Milli Marketinq Forumuna kimlər gəlməsin?!

Ilham Ali Yusif

Dünən günorta vaxtı Respublika sarayının qarşısındakı parkdan keçəndə öz-özümə fikirləşirdim ki, əvvəllər yaman tez-tez parklara gedərdim, 1-2 saat oturub həm dincələrdim, həm də insanları müşahidə edərdim. Ən əsası heç hara tələsməzdim. Nədənsə dövrün qov-qaçına qoşulub bu vərdişdən yadırğamışam. Bu gün isə qərara gəldim ki, 1 saat olsa da parka gedim. Bu yazını günorta elə Sabir bağında yazdım. Həyatda vaxtdan, şəraitsizlikdən şikayətlər insanı çox dala salır. Bakıda yaxşı park və mənim vaxtım olsaydı parka gedərdim əvəzinə bu gün artıq real addım atdığıma sevinirəm.

Əslində postu bura qədər oxuyub və indiyə qədər Milli Marketinq Forumuna şəraitsizlik və vaxtdan şikayət edib getməyənlər bu il nəhayət foruma qatılmaq haqqında düşünürdülərsə, qoy onda aşağıdakı fikirlərə bir diqqət yetirsinlər. Görək gəlməyə dəyər, ya yox. Beləliklə, 27-28 may tarixlərində artıq dördüncü dəfə keçiriləcək Milli Marketinq Forumuna kimlər gəlmiyə bilər sualına cavablar:

1) Azərbaycan düzəlməyəcək deyənlər – Həyatını bir coğrafiyaya bağlamaq gələcək perspektivlərə açıq olmamaq deməkdir. Çoxumuz öz ölkəmizi sevirik. Amma bu o demək deyil ki, gələcəkdə xaricdə işləyə bilmərik. Həm də ölkə öz-özünə düzəlmir. Sənin, mənim zəhmətimlə, qurbanlarımız da olmasa heç olmasa sosial məsuliyyətimizlə düzəlir. Əslində ölkə azdan-çoxdan düzənlidir. Bəlkə, bu düzənsizlik bizim özümüzdədir. Necə olur ki, bu ölkədə hamı, hər şey düzənsiz, bir dənə ideal mənəm?!

2) Bizdə biznes heç zaman olmayacaq deyənlər – Amerikan kinolarına baxıb hərdən mən də depressiyaya düşürəm. Sonra yadıma düşür ki, özüm və ətrafımda yüzlərlə insan kifayət qədər uğurlu biznes modellər üzərində qurulmuş yerli və xarici şirkət və təşkilatlarda çalışırlar. Uğurlu karyera qururlar. Məhsul və xidmətlərini milyonlara çatdırırlar. Bəli, bizdə biznes mühiti xoşagəlməzdir. Bu həm də ona görədir ki, biz biznesdə paylaşmağı xoşlamırıq. Xoş təcrübələr mütləq paylaşılmalıdır. Elə pislər də.

3) Kifayət qədər biznes əlaqələri olanlar – Ola bilər siz artıq kifayət qədər əlaqələrə maliksiniz və yeni insanlarla, xüsusən də həmişə dövrün nəbzini hamıdan öncə tutan gənclərlə görüşməkdə maraqlı deyilsiniz. Bu gənclər gələcək iş yoldaşlarınız, lap elə müdirləriniz ola bilər deməyi istənilən halda sizə xatırlatmaq istədim. Daha sonrasına özünüz qərar verin.

4) Dostları üçün darıxmayanlar – Dövran elədir ki, hər dəfə dost-tanışla görüşmək olmur. Amma belə tədbirlərdə dəyərli insanlarla ən azı nahar vaxtı, fasilələrdə görüşmək, söhbətləşmək və ən əsası şəkil vurdurmaq imkanı olur. Məsələn, elə bu postun fotosunu mən öz dostlarımla ötən ilin oktyabr ayında Digital Marketinq Forumunda iştirak edərkən çəkdirmişəm.

5) Marketinqi sadəcə kitablardan öyrənənlər – Mən birinci forumda iştirak etməmişəm, ikincisində iştirakçı, üçüncüsündə də spiker idim. Forumlarda həqiqətən xeyli maraqlı spiker olub. Aralarında sadəcə öz şirkətlərindən, kitab cümlələrindən danışan da olub. Amma və lakin bu forumlarda real təcrübələr, uğurlar və uğursuzluqlar, insan və şirkət hekayələri Azərbaycan reallıqları fonunda təqdim edilib. Bunlar hələ ki, kitablarda yoxdur. Kitab demişkən, ikinci forumda spikerlərdən birinin tövsiyyə etdiyi, ‘Blue Ocean Strategy’ kitabından şəxsən çox faydalanmışam.

6) Bağdaddakı kor xəlifənin fanatları – Həmkarları da deyə bilərik. Hamımız desək ki, özündən razılıq xoşuma gəlməyən xüsusiyyətdir, amma bu azdan-çoxdan hamımızda var. Kimi aldığı yüksək maaşına, kimi yüksək çinli (milliyəti demirəm) qohumlarına görə, kimi işlədiyi şirkətə, vəzifəsinə görə özünü göydən aparır. Sadəlik gözəl xüsusiyyətdir. Xarizmanın yaraşığı elə lazım olanda sadə olmağı bacarmaqdır.

İndi isə hər sizə uyğun gələn cavabı 2 balla qiymətləndirib toplayın və cəmi 5 vurun. Zarafat edirəm. Bilirəm ki, bizim bloqu izləyənlər ən azı ürəklərində bu və digər forumlara pozitiv baxan insanlardır. Qismət olsa sizlərlə forumda görüşmək ümidilə.

PS Arada parklara da gedin 😉

Milli Marketinq Forumundakı çıxışım (Video)

26-27 may 2015-ci il tarixlərində, yəni cəmi 2 həftə bundan öncə 3-cü Milli Marketinq Forumu keçirildi. Əminəm ki, bu çoxlarınıza məlumdur 🙂 Forumda Marketinq Strategiyaları panelində çıxış edənlərdən biri də mən idim. Ara-sıra forum ilə bağlı fikirlərimi sizlərlə paylaşmaq imkanı olmuşdu. İndi isə sizə çıxışın videosunu təqdim edirəm:

Bir daha forumun təşkilində zəhməti olan hər kəsə təşəkkür edirəm!

Növbəti tədbirlərdə görüşmək ümidilə!

Qoy həmişə forum olsun!

Özü də marketinq forumu. 3-cü Milli Marketinq Forumu ilə bağlı bəzi fikirlərimi paylaşmaq üçün yəqin ki gecikməmişəm. Beləliklə, çox qısa təsvir etməyə çalışacağım növbəti nəticələrə gəldim:

Tələbkar müştəri

Forumda panellərdən sonra həm spikerlərə verilən suallar, həm #MMF2015 hash tag-i, həm də sosial mediada və üzbəüz paylaşılan fikirlərdən görmək olur ki, bu tədbirə gələnlər bura qətiyyən nə sertifikat almaq, nə forumda iştirak etmək, nə də ki selfie çəkdirmək üçün gəlməyiblər. Görülən işlər nəticə verir. Çoxumuz bu forumda bilmədiklərimizi öyrənmək üçün bir cümlə belə qaçırmamağa çalışdıq. Şəxsən mən bu forumdan sonra 50-dən artıq sual haqqında fikirləşdim.

Sual düzgün, düzgün sual

Dediyim kimi suallar çox idi. Mən hətta iştirak edə bilmədiyim 2 paneli Twitter-dən izləyərək də bunu gördüm. Sadəcə bəzən suallarda konkretlik yox idi, ya da sual veriləndə spikerdən etiraflar istənilirdi ki, ‘de ginən böhrandı”. Sual xatirinə sual az idi, amma özünü tanıtma xatirinə verilən suallar az deyildi. Düşünürəm ki, forum da elə bunun üçündür. Beləliklə, düzgün sual elə sualın düz vaxta və düz yerdə verilməsidir. 🙂

Sözün açığı

Öz təqdimatımdan və demək istədiklərimi tam çatdıra bilməməyimdən özümdən narazı qaldım. Mənim çıxardığım nəticə o oldu ki, slayd təqdimatın varsa gərək ya Namiq müəlliminki kimi olsun, ya da olmasın 🙂 Bəzən təqdimatsız monoloqlar da effektiv olur. Həm də gərək çalışasan auditoriyanı qabaqcadan məlumatlandırasan ki, ya 1-2 detalı əhatəli, ya da 5-6 detalı ümumi təsvir edəcən.

Spikerlərə tövsiyyələr

Mən deməzdim ki, hazırlıqsız spiker var idi. Çünki təşkilatçılar forumdan öncə lazımi hazırlığı görüb prosesi idarə edirdilər. Sadəcə hədəf qrupunu və konteksti tam əhatə etməməklə bağlı tamaşaçı narazılığı var idi. Gələcək forumlarda spiker olacaq şəxslər mütləq öncəki forumlardan nəticələrlə tanış olsun. Reklam yox, PR etsinlər. Ya da reklamı da gözəl etsinlər. Məsələn, Sirabdan danışanda zala gətirib Sirab paylasınlar. Bunu ki, biz marketoloqlar bacarırıq.

Sponsorlar

Bu 3 forum indiyə qədər hansısa yollarla ən azı 200-dən artıq şirkəti əhatə edə bilib. Biletin elə çox baha olmaması, təşkilatçıların təmənnasız dəvətnamələri, forumun vacib xərcləri bir çox ideyaları reallaşdırmağa düşünürəm imkan vermir. Çox yaxşı olar ki, gələcəkdə bu forumun faydalılığını görən böyük (böhrandan da böyük çıxacaq) şirkətlər gələcəkdə bu foruma dəstək olaraq buna sadəcə marketinq imkanı kimi deyil, həm də korporativ sosial məsuliyyət kimi baxsınlar, pul ayırsınlar 😉

Sonda təşkilatçılar, könüllülər, spikerlər öz yerində böyük təşəkkürlər tədbiri maraqlı edən iştirakçılara düşür. Yuxarıda da dediyim kimi iştirakçılar ötən il müqayisədə çox tələbkarlaşıb. Bu o deməkdir ki, gələn il bu forum daha böyük hazırlıq və enerji tələb edəcək.

39-cu, daha doğrusu 4-cü Milli Marketinq Forumunda görüşənədək!

Strategiyada düşünməli olduğumuz 2 məsələ haqqında

Bəzilərinizə məlum olduğu kimi 26-27 may 2015-ci il tarixlərində keçiriləcək 3-cü Milli Marketinq Forumuna mən də spiker kimi qoşulacağam. Forum haqqında qısa fikirlərimi növbəti videoadan izləyə bilərsiniz.

Videoya baxdınızsa orada Marketinq Strategiyaları panelində çıxış edəcəyimi qeyd etdim. Forumda təqdimatım üçün düşünürəm ki, maraqlı konsepsiya hazırlaya bilmişəm. Bu konsepsiya qalsın 10 gün sonraya. İndi isə Əgər Milli Marketinq Forumu olmasa yazımda da söz verdiyim kimi təqdimatı hazırladığım və ümumiyyətcə foruma hazırlaşdığım vaxt haqqında yenidən və ya yenicə düşündüyüm hələ ki 2 məsələ haqqında qısaca fikirlərimi sizlərlə paylaşmaq istəyirəm. Foruma qədər daha bir neçə məsələni də paylaşmağı düşünürəm.

E-qərarvermə

Bu günlərdə İngiltərə Universitetlərinin birinin nümayəndəsi ilə insanların təhsil qərarları ilə bağlı davranışlarını müzakirə edirdik. Baxmayaraq ki, Birləşmiş Krallığın indiyə qədər 50-dən artıq universiteti Bakıda öz marketinq büdcəsini xərcləyir onlardan təxminən yarısı Azərbaycandan öz universitetlərində təhsil alan tələbələrin sayından razıdır. Vacib faktor kimi deyim ki, bəzi top universitetlər ümumiyyətcə heç bizdə pul xərcləmədən belə Azərbaycandan olan tələbələr bu universitetlərə müraciət edirlər. Uğursuzluq məsələsi bu universitetlərin qeyri-peşəkarlığı ilə bağlı olmayıb daha çox  ‘word of mouth’ effekti ilə bağlıdır. Elə görüşdə də müzakirə edirdik ki, hələ ki insanlar rasional qərar verə bilirlər və məsləhətli don gen olar deyib digər insanların tövsiyyələrini qulaqardına vurmurlar. Amma yaxın 5-10 ilə texnologiya, internet bizim qərarvermə prosesimizdə bizi daha çox aldadacaq, nəinki biz rasional düşünə biləcəyik. Yəqin ki, bəziləriniz Will Smith-in yenicə çəkildiyi Focus filminə baxmısınız və 55 effekti yadınıza düşdü. Bir neçə il qabaq deyirdik ki, marka çoxdur və avtomatik reklamlarda gördüklərimizə istər-istəməz meylli olurduq. İndi vaxtımızın çoxunun keçdiyi internetdə marka çoxdur nədir, reklam marka sayından da çoxdur. Çünki internet sadəcə 3-5 dollar büdcə ilə də reklama imkan verir. Məsələnin mənfi tərəfi odur ki, biz nə qədər ənənəvi bannerlər, pop-up bannerlərdən gözümüzü qaçırsaq da, internet PR və reklamın digər vasitələri ilə lazımsız brendləri də beynimizə yerləşdirir. Bu təbii ki, faciə deyil, çünki məsələn booking.com kimi hər sahədə çoxlu saytlar var ki, bizə seçim üçün etibarlı bir mühit yaradır. Amma yenə də həm satan, həm də alan tərəf kimi bu barədə düşünməyə dəyər.

Prioritetləşdirmə

Şirkətdə biznes və marketinq strategiyaları hazırlanarkən sadə demək olar ki, əsas qərarverici şəxs marketinq direktoru, şirkətin rəhbəridir. Amma məlumdur ki, hər bir departament öz məsələlərini önə çəkməyə çalışır. Məsələn, elə indinin özündə bəzi şirkətlərdə böhran vəziyyəti ilə bağlı olaraq müxtəlif xərclərin azaldılması taktikaları edilir. Elə şirkətlər var ki, işçiləri illərdir istifadə etdiyi plastik qaşıqlar ilə belə artıq təmin etmirlər. Ümumiyyətcə, əksəriyyət həmişə öz problemini daha vacib görür. Hətta qlobal səviyyədə ekoloji problemlərlə məşğul olan alimlərdən soruşduqda onlar korrupsiyanı, mədəni deqradasiyaları bir kənara qoyub təbii su ehtiyatlarının azalmasını və ya hansısa heyvan növünun itməsini ümumbəşəri daha vacib problem kimi görürlər. Hətta bir leksiyada qulaq asdığım kimi əgər ortada dünyanın problemləri üçün x məbləğ olsa o məbləğin çox hissəsini ekoloqlar yuxarıdakı kimi problemlərin həllinə yönəldərlər. Mən qətiyyən qeyri-ekoloji insan deyiləm. Sadəcə bu nümunə ilə göstərmək istədiyim odur ki, bəzən şirkətlərdə, təşkilatlarda da prioritetlərin hansı ardıcıllıqla icrasına önəm verilmir. Şirkət öz dəyərlərini müəyyənləşdirir və sanki bütün bu işləri paralel görür. Hər şöbə özünə aid olan işi vacib görür. Şirkətə satışlarını artırmaq lazım olanda İnsan Resursları şöbəsi işçilərin bayram günləri işləməsinin düzgün olmadığını və ya əlavə iş saatlarına görə ödənişin limitli olduğunu göstərir və işçilərin mənəvi rifahını önə çəkir. Yaxud da, şirkətə yeni texnologiyanın tətbiqi üçün bahalı avadanlıqlar lazım olanda maliyyə meneceri başqa ödənişlərin vacib olduğunu bildirir. Təbii ki, hər bir təşkilatı funksiya yuxarıdakı misallarda özünə görə düzgündür. Ümumilikdə isə şirkət strategiyasında prioritetləri müəyyən edərkən maksimum emosiyaları kənara qoyub rasional iqtisadi yanaşma etməlidir.

Ümumilikdə 10 milyonluq və ya 100 000 manatlıq dövriyyəsi olmasından asılı olmayaraq istənilən şirkət gərək biznesinə düşüncə ilə yanaşsın.  Ona görə də qayıtsaq bir daha foruma və milli olan istənilən bir tədbirə onu da demək lazımdır ki, marketinq nə qədər çox sayda qlobal brendlərdən ibarət olsa da onun kommunikasiyası lokaldır. Odur ki, ölkədə nə qədər milli səviyyədə müzakirələr olacaq bir o qədər bundan faydalanan yerli biznes olacaq və düşüncə də o zaman müsbət olacaq.

 

Əgər Milli Marketinq Forumu olmasa?!

İkicə həftəyə Azərbaycan marketinq icması 3-cü dəfə Milli Marketinq Forumuna toplaşır. Forum haqqında yazılanlar və deyilənlər çoxdur. Təsəvvür etsək ki, bu forum keçirilmir, o zaman ümumi mənzərənin necə olacağının bir neçə bənd üzrə qısaca təsviri bu cür olar:

1) Həyat ‘davam’ edəcək
Doğurdan da ilk baxışdan hər şey olduğu kimi davam edəcək. Arxayınçılıq, olanlarla barışma, bir damla ilə nə olacaq deyənlər cəmiyyətə ətalət gətirir. Bundan da tək marketinq sahəsində çalışanlar deyil, bizim hər birimizin ailə üzvləri, yaxınlarımızın da daxil olduğu müştərilər əziyyət çəkir. Fəaliyyət olmayan yerdə ‘davam’ yerində saymaqdan da betər, geriyə addımlamaq deməkdir.

2) İş görməyib tənqid edənlərin işi azalacaq
Bu mütləqdir. Sözün açığı sosial şəbəkələrdə marketinq ilə bağlı tanıdığım insanların əksəriyyəti bu forumu dəstəkləyir. Amma ara-sıra bu işlər nəyə lazımdır, nəyə nail olunacaq fikirlərini görmək olur. Tənqid etmək, bəyənməmək o zaman tutarlı olur ki, pislədiyindən daha uğurlu nəyisə ortaya qoyursan. Bu da inkişaf deməkdir. Amma nədənsə ətalətli olub dinamikanı danışmaqda görənlər bu forum olmasın, başqa nələrsə haqqında ‘gözəl tənqidlər’ etməyə davam edəcəklər.

3) Cəmi cümlətanı 1 şəbəkələşmə imkanı olmayacaq
İnsan hər gün şəbəkələşmə imkanı ilə qarşılaşa bilər. İndiki dövrdə sosial media vasitəsilə də şəbəkələşmə hər saniyə mümkündür. Amma əslində çox az fürsətlər var ki, orada sən gələcək həyatın üçün çox vacib insanlarla tanış olmaq imkanı əldə edirsən. Bu forum da biznes və marketinq sahəsində olan şəxslər üçün ölkədəki tək-tük fürsətlərdəndir. Çünki bura sadəcə əlində bakal tutub ora-bura gəzmək platforması deyil, peşəkarların ehtirasla bilik və təcrübəsini paylaşdığı məkandır. Ona görə də inanıram ki, burada insanlar bir-birilərinin ideyalarını dinləyib daha möhkəm əlaqələr qura biləcəklər.

4) Onlarla potensiallı gənc Marketinq sferasında karyera qurmayacaq
Bu yaxınlarda ACCA hegomonluğu yazımda gənclərin maliyyə və mühasibatlıq sahəsinə ‘yönəldilməyi’ ilə bağlı qeydlər etmişdim. Təhsildən şikayət etməyə haqqımız var. Belə bir mühitdə gənclərə seçim imkanları vermək və belə forumlar vasitəsilə marketinq sahəsinə maraq oyatmaq çox yaxşıdır və şikayətlərdən daha vacibdir. Marketinqə 10 il sonra da reklam kimi baxan insanlar olacaq. Amma bu forum vasitəsilə 10-larla istedadlı gənc qərar verəcək ki, marketinq sahəsində karyera qursun və özünü inkişaf etdirsin. 10 il sonra isə bu gənclər həm bizə, həm də hələ reklam və marketinqin fərqini seçə bilməyənlərə xərüqələr göstərəcəklər.

5) Nəhayət bu forum olmasa paylaşmaq üçün növbəti fürsəti gözləmək lazım olacaq
Mən özüm birinci forumda iştirak edə bilməmişdim. İkinci foruma iştirakçı kimi qoşulmuşdum. Üçüncü forumda isə spiker kimi iştirak edəcəm. Diqqət sual! Növbəti forumda mən hansı rolda olacağam?! 🙂 Zarafat bir qırağa, təşkilatçılara bu forumda mənə çıxış etməyə imkan yaratdıqları üçün təşəkkürlər. Proqrama əsasən mən marketinq strategiyaları panelində olacağam. Strategiyanın yeddi elementi üzrə maraqlı tezislər səsləndirməyə çalışacağam. Forumdakı tezislərim ilə bağlı bir neçə silsilə yazını yaxın günlərdə daha geniş təqdim etməyi planlaşdırıram. Ümumilikdə forumdan ən böyük gözləntilərim digərlərinin paylaşacağı məqamlar olacaq. İnanıram ki, hər bir spikerin və iştirakçının da əsas iştirak motivasiyalarından biri də budur.

Məqsədim bu forumu müqəddəsləşdirmək deyil. Onsuz da bu barədə çox yazılır, mən də qısaca fikirlərimi yazdım ki, bütün bu cür fəaliyyətlərin qədrini bilək. Nədəsə, necəsə yardımımız ola bilərsə əsirgəmiyək.

Alət çubuğuna keç