Biraz soyuq başla düşünsək

İstanbul - Karabakh

Son günlərin gərginliyi hamılılıqla yaşadıq. Çoxumuz cəbhədən gələn hər xəbəri səbirsizliklə gözləyirdik. 2 gün öncə rəsmi atəşkəs elan olunsa da, silahlar müəyyən qədər sussa da , insanlar bu tarixi yaşatmağa davam edir. Belə də olmalıdır. Paralel olaraq artıq bu hadisələr haqqında soyuq başla da düşünmək çox vacibdir. Bu yazıda konkret olaraq vacib bildiyim bir neçə məsələ haqqında fikirlərimi paylaşacam ki, onlar haqqında bundan sonra daha çox fikirləşək. Hamılıqla.

Bir ola bilməyimiz ən böyük dəyirimizdir

Bir çoxlarınız kimi mən də son 5 günü faktiki olaraq yarısını internetdə keçirmişəm. 100-ə yaxın şəxsin Facebook profilini, 50-ə yaxın xəbər saytını davamlı izləyirdim. Xalqımızın birlik göstərməyi fonunda mənim nə rolum ola bilər əzabını mənim kimi yəqin çoxunuz çəkirdiniz. Kimi bunu küyə getmək, kimi hamısı siyasətdir deyib acı zəhərini yaymaq istəsə də əsas odur ki, çoxumuz bir yerdə idik. Eyni hədəfə vururduq və hələ bundan sonra da vuracağıq. Bizdə komanda oyunu yoxdur, biz bir ola bilmirik mifini yaymaq kimlərə sərf edirdisə, indi həmin insanlar susa bilər. İndi qalır daha düzgün hədəflər qoymaq. Görünən odur ki, Qarabağı işğaldan azad etmək bizdə ən vacib hədəfdir. Təsəvvür edin ki, bizim başqa sahələrdə düzgün hədəflər qoyub onlara doğru səmimi bir mühit qursaq vəziyyətimiz necə yaxşı ola bilər. İctimai fikrə, şüura mənfi təsir edənlər də bundan yəqin ki, dərslərini aldılar və indi başqa tərkibli zəhər hazırlayacaqlar. Odur ki, hazır olaq 🙂

Yaradıcı və çevik reaksiyalar

Bu günlərdə nədənsə reklam və dizayn şirkətlərindən çevik reaksiya görə bilmədik. Ancaq yüzlərlə sosial media istifadəçisi maraqlı video, slayd, posterlər hazırladı. Həqiqətən dünyada bir çox məsələlər var ki, onlara dərhal reaksiya vermək tövsiyyə edilmir. Yəni vacib deyil ki, trenddə nə var, dərhal sən də nə isə öz sözünü bildirəsən, lap uzağı 200 Facebook dostun onu bəyənsin. Ancaq bu məsələ xalqımız üçün o qədər həssas məsələdir ki, burada danışmaq trendə görə deyildi. Mənə elə gəldi ki, bizim bir çox brendlərimiz bu məsələdə laqeydlik göstərdi və bəlkə də indi fikirlərini onunla əsaslandırlar ki, ‘əşi mən bilirdim ki, 2-3 günə bitəcək’. Həyat əlbəttə ki, davam edirdi və edir. Heç Facebook-da həmin günlər reklam edənləri də qınamaq fikrim yoxdur. Ümumlikdə isə şəhidlərin borclarını bağışlamaq, cəhbə zonasında yaşayanlara mobil operatorlardan dəqiqə payı çox gözəl nümunə idi. Amma bəzi səhifələrin və şəxslərin yersiz paylaşmaları da oldu. Məsələn Bakcell vebkameranın tarixi haqqında məlumatın yerinə Kapital Bank kimi Tərtərdəki əməkdaşlarının fotosunu da paylaşa bilərdi. ANS isə hər hansı rəsmi icazəsi olub-olmamasında asılı olmayaraq faktiki olaraq media mübarizəsində daha çevik oldu. Mirşahinin Çingiz kimi cins gödəkçə geyməsini isə təsadüf saymıram. Bu məsələdə çox fürsətcil oldular. Dostlardan biri Azadlıq radiosunun da Erməni və Azərbaycan bölmələrinin çox gözəl müqayisəsini aparmışdı. Ayın 5-i səhər Azərbaycan bölməsini əsas səhifəsində 20-25 % xəbərlər Qarabağdan olsa da, onların Erməni həmkarlarının sayından bu 100 % idi.

Dəyərli gənclərimiz və liderlərimiz

Sovqat toplamaqdan tutmuş, informasiya müharibəsi üçün qərargah yaratmaq, xaricdə toplanaraq bayrağımızı dalğalandırmağa qədər olan təşəbbüslərini sürən, insanları həvəsləndirən gənclərimiz liderlik göstərdilər. Əsl liderlərimiz isə əlbəttə ki, özünü qumbara, güllə qarşısına atanlarımız oldu. Situasiya liderliyi haqqında yəqin ki, azdan-çoxdan məlumatınız var. Şəhid olmuş və ya çevik reaksiyalar göstərmiş insanlarımızın bəziləri ola bilsin ki, heç zaman liderlər kimi davranmayıb, buna heç təşəbbüs, maraq da göstərməyib. Amma məqamı gələndə əjdaha insanlara çevriliblər. Yəqin ki, siz də hansı rayonun nə zaman işğal olunduğunu bilməyən birinicin indi şəhid olmasını haqqında məlumatı eşitdiniz. Ona görə də belə məqamlar əslində həm də ona görə yaxşıdır ki, bizə əsl qəhrəmanları tanımağa kömək etsin.

Təhsilsiz çətin olacaq

Sağa-sola çevirsək bir daha əmin oluruq ki, bir xalq kimi bizim uğurlarımız məhz təhsil ilə gələcək. Bu sadəcə akademik təhsil deyil, həmçinin də yeni məlumatları öyrənmək, araşdırmaq, elə Facebook-da bilikli olmağı deyə bilərik. Təhsil sistemimiz tənqidi təfəkkürlü, düzgün təhlil qabiliyyətli, diskusiya etmək bacarığı olan yetişdirə bilsə onda uğurlarımız davamlı olacaq. Bu arada təhsil sistemində Qarabağ təbliğatının da uğurlu olduğunu görə bildik. Sadəcə tam əmin ola bilmədim, hamılıqla Dağlıq Qarabağ, ətraf rayonları haqqında daha düzgün məlumatlıyıq yoxsa yox.

Əlbəttə ki, bütün bu işlər belə asan olmayacaq. Məlumat yayımında güc sahibləri media, fikir formalaşdıran sosial media istifadəçələri yuxarıdakı və digər strateji istiqamətlər üzrə hələ çox çalışmalıdırlar. Qısası, sabahınız xeyir!

Məndən PR mütəxəssis çıxarmı?

ilham ali yusif

Ötən həftə dostumuz Tərlanın təşəbbüsü ilə həyata keçirilən Digital Təcrübə Layihəsi çərçivəsində mənim də şəkildə gördüyünüz bu gənc insanlarla görüşmək imkanım oldu. Görüşümüzdə biz PR haqqında vacib bildiyimiz ilkin bilikləri və medianın müxtəlif üzlərini göstərməyə çalışdıq. Ümid edirəm ki, keçirdiyimiz görüşdən bu gözəl insanlar razı qaldılar. Əslində bu seminar düz 1 həftə öncə olub və fikrim onun haqqında danışmaq deyil. İndi istərdim ki, iştirakçılardan birinin verdiyi sual ətrafında bəzi fikilərimi sizinlə paylaşım. İştirakçılardan biri PR mütəxəssis olmaq üçün nələr lazım olması barəsində sual vermişdi. Beləliklə, siz əgər gələcəkdə PR sahəsində işləmək və ya indi bu sahədə çalışıb peşəkar olmaq olmaq istəyirsinizsə bu yazıdan buyurub faydalana bilərsiniz:

  1. Yazmaq və ya hekayə qurmaq bacarığı – Əgər siz hər hansı bir xəbəri hamının yazdığı kimi yazacaqsınızsa və sadəcə kim, nə, harada, nə zaman və nə üçün suallarına cavab vermək prinsipi ilə ortaya çıxaracaqsınızsa, bu sizə elə böyük uğur gətirməyəcək. İstər məqalə, istər məktub, istər e-mail üçün mətn olsun fərq etməz, siz onu maraqlı etməyi bacarmalısınız. Başlıq cəlbedici olmalıdır. Əgər siz hansısa brend üçün yazacaqsınızsa, onun dəyərlərini və prinsiplərini mətnaltı effektlərlə oxuyana çatdırmağı bacarmalısınız. Yazmağı vərdiş halına gətirmək üçün elə bloq yazmaq da yaxşı üsuldur. Yaxud da, ən azından siz Facebook-da 6-7 cümləlik hansısa maraqlı faktları status kimi da paylaşıb insanların sizin yazmaq qabiliyyətinizə olan marağını da izləyə bilərsiniz. Yaza, hekayə qura bilsəniz sonradan sizə onu real həyatda da təqdim etmək rahat olacaq.
  2. Fərqli bucaqla hadisələrə baxmaq bacarığı – PR-ın sehirli qüvvələrini media, şirkətlər, brendlər çox gözəl istifadə edirlər. Necə ki, tez-tez gündəm dəyişir, kimsə el qəhrəmanı, kimsə öləndən sonra gülüş obyekti olur, bunlar hamısı PR-ın sayəsində baş verir. PR sahəsində çalışan adamı zərgər kimi qəbul etsək, bu insan hər hansı bir üzüyə, sırğaya baxarkən onun necə hazırlanmasını, neçə qram qızıldan, eləcə də başqa daş-qaşlardan hansı səviyyədə istifadə edildiyini bilməlidir. Yəni işin texniki və həyata keçirilməsi tərəflərini və konsepsiyanı başa düşməlidir. Siz də özünüzə PR mütəxəssis demək istəyirsinizsə, gündəmdə olan hadisələrin və ya hansısa ümumi problemlərin fərqli tərəflərini görməyi bacarmalısınız. Əgər hadisələri adi insanların gördüyü kimi görür və dərhal özünüzdən çıxır, əsəbləşib narahat olursunuzsa PR sahəsində işiniz çətin olacaq.
  3. İnsanların içərisində olmaq – Vacib deyil ki, bütün günü metro ilə gedəsiniz, hər gün restoranda yemək yeyəsiniz, bazarda, marketdə olasınız. Zaman-zaman, xüsusən də insan öz maddi ehtiyaclarını ödədikcə ictimai yerlərdən qaçır. Əslində insanların içərisində olmaq deyərkən də birbaşa ictimai yerlərdə olmağı nəzərdə tutmuruq. Əsas mesajımız odur ki, hər bir səviyyədə olan insanları duyasınız. Bu çox çətindir. Yəni adi başa düşdüyümüz mən səni çox gözəl başa düşürəm məsələsi deyil. Əgər siz ətraf mühitə azdan-çoxdan ziyan vuran hansısa bir zavodda çalışırsınızsa və onun PR işlərini həyata keçirirsinizsə zavodun yerləşdiyi ərazidə yaşayan insanlara kağız çantada bloknot və qələm paylamaq PR deyil. Yaxud da televizorda çıxıb bizim ətraf mühitə heç bir ziyanımız dəymir deməklə iş bitmir. Özünüzü həmin ərazinin bir sakini kimi hiss edin, hansı ki, gecələr iydən yata bilmir və ya zavodun ətrafa buraxdığı maddələrin təsirindən xəstələnmiş yaxınını itirib, yaxud da axşam 10-da evə gəlir və televizora baxmır. Qısası özünüzü çox çəkməyək, biraz aşağı düşək! 🙂
  4. Xəbərləri, daha doğrusu trendləri izləmək – PR sahəsində çalışan insan tək çalışdığı sahə üzrə deyil, yaxud da indi dəbdə  olan texnoloji trendləri deyil, bütün sahələr aid xəbərləri izləsə bundan sadəcə qabağa düşər. Vacib deyil ki, günün 1-2 saatını xəbər oxuyasınız. Yaxşı olar ki, özünüzə müxtəlif xəbər saytlarını mənbə kimi müəyyənləşdirin. Bu hansısa Facebook profilləri də ola bilər. Günün müəyyən hissəsində siz bu resurslara daxil olub dünyada və Azərbaycanda nə baş verdiyini ümumi öyrənə bilərsən. Həftəlik və aylıq bülletenlər bizdə az yayılsa da, onları da izləmək faydalıdır. Çünki siz hansısa bir yeniliyi, trendi ümumi kontekstdə izləyə bilirsiniz. Əgər neftin və ya dolların qalxıb düşməsini sadəcə hər gün girib Bloomberg saytında izləyirsinizsə, bu sizə elə də böyük fayda verməyəcək. Çalışın təhlilləri də izləyəsiniz. Bir misal kimi göstərəyəcəm. Mən təhsil ilə bağlı ildə bir neçə dəfə Britaniya təhsil müəssisələri üçün təqdimatlar keçirirəm. Ona görə də Təhsil Nazirliyinin saytında xəbərlərə abunə olmuşam və onlardan mənə maraqlı olan xəbərləri açıb oxuyuram. Amma sahəm təhsil ilə bağlıdır deyə, sadəcə təhsil xəbərləri ilə işimi bitmiş saymıram. Lazım olanda hətta Banu Muradın şəkillərinin altında yazılan şərhlərə də açıb baxıram, sensansion xəbərlər yazan saytlardan da ölkədəki ‘biznes’ mühiti haqqında oxuyuram ki, cəmiyyəti daha yaxından başa düşüm.
  5. Biznesi başa düşmək – Bizdə jurnalistlərin PR sahəsində çalışması geniş yayılıb. Yəni əslində yaxşı yazmaq bacarığı və ya media ilə yaxşı əlaqələrin olması PR üçün çox vacibdir. Amma bu sadəcə işin yarısıdır. PR həm marketinqin, həm də üumilikdə biznesin əsas aparıcı qüvvəsidir. Hətta elə biznes sahələri var ki, onun məhsulu və xidmətinə görə PR ölüm-dirim səviyyəsində vacib rol oynayır. Əgər siz ağlınıza gələni tez-tələsik PR adı ilə mediaya ötürürsünüzsə və bu məlumat təhlil edilmirsə 2-3 gün sonra şirkətin başqa prioriteti və ya problemi çıxırsa bu sadəcə sizin brend haqqında mənfi fikir formalaşdıracaq. PR mütəxəssin işi zatən sadəcə hər xəbəri dərhal mediaya çıxartmaq da deyil. Yaxud da bu gün ölkədə idman dəbdədirsə istənilən idman tədbirinə sponsor olaq prinsipi ilə işləmək düzgün deyil. Bu sahədə çalışan hər şeydən öncə marketinqi bilməlidir ki, hər hansı bir addımı atmamışdan öncə biznes prespektivində 2-3 addım sonranı görə bilsin.

Mən burada şəbəkələşmə bacarığından tutmuş çalışqanlığa qədər müxtəlif xüsusiyyətlərdən yaza bilərdim. Əslində bunlar sizə hər bir sahədə lazımdır. Əgər gəncsinizsə və ilkin olaraq, bəlkə də sonradan davamlı olaraq hansısa sahədə çalışmaq istəyirsinizsə mütləq o sahədə mütəxəssis olmaq üçün nələr lazımdır onları öyrənin və sonra da onlar haqqında öyrənin. Bəlkə elə sizdən gələcəkdə çox yaxşı PR mütəxəssis çıxdı?!

Lazım olsa öyrənərəm Kapitalı hansı dostum yazıb

ilham ali yusif

Yəqin ki, çoxunuz Sovet dövründə lətifə kimi yayılmış, bəlkə də gerçək olmuş, ‘Yoldaş katib, etiraf etdi ki, Kapitalı özü yazıb’ söhbətini bilirsiz. Qısası, rayonun birinci katibinə Kapitalı kimin yazdığını deyə bilməyən fəhləni milis nəfəri “ağıllandırır’ və həmin şəxs etiraf edir ki, Kapitalı özü yazıb. Yaxşı ki, bütün bunlar keçmişdə qalıb deyib dərindən bir nəfəs almaq istərdik ki, bu həftə kapitalını kitaba qoymuş Nigar Köçərli ilə bağlı xoşagəlməz hadisələr baş verdi. Əlbəttə PR elə bir qüvvədir ki, bu təhqirəmiz münasibət adi bir insanın başına gəlsəydi bu qədər dost-tanış bunu paylaşmazdı. Bu lap Suriyadakıları paylaşmayıb, Parisə niyə ağlayırsız müqayisəsinə oxşadı. Amma sözüm onda deyil, demək istədiyim odur ki, bizim əsas problemlərimiz elə kitabsızlığımız ilə bağlıdır. Biz təəssüf ki, kitabdan uzaq millətik, çox az faiz insan var ki, kitab oxumağa həvəslidir. Bundan əlavə bir qisim var ki, məcburən oxuyur, bir qismi də trendin təkərinə düşüb, əksəriyyət isə oxumur. Niyə? Bəhanələr edirlər, tənbəllik edirlər və şirkətlərdə də bu məsələyə sosial məsuliyyət yanaşması zəifdir. Məhz elə bunları burada bir neçə bəndə göstərməyə çalışacağam:

1) Milli kitablarımız yoxdur, Azərbaycan dilində kitab azdır – Qara yalandır. Elə dünən Fəxri müəllimin yeni kitabı təqdim edildi. Deyirlər, KVAN deyilən əjdaha bir kitab da gəlir. Ötən il məşhur AİR triousu hərəyə bir kitab çıxardaq kampaniyasını uğurla başa vurdu. Əliabbas da iş axtarmağa ötən ildən başladı. Hələ, Qanun nəşriyyatı ötən 5 il ərzində nə qədər kitabı Azərbaycan dilinə tərcümə edib. Bədii ədəbiyyatdan tutmuş fərdi inkişafa qədər bestsellər kitablar Azərbaycan dilində indi satışda 4-15 manat arası dəyişir. Yox, mən belə mənasız kitablar oxumuram, mənə filan kitab lazımdır deyirsinizsə, başqa məsələ. Bu arada, nə oxuyursuz sualına Çingiz Abdullayevin kitablarını sevirəm deyənlərə buradan atəşli salamlar. 

2) Kitab bahadır – 4-5 il qabaq ADA Bookstore-a gedəndə çox heyran qalmışdım. Düzdür kitablar baha olsa da çeşid çox idi. Axtardığın çox kitabı tapa bilərdin. Amma baha kitablar bahalı telefonlar, planşetlər, əyin-baş kimi getmədi deyə bura tarixə çevrildi. Ara-sıra Biləcəridən o yana keçəndə etdiyim ən vacib işlərdən biri kitab mağazalarını gəzməkdir. Özümü bəzən o qədər unuduram ki, bardaş qurub oturaraq yerdə ən aşağı rəfdə olan kitablara belə baxıb vərəqləyirəm. Getdiyim ölkələrin heç birində ucuz kitab görmədim. Xüsusən, son manat qətliamından sonra PR-a aid köhnə nəşr bir kitabı təxminən 20 manata aldım. Bizdə bəzi xarici kitablar doğurdan da bahadır. Amma prinsipcə hətta başqasının intellektual əməyinə hörmət edirsinizsə, onları onlayn alıb oxuya bilərsiniz. Həm də tələbənin başa düşüləndir ki, az pulu var, amma aya 1000-2000 manat qazanan insan 20-30 manat kitaba xərcləməyəndə ölkədəki problemlərdən hələ çox danışacağıq.

3) PR az edirik – PR ‘8 Marta mənə gül alma kitab al’ səviyyəsində inanmıram elə çox effektiv olsun. Yenə də Ali və Nino sağ olsun, əlindən gələni edir. Aya onlardan 1-2 kitab almağı mən şəxsən özümə borc bilirəm. Amma bizim milyoner brendlərimiz təhsil və oxumaq ilə bağlı layihələrə demək olar ki, pul ayırmaq istəmirlər. İstəyirsən deyəsən, ay qardaş, ay bacı bəs təhsil də idmanın bir qoludur e, buna da bir qayğı filan göstərin, keçmir ki keçmir. Hamımıza xoşdur ki, son 1 il ərzində 10-a yaxın biznes və fərdi inkişaf kitabı çap edilib. Biz də onlardan 3-ü haqqında bu bloqda yazmışıq. Yaxşı ki, heç olmasa bir-birimizi belə təbliğ edirik. Amma bu da azdır.

4) Çoxumuz özümüzü ağıllı sayırıq – Bir neçə il qabaq Moskvada Bolshoy Teatrın yanında axşam vaxtı gəzişirdim. Baxıram teatrların qabağı insanlarla doludur. Təəccüblənirsən, aa indi teatra gedən var? Var, çünki bu həm mədəni, həm də intellektual tələbatdır. Yəni onlarda. Son 3 il ərzində Britaniyanın 10-a yaxın universitetində olmuşam. İnanın tələbələrlə aşıb-daşan kitabxanaları görəndə adamı yaxşı mənada ağlamaq tutur. Sevinc göz yaşları deyirlər e, bax o. Dostlar, əminəm ki belə ağlamalı məqamlardan sizin də yadınıza nələrsə düşür. Bu bloqu oxuyanların hamısı inanıram ki, belə mühiti ölkəmizdə də arzulayır. Amma arzulamaq inanın ki, azdır. Nə qədər ki, özümüzü çox ağıllı sayırıq belə mühitə hələ çox var.

5) Biznes kitabxanaları – Bir neçə şirkət üçün biznes kitabxanası yaratmaq ilə bağlı öncəki iş yerimdə təkliflər vermişdik. Dostlar, təlim, seminar öz yerində amma iş yerinizdə öz işçilərinizə çap edilmiş kitablardan ibarət olan balaca bir kitabxanada da olsa yaradın. İnternetdə hər şey var deyib keçməyin. Ona qalsa böyük transmilli şirkətlərin daxili şəbəkələrində onlayn yüzlərlə təlim var. Bu trendir və çox da effektiv deyil. Qoy işçiləriniz həftəyə bir kitab aparıb evdə vərəqləsin, bu ondan daha faydalı olacaq.

Bu fikirləri çox uzada bilərdim, amma hələlik bunlar kifayətdir. Bloq yerinə çəkər deyirlər. Elə bu gün Port Baku-da WHS-də buranın marketinq işlərini idarə edən dostum Ariflə görüşdüm. Sizi bilmirəm, amma mən ümumiyyətcə Port Baku tərəfdəki auranı çox sevirəm. Ləzzət alıram. Bəlkə bəziləriniz trend ab-havasına düşdüyümü düşünə bilər. Belə deyil, əzizlərim. Kofe içən olmasam da WHS-ə girəndə kofenin gözəl ətri vurdu. Burada biznesdə uğur qazanmaq istəyən, maraqlı incəsənət layihəsində işləyən, bu dünyanın qayğılarından uzaq olmaq istəyən istənilən şəxs gəlib divan və kreslolarda oturub kofeləyərək maraqlı kitabları almadan belə oxuya bilər. Bu da sizə təklif. Elə oradan bir neçə addım o tərəfə gedib Starbucks-da da oxuya bilərsiniz. Əsas odur ki, kitabı sevək, oxuyaq, öyrənək və soruşanda da deyəq, Kapital özüm yazmamışam, amma lazım olsa öyrənərən görüm Facebook-dakı hansı dostum yazıb.

Qədir ağacı – daxili kommunikasiya haqqında bir neçə kəlmə

Qədir ağacı – daxili kommunikasiya haqqında bir neçə kəlmə

Nahaq yerə bu qədər əziyyət çəkdim. 10 ilimi boşa verdim. Vaxtında ağlım olsaydı heç bu qədər gözləməzdim. Mən az qala 5 il gecə-gündüz bu şirkət üçün can qoydum. 3 ildir ki, maaşım qalxar deyə səbr edirəm. Mənim yerimə götürdüklərini 1 ilə menecer etdilər. Aramızda belə insanların sayı belə olmayanlardan qat-qat çoxdur. Çünki təbiətən çoxumuz iş yerində ağacların, daha doğrusu qədir ağaclarının əkilməsini istəyirik. Amma nədənsə iş yerlərini güllər-çiçəklər bəzəsə də, bu ağaclara demək olar ki, heç rast gəlinmir və sonda da yuxarıdakı şikayətlər ortaya çıxır. Fikrimcə, vəzifəsindən, təcrübəsindən asılı olmayaraq öz gördüyü işi peşəkar görən insanın bu ağac haqqında düşünməyinə heç ehtiyacı yoxdur, xüsusən də Azərbaycan biznes mühitində. Ən yaxşı halda həmin insan üçün əkilmiş ağaclar o işdən çıxar-çıxmaz yaşıllaşdırma (oxu – müdirin adamları) idarəsininin iştirakı ilə kəsiləcək. Amma istənilən halda bu təbii ehtiyacı tənzimləmək işçilərin daxili aləmi baxımından çətin olduğundan şirkətlərin bununla bağlı etməli olduğu bəzi məsələlər ilə bağlı fikirlərimi sizlərlə bölüşmək istəyirəm.

Niyə görə bu ağaclar əkilməlidir?

İşçi sayından, dövriyyəsindən asılı olmayaraq hər bir şirkəti hər bir vəziyyətdə dözümlü edən məhz onun daxili kommunikasiyası və öz işçilərinə verdiyi dəyərdir. İstər pul üzərində olan motivasiya sistemi olsun, istər şirkətin işçini qoruyub saxlamaq üçün etdiyi manipulyativ alətlər olsun, bunlar səmimi mühit ilə müqayisədə effektsizdir. Əlbəttə motivasiya da, bonuslar da çox vacibdir. Ancaq şirkət üçün vacib olan hər bir işçinin şirkət üçün vacibliyini göstərə bilən və onların şirkətin ən vacib resursları olduğunu xatırlada bilən və onların qədirlərininin bilindiyini göstərən səmimi mühiti varsa, işçilər dar gündə belə loyal olaraq qalacaqlar və ümumiyyətcə şirkəti dar günə düşməyə qoymayacaqlar. Məhz bu səbəbdən hər bir şirkətin belə simvolik bağı olmalıdır ki, orada ara-sıra bu ağaclar əkilsin.

Bu ağacları kim(lər) sulamalıdır bəs?

Əlbəttə, ilk ağla gələn HR olur. Bu menecer və supervayzerlər də ola bilər. Burada istifadə edilə bilinən ən effektiv alətlərdən biri məhz PR-dır. Çünki mesajın kim tərəfindən ünvanlanmasından asılı olmayaraq PR məğzi açmağa, istənilən xoş addımı reklam kimi təqdim etməyib onu nümunə kimi göstərməyə imkan verir. Bəzən hansısa işçi doğurdan da şirkət üçün çox vacib işlər görür, inanılmaz satışları reallaşdırır və ya alışlarda şirkətin böyük qənaət etməsinə səbəb olur. Elə işçilər var ki, onlar şirkətin ideologiyasını bütün gənc işçilərlə paylaşırlar. Əgər bəzi nailiyyətləri performans dəyərləndirilməsiilə görmək mümkün olursa, bəzi pozitiv addımlar var ki, onları şirkətdə heç də bütün işçilər duya bilmirlər. Burada məhz işə yarıyan daxili səmimi kommunikasiyadır. Şirkət rəhbərinin hamıya ünvanlanan e-maili və ya HR və ya Marketinq şöbəsindən gələn e-maillərlə məhz niyə görə ağacların əkildiyini ‘izah etmək’ elə bu ağaclara su tökməyə bərabərdir. 

Bir də görürsən dağ boyda ağac kəsildi, yerində bir ‘dekorativ ağac’ əkdilər

Hansısa bir sistemi qurmaq, bunun üçün bəzən illər sərf etmək. Azərbaycanda biznesin yaşı çox olmadığından indi yaşı 30-35 olanlar üçün bu çox tanış mühitdir. Bəzən gündəlik işlərin içində itib-batmaq da imkan vermir ki, işlərini tam mükəmmələşdirəsən. Hansısa səbəblərdən şirkətdə böyük əziyyət çəkmiş belə insanlar çıxıb gedəndə onun yerinə gələn yeni insan artıq hazır platformada işə davam etdirir. Öncəki işçinin fiziki olaraq vaxt çatdıra bilmədiyi işləri yeni işçi artıq daha rahat görür. Çünki öncəkindən fərqli olaraq o platforma qurmağa vaxt-filan sərf etmir. Belə epizodlarda da ən böyük səhvi məhz şirkət rəhbərləri, menecerlər edirlər. Onlar öncəki işçinin əməyini puç edirlər və bəh-bəhdən onun üçün əkilmiş ağaclar doğranıb əvəzində yeni işçi üçün dağdan da böyük ağaclar əkirlər. Yeni işçinin əməyinə kölgə salmaq olmasın, amma mən belə ağaclara dekorativ ağac deyərdim. Bu işə qarışmalı olan məhz HR, Marketinq və Kommunikasiyalar olmalıdır ki, şirkətdaxilimühit də xoşagəlməz söhbətlər olmasın və hərənin öz dəyərli yeri bilinsin.

Peşəkarlıq həm də işə həvəslə yanaşmaq və işi ürəklə görməkdir. İnsanın peşəkar çalışması hər şeydən, hamıdan öncə məhz özü üçün vacibdir. Maksimum çalışmaq lazımdır ki, sənin qədrini bilən insanların əhatəsində, iş mühitində olasan, ancaq bəzən bizdən asılı olmayan səbəblərə görə bu mümkün olmur. İnanıram ki. bu məsələlər də 19 dekabrda baş tutacaq Milli İnsan Resursları Forumunda müzakirələrdən qaçmayacaq.

PaRis-də(a)n necə istifadə etdilər?

PaRis-də(a)n necə istifadə etdilər?

PR sahəsində çalışan insanın gərək 4 gözü olsun, əgər hər hansı bir böhran vəziyyəti varsa ümumiyyətcə gərək gözlərində eynək də olsun. Ötən həftəsonu Parisdə baş verən faciə milyonlarla humanist insanı sarsıtdı. Amma gündəm anbaan dəyişdiyindən böyük əksəriyyət tez də sakitləşdi. Ümumi götürdükdə isə bu hadisə xoşniyyətli və bədniyyətli PRşiklər üçün də əla bir imkan oldu. Təsadüfi deyil ki, PR və kommunikasiyalar hər bir şirkətin, hökumətin öz ideyalarını insanların emosiyaları ilə manipulyasiyalar etmək üçün ən güclü silahlarından biridir. Burada qətiyyən bayraq, filan ölkədə də insan qırılır kimi mübahisələrə yer vermədən 3 nümunə göstərməyə çalışacağam ki, gələcək hadisələrdə daha gözüaçıq olaq.

Jolie fanları

Angelina Jolie-in gözəl insan olmağı haqqında özüm də çox eşitmişəm. Onun beynəlxalq səviyyədəki xoşməramlı fəaliyyəti kifayət qədərdir. Ayın 14-ü hadisədən bir neçə saat sonra onun səhifəsində belə bir paylaşma oldu və foto və sözləri ilə Paris ilə yanaşı o Livandakı terroru da xatırladı. Xeyli sayda dostlarımız Angelinanın bu postunu paylaşdı. Səhifəyə girib baxdıqda məlum oldu ki, səhifə rəsmən bu xanımı təmsil etmir. Aşağıdakı fotoda da görmək olar. Əlbəttə bu o demək deyil ki, Angelina bu cür düşünə bilməz, sadəcə mən indi bu səhifəni axtarıb Facebook-da tapa da bilmədim. İstənilən belə hallarda hansısa məşhurun adından insanların emosional vəziyyətindən istifadə edib öz maraqlarını yeridənlər olur.

Jolie

Qarabağ vs Traxtor

Cənubi Azərbaycandakı Traktor klubu isə Facebook-da Parisə başsağlığı verən Qarabağ Futbol Klubunu qınadı. 2 həftə öncə də Digital Marketinq Forumunda da belə ümumi fikir var idi ki, sosial mediada sizi təmsil edən adamı başlı-başına buraxmaq olmaz. O brendi təmsil edir və insanların çoxu emosional olduğundan öz sevimli brendlərinin ünsiyyətinə bəzən çox sərt reaksiya da göstərə bilərlər. Fransa klubu ilə eyni qrupda yarışan, təmsil etdiyi ərazisi böyük terrora məruz qalan bir klubun başsağlığı verməsi çox normaldır. Ancaq son bir neçə il ərzində cənublu, şimallı yüzminlərlə azarkeşin sevimlisi olan klubun bu məsələlərdə hessiyatlı olması vacibdir. ABŞ prezidenti öz bəyənatında belə öz ölkəsinin də terror qurbanı olduğunu vurğulayır. Tələm-tələsik trendə girmək üçün nə isə yazmaqdan daha yaxşı məsələyə elə həm siyasi, həm də emosional yanaşmaq olardı. Qəbul etsək də, etməsək də ictimaiyyətə işləyən çox şəxs məhz siyasətdən kasad olmayanlardır.

ilham ali yusif

Gawker – İslamafobiya

Digər maraqlı məqam qalmaqallı yazıları ilə məşhur olar Gawker-dən nümunədir. Hadisədən 2 gün sonra ABŞ senatoru Ted Cruz-dan belə başlıqlı yazı paylaşdı ki, ‘Xristianlar Terrorizm üçün əhəmiyyətli risk deyillər’.  Qısa olaraq deyim ki, ABŞ-a xristian Suriyaların gəlməsini daha məqsədəuyğun hesab edir. Bu paylaşmanın altında da bu şəxsi topa tutan xeyli sayda şərh var idi. Şərh yazan insanların adlarından görmək olar ki, onlar islam inanclı deyillər. Ötən həftəsonu bizim bir çox intellektual insanlarımızın paylaşmalarından belə anlamaq olurdu ki, islamafobiya elə bizim kimi ölkələrdə daha çoxdur. Dini ayrıseçkilik etmək indiki dövrün ümumiyyətcə heç bir siyasətçisinə yaraşmır. Amma göründüyü kimi belə hallar çox olur. Həm də görünən odur ki, inkişaf etmiş cəmiyyət onu da yaxşı başa düşür ki, dini əlində oyuncaq edən şəxslər din haqqında mənfi fikirlərin yayılmasında maraqlıdırlar və cinayəti dinin fundamental prinsipləri ilə bağlamağa çalışırlar. İnsan dinsiz də ola bilər və böyük demokrat insan ola bilər, amma o hər hansı bir dini inanca qarşı radikaldırsa fikrimcə bu natamamlığdır. İslam dininin də indi böyük PR-a ehtiyacı var ki, milyardan artıq sivil və düşüncəli müsəlmanlar belə ayrıseçkiliyə məruz qalmasınlar.

Gawker

Əlbəttə, bunlar PR baxımından ümumi münasibət idi. Mütərəqqi və sözün həqiqi mənasında planetdəki hər bir insana dəyər verən və paralel olaraq dünyada pis və yaxşı insanların olduğunu başa düşən hər bir insan bu gün belə inkişaf etmiş dünyada olanlara üzülür. Sonda onu da qeyd edim ki, Fransanın, ümumilikdə beynəlxalq turizmin belini qıran terror hadisələri məhz yenə də peşəkar PR mütəxəssislərinin hesabına çox güman ki, yenə də zəif ölkələrə ziyan vuracaq. Paris yenə də sevgi şəhəri olaraq qalacaq, Şarm Al Şeyx isə..

Alət çubuğuna keç