Qısaca olaraq Mc Donald’s UK karyera kitabçasından qeydlərim

Mc Do

Bu fikirlərimi az öncə Facebook-da status kimi yazdım. Düşündüm ki, bloqumuzda da paylaşmaq pis fikir deyil. Belə ki, bu səhər McDonald’s-ın UK üzrə karyera bələdçisi kitabçasını oxudum və növbəti fikirlərdə bir daha əmin oldum:

1) Yaxşı iş yeri öz işçisinə mümkün karyera pillələrini açıqca göstərəndir. Vacib deyil burada 1 və ya 5 il işləyəcən, əsas odur ki, inanasan ki, özünü yaxşı göstərə bilsən bu nərdivanda qalxma şansın artır. Xüsusən əgər iş yeri bunu xüsusi nümunələrlə göstərirsə.

2) Bizdə təlim bazarı hələ çox ümumi mövzularda təlim keçir. HR, Marketinq nəbilim Menecment. Təlim bazarı inkişaf etmiş ölkələr çox ixtisaslaşıblar və ona görə də fərqli müştərilərin fərqli ehtiyaclarını rahat qarşılayırlar. Məsələn Mc Donald’s-da işləyən yeniyetmə A Level, Foundation dərəcələrini işləyə-işləyə qazana bilər ki, bu da orta məktəbdən sonra kollec oxumadan ali məktəbə yol açır.

3) Köklü və böyük şirkətlərdə işləməyə çalışın. Bütün ömrünüzü olmasa da, heç olmasa 5-10 il. Yeni yaranmış şirkətlər insanları inandırmağa çalışır ki, hər şey super olacaq, amma xırda prosedurları belə az qala hər gün dəyişirlər. Hələ mən tənbehləri, nəbilim saysız-hesabsız iclasları demirəm. Üstəlik iş prosesində istifadə olunan yeni texologiyalar. Mc Donald’s deyir bizdə menecer olub sonra gedib öz biznesini də qura bilərsən. Sadə məntiqlə ən azı franşizə ilə belə bu brenddaxili işləmək olar.

4) 17-18 yaşdan yeniyetmələri işləməyə həvəsləndirin. Rəqabət çox pis artır. Akademik biliklərlə belə uğurlu karyeraya qarantiya yoxdur. Statusda bunu geniş yazmadım. Əlavə olaraq qeyd edim ki, gənclər düşünür ki, ali təhsil alıb ofisdə rahat şəraitdə işləyəcəm. Ona görə də çox zaman dəxlisiz ixtisaslara daxil olurlar. 4 il oxuyub bəs bu bu ixtisasın Azərbaycanda perspektivi yoxdur deyirlər. Dostum, inan ki, heç xaricdə də perspektivi yoxdur. Bizdə ali məktəbdə olan ixtisasların çoxu əmək bazarının reallıqlarından uzaqdırlar. Hələ məm tədrisi, dərs vəsaitlərini demirəm. Amma əmək bazarına yarımştat belə 17-18 yaşdan daxil olub real biznes mühitini görməklə həyatdan nə istədiyinizi daha rahat görmək imkanınız olur.

Düzdür Azərbaycanda cəmi 5-10 Mc Donald’s var. Bizə belə şeylər nağıl kimi görünür. Amma lüfən qlobal düşünün və hər bir fürsətdən ilk yararlananlardan olun.

 

Yeni işə düzəlmək istəyənlərlə bir balaca səmimi söhbət

ilham ali yusif

Bu səhər işə British Council-da müştəri xidmətləri vakansiyası üzrə işə düzəlmək istəyən şəxslərin yazılı imtahan nəticələrini yoxlamaqla başladım. Bu yazıları yoxlaya-yoxlaya elə bu bloq postu da cızma qara etdim. Düşünürəm ki, iş təcrübəsi az olan və indiki dövrdə iş tapmağa çətinlik çəkən insanlar üçün bu yazı faydalı olar. Fikirlərimi bir neçə bənd üzrə qısa çatdırmağa çalışacağam:

Kreativlik və emosiyalar

Təsəvvür edin ki, sizə 40 dəqiqə vaxt verilir və cəmi 2 qısa tapşırıq. Siz də tapşırığın hər birini mümkün 4-5 absaz yazı yazmaqla yerinə yetirməlisiniz. Konkret mənim misalımda seminarda iştirak üçün müştəri son tarixdən sonra müraciət edir və müştəri xidmətləri təmsiliçisi bu e-maili cavablandırmalıdır. Seminarın detalları da təqdim edilir. Bu cavabları oxuyarkən mənim ən çox görmək istədiyim məhz kreativlik və emosiyalar idi ki, onu da cəmi 20 %-in yazısında görə bildim. Deyə bilərsiniz ki, 10-12 cümlə ilə axı öz yaradıcılığımı necə göstərə bilərəm? Əlbəttə ki, bu mümkündür. Müştəriyə quru-quru yazmaq ki, siz son tarixdən sonra müraciət etmisiniz və buna görə də sizin qeydiyyatınızı nəzərə ala bilməyəcəyik çox asandır. Elə buna görə də çoxu bunu belə sadə yazmışdır. Amma belə tapşırıqlarda namizədlərdən tələb olunan odur ki, əlavə 2-3 cümlə yazıb müraciət edən şəxsin problemini həll etməyə maraqlı olduğunu göstərmək, onu gələcək tədbirlərə həvəsləndirmək, onu istiqamətləndirmək, ona başqa xidmətlər və tədbirlər haqqında məlumat vermək və onu ümidsiz buraxmamaq.

Ola bilsin ki, siz az danışan insansınız

Nə qədər təəccüblü görünsə də, yuxarıda məhz söhbət əlavə 2-3 cümlədən gedirdi ki, müştərilərlə işləyəcək şəxs onları öz yazısına əlavə etməli idi. Əgər bu vakansiya İT mütəxəssisi, dizayner üçün olsaydı, sizin az danışan biri olmanıza rahatca göz yummaq olardı. Amma məsələ müştəridən gedirsə, o zaman tələb olunan odur ki, onun nə istədiyini duyasınız, onu ümidsiz qoymayasınız. Necə ki, illərdir ki, brendləşmiş banklara gedib ‘dollar var? sualına kobud yox cavabı almaq istəmirsiniz, hər bir sahədə müştərinin gözlədiyi də məhz o ümiddir. Əgər siz müştərilərlə işləyəcək şəxsinizsə bunu qolunuza bilərzik edin. Burada da belə nəticə çıxır ki, indiki işsizlik şəraitində belə harasa müraciət edirsinizsə özünüzü gecə-gündüz bu sahəyə hazırlayın. Hələ 7-8 il qabaq mən hansısa müsahibəyə gedəndə belə internetdə müxtəlif faydalı məsləhətlərlə tanış olurdum. Demirəm ki, bunlar hamısı uğur gətirirdi. Amma azdan-çoxdan nailiyyətlər əldə etməyə imkan verirdi. 

Qarşı tərəf haqqında fikirləriniz

Əlbəttə ki, gənclərin işəgötürənlər ilə bağlı çox haqlı iradları var və çoxlu güyaları. Güya özləri belə peşəkardır, güya özləri hər şeyə öz hesablarına nail olublar və s. Mən deyərdim ki, bu güyaları bir kənara qoyub özümüz haqqında fikirləşsək daha faydalı olar. Sizin iradlarınız dediyim kimi haqlıdır. Məsələn, sizi çox çətin seçim ilə işə götürürlər, çətin müsahibələrdən keçirsiniz və işə düzəlirsiniz. Sonra məsuliyyətsiz iş mühitini görüb öz-özünüzə fikirləşirsiniz bu boyda zurna-balaban kimə lazım idi. Əlbəttə ki, işə götürənlər də çox çətin komponentlər üzrə işçini işə götürürsə, ona yaratdığı şərait sadəcə sosial paket olmamalıdır. Təşkilatda, şirkətdə öyrədici mühit olmalıdır. Sistem işləməlidir. Yeni işçilərə, gənclərə düzgün istiqamətverici fəaliyyətlər olmalıdır. Əslində bizdə indi menecer vəzifələrini tutan insanların özləri də hələ yeni-yeni öyrənməyə başlayırlar. Ola bilsin ki, bir çoxumuz nəzəriyyədən azdan-çoxdan bilirik, amma iş fəaliyyətinə gələndə nə qədər effektiv və peşəkar işlədiyimizi ölçmək çətindir. Yəni bu dediklərimlə yeni iş axtaranların ayağı yer almasın. Bir söz idi dedim. Əsas olan odur ki, özünüzü tək Azərbaycanda deyil, istənilən bir xarici ölkədə işləyə biləcək bir işçi səviyyəsinə gətirib çıxarmalısınız. Təki harada gəldi, hansı peşədə oldu işləyim prinsipini qoyun bir kənara. Ürəyimə damıb ki, yaxın 1-2 ilə peşəkar olmaq istəyən gənclərə çox ehtiyac olacaq.

Dostlar, yenidən CV-yə, oxumağa, fərdi inkişafa qayıtmayacağam. Bu barədə ara-sıra onsuzda yazırıq. Amma özünüzü fərqləndirə bilməniz üçün gərək çox çalışasınız. Əziyyət çəkilən yerdə istənilən bir nəticə olur. Əziyyətsiz yaxşı iş tapmaq şansları isə çox azdır.

İndi hamı iş tapacaq!

Biz universitetdə oxuyanda qloballaşma sözu çox populyar idi. Trenddə olan bu sözu biz də maksimum çalışırdıq çox istifadə edək. Xüsusən də hansısa yazı, kurs işi, tezis hazırlayanda bir-iki abzas qabağa düşək deyə qloballaşan dünyadan yazıb-pozurduq. Əmək bazarı bu gün yeni səriştələr, bilik və bacarıqlar baxımdan ən çox qloballaşan sahələrdən biridir. Nə qədər çalışsaq da milli təhsil sistemi, ölkədəki biznes mühiti hələ o səviyyədə deyil ki, kütləvi şəkildə gənclərə ‘müasir’ bilik və bacarıqları verə bilsin. Amma işsizlik və ya uyğun yerdə işləməmək ilə bağlı dərindən düşünəndə problemin sadəcə bilik və bacarıq kasadlığı ilə bağlı deyil, orta məktəb, universitetdən yeni məzun olmuş və ya artıq 10 illik təcrübəsi olan gənclərin iş axtarmağın yollarına bələd olmaması ilə də əlaqəli olduğunu görmək olar.

Anlayıram, yazının başlığı çox pafoslu səslənə bilər. Amma buna səbəb var. Dostumuz və işi gücü əsasən insanları motivasiya etmək, maarifləndirmək, yıxılanı durquzmaq olan Toğrul Ələkbər yeni layihəsi ilə tezliklə daha bir neçə yüz və ola bilsin ki, bir neçə min nəfərə iş tapmağa köməklik edəcək. Toğrul zavod açmır. Heç sizə tilov da bağışlamır. O sadəcə sizə balığı necə tutmağı öyrədəcək, daha dəqiq sizə iş tapmağa kömək edəcək kitabını artıq çapa hazırlayır. Kitabın redaktəsi mənə həvalə edildiyindən onunla ilk tanış olan şəxslərdən biri də mən olmuşam. Müəllifə öz ürək sözlərimi demişəm, amma buradan da sizə kitab haqqında bəzi vacib qeydləri çatdırıram. Sizlər də bu xoş xəbəri ətrafınızdakı gənclərlə paylaşsanız, onlar da öz şəbəkələrində paylaşsa, belə-belə hamı iş tapacaq. 🙂

Kitab haqqında qısaca onu deyə bilərəm ki, kitabın axıcı sujeti var. İstəsəniz 4-5 saata bitirə bilərsiniz. Amma elə məqamlar və tapşırıqlar var ki, onlar sadəcə oxumaq yox, konkret fəaliyyət tələb edirlər. Bu kitabı lap 1 həftəyə oxusanız belə ayıb olmaz. Əsas odur ki, müəllifin tövsiyyələrinə diqqət edəsiniz. Karyera imkanları və iş axtarmağın yolları ilə başlanan kitabda, müəllif həm də tövsiyyə edir ki, iş axtararkən öz brendiniz barəsində düşünəsiniz. Daha sonra isə kitabda rezyume hazırlamaqda ən xırda məqamlardan, ən vacib məsələlər ilə bağlı qeydlər, müsahibəyə hazırlıq, müsahibə prosesi, müsahibədən sonrakı addımlar ilə bağlı müxtəlif ssenarili izahatlar təqdim edilir. Kitabın ‘həsr edildiyi’ Əliabbasa şir və ya dovşan olmaqla bağlı seçim imkanı verilir. Məşhur kampaniyaların sloqanını oğurlamaq olmasın, amma kitabı oxuduqca adam lap ‘Hamımız Əliabbasıq’ demək istəyir. 🙂 Qısası kitab ilk iş yerini axtarana da, hardasa bir neçə il işləyib yeni imkanlar barəsində düşünənə də,  iş tapmağa çətinlik çəkən istənilən bir şəxsə də faydalı olacaq.

Qayıdaq yenə də qloballaşmaya. Bilirik ki, bu qloballaşma ki var ha, onun da əsas elementlərindən biri məhz elə İngilis dilidir.  İstədiyimiz məlumatı ala-yarımçıq olsa da İngilis dilində rahatca elə internetdən tapa bilərik. Həvəsi və hövsələsi olan da bu imkanlardan maksimum yararlanır. Təəssüf ki, ölkəmizdə gənclərdə xarici dil bilikləri elə yüksək səviyyədə deyil. Ən yaxşı halda bu minimal internet yazışmaları səviyyəsindədir. Biz istəsək də yüz minlərlə gəncə kütləvi şəkildə İngilis dili və ya başqa xarici dili öyrədə bilməyəcəyik. Bəli, dil bilmək vacibdir deyib heç bir xarici dili bilməyən və müxtəlif sahələrdə istedadı, bilik və bacarığı olan şəxslərə dəstək olmaqdan qaçmamalıyıq. Bu kompleksi qırmaq üçün isə Toğrulun yazdığı kitab kimi hələ biznes və karyera, fərdi inkişaf ilə bağlı gərək Ana dilimizdə yüzlərlə kitab yazılsın, audio kitablar hazırlansın. Ən azından maarifləndirici yazılar, video və audio bloqların sayı artsın. Yekunda bundan bizim özümüzün yaşadığımız cəmiyyət faydalanacaq. Belə bir təşəbbüsə görə zavod açan, üzr istəyirəm kitab yazan dostumuzu bir daha təbrik edirəm və gələcəkdə ondan karyera üzrə yeni kitabları da gözlədiyimizi bildirirəm!

 

Əsas odur CV daşdan yox, HR-dan keçsin

Bu günlərdə Media FM-də yayımlanan səhər şousunda CV-də nələrin qeyd edilməyinin vacibliyi ilə bağlı sorğu keçirilirdi. Təcrübəli şəxslər maraqlı və faydalı məsləhətlər verirdi. Təəssüf tam qulaq asa bilmədim, amma müxtəlif istiqamətlər üzrə müraciət edərkən maraqları qeyd etməyin əhəmiyyəti, CV-yə ‘cover letter’-in əlavə etmənin, vəzifə təlimatı və ya konkret gördüyün işləri yazmağın vacibliyi çox adam tərəfindən təklif edilirdi. Elə həmin günü qabağıma CV-də qeyd edilməməli 8 məsələ haqqında da yazı çıxdı. Qısası CV haqqında yazmağa ilhamlandım.

İstər 10, istərsə də 15 il iş təcrübən olsun, bu sənin ortaya yaxşı CV çıxarmağına zəmanət vermir. Amma ən azından illərin təcrübəsi sizə HR qarşısına ortabab bir CV qoymağınıza imkan verir. Ötən həftə ‘Narxozu qurtarıb iş tapa bilməməkdən’ yazanda hədəf qrupumuz tələbələr idi və artıq azdan-çoxdan iş tapıb çalışan şəxslər də razı olar ki, fərdi inkişafla bağlı ən çox məsləhətə ehtiyacı olan də elə tələbələr və ya 18-20 yaşında olan gənclərdir. İstərdim ki, eşitdiklərim, gördüklərim, bildiklərim silsiləsindən karyerasında ilk addımı atmaq istəyən şəxslər üçün özlərinin birinci, lap elə olsun ikinci CV-sini hazırlayarkən nəzər yetirməli olduqları məsələləri burada qısaca qeyd edim:

Mənim ilk CV-im

Birinci öz təcrübəmdən qeyd edim ki, ilk CV-imi 2005-ci ildə 1-ci kursda oxuyanda hazırlamışdım. Necə deyərlər tələbənin olanından, orta təhsil, ali təhsilə başlamağım, dil və kompüter bilikləri və ‘reading, traveling, listening to music, cars, sport, basketball’ kimi maraqlar. Bir də ki yahoo e-mailim. Amma çox keçmədi, Bakı Turizm İnformasiya Mərkəzinə təqdim etdiyim bu CV mənə 4 ay sonra Bakıda yeni açılan xarici restorana ofisiant kimi işləməyə imkan verdi. Demək ki, CV hazırlamaq üçün 4 ilin bitməsini gözləmək lazım deyil 😉

CV-im axı cəmi 1 səhifədir

Ali məktəbdə dərs deyərkən məndən mütəmadi CV ilə bağlı məsləhətlər alırdılar. Biz də azdan-çoxdan qeydlərimizi edirdik. Təəssüf ki, müəllimlərimizin çoxu bizə nələrisə öyrətməyə çalışsalar da, daha vacib məqamları çox az paylaşırdılar. Deyilənə görə mən azdan biraz çox paylaşmışam. Lap öz yerimə sevindim. Auditoriyaya ilk girərkən tələbələrdən soruşduğum suallara ‘Son 3 ildəki uğurların’ və ‘Növbəti 3 il üçün planların’ liderlik edirdilər. Cavablar isə məktəbi bitirmək, universitetə daxil olmaq, universiteti bitirmək, iş tapmaq və… Təəssüf ki, biz tələbə kimi 10 il qabaq necə düşünürdüksə, indi də bu sxemə nə isə əlavə edə bilən tələbə azdır. Ona görə də mənim birinci CV-im kimi çoxlarının CV-si cəmi 1 səhifə olur. Buna səbəblər çoxdu, amma əsas məqamlar tələbənin dərsdən kənar vaxtının səmərəsizliyi, bekarçılığı, məqsədsizliyi ilə bağlı olanlardır. Əgər hətta məktəbli kimi ‘Şahinlər’ yarışında iştirak etmisənsə, 2-3 cümlə ilə bu yarışın vacibliyi və sənə olan faydalarından qeyd etmən yalnız xeyrinə işləyə bilər. Səni gənc kimi işə götürmək istəyən insana ‘nə edirsənsə məqsədyönlü edirsən’ prinsipini 1 səhifəlik CV-də satmağı bacarmaq lazımdır. Onsuzda səni güclü karyeran var deyə işə götürmürlər, hamıya məlumdur ki sən ya tələbə, ya da sadəcə orta məktəb məzunusan. Bunlar olmasa CV-də gərək sətirlər arası interval 2 olsun ki, məlumatlar 1 səhifəyə ‘yerləşsin’.

‘Qardaş mənə bir CV düzəlt’ dövrü bitib

Əgər gənc həyatını müsbətə dəyişmək üçün ilk addımı atmaq istəyirsə, ilkin olaraq CV-ni düzəltməyə tənbəllik etməməlidir. İndi internetdə lazım olan bütün resurslar var. Öz təqdimatını özün orta qoymağı bacarmalısan. Eybi yoxdur əgər şablon varsa onun üzərində et, yetər ki özün bunu et. Çünki CV-in diqqət cəlb etsə, növbəti mərhələdə oradakıları özün təqdim etməli olacaqsan. Həm də ki, özünə inamın formalaşması üçün ‘Özüm öz CV-mi hazırladım’ deyə biləcən. Sonradan tövsiyyələr üçün onu artıq peşəkar hesab etdiyin şəxslərlə paylaşa bilərsən.

‘Copy paste’ etməyin

Şablon CV tapmaq yaxşıdır, amma orada şəxsiyyətinizi və bacarıqlarınızı və ya qısa məlumatınızı tapdığınız CV-dən tam olduğu kimi ‘kopyalamayın’. Qətiyyən!! Hətta ‘stress altında işləmək’ və ya ‘yüksək problem həll etmək bacarığı’ yazarkən CV-də qeyd etməsənizsə də özünüz fikirləşin ki, bu bacarıqlarınız ilə bağlı verilən suallara ‘iş’ təcrübənizə əsasən konkret hansı misallarınız var. Mən demirəm ki, iş təcrübəsi yoxdursa qeyd etmək olmaz. Sürücülük vəsiqəsi imtahanı və ya universitetdəki semestr imtahanları vaxtı atanızın səhhəti ilə bağlı gecəynən təcili rayona gedib sonra qayıdıb imtahanı uğuırlu vermək də buna misaldır. Özünüzü daha yaxşı tanıyın və yazdıqlarınızın nə qədər sizə uyğun olduğunu götür qoy edin. İnanın ki, elə keyfiyyətləriniz var ki, onları hələ 30 yaşında özünüzdə kəşf edəcəksiniz.

Mən necə də maraqlı insanam

CV-in ən maraqlı hissəsi ‘Maraqlar, Hobbilər’ ilə bağlıdır. Bu bir fürsətdir ki, yaxşı futbol oynaya bildiyimi, meloman olduğumu, səyahəti çox sevdiyimi və güya ki gecə-gündüz əlimdən kitab düşmədiyini burada qeyd edim və diqqət cəlb edim. Əlbəttə, məni bu yazıya ilhamlandıran radio şousunda da deyildiyi kimi elə peşələr var ki, oraya müraciət edərkən sizin nə ilə maraqlandığınıza fikir verirlər. Ümumilikdə isə bu sizin tipinizin müəyyən edilməsində çox vacib bölmədir. Qanunauyğun olaraq şablon maraqlar sizin şablonluğunuzda, daha orjinal maraqlar isə sizin orjinallığınızdan xəbər verəcək. Amma orjinal görünəsiniz deyə ömrünüzdə bir dəfə etdiyiniz məşğuliyyəti lütfən qeyd etməyin. Oxumağı qeyd edirsinizsə hansı janrı oxuduğunuzu və hansı faydalar qazandığınızı, eləcə də gündəlik həyatda bu marağın sizə hansı müsbət təsiri etdiyini yazsanız daha maraqlı maraq olar, nəinki maraqsız maraq.

Sosial simanız

Nə qədər deyilsə də yenə də CV-lərdə ‘alexa007-bakinka@bk.ru’ kimi e-mailləri yazan şəxslər var. Başa düşüləndir ki, sizdən qabakı nəsilin Məmmədov Əliləri, Həsənova Günayları Yahoo-da, Gmail-də və digər e-mail servislərində bu adları tutublar, sizə də indi çətindi ad və soyadlı e-mail açmaq. Amma bu o demək deyil ki, ad və soyadlı hər hansı bir kombinasiya tapmaq mümkünsüzdür. E-mail sizin simanızdır. Əgər sosial şəbəkələrdəki hesabınız bu e-mail ünvanı ilədirsə o zaman bu hesablara da əl gəzdirin. Bağlılıq yoxdusa belə necə bir tip olduğunuzu yoxlamaq üçün Facebook qadağan olmayan şirkətdə sizi işə götürmək istəyən mütləq sizi axtarışa verəcək. Odur ki, InterHR-ın axtarışından uğurlu keçmək üçün sosial şəbəkələrdə öz brendinizə, yəni özünüzə fikir verin. Bankda işləmək istəyirsinizsə, ara-sıra hətta fikir bildirmədən belə bank xəbərlərini öz səhifələrinizdə paylaşmaq və ya daha ciddi səhifələri ‘LAYK’ etməklə düzgün iş görmüş olarsınız. Məsləhətdir ki, CV-də gülərüz və ciddi geyimdə, eləcə də arxa fonu fontan, toy, park, meşə olmayan fotonuz olsun.

CV-in dili olsaydı

Başlığa baxmayın anatomik dili demirəm. Danışıq, daha dəqiq yazı dilini bildirirəm. Azərbaycanca olan CV-də ‘Axran’ yazan da görmüşük. Dərd bu deyil. Dərd odur ki, konkret CV-sinin Azərbaycan, Rus və ya İngilis dilində olmasından asılı olmayaraq, təkrar-təkrar redaktə edib maksimum qrammatik və leksik səhvlərdən qaçan adam çox deyil. Microsoft World yazmısınızsa düzəldib Microsoft Word edin. Hər üç dili Excellent yazıb keçməyin, ən azından CV-ni hazırladığınız dili mükəmməl bildiyinizi nümunə kimi göstərin.

Əgər şirkətin öz CV forması varsa

Nəhayət bütün bunlara əməl edib CV hazırlayıb şirkətə müraciət edəndə görürsünüz ki, onların öz CV formaları var, onda deməyin, hayıf əziyyətimdən. Daha yaxşı olar ki, tələsmədən məlumatları şirkətin ‘İşə qəbul formasına’ daxil edəsiniz. Razıyam ki, şirkətin formasında bəzi suallar olmaya bilər və siz özünüzü daha yaxşı təqdim etməyə bilərsiniz. Amma bu o demək deyil ki, öz CV-nizə vurulub maksimum onu təqdim etməyə çalışasınız. Bunu o zaman etmək yaxşı olar ki, forma CV-nizdən çox fərqlənər və suallardan kasad olar, onda e-mail ilə və ya əl ilə öz CV-nizi əlavə olaraq təqdim etmək olar. Həm də bu iş alınmazsa, sizin əziyyətlə hazırladığınız CV yenidən gündəmə gələcək.

Bəndlərin sayı arta-arta gedir, xüsusən də ‘cover letter’ və sizin haqqınızda xoş sözlər deyə biləcək adamların qeyd edilməsindən yazmaq istərdim. Amma düşünürəm ki, burada yazdığım qeydlər daha vacibləri idi və digər məsələləri özünüz də araşdırıb tapa bilərsiniz. Sonda onu deyim ki, müxtəlif məqamlarda qarşıma yüzlərlə CV çıxıb. Amma nədənsə adamın yadında daha çox pis tərtib edilmiş CV-lər qalıb. Bəlkə də onları daha çox müzakirə etmişik deyə. Amma yaxşı və ya əla CV-si olanlar sonra yadımızda deyil, yanımızda olublar. Sizin hər birinizə sizi istədiyiniz yerə götürəcək, HR-lardan keçəcək CV-lər arzulayıram!

Alət çubuğuna keç