Hansı işin dalınca düşüb gedim?

ilham ali yusif

2016-cı il son 10 il üzrə ölkəmizdə biznes dünyası üçün çox ağır keçdi. Xüsusən də əmək bazarında bunu hiss etmək oldu. İş yerləri bağlandı deyə, xaricdə oxuyub gəlmiş bəzi gənclər, elə özümüzdə də azdan-çoxdan oxuyanlarımız iş tapmaqda çətinlik çəkdi deyə bir çox insan gələcək karyerası haqqında ciddi-ciddi düşünməyə başladı. Mən bu yazımda içi özümqarışıq hamımıza yaxın 5-10 il üçün Azərbaycan reallıqları ilə karyera perspektivlər haqqında bəzi fikirlərimi paylaşıram.

Əvvəla onu deyim ki, bizdə məlumat qıtlığı və statistik məlumatların reallıqdan uzaq olması fikirlərimizə elmi-nəzəri dəstəyi qatmağa mane olur. Ona görə bu yazımız daha çox müşahidələrimiz, HR-larla və biznes sahəsində olan şəxslərlə söhbətlərimiz, iş elanları saytlarını gündəlik ziyarətlərimiz və xarici iqtisadi və innovativ trendləri izləməyimiz faktorlarına əsaslanır. Beləliklə, bu yazıda 3 əsas məqama toxunuruq:

1) İxtisaslaşma – Azərbaycanda öz işini gözəl bilən ciddi kadr qıtlığı var. Çünki ölkədə geniş miqyaslı bizneslər çox azdır. Həm də təhsil sistemində problemlər var. İndiki vəziyyət göstərir ki, bu hələ çox davam edəcək. Yaxşı karyera imkanı verən iş yeri azdır deyə gəncləri də ixtisaslaşmağa həvəsləndirmək çox çətindir. Amma çıxış yollarından biri budur. Hamı biznesmen olmayacaq. Bunu qəbul edib öz sahənizi seçməli və fikrinizi bu sahəyə yönəltməlisiniz. Özünüzü yaxşı tanımağa çalışın. Son bir neçə ay ərzində etdiklərinizə nəzər yetirin. Sizdən yaxşı işçi, yoxsa menecer çıxar? Yoxsa, siz əziyyət çəkərək öz 3 manatınızı 5 manat edə bilirsiz? Məhz, buna görə özünüzü yaxşı tanımağı tövsiyyə edirəm. Bizdə öz sahəsini yaxşı bilən insan qıtlığı var. Dar ixtisaslaşmada iş tapmaq çətindir deyə, hamı universal olmağa çalışır. Amma təcrübə göstərir ki, bir sahəni yaxşı bilən və fikrini konkret cəmləyən şəxslər istər mühəndis, istər maliyyəçi, istərsə də İT-işnik kimi daha uğurlu olurlar.

2) Öz biznesiniz və start-up-lar – Təlim şirkəti, konsultant, CEO və s. sözlər xüsusən biznes sahəsində olan insanlarda qıcıq yaradır. Mənim sosial mediada müxtəlif peşələrdən olan insanlardan dostlarım var. Amma əlbəttə ən çox məhz biznes və marketinq sahəsindəndir. Ona görə də dostların fəaliyyətini ara-sıra görürəm. Pozitivi, hər şeydən narazı olanı, özündənrazısı, sadəsi, bacarıqlısı, işgüzarı və daha hansıları yoxdu ki onların arasında. Mənim fikrimcə, bizdə hələ çox az start-up var. Sadə desək bizdə öz biznesini qurub onun dalında durmaq istəyən insan çox azdır. İqtisadiyyatı oturuşmuş ölkələrdə Z nəslinin nümayəndələrinin az qala yarısından çox öz gələcək karyerasını ancaq öz biznesini qurmaqda görür. Bizdə isə insanlar başlarını salıb öz işə məşğul olmaq əvəzinə daha çox danışırlar. Konkret iş ilə məşğul olanlar da faydasını görür və şəxsən mənim tanıdığım bəzi yaşı 30-dan az olan insanlar var ki, sosial mediada şəxsi aktivliyi olmadan uğurlu biznes model qurub. Tövsiyyəm ondan ibarətdir ki, yeni biznes üçün düzgün biznes model qurun. İndi İT yönümlü ideyalar üzərindəki bizneslər daha uğurlu olur. Turizmi, maliyyə sektorlarını İT ilə birləşdirib milyonlar qazananlar var. Ona görə də məsələn mobil tətbiq hazırlayıb restoranları müştərilərə təklif edirsinizsə, bunu biznes model halına salın və işinizi sadəcə bu tətbiqin hazırlanması ilə bitmiş saymayın. Fikirləşin ki, fəaliyyətiniz ilə restoranlara, müştərilərə davamlı necə faydalı olacaqsınız. Yoxsa texniki biliklər indi çoxunda var və mobil tətbiq hazırlamaq və ya ‘oğurlamaq’ elə çətin deyil. Ümumilikdə isə bu sahə gərək heç kimdə qıcıq yaratmasın. Qlobal gerçəklikdi. Adi hava proqnozunu öyrənmək üçün son illərə qədər axşam saat 9-un yarısını gözləyən insanla, bunu telefonunda dərhal görüb və istənilən məlumata dərhal çıxa bilən insanın düşüncəsində fərq böyükdür.

3) Qlobal düşüncə – Biz yazılarımızda və söhbətlərimizdə daima lokal yox, qlobal səviyyədə düşünməyə dostları təşviq edirik. Baxın, son 3-4 il ərzində ətrafımızdakı nə qədər insan Amerikaya yaşamağa üz tutub. Trampın qəzəbinə tuş gəlməsələr heç inanmıram ki, üzlərini yenidən Azərbaycana çevirsinlər. Ən yaxşı halda bizə kompüterin və ya telefonun ekranından baxıb, hər şey insanın öz əlindədir dahi məsləhətini verəcək. Təbii ki, bu bir zarafatdır. Əsas demək istəyim odur ki, qlobal səviyyədə karyera qurmaq haqqında düşünün. Öz biznesini qurmaq haqqında yuxarıda yazdım, bu biznesi Azərbaycan ilə məhdudlaşdırmayın. Bizim ölkə çox balacadır və ideyanızı, təcrübənizi bu balaca ölkədə itirib batırmayın.

Qısası, çox yazmaq olar. Amma gələcəyimiz haqqında həmişə gərək real düşünək. Unutmayın ixtisaslaşsaz, biri işi gözəl bacarsaz, bunu həm öz biznesinizə çevirə bilər, həm də beynəlxalq səviyyəyə çıxa bilərsiniz.

Alət çubuğuna keç