Bizi qabağa və ya geri salanlar (real təcrübələr)

ilham ali yusifilham ali yusifHəyatımızda bizə ürək-dirək  verən insanlar, bizi həvəsləndirən və ya həvəsdən salan insanlar bizim gələcək həyatımıza, həyat tərzimizə, bilik və bacarıqlarımızdan lazımınca istifadə edə bilməmizə və ya bilməməmizə səbəb olurlar. Bu fikirlər əsasında biz hərəkət və vərdişlərimizi formalaşdırırıq. Özümüzü məhdudlaşdırır və ya böyük perspektivlərə açılırıq. Bütün bunları təbii olaraq həyat tərzimiz kimi qəbul edirik və beləcə yaşa dolduqca onları dəyişmək olduqca çətin olur. Ancaq əgər siz bu bloqu oxuyursunuzsa demək ki, sizin daima özünüzü inkişaf etdirməyə həvəsiniz var və həftədə bir neçə saatınızı yeni məlumatlar oxumağa, özünüzü təhlil etməyə bacarırırsınız. Bu yazıda mən konkret olaraq öz timsalımda bir neçə misal gətirməyə çalışacam ki, mən onlar haqqında fikirləşdim və başa düşdüm ki, onlar mənə şüuraltı təsir edirlər. Elə indidin özündə də.

Təqdimat bacarıqlarım – Mən hələ məktəbdə oxuyanda dərs danışanda müəllimlər digər şagirdlərdən daha yaxşı təqdimat bacarıqlarım olduğunu bildirirdi. Sonra universitet, sonra iş həyatı, təlimlər, auditoriya və s. Özünətərif kimi çıxsa da, təqdimat etdikdən sonra əksər hallarda özüm haqqında müsbət rəylər eşidirəm. Bu günlərdə Talk Like Ted kitabını oxuduqca isə özümün təqdimatlarda buraxdığım xeyli sayda səhvi xatırlayıram. Halbuki illərdir mən özümün təqdimat bacarıqlarım haqqında müsbət fikirlər eşidirəm. Bu müsbət fikirlər məndə özümə inamı artırır. Bir tərəfdən bu çox yaxşıdır. Digər tərəfdən isə bu insanı arxayınlaşdırır. Çox sevinirəm ki, təriflərə arxayınlaşmıram və bilmədiyim yüzlərlə yeni texnikanı öyrənməyə davam edirəm. İstənilən halda məktəbdə dərs danışan, universitetdə təqdimat edən, ilk iş yerində satış təqdimatı edən bir insana azacıq impuls verməklə onu gələcəkdə uğurlu təqdimatçıya çevirmək mümkündür.

Yazmaq bacarıqlarım – 4-cü sinifdə oxuyanda bizim uşaqlığımızın ən populyar qəzeti olan Tumurcuq qəzeti üçün qısa bir məktub yazmışdım. Sonradan biləndəki atam jurnalistdir 100 % əmin oldular ki, bu məktubu özüm yazmanışam, məhz atam  yazıb. Bu böyük adamın yazısına oxşayır. Nəticədə 2-3 ay ləngimədən sonra mənə dedilər ki, sənin məktubu dərc edə bilməyəcəyik. Halbuki bunun üçün xüsusi olaraq şəklimi də çəkmişdilər. Maralıqıdır ki, ondan sonra mən faktiki olaraq inşa belə yazmağa həvəsli deyildim. Normal yazmağa bir də universitet illərində başladım. O vaxtı məktubumu dərc etsəydilər, bəlkə də indi bloqer filan idim.

Güldürmək bacarıqlarım – Hələ məktəbdə oxuyandan kaveynə böyük həvəsim var idi. Fikirləşirdim ki, mən də kaveynçi olacam. Pis də parodiyalar etmirdim. 10-cü sinifdə 2 ay sinifimizlə son zəngdə kaveyn çıxışına hazırlaşdıq. Bütün ssenarini mən yazmışdım, rollar paylaşılmışdı. Son anda uşaqlar özünə inamı itirdi və çıxış etmək istəmədilər. 12 il bundan öncə olan hadisədir. Bundan əlavə müxtəlif vaxtlarda mən komedyan olmaq barəsində düşündüm. Ancaq gördüyünüz kimi mən nə komediyan, nə də kaveynçiyəm. 

Səbirli olmağım – Təsəvvür edin ki, mən işlədiyim bütün yerlərdə əsas brend dəyərim səbirli və təmkinli olmağımdır. Bu insanlar güman ki, məni avtomobil sürəndə görməyiblər. İnsana onun səbirli olduğunu xatırlatmaqla onun özünü səbirli olduğunu inandırmaq mümkündür. Bu sadə nəzəriyyədir. İnsana məsuliyyətli olduğunu deməklə onun özünü daha məsuliyyətli olmağa həvəsləndirmək mümkündür. Bu təbiidir ki, hər kəslə keçmir. Amma mənimlə keçib və mən səbirli tanınmağımdan məmnunam. Çünki işdə təmkinli və səbirli olmaqda pis heç nə yoxdur. Məndə bu cür olmağa öz fikirləri ilə dəstək vermiş bütün həmkarlarıma xüsusi təşəkkürlər!

Bizim hər birimizin kölgədə qalan xeyli bacarıq və qabiliyyətlərimiz var ki, onlar kimlərinsə vaxtında düzgün qiymətləndirməməsi nəticəsində bizdə inkişaf etməyib. Odur ki, əsas mesajım odur ki, insanlara hətta reallıqdan uzaq olan bir həvəsləndirmə olsa belə pozitiv sözlər deyin, onlara dəstəkləyin və uğurlarına inandırın. Paralel olaraq özünüzü də unutmayın. Fərdi inkişaf həm də insanın özünü ara-sıra təhlil etməsidir. Bu yazıda da əslində öz uğur və uğursuzluqlarımı göstərmək məqsədi güdmürdüm. Sadəcə konkret olsun deyə həyatımın son 20 (sanki yüz illik həyatım var) ilindən bir neçə pozitiv və neqativ misal göstərdim ki, sizin də öz həyatınızı xatırlaya bilməniz üçün nələrsə yadınıza düşsün.

28 yaşdan düşən 14 damcı

28 yaşdan düşən 14 damcı

26 iyunu Silahlı Qüvvələr günü elan edəndə ən çox sevinənlərdən biri mən olmuşdum. Baxma, hər adamın doğum günü bayram gününə düşmür. Özü də 23 fevral, 9 oktyabr tarixlərini layiqli əvəzliyən bir günə. Ad günü mənim üçün hər şeydən öncə özünü hesaba çəkmə anlamını daşıyır. Bunu hər günün, ayın, təqvim ilinin sonunda etsək də, məhz bəzi ‘filan dəyişikliklər’ üçün mən də ad gününü gözləyirəm. Əslində isə necə ki 1 yanvar səhərində hər şeyin olduğu kimi davam etdiyini görürsən, 27 iyun səhəri də məndə eyni olur. 😉

28 yaşın müəyyən simvolik tərəflərini axtarmağa çalışıram, ümid edirəm gün ərzində tapacağam. 2+8=10 – bu il 10 vacib adamla tanış olacağam və ya 2×8=16 – bu il 16-cı mərtəbədən yıxılıb sağ qalacam səviyyəsində deyil əlbəttə. İlkin olaraq fikirləşdim ki, həyatımın tən yarısı, yeni geridə qalan 14 ili yaxın dostum olan atamsız keçib. Ona görə də elə ondan da nümunə götürdüyüm, başqalarından da öyrəndiyim, özüm də fikirləşdiyim həyat üçün vacib olan 14 məsləhəti sizinlə paylaşım:

1) Şəffaf və hesabatlı olun – Ən azı özü-özünüzə. Özünüzə yalan danışmayın, rəqəmlərlə, əldə etdiklərinizlə özünüzü aldatmayın. Hər işimizə qarşı nə qədər daxili hesabatlı olsaq məmnuniyyətlə xarici mühitə də bu barədə çox rahat mesaj verə biləcəyik.

2) Biznesi öyrənin – Satmağı, almağı, idarəetməyi, kommunikasiyanı, risk etməyi öyrənin və biznesə lazım olan hər bir xüsusiyyətdən məlumatlı olmağa çalışın. Hər bir qurum, təşkilat və elə dövlət də biznes mexanizmi ilə çalışır. Biznesi öyrənmək həm də sizə pulunuzu idarəetməyi öyrədəcək.

3) Paylaşmağı bacarın – Malınızı, biliyinizi bacardıqca paylaşın. İçimizdə xəsislik olsa da paylaşdıqca daha çox paylaşmaq istəyəcəyik və bu xəsisliyə qalib gələcəyik. 10 manatından 20 qəpik qıymayan, qoy pulum çox olsun paylaşacağam desə də, 100 manatından da o abbasını qıymayacaq. Bilik paylaşmaq isə sizi səmimi olaraq çoxlarına sevdirəcək.

4) Həyalı həyasız olun – Buna bilmədim nə ad verim, Azərbaycan mühitində buna haqqını tələb etmək də demək düz çıxmır. Sadəcə elə məqamlar var ki, xahişlə, qaydalara hörmət etməklə davrananda səni adam yerinə qoymurlar. Ona görə də həyanı itirməməklə gərək həyatda bəzən ‘həyasız’ da olasan.

5) Qəbul edin ki pis insanlar daha çoxdur – Gündəlik həyatda, yolda, işdə, internetdə qəbul edin ki, özləri pis olmasa da pis davranışlı, məqsədli insanlar daha çoxdur. Bu insanlar haqqında fikirləşərək türklər demiş ‘takılıp kalmayın’. Bunun əvəzinə vaxtınızı daha gözəl işlərə sərf edə bilərsiniz.

6) Özünüzü hansısa pis məqamın qəhrəmanlığına hazırlamayın, real vəziyyətlərin qəhrəmanı olun – Başlıq uzun alındı, amma elə əsas mənanı da əhatə etdi. Metroda rahat-rahat oturub metro indi partlasa, yanğın olsa ən azı 5 nəfəri xilas edərdim, yanaqlarıma kömür çəkərdim xəyallarının yerinə elə metrodaca bir ətrafınıza baxın, real ehtiyacı olan insanı dəvət edin ki gəlib yerinizdə otursun.

7) Səyahət edin – Hər mənada, istər TV ilə virtual, istər real olaraq. Xaricə, rayonlara. İllik büdcənizdən və vaxt cədvəlinizdən 10 % bu məşğuliyyətə ayırın. Adama qalan gəzməkdir. Yeri gəlmişkən qismət olub ki, 2 ad günümü xaricdə oteldə qarşılayım və hər iki dəfə oteldə əla CRM sistemi olduğu üçün mənə maraqlı hədiyyələr edilib.

8) Sadəcə dua etməyin, dua etdirdin – ‘Dualarında məni unutma’ xahiş etmək gözəldir, amma ondan gözəli elə əməllər etməkdir ki, insanlar sənin üzünə, arxana xoş dualar etsin.

9) Pozitiv düşünün – Həyata hər çətin məqamda belə özünü tez bərpa edib pozitiv düşünməyi bacarmaq şəxsən məni çox qabağa salıb. Bizdə optimist insanlara ‘yaxşı adamdı, amma həddən artıq üzü gülür’ deyən çox olsa da bundan narahat olmayın.

10) Məsuliyyətli və çalışqan olun – Həm şəxsi, həm fərdi, həm karyerada maksimum bu iki xüsusiyyəti yaşamaq lazımdır. Yalançı və doğurçu uğur hekayələrinin çoxunda deyilirsə ki, ‘mən çox məsuliyyətli və çalışqan insanam’, demək bu işin kəraməti var.

11) Fərdi inkişafa davam edin – Fərq etməz kinoya baxmaq, təlimdə iştirak etmək, məqalə oxumaq. Əsas odur ki, həyat üçün vacib olan bilik və bacarıqlarınızı daima yeniləyin. Hətta, kotlet bişirməyin yeni texnikalarını belə öyrənin.

12) Şəbəkələşin – Tək biznes, qabağa getmək məqsədilə deyil, həyatı daha maraqlı etmək üçün qohumlarınızı, dostlarınızı, yaxınlarınızı öz şəbəkənizdə cəmləyin. Facebook ilə kifayətlənməyin. Görüşün, zəngləşin və onları dinləyin.

13) Karyeranızı özünüz idarə edin, alınırsa öz biznesinizi qurun – Bu çox çətindir, amma bacardıqca iş-karyera imkanını seçən tərəf olmalıyıq. Bizi seçənlər heç də hər dəfə ədalətli olmurlar. Yuxarıda biznesi öyrənin deməyimin canı o idi ki, öz biznesinizi qurmağa hazır olasınız.

14) Sağlam olmağa çalışın – Siqaret çəkməkdən tutmuş əsəbləşməyə qədər bütün sağlamlığa ziyanlı vərdişlərdən uzaq olun. Dünyada bilərəkdən yayılan xəstəliklər, xəstəliklərin yaşının azalması öz yerində, amma sağlam həyat tərzi sürmək öz əlimizdədir. Ona görə də çoxlu su için 😉

Mən də çox su içirəm, bu gün də əlim dəyib suyu ömür kağızına dağıtdım ki, sıxıb-sıxıb ondan 14 damcı damcıladım. Kağız yanmasa gələcək ad günlərində yeni damcılamalar diləyilə!

Müəyyən bir yaşa çatdıqdan sonra

Bu müəyyənlik əslində elə qeyri-müəyyənlikdir. Fəlsəfəli olmasın, amma istərdim bəzi insanların 25, bəzilərinin 30, bəzilərinin 40 yaşında karyera-fərdi inkişaf tandemində çıxan problemlərə öz fikirlərimi bildirim. Təbii ki, yaşım sadəcə hələ bu yaxınlarda 28 olacağından özümdən böyüklərlə bağlı fikirlərdə sadəcə müşahidələrimə əsaslanıram. Dediyim kimi buradakı ‘müəyyən yaş’ nisbidir. Kimsə 25 yaşında şişir oturur, kimsə həyatının sonunadək fəaliyyətdə olur.

Mən bildiyim mənə bəs edər

23 yaşında MBA bitirmək bir tərəfədən yaxşıdır ki, biznesə daha böyük biliklə başlayırsan. Digər tərəfdən isə MBA oxunmalı əsl vaxt olan 30-32 yaşda, ‘Əşi, MBA oxudum da, elə xeyri olmadı’ deyib gileylənirsən. Bizlərdən çoxunun valideynləri 90-cı illərin ‘elmini’ öyrənməkdə çox gecikdi deyə və ya ümumiyyətcə heç bir addın atmadı deyə uşaqlar həm karyera planlaması, həm də bir sıra məsələlərdən xəbərsiz oldular.

Fikirləşirlər ki, indiki gənclər çox ‘korlanıb’

Korlanmış gəncdən isə heç nə öyrənmək olmaz. Əslində müəyyən yaşa çatmağı həm də gənclik ruhundan çıxmaq da demək olar. Bu insanlar da elə ya sahələri üzrə, ya da ümumi mənada özlərini ağsaqqal, ağbirçək hesab edib gənclərin bilik və təcrübələrini əksər hallarda qəbul etmirlər. Ya da hər zaman özlərini onlardan üstün sayırlar. Əslində isə həmişə nəsillərarası fikir ayrılıqlıqları və mübahisələr olub. Bu da korlanmaq deyil. Bu arada deyim ki, Baku 2015 iş təcrübəmdən gənclərlə bağlı bu günlərdə maraqlı yazı təqdim edəcəyəm.

Həyatda əsas təcrübədir

Təcrübə çox vacibdir. Bunu bilirik. Amma təcrübə qazandığımız platformada təcrübələr rutinləşəndə bu artıq yeni təcrübələr olmur. Bir şirkətdə 10 illik təcrübə nə qədər vacibdirsə hətta öz kateqoriyanız üzrə lider şirkət olsanız belə digər sahələrdəki şirkətlərin, konsultantların, innovativ gənclərin yeni yanaşmalarını bilik kimi öyrənməkdə ayıb heç nə yoxdur. Halbuki bu cür insanlar kitab nədir, heç biznes jurnallarını belə özlərinə yaxın buraxmırlar. Əgər şirkət özü də təlimə önəm vermirsə onda vəziyyət gərgindir.

Bəs bunun nəticəsi necə olur?

İşçilər ‘əzilir’

Belə insanlardan ən böyük zərbəni elə işçilər alırlar. Özünü təsdiq etmək üçün bu insanlar yersiz yerə sərt, kobud, nəyisə bəyənəndə qeyri-səmimi təbriklər edirlər ki, bu da işçilərarası münasibətlərdə inamı pozur, motivasiya azalır. 

Effektiklik düşür

Özü də sadəcə insanın öz effektivliyi deyil, çalışdığı şöbənin, işlədiyi layihənin ümumi işində innovasiyalar az olur və effektlik getdikcə azalır. Belə bir mühitdə çalışan ağıllı insanlar burada qaçır, digər ‘müəyyən yaşa çatmışlar’ isə başlarını aşağı salıb işləyirlər.

Karyerada sadəcə əməkhaqqı artımı olur

Əgər inflayasiya da varsa onda bu artım də əhəmiyyətsizləşir. Deyə bilərsiniz belə insanlar tanışlıqları hesabına qabağa gedir. Ola bilər ki, tanışlıq və ya şirkətdəki iş təcrübəsinə əsasən vəzifə yüksəlişi olsun. Amma passiv irəliləmələrin yaxşı olmadığını indiki böhran şəraitində də görmək olur.

Belə bir qrup da var

Bütün yuxarıdakılarla yanaşı belə bir qrup insanlar da var ki, onlar əslində inkişafa və karyera yüksəlişinə acdırlar. Amma tənbəldirlər, ya da şəraitsiz bir yerdədirlər. Bu tip insanlarda isə daha çox gizli aqressiya olur. Xüsusən də orta menecmentə illərdir qalan insanlar sağlam olmayan iş mühitində daha da aqressivləşir və yuxarıdakı insan tipindən heç də fərqlənmirlər.

Deyə bilərsiniz ki, bu dəqiqənin özündə ətrafımızda bu qədər belə insan var, bəs onlarda bununla bağlı müsbət deyiləsi heç nə yoxdur?! Təbii ki var. Sadəcə içi özümüz qarışıq bu barədə mənfiliklər haqqında düşünək ki, müəyyən yaşı tez qarşılamayaq.

Alət çubuğuna keç