Yaş ötüb otuzu, CV-sində yox bir düz-əməlli işi

ilham ali yusif

Hər dəfə təəssüf edirik ki, bizdə normal tədqiqatlar aparan şirkətlər yoxdur. Dəqiq sayın bilməsəm də yaxşı ki, 100-dən artıq biznesdən öz dilimizdə, lap elə Rus və İngilis dilində yazanlarımız var. Kitab sayı isə çox məhduddur. Faktiki olaraq çoxumuz xarici kitablardan nələrisə öyrənməyə çalışırıq. İlə 2-3 forumla kifayətlənirik. Milli biznes mühitindən əsasən azdan-çoxdan yaxşı əlaqələri olan, nisbətən yaxşı yerlərdə işləyən şəxslərin məlumatı var. Yenə də ölkəmizdə dəqiq tədqiqatlar olmadığından hər hansı bir məsələ haqqında sadəcə ümumi dünya görüşümüzdən, dostdan-tanışdan eşitdiyimizdən, müşahidələrimizdən nəticə çıxarırıq.

Xarici marketinq ədəbiyyatlarında tez-tez rast gəldiyimiz, X, Y, Z nəsilləri silsiləsindən Millenium nəslinin davranışları ilə bağlı fikirlərə son zamanlar bir çox məqalələrdə rast gəlmək olar. Bu nəslin müştəri davranışları, işə götürəndən əsas gözlənti və tələbləri və bu kimi xeyli araşdırmalar. Bizdə isə belə normal tədqiqat yönümlü bölgülər olmadığından biz faktiki heç bir nəslimizə yiyə dura bilmirik. Məsələn elə biznes mühitinə hələ çox faydalı ola biləcək yaşı 30-u keçmişlər.

Mənim yaşım hələ 30-a çatmayıb. CV üçün də 2-3 yaxşı işim olub. Deyə bilərsiz ki, başımın ağrısı nədir? Sadəcə ətrafımda tanıdığım xeyli insan var ki, 30 yaşa qədər uğurlu olmayıbsa əlini-qolunu salıb aşağı sanki reallıqlarla razılaşır. Buna əsas səbəb də məhz ölkəmizdə biznes mühitinin problemləridir. İşə götürənlər nə qədər işçisizlik problemini həvəslə qabartsalar da əslində bu problem qarşılıqlıdır. Hər iki tərəf üçün bundan sonrasına maraqlı olacaq fikirlərimi sizlərlə bölüşürəm:

Şirkətlər loyal işçilərini inkişaf etdirməlidirlər – Baş nazirlə zarafat edən menecerlər var ki, 10 ildi kreslolarından durmurlar. Əlbəttə biznes mühitində kiminsə hansısa işdə nə qədər olmasına məhdudiyyət yoxdur. Amma müşahidələrimdən deyə bilərəm ki, həmin insanlar nədənsə 5 il şirkətdə sadə işi loyal görən işçiləri qabağa çəkməkdənsə, hardansa öz tanışını və ya kiminsə tanışını dartıb gətirir. Böyük sual çıxır, əgər sən öz işçini 5 ildir inkişaf etdirə bilmirsənsə onda hansı işçi loyallığını gözləyirsən. Motivasiya sadəcə pul ilə olmur, həqiqətən loyal olmağı sevən insanlara qarşı diqqətli olmaqla işdə motivasiyanı artırmaq mümkündür.

Şirkətlər özlərini də inkişaf etdirməlidir – Böhran bir bəhanə oldu ki, şirkətlər özlərini tanısınlar. Əgər tanıya bildilərsə. Biz biznes mühitini nədənsə özümüzə yaxın buraxmaq istəmirdik. Aya 10 000 manat qazan iş adamı işçiyə 500 manat verəndə ‘canı çıxır’ sanki. Məsələ kiçik və orta biznesə çatanda vacibdir ki, işçi və biznesmen arasında gəlir 50 dəfə fərqli olmasın. Xüsusən də əgər bu iş adamları işçiyə karyera perspektivləri vermirsə. Onu inkişaf etdirə bilmirlərsə. Şirkəti inkişaf etdirmək sadəcə çox pul qazanmaq demək deyil. Korporativ mühit qurmaq çox vacibdir.

İnsan özü isə nağıllara uymamalıdır – Onsuzda şirkətlər qəfil çönüb ideal olmayacaqlar. Hətta yaşı 30-u keçmiş və özünə yaxşı karyera qurmuş və sözün həqiqi mənasında bacarıqlı insanlar da bu yazını oxuyub ‘ağılları olardı vaxtında əziyyət çəkərdilər’deyəcəklər. Amma bloqun məğzi odur ki, bu şablon yanaşmadan çıxaq. Şirkətlər faktiki çox zaman vaxtında hansısa təhsil ala bilmək imkanı və ya həvəsi olmayan insanlara nağıl danışmağa davam edəcəksə yaxşı olmayacaq. 500 manat maaşla 5000 manat maaş alan üçün həyat heç də eyni səviyyədə yaxşı olmayacaq. İnsan özü bunu başa düşməli və bataqlıqdan özü özünü çıxartmalıdır.

Yaş diskriminasiyası – Başqa bir məsələ də var. Özünüz özünüzü çıxartdız. Biz də elə həmişə davamlı təhsil deyə car çəkirik. Heç nə heç zaman gec deyil deyirik. 30 yaşına çatmış insan da hətta magistr təhsilinin də ona bir faydası olmadığını başa düşür. Başlayır öz üzərində çalışıb hər hansı bir kvalifikasiya qazanmağa. Həyat təcrübəsi də imkan verir ki, daha dərin təhlil edə bilsin. Amma di gəl ki, biznes mühiti onlara qucaq açmır. Ya ucuz işçi qüvvəsi axtarır, ya deyir bu çox danışacaq, ya bunu öz ailə qayğıları var, ya bacarıqlı olsaydı indiyə qədər normal iş tapardı deyə-deyə belə insanlara tərəf baxmır. Biz bu məsələdə çox gecikmişik, amma yaxşı olar ki, CV-də yaş, ailə vəziyyəti və bu kimi şəxsi məsələlər yazmağı tələb etmək qanunla qadağan edilsin.

Uğurlu insan hekayələrini yaymaq – Nədənsə psixoloji olaraq çoxumuz uğurlu insan deyəndə öz biznesi olan insanları göz önündə canlandırırıq. Amma hər hansı bir şirkətdə işləyərək də həm uğurlu işçi, həm də uğurlu insan olmaq olar. Bizdə uğur hekayələri faktiki çoxdur, amma onları çatdırılması zəifdir. Bəzən çox şişirdilmiş və ya təhrif olunmuşdur. İstənilən halda bu məsələdə həm media, həm bloqerlər, yazarlar gərək cəmiyyətə faydalı olsun. Məsələn, ’30 yaşdan sonra uğurlu karyera qurmuş 100 azərbaycanlı’ kitabını yazıb nə qədər insana real ümid vermək olar.

Həyatda uğur qazanmağa bilik, əlaqələr nə qədər çox kömək edirsə, fikrimcə ondan da çox insana davranışları daha çox faydalı olar. Ona görə də insan daima iradəli, çalışqan, motivasiyalı olmalıdır ki, yaşı 30-u, 40-ı belə keçmiş olanda öz həyatını müsbətə dəyişməyə həvəsli olsun. Onsuzda həyatda özümüzdən asılı olan və olmayan çox səbəblər bizi ya büdrədir, ya da qabağa çəkir. Əsas odur ki, büdrəyəndə qabağa getmək həvəsimiz heç zaman ölməsin.

19 yaşlı kuryer və gənclərə ilk işlə bağlı tövsiyyələr

19 yaşlı kuryer və gənclərə ilk işlə bağlı tövsiyyələr

Bu günlərdə iş gününün sonunda liftdə gənc kuryer ilə çox qısa amma maraqlı söhbətimiz oldu. Yuxarı mərtəbələrdən düşürdü və lift 8-ci mərtəbədə açılanda çaşıb çölə çıxırdı, məlum oldu ki, o da 1-ə düşür. Liftin ‘ən pis vaxtı’ olduğundan bir neçə mərtəbədə onun dayanması mənə bu oğlanın 19 yaşının olmasını, bu işə cəmi 3-4 gün öncə başlamasını, kollecdə qiyabi oxumasını və həvəsli olmasını öyrənmək ilə yanaşı, mənim də ona az da olsa motivasiya verməyimə imkan verdi. Söz vermirəm ki, bu yazının liftdə 8-dən 1-ə qədər düşəcək vaxta oxuya biləcəksiniz, amma 2-3 dəfə qalxıb düşsəniz ona verdiyim məsləhətləri bir qədər geniş oxuya biləcəksiniz.

  1. İlk iş kimi kuryer olmağın üstünlüyü – Biz 5-ci Education UK sərgisindən öncə oktyabr ayında gənclər arasında karyera sorğusu keçirdik. Sorğu haqqında ayrı bir yazımız olacaq. Suallardan 2-i belə idi ki, ‘Britaniyada təhsil aldıqdan sonra Azərbaycan və ya xaricdə hansı 3 şirkətdə işləmək istəyirsiniz?’ Hər bir sualın özünün 3 cavab variantı var idi. Qısası potensial olaraq 500 yerli, 500 xarici şirkət və təşkilat variantından ümumilikdə 100-dən də az şirkət adı qeyd edilmişdi. İş mühiti funksiyalarından xəbərsiz olmaq bir tərəfə, gənclərin şirkətlər haqqında belə az məlumatsız olması onları məqsədyönlü etmir. Axı Azərbaycanda BP hər il uzağı 100 nəfəri işə götürə biləcək. Bu həm də işəgötürənlərin də HR brendinq məsələsinə önəm verməmisidir. Kuryer olan gənc isə yüzlərlə şirkəti qapıbaqapı gəzir və əgər düşüncəlidirsə iş dünyasını müşahidələrilə öyrənə bilir. 
  2. Nə işi görsəniz mütləq həvəsli olun – Bəzən gənclər işsizlikdən uzun müddət əziyyət çəkirlər. Onlara iş təklif olunanda deyirlər mən ömrümdə filan işi görmərəm. Bu pis yanaşma deyil, amma insan ümumiyyətcə deyir ki, mən 2-dəyəm ancaq 10-a çatanda həvəsli olacam, heç inanmağım gəlmir ki, 10-a çatanda belə bu insanlarda gözlədikləri həvəs olsun. Sonradan onlar ‘arzuladıqları’ işə başlayanda da nədənsə şikayət edirlər, həvəssiz olurlar. Böyük uğurlar kiçik proseslərdəki uğurlardan ibarətdir. İnsan xırda işlərdən zövq almırsa böyük işlərdə də həvəssiz ola bilər. Bu gənc kuryer işində həvəsli görünürdü. Gənclərə tövsiyyə edirəm ki, ilk işlərində mütləq həvəsli olsunlar.
  3. Ofisdə işə başlamamışdan öncə – Ümumilikdə isə bir çox uğurlu insanların ilk işi kuryer, bağ-bostana baxan, sürücü, ofisiant olub. Bu normaldır. Axı proporsional olaraq bu işlərin sayı daha çoxdur və az bilik və bacarıqla olan insanları məhz bu işlərə qəbul edirlər. Şəxsən mənim özümün ilk işim 1 ilə yaxın restoranda ofisiant işləmək olub. Gecə 4-ə qədər də işlədiyim vaxtlar olub ki, səhər tezdən 8:30-da dərsə getməli olmuşam. Amma bu 10 il öncə olsa da daima o günləri yadıma salıram və gələcəkdə işim nə qədər komfort olsa da bu keçmişdən sadəcə zövq alacam və çalışacam ki, o günlər çəkdiyim əziyyəti qiymətləndirim. Belə işlərdən başlamağın təbii ki, ən böyük üstünlüyü həm də belə işləri görənləri gələcəkdə daha rahat idarə edə bilmək deməkdir. Unutmayın, əksər hallarda əziyyət çəkən, çəkməyəndən daha qədirbilən olur. 

Hər bir gənc üçün, xüsusən də 1-2 il iş təcrübəsi olmayan gənclər üçün doğurdan da iş tapmaq çətindir. Xüsusən də, hazırki böhran şəraitində. Ona görə də nə qədər fürsət var, işləməyə başlayın, Mado-da, McDonald’s-da ofisiant kimi, kuryer kimi yetər ki, düşüncəli, həvəsli olasınız və əziyyət çəkib xoş günə çıxanda onu qiymətləndirə biləsiniz.

Gəncədən gəlirəm, yüküm bloq yazısı

Gəncədən gəlirəm, yüküm bloq yazısı

27 noyabr Gəncədə çox maraqlı gün oldu. İlk öncə səhər tezdən çox da soyuq olmayan havada Xan Bağında gəzərək günə başladım. Sonra isə Azərbaycan Texnologiya Universiteti və British Council arasında əməkdaşlıq imkanlarını müzakirə etmək üçün universitet rəhbərliyi ilə görüşdük. Həqiqətən çox yaxşı haldır ki, bu universitet Təhsil Nazirliyinin pilot layihəsi olan Müştəri Yönümlülüyü Proqramını ilk icra edən universitetdir. Rəsmi görüşdən sonra isə 300-dən artıq tələbə ilə görüşüb onlara Karyera və Britaniyada təhsil ilə bağlı təqdimat etmək imkanımız oldu. Elə bu təqdimatdan və Gəncə səfərindən çıxardığım bəzi nəticələri sizlərlə bölüşmək istəyirəm:

  1. Gəncə dinamikləşir – Tələbəlikdən indiyə qədər Gəncədə bir neçə dəfə olmuşam və bu dəfə Gəncə mənə daha dinamik gəldi. Bakıda bezdiyimiz tıxac Gəncədə ləzzət elədi. Əsasən şəhərin mərkəzində olsam da gecə saat 12-ə qədər qaynayıb-qarışan mühiti görmək xoş idi. Oteldə də xeyli sayda xarici var idi. Urus stuardessalarını Bakıdan kənar hər deyən şəhərdə və rayonda görmək olmur 😉
  2. Gənclərimizin motivasiyaya ehtiyacı var – Bakının özündə belə ali təhsil alan gənclərin çoxu həvəssiz və inamsızdırlar. İnsanlar uğur hekayələrinə inanmırlar. Amma günahı onların üstünə atmadan onu da nəzərə almaq lazımdır ki, çoxunun bu uğur hekayələrindən, müxtəlif imkanlardan heç xəbərləri belə yoxdur.  Nə qədər məlumatverici təlimlər və seminarlar olsa bir o qədər uğurlu gənclərimiz artacaq. Bizim seminardan sonra tələbələrin və müəllimlərin təşəkkürlərindən belə başa düşdüm ki, adi bir motivasiya edici çıxış çox yüksək qiymətləndirilir, çünki ehtiyac çoxdur.
  3. Resurslara çıxış – Gəncə gənclər sektorunda gördüyü işlərdə heç də Bakıdan geri qalmayıb. Amma son zamanlar gənclər təşkilatlarının populyar olmaması heç də gənclərin xeyrinə deyil. Hamınız internet dövrüdür deyib günümüzün yarısı internetdə, çox üzr istəyirəm səhv dedim, Facebook-da oluruq. Bizə elə gəlir ki, bütün lazımi məlumatları feysdən (ilk dəfədir bu sözü yazıram) əldə etmək olar. Amma Gəncədə də qısa söhbətlərimdən belə anladım ki, internetdən səmərəli istifadə etməmək ciddi problemdir. Resurs tək internetlə məhdudlaşmır. Gənclər həm də müxtəlif maraq qruplarında birləşməlidirlər. İnternet dövrüdür deyib üzbəüz ünsiyyətdə qaçdığımıza görə özümüzə haqq qazandırmayaq.
  4. Bütün dünya bu yolu keçib – Bakıda demək olar ki, bütün şirkətlərdə işçilərin ən azı 30 %-i orta məktəbi Bakıda oxumayıb. İçi mən daxil Bakıda daha böyük karyera imkanlarına inanıb ali təhsil üçün Bakını seçmişik. Amma böhran oldu-olmadı Bakıda iş imkanları məhdudlaşır və bazar müxtəlif səviyyələrdə kütləvi kadrlara elə də ehtiyaclı deyil. Üstəgəl bütün dünyada olduğu kimi mərkəzi şəhər olan Bakıda da yaşayış çox bahadır. Elə bu perspektivdən sadəcə formal proqramlar ilə deyil, real nəticələrlə regionların inkişafı vacibdir. Gəncənin Azərbaycanın Bristolu olmaq üçün heç də az potensialı yoxdur. Sadəcə bu gərək bütün maraqlı tərəflər üçün səmimi gündəlikdə olsun.

Gəncədən həm də maraqlı bir təklif gəldi ki, burada marketinq təlimləri və seminarları təşkil edilsin. Düşünürəm ki, ilkin olaraq bir neçə marketoloqun iştirakı ilə mini forumun təşkili ilə bu işə başlamaq olar.

Çox istəyən azdan da qalar və ya təhsil və karyerada geri düşənlər

Çox istəyən azdan da qalar və ya təhsil və karyerada geri düşənlər

İndiki dövrdə nə qədər möhkəm insan olursan ol nəinsə peşəkar reklamı və PR-ı səni də özü ilə çəkib aparacaq. Fərq etməz istər film, istərsə də musiqi, restoran, siyasi lider, istirahət mərkəzi, avtomobil və s. Təbii ki, marketoloq olmasan belə, marketinqdən azdan-çoxdan məlumatın olanda fokus-mokuslara heç də emosional yanaşmırsan və buna görə digərlərindən yarım addım öndə olursan. Özümüz də yaxşı başa düşürük ki, səsli-küylü Hollivud filmləri ilə müqayisədə sakit gəlib-gedən Avropa filmləri daha mənalı və baxımlıdır, bəzən eyni xüsusiyyətli avtomobillərin qiymətlərinin arasında bir neçə min dollar brend ucbatından süni fərq var. Bunun kimi yüzlərlə misala səbəb olan reklam və PR manipulyasiyaları olduğunu da bilirik. Təbii ki, mən xalqımızın yaxşı məhsulu reklam etməzlər zərbi-məsəlinə qətiyyən haqq qazandırmıram. Sadəcə ən yaxşı, ən mükəmməl, ən güclü və müxtəlif ənlərlə öz həyatını quran və trenddir, belə eşitmişəm deyib həyatını yaşayan və bununla da bir çox imkanları itirən insanlara üzümü tutaraq:

Bu cür yanaşmanı təhsil və karyerada tətbiq edəndə uğursuzluğa daha yaxın olursan demək istəyirəm.

Düzdür məsələnin digər tərəfi məhz hər şeyin ən yaxşısını istəyənlərin xeyli saydakı uğur hekayələridir ki, Harward-dan, Microsoft-dan, Ferraridən gəlir. Amma aşağıdakı formatda düzgün qiymətləndirmə aparıb düşünsək heç də pis olmaz.

Arada bir sağa-sola baxaq

Ətrafımızda xeyli sayda insar var ki, təhsil bahadır deyib, filan qədər pulum olsaydı filan təhsili alardım deyirlər. Təcrübə göstərir ki, bu insanların qəfil pulu çox az hallarda artır və bu cür insanlar yekunda heç bir normal təhsil ala bilmirlər. Bu həm də o insanlardır ki, adamım olsaydı, filan şeyi bilsəydim, filan sahənin adamı olsaydım bu şirkətdə iş tapardım deyənlərdir. Özümü da bu insanlara aid etməkdən utanmıram. Səbəb isə çox sadədir. Biz xoşlayırıq ki, reallıq hissindən tez-tez uzaqlaşaq və uğursuzluğumuzun və ya indiki vəziyyətdəki narazılığımızın günahını özümüzdən başqa istənilən şəxsin üzərinə ataq. Əyilib sağa-sola baxsaq imkanların istənilən ağıllı insan üçün eyni olduğunu görərik. Həm də onu da görərik ki, çox insan həyatda məhz özünə layiq olan yerini tapır. Əgər biz bu gün 1000 nəfərlik şirkətdə CEO deyiliksə və buna çox az şansımız varsa, bu arzunu ürəkdə qoymaqdansa 100 nəfərlik şirkətdə ən azı departament müdiri olmaqdan məmnun olmalıyıq. Müsbət nəticəli departament müdirinin 100 nəfərlik şirkətdə CEO olmaq və yaxşı qazanmaq şansı aydındır ki, 1000 nəfərlik şirkətdə reklam meneceri kimi çalışmaqdan daha yaxşıdır. Rəqəm sadəcə simvolikdir.

Potensialımızı düzgün qiymətləndirək

İşlədiyim layihədə Britaniya universitetlərini Bakıda təbliğ edirik və aydındır ki, hər il yüzlərlə insan bizə bununla bağlı müxtəlif suallarla müraciət edirlər. Bir tərəfdən yaxşıdır ki, gənclərimizin əksəriyyəti Britaniyanın Top 5 universiteti ilə maraqlanır, digər tərəfdən isə pisdir ki, yalnız 10 % tələbə bu top universitetlərə daxil ola bilirlər. Qəbul olandan sonra hələ oxumağa qabiliyyəti çatıb-çatmayacağına təminat verilmir. Halbuki bu cür gənclər IELTS imtahanından maksimum 6.0-6.5 güc ilə yığırlar. Vacib deyil ki, təhsiliniz məhz Britaniyada olsun. Yaxud da vacib deyil ki, mən mütləq BP-də, Azercell-də işləməliyəm deyə onsuzda qısa olan həyatı boşa yaşayasınız. Orada oxuyan və ya işləyən sizdən, məndən artıq adam deyil, amma reallıq hissi də var ki, o da sizə öz potensialınıza uyğun yerdə olmağı tövsiyyə edir. Ona görə ki, sizin belə uğur qazanmağa daha çox şansınız var. 

Uğura yol ölçmək üçün çatmırıq

Bir misal da öncəki iş təcrübəmdən çəkim ki, bizə ara-sıra şirkətlərdən əməkdaşları üçün təlimlərin İngilis dilində keçirilməsi ilə bağlı sorğu gəlirdi. Təbii ki, menecment üzrə hansısa bir təlimi İngilis dilində dərk etmək üçün bu dili yaxşı bilmək lazımdır. Ancaq bəzən İngilis dilini Red Murphy səvviyəsində bilən işçilər mən İngilis dilində təlimdə iştirak etdim və sanki 1 günlük təlimdə İngilis dilinə qulaq asıb öyrəndim deməklə özünə təsəlli verirdi. Demək ki, arzuladığın yerdə özünə iş tapmaq və ya sanki ‘oxumaq’ hələ məsələnin hamısı deyil. Öncə qeyd etdiyimiz hazırlıqlar məhz bu zirvədən sizi daha böyük uğurlara götürməyə imkan verməlidir. Nəyisə bilməsəniz belə potensialınız varsa onu tez bir zamanda öyrənə də biləcəksiniz. Əks halda necə yüksəlmişdinizsə eləcə də yuvarlanıb aşağı düşəcəksiniz.

Ümumi götürsək, hər bir insanın haqqıdır ki, ən yaxşısını istəsin və ona doğru irəliləsin. Ancaq mən 3 000 manatlıq yerdə işləyəcəm və ya mən mütləq filan universitetdə təhsil alacağam prinsipi ilə yaşayıb aylarla işsiz qalmaq və ya 10 il keçsə də təhsil almamaq heç birimizə arzu olunan vəziyyət deyil.

28 yaşdan düşən 14 damcı

28 yaşdan düşən 14 damcı

26 iyunu Silahlı Qüvvələr günü elan edəndə ən çox sevinənlərdən biri mən olmuşdum. Baxma, hər adamın doğum günü bayram gününə düşmür. Özü də 23 fevral, 9 oktyabr tarixlərini layiqli əvəzliyən bir günə. Ad günü mənim üçün hər şeydən öncə özünü hesaba çəkmə anlamını daşıyır. Bunu hər günün, ayın, təqvim ilinin sonunda etsək də, məhz bəzi ‘filan dəyişikliklər’ üçün mən də ad gününü gözləyirəm. Əslində isə necə ki 1 yanvar səhərində hər şeyin olduğu kimi davam etdiyini görürsən, 27 iyun səhəri də məndə eyni olur. 😉

28 yaşın müəyyən simvolik tərəflərini axtarmağa çalışıram, ümid edirəm gün ərzində tapacağam. 2+8=10 – bu il 10 vacib adamla tanış olacağam və ya 2×8=16 – bu il 16-cı mərtəbədən yıxılıb sağ qalacam səviyyəsində deyil əlbəttə. İlkin olaraq fikirləşdim ki, həyatımın tən yarısı, yeni geridə qalan 14 ili yaxın dostum olan atamsız keçib. Ona görə də elə ondan da nümunə götürdüyüm, başqalarından da öyrəndiyim, özüm də fikirləşdiyim həyat üçün vacib olan 14 məsləhəti sizinlə paylaşım:

1) Şəffaf və hesabatlı olun – Ən azı özü-özünüzə. Özünüzə yalan danışmayın, rəqəmlərlə, əldə etdiklərinizlə özünüzü aldatmayın. Hər işimizə qarşı nə qədər daxili hesabatlı olsaq məmnuniyyətlə xarici mühitə də bu barədə çox rahat mesaj verə biləcəyik.

2) Biznesi öyrənin – Satmağı, almağı, idarəetməyi, kommunikasiyanı, risk etməyi öyrənin və biznesə lazım olan hər bir xüsusiyyətdən məlumatlı olmağa çalışın. Hər bir qurum, təşkilat və elə dövlət də biznes mexanizmi ilə çalışır. Biznesi öyrənmək həm də sizə pulunuzu idarəetməyi öyrədəcək.

3) Paylaşmağı bacarın – Malınızı, biliyinizi bacardıqca paylaşın. İçimizdə xəsislik olsa da paylaşdıqca daha çox paylaşmaq istəyəcəyik və bu xəsisliyə qalib gələcəyik. 10 manatından 20 qəpik qıymayan, qoy pulum çox olsun paylaşacağam desə də, 100 manatından da o abbasını qıymayacaq. Bilik paylaşmaq isə sizi səmimi olaraq çoxlarına sevdirəcək.

4) Həyalı həyasız olun – Buna bilmədim nə ad verim, Azərbaycan mühitində buna haqqını tələb etmək də demək düz çıxmır. Sadəcə elə məqamlar var ki, xahişlə, qaydalara hörmət etməklə davrananda səni adam yerinə qoymurlar. Ona görə də həyanı itirməməklə gərək həyatda bəzən ‘həyasız’ da olasan.

5) Qəbul edin ki pis insanlar daha çoxdur – Gündəlik həyatda, yolda, işdə, internetdə qəbul edin ki, özləri pis olmasa da pis davranışlı, məqsədli insanlar daha çoxdur. Bu insanlar haqqında fikirləşərək türklər demiş ‘takılıp kalmayın’. Bunun əvəzinə vaxtınızı daha gözəl işlərə sərf edə bilərsiniz.

6) Özünüzü hansısa pis məqamın qəhrəmanlığına hazırlamayın, real vəziyyətlərin qəhrəmanı olun – Başlıq uzun alındı, amma elə əsas mənanı da əhatə etdi. Metroda rahat-rahat oturub metro indi partlasa, yanğın olsa ən azı 5 nəfəri xilas edərdim, yanaqlarıma kömür çəkərdim xəyallarının yerinə elə metrodaca bir ətrafınıza baxın, real ehtiyacı olan insanı dəvət edin ki gəlib yerinizdə otursun.

7) Səyahət edin – Hər mənada, istər TV ilə virtual, istər real olaraq. Xaricə, rayonlara. İllik büdcənizdən və vaxt cədvəlinizdən 10 % bu məşğuliyyətə ayırın. Adama qalan gəzməkdir. Yeri gəlmişkən qismət olub ki, 2 ad günümü xaricdə oteldə qarşılayım və hər iki dəfə oteldə əla CRM sistemi olduğu üçün mənə maraqlı hədiyyələr edilib.

8) Sadəcə dua etməyin, dua etdirdin – ‘Dualarında məni unutma’ xahiş etmək gözəldir, amma ondan gözəli elə əməllər etməkdir ki, insanlar sənin üzünə, arxana xoş dualar etsin.

9) Pozitiv düşünün – Həyata hər çətin məqamda belə özünü tez bərpa edib pozitiv düşünməyi bacarmaq şəxsən məni çox qabağa salıb. Bizdə optimist insanlara ‘yaxşı adamdı, amma həddən artıq üzü gülür’ deyən çox olsa da bundan narahat olmayın.

10) Məsuliyyətli və çalışqan olun – Həm şəxsi, həm fərdi, həm karyerada maksimum bu iki xüsusiyyəti yaşamaq lazımdır. Yalançı və doğurçu uğur hekayələrinin çoxunda deyilirsə ki, ‘mən çox məsuliyyətli və çalışqan insanam’, demək bu işin kəraməti var.

11) Fərdi inkişafa davam edin – Fərq etməz kinoya baxmaq, təlimdə iştirak etmək, məqalə oxumaq. Əsas odur ki, həyat üçün vacib olan bilik və bacarıqlarınızı daima yeniləyin. Hətta, kotlet bişirməyin yeni texnikalarını belə öyrənin.

12) Şəbəkələşin – Tək biznes, qabağa getmək məqsədilə deyil, həyatı daha maraqlı etmək üçün qohumlarınızı, dostlarınızı, yaxınlarınızı öz şəbəkənizdə cəmləyin. Facebook ilə kifayətlənməyin. Görüşün, zəngləşin və onları dinləyin.

13) Karyeranızı özünüz idarə edin, alınırsa öz biznesinizi qurun – Bu çox çətindir, amma bacardıqca iş-karyera imkanını seçən tərəf olmalıyıq. Bizi seçənlər heç də hər dəfə ədalətli olmurlar. Yuxarıda biznesi öyrənin deməyimin canı o idi ki, öz biznesinizi qurmağa hazır olasınız.

14) Sağlam olmağa çalışın – Siqaret çəkməkdən tutmuş əsəbləşməyə qədər bütün sağlamlığa ziyanlı vərdişlərdən uzaq olun. Dünyada bilərəkdən yayılan xəstəliklər, xəstəliklərin yaşının azalması öz yerində, amma sağlam həyat tərzi sürmək öz əlimizdədir. Ona görə də çoxlu su için 😉

Mən də çox su içirəm, bu gün də əlim dəyib suyu ömür kağızına dağıtdım ki, sıxıb-sıxıb ondan 14 damcı damcıladım. Kağız yanmasa gələcək ad günlərində yeni damcılamalar diləyilə!

Alət çubuğuna keç