‘Uğurun xəritəsi’ kitabı haqqında danışırıq (Video)

Murad Məmmədovun gerçək hekayələri əsasında yazdığı kitab haqqında təqdimat. ‘Uğurun Xəritəsi’ kitabı artıq satışa da çıxdı. Qaldı sizin alıb oxumanız. Fikirləşirsiz alım, almayım? Onda cavabı növbəti videomuzda tapın. Onsuzda almaq istəyəcəksiniz 😉

Lazım olsa öyrənərəm Kapitalı hansı dostum yazıb

ilham ali yusif

Yəqin ki, çoxunuz Sovet dövründə lətifə kimi yayılmış, bəlkə də gerçək olmuş, ‘Yoldaş katib, etiraf etdi ki, Kapitalı özü yazıb’ söhbətini bilirsiz. Qısası, rayonun birinci katibinə Kapitalı kimin yazdığını deyə bilməyən fəhləni milis nəfəri “ağıllandırır’ və həmin şəxs etiraf edir ki, Kapitalı özü yazıb. Yaxşı ki, bütün bunlar keçmişdə qalıb deyib dərindən bir nəfəs almaq istərdik ki, bu həftə kapitalını kitaba qoymuş Nigar Köçərli ilə bağlı xoşagəlməz hadisələr baş verdi. Əlbəttə PR elə bir qüvvədir ki, bu təhqirəmiz münasibət adi bir insanın başına gəlsəydi bu qədər dost-tanış bunu paylaşmazdı. Bu lap Suriyadakıları paylaşmayıb, Parisə niyə ağlayırsız müqayisəsinə oxşadı. Amma sözüm onda deyil, demək istədiyim odur ki, bizim əsas problemlərimiz elə kitabsızlığımız ilə bağlıdır. Biz təəssüf ki, kitabdan uzaq millətik, çox az faiz insan var ki, kitab oxumağa həvəslidir. Bundan əlavə bir qisim var ki, məcburən oxuyur, bir qismi də trendin təkərinə düşüb, əksəriyyət isə oxumur. Niyə? Bəhanələr edirlər, tənbəllik edirlər və şirkətlərdə də bu məsələyə sosial məsuliyyət yanaşması zəifdir. Məhz elə bunları burada bir neçə bəndə göstərməyə çalışacağam:

1) Milli kitablarımız yoxdur, Azərbaycan dilində kitab azdır – Qara yalandır. Elə dünən Fəxri müəllimin yeni kitabı təqdim edildi. Deyirlər, KVAN deyilən əjdaha bir kitab da gəlir. Ötən il məşhur AİR triousu hərəyə bir kitab çıxardaq kampaniyasını uğurla başa vurdu. Əliabbas da iş axtarmağa ötən ildən başladı. Hələ, Qanun nəşriyyatı ötən 5 il ərzində nə qədər kitabı Azərbaycan dilinə tərcümə edib. Bədii ədəbiyyatdan tutmuş fərdi inkişafa qədər bestsellər kitablar Azərbaycan dilində indi satışda 4-15 manat arası dəyişir. Yox, mən belə mənasız kitablar oxumuram, mənə filan kitab lazımdır deyirsinizsə, başqa məsələ. Bu arada, nə oxuyursuz sualına Çingiz Abdullayevin kitablarını sevirəm deyənlərə buradan atəşli salamlar. 

2) Kitab bahadır – 4-5 il qabaq ADA Bookstore-a gedəndə çox heyran qalmışdım. Düzdür kitablar baha olsa da çeşid çox idi. Axtardığın çox kitabı tapa bilərdin. Amma baha kitablar bahalı telefonlar, planşetlər, əyin-baş kimi getmədi deyə bura tarixə çevrildi. Ara-sıra Biləcəridən o yana keçəndə etdiyim ən vacib işlərdən biri kitab mağazalarını gəzməkdir. Özümü bəzən o qədər unuduram ki, bardaş qurub oturaraq yerdə ən aşağı rəfdə olan kitablara belə baxıb vərəqləyirəm. Getdiyim ölkələrin heç birində ucuz kitab görmədim. Xüsusən, son manat qətliamından sonra PR-a aid köhnə nəşr bir kitabı təxminən 20 manata aldım. Bizdə bəzi xarici kitablar doğurdan da bahadır. Amma prinsipcə hətta başqasının intellektual əməyinə hörmət edirsinizsə, onları onlayn alıb oxuya bilərsiniz. Həm də tələbənin başa düşüləndir ki, az pulu var, amma aya 1000-2000 manat qazanan insan 20-30 manat kitaba xərcləməyəndə ölkədəki problemlərdən hələ çox danışacağıq.

3) PR az edirik – PR ‘8 Marta mənə gül alma kitab al’ səviyyəsində inanmıram elə çox effektiv olsun. Yenə də Ali və Nino sağ olsun, əlindən gələni edir. Aya onlardan 1-2 kitab almağı mən şəxsən özümə borc bilirəm. Amma bizim milyoner brendlərimiz təhsil və oxumaq ilə bağlı layihələrə demək olar ki, pul ayırmaq istəmirlər. İstəyirsən deyəsən, ay qardaş, ay bacı bəs təhsil də idmanın bir qoludur e, buna da bir qayğı filan göstərin, keçmir ki keçmir. Hamımıza xoşdur ki, son 1 il ərzində 10-a yaxın biznes və fərdi inkişaf kitabı çap edilib. Biz də onlardan 3-ü haqqında bu bloqda yazmışıq. Yaxşı ki, heç olmasa bir-birimizi belə təbliğ edirik. Amma bu da azdır.

4) Çoxumuz özümüzü ağıllı sayırıq – Bir neçə il qabaq Moskvada Bolshoy Teatrın yanında axşam vaxtı gəzişirdim. Baxıram teatrların qabağı insanlarla doludur. Təəccüblənirsən, aa indi teatra gedən var? Var, çünki bu həm mədəni, həm də intellektual tələbatdır. Yəni onlarda. Son 3 il ərzində Britaniyanın 10-a yaxın universitetində olmuşam. İnanın tələbələrlə aşıb-daşan kitabxanaları görəndə adamı yaxşı mənada ağlamaq tutur. Sevinc göz yaşları deyirlər e, bax o. Dostlar, əminəm ki belə ağlamalı məqamlardan sizin də yadınıza nələrsə düşür. Bu bloqu oxuyanların hamısı inanıram ki, belə mühiti ölkəmizdə də arzulayır. Amma arzulamaq inanın ki, azdır. Nə qədər ki, özümüzü çox ağıllı sayırıq belə mühitə hələ çox var.

5) Biznes kitabxanaları – Bir neçə şirkət üçün biznes kitabxanası yaratmaq ilə bağlı öncəki iş yerimdə təkliflər vermişdik. Dostlar, təlim, seminar öz yerində amma iş yerinizdə öz işçilərinizə çap edilmiş kitablardan ibarət olan balaca bir kitabxanada da olsa yaradın. İnternetdə hər şey var deyib keçməyin. Ona qalsa böyük transmilli şirkətlərin daxili şəbəkələrində onlayn yüzlərlə təlim var. Bu trendir və çox da effektiv deyil. Qoy işçiləriniz həftəyə bir kitab aparıb evdə vərəqləsin, bu ondan daha faydalı olacaq.

Bu fikirləri çox uzada bilərdim, amma hələlik bunlar kifayətdir. Bloq yerinə çəkər deyirlər. Elə bu gün Port Baku-da WHS-də buranın marketinq işlərini idarə edən dostum Ariflə görüşdüm. Sizi bilmirəm, amma mən ümumiyyətcə Port Baku tərəfdəki auranı çox sevirəm. Ləzzət alıram. Bəlkə bəziləriniz trend ab-havasına düşdüyümü düşünə bilər. Belə deyil, əzizlərim. Kofe içən olmasam da WHS-ə girəndə kofenin gözəl ətri vurdu. Burada biznesdə uğur qazanmaq istəyən, maraqlı incəsənət layihəsində işləyən, bu dünyanın qayğılarından uzaq olmaq istəyən istənilən şəxs gəlib divan və kreslolarda oturub kofeləyərək maraqlı kitabları almadan belə oxuya bilər. Bu da sizə təklif. Elə oradan bir neçə addım o tərəfə gedib Starbucks-da da oxuya bilərsiniz. Əsas odur ki, kitabı sevək, oxuyaq, öyrənək və soruşanda da deyəq, Kapital özüm yazmamışam, amma lazım olsa öyrənərən görüm Facebook-dakı hansı dostum yazıb.

10 manata MBA təhsili almaq olarmı?

10 manata MBA təhsili almaq olarmı?

Çoxumuzun arzusu və bəzilərimizin konkret məqsədidir ki, MBA oxuyaq. Ətrafımızda MBA məzunu olan insanların da sayı az deyil. Ara-sıra onlardan da necə oxumaq, harada oxumaq, hansı yaşda oxumaq ilə bağlı məsləhətlər alırıq. Bizi isə son qərarı verməyə saxlayan bir çox amil var və deyərdim ki ən başlıca maneə məhz puldur. İmkan yoxdur bəhanəsi ilə yekunda çoxumuz MBA almadan bu həyatdan köçüb gedirik. Deyəsən çox dramatikləşdirdim.

Başlıq sizə iddialı görünə bilər və düşünə bilərsiniz ki, hansısa ucuz kurs reklamını sizə təqdim edirəm. Əslində isə belə deyil. Bu yazını yazmağa başqa bir ciddi səbəb var. Səbəb odur ki, artıq xarici dili zəif bilmək, pula sahib olmamaq bizi MBA təhsilini hissə-hissə öz doğma dilimizdə almaqdan məhrum edə bilməz. Necə deyərlər, şəxsən özüm yaşadığım bir təcrübə haqqında sizlərlə fikirlərimi paylaşacağam:

Söhbət nədən gedir?

Qısa və konkret, Anar Bayramovun ‘Biznes nə istəyir?’ kitabından. Aydındır ki, bir kitabla MBA təhsilini göydən yerə çırpmıram. Heç kitabla MBA təhsilini də müqayisə etmirəm. Sadəcə bu kitabın biznes təhsili almaq istəyən istənilən bir şəxs üçün faydalı olacağına əmin olduğumdan Azərbaycanda biznesi bəzi çılpaqlıqları ilə görmək istəyən 18 yaşından yuxarı şəxsləri bu kitabı oxumağa dəvət edirəm. Təbii ki, əgər mənim kimi gecikməyiblərsə.

Niyə bu kitab oxunulmalıdır?

Birincisi bizdə hər deyəndə kitab yazmırlar. Özü də real biznes keyslər və təcrübələr əsasında. İkincisi kitab sadəcə marketinq və satış funksiyalarını deyil, menecmetin bir çox funksiyalarını bir-biri ilə əlaqəli izah edir. Bu bloqun auditoriyası əminəm ki, bu kitabdan çox faydalanacaq. Məsələn, adını Jobsearch.Az-da gördüyünüz və nə işlə məşğul olduğunu tam olaraq bilmədiyiniz bir çox şirkətlərin konkret nə ilə məşğul olduğunu bu kitabı oxuyub biləcəksiniz. Son zamanlar supermarketə girib çoxdandır filan brendi vitrinlərdə görmürəm, bu deyəsən yeni markadır kimi şək-şühbələrinizin bir çoxuna da bu kitabı oxuyaraq cavab tapacaqsınız. Marketinq ilə məşğul olub ümumi menecmentə aid kitab yazmağın bir üstünülüyü də odur ki, yazdıqlarını axır-əvvəl gətirib marketinqin üstünə çıxarırsan. Marketinqə yuxarıdan aşağıya baxaraq xətrinizə dəyən qeyri-marketoloq dostlarınıza, iş yoldaşlarınıza da bu kitabı hədiyyə edə bilərsiniz.

Nədir dərdimiz?

Gecə-gündüzlərini bizneslərinə sərf edən, tələskənlik və səbirsizlik xəstəliyinə tutulub işıqforda yaşıl işıq yanmamış siqnalın üstündə oturan, uzağı-uzağı bir neçə milyonluq dövriyyəsi olan özündənrazı biznesmenlərimiz məmnun olmayan işçi, müştəri ordusunun yaranmasına, keyfiyyətsiz xidmət və məhsulların evimizə gəlməsinə, innovasiyadan uzaq biznes proseslərin hələ də mövcud olmasına, vaxtın və resursların səmərəsiz idarə olunmasına əsl səbəbkarlardırlar. Pul qazanırımsa demək ki, bilirəm, bacarıram prinsipi ilə yeni bilik və təcrübəni özünə yaxın buraxmayan şəxslərin sayını məhz belə kitablar ilə azaltmaq olar. Fikirləşirəm ki, kaş dərdimiz MBA üçün məhz pul dərdi olardı, yeni bilik oxumaq və öyrənməyə həvəssiz olmaq yox.

Bəs ümumi götürsək?

Vacib deyil ki, sadəcə məşhur bestsellerlər sizin masanızda olsun. Onları da oxumaq vacibdir. Amma məsləhətli olanı, çoxumuzun daha rahat dərk etdiyi ana dilimizdə biznesi və biznes prosesləri daha sadə izah edə bilən praktik biznes kitablarının masalarımızda çox olmasıdır. Necə deyərlər, dərd var, əlacı da var. İstər bu bloq, istərsə də hazırda kifayət qədər aktiv olan digər bloqlar, yeni-yeni kitablar konkret nəticələrdir. Biz də bir-birimizin bu nəticələrindən faydalanaraq təcrübələri paylaşırıq.

Oxumaq, öyrənmək davamlı olmalıdır. Hər birimizin keyfiyyətli MBA təhsili almaq istəyimizin də davamlı olması çox yaxşıdır. Amma nə qədər ki, böyük məqsədlərimizə çata bilmirik, ətrafımızdakı bütün xırda imkanlardan maksimum istifadə etməliyik. Qiyməti on minlərlə olan bir təhsilə gücümüz çatmırsa heç olmasa on manatlıq kitablardan möhkəm tutmalıyıq. Axı onlar hələ ki, əlimizdən tutur.

 

 

Hər dərəcəsinə 40 saniyə düşən kitab

Hər dərəcəsinə 40 saniyə düşən kitab

İlkin Manafovun 360 dərəcədə brendinq kitabını ilk əldə edən şəxslərdən biri də mən olmuşam. Müəllif öz imzası ilə bu kitabı mənə Milli Marketinq Forumundan öncə spikerlərin görüşündə təqdim etmişdi. Elə zarafatyana bildirdi ki, 4 saat vaxtımız var ki, kitab haqqında fikirlərimizi yazaq. Bu 4 saat müəyyən səbəblərə görə 4 həftəyə yaxın gecikdi. Amma düşünürəm ki, bu kitab haqqında nə isə yazmaq heç zaman gec deyil. Subyektiv, obyektiv səbəblər sözlərini xoşlamıram, amma burada subyektiv səbəb odur ki, mən həqiqətən kitabı ləng oxuyan insanam. Elə kitablar var ki, bəzən onların 1 absazı haqqında bir neçə dəqiqə fikirləşirəm. Bu kitabda da o qədər belə absazlar var idi ki, onu diqqətlə oxuyub sona çatdırmaq xeyli vaxt aldı. Beləliklə, kitab haqqında fikirlərim və gələcək kitab müəlliflərinə ürək sözlərimi təqdim edirəm.

İlkin olaraq

Əvvəlcə elə ondan başlayım ki, kitabın axıcılığı, brendinq və fərdi inkişaf ilə bağlı birgə konsepsiyası adamı brend menecer olmağa həvəsləndirir. Samir Kərimov da bu kitab haqqında öz fikirlərini paylaşanda bu barədə yazmışdım. Azərbaycan dilində onsuzda biznes kitablarının sayı azdır, bəzi yeni kitablar da tərcümədir. Eybi yoxdur tərcümə edilib, amma elə tərcümələr də var ki, müəllif ora heç cürə öz praktikasının rəngini qata bilmir. Bu kitab isə etdik, sınadıq, bəyəndik, öyrəndik, bəyənmədik, alınmadı, təkrar etdik, alındı, yenisini fikirləşdik, dayandıq, bir daha fikirləşdik, gecikdik, tələsdik, tutdurduq konsepsiyası ilə yazılıb. Sizə məsələn araşdırma şirkəti üçün brifi yazmaq üçün edilən tövsiyyə xaricdə bunu belə edirlər, siz də bir belə edin görün alınacaq ya yox formatında deyil, biz Bakıda, Azərbaycanda bunu bu cür edirik, çünki təcrübə göstərir ki, başqa cür araşdırma şirkəti sizə lazım olan məlumatı təqdim edə bilmir formatında göstərilir. Buna çeyniyib ağzına qoymaq deyilir ki, oxuyana sadəcə udmaq gərəkir.

İlkin kimi düşünmək

Müəllifin bloqunu 3 ildən artıqdır ki, izlədəyimdən yazı tərzinə azdan-çoxdan bələdəm. Kitabda bloqda vaxtilə yayımlanmış yazılar da var. Yerli-yerində istifadə olunublar. Amma kitabın yeni yazılmış hissələrində belə müəllifin fikirlərini bir-iki absaz qabaqdan tutmaq olur. Mən buna İlkin kimi düşünmək deyərdim. Kitabı yazan insan 2-3 gündən bir həm aktual, həm də bloqun konsepsiyasına uyğun fikirlərini oxucularla paylaşır. Facebook statusundan fərqli olaraq bloq post daha geniş əhatəli olur və oxuyan insanın daha çox yadında qalır. Hadisələrə, proseslərə yanaşma tərzi isə insanın alt şüuruna yazılır. Sən artıq müəllifin kitabını oxuyanda onun nə demək istədiyini sona çatmadan başa düşürsən. Nəbilim, əvvələr buna dəsti-xətt deyərdilər. İlkin Manafov da görünür marketinqdə bir dəsti-xətt yarada bilib ki, mən belə düşünürəm. Elə kitabın dili ilə desək, İlkinin yazı tərzinin brendinq elementi kimi biz realistliyi, optimistliyi, özünəinam, səmimilik, özünü uca tutmamaq, faktlarla danışmaq, bildiyini paylaşmaqda xəsis olmamaq, sona həmişə ümid saxlamaq elementlərini görə bilərik. Daha belə bir müəllifin kitabını oxumağa nə var ki? Nə az bildiyinə görə ruhdan düşəcən, nə də çox bildiyinə görə öyünəcən.

İlkin ola bilməyənlər

İlkin bəy Azərbaycanda ən çox postu olan biznes bloqun müəllifidir. Hərdən hansısa bir mövzu haqqında yazanda yadıma salmağa çalışıram ki, bu barədə İlkin bəy hər hansı qeydləri etmişdisə, təkrarçılıq olmasın. Demək olar ki, marketinq və fərdi inkişaf ilə bağlı bütün əsas mövzuları öz yazılarında əhatə edib. Brendinq ilə bağlı Ana dilində ilk kitabı yaza bilməyənlərə isə əminəm ki, müəllif estafeti verməyə hazırdır. Düzdür, inanıram ki, onun tezliklə digər kitablarını da görə biləcəyik. Sadəcə əlini çırmalayıb brendinq və marketinqdən kitab yazmaq istəyən şəxslər marketoloqlar və xüsusən də marketoloq olmayan istəyən gənclər üçün böyük iş görmüş olacaqlar. İntellektual marketinq fəaliyyəti məşğul olmaq istəyən şəxs üçün isə bu həm də vizit kartdır. Milli Marketinq Forumu, internetdə müxtəlif sosial şəbəkələrdə olan müzakirələr, yeni bloqlar və yeni kitablar hamısı bizim marketinq cəmiyyətinin inkişafı üçündür. Kimsə ilkin ola bilmirsə, ikinci və üçüncü olmaqla bu böyük missiyanın vacib tərkib hissəsi olurlar.

Kimsə həyatıboyu 500 kitab oxuya bilər amma çox az kitab var ki, insanın karyerasına, düşüncə tərzinə əsaslı dəyişiklik edir. Mən inanıram ki, bu kitab bir çox insanın həyatında TOP 10-da olan kitablardan olacaq və onların həyatını müsbətə dəyişəcək. Təbriklər isə müəllifə düşür. Çünki bu onun kitabı haqqın ilk deyil, artıq neçənci yazıdır.

Alət çubuğuna keç