Təhsil xidmətlərinin Facebook-da reklamı

10_Almost_Effortless_Ways_to_Boost_Facebook_Engagement-ls

Faktiki olaraq 6 ildir ki, aktiv şəkildə Facebook-da təhsil xidmətləri üzrə promo fəaliyyəti həyata keçirirəm. O vaxtlar hələ Facebook ölkəmizdə çox təzə idi və indi dəqiq xatırlamıram, amma GRBS-də iş yoldaşlarımızdan biri böyük brendlərin Facebook səhifəsi üzərindən təqdimat edib təcili bizim də sosial mediada səhifə açmağımızın vacibliyindən danışırdı. O vaxt bu vaxt indiyə qədər bu fəaliyyəti davam etdirirəm. Son 3 ildə British Council-dakı işimdə Britaniya universitetlərinin təbliği ilə bağlı keçirdiyimiz tədbirləri və bu tədbirlərlə bağlı fəaliyyətlərimizi sosial mediada təqdim etmək imkanım var. Öyrəndiyimiz xeyli dərslər olub. Məsələn, elə sonuncu promo postumuza 1300 layk gəlsə də, faktiki effekt, yəni əks əlaqə çox aşağı olub. Bəzən isə eyni məbləğə 500 layk olsa da daha çox nəticə əldə edirik.

Reklam və PR nə qədər brend qurmağa və onu möhkəmləndirməyə xidmət etsə də, hər ikisinin əsas məqsədi biznesi ayaqda tuta bilmək üçün satışa xidmət etməkdir. Əgər kurs açmısınızsa və bu kursa gələn sayı sizin reklam və PR fəaliyyətindən sonra artmırsa siz ən yaxşı halda özünüzə ‘brendi möhkəmləndiririk’ təsəllisini verəcəksiniz. Vacib deyil ki, Facebook-da bütün postlarınıza pul qoyulsun. Reklam edilsin. Uğurlu virus reklamı da yaratmaq olar. Maraqlı foto qoyub 400 layk da əldə etmək olar. İstənilən halda istərdim təhsil brendlərinin sosial media sükanının arxasında oturanlara, ümumiyyətcə təhsil biznesi ilə məşğul olanlara bu sahədə olan təcrübəmdən bir neçə tövsiyyəmi edim. İnanıraım ki, bu yazıdan digər sahələr üzrə də çalışan digər şəxslər də faydalana biləcəklər, ən azından seçdikləri təhsil brendindən ‘nəyi tələb etməli olduqları’ haqqında məlumatlı olacaqlar.

Konsepsiya ilə başlayacaqsan

Əlbəttə ki, hər şey peşəkar bir sosial media meneceri tutub ona 500 manat verməklə bitmir. Hər şeydən öncə sizin təqdim edə biləcəyiniz xidmət olmalıdır. Təhsil biznesində bu çox çətindir. Fərq etməz çeşidiniz genişdir, ya dar ixtisaslaşmısınız, əsas olan odur ki, müəllim və təlimçiləriniz peşəkar olsun. İşiniz gözəl təşkil olunsun. Bu imkan verəcək ki, sosial media üçün də uğurlu strategiya qurasınız. Müxtəlif təhsil şirkətlərinə fərdi tövsiyyə etdiyim 1 səhifəlik olsa da sosial media bələdçisi çox vacibdir. Bu gün ağlıma bu gəldi, bunu qoyumla iş düz getməyəcək. Sosial media meneceri, koordinatoru təmsil etdiyi şirkəti çox yaxşı tanıyıb, komandadan da məsləhətlər alıb və ən əsası xarici təhsil brendlərini izləyib ortaya faydalı bir iş qoymalıdır.

Faydalı olacaqsan

Əgər dırnaq boyası satan bir brend müxtəlif dırnaq boyaması üsullarını təqdim edirsə, təhsil brendi öz izləyicilərinə daha çox faydalı olmağa borcludur. Bunu öz səhifəsinə bağlı olan hansısa öyrədici brend yaradaraq da etmək olar. Məsələn, siz HR sahəsində peşəkar kurslar və təlimlər təqdim edirsinizsə ölkə və ya dünya səviyyəsində HR ilə bağlı yeniliklərə öz qısa şərhinizi yazıb paylaşa bilərsiniz. Yaxud da siz hansısa əlaqəli tədbirdə, məsələn HR forumunda partnyorsunuzsa, o zaman həmin forumdan maraqlı sitatları, şərhləri, qısa videoları öz səhifənizdə paylaşa bilərsiniz. Bizdə təhsil brendləri daha çox dil kursları İngilis dili ilə bağlı maraqlı və faydalı məlumatları paylaşırlar.

Müsabiqələr ilə baş qatmayacaqsan

Mən də reklamdan çox PR-a inananlardanam. Sosial media da sizin hekayənizin söyləniləcəyi yer olmalıdır. Müsabiqələr bu baxımdan çox yaxşıdır. Amma o qədər də effektik və vacib deyil. Düzdür, hər hansı bir təhsil brendinin öz Facebook səhifəsində müştərilərinin fotolarına layk dilənməsinə rast gəlməmişəm ki, deyib belə yaramaz. Ümumiyyətcə müsabiqələri hansısa kursa güzəşt, kitab hədiyyə etmək və bu kimi məqsədlər üçün etmək olar. Amma bunu turizm şirkəti kimi deyil, təhsil yaraşan adda etmək lazımdır. Daha intellektual, düşündürücü, faydalı bir formatda. Məsələn, onlayn test edib sonradan çox cavab verənlər arasında lotoreya keçirtmək olar. Sadəcə bu müsabiqələrdən daha məsləhətli auditoriyaya necə maraqlı olmaq haqqında düşünməkdir.

Yalan deməyəcəksən

1 aya İngilis dilini super öyrənəcəksən, 2 günə peşəkar menecer olacaqsan və bu kimi vədlər sonunda brendə olan inamı azaldır. Marketing Air təlimləri haqqında yəqin ki, çoxunuz eşitmisiniz. Elə bir fantastik reklamı yoxdur, sadəcə hekayələri var. Uğuru da hekayələrinin məhz öz məzunları tərəfindən qurulması ilə bağlıdır. Xaricdə təhsil şirkətlərimiz üçün də bu çox vacibdir. Əgər Avstraliyaya tələbə göndərirsənsə bunu hansısa formada çək və yay. Məsələn səhifəndə qabaqcadan elan et ki, filan vaxtı Avstraliyada oxuyan tələbəmizin burada təhsil və yaşayış ilə bağlı vebinarı olacaq. Əldə etdiyini, edə bildiyini göstərməyi bacaraqsan. Məsələn, biz hər hansı bir Britaniya universitetinin  azərbaycanılar üçün təqaüdü olduğundan dəqiq əmin olduqdan sonra bunu xüsusi olaraq öz postlarımızda qeyd edirik.

Qısa və konkret ol(may)acaqsan

Bəzən bu keçərlidir, bəzən deyil. Təhsil xidməti parfum və ya avtomobil satışı deyil ki, şəklini və qısaca qiymətini, güzəştini qoyub fərqlənəsən. Xüsusən də əgər Bakıda sizin xidməti təqdim edən onlarla, yüzlərlə rəqib varsa. Lazım deyil, yarım kilometr mətn olsun. Amma 3-4 cümlədə əlavə qeydlər etmək olar. Tutaq ki, siz ACCA kursları təqdim edirsinizsə, öz internet səhifənizdə və ya LinkedIn-də kursu aparacaq təlimçi haqqında olan məlumata keçid qoya bilərsiniz. Yaxud da İngilis dili kursları üçün olan postda siz danışıq klubu haqqında qısa məlumat təqdim edə bilərsiniz. Ümumiyyətcə əlavə məlumatları gözəl infoqrafiya ilə də etmək olar.

İnteqreyted olacaqsan

Axtarış versəniz bu inteqreyted sözünü bloqda ilk dəfə istifadə etdiyimi görəcəksiniz. Xalxın təhsil brendləri Twitter səhifələri açıb 100 000 post edib, biz isə Twitter bizdə işləmir deyib özümüzə haqq qazandırırıq. LinkedIn təhsil brendləri üçün Facebook-dan da effektiv bir yerdir, xüsusən də sizin xidmətləriniz peşəkar insanlar üçündürsə. Instagram da brendin inkişafı üçün əla platformadır. Bütün bunlar Facebook ilə birləşəndə daha gözəl nəticələr əldə etmək olur.

Biraz da diri oynayacaqsan

Facebook indi canlı yayım xidmətini təqdim edir. Hərçənd ki, bu yayım hələ təzədir və çoxu əlindəki telefonu əsdirə-əsdirə canlı yayım aparır, amma təhsil mərkəzlərinə öz kurslarından, təlimlərindən 10-15 dəqiqəlik canlı yayım etməklərinə əla imkandır. 2-3 ilin promo videosunu yaymaqla fərqlənmək çox çətindir. Təhsil xidmətlərinin alıcısı artıq 21-ci əsrdə dünyaya gələnlərdir. Növbəti 5 il ərzində faktiki olaraq əsas tələb onlardan olacaq. Onlar da sürətli və dinamik inkişaf dövründə böyüdüklərindən daha interaktiv və canlı təmas istəyirlər.

Ümumiyyətcə, indi sadəcə Facebook ilə fərqlənmək azdır. Burada yazdıqlarımız da ümumidir amma ümid edirəm ki, faydalıdır. Facebook internet səhifəsi olmadan belə brendin kommunikasiyası üçün əla platformadır. Baxmayaraq ki, son 2 il ərzində faktiki reklam burada 2 dəfə bahalaşıb, amma yenə də Facebook-da aktiv olmanız çox tövsiyyə edilir.

Təhsildən şikayətlərimizi azalda biləcək dərmanın adı gərək ki marketinq olmalı

Fürsət düşən kimi təhsilin səviyyəsindən hamımız şikayət edirik. Amma görünən odur ki, hələ yaxın illərdə bu şikayətlərimizin sayı daha da çoxalacaq. Marketinq yönümlü sahibkarlar və rəhbərlərin sayı artarsa bu şikayətlərin sayının nisbətən azalması isə mümkündür. Amma görünən odur bəzi özəl təhsil müəssisələrinin və mərkəzlərinin rəhbərləri istisna olmaqla təhsil işi ilə məşğul olan şəxslər ola bilsin sovet streotipləri ilə təhsilin biznesə çevrilməsinin əleyhinədirlər, amma paralel olaraq da təhsilin bazara çevrilməsinə yumşaq desək ‘göz yumurlar’. Marketinqi ancaq reklam filan sayan rəhbərlərin isə çoxu güclərini verirlər Facebook-a. Biznes sözündən qorxmayan, onu ənənəvi alver ilə səhv salmayan və əsas olaraq marketinqi biznesin özəyi sayan insanların olması ölkəmizdə az sayda da olsa təhsil brendləri yarada bilib. Sadəcə adına-sanına görə məşhur brendlər yox, məhz keyfiyyətli işinə görə və uğurlu nəticələrinə görə fərqlənən və keyfiyyətli təhsil deyərkən yada düşən brendlər. Burada qısaca olaraq marketinqin bir neçə komponenti üzrə Azərbaycan təhsilinin təhlilini verəcəyik. Düşünürəm ki, bu fikirlər hər birimizə ölkədə təhsilin aşağı olmasından şikayətlənmək yerinə, konkret addımlar atmağımıza təkan verə bilər.

 

Təhsil xidməti və məhsulunun yaradılması

İlk öncə təhsil xidməti və məhsullarının yaradılmasına toxunaq. Özümüz də daxil olmaqla ətrafımızdakı əksər insanlar öz təhsil istiqaməti üzrə işləmirlər. Səbəbi çoxumuza məlumdur. Təhsil alarkən ixtisasın keyfiyyətli tədris olunmaması və ya ixtisasın biznes mühitinə uyğunlaşmaması. İnsanların istəyi nədir?! Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Təhsil Nazirliyi müasir bazarı düzgün qiymətləndirərək həm ali, həm də peşə təhsili üzrə lazımi kadr ehtiyaclarını müəyyən etsin. Bundan sonra isə universitetlər həmin peşə üçün lazımi nəzəri və təcrübəyə əsaslanan ixtisasın dərs vəsaitlərini hazırlasın, təlimçilərini yetişdirsin. Proses olaraq bu qədəe sadə, amma iş həcmi olaraq çox. Amma bu işə rəngi qatan məhz marketinq elmi ola bilər. Bazar ehtiyaclarının düzgün mənimsənilməsi, yeni məhsulun formalaşdırılması və bu prosesdə müştərini önə qoyub maksimum uyğum məhsul və xidməti yaratmağı bazar yox, marketinq təfəkkürü ilə reallaşdırmaq mümkündür.

Təlim mərkəzləri və kursları isə açılar-açılmaz təhsil ilə bağlı ‘xodovoy’ hansı kurslar var yazır ki, təklif edirik. Mən heç bu istiqamətdə bazar araşdırmasına toxunmuram. Amma bu kursların əksər hallarda təqdim edəcəkləri məhsulun tərkib hissəsi olan nə tədris materialı, nə də təlimçisi olur. Çünki elə sahələr var ki, Azərbaycanda bu üzrə məhdud sayda mütəxəssis var. Düzdür iş başladıqca gedir, amma həqiqət odur ki, uğurlu satış olan kimi tələm-tələsik kimsə tapılır ki, bu ‘xidməti’ təqdim etsin. Bu da daha çox marketinq və məhsul konsepsiyası yox, satış konsepsiyası olur.

 

Təhsil sahəsində texnoloji innovasiyalar

İnnovativ yanaşma sadəcə kompüter laboratoriyası yaratmaq və onun da qapısını bağlı saxlamaq deyil. Menecment və marketinq elmlərinin inkişafı tədris prosesinə yeni yanaşmalarla baxmağa imkan verir. Şagirdlərin e-maili, onlayn şəbəkələşməsi, onlayn proqramlardan yararlanmaqdan az sayda məktəblər və universitetlər istifadə edir. Təlim mərkəzləri isə kütləvi şəkildə vebinarlar keçmirlər ki ‘bazar’ yoxdur. Görünən odur ki, uşaqlı-gəncli mobil texnologiyadan və kompüterdən oyun oynamaq, şəkil layk etmək və çatlaşmaq üçün istifadə edilir. Təhsil Nazirliyinin məktəblilər üçün onlayn dərsliklər hazırladığını eşitmişdim. Çox gözəl təşəbbüsdür. Amma ümumilikdə şagird və tələbələrin texnologiyadan səmərəli istifadəsini maarifləndirilməsini aparmaq lazımdır. Digər bir məsələ kimi şagird-tələbə – təhsil müəssisəsi – müəllim və akademik heyət arasında ünsiyyətin qurulması və daha sürətli məlumat axını üçün nədən daxili CRM sisteminə ümumiyyətcə marağın olmamasıdır. İstənilən innovasiyanın tətbiqinin uğuru isə bazarı araşdırmaq və düzgün qiymətləndirmə ilə bazar ehtiyaclarını müəyyən etmək və kütləvi və qruplaşmış istehlakçıların onu rahat şəkildə istifadəsinə nail olmaqdan ibarətdir. Yoxsa bu ‘yenilik’ vaxt və zaman itkisi olacaq və istehlakçılarda gələcək analoji ayihələrə inamı azaldacaq.

 

Marketinq elə Facebook-da reklam deyil ki?!

Marketinqi reklamla səhv salan, bu azmış kimi reklam üçün də sadəcə Facebook-u platforma seçən təhsil müəssisələri və kompleksləri bu gün sadəcə keyfiyyətsizlik fonunda biraz üstün keyfiyyəti ilə bazar payı qazanırlar. Amma bu indi işləyir və hələ bilmək olmaz 2-3 ilə nə dərəcədə effektiv olacaq. Britaniya universitetlərindən biri Azərbaycan Tibb Universitetində birgə olaraq təqdim edəcəkləri bir ixtisas üzrə əməkdaşlıq qurmuş və bu ixtisasın tədrisi üçün lazım olan bütün avadanlıqlarla laboratoriyanı təmin etmişdir. Amma universitet tərəfindən ikili diplom verən bu unikal proqramın heç demək olar ki, Facebook-da belə reklamı aparılmamışdır. Yerli təhsil sərgiləri, arada TV-də və abituriyent jurnalından başqa əksər universitetlərin reklamını harada görürük?! Bu da nə reklam? Bina şəkli, ixtisas siyahısı və telefonlar. Bəs brend mesajı. Bu universitet tələbənin həyatını hara dəyişəcək? Niyə görə tələbə xaricdə yox, məhz bu universitetdə təhsil almalıdır? Bunları görmürük. Səbəb isə yenə strateji idarəetmə və marketinqə söykənir. Dil kursları və təlim mərkəzləri də bu yolla gedirlər. Az sayda təhsil şirkəti var ki, reklamın bütün növlərindən səmərəli istifadə edir və brend kommunikasiyası effektiv nəticələr verir. Bu arada ölkəmizdə böyük universitetlərin balaca kurslardan öyrənməli çox məsələsi var.

 

Təhsilin PR-ı

Təhsilin PR-na isə bizim ölkə olaraq daha geniş ehtiyacımız var. Təhsilin həyatı və cəmiyyəti müsbətə dəyişəcəyinə inamı artırmaq üçün media və təhsil PR-çılarının üstünə böyük iş düşür. Hansısa bir ölkədə sel-leysan yağışlarını insanların beyninə yeritmək və ‘bizdə olsa nə edərik’ qorxusu altında manipulativ yanaşma edən mediada müxtəlif yaş kateqoriyalarına yönəli təhsil-karyera-cəmiyyət-inkişaf təbliğatını aparmaq lazımdır. Söhbət ‘təhsil vacibdir və oxuyun’ mesajından getsəydi nə var idi ki, daha dərin səviyyədə uğur hekayələri paylaşmaq, ixtisas seçimi, məktəblinin və tələbənin həyat tərzi, oxumalı kitabları dəbdə saxlamaq kimi məsələləri təbliğ etmək daha məqsədəuyğundur. Deyə bilərsiz, mediada belə yazıların hər birinə rast gəlirik. Amma məncə məsələ odur ki, bu işi kütləviləşdirmək və yazmaqla kifayətlənməyib hazır məhsul və xidmət təklifini şagird, tələbə və ya ömürboyu təhsil alan insanın qabağına qoymaq lazımdır ki qaşıqla, ye. Demək ki, məsələ sadəcə jurnalist fəallığından getmir, təhsil müəssisələrinin düşünülmüş PR fəaliyyətindən gedir ki, bir güllə ilə iki quş vurulsun. Keyfiyyətli təhsil verirsənsə sənə 3 və daha quş vurmaq da savabdır.

 

Müştəri məmnuniyyəti

Biz İqtisad Universitetində oxuyarkən pəncərəyə söykənməyə, qazonun üstünə çıxmağa görə təhlükəsizlik xidmətinin əməkdaşları tələbələrin tələbə biletini alıb əvəzində siqaret və ya o vaxt ki pul ilə 10 000 – 20 000 (2 – 4 AZN) istəyirdilər. Bu mənim ‘məmnuniyyətlə’ bağlı yadıma düşən bir misal. Qərəzli deyiləm və universitetdə 6 il ərzində az da hörmət görməmişəm. Amma bizdə nə məktəbdə, nə universistetdə şagirdi və tələbəni məmnum edən sistem görmədim. Söhbət tək şagird və tələbənin özünü ifadə azadlığından və bununla da məmnun olmasından getmir, söhbət sistemin öyrənənlər üçün rahat, qorxusuz, şikayətlərə, təkliflərə və yeniliklərə açıq, mehriban, gülərüz personala sahib olmasından gedir. Axı biz bu dünyaya gülərüz personalı tək şadlıq saraylarında görmək üçün gəlməmişik. Qafqaz Universiteti, Xəzər Universiteti, ADA və bəzi özəl təlim mərkəzləri, dil kursları, xaricdə təhsil şirkətləri tələbələrin üzünə gülməklə sistem gücünü itirmirlər. Əksinə daha da gözəl öyrənmə mühiti yaratmış olur. Bilirəm, bunu çoxumuz bilirik, amma bunu dəyişmək üçün çox az iş görürük. Azərbaycan Turizm İnstitutunda 2 ilə yaxın dərs demək imkanım olmuşdu. Xatirimdə daha çox qeyri-məmnun etdiyim tələbələr çox qalıb, nəinki daha çox sayda məmnun olmuş tələbələr 😉

 

İnsafən deyək ki, sovet dövründən təhsil sahəsində çalışan və xüsusi biznes və marketinq təhsili almayan məktəb direktorları, universistetlərdə rektor, prorektorlar, təlim mərkəzlərinin sahibləri var ki, onlar yuxarıda sadaladığımız məsələləri iş prosesində tətbiq edir və öz təhsil müəssisələrinə yüksək imic də qazandırırlar. Bu da onu göstərir ki, ətraf mühiti düzgün qiymətləndirən bacarıqlı rəhbər ‘marketoloq’ olmadan belə vacib fəaliyyətləri həyata keçirir. Amma ki, ölkəmizdə uğurların kütləviləşməsi üçün təhsil marketinqinə karyeralarının ən azı bir neçə ilini həsr edə biləcək insanlara çox ehtiyac var.

Alət çubuğuna keç