Niyə davamlı öyrənməliyik?

ilham ali yusif

Bu 2 gün əlbəttə ki, Azərbaycanda 2 şeydən çox danışılır. Bağdandan və bir də pambıqdan. Ortalama il ərzində sosial mediada 100-dən artıq mövzu müzakirə olunur. Amma yadımıza salan olmasa onların çoxunu sonradan heç xatırlamırıq. Bu müzakirələr inkişaf, strateji yanaşmalar üçün çox yaxşıdır. Hətta nəyisə səhv edən insan eqosu ilə bunu qəbul etməsə də, şüuraltı bundan hansısa nəticələr çıxarır. Həmçinin, bu müzakirələr bəzən dövlətin gözlənilməz qərarlarına da səbəb olub. Ümumi desək bu müzakirələrdə təhqir, xof yoxdursa, obyektiklik, ədalət varsa bu çox gözəldir. Təəssüf ki, bu cür yanaşma heç də hər zaman olmur.

Yaxından, uzaqdan tanıdığımız marketinq icması da dünəndən bağa girib bir çürük ağaca (oxu plaqiata) görə bütöv bağı (oxu Azərbaycan marketinqi) müzakirə edir. Qətiyyən, bu yazıda bu müzakirələr üzərində dayanmaq istəmirəm. Öz prinsiplərimə sadiq qalaraq bu cür söhbətlərdə faydalı nəsə deyə bilmərəmsə susuram. Məsələ heç deməklə də bağlı deyil. Vicdan, niyyət və əməl ilə bağlıdır. Ola bilsin ki, bu bloqu oxuyanların bəzilər söhbətin tam olaraq nədən getdiyini bilmir. Ona görə də növbəti paraqraflarda əsas olaraq davamlı öyrənməyin vacibliyindən yazacağıma söz verirəm:

İnsanın fikirləri niyə dəyişir?

İnsanın nəsə ilə bağlı fikir dəyişirsə bunu etiraf etmək, ən azından özün üçün bunu qəbul etmək insanı sadəcə ucaldar. Məsələn, 6-7 il qabaq pul axını (cash flow) planlaşdırmasına nifrət edir və bunu çox mənasız bir şey hesab edirdim. Ancaq bunu və proseslərin planlaşdırılmasını mənə çox gözəl və praktik təcrübələrlə izah edəndən sonra bunu sevməsəm belə buna daha rasional və hörmətlə yanaşdım. Biz illərdir belə edirik deyib, praktik və elmi əsaslı təcrübəyə hörmət etməmək özü bir qeyri-peşəkarlıqdır. Gözəl izah, açıq müzakirələr, obyektiv yanaşma ilə olan münasibət və ən əsası eqonu bir kənara qoymaq insana etdiyi, bildiyi səhv yanaşmaları dəyişməyə kömək edir. Həyatımda yüzlərlə misal var. Bu mövqesizlik deyil, əksinə bu həyatda daha doğru mövqe tutmağa gedən yoldur.

Keçmişdə bunu bu cür etdik

Hərdən telefonda köhnə şəkillərə baxıram, istəyirəm post edim. Deyirəm əşşi bu köhnə şəkil kimə lazımdır? 🙂 Zarafatsız hər şey o qədər sürətli gedir ki, adam özünü gündəlik freşləməsə özünü dövrdən uzaq bilir. İş müsahibələrində, nəbilim forumlarda, konfranslarda keçmiş təcrübələrdən danışmaq gözəldir. Amma illər keçdikcə mən filan işi bu cür gördüm və indi görməsəm belə bu iş mənim adımla bağlıdır demək və təzə heç nəyi bəyənməmək özünü aldatmaqdır. Xüsusən də sən pensiyaya çıxmamısansa.

Gənclərin qabağında dura bilmək

Gələn il 30 yaşım olacaq. Özümdən 10 yaş kiçik xeyli sosial media dostlarım var. Həmçinin artıq yaşı 25-ə çatmış dərs dediyim gənclər var. Arasında ən azı yarısı məndən daha çox dil bilir, daha çox biliklidir, dünya görüşlüdür. Bir çox reallıqları daha tez başa düşüb. Daha gözəl əlaqələri var. Elələri də var, hətta çox yüksək yerlərdə işləyirlər. Buna görə mənim yaşım, 10 illik təcrübəm deyib gəncləri zəif bilmək ən böyük zəiflikdir. Hətta bəzi məqamlarda səhv etsələr belə onlar mən yaşda olanda bilirəm ki, daha çox uğurlu olacaqlar. Ona görə də bu axına qarşı mən arxayın oturub özümü ağıllı saymıram. Onlardan öyrənir, öz üzərimdə ən azı onlar qədər çalışıram ki, rəqabətdə uduzmayım. 2 il sonra hansısa şirkət 1 milyonluq marketinq büdcəsini daha şəffaf baxışlı və innovativ düşünən 24 yaşlı gəncə həvalə edə bilər, nəinki 15 ildir bu sahədə qan tökürəm deyib özünü aldadana.

Əziyyət çək, o gün gələcək

Sevmirəm hər şeyi neqativ görən, inanmayan, bir cürük meyvəsinə görə ağacı dibindən kəsməyə hazır olan insanları. Bizdə marketinq yoxdu deyənləri, məsələn. Hər birimiz öz mövqeyimizdən azdan-çoxdan narazıyıq. Hamımız daha yüksək yerdə olmağa can atırıq. Bütün bunlar təbiidir. Xüsusən də Azərbaycan kimi ölkədə bir çox insanın layiq olmadığı yüksək yerlərdə olduğunu bilərək. Amma bu əsas vermir ki, dünyanı ədalətsiz adlandıraq. Mən öz təcrübəmdən deyirəm ki, azacıq əziyyət çəkəndə belə onun nəticəsini görürəm. Nəyəsə nail ola bilmirəmsə, bundan ən çox özümü günahkar görürəm.

Dostlar, həyatda hər şey ideal deyil. Dava-dalaşa, ittihamlara, dərk edilən və ya edilməyən paxıllıqdan doğan alovlu təhqir və tənqidlərə hazır olun. Amma özünüzə bu sualı verməyi heç zaman unutmayın: Mən bu gün kiməm və bu mövqeyimi vicdanım qəbul edirmi?

Nostalji hisslərin marketinqdə rolu

ilham ali yusif

Təxminən bir il öncə sahəsinə görə Bakıda ən böyük supermarket açıldı. Bu Salamzadə küçəsində, Nəqliyyat Nazirliyi ilə Papanin arasındakı Nömrə 1 supermarketi oldu. Yolüstü olduğundan həftədə 3-4 dəfə oradan yolumuzu salardıq. Xüsusən də gecə saatlarına qədər işlədiyindən başqalarına nisbətən bura daha çox üstünlük verirdik. Sonradan bu ilin aprel ayında Yeni Yasamalda, evin yanında Bazarstore açılanda ora heç getmədik. Oranı yaxşı tanıyanlar yəqin bilirlər ki, ətrafda Neptun və Araz supermarketləri də var. Nə isə.

İki mərtəbəli bu marketdə eyni məhsulu az qala 2-3  yerdə qoyurdular. Tualet kağızları bir mini market boyda yerdə yerləşdirilidi. Daha burada tez-tez nələr etmirdilər?! Play Station, məişət və elektronika avadanlıqlarının satışı, parfumeriya bölməsi, kimyəvi və quru təmizləmə, kababxana, gül şöbəsi, kafe, bəy və gəlin üçün, yox axırıncıya fikir verməyin. Ən dəhşətlisi o idi ki, mal da çox gəldiyindən yığılıb qalırdı vitrinlərdə və saxlama müddəti az olan ağartı məhsullarının təzəsini tapmaq əməlli-başlı problem idi. Bir də tez-tez getsək də ərazisinin böyüklüyündən həmişə şikayət edirdim. Əgər sizə antipesperant, yuxa və yumurta lazım idisə 8 dəqiqə mağazaiçi dövrə vurmaq gərəkirdi Amma ümumi bol çeşidli olması adamı özünə cəlb edirdi. Bir də ki qəşəng kabab da bişirdilər. Elə bazarlıq edənəcən bişib qurtarırdı, özünlə aparırdın.

İndi deyəcəksiz onsuzda bağlanmış marketin nəyindən yazıram? Bu günlərdə burada Bolmart supermarketi açılıb. Bu gün maraq üçün bura daxil oldum və elə həvəsləndim ki, dedim bu barədə mütləq yazacam. Nədən həvəsləndim soruşsaz, cavabım sadə olacaq. Kitablarda oxuduğumu bu gün emosional olaraq burada da yaşadım.

Əslində belə hal bir neçə dəfə olub. Bu nostalji hisslər və indiki vaxtın reallıqları ilə bağlı olan məqamdır. Yeni market hardasa köhnəsində olan 70 % məhsulları, markaları öz yerində saxlayıb. Asanlıqla gedib xiyar turşusunun harada olduğunu tapdım. Hətta konfet-şokolad da marka-marka öz yerlərindədir sanki. Təsəvvür edin ki, yeni brend altında siz sanki öz köhnə getdiyiniz yerdəsiz. Düzü, bura əksər hallarda yoldaşımla gedirdim. Nə gizlədim, insan ailəsilə keçirdiyi hər vaxtın sonradan daha da çox qədrini bilir. Hətta görürsən sevgililər ayrılanda tək-tək belə onlar birgə olduqları yerlərə gedirlər. Mən də bu gün tək idim. Yəni birgə burada olan bazarlıqları da xatırladım. Düzü mən başqa Nömrə 1 marketdə olmamışam, Bolmart-ın da fanatı deyiləm, həm də düz evin altında açıldığından biz ailəmiz üçün onsuzda bazarlığı Bazarstore-dan etməyə üstünlük verəcəyik. Amma nəzərə alsaq ki, onlar 10-da bağlanırlar, gecə saatlarında bu nostalji hisslər sayəsində mən indiki dövrün müştərisinə çevrilə bilərəm. Bax əsas mesajım da budur. Öz-özümə fikirləşirəm ki, insanların emosiyalarına müsbət təsir etməyi bacarmaq hər bir marketoloqun işindəki ən böyük uğurudur. İnsanlar nə qədər yeniliyə can atsalar da, gələcəyə tələssələr də belə nostalji hisslər onları həmişə duyğulandıracaq və emosional edib alışa həvəsləndirəcək. Mənim keysimdə konkret hələ reklam da etdirəcək.

Bu arada Bolmart bu böyük obyektin hələ ikinci mərtəbəsini açmayıb. Həqiqətən vitrinləri daha səliqəli düzüb. Bu market yerləşən yer çox küləklidir. Nömrə 1 girişi parkinqdən biraz uzaqda etmişdi. İndikilər daha düzgün yerə giriş qapılarını yerləşdiriblər. Ən əsası, parkinqləri də çox səliqəlidir.

Kim deyir ki, biz xoşbəxt deyilik?!


Ilham Ali Yusif

Dünən və bu gün Azərbaycan marketinq icması Cinema Plus-da 4-cü Milli Marketinq Forumu üçün toplaşmışdı. Bu mənim ardıcıl iştirak etdiyim artıq 3-cü MMF oldu. Görülən hər bir işə hörmət öz yerində, amma fikrimcə bu forum daha maraqlı keçdi. Həm də ötən il biz nə qədər az bilirdiksə, bu il daha çox məlumatlıyıq ona görə də müqayisədə bu il öncəkilərindən məntiqlə də faydalı olmalı idi. Bu yazıda isti-isti forumun 4 kateqoriya insanlar üçün necə faydalı ola biləcəyini qısa təhlil etmək istərdim:

Biznes qurmaq istəyənlər üçün – Çıxış edən bloqqer və ya biznesmenlər konkret olaraq öz tarixçələrini danışdırdılar. Məsələn, özünə turizm şirkəti qurmaq istəyən insanın böhran zamanı və ya adi vaxtda hansı innovasiyaların tətbiqinin uğurlu olduğunu öyrənmək imkanı oldu. Bu o demək deyil ki, Turizm.Az-ın 5 il qabaq etdiyini indi edib uğurlu olmaq olar. Bu cür keyslər həm yaxşı nümunələrdir, həm də potensial biznesmenlər üçün Azərbaycanda çox çalışan və zəhmətsevər insanların real uğur edə bilməsinin mümkünlüyünü göstərir. İnanıram ki, bu forumlar gələcək üçün yeni biznes ideyalar formalaşdırır. Kim bilir, 4 il sonra hansısa spiker ‘öz biznesimi filan forumda iştirak edəndən sonra qurdum’ deyəcək.

Hazırda işsiz olanlar üçün – Forum əmək yarmarkası deyil. Bura əlbəttə ki, iş tapmaq məqsədilə gəlmək ağıllı fikir deyil. Amma burada əgər sizin kinoya həvəsiniz varsa, məsələn forumda öyrənmək oldu ki, Cinema Plus öz şəbəkəsini genişləndirir və onlarda yeni iş imkanları olacaq. Yaxud əmin olmaq oldu ki, brendlər konkret sosial-media büdcəsini artırır. Bu sahə üzrə biliklərinizi artıraraq fərqlənib bu istiqamət üzrə iş tapmaq imkanı daha çoxdur. Amma istənilən halda burada iş tapmaq üçün şəbəkələşmə imkanları əvəzsiz oldu.

Marketinq menecerlər üçün –Aydındır ki, buradakıların çoxu öz şirkətlərində marketinq və strateji araşdırma şöbələrində çalışanlar idi. Təəssüf ki, burada eşitdiklərimizin hamısını biz nə kitablardan, nə bloqlardan, nə də mediada oxuya bilmirik. Fəxri Ağayevi, Cəbrayıl Vəliyevi, İlkin Manafovu və digər dəyərli spikerləri hətta internetdən oxumaq olar, amma burada onların canlı konsultasiyaları daha effektiv idi. Chevrolet-in böhran addımlarını bilib onu başqa sahədə də tətbiq etmək 100 % fayda verəcək. Şəxsən mən özüm gələcək ideyalar üçün yeni əlaqələr də qura bildim. Həm də baxırsan kimisə tanıyırsan, amma heç başqa yerdə ağlına gəlmir ki, bu insanlarla yeni ideyaları gerçəkləşdirmək olar.

Müxtəlif sahələrdəki sahibkarlar üçün – Əlbəttə ki, forumdakı ‘Made in Azerbaijan’ keysi sahibkarlarda bəlkə müəyyən inamsızlıq formalaşdıra bilər ki, bizim mal və xidmətlərimiz hələ xaricdə heç kimə lazım deyil. Amma Neuron Technologies misalında da gördüyümüz kimi biz istəsək xaricə belə öz xidmətlərimizi satmaq mümkündür. Birinci daha çox intellektual xidmətlərə yönəlməliyik, ikincisi isə Azərbaycandaxili də bazarda uğurlu olmaq daha önəmlidir. Forumdakı marketinq menecer və onların təqdimatları timsalında rəqib şirkətlərin vəziyyətini duymaq olardı. Nar-ın təqdimatı tək rəqib kimi Bakcell və Azercell nümayəndələri üçün maraqlı olmamalıdır. Yaxud da, sahibkarlar buradan marketinqin funksiyası və marketinq menecerin hazırki dövrdə əsas öhdəliklərini geniş öyrənə bildilər.

Ötən ilki forumda mən də spikerlər arasında idim. Auditoriyanın əks tərəfində olmağı çox gözəl başa düşürəm. İnanmıram ki, hansısa spiker bu işə məsuliyyətsiz yanaşıb. Sadəcə bəziləri üçün konsept ola bilsin daha aydın olmayıb, yaxud da gördükləri iş çox olsa da bunu gözəl çatdıra bilmədilər. Ümumilikdə, spikerlərin əksəriyyəti maraqlı çıxış etdi. Düzdür spikerlərin arasında kitablarda və internetdə gördüklərimizdən də danışdılar, amma öz strategiyasını, milli keyslərini çatdıran spikerlər həm özlərini, həm də brendlərini bizlərin yadımızda daha yaxşı yerləşdirə bildilər. Sonuncu panelə ulduzların da cəlb edilməsi əla oldu. Çünki çox az iştirakçı nahardan sonra zalı tərk etdi. Sonuncu panel həm də nostalji hisslər oyatdı, razısız?

Sonda sizə bir lətifəni də mən danışım. Bir gün ayı düşür 2 nəfərin arxasıyca. Onlardan biri qaçır, qaçır və həmin an anası gəlir oğlunu oyadır ki, ‘Bala, dur! Artıq yeni dövrandır’. Böhran gec-tez bitəcək onsuz da, əsas odur ki biz özümüzü pozitiv aparaq və o yaşlı baba kimi xoşbəxt olaq. MMF2017-də görüşənədək!

PS Milli Marketinq Forumunun Facebook səhifəsini izləməklə forumun bütün panellərinin videolarını yaxın həftələrdə izləyə bilərsiniz.

Divardakı sertifikatlar – Növbəti il üçün təlim planı

İlin sonu yaxınlaşır və əksər şirkətlər reallaşıb-reallaşmayacağından asılı olmayaraq 2015-ci il üçün öz planlarını hazırlayırlar. HR menecerlər, Təlim koordinatorları da şöbə, bölmə rəhbərləri ilə birgə işçilərin təlim-inkişaf planını hazırlamaqdadırlar. Bunu bəziləri şirkətin növbəti il üçün planları və işçinin peşəkarlığı və inkişafı üzrə ciddi şəkildə aparır, kimlərsə də sadəcə 10 nəfəri satış təliminə, 8 nəfəri menecer, 5 nəfəri marketinq kursuna, 50 nəfəri İngilis dili kursuna göndərərik, HR da yaxşı bir treninqə getsin deyə ‘planlar və büdcələr’ qururlar. Təlim və inkişaf planının işlənildiyi vaxtda düşünürəm ki, növbəti qeydlər faydalı olacaq:

1) Daxili akademiyanın gücü

Şirkətin böyük və kiçik olmasından asılı olmayaraq daxili akademiyanın olması tövsiyyə olunandır. İşçi şirkətdən gedəndə çönür geri baxır, fikirləşir ki, bu şirkətdə işlədiyim vaxt iş prosesi və rutin işlərin icrasını təkmilləşdirmədən başqa nələrisə öyrənə bildinmi?! Kitabxana, onlayn təlimlər, sağlamlıq və təhlükəsizlik, İT bilikləri, satış və şirkətin müvafiq fəaliyyəti ilə bağlı seminarların və təlimlərin təşkili tövsiyyə olunandır. Daxili akademiyada kənardan təlimçi və mütəxəssis gətirmək ayıb deyil. 🙂

2) Büdcənin xərclənməməsi

Şirkət 1 il üçün 30 000 AZN büdcə planlayır və il sona çatanda baxır ki, cəmi 5 000 – 6 000 pul xərclənib. Yayda məzuniyyətlər, digər vaxtlarda menecerlərin işçiləri təlimlərə ‘buraxmaması’ ilin sonuna belə vəziyyət yaradır. Bu da iki problemə səbəb olur. Şirkət pulu xərcləmək üçün şirkətin biznesi üçün o qədər də fayda verməyən təlimə işçiləri yazdırır və ya təlim üçün pulun xərclənmədiyini görən rəhbər növbəti il üçün daha az pul ayırır.

3) ‘Veytinq list’

Azərbaycanda təlim şirkətlərinin sayı artır, amma bəzi mövzular üzrə geniş təkliflər yoxdur. Xüsusən də hər hansı spesifik mövzu üzrə 1-2 əməkdaşınız varsa, o zaman aylarla ‘veytinq list’-də qalmaq lazım olur. Veytinq listdə çox qalmamaq üçün tövsiyyə olunur ki, ən azından Türkiyədə, Rusiyada bu təlimin keçirilməsi ilə maraqlanasınız və işçilər təlimi xaricdə keçsin.

4) Xaricdə təlim

Xaricdə təlimdən söz düşmüşkən, əgər işçinizi növbəti ildə xaricdə təlimə göndərəcəksinizsə bunu aprelə qədər həll edin, getsin. Gözlətmək və uzatmaq demotivasiya edicidir. Xüsusən də, işçiniz xaricdə az olub və bu səfər onu aylarla həyəcanlandıracaqsa. Xaricdə təlim çox güclü motivasiyadır. Böyük şirkətlər bu mexanizmi ciddi şəkildə tətbiq edirlər. Hətta bilirlər ki, işçi bu sahədə kifayət qədər bilikli və məlumatlıdır. Xaricdən təlimçi gətirməklə bağlı ayrı bir bloq yazmağa çalışacağam.

5) Dəqiq təlim ehtiyacı

Layihələrin və işin xüsusiyyətləri, işçilərin bacarıqları və bacarıqsızları fonunda düzgün təlim ehtiyacını da müəyyən etmək ən vacib məsələlərdən biridir. İşçidən soruşsan deyəcək filan kurs, filan təlim. Amma menecer özü də işçidəki inkişaf edilməyə ehtiyacı olan bilik və bacarıqları müəyyən etməyi bacarmalıdır. Həm də bizə marketinq təlimi lazımdır deyə qərar vermək düzgün olmaz. Xüsusən də sizə konkret telemarketinq, daha dəqiq telefon üzərindən satış həyata keçirməklə bağlı təlim lazımdırsa. Təlimə ümumi mövzu yanaşması düzgün deyil, yoxsa təlimdən elə böyük fayda olmaz.

6) Teambuilding 

Qrup şəklində təlimlərə üstünlük verin. Fürsət düşdükcə təlim bəhanəsi ilə işçilərinizi toplayın. Bu imkan verəcək ki, həm problemlər və çətinliklərə birgə baxılsın, həm də işçilər arasında sosial bağlılıq artsın. Teambuildinq təlimlərinin fiziki tapşırıqları ilə yanaşı, xüsusi praktik-nəzəri tapşırıqları da olur.

7) Bu insandan kimsə ‘çıxacaq’?!

Təlim özü də maaş kimi bir ‘öhdəlikdir’. Düzdür bu yüngüldür nisbətən. Amma işə götürən sağlamlıq və əməyin təhlükəsizliyindən tutmuş iş prosesinin təşkili ilə bağlı ilkin biliklərlə işçini təmin etməyə borcludur. Sonradan isə davamlı onun inkişafına şərait yaratmalıdır. Axı həyata bir dəfə gəlirik və ortalama karyeraboyu 8-10 iş yerində işləmək imkanımız olur. Məgər işçinin hər bir iş yerində ən azından bir sertifikatı həvəslə iş masasının bir küncündə qoymaq və ya divardan asmaq xoşbəxtliyini yaşamaq haqqı yoxdurmu?! 

Bütün bunlar öz yerində, amma peşəkar təlimlər üzrə olan marketinq-satış təcrübəmdən deyə bilərəm ki, təlim, təlimatlandırma öz yerində, amma ən vacib şirkətin yeniliklərə və dəyişiklikkərin idarəedilməsinə peşəkar yanaşmasıdır. İşçi gedir təlimdə yeni yanaşmaları öyrənir və böyük həvəslə iş mühitinə qayıdır və görür rəhbərlik elə ‘köhnə hamam, köhnə vanna’ prinsipi ilə davam edir və yeniliklərə açıq deyil.

Alət çubuğuna keç