Nostalji hisslərin marketinqdə rolu

ilham ali yusif

Təxminən bir il öncə sahəsinə görə Bakıda ən böyük supermarket açıldı. Bu Salamzadə küçəsində, Nəqliyyat Nazirliyi ilə Papanin arasındakı Nömrə 1 supermarketi oldu. Yolüstü olduğundan həftədə 3-4 dəfə oradan yolumuzu salardıq. Xüsusən də gecə saatlarına qədər işlədiyindən başqalarına nisbətən bura daha çox üstünlük verirdik. Sonradan bu ilin aprel ayında Yeni Yasamalda, evin yanında Bazarstore açılanda ora heç getmədik. Oranı yaxşı tanıyanlar yəqin bilirlər ki, ətrafda Neptun və Araz supermarketləri də var. Nə isə.

İki mərtəbəli bu marketdə eyni məhsulu az qala 2-3  yerdə qoyurdular. Tualet kağızları bir mini market boyda yerdə yerləşdirilidi. Daha burada tez-tez nələr etmirdilər?! Play Station, məişət və elektronika avadanlıqlarının satışı, parfumeriya bölməsi, kimyəvi və quru təmizləmə, kababxana, gül şöbəsi, kafe, bəy və gəlin üçün, yox axırıncıya fikir verməyin. Ən dəhşətlisi o idi ki, mal da çox gəldiyindən yığılıb qalırdı vitrinlərdə və saxlama müddəti az olan ağartı məhsullarının təzəsini tapmaq əməlli-başlı problem idi. Bir də tez-tez getsək də ərazisinin böyüklüyündən həmişə şikayət edirdim. Əgər sizə antipesperant, yuxa və yumurta lazım idisə 8 dəqiqə mağazaiçi dövrə vurmaq gərəkirdi Amma ümumi bol çeşidli olması adamı özünə cəlb edirdi. Bir də ki qəşəng kabab da bişirdilər. Elə bazarlıq edənəcən bişib qurtarırdı, özünlə aparırdın.

İndi deyəcəksiz onsuzda bağlanmış marketin nəyindən yazıram? Bu günlərdə burada Bolmart supermarketi açılıb. Bu gün maraq üçün bura daxil oldum və elə həvəsləndim ki, dedim bu barədə mütləq yazacam. Nədən həvəsləndim soruşsaz, cavabım sadə olacaq. Kitablarda oxuduğumu bu gün emosional olaraq burada da yaşadım.

Əslində belə hal bir neçə dəfə olub. Bu nostalji hisslər və indiki vaxtın reallıqları ilə bağlı olan məqamdır. Yeni market hardasa köhnəsində olan 70 % məhsulları, markaları öz yerində saxlayıb. Asanlıqla gedib xiyar turşusunun harada olduğunu tapdım. Hətta konfet-şokolad da marka-marka öz yerlərindədir sanki. Təsəvvür edin ki, yeni brend altında siz sanki öz köhnə getdiyiniz yerdəsiz. Düzü, bura əksər hallarda yoldaşımla gedirdim. Nə gizlədim, insan ailəsilə keçirdiyi hər vaxtın sonradan daha da çox qədrini bilir. Hətta görürsən sevgililər ayrılanda tək-tək belə onlar birgə olduqları yerlərə gedirlər. Mən də bu gün tək idim. Yəni birgə burada olan bazarlıqları da xatırladım. Düzü mən başqa Nömrə 1 marketdə olmamışam, Bolmart-ın da fanatı deyiləm, həm də düz evin altında açıldığından biz ailəmiz üçün onsuzda bazarlığı Bazarstore-dan etməyə üstünlük verəcəyik. Amma nəzərə alsaq ki, onlar 10-da bağlanırlar, gecə saatlarında bu nostalji hisslər sayəsində mən indiki dövrün müştərisinə çevrilə bilərəm. Bax əsas mesajım da budur. Öz-özümə fikirləşirəm ki, insanların emosiyalarına müsbət təsir etməyi bacarmaq hər bir marketoloqun işindəki ən böyük uğurudur. İnsanlar nə qədər yeniliyə can atsalar da, gələcəyə tələssələr də belə nostalji hisslər onları həmişə duyğulandıracaq və emosional edib alışa həvəsləndirəcək. Mənim keysimdə konkret hələ reklam da etdirəcək.

Bu arada Bolmart bu böyük obyektin hələ ikinci mərtəbəsini açmayıb. Həqiqətən vitrinləri daha səliqəli düzüb. Bu market yerləşən yer çox küləklidir. Nömrə 1 girişi parkinqdən biraz uzaqda etmişdi. İndikilər daha düzgün yerə giriş qapılarını yerləşdiriblər. Ən əsası, parkinqləri də çox səliqəlidir.

Kim deyir ki, biz xoşbəxt deyilik?!


Ilham Ali Yusif

Dünən və bu gün Azərbaycan marketinq icması Cinema Plus-da 4-cü Milli Marketinq Forumu üçün toplaşmışdı. Bu mənim ardıcıl iştirak etdiyim artıq 3-cü MMF oldu. Görülən hər bir işə hörmət öz yerində, amma fikrimcə bu forum daha maraqlı keçdi. Həm də ötən il biz nə qədər az bilirdiksə, bu il daha çox məlumatlıyıq ona görə də müqayisədə bu il öncəkilərindən məntiqlə də faydalı olmalı idi. Bu yazıda isti-isti forumun 4 kateqoriya insanlar üçün necə faydalı ola biləcəyini qısa təhlil etmək istərdim:

Biznes qurmaq istəyənlər üçün – Çıxış edən bloqqer və ya biznesmenlər konkret olaraq öz tarixçələrini danışdırdılar. Məsələn, özünə turizm şirkəti qurmaq istəyən insanın böhran zamanı və ya adi vaxtda hansı innovasiyaların tətbiqinin uğurlu olduğunu öyrənmək imkanı oldu. Bu o demək deyil ki, Turizm.Az-ın 5 il qabaq etdiyini indi edib uğurlu olmaq olar. Bu cür keyslər həm yaxşı nümunələrdir, həm də potensial biznesmenlər üçün Azərbaycanda çox çalışan və zəhmətsevər insanların real uğur edə bilməsinin mümkünlüyünü göstərir. İnanıram ki, bu forumlar gələcək üçün yeni biznes ideyalar formalaşdırır. Kim bilir, 4 il sonra hansısa spiker ‘öz biznesimi filan forumda iştirak edəndən sonra qurdum’ deyəcək.

Hazırda işsiz olanlar üçün – Forum əmək yarmarkası deyil. Bura əlbəttə ki, iş tapmaq məqsədilə gəlmək ağıllı fikir deyil. Amma burada əgər sizin kinoya həvəsiniz varsa, məsələn forumda öyrənmək oldu ki, Cinema Plus öz şəbəkəsini genişləndirir və onlarda yeni iş imkanları olacaq. Yaxud əmin olmaq oldu ki, brendlər konkret sosial-media büdcəsini artırır. Bu sahə üzrə biliklərinizi artıraraq fərqlənib bu istiqamət üzrə iş tapmaq imkanı daha çoxdur. Amma istənilən halda burada iş tapmaq üçün şəbəkələşmə imkanları əvəzsiz oldu.

Marketinq menecerlər üçün –Aydındır ki, buradakıların çoxu öz şirkətlərində marketinq və strateji araşdırma şöbələrində çalışanlar idi. Təəssüf ki, burada eşitdiklərimizin hamısını biz nə kitablardan, nə bloqlardan, nə də mediada oxuya bilmirik. Fəxri Ağayevi, Cəbrayıl Vəliyevi, İlkin Manafovu və digər dəyərli spikerləri hətta internetdən oxumaq olar, amma burada onların canlı konsultasiyaları daha effektiv idi. Chevrolet-in böhran addımlarını bilib onu başqa sahədə də tətbiq etmək 100 % fayda verəcək. Şəxsən mən özüm gələcək ideyalar üçün yeni əlaqələr də qura bildim. Həm də baxırsan kimisə tanıyırsan, amma heç başqa yerdə ağlına gəlmir ki, bu insanlarla yeni ideyaları gerçəkləşdirmək olar.

Müxtəlif sahələrdəki sahibkarlar üçün – Əlbəttə ki, forumdakı ‘Made in Azerbaijan’ keysi sahibkarlarda bəlkə müəyyən inamsızlıq formalaşdıra bilər ki, bizim mal və xidmətlərimiz hələ xaricdə heç kimə lazım deyil. Amma Neuron Technologies misalında da gördüyümüz kimi biz istəsək xaricə belə öz xidmətlərimizi satmaq mümkündür. Birinci daha çox intellektual xidmətlərə yönəlməliyik, ikincisi isə Azərbaycandaxili də bazarda uğurlu olmaq daha önəmlidir. Forumdakı marketinq menecer və onların təqdimatları timsalında rəqib şirkətlərin vəziyyətini duymaq olardı. Nar-ın təqdimatı tək rəqib kimi Bakcell və Azercell nümayəndələri üçün maraqlı olmamalıdır. Yaxud da, sahibkarlar buradan marketinqin funksiyası və marketinq menecerin hazırki dövrdə əsas öhdəliklərini geniş öyrənə bildilər.

Ötən ilki forumda mən də spikerlər arasında idim. Auditoriyanın əks tərəfində olmağı çox gözəl başa düşürəm. İnanmıram ki, hansısa spiker bu işə məsuliyyətsiz yanaşıb. Sadəcə bəziləri üçün konsept ola bilsin daha aydın olmayıb, yaxud da gördükləri iş çox olsa da bunu gözəl çatdıra bilmədilər. Ümumilikdə, spikerlərin əksəriyyəti maraqlı çıxış etdi. Düzdür spikerlərin arasında kitablarda və internetdə gördüklərimizdən də danışdılar, amma öz strategiyasını, milli keyslərini çatdıran spikerlər həm özlərini, həm də brendlərini bizlərin yadımızda daha yaxşı yerləşdirə bildilər. Sonuncu panelə ulduzların da cəlb edilməsi əla oldu. Çünki çox az iştirakçı nahardan sonra zalı tərk etdi. Sonuncu panel həm də nostalji hisslər oyatdı, razısız?

Sonda sizə bir lətifəni də mən danışım. Bir gün ayı düşür 2 nəfərin arxasıyca. Onlardan biri qaçır, qaçır və həmin an anası gəlir oğlunu oyadır ki, ‘Bala, dur! Artıq yeni dövrandır’. Böhran gec-tez bitəcək onsuz da, əsas odur ki biz özümüzü pozitiv aparaq və o yaşlı baba kimi xoşbəxt olaq. MMF2017-də görüşənədək!

PS Milli Marketinq Forumunun Facebook səhifəsini izləməklə forumun bütün panellərinin videolarını yaxın həftələrdə izləyə bilərsiniz.

Milli Marketinq Forumuna kimlər gəlməsin?!

Ilham Ali Yusif

Dünən günorta vaxtı Respublika sarayının qarşısındakı parkdan keçəndə öz-özümə fikirləşirdim ki, əvvəllər yaman tez-tez parklara gedərdim, 1-2 saat oturub həm dincələrdim, həm də insanları müşahidə edərdim. Ən əsası heç hara tələsməzdim. Nədənsə dövrün qov-qaçına qoşulub bu vərdişdən yadırğamışam. Bu gün isə qərara gəldim ki, 1 saat olsa da parka gedim. Bu yazını günorta elə Sabir bağında yazdım. Həyatda vaxtdan, şəraitsizlikdən şikayətlər insanı çox dala salır. Bakıda yaxşı park və mənim vaxtım olsaydı parka gedərdim əvəzinə bu gün artıq real addım atdığıma sevinirəm.

Əslində postu bura qədər oxuyub və indiyə qədər Milli Marketinq Forumuna şəraitsizlik və vaxtdan şikayət edib getməyənlər bu il nəhayət foruma qatılmaq haqqında düşünürdülərsə, qoy onda aşağıdakı fikirlərə bir diqqət yetirsinlər. Görək gəlməyə dəyər, ya yox. Beləliklə, 27-28 may tarixlərində artıq dördüncü dəfə keçiriləcək Milli Marketinq Forumuna kimlər gəlmiyə bilər sualına cavablar:

1) Azərbaycan düzəlməyəcək deyənlər – Həyatını bir coğrafiyaya bağlamaq gələcək perspektivlərə açıq olmamaq deməkdir. Çoxumuz öz ölkəmizi sevirik. Amma bu o demək deyil ki, gələcəkdə xaricdə işləyə bilmərik. Həm də ölkə öz-özünə düzəlmir. Sənin, mənim zəhmətimlə, qurbanlarımız da olmasa heç olmasa sosial məsuliyyətimizlə düzəlir. Əslində ölkə azdan-çoxdan düzənlidir. Bəlkə, bu düzənsizlik bizim özümüzdədir. Necə olur ki, bu ölkədə hamı, hər şey düzənsiz, bir dənə ideal mənəm?!

2) Bizdə biznes heç zaman olmayacaq deyənlər – Amerikan kinolarına baxıb hərdən mən də depressiyaya düşürəm. Sonra yadıma düşür ki, özüm və ətrafımda yüzlərlə insan kifayət qədər uğurlu biznes modellər üzərində qurulmuş yerli və xarici şirkət və təşkilatlarda çalışırlar. Uğurlu karyera qururlar. Məhsul və xidmətlərini milyonlara çatdırırlar. Bəli, bizdə biznes mühiti xoşagəlməzdir. Bu həm də ona görədir ki, biz biznesdə paylaşmağı xoşlamırıq. Xoş təcrübələr mütləq paylaşılmalıdır. Elə pislər də.

3) Kifayət qədər biznes əlaqələri olanlar – Ola bilər siz artıq kifayət qədər əlaqələrə maliksiniz və yeni insanlarla, xüsusən də həmişə dövrün nəbzini hamıdan öncə tutan gənclərlə görüşməkdə maraqlı deyilsiniz. Bu gənclər gələcək iş yoldaşlarınız, lap elə müdirləriniz ola bilər deməyi istənilən halda sizə xatırlatmaq istədim. Daha sonrasına özünüz qərar verin.

4) Dostları üçün darıxmayanlar – Dövran elədir ki, hər dəfə dost-tanışla görüşmək olmur. Amma belə tədbirlərdə dəyərli insanlarla ən azı nahar vaxtı, fasilələrdə görüşmək, söhbətləşmək və ən əsası şəkil vurdurmaq imkanı olur. Məsələn, elə bu postun fotosunu mən öz dostlarımla ötən ilin oktyabr ayında Digital Marketinq Forumunda iştirak edərkən çəkdirmişəm.

5) Marketinqi sadəcə kitablardan öyrənənlər – Mən birinci forumda iştirak etməmişəm, ikincisində iştirakçı, üçüncüsündə də spiker idim. Forumlarda həqiqətən xeyli maraqlı spiker olub. Aralarında sadəcə öz şirkətlərindən, kitab cümlələrindən danışan da olub. Amma və lakin bu forumlarda real təcrübələr, uğurlar və uğursuzluqlar, insan və şirkət hekayələri Azərbaycan reallıqları fonunda təqdim edilib. Bunlar hələ ki, kitablarda yoxdur. Kitab demişkən, ikinci forumda spikerlərdən birinin tövsiyyə etdiyi, ‘Blue Ocean Strategy’ kitabından şəxsən çox faydalanmışam.

6) Bağdaddakı kor xəlifənin fanatları – Həmkarları da deyə bilərik. Hamımız desək ki, özündən razılıq xoşuma gəlməyən xüsusiyyətdir, amma bu azdan-çoxdan hamımızda var. Kimi aldığı yüksək maaşına, kimi yüksək çinli (milliyəti demirəm) qohumlarına görə, kimi işlədiyi şirkətə, vəzifəsinə görə özünü göydən aparır. Sadəlik gözəl xüsusiyyətdir. Xarizmanın yaraşığı elə lazım olanda sadə olmağı bacarmaqdır.

İndi isə hər sizə uyğun gələn cavabı 2 balla qiymətləndirib toplayın və cəmi 5 vurun. Zarafat edirəm. Bilirəm ki, bizim bloqu izləyənlər ən azı ürəklərində bu və digər forumlara pozitiv baxan insanlardır. Qismət olsa sizlərlə forumda görüşmək ümidilə.

PS Arada parklara da gedin 😉

10 manata MBA təhsili almaq olarmı?

10 manata MBA təhsili almaq olarmı?

Çoxumuzun arzusu və bəzilərimizin konkret məqsədidir ki, MBA oxuyaq. Ətrafımızda MBA məzunu olan insanların da sayı az deyil. Ara-sıra onlardan da necə oxumaq, harada oxumaq, hansı yaşda oxumaq ilə bağlı məsləhətlər alırıq. Bizi isə son qərarı verməyə saxlayan bir çox amil var və deyərdim ki ən başlıca maneə məhz puldur. İmkan yoxdur bəhanəsi ilə yekunda çoxumuz MBA almadan bu həyatdan köçüb gedirik. Deyəsən çox dramatikləşdirdim.

Başlıq sizə iddialı görünə bilər və düşünə bilərsiniz ki, hansısa ucuz kurs reklamını sizə təqdim edirəm. Əslində isə belə deyil. Bu yazını yazmağa başqa bir ciddi səbəb var. Səbəb odur ki, artıq xarici dili zəif bilmək, pula sahib olmamaq bizi MBA təhsilini hissə-hissə öz doğma dilimizdə almaqdan məhrum edə bilməz. Necə deyərlər, şəxsən özüm yaşadığım bir təcrübə haqqında sizlərlə fikirlərimi paylaşacağam:

Söhbət nədən gedir?

Qısa və konkret, Anar Bayramovun ‘Biznes nə istəyir?’ kitabından. Aydındır ki, bir kitabla MBA təhsilini göydən yerə çırpmıram. Heç kitabla MBA təhsilini də müqayisə etmirəm. Sadəcə bu kitabın biznes təhsili almaq istəyən istənilən bir şəxs üçün faydalı olacağına əmin olduğumdan Azərbaycanda biznesi bəzi çılpaqlıqları ilə görmək istəyən 18 yaşından yuxarı şəxsləri bu kitabı oxumağa dəvət edirəm. Təbii ki, əgər mənim kimi gecikməyiblərsə.

Niyə bu kitab oxunulmalıdır?

Birincisi bizdə hər deyəndə kitab yazmırlar. Özü də real biznes keyslər və təcrübələr əsasında. İkincisi kitab sadəcə marketinq və satış funksiyalarını deyil, menecmetin bir çox funksiyalarını bir-biri ilə əlaqəli izah edir. Bu bloqun auditoriyası əminəm ki, bu kitabdan çox faydalanacaq. Məsələn, adını Jobsearch.Az-da gördüyünüz və nə işlə məşğul olduğunu tam olaraq bilmədiyiniz bir çox şirkətlərin konkret nə ilə məşğul olduğunu bu kitabı oxuyub biləcəksiniz. Son zamanlar supermarketə girib çoxdandır filan brendi vitrinlərdə görmürəm, bu deyəsən yeni markadır kimi şək-şühbələrinizin bir çoxuna da bu kitabı oxuyaraq cavab tapacaqsınız. Marketinq ilə məşğul olub ümumi menecmentə aid kitab yazmağın bir üstünülüyü də odur ki, yazdıqlarını axır-əvvəl gətirib marketinqin üstünə çıxarırsan. Marketinqə yuxarıdan aşağıya baxaraq xətrinizə dəyən qeyri-marketoloq dostlarınıza, iş yoldaşlarınıza da bu kitabı hədiyyə edə bilərsiniz.

Nədir dərdimiz?

Gecə-gündüzlərini bizneslərinə sərf edən, tələskənlik və səbirsizlik xəstəliyinə tutulub işıqforda yaşıl işıq yanmamış siqnalın üstündə oturan, uzağı-uzağı bir neçə milyonluq dövriyyəsi olan özündənrazı biznesmenlərimiz məmnun olmayan işçi, müştəri ordusunun yaranmasına, keyfiyyətsiz xidmət və məhsulların evimizə gəlməsinə, innovasiyadan uzaq biznes proseslərin hələ də mövcud olmasına, vaxtın və resursların səmərəsiz idarə olunmasına əsl səbəbkarlardırlar. Pul qazanırımsa demək ki, bilirəm, bacarıram prinsipi ilə yeni bilik və təcrübəni özünə yaxın buraxmayan şəxslərin sayını məhz belə kitablar ilə azaltmaq olar. Fikirləşirəm ki, kaş dərdimiz MBA üçün məhz pul dərdi olardı, yeni bilik oxumaq və öyrənməyə həvəssiz olmaq yox.

Bəs ümumi götürsək?

Vacib deyil ki, sadəcə məşhur bestsellerlər sizin masanızda olsun. Onları da oxumaq vacibdir. Amma məsləhətli olanı, çoxumuzun daha rahat dərk etdiyi ana dilimizdə biznesi və biznes prosesləri daha sadə izah edə bilən praktik biznes kitablarının masalarımızda çox olmasıdır. Necə deyərlər, dərd var, əlacı da var. İstər bu bloq, istərsə də hazırda kifayət qədər aktiv olan digər bloqlar, yeni-yeni kitablar konkret nəticələrdir. Biz də bir-birimizin bu nəticələrindən faydalanaraq təcrübələri paylaşırıq.

Oxumaq, öyrənmək davamlı olmalıdır. Hər birimizin keyfiyyətli MBA təhsili almaq istəyimizin də davamlı olması çox yaxşıdır. Amma nə qədər ki, böyük məqsədlərimizə çata bilmirik, ətrafımızdakı bütün xırda imkanlardan maksimum istifadə etməliyik. Qiyməti on minlərlə olan bir təhsilə gücümüz çatmırsa heç olmasa on manatlıq kitablardan möhkəm tutmalıyıq. Axı onlar hələ ki, əlimizdən tutur.

 

 

Alət çubuğuna keç