Yaş ötüb otuzu, CV-sində yox bir düz-əməlli işi

ilham ali yusif

Hər dəfə təəssüf edirik ki, bizdə normal tədqiqatlar aparan şirkətlər yoxdur. Dəqiq sayın bilməsəm də yaxşı ki, 100-dən artıq biznesdən öz dilimizdə, lap elə Rus və İngilis dilində yazanlarımız var. Kitab sayı isə çox məhduddur. Faktiki olaraq çoxumuz xarici kitablardan nələrisə öyrənməyə çalışırıq. İlə 2-3 forumla kifayətlənirik. Milli biznes mühitindən əsasən azdan-çoxdan yaxşı əlaqələri olan, nisbətən yaxşı yerlərdə işləyən şəxslərin məlumatı var. Yenə də ölkəmizdə dəqiq tədqiqatlar olmadığından hər hansı bir məsələ haqqında sadəcə ümumi dünya görüşümüzdən, dostdan-tanışdan eşitdiyimizdən, müşahidələrimizdən nəticə çıxarırıq.

Xarici marketinq ədəbiyyatlarında tez-tez rast gəldiyimiz, X, Y, Z nəsilləri silsiləsindən Millenium nəslinin davranışları ilə bağlı fikirlərə son zamanlar bir çox məqalələrdə rast gəlmək olar. Bu nəslin müştəri davranışları, işə götürəndən əsas gözlənti və tələbləri və bu kimi xeyli araşdırmalar. Bizdə isə belə normal tədqiqat yönümlü bölgülər olmadığından biz faktiki heç bir nəslimizə yiyə dura bilmirik. Məsələn elə biznes mühitinə hələ çox faydalı ola biləcək yaşı 30-u keçmişlər.

Mənim yaşım hələ 30-a çatmayıb. CV üçün də 2-3 yaxşı işim olub. Deyə bilərsiz ki, başımın ağrısı nədir? Sadəcə ətrafımda tanıdığım xeyli insan var ki, 30 yaşa qədər uğurlu olmayıbsa əlini-qolunu salıb aşağı sanki reallıqlarla razılaşır. Buna əsas səbəb də məhz ölkəmizdə biznes mühitinin problemləridir. İşə götürənlər nə qədər işçisizlik problemini həvəslə qabartsalar da əslində bu problem qarşılıqlıdır. Hər iki tərəf üçün bundan sonrasına maraqlı olacaq fikirlərimi sizlərlə bölüşürəm:

Şirkətlər loyal işçilərini inkişaf etdirməlidirlər – Baş nazirlə zarafat edən menecerlər var ki, 10 ildi kreslolarından durmurlar. Əlbəttə biznes mühitində kiminsə hansısa işdə nə qədər olmasına məhdudiyyət yoxdur. Amma müşahidələrimdən deyə bilərəm ki, həmin insanlar nədənsə 5 il şirkətdə sadə işi loyal görən işçiləri qabağa çəkməkdənsə, hardansa öz tanışını və ya kiminsə tanışını dartıb gətirir. Böyük sual çıxır, əgər sən öz işçini 5 ildir inkişaf etdirə bilmirsənsə onda hansı işçi loyallığını gözləyirsən. Motivasiya sadəcə pul ilə olmur, həqiqətən loyal olmağı sevən insanlara qarşı diqqətli olmaqla işdə motivasiyanı artırmaq mümkündür.

Şirkətlər özlərini də inkişaf etdirməlidir – Böhran bir bəhanə oldu ki, şirkətlər özlərini tanısınlar. Əgər tanıya bildilərsə. Biz biznes mühitini nədənsə özümüzə yaxın buraxmaq istəmirdik. Aya 10 000 manat qazan iş adamı işçiyə 500 manat verəndə ‘canı çıxır’ sanki. Məsələ kiçik və orta biznesə çatanda vacibdir ki, işçi və biznesmen arasında gəlir 50 dəfə fərqli olmasın. Xüsusən də əgər bu iş adamları işçiyə karyera perspektivləri vermirsə. Onu inkişaf etdirə bilmirlərsə. Şirkəti inkişaf etdirmək sadəcə çox pul qazanmaq demək deyil. Korporativ mühit qurmaq çox vacibdir.

İnsan özü isə nağıllara uymamalıdır – Onsuzda şirkətlər qəfil çönüb ideal olmayacaqlar. Hətta yaşı 30-u keçmiş və özünə yaxşı karyera qurmuş və sözün həqiqi mənasında bacarıqlı insanlar da bu yazını oxuyub ‘ağılları olardı vaxtında əziyyət çəkərdilər’deyəcəklər. Amma bloqun məğzi odur ki, bu şablon yanaşmadan çıxaq. Şirkətlər faktiki çox zaman vaxtında hansısa təhsil ala bilmək imkanı və ya həvəsi olmayan insanlara nağıl danışmağa davam edəcəksə yaxşı olmayacaq. 500 manat maaşla 5000 manat maaş alan üçün həyat heç də eyni səviyyədə yaxşı olmayacaq. İnsan özü bunu başa düşməli və bataqlıqdan özü özünü çıxartmalıdır.

Yaş diskriminasiyası – Başqa bir məsələ də var. Özünüz özünüzü çıxartdız. Biz də elə həmişə davamlı təhsil deyə car çəkirik. Heç nə heç zaman gec deyil deyirik. 30 yaşına çatmış insan da hətta magistr təhsilinin də ona bir faydası olmadığını başa düşür. Başlayır öz üzərində çalışıb hər hansı bir kvalifikasiya qazanmağa. Həyat təcrübəsi də imkan verir ki, daha dərin təhlil edə bilsin. Amma di gəl ki, biznes mühiti onlara qucaq açmır. Ya ucuz işçi qüvvəsi axtarır, ya deyir bu çox danışacaq, ya bunu öz ailə qayğıları var, ya bacarıqlı olsaydı indiyə qədər normal iş tapardı deyə-deyə belə insanlara tərəf baxmır. Biz bu məsələdə çox gecikmişik, amma yaxşı olar ki, CV-də yaş, ailə vəziyyəti və bu kimi şəxsi məsələlər yazmağı tələb etmək qanunla qadağan edilsin.

Uğurlu insan hekayələrini yaymaq – Nədənsə psixoloji olaraq çoxumuz uğurlu insan deyəndə öz biznesi olan insanları göz önündə canlandırırıq. Amma hər hansı bir şirkətdə işləyərək də həm uğurlu işçi, həm də uğurlu insan olmaq olar. Bizdə uğur hekayələri faktiki çoxdur, amma onları çatdırılması zəifdir. Bəzən çox şişirdilmiş və ya təhrif olunmuşdur. İstənilən halda bu məsələdə həm media, həm bloqerlər, yazarlar gərək cəmiyyətə faydalı olsun. Məsələn, ’30 yaşdan sonra uğurlu karyera qurmuş 100 azərbaycanlı’ kitabını yazıb nə qədər insana real ümid vermək olar.

Həyatda uğur qazanmağa bilik, əlaqələr nə qədər çox kömək edirsə, fikrimcə ondan da çox insana davranışları daha çox faydalı olar. Ona görə də insan daima iradəli, çalışqan, motivasiyalı olmalıdır ki, yaşı 30-u, 40-ı belə keçmiş olanda öz həyatını müsbətə dəyişməyə həvəsli olsun. Onsuzda həyatda özümüzdən asılı olan və olmayan çox səbəblər bizi ya büdrədir, ya da qabağa çəkir. Əsas odur ki, büdrəyəndə qabağa getmək həvəsimiz heç zaman ölməsin.

Alət çubuğuna keç