Emosional təcrübədən keçirilmiş 3 qızıl qayda

ilham ali yusif

Hər vaxtınız xeyir, dostlar! Hər birinizi bu gün, 26 iyun 2016-cı il tarixində salamlamaqdan çox məmnunam. Bu gün ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd edilir. Bu münasibətlə hər birinizi təbrik edirəm. Bu günün özəlliyi həm də odur ki, mən məhz 26 iyunda öz doğum günümü qeyd edirəm. Ötən il də 28 yaşdan düşən 14 damcı yazımda ad günü ilə bağlı bəzi fikirlərimi paylaşmışdım. Qısaca olaraq bildirirəm ki, ad günü anlayışı mənim üçün hər şeydən öncə geridə qalan bir ilin şəxsi hesabatıdır. Əlbəttə, bu gündə səni yad edən onlarla dost, yüzlərlə tanış sənin kənardan necə bir insan kimi göründüyünü də sənə göstərir. Məsuliyyəti də artırır ki, insan cəmiyyətə, insanlara, dostlara qarşı daha diqqətli olmalı, ən azı indiki kimi davam etməlidir.

Artıq neçə ildir ki, fürsət düşdükcə dostlara bildiyimiz, agah olduğumuz mövzularla bağlı fikirlərimizi çatdırırıq. Yaşa dolduqca insan məsləhət verməyin necə məsuliyyətli olduğunu başa düşür. Əvvəl daha çox danışdığın mövzularda, indi susmağın daha doğru olduğunu başa düşürsən. Paralel olaraq bəzi mövzularda dostların, tanışların, tələbələrin sonradan sənin hansısa istiqamətləndirməndən sonra faydalı bir işi orta qoyması səndə özünə inamı artırır. Nə gizlədim, paylaşmaq hissi, bildiyin, öyrəndiyin məsələləri bölüşmək, ən əsası insanları pozitivə yükləmək mənim həyatda ən çox sevdiyim məşğuliyyətdir.

İcazə versəniz, 29 yaşım günü bu gün və bu ərəfələrdə düşündüyüm 3 vacib qayda haqqında sizlərlə öz fikirlərimi paylaşım. Bunlar hamımızın bildiyi, eşitdiyi məsələlərdir, sadəcə emosional olaraq bu günlər şəxsən özüm çox dərindən bu məsələləri yenidən yaşadığımdan düşündüm ki, gerçək hekayələri çatdırırıq prinsipimə sadiq qalıb onları sizlərlə də bölüşüm:

Əvvəla, ‘düşün, özü də pozitiv’ qaydasından danışmaq istərdim. İnsan olaraq təəssüf ki, həyatda lazım olandan az düşünürük. Marketoloqlar həyatımızı rahatlaşdırmaq üçün o qədər innovasiyalar edirlər ki, hərəkətlərimizin çoxu düşünmədən baş verir. Hər gün evə getdiyim yolda diqqətli olmalı olduğum bir neçə yolayrıcı var. Onları keçəndə maksimum fikrim yolda olur. Amma bəzən beynimdə o qədər qarışıqlıqlar olur ki, evə çatanda yadıma düşür ki, mən oranı avtopilot rejimində keçdim. Bloqdakı yazıların birində bunun yaxşı və pis tərəfləri haqqında yazmışdım. Texnologiyaya bağlılıq bizi sadə gündəlik məsələlərdə problem həll etmək qabiliyyətimizi azaldır. Mən sudoku oyununu çox sevirəm. Rəqəmlərə 2-3 dəqiqə baxırsan, sanki çıxış yolu yoxdur. Amma sonra o ‘sehirli rəqəmi’ tapanda hər şey yoluna düşür. Bu gün adi ünsiyyətdə belə düşünmürük. Vacib olan odur ki, həm də insanlar, problemlər haqqında pozitiv düşünsün. Dostumuz bizə qarşı nəyisə səhv edirsə, xoş zənnlə bu barədə düşünüb onu anlamağa çalışaq.

İkincisi, ‘çox düşünmə, hərəkətə başla’ qaydasıdır. Mən planlaşdırma dəlisiyəm. Vacib deyil, kağızda, beynimdə belə sadə məsələlər bəzən uzun çək-çövür mərhələsini keçirlər. Qızıl-qızıl fikirlər ilişib qalır orda. Hətta hərdən deyirəm, ən maraqlı ‘yazılarım’ elə beynimə gəlib-getmiş bəzi fikirlərimdir ki, o qədər onlar haqqında fikirləşib güya ki, ‘vaxt tapmayıb’ burada yazmadıqlarımdır. İndiyə qədər həyatda nələrəsə nail olmuşamsa, ‘səndən hərəkət, məndən bərəkət’ prinsipi köməyim olub. Çox fikirləşmək insanın parlaq biznes ideyalarını öldürür. Çox fikirləşib, plan qurmaq və heç nə etməmək 2-3 ay sonra eyni prosesin yenidən başlamasına gətirib çıxarır. Hansısa gözəl bir qız gördüz dərhal da olmasa, qısa zamanda ona etirafınızı edin.

Üçüncü olaraq isə, ‘inamını itirmə və qanunauyğunluqlara inan’ qaydasını qeyd etmək istərdim. Özümün milyoner ola bilməməyimdə şəxsən sadəcə özümü günahlandırıram. Pul hərisi deyiləm, amma maddi təminat hər bir dövrdə vacibdir. Milyoner olmağı isə bir neçə ev və ya villa, bahalı maşın arzusu ilə istəmirəm. Tam başqa dəyərlər üzrə buna can atıram. Amma ki, görünür buna çox inanmıram. Bəlkə də bəzən öz gücümə inanmıram. Bu günümlə kifayətlənirəm, şüuraltı isə ‘bu mənim ən yaxşı performansımdır, başqa nə edə bilərəm ki’ düşünürəm. Həyatda hər şey qanunauyğun baş verir. Xaosun da öz qanunauyğunluqları Read more

Özünəməxsusluğun vacibliyi ilə bağlı bir neçə kəlmə

ilham ali yusif

Şəxsi inkişafla bağlı məsləhət vermək əslində çox asandır. Biz də ara-sıra bu bloq vasitəsilə öz təcrübəmizdən və başqalarının həyat təcrübələrindən olan məsləhətləri sizlərlə paylaşırıq. Prinsiplərimizə sadiq qalaraq, gerçək hekayələri çatdırırıq. 12 il qabaq məktəbi qurtardıqdan sonra universitetdə oxuduğum və sonradan işlədiyim müddətdə də mənə çoxlu məsləhət verən olub. Kitablardan, məqalələrdən mütəmadi öyrənməyə çalışmışıq. Bu məsləhətlərin bəziləri faydalı, bəziləri isə dağıdıcı olub. Ona görə də məsləhət vermək nə qədər asandırsa, bir o qədər məsuliyyətlidir. Çünki biz oxuduğumuz, öyrəndiyimiz məlumatlar əsasında öz inkişafımızı planlaşdırırıq.

Şəxsi inkişafın planlaşdırılması həm qəliz, həm də sadədir. Məsələn, elə insanlar var ki, qarşısına 100 özünüinkişaf məqsədi qoyur və nəticədə onların sadəcə 5-nə çatır. Elə insanlar da var ki, qarşısına 10 məqsəd qoyub az qala hamısını reallaşdırır. Şəxsən öz təcrübəmdə mən universitetdə oxuyarkən 4 xarici dili paralel öyrənmək istəyirdim, amma əlbəttə ki, nəticə yaxşı olmadı. Bu yaxınlarda isə PR ilə bağlı 3 kitabı oxumağı planlaşdırdım və həmişəkindən də qısa müddətə onları oxuyub qurtardım. Özü də inkişafdakı bu dağınıqlılıq yaşa baxmır. Məsələn yaşı 60-ı keçmiş insanlar var ki, konkret olaraq telefonda Facebook-u, Skype-ı öyrənir və praktik istifadə edir, elələri də var, çox istəyir ki, telefondan maksimum faydalansın, bütün proqramları bilsin, amma telefonu sadəcə zənglər üçün istifadə edir. Düzdür, bu həm də öyrənmə vərdişləri ilə bağlıdır.

Konkret olmaq üçün isə insan həyatda öz yolunu müəyyənləşdirməli və özünəməxsus olmaqla bağlı qərarlaşmalıdır. Bunun da ən vacib tərəfi özünü başqalarına bənzətməməklə bağlıdır. Digərlərindən nümunə götürmək, onların uğurlarına səbəb olan bilik və bacarıqları inkişaf etdirmək faydalıdır. Amma bundan öncə gərək özünüzü tanıyıb, necə biri olmaq istədiyinizi müəyyənləşdirəsiniz. Fərq etməz yaş 20 və ya 30-dur. Uğurlu insanlar xarizması və fəaliyyətləri ilə tez diqqət çəkir. Fikirləşirik ki, onun etdiyi filan şeyi etsəm, mən də uğurlu olacam, rahat iş tapacam və s. Biz onların həyatından aysberqin Titanikə dəydiyi tərəfini görmürük. Sadəcə epizodik hansısa qiymətləndirmə apararırıq.

Hər bir insan özü bir brenddir. Brendin də yaxşısı və pisi, uğurlu və uğursuzu olur. Aşağı-yuxarı bütün uğurlu brendlərin işləmə prinsipləri eynidir. Amma özünəməxsus olmayan və fərqlənməyənlərin uğursuzluğu çox olur. Məsələn, bilirik ki, dünyada özünü şüuraltı McDonald’s-a oxşatmaq istəyən çox brend var. Onun etdiyi çox şeyi təkrarlayırlar. Bəs nəticələr? Hansısalarısa orta səviyyədə, çoxu isə azacıq pozitiv nəticələrlə kifayətlənirlər. Amma nəticələr eyni olmayanda eqo və paxıllıq brenddaxili problemlərə səbəb olur. Eynisi insanın daxilində baş verir. Öz yolunu müəyyən etməmiş insan filankəs kimi olmayanda içindəki həsəd onu məhv edir. Həsəd bir qırağa, özün kimi olmamaq, özünü sevməmək, bəyənməmək, gördüyün işdən zövq almamaq, gerçək dostların və doğmaların olan ailəni və yaxınlarını qiymətləndirməməklə yaşamaq həyatı boşa verməkdir.

Bu bloq postu da maksimum konkret etməyə və bir neçə kəlmə ilə sizlər üçün faydalı olmağa çalışdıq. Əminəm ki, bizim bloqun izləyənlər öz inkişaflarında çox diqqətlidirlər və hərəsinin özünəməxsusluqları var. Hətta hələ də kopyalayanlar varsa belə əsas odur ki, siz öz üzərinizdə çalışırsız və sizə də tezliklə öz yolunuzu tapmağı arzulayıram.

Tədbirə söz ola bilməz

Hər birimiz ən azından bir dəfə ad günü təşkil etmiş və ya işimizlə bağlı 5 və ya 5 min nəfərlik bir tədbir həyata keçirmişik. Tədbirin hazırlığı etiraf edək ki, daha həyəcanlı və gərgin olur. Tədbirə az qalmış gərginlik artır, artır və tədbirin sonunda həyəcan demək olar ki, çıxıb gedir. Yenə də insandan insana hisslərin bu cür dinamikasında fərq ola bilər. Yekunda həyəcanın azalmasına gətirib çıxaran məsələlərə də özünütənqid, ‘daha yaxşı ola bilərdi’ tipli özünü qınamalar liderlik edir. Səhvlərdən öyrənmək üçün bu da lazımdır, amma realist olub, mükəmməlikdən bir balaca kənarlaşıb tədbirin uğurlarından zövq almaq haqqımızdır. Bunun üçün isə növbəti məsələlərə tədbirdən öncə və tədbir zamanı nəzər yetirmək tövsiyyə olunur:

Planlaşdırmaq

Planlaşmanı xoşlamayanlar bu bəndi oxumadan o biri bəndə keçə bilər. Amma ki, plansız tədbir sizin vaxtınıza da, pulunuza da, əsəblərinizə də, qısası resurslarınıza qənim kəsiləcək. Planınızın 100 səhifə olması və ya hər bir detalın xırda-xırda yazılması vacib deyil, əsas odur ki, 1 səhifəlik olsa da yol planınız yazılsın, elementlər göz qabağında olsun. Onsuzda işin icrasına keçdikdə plan da dəyişəcək, əlavələr də olacaq. Amma planlı iş tədbirə qədər beyninizin potensialının başqa vacib məsələlərə də tam gücü ilə ayrılmasına imkan verəcək. ‘Mən bir də nəyi edəcəkdim’lər də minimuma enəcək. Həmçinin plan sizə tədbirdən olan gözləntiləri müəyyən etməyə imkan verir ki, sonda bu da nə dərəcədə müvəffəq olmanızı qiymətləndirməyə imkan verir.

Mükəmməlikdən bir qədər uzaq olmaq

Ağıllı fikirləşənə qədər ‘dəli’ tədbiri keçirib qurtardı. Təcrübəmdə işini çox gözəl bilən, savadlı insanlar arasında özünə əmin olmayan şəxslər var ki, sırf bu da onların hər bir işə mükəmməl yanaşmaqları ilə bağlıdır. Belə şəxslər hər hansı bir işə başlayanda ‘birdən mükəmməl olmaz’ prinsipi ilə yanaşıb xırda detallarda itib batırlar. Əgər bütün işi mükəmməl görə biləcəksənsə burada pis heç nə yoxdur demək olar. Amma tədbir varsa onun hansısa bir çatışmayan cəhəti də olacaq. Həm də ki, mükəmməllik axtaran şəxs tədbirdəki xırda bir uğursuzluğa görə ümumi tədbirdən məmnun qala bilmir.

Güclü tərəfləri önə çəkmək

Tədbirə çox az qalmış, bu çatmır, onu etmədim, bu çox pis alındı deyib ümumi işin keyfiyyətinə ciddi təsir edə bilərik. Əsas odur ki, müxtəlif komponentlər üzrə qiymətləndirmə aparıb güclü olan tərəfləri düzgün istifadə edə biləsiniz. Məsələn, restoranda qabaqcadan ürəyinizcə olan masa sifariş edə bilməyibsinizsə, ad gününüzə toplaşan dostlarınızın restoranın bir küncünə yığışmasına baxmayaraq dadlı yeməklərdən və gözəl musiqidən zövq ala bilməsinə nail olmaq ki mümkündür. Siz mənim canım, bağışlayın yer də yaxşı olmadı deyib sıxılmaq lazım deyil.

İcradan nəzarətə keçmək

Tədbirlərdə təşkilatçıların can fəşanlığı çox yüksək qiymətləndirilir. Amma ki, qonağa stul gətirən və ya restorandan çölə çıxıb tortu gətirən adamı qarşılayan şəxsin onun haqqında deyilən arzulara sadəcə qulaq asmadan ‘var olun’ deməyə gücü çatır. Tədbirlərdə təşkilatçılar qabaqcadan tərtib edilmiş nəzarət mexanizmləri ilə elementləri digərlərinin iştirakı ilə işlətməyi bacarmalıdır. Güclü tərəfləri önə çəkməklə bağlı dediyimizə qüvvət, hansısa bir xırda elementə fokus olub onu icra etməklə, tədbir anı yaşana biləcək böyük hadisələrdən xəbərsiz olmaq ‘event manager’-ə yaraşmaz. Qısası tədbirinizi yaşamaq lazımdır.

Deadline da ki öz yerində

Əslində istənilən tədbirin fəaliyyət elementlərində gecikmələr olur. Düz ölç lap 1 milyon biç. İşin icrası plandakı kimi olmur. Xüsusən də ki, tədbirə çox az qalmış müxtəlif istiqamətlər üzrə gecikmələr varsa, onda əhval əməlli-başlı korlanır. Nəzərə alsaq ki, çoxumuz üçün deadline, əslində işi təhvil verəcəyimiz tarixə hələ bir neçə gün qalıb anlamına gəlirsə. Burada sizə və özümə bir tövsiyyəm var. Deadline-ı olan hər bir işi deadline-a 2-3 gün qalmış yekunlaşdırmaq. Amma prosesləri qabaqlamışıq deyib qazanılmış günləri heç bir halda boşa vermək olmaz! Ad gününə qayıtsaq, əgər atanıza portret hədiyyə etmək istəyirsinizsə rəssamdan son işi ad günündən 1 gün qabaq yox, 3 gün qabaq alın.

Hələ ki, yuxarıdakı məsələlərlə bağlı qeydlərimizi etdik. Siyahı arta da bilər. Əsas odur ki, tədbirimizə söz ola bilməz deyib arxayınlaşmaq olmaz. İstənilən halda tədbirinizə hər hansı bir neqativ söz belə varsa hansı səhv(lər)in olduğunu öyrənib faydalanın. Çünki növbəti tədbirinizdə ən azı bu səhv(lər)i buraxmış olmayacaqsınız. Sizə xoş tədbirlər!

Alət çubuğuna keç