‘Uğurun xəritəsi’ kitabı haqqında danışırıq (Video)

Murad Məmmədovun gerçək hekayələri əsasında yazdığı kitab haqqında təqdimat. ‘Uğurun Xəritəsi’ kitabı artıq satışa da çıxdı. Qaldı sizin alıb oxumanız. Fikirləşirsiz alım, almayım? Onda cavabı növbəti videomuzda tapın. Onsuzda almaq istəyəcəksiniz 😉

Məhdudiyyətlərə gülən oğlan!

Murad Mammadov

Divanda oturub bu kanallar nə vaxt düzələcək, qarşı yola çıxıb bu adamlar nə vaxt normal maşın sürə biləcək , özünə bir CV hazırlamayıb iş olsaydı işləyərdik, əvvəl də xoşumuza gəlməyən kafeyə gedib bunlar da düzəlmədilər kimi şikayətlər deyir insanın xislətindədir. Hərdən insanlar elə primitiv məqamlarda şikayət edirlər ki, qalırsan mat-mətəəl. Əminəm ki, bu gün bloqumuzda uğur hekayəsi rubrikasinın qonağı belə şikayətçilərə bizdən də çox təəccüblənir. Mən onu 3 ildir ki, tanıyıram, bir çoxlarınız bəlkə daha uzun müddətdir ki, onun haqqında azdan-çoxdan bilirsiz. Bu insanın üzü həmişə gülür. Daima axtarışda və fəaliyyətdir. Bir neçə layihədə onunla birgə işləmək imkanımız olub. Xoşuma gələn xüsusiyyəti odur ki, müəyyən fiziki məhdudiyyətlərinə baxmayaraq, heç bir halda bunu iş prosesində hiss etdirmir və ən əsası bir daha deyirəm, üzü həmişə gülür 🙂 Fotodan tanımadınızsa bu oğlan Murad Məmmədovdur.

Bir insanın 5-dən 7-ə qalxması geniş miqyaslı uğur ola bilər. Əslində hər bir uğur böyük zəhmət tələb etsə də, mənim üçün 1-dən 5-ə qalxan insanın uğuru daha dəyərlidir. Çünki çoxumuz fundamental mərhələlərdə uğurla mübarizədə uduzub 5 nədir, 3-ə çata bilmirik. Əlbəttə bu rəqəmlərlə olan bölgü nisbidir. Amma əminliklə Muradı belə bir bölgü üzrə 1-dən başlayıb 5-dən yuxarı qalxan insan kimi təqdim etmək istərdim. Bu isə o qədər də asan olmayıb. Bu yazımızda kitab dili ilə desək qəhrəmanımızın keşməkeşli həyat yolundan müəyyən bir parçanı, onun gələcək planlarını və ən əsası iradə zəifliyi olan insanlara tövsiyyələrini təqdim edəcəyik. Sual-cavab formatlı bu yazını Muradın öncədən göndərdiyimiz suallara cavabları və qısa şərhlərimlə birgə təqdim edirəm: 

Maddi və fiziki məhdudiyyətlər bizə tək özümüzə inamı azaltmır, həm də imkanlarımızı azaldır. Özün-özünə nə qədər inamlı olsan da, əgər özünü reallaşdırmaq üçün imkanlar yoxdursa işin, daha doğrusu həyatın çətin olacaq. Murad imkansızlıqda özü-özünə imkanlar yaradıb. İndi o bu təcrübəni paylaşmaqda çox həvəslidir:  

  • Uşaqlıqda məni ən çox, gəzə bilməməyim və yaşıdlarımın məktəbə getdiyi bir zamanda mənim gedə bilməməyim üzür və həvəsdən salırdı. Bunun öhdəsindən həkimlərin heç vaxtı gəzə bilməyəcəksən deməklərinə baxmayaraq, onların dediklərini bir kənara atıb öz cəhdlərimi edərək gəzməyə başlamağımla və digər alternativ üsullarla özümü inkişaf etdirərək məktəbdə ala bilmədiyim təhsili kompensasiya edərək gəldim. Bu gün isə məni üzən insanların sevincli və uğurlu biri olmasının öz əlində olduğu halda, xırda məsələlər qarşısında üzülüb və özlərinin istədiyi bir həyat uğurunda mübarizə aparmamalarıdır. Bunun üçün isə bacardığım qədər insanlara sevincli olmağın və uğur qazanmağın üsulları haqqında bəhs edərək onlara motivasiya verməklə həll etməyə çalışıram. 

Muradı daha çox sosial mediadan tanıyırıq. İlk baxışdan düşünmək olar ki, Muradın yerində kim olsaydı internetsiz çətin özünə bu qədər inam qazana bilərdi. Ona görə də bu stereotipi qırmaq üçün Muradın internetsiz həyat haqqında da fikirlərini öyrənməyə çalışdım: 

  • Mənim uşaqlıq illərimdə ölkəmizdə internet anlayışı yeni-yeni formalaşmağa başlayırdı, yəni 10 nəfərdən 3-ü bu haqda bilər ya bilməzdi, yəni yox kimi bir şey idi. Lakin buna baxmayaraq elə o zamanlarda da mən yaşadığım məhlədə məhlə yoldaşlarımı başıma yığır, onlarla söhbət edir, fikirlərimi bölüşürdüm. Doğrudur bu gün internet mənim özümü reallaşdırmağıma və daha çox kütləyə xitab etməyimə əvəzsiz səbəbdir, lakin düşünürəm ki, bu gün də internet olmasaydı, mən mütləq ki bu daxili potensialı nümayiş etdirmək üçün alternativ üsullar istifadə edərdim. Məsələn hər hansısa bir dərnək və ya QHT qurmaqla və ya onsuzda indi olduğu kimi canlı çıxışlar etməklə. 

Çox insanın bu ölkədən baş götürüb getmək istəyinin Muradda olub-olmadığını soruşmaq qərarına gəldim. Çünki bizim ölkədə imkanlar sənin üzərinə hər deyəndə gülmür. Həm də insanlar uğursuzluğu ölkədəki psixoloji duruma da bağlayırlar. Murad isə bir qədər fərqli düşünür: 

  • Açığı bu gün gənclərin bir çoxu nədənsə xaricdə yaşamağa meyl edir, düşünürəm ki, əgər bu istək özünü inkişaf üçündürsə dəstəkləyirəm, lakin şəxsin bir sıra psixoloji gərginlikləri və ya mənəvi narahatçılıqları varsa, ölkədən gedib başqa ölkədə yaşamaqla bu problemini həll edə bilməyəcək. Çünkü insanın daxili narahatlığı olduqda Somalidən Amerikaya köçsə belə heçnə dəyişməyəcək və ya daxili rahatlığı mənəvi dincliyi olduqda dünyənin istənilən bir ölkəsi onun gözündə dünyanın ən gözəl güşəsi olacaq. Mən də arada düşünürəm ki xarici ölkədə yaşasaydım necə olardı. Açığı çox sərbəst biriyəm, istənilən zaman istədiyim yerdə gedib yaşaya bilərəm bunun üçün heç bir məhdudiyyətlərim yoxdur. Sadəcə düşünürəm ki, ilk növbədə ölkədə özümü tam olaraq doğrultduqdan sonra sırf özünü inkişaf üçün bir müddət hansısa bir ölkədə yaşaya bilərəm. Bir də İsveçrədəki gözəl təbiət və təmiz havadan çox eşitmişəm, dincəlmək üçün ora səyahət etmək istərdim.

Murad ötən il Bank of Baku tərəfindən keçirilən ‘Məhdudiyyətlərə Meydan Oxu’ layihəsinin iştirakçısı olub. Elə bu layihədən sonra da Bank of Baku-da Məlumat Mərkəzində operator kimi çalışır. Amma o bu işlə kifayətlənmir. Birincisi cəmiyyətə daha çox faydalı olmaq istəyir, ikincisi isə özü da başa düşür ki, insan əziyyət çəkərsə daha da uğurlu ola bilər. Cavabında özü daha ətraflı danışır:

  • Bankda Məlumat Mərkəzində çalışmaqdan əlavə təlim və seminarlar keçirəm, həmçinin bir neçə il sosial media meneceri kimi bir neçə şirkətdə çalışmışam. İndi həm tam ştatlı işləməyim, həm də digər planların SMM kimi işləməyimə imkan vermir. Həmçinin, deyirlər ki, bloqer olaraq gözəl məqalələr yazmağı bacarıram. (Murad gülür, belə ciddi sima alma, sən də gül J) Həmçinin, əlillik sahəsi üzrə ekspert olaraq formalaşmışam. Əlilliyi olan insanların bu günkü günümüzdə hər kəslə bərabər hüquqlu bir şəxs olaraq cəmiyyətin ayrılmaz bir parçası olmaları üçün nələrin gərəkdiyini çox gözəl bilirəm və bu sahədə müxtəlif fəaliyyətlər həyata keçirirəm.

Bəzən iradə və həvəs də imkansızlıqlara qalib gəlməyə imkan vermir. Yaxud da həyatı müsbətə dəyişəcək hər hansı bir şeyi vaxtında etməyə mane olur. Murad da İngilis dilini vaxtında öyrənə bilməməyə peşmandır. Amma fikir verin ki, bunu əlində bayraq etmir və inanır və çalışır ki, tezliklə bu dili də öyrənsin.

  • Məhz İngilis dilini vaxtında öyrənməməyə görə çox peşmanam. Qalan hər şeyi vaxtında və bəzən hətta vaxtından tez öyrənmişəm. Bir şeyi demək yerinə düşər ki, mən bu vaxta qədər demək olar hər şeyi tək etmişəm, maddi və mənəvi dəstəyim heç bir zaman olmayıb, ona görə də İngilis dili və ya başqa nələrisə vaxtında etmədiyimə görə özümü çox da qınamıram, çünkü mütləq nələrisə etməyəcəkdim, çünkü hər şeyi və vaxtında tək başına etmək bir qədər qəliz məsələdir. Amma ümid edirəm ki, bunu da yaxın zaman da həll edəcəm.

Əlbəttə ki, bu yazı Muradın həyatından çox xırda məqamları əhatə etdi. O qərəra gəlib ki, insanlara öz imkanlarına yenidən baxmağa imkan verəcək bir kitab yazsın. Mən özüm bu kitabı səbirsizliklə gözləyirəm. Kitabı müəllif qısa belə şərh etdi:

  • Hal-hazırda çap olunması üçün bəzi təşkilatı məsələlərin həllini gözlədiyi yeni kitabım çətinliklərə baxmayaraq uğur qazanmaq istəyən hər kəsə kömək olacaq. Xüsusən də gənclərə. Həmçinin kitabda sırf hər hansısa bir sahədə deyil, istənilən bir sahədə gərəkli olan əsas məsələlər haqqında bəhs edilir. Bəzən insanlar hər hansı bir xarici ölkələrdən məhdudiyyətli insanların uğur hekayələrini böyük həvəslə paylaşırlar. Mən deməzdim, bu konkret olaq mənim uğur hekayəm üzərindən yazılan bir kitabdır, amma real olaraq Azərbaycan şəraitində bir çox həvəssiz və iradəsiz insana həyatları haqqında daha fərqli düşünməyə imkan verəcək bir kitabdır. İnanıram ki, kitab böyük maraqla qarşılanacaq.

Muradın özü deməsəydi belə sosial mediadan da görmək olur ki, o macəralı bir həyat tərzinə üstünlük verir. Hərçənd ki, özü bunu plansız həyat adlandırır, daha dəqiq desək isə bu çərçivəsiz həyatdır. İstənilən halda növbəti illərdə o özünü daha dolğun və yaradıcı biri olaraq görmək istəyir. Sevgi oyunlarından yorulmuş Murad ailə də qurmağı planlaşdırır.

Əlbəttə ki, məhdudiyyətlər yeni imkanlar açmaq bir fürsətdir demək asandır. Əslində bu fürsətlərə çatmaq üçün gərək normal mühit də olsun. Amma bütün bu fonda iradənin gücü danılmazdır. Mən hamınıza gördüyünüz hər bir işdə və ümumilikdə bütün həyatınızboyu Murad kimi iradəli və pozitiv olmağı arzulayıram!

Qədir ağacı – daxili kommunikasiya haqqında bir neçə kəlmə

Qədir ağacı – daxili kommunikasiya haqqında bir neçə kəlmə

Nahaq yerə bu qədər əziyyət çəkdim. 10 ilimi boşa verdim. Vaxtında ağlım olsaydı heç bu qədər gözləməzdim. Mən az qala 5 il gecə-gündüz bu şirkət üçün can qoydum. 3 ildir ki, maaşım qalxar deyə səbr edirəm. Mənim yerimə götürdüklərini 1 ilə menecer etdilər. Aramızda belə insanların sayı belə olmayanlardan qat-qat çoxdur. Çünki təbiətən çoxumuz iş yerində ağacların, daha doğrusu qədir ağaclarının əkilməsini istəyirik. Amma nədənsə iş yerlərini güllər-çiçəklər bəzəsə də, bu ağaclara demək olar ki, heç rast gəlinmir və sonda da yuxarıdakı şikayətlər ortaya çıxır. Fikrimcə, vəzifəsindən, təcrübəsindən asılı olmayaraq öz gördüyü işi peşəkar görən insanın bu ağac haqqında düşünməyinə heç ehtiyacı yoxdur, xüsusən də Azərbaycan biznes mühitində. Ən yaxşı halda həmin insan üçün əkilmiş ağaclar o işdən çıxar-çıxmaz yaşıllaşdırma (oxu – müdirin adamları) idarəsininin iştirakı ilə kəsiləcək. Amma istənilən halda bu təbii ehtiyacı tənzimləmək işçilərin daxili aləmi baxımından çətin olduğundan şirkətlərin bununla bağlı etməli olduğu bəzi məsələlər ilə bağlı fikirlərimi sizlərlə bölüşmək istəyirəm.

Niyə görə bu ağaclar əkilməlidir?

İşçi sayından, dövriyyəsindən asılı olmayaraq hər bir şirkəti hər bir vəziyyətdə dözümlü edən məhz onun daxili kommunikasiyası və öz işçilərinə verdiyi dəyərdir. İstər pul üzərində olan motivasiya sistemi olsun, istər şirkətin işçini qoruyub saxlamaq üçün etdiyi manipulyativ alətlər olsun, bunlar səmimi mühit ilə müqayisədə effektsizdir. Əlbəttə motivasiya da, bonuslar da çox vacibdir. Ancaq şirkət üçün vacib olan hər bir işçinin şirkət üçün vacibliyini göstərə bilən və onların şirkətin ən vacib resursları olduğunu xatırlada bilən və onların qədirlərininin bilindiyini göstərən səmimi mühiti varsa, işçilər dar gündə belə loyal olaraq qalacaqlar və ümumiyyətcə şirkəti dar günə düşməyə qoymayacaqlar. Məhz bu səbəbdən hər bir şirkətin belə simvolik bağı olmalıdır ki, orada ara-sıra bu ağaclar əkilsin.

Bu ağacları kim(lər) sulamalıdır bəs?

Əlbəttə, ilk ağla gələn HR olur. Bu menecer və supervayzerlər də ola bilər. Burada istifadə edilə bilinən ən effektiv alətlərdən biri məhz PR-dır. Çünki mesajın kim tərəfindən ünvanlanmasından asılı olmayaraq PR məğzi açmağa, istənilən xoş addımı reklam kimi təqdim etməyib onu nümunə kimi göstərməyə imkan verir. Bəzən hansısa işçi doğurdan da şirkət üçün çox vacib işlər görür, inanılmaz satışları reallaşdırır və ya alışlarda şirkətin böyük qənaət etməsinə səbəb olur. Elə işçilər var ki, onlar şirkətin ideologiyasını bütün gənc işçilərlə paylaşırlar. Əgər bəzi nailiyyətləri performans dəyərləndirilməsiilə görmək mümkün olursa, bəzi pozitiv addımlar var ki, onları şirkətdə heç də bütün işçilər duya bilmirlər. Burada məhz işə yarıyan daxili səmimi kommunikasiyadır. Şirkət rəhbərinin hamıya ünvanlanan e-maili və ya HR və ya Marketinq şöbəsindən gələn e-maillərlə məhz niyə görə ağacların əkildiyini ‘izah etmək’ elə bu ağaclara su tökməyə bərabərdir. 

Bir də görürsən dağ boyda ağac kəsildi, yerində bir ‘dekorativ ağac’ əkdilər

Hansısa bir sistemi qurmaq, bunun üçün bəzən illər sərf etmək. Azərbaycanda biznesin yaşı çox olmadığından indi yaşı 30-35 olanlar üçün bu çox tanış mühitdir. Bəzən gündəlik işlərin içində itib-batmaq da imkan vermir ki, işlərini tam mükəmmələşdirəsən. Hansısa səbəblərdən şirkətdə böyük əziyyət çəkmiş belə insanlar çıxıb gedəndə onun yerinə gələn yeni insan artıq hazır platformada işə davam etdirir. Öncəki işçinin fiziki olaraq vaxt çatdıra bilmədiyi işləri yeni işçi artıq daha rahat görür. Çünki öncəkindən fərqli olaraq o platforma qurmağa vaxt-filan sərf etmir. Belə epizodlarda da ən böyük səhvi məhz şirkət rəhbərləri, menecerlər edirlər. Onlar öncəki işçinin əməyini puç edirlər və bəh-bəhdən onun üçün əkilmiş ağaclar doğranıb əvəzində yeni işçi üçün dağdan da böyük ağaclar əkirlər. Yeni işçinin əməyinə kölgə salmaq olmasın, amma mən belə ağaclara dekorativ ağac deyərdim. Bu işə qarışmalı olan məhz HR, Marketinq və Kommunikasiyalar olmalıdır ki, şirkətdaxilimühit də xoşagəlməz söhbətlər olmasın və hərənin öz dəyərli yeri bilinsin.

Peşəkarlıq həm də işə həvəslə yanaşmaq və işi ürəklə görməkdir. İnsanın peşəkar çalışması hər şeydən, hamıdan öncə məhz özü üçün vacibdir. Maksimum çalışmaq lazımdır ki, sənin qədrini bilən insanların əhatəsində, iş mühitində olasan, ancaq bəzən bizdən asılı olmayan səbəblərə görə bu mümkün olmur. İnanıram ki. bu məsələlər də 19 dekabrda baş tutacaq Milli İnsan Resursları Forumunda müzakirələrdən qaçmayacaq.

Divardakı sertifikatlar – Növbəti il üçün təlim planı

İlin sonu yaxınlaşır və əksər şirkətlər reallaşıb-reallaşmayacağından asılı olmayaraq 2015-ci il üçün öz planlarını hazırlayırlar. HR menecerlər, Təlim koordinatorları da şöbə, bölmə rəhbərləri ilə birgə işçilərin təlim-inkişaf planını hazırlamaqdadırlar. Bunu bəziləri şirkətin növbəti il üçün planları və işçinin peşəkarlığı və inkişafı üzrə ciddi şəkildə aparır, kimlərsə də sadəcə 10 nəfəri satış təliminə, 8 nəfəri menecer, 5 nəfəri marketinq kursuna, 50 nəfəri İngilis dili kursuna göndərərik, HR da yaxşı bir treninqə getsin deyə ‘planlar və büdcələr’ qururlar. Təlim və inkişaf planının işlənildiyi vaxtda düşünürəm ki, növbəti qeydlər faydalı olacaq:

1) Daxili akademiyanın gücü

Şirkətin böyük və kiçik olmasından asılı olmayaraq daxili akademiyanın olması tövsiyyə olunandır. İşçi şirkətdən gedəndə çönür geri baxır, fikirləşir ki, bu şirkətdə işlədiyim vaxt iş prosesi və rutin işlərin icrasını təkmilləşdirmədən başqa nələrisə öyrənə bildinmi?! Kitabxana, onlayn təlimlər, sağlamlıq və təhlükəsizlik, İT bilikləri, satış və şirkətin müvafiq fəaliyyəti ilə bağlı seminarların və təlimlərin təşkili tövsiyyə olunandır. Daxili akademiyada kənardan təlimçi və mütəxəssis gətirmək ayıb deyil. 🙂

2) Büdcənin xərclənməməsi

Şirkət 1 il üçün 30 000 AZN büdcə planlayır və il sona çatanda baxır ki, cəmi 5 000 – 6 000 pul xərclənib. Yayda məzuniyyətlər, digər vaxtlarda menecerlərin işçiləri təlimlərə ‘buraxmaması’ ilin sonuna belə vəziyyət yaradır. Bu da iki problemə səbəb olur. Şirkət pulu xərcləmək üçün şirkətin biznesi üçün o qədər də fayda verməyən təlimə işçiləri yazdırır və ya təlim üçün pulun xərclənmədiyini görən rəhbər növbəti il üçün daha az pul ayırır.

3) ‘Veytinq list’

Azərbaycanda təlim şirkətlərinin sayı artır, amma bəzi mövzular üzrə geniş təkliflər yoxdur. Xüsusən də hər hansı spesifik mövzu üzrə 1-2 əməkdaşınız varsa, o zaman aylarla ‘veytinq list’-də qalmaq lazım olur. Veytinq listdə çox qalmamaq üçün tövsiyyə olunur ki, ən azından Türkiyədə, Rusiyada bu təlimin keçirilməsi ilə maraqlanasınız və işçilər təlimi xaricdə keçsin.

4) Xaricdə təlim

Xaricdə təlimdən söz düşmüşkən, əgər işçinizi növbəti ildə xaricdə təlimə göndərəcəksinizsə bunu aprelə qədər həll edin, getsin. Gözlətmək və uzatmaq demotivasiya edicidir. Xüsusən də, işçiniz xaricdə az olub və bu səfər onu aylarla həyəcanlandıracaqsa. Xaricdə təlim çox güclü motivasiyadır. Böyük şirkətlər bu mexanizmi ciddi şəkildə tətbiq edirlər. Hətta bilirlər ki, işçi bu sahədə kifayət qədər bilikli və məlumatlıdır. Xaricdən təlimçi gətirməklə bağlı ayrı bir bloq yazmağa çalışacağam.

5) Dəqiq təlim ehtiyacı

Layihələrin və işin xüsusiyyətləri, işçilərin bacarıqları və bacarıqsızları fonunda düzgün təlim ehtiyacını da müəyyən etmək ən vacib məsələlərdən biridir. İşçidən soruşsan deyəcək filan kurs, filan təlim. Amma menecer özü də işçidəki inkişaf edilməyə ehtiyacı olan bilik və bacarıqları müəyyən etməyi bacarmalıdır. Həm də bizə marketinq təlimi lazımdır deyə qərar vermək düzgün olmaz. Xüsusən də sizə konkret telemarketinq, daha dəqiq telefon üzərindən satış həyata keçirməklə bağlı təlim lazımdırsa. Təlimə ümumi mövzu yanaşması düzgün deyil, yoxsa təlimdən elə böyük fayda olmaz.

6) Teambuilding 

Qrup şəklində təlimlərə üstünlük verin. Fürsət düşdükcə təlim bəhanəsi ilə işçilərinizi toplayın. Bu imkan verəcək ki, həm problemlər və çətinliklərə birgə baxılsın, həm də işçilər arasında sosial bağlılıq artsın. Teambuildinq təlimlərinin fiziki tapşırıqları ilə yanaşı, xüsusi praktik-nəzəri tapşırıqları da olur.

7) Bu insandan kimsə ‘çıxacaq’?!

Təlim özü də maaş kimi bir ‘öhdəlikdir’. Düzdür bu yüngüldür nisbətən. Amma işə götürən sağlamlıq və əməyin təhlükəsizliyindən tutmuş iş prosesinin təşkili ilə bağlı ilkin biliklərlə işçini təmin etməyə borcludur. Sonradan isə davamlı onun inkişafına şərait yaratmalıdır. Axı həyata bir dəfə gəlirik və ortalama karyeraboyu 8-10 iş yerində işləmək imkanımız olur. Məgər işçinin hər bir iş yerində ən azından bir sertifikatı həvəslə iş masasının bir küncündə qoymaq və ya divardan asmaq xoşbəxtliyini yaşamaq haqqı yoxdurmu?! 

Bütün bunlar öz yerində, amma peşəkar təlimlər üzrə olan marketinq-satış təcrübəmdən deyə bilərəm ki, təlim, təlimatlandırma öz yerində, amma ən vacib şirkətin yeniliklərə və dəyişiklikkərin idarəedilməsinə peşəkar yanaşmasıdır. İşçi gedir təlimdə yeni yanaşmaları öyrənir və böyük həvəslə iş mühitinə qayıdır və görür rəhbərlik elə ‘köhnə hamam, köhnə vanna’ prinsipi ilə davam edir və yeniliklərə açıq deyil.

Alət çubuğuna keç