Biraz soyuq başla düşünsək

İstanbul - Karabakh

Son günlərin gərginliyi hamılılıqla yaşadıq. Çoxumuz cəbhədən gələn hər xəbəri səbirsizliklə gözləyirdik. 2 gün öncə rəsmi atəşkəs elan olunsa da, silahlar müəyyən qədər sussa da , insanlar bu tarixi yaşatmağa davam edir. Belə də olmalıdır. Paralel olaraq artıq bu hadisələr haqqında soyuq başla da düşünmək çox vacibdir. Bu yazıda konkret olaraq vacib bildiyim bir neçə məsələ haqqında fikirlərimi paylaşacam ki, onlar haqqında bundan sonra daha çox fikirləşək. Hamılıqla.

Bir ola bilməyimiz ən böyük dəyirimizdir

Bir çoxlarınız kimi mən də son 5 günü faktiki olaraq yarısını internetdə keçirmişəm. 100-ə yaxın şəxsin Facebook profilini, 50-ə yaxın xəbər saytını davamlı izləyirdim. Xalqımızın birlik göstərməyi fonunda mənim nə rolum ola bilər əzabını mənim kimi yəqin çoxunuz çəkirdiniz. Kimi bunu küyə getmək, kimi hamısı siyasətdir deyib acı zəhərini yaymaq istəsə də əsas odur ki, çoxumuz bir yerdə idik. Eyni hədəfə vururduq və hələ bundan sonra da vuracağıq. Bizdə komanda oyunu yoxdur, biz bir ola bilmirik mifini yaymaq kimlərə sərf edirdisə, indi həmin insanlar susa bilər. İndi qalır daha düzgün hədəflər qoymaq. Görünən odur ki, Qarabağı işğaldan azad etmək bizdə ən vacib hədəfdir. Təsəvvür edin ki, bizim başqa sahələrdə düzgün hədəflər qoyub onlara doğru səmimi bir mühit qursaq vəziyyətimiz necə yaxşı ola bilər. İctimai fikrə, şüura mənfi təsir edənlər də bundan yəqin ki, dərslərini aldılar və indi başqa tərkibli zəhər hazırlayacaqlar. Odur ki, hazır olaq 🙂

Yaradıcı və çevik reaksiyalar

Bu günlərdə nədənsə reklam və dizayn şirkətlərindən çevik reaksiya görə bilmədik. Ancaq yüzlərlə sosial media istifadəçisi maraqlı video, slayd, posterlər hazırladı. Həqiqətən dünyada bir çox məsələlər var ki, onlara dərhal reaksiya vermək tövsiyyə edilmir. Yəni vacib deyil ki, trenddə nə var, dərhal sən də nə isə öz sözünü bildirəsən, lap uzağı 200 Facebook dostun onu bəyənsin. Ancaq bu məsələ xalqımız üçün o qədər həssas məsələdir ki, burada danışmaq trendə görə deyildi. Mənə elə gəldi ki, bizim bir çox brendlərimiz bu məsələdə laqeydlik göstərdi və bəlkə də indi fikirlərini onunla əsaslandırlar ki, ‘əşi mən bilirdim ki, 2-3 günə bitəcək’. Həyat əlbəttə ki, davam edirdi və edir. Heç Facebook-da həmin günlər reklam edənləri də qınamaq fikrim yoxdur. Ümumlikdə isə şəhidlərin borclarını bağışlamaq, cəhbə zonasında yaşayanlara mobil operatorlardan dəqiqə payı çox gözəl nümunə idi. Amma bəzi səhifələrin və şəxslərin yersiz paylaşmaları da oldu. Məsələn Bakcell vebkameranın tarixi haqqında məlumatın yerinə Kapital Bank kimi Tərtərdəki əməkdaşlarının fotosunu da paylaşa bilərdi. ANS isə hər hansı rəsmi icazəsi olub-olmamasında asılı olmayaraq faktiki olaraq media mübarizəsində daha çevik oldu. Mirşahinin Çingiz kimi cins gödəkçə geyməsini isə təsadüf saymıram. Bu məsələdə çox fürsətcil oldular. Dostlardan biri Azadlıq radiosunun da Erməni və Azərbaycan bölmələrinin çox gözəl müqayisəsini aparmışdı. Ayın 5-i səhər Azərbaycan bölməsini əsas səhifəsində 20-25 % xəbərlər Qarabağdan olsa da, onların Erməni həmkarlarının sayından bu 100 % idi.

Dəyərli gənclərimiz və liderlərimiz

Sovqat toplamaqdan tutmuş, informasiya müharibəsi üçün qərargah yaratmaq, xaricdə toplanaraq bayrağımızı dalğalandırmağa qədər olan təşəbbüslərini sürən, insanları həvəsləndirən gənclərimiz liderlik göstərdilər. Əsl liderlərimiz isə əlbəttə ki, özünü qumbara, güllə qarşısına atanlarımız oldu. Situasiya liderliyi haqqında yəqin ki, azdan-çoxdan məlumatınız var. Şəhid olmuş və ya çevik reaksiyalar göstərmiş insanlarımızın bəziləri ola bilsin ki, heç zaman liderlər kimi davranmayıb, buna heç təşəbbüs, maraq da göstərməyib. Amma məqamı gələndə əjdaha insanlara çevriliblər. Yəqin ki, siz də hansı rayonun nə zaman işğal olunduğunu bilməyən birinicin indi şəhid olmasını haqqında məlumatı eşitdiniz. Ona görə də belə məqamlar əslində həm də ona görə yaxşıdır ki, bizə əsl qəhrəmanları tanımağa kömək etsin.

Təhsilsiz çətin olacaq

Sağa-sola çevirsək bir daha əmin oluruq ki, bir xalq kimi bizim uğurlarımız məhz təhsil ilə gələcək. Bu sadəcə akademik təhsil deyil, həmçinin də yeni məlumatları öyrənmək, araşdırmaq, elə Facebook-da bilikli olmağı deyə bilərik. Təhsil sistemimiz tənqidi təfəkkürlü, düzgün təhlil qabiliyyətli, diskusiya etmək bacarığı olan yetişdirə bilsə onda uğurlarımız davamlı olacaq. Bu arada təhsil sistemində Qarabağ təbliğatının da uğurlu olduğunu görə bildik. Sadəcə tam əmin ola bilmədim, hamılıqla Dağlıq Qarabağ, ətraf rayonları haqqında daha düzgün məlumatlıyıq yoxsa yox.

Əlbəttə ki, bütün bu işlər belə asan olmayacaq. Məlumat yayımında güc sahibləri media, fikir formalaşdıran sosial media istifadəçələri yuxarıdakı və digər strateji istiqamətlər üzrə hələ çox çalışmalıdırlar. Qısası, sabahınız xeyir!

Məndən PR mütəxəssis çıxarmı?

ilham ali yusif

Ötən həftə dostumuz Tərlanın təşəbbüsü ilə həyata keçirilən Digital Təcrübə Layihəsi çərçivəsində mənim də şəkildə gördüyünüz bu gənc insanlarla görüşmək imkanım oldu. Görüşümüzdə biz PR haqqında vacib bildiyimiz ilkin bilikləri və medianın müxtəlif üzlərini göstərməyə çalışdıq. Ümid edirəm ki, keçirdiyimiz görüşdən bu gözəl insanlar razı qaldılar. Əslində bu seminar düz 1 həftə öncə olub və fikrim onun haqqında danışmaq deyil. İndi istərdim ki, iştirakçılardan birinin verdiyi sual ətrafında bəzi fikilərimi sizinlə paylaşım. İştirakçılardan biri PR mütəxəssis olmaq üçün nələr lazım olması barəsində sual vermişdi. Beləliklə, siz əgər gələcəkdə PR sahəsində işləmək və ya indi bu sahədə çalışıb peşəkar olmaq olmaq istəyirsinizsə bu yazıdan buyurub faydalana bilərsiniz:

  1. Yazmaq və ya hekayə qurmaq bacarığı – Əgər siz hər hansı bir xəbəri hamının yazdığı kimi yazacaqsınızsa və sadəcə kim, nə, harada, nə zaman və nə üçün suallarına cavab vermək prinsipi ilə ortaya çıxaracaqsınızsa, bu sizə elə böyük uğur gətirməyəcək. İstər məqalə, istər məktub, istər e-mail üçün mətn olsun fərq etməz, siz onu maraqlı etməyi bacarmalısınız. Başlıq cəlbedici olmalıdır. Əgər siz hansısa brend üçün yazacaqsınızsa, onun dəyərlərini və prinsiplərini mətnaltı effektlərlə oxuyana çatdırmağı bacarmalısınız. Yazmağı vərdiş halına gətirmək üçün elə bloq yazmaq da yaxşı üsuldur. Yaxud da, ən azından siz Facebook-da 6-7 cümləlik hansısa maraqlı faktları status kimi da paylaşıb insanların sizin yazmaq qabiliyyətinizə olan marağını da izləyə bilərsiniz. Yaza, hekayə qura bilsəniz sonradan sizə onu real həyatda da təqdim etmək rahat olacaq.
  2. Fərqli bucaqla hadisələrə baxmaq bacarığı – PR-ın sehirli qüvvələrini media, şirkətlər, brendlər çox gözəl istifadə edirlər. Necə ki, tez-tez gündəm dəyişir, kimsə el qəhrəmanı, kimsə öləndən sonra gülüş obyekti olur, bunlar hamısı PR-ın sayəsində baş verir. PR sahəsində çalışan adamı zərgər kimi qəbul etsək, bu insan hər hansı bir üzüyə, sırğaya baxarkən onun necə hazırlanmasını, neçə qram qızıldan, eləcə də başqa daş-qaşlardan hansı səviyyədə istifadə edildiyini bilməlidir. Yəni işin texniki və həyata keçirilməsi tərəflərini və konsepsiyanı başa düşməlidir. Siz də özünüzə PR mütəxəssis demək istəyirsinizsə, gündəmdə olan hadisələrin və ya hansısa ümumi problemlərin fərqli tərəflərini görməyi bacarmalısınız. Əgər hadisələri adi insanların gördüyü kimi görür və dərhal özünüzdən çıxır, əsəbləşib narahat olursunuzsa PR sahəsində işiniz çətin olacaq.
  3. İnsanların içərisində olmaq – Vacib deyil ki, bütün günü metro ilə gedəsiniz, hər gün restoranda yemək yeyəsiniz, bazarda, marketdə olasınız. Zaman-zaman, xüsusən də insan öz maddi ehtiyaclarını ödədikcə ictimai yerlərdən qaçır. Əslində insanların içərisində olmaq deyərkən də birbaşa ictimai yerlərdə olmağı nəzərdə tutmuruq. Əsas mesajımız odur ki, hər bir səviyyədə olan insanları duyasınız. Bu çox çətindir. Yəni adi başa düşdüyümüz mən səni çox gözəl başa düşürəm məsələsi deyil. Əgər siz ətraf mühitə azdan-çoxdan ziyan vuran hansısa bir zavodda çalışırsınızsa və onun PR işlərini həyata keçirirsinizsə zavodun yerləşdiyi ərazidə yaşayan insanlara kağız çantada bloknot və qələm paylamaq PR deyil. Yaxud da televizorda çıxıb bizim ətraf mühitə heç bir ziyanımız dəymir deməklə iş bitmir. Özünüzü həmin ərazinin bir sakini kimi hiss edin, hansı ki, gecələr iydən yata bilmir və ya zavodun ətrafa buraxdığı maddələrin təsirindən xəstələnmiş yaxınını itirib, yaxud da axşam 10-da evə gəlir və televizora baxmır. Qısası özünüzü çox çəkməyək, biraz aşağı düşək! 🙂
  4. Xəbərləri, daha doğrusu trendləri izləmək – PR sahəsində çalışan insan tək çalışdığı sahə üzrə deyil, yaxud da indi dəbdə  olan texnoloji trendləri deyil, bütün sahələr aid xəbərləri izləsə bundan sadəcə qabağa düşər. Vacib deyil ki, günün 1-2 saatını xəbər oxuyasınız. Yaxşı olar ki, özünüzə müxtəlif xəbər saytlarını mənbə kimi müəyyənləşdirin. Bu hansısa Facebook profilləri də ola bilər. Günün müəyyən hissəsində siz bu resurslara daxil olub dünyada və Azərbaycanda nə baş verdiyini ümumi öyrənə bilərsən. Həftəlik və aylıq bülletenlər bizdə az yayılsa da, onları da izləmək faydalıdır. Çünki siz hansısa bir yeniliyi, trendi ümumi kontekstdə izləyə bilirsiniz. Əgər neftin və ya dolların qalxıb düşməsini sadəcə hər gün girib Bloomberg saytında izləyirsinizsə, bu sizə elə də böyük fayda verməyəcək. Çalışın təhlilləri də izləyəsiniz. Bir misal kimi göstərəyəcəm. Mən təhsil ilə bağlı ildə bir neçə dəfə Britaniya təhsil müəssisələri üçün təqdimatlar keçirirəm. Ona görə də Təhsil Nazirliyinin saytında xəbərlərə abunə olmuşam və onlardan mənə maraqlı olan xəbərləri açıb oxuyuram. Amma sahəm təhsil ilə bağlıdır deyə, sadəcə təhsil xəbərləri ilə işimi bitmiş saymıram. Lazım olanda hətta Banu Muradın şəkillərinin altında yazılan şərhlərə də açıb baxıram, sensansion xəbərlər yazan saytlardan da ölkədəki ‘biznes’ mühiti haqqında oxuyuram ki, cəmiyyəti daha yaxından başa düşüm.
  5. Biznesi başa düşmək – Bizdə jurnalistlərin PR sahəsində çalışması geniş yayılıb. Yəni əslində yaxşı yazmaq bacarığı və ya media ilə yaxşı əlaqələrin olması PR üçün çox vacibdir. Amma bu sadəcə işin yarısıdır. PR həm marketinqin, həm də üumilikdə biznesin əsas aparıcı qüvvəsidir. Hətta elə biznes sahələri var ki, onun məhsulu və xidmətinə görə PR ölüm-dirim səviyyəsində vacib rol oynayır. Əgər siz ağlınıza gələni tez-tələsik PR adı ilə mediaya ötürürsünüzsə və bu məlumat təhlil edilmirsə 2-3 gün sonra şirkətin başqa prioriteti və ya problemi çıxırsa bu sadəcə sizin brend haqqında mənfi fikir formalaşdıracaq. PR mütəxəssin işi zatən sadəcə hər xəbəri dərhal mediaya çıxartmaq da deyil. Yaxud da bu gün ölkədə idman dəbdədirsə istənilən idman tədbirinə sponsor olaq prinsipi ilə işləmək düzgün deyil. Bu sahədə çalışan hər şeydən öncə marketinqi bilməlidir ki, hər hansı bir addımı atmamışdan öncə biznes prespektivində 2-3 addım sonranı görə bilsin.

Mən burada şəbəkələşmə bacarığından tutmuş çalışqanlığa qədər müxtəlif xüsusiyyətlərdən yaza bilərdim. Əslində bunlar sizə hər bir sahədə lazımdır. Əgər gəncsinizsə və ilkin olaraq, bəlkə də sonradan davamlı olaraq hansısa sahədə çalışmaq istəyirsinizsə mütləq o sahədə mütəxəssis olmaq üçün nələr lazımdır onları öyrənin və sonra da onlar haqqında öyrənin. Bəlkə elə sizdən gələcəkdə çox yaxşı PR mütəxəssis çıxdı?!

Xəbər xəbər olsa dağ oynadar yerindən

Bu günlərdə Alp dağlarına düşən Alman qanadlarına məxsus təyyarənin qəza vəziyyəti haqqında yayılan məlumatlar heç ürəyimi açmadı. Xatırladığım qədəri bu hər hansı bir təyyarə qəzasından sonra qəza səbəbi belə qısa müddətə açıqlanan azsaylı hallardan biridir. Bəlkə də hər şey deyildiyi kimi olub və ürəyimin açılmamağına lüzum yoxdur. Belə bir məqamda istərdim ki, kütləvi informasiya vasitələri və PR münasibətlərinə toxunum. PR fəaliyyəti üçün ən geniş platforma məhz kütləvi informasiya vasitələridir. Bunu çox gözəl bilirik. İnsanların KİV-ə hansı münasibət göstərməsindən asılı olmayaraq ənənəvi və yeni üsullarla informasiya çatdıranlar hər birimizin fikirlərimizə təsir edə bilir. Nə qədər özümüzü düşüncəli sayıb ‘mən hər xəbərə inanmıram, bu PR-dır filan deyib keçsək də’, oxuduğumuz, eşitdiyimiz məlumatlar beynimizdə dolaşır və bəzən heç özümüz də sezmədən oxuduğumuz xəbərlər əsasında hansısa məsələlər haqqında fikirlərimiz formalaşır və ağızdolusu danışmağa başlayırıq. Burada istərdim ki, qısaca aldığımız və inanıb-inanmadığımız məlumatların mənbələri ilə bağlı bəzi qeydlər edim:

Xəbərçi reytinqçilər

Rahat demək olar ki, bizdə media vasitələrinin marketinqi və özlərini pozisiyalaşdırması elə də yüksək səviyyədə deyil. Hətta məsələyə radikal yanaşsaq deyə bilərik ki, bir-iki kanal, radio və xəbər saytları istisna heç bir media vasitəsi heç düzgün marketinq ilə məşğul ola bilmirlər. Amma məsələ burasındadır ki, bəyənmədiyimiz media vasitələrindən gün ərzində sosial şəbəklərdə minlərlə paylaşmalar var. Bu ona istinad etdi, o biri buna istinad etdi, axırda xəbəri yayan gəlib yenə özünə istinad etdi tipli məlumatlar qısa zaman ərzində mediada yayıla bilir. Bunun tək Azərbaycanda baş verən təcrübə olmadığını çoxumuz da bilirik. Amma gerçəklik odur ki, siyasətçinin öz bağ evində pomidor ştilinə çubuq vurmasından, futbolçunun bardan çıxarkən ayaqyalın çıxıb parkovşikə bir şillə çəkməsinə qədər məlumatlar tək xəbərçi internet səhifələri tərəfindən paylaşılmır, eyni zamanda bizlər tərəfindən ‘hələ gərək badımcan əkməyini də göstərərdiniz’, ‘buna biri ayaqqabı alıb versin’, ‘mən ümumiyyətcə 22 kişinin bir topun arxasına qaçmağını başa düşmürəm’, ‘yaxşı futbolçu gecə 2-də bara getməz’ kimi şərh yazılaraq populyarlaşır. Beləcə bizim zəif marketinqi olduğu düşündüyümüz xəbər saytları özlərinə bizim böyük dəstəyimiz ilə lazım olan reytinqi də qazanırlar və öz saytlarındakı reklam gəlirləri ilə də qaz vurub qazan doldururlar.

Gündəm dəyişənlər

Nə qədər hamımız medianın necə rahat gündəmi dəyişdiyini başa düşsək də, özümüz də palaza burunub, ‘bəs xəbərin var da filankəs filan şey haqqında nə yazıb deyib’ sosial mediada sürünürük. Coğrafiyasından və ya siyasi, biznes sifarişi olmasından asılı olmayaraq media istənilən zaman gündəmi dəyişir və çox lazımsız məlumatı, doğru olmayan xəbəri təkrar-təkrar təqdim etməklə, ona 50 çalar qatmaqla gündəmə gətirir. Hərdən radioda mənasız bir mahnı eşidirsən, iki dəfə eşidirsən … səkkiz dəfə eşidirsən və beləcə bunu xit kimi qəbul edirsən. Çox gözəl də başa düşürük ki, bu çox mənasız mahnıdır. Amma ki, artıq radioda o mahnı olarkən zümzümə də edirik. Beləcə bəyənmədiyimiz xəbər, lap elə mahnı gəlir bizim beynimizdə özünə rahat bir yer edir. Qlobal biznez nəhəngləri hansısa fors-major, böhran halında rahatca gündəmə başqa mövzu ilə gəlib kütləyə təsirdə lazımi effekti ala bilir. Hətta bəzən bunu viral reklamdan istifadə etməklə daha da effektli edə bilirlər.

Qabaqgəlmişlər

PR-ın ən güclü tərəfindən biri də şirkətin potensial təhlükələr haqqında peşəkarcasına aylar və bəzən illər öncə işə başlaması və ictimaiyyəti nələrəsə hazırlamasıdır. Amerika adlı dövlətin Hollywood vasitəsilə müxtəlif filmlərdə gələcək planlarını çatdırmasını tez-tez görmək olur. Burada neqativ ilə yanaşı çoxlu pozitiv məsələlər də var. İnsan özünü bilik, bacarıq və düşüncə baxımından gələcəyə hazırlaya bilir. Şirkətlərin öz məhsul və xidmətləri ilə bağlı riskləri düzgün qiymətləndirib qabaqgəlmişlik etməsini isə əksər hallarda kütlə hiss etmir. Bir də görürsən xəbər yayılır ki, bəs filan qaş-daşdan istifadə insan orqanizminə ziyandır. Bu barədə bu daş-qaşdan istifadə edib sırğa, bilərzik hazırlayan şirkətin də nümayəndəsindən müsahibə alırlar, bu da müəyyən allergiyası olan insanlarda filan-filan fəsadlar ola bilər deyib onları daha diqqətli olmağa çağırır. Amma heç kimə heç nə qadağan edilmir, əvəzində brendin səmiyyətinə görə alqışları da eşitmək olur. Hər hansı bir neqativ hadisə baş verəndə isə istinad bu məlumata olur.

Dünya nəhəngləri – Fanat ordusuna salamlar

Bir kateqoriya insanlar da var ki, yerli kanallara baxmadığını, yerli media ilə maraqlanmadığını böyük fəxrlə qeyd edirlər. Xüsusən də bu insan ictimai xadim və ya Azərbaycanda biznesi olan, bizneslə bağlı insandırsa burada fəxr ediləcək bir məqam görmürəm. Universitetdə sosiologiya fənnindən dərs deyən müəllimimizin bir dəfə böyük qürurla dediyi cümlənin inanın ki, unuda bilmirəm: ‘Bu nədir hamı maşın şouya baxır, mən elə səviyyəsiz verilişlərə baxmıram, mən NTV Plyus-da dünən Fransa çempionatının filan oyununa baxırdım.’  Kimdən, amma məhz sosiologiya müəllimindən belə fikir gözləmirdim. Biri Animal Planet-ə baxa bilər, biri Euronews-da gün ərzində bir xəbərin neçə dəfə təkrarlanmasını oturub saya bilər və bu onun şəxsi məsələsədir. Razıyam ki, xəbərin və onun çatdırılmasının keyfiyyəti dünyaca populyar olan informasiya resurslarında daha yüksəkdir. Amma kor-kor, gör-gör belə informasiya resursları da istənilən bir mövzu ilə bağlı beynəlxalq səviyyədə manipulyasiyalar edə bilir.

İnsanlar düşündürənlər – Araşdırmaçılar

Bu qrupu sona saxladım. Əslində bu tip medianın üzərinə daha böyük məsuliyyət düşür və bu iş ilə daha çox peşəkarlar məşğul olurlar. Son illər populyar olan Malcolm Gladwell adlı araşdırmaçı-jurnalistin düşünürəm ki, ən azı 1 kitabını da olsa bəyənirsiniz. Düşünən insanların fikirləşdiyi məsələləri çox gözəl şəkildə araşdıran bu insan bir çox sosial-iqtisadi məsələləri analiz edib müxtəlif versiyalarda onu təqdim edir və çoxlarının düşünmədiyi səbəbləri axtarır. Bəzən isə belə araşdırmaçılar bilərəkdən və ya bilməyərəkdən hansısa bir məsələ haqqında çoxsaylı analizlərdən sonra yenə də yalnış tərəfi önə çəkirlər və onu düz tərəf kimi göstərməyə çalışılar. İstənilən halda daha çox intellektual bacarıq tələb edən bu sahənin daha etibarlı mənbə olmasını deyə bilərik. Hətta belə araşdırmaçılar məlumatı səhv və ya qabaqcadan düşünülmüş şəkildə çatdırsalar belə insan düşünməyə başlayır və alternativlər haqqında da fikirləşir.

İstənilən halda mediadan aldığımız məlumatların emalında çox diqqətli olmalıyıq və bacardıqca daha az sayda və keyfiyyətli məlumatlara vaxtımızı sərf etməliyik. Özümüzün özümüzə bəlli strategiyamız olsa, o zaman mənbəyindən və çatdırılma formatından asılı olmayaraq xəbər və məlumatlar fikirlərimizə elə ciddi təsir etməyəcək.

Ömürboyu PR

Bu forumda ara-sıra PR sahəsi üzrə təcrübələrdən və gördüklərimizə münasibətdən də fikirlər olacaq. Bir çoxlarınız kimi mən də uşaq vaxtı ‘Piyar’ sözünü ilk dəfə ‘Qara’ sözü ilə birgə eşitmişəm. Sonradan universitet illərində iş belə gətirdi ki, azdan-çoxdan marketinqə olan maraq, gənclər təşkilatlarında fəaliyyət mənə PR sözünü pozitiv mənada anlamağa kömək etdi. 

PR marketinqdə ən populyar terminlərdən biridir. Mən hətta fikirləşirəm ki, insanların əksəriyyəti marketinq anlayışı ilə müqayisədə PR ifadəsini daha çox tanıyır, eşidir. Amma irili-xırdalı çox şirkətlər və təşkilatlar PR-a sadəcə ictimaiyyətlə əlaqələr deyib üzərindən keçir və ümumi olaraq bu prosesə mətbuat xidmətinin jurnalistlərin suallarını cavablandırması və şablon press-relizləri yayması kimi baxırlar.

Amma istənilən peşəkar insana məlumdur ki, PR onun biznes və ya ictimai fəaliyyətinin gündəlik icra olunmalı bir element və onun davamlılığını təmin edən uğurlu bir vasitədir. Brendlər artdıqca, insanların alış-veriş qərarlarında emosional və rasional seçimlər rəqabətə girdikcə reklam kimi, PR da öz gücünü göstərib şirkətin və təşkilatın düzgün pozisiyalaşmasına və insanların etibarını qazanmağa imkan verir. Amma əlbəttə də PR ‘gündəlik’ prosesdirsə..

Burada PR ilə bağlı ilk fikirlərim olduğundan bu məsələyə oxuduğunuz postda ümumi olaraq aşağıdakı istiqamətlər üzrə yanaşıram və gələcəkdə müxtəlif detallara gedəcəyimizi bildirmək istəyirəm:

İnsanların inamı

Sovet dövrü, keçid dövrü, bazar iqtisadiyyatı – bu prosesi tam olaraq yaşayan insanların əksəriyyətində, elə gənclərdə də yalnış inam var ki, yaxşı məhsulu reklam etməzlər. Bu yanaşma dəyişməkdə olsa da, amma hələ ki çoxlarında inamsızlıq var. Bu PR-ın da işini çətinləşdirir. Reklamın PR-dan üstünlüyü odur ki, şirkətlər reklam büdcəsini çoxaldıb maraqlı reklam çəkib insanların fikirlərinə təsir edə bilirlər. PR vasitəsilə ilə daha çox rasional düşünən insanların fikirlərinə təsir etmək uğurlu alınır, amma inadkar olan bu kateqoriyadakı insanlar da inanıb-inanmaqda şübhələrə qapılırlar.

Media və Jurnalistlərin peşəkarlığı

TV-lərin vəziyyəti necə acınacaqlıdırsa, əksər çap və internet resurslarında da vəziyyət çoxumuza məlumdur. Bu vəziyyəti təhlil etmədən birbaşa bu durumun keyfiyyətli PR strategiyasına vurduğu zərbəyə toxunmaq istəyirəm. Sizin təqdim etdiyiniz məlumat nə qədər yüksək statuslu olsa da, bəzən onu elə bir internet saytı, elə bir xəbərlərlə birgə, elə keyfiyyətsiz texniki şərtlərlə yayımlayır ki, deyirsiniz kaş heç yaymazdılar. Həmçinin bəzən elə olur ki, özünə peşəkar deyən jurnalist hər hansı bir şirkət və ya məhsuldan yazanda bildiyi, bilmədiyi məlumatları qatır bir-birinə və ortaya gözəl bir ‘şedevr’ çıxır. Bəzən isə mediaya təqdim edilən press-relizdən oxumadan kəsə-kəsə 4-5 cümləlik yarımçıq bir xəbəri yayımlayırlar.

Hətta PR şirkəti olmadan belə

Belə bir mif var ki, PR işi ilə yalnız peşəkar PR şirkətləri məşğul olmalıdırlar və kiçik və orta şirkətlər də bu xidmətlərlə bağlı PR şirkətlərinə müraciət etməlidir. Amma heç də bütün kiçik və orta şirkətlərin bununla bağlı büdcəsi olmur. Ən yaxşı halda onların PR üzrə tam və ya yarım-ştat işçiləri ola bilər. Şirkətin illik PR strategiyası və peşəkar PR mütəxəssisi, o da yoxdursa şirkətin rəhbərinin və menecerlərinin media ilə sıx əlaqələri şirkətin ictimaiyyət ilə əlaqələrini düzgün təşkil etməyə imkan verir.

Mesajınız və səmimiyyətiniz

Bəzən hər hansı bir şirkətin mediada yayımlanan press-relizini oxuyursan və avtomatik olaraq dəyərli və mərhum aktyorumuz Yaşar Nurinin ‘Ac Həriflər’ filmindəki sözləri yada düşür. ‘Həə Noolsun?’. O olsun ki, PR-da mütəmadi insanları yeniliklərdən məlumatlandırmaq və özün haqqında müsbət fikir formalaşdırmaq adı ilə hər hansı bir məlumatı yaymaq tövsiyə olunmur. PR mütəxəssisləri tərəfindən tövsiyə olunan odur ki, hər məlumatınızda ictimaiyyətə mesajınız üstü ortülü və ya elə açıq olaraq bilinməlidir. Sizin mesajınızda şirkətinizin və ya təşkilatınızın partnyorlara, müştərilərə səmimiyyəti duyulmalıdır. Həm də unudulmamalıdır ki, PR tək ağ günlərdə deyil, qara günlərdə də istifadə olunan bir alətdir. Şirkətin qara günündə, böhran anında səmimiliyi (taktiki səmimiliyi) onu gözlərdən salmaz.

Yuxarıdakı fikirlərin hər biri və digər PR məsələləri ilə bağlı paylaşacaq hələ çox fikirlər olacaq.  İçi mən qarışıq hər bir fərd və şirkət qismində anlamalıyıq ki, ictimaiyyətdə düzgün, dürüst, doğru fikrin formalaşdırılması üçün PR bizim fəaliyyətimizin gündəlik tərkib hissəsi olmalıdır.

Alət çubuğuna keç