən biri polis əməkdaşıdır, atası da keçmiş vəzifəli Yol Polisi. Bizdə yollarda çox böyük aqressiya var. İçi mən qarışıq çoxumuz etikanı tələb olunandan az qoruyuruq. Dünən gecə biri üstümə çıxır, düzgün manevr etmir hələ nifrətlə mənə baxıb niyə siqnal verdiyimə etiraz edir. Hər tində bir polis olsa belə yanaşma bir çox problemi həll etmir. Bizdə indi hətta maşınların ətraf mühitə ziyan vuran qazlarını ölçüb cərimə yazırlar. O da vacibdir, amma məncə daha vacibləri:

Elmi yanaşmanı gətirin işinizə – DYP daha çox statistik hesabatlar əsasında təhlükəli yerlərdə post qurub cərimə yazmalıdır. Bizdə hələ də 10-larla yerdə qeyri-effektiv yol hərəkəti tənzimləməsi var, o vaxtı 200 baldan QAYİ ixtisasına girənlərin nəticəsi;
Zero-tolerance – Cəmiyyət üçün ən təhlükəli adamlar qayda pozub kiməsə zəng etdirənlərdir. Bu hər sahədə var, amma neyniyək ki, bu insanlar cəmiyyətdə daha hörmətlidirlər;
Səmimiyyət – Mən mayda rayona gedəndə Mərəzə postunda məni saxlayıb yolda ehtiyatı olmağa tövsiyyə edən polisin səmiyyətinə inandım. Müsbət emosiyalar, enerji və diqqətlilik artır. Bəzən qayda pozan sürücüyə polisin 4-5 dəqiqəlik tərbiyəvi təlimatı dövlət büdcəsinə gələn 40 manatda daha vacib və faydalıdır. Postda mən qayda pozmamışdım. Reyd idi sadəcə.
Qadın Yol Polisləri – İndi xeyli qadın sürücü var. Qadın qadın psixologiyasını daha yaxşı bilir. Həm də kişiyə də cəriməni qadın yazanda priyatnı olacaq. Kişi polislə höcətləşib heç cürə qayda pozuntusunu etiraf etməyənlər qadından bu tənbehi alıb bəlkə ağıllanarlar.
Polisin marketinq və PR-ı – Hansısa polis yola düz səpəndə və ya İlk Tibbi yardım göstərəndə sosial-mediada buna bir xeyli mız qoyan olur. Halbuki bunu çox gözəl şəkildə təşkil etməklə Sürücü – Yol Polisi arasındakı uçurumu aradan qaldırmaq olar.
Sürücülükdən məhrumiyyət – Bizdə cərimələrin məbləği artmasın, ballar artsın. Qırmızı işığı lap 5 bal etsinlər. Sürücülükdən məhrum olmaq daha çox təsir edər nəinki 250 manat cərimə.
Kameralar artsın. Yenə də artsın – Sürücülərimiz sadə manevr qaydalarını ya bilmir, ya da bilərəkdən qorumurlar. Polis olmayan yerdə çox aqressiv və saymazyanadırlar. Qoy belə tez-tez ballar yığılsın, bəzilərinin ağlı gəlsin başına.
Nümunəvi olmaq – Yol Polisi sürücüləri xidməti maşında dəfələrlə mobil telefonla danışda gözlərimə tuş gəliblər. Evakuatorlar isə çox kobud sürürlər. Səmimi olub nümunə olmadan milyon eqonu düz yola gətirə bilməyəcək.

Bu siyahını artırmaq olar. Amma yenə də lazım olanlar bu barədə düşünsə özləri də kreativ çıxış yolları taparlar. Büdcə onsuzda dolacaq. Çünki sürücülərlə bu cür sistemlə işlənilsə elə adamlar olacaq ki, qaydaları bilmir deyə gündə azı 1 dəfə kameraya düşəcək. Mən nədən bunu yazıram? Hər gün bizdə azı 3-4 ağır yol qəzası olur, azı 5 nəfər ölür. Yəni kiminsə nəvəsini lap tutub basdılar bu problemi həll etmir və qısamüddətli effekt verəcək.

Bizi çərçivəyə salan təhsil və Kolanın gücü

 

Biz təhsildən, gələcəyin təhsilindən çox danışırıq. Hər bir valideyn öz uşağı üçün, bir çoxlarımız özümüz üçün, menecerlər özləri və işçiləri üçün düzgün və faydalı olan təhsil sistemi ilə bağlı daima axtarışlardayıq. Sözün açığı mən də daima axtarışlardayam, nə gizlədim. İndi o qədər informasiya var ki, insan gərək özünə ən lazımlı və faydalı olanını  müəyyən edə bilsin. Amma adətən kütləvi şəkildə insanlar bunu edə bilmirlər deyə, bu işi məktəblər, universitetlər bizlər üçün görürlər. İndi bu o ayrıca sualdır ki, onlar bunu nə dərəcədə effektiv və səmərəli görürlər.

Demək, dünən Əcəmi metrosunun yaxınlığındakı Nənəmin Təndirindəyəm. Mənim öz nənəmin deyil, əlbəttə ki, adı belədir sadəcə :). Məndən qabaq səhv etmirəmsə fars olan bir neçə turist oradan çörək, qril alırdılar. İçəridə biş-düş edən orta yaşlı xanımlardan daha bir gülüşmələr çıxırdı ki, adam özü də onlara qoşulub gülmək istəyirdi. Bu turistlər gedəndən sonra xanımlardan biri böyük dərdlə o birilərini də dərdə salan sualı verdi. Bunlar burada insanlarla necə danışırlar? Bax dili bilmirlər eləmirlər. Harada qalırlar, özlərinə nəsə lazımdırsa onu necə başa salırlar və s.  Hər halda az öncə təndirin satıcısı əl qol ilə ödənişin 15 manat olduğunu başa sala bilmişdi. O biri xanımlar da bu sual haqqında düşünərkən, biri elə həvəslə dedi ki, mən onun beyaq danışdıqlarından bir elə kolanı başa düşdüm.

Dostlar, sizə təəccüblü gələ bilər. Ancaq bizim aldığımız təhsil bəzən o qədər limitli və ya çərçivəli olur ki, alternativlər haqqında düşünmək ağlımıza belə gəlmir. O xanımlar çox dadlı çörək, peraşki, qutab bişirirlər. Əminəm ki, azı 9 il də məktəbdə də oxuyublar. Ancaq biri sual verəndə ki, bəs bunlar burada necə gəzib-dolaşır, hamısı bunun dərdini çəkməyə başlamışdı. Avtomatik cavab belə gəlmədi ki, bəlkə bunlar İngilis dilində ünsiyyət qururlar. Aldığımız təhsil bizi bir çox biliklərlə və məlumatlarla yükləsə də bizə çox zaman lazım olanı verə bilmir. Həyatda bizə lazım olanı əhatə edə bilmir. Ona görə də biz iş seçəndə, insanları qiymətləndirəndə, qlobal düşünmək istəyəndə, insanlarla ünsiyyətdə, gördüyümüz işdə yaradıcı olmaq lazım gəldikdə donub qalırıq və ya mentalitet və sterotipləri bəhanə gətiririk. Əgər bunu sizin üçün müəllimlər etmirsə, özünüz edin. Yeniliklərə açıq olun. Fərq etmir, siz hansı peşədəsiniz. Xadimə və ya menecersiniz. Bilirəm ki, deyəcəksiniz xadimənin min-bir dərdi var. Amma inanın ki, o da biraz düşünüb öz işinə rahatlıq gətirə bilər. İstifadə etdiyi təmizlik ləvazimatlarını adını bilməyən, daha doğrusu öyrənmək istəməyən xadimələr tanıyıram.

Yuxarıda fikir verdinizsə xanımların başa düşdüyü sadəcə kola idi. Elə bu hadisədən bir qədər öncə bərbərxanada ustalar da koladan danışırdılar. O məşhur söhbəti. Biri uzun müddət itir, sonra girib böyük kola dispensirini təmizləyəndə, baxırlar ki, sümükləri əriyib paltarları qalıb. Xalq da uzun müddət bu kolanı içibmiş. Ustalar amma elə həmin günü də kola içmişdilər. Söhbət də elə oradan yadlarına düşmüşdü. Hərdən fikirləşəndə ki, kola reklamlara niyə bu qədər xərcləyir, niyə az qalsın ucqar kəndlərdə belə xırda mağazalara aparıb öz soyuducularını yerləşdirir, buna cavab kimi yüzlərlə belə misallar tapıb çəkmək olar. Kola kimi yüzlərlə anlayış, brend, məlumat var ki, onlar girib bizim beynimizdə dominantlıq edir və bizə alternativlər haqqında düşünməyə imkan vermirlər. Bu qısa yazıdan gəldiyimiz nəticə isə odur ki, əslində təhsildə də lazımlı və faydalı bilik və məlumatları biz insanların beynində çox rahat yerləşdirə bilərik. Sadəcə bunu düzgün kommunikasiyası lazımdır.

Alət çubuğuna keç