Fərdi inkişaf ilə bağlı istənilən bir film, kitab insana daha çox özünü tanımağa imkan verir. Səhərlər dur idman et, günə 30 səhifə kitab oxu, günortalar yarım saat parkda gəz və s. məsləhətlərdə isə qeyri-adi heç nə yoxdur. Sadəcə özümüzün də haqqında düşündüyü belə məsləhətləri bizə başqa biri verəndə effekti çox yaxşı olur. Xüsusən də həmin şəxs hansısa bir sahədə uğurludursa.
İnsan həm də çox oxuduqca həyatını müsbətə dəyişəcək məsləhətləri daha böyük dozada istəyir. Bəzən bu yaxşıdır, amma əksər hallarda bu daha böyük uğursuzluğa səbəb ola bilər. Əgər sadə bir məsləhətə əməl edib arzuladığınız davranışı vərdişə çevirmisinizsə, qəliz məsləhətləri oxumaqla özünüzü daha dərin depressiyaya salacaqsınız. Mən fikirləşirəm ki, insan ara-sıra ən sadə məsələlər haqqında düşünməlidir. Onların bir neçəsini burada özümə və sizə xatırlatmaq istərdim:
İradəsizlik – Yemək içməkdə özünü saxlamaqla iş bitmir. Çoxumuz adi bir filmə baxanda bir neçə dəfə telefona baxırıq. 15 dəqiqə maşın sürəndə az qala 3-4 nəfərə zəng edib polis görəndə telefonu gizlədən adamlar var. Karyeramızı dəyişməyə imkan verən bir neçə kitab var ki, az qalsın bir ilə onları oxuya bilmirik. Ən çox da vaxtsızlıqdan şikayət edirik. Amma di gəl ki, məsələn sosial mediayaya yetərincə vaxt ayıra bilmirik. Kiminsə vaxtını düz bölüb-bölməməsini müzakirə etmədən, bu davranışları məhz iradəsizlik kimi görürəm. Qısası 90 % hallarda uğur bir yerini yerə qoyub davamlı çalışmaqla mümkündür.
Tələskənlik – Səbr və yenə də səbr. İnsana uğuru gətirən ən böyük faktorlardan biri. Təsəvvür edin ki, sizin ağlınızda böyük ideyalar var və bu ideyalardan dərhal pul qazanmaq istəyirsiz. Buna görə də səbirsizlik edib 1-dən 5-ə tullanmağa çalışırsınız. Adama elə gəlir ki, oturub 2, 3 və ya 4 ilə məşğul olsam ömrümdən gedəcək. Əslində isə 1-dən sonra artıq 5-in gerçəkdə deyil, məhz beyində yaradılmış vizuallaşması sizi ‘şişirdir’. Siz sadəcə biraz bilib ancaq özünüzü 5-lik yerinə qoyursuz və səbriniz çatmır ki, 2-dən 4-ə olan yolu lazımi qaydada keçəsiniz. Qısası çalışın, lazımsız yerə tələsməyin. Zəhmətinizin bəhrəsini mütləq görəcəksiniz.
Tərslik – Söhbət prinsipiallıqdan getmir. İnsanın öz ideyalarında, məqsədlərində prinsipial olmağı vacibdir. Amma şəxsən mən ingilislər demiş flexible olmayan insanları sevmirəm. Xüsusən də söhbət biznesdən gedirsə. Məsələn, mən adama bir dəfə yazaram, yazmasa daha özü bilər, oturub yalvarası deyiləm tipli insanlarla mənimki tutmur. Bəlkə həmin şəxs bilmədən e-maili silib və ya unudub? Tərslik bəzən sizi gözdən də salar.
Pozitiv düşünməmək – Bu günlərdə Green Card lotoreyası üçün müraciət etdim və mən artıq xəyallarımda Amerikadayam 🙂 Zarafatsız, istənilən bir məsələdə ən pozitivi beynimdə vizuallaşdırıram. Bunu qətiyyən şansa inanmaq və ya fanatiklik kimi qəbul etməyin. Sadəcə istənilən halda pozitiv düşünməklə qəlbim və emosiyalarım rahat olur. Maksimum çalışıram insanlar haqqında da pozitiv olum. Neftin qiymətləri düşməyə başlayandan nə qədər adam neqativ ruha qərq olub. Amma məsələn dostlarımız dünən növbəti dəfə möhtəşəm Digital Marketing Conference təşkil etdilər. Təəssüf ki, şəxsi səbəblərə görə mən qatıla bilmədim. Amma bu şansı qaçırmağın belə pozitiv tərəflərini düşündüm.
Paylaşmamaq – Fikir verirsinizsə, indi dünyada paylaşmaq prinsipli bizneslər daha uğurlu olurlar. Siz maşın almırsız başqasının maşınını sürürsüz. Səyahət edəndə oteldə yox, kiminsə evində qalırsız. Hələ mən yüz minlərlə onlayn proqramları və bloqları demirəm. Çoxumuz faktiki təmənnasız bildiyimizi və gördüyümüzü bloqlar və ya sosial media vasitəsilə paylaşırıq. Bunun insanın özünə nə qədər xeyri var bu barədə çox danışmışıq. Ürəkdən edilən yaxşılıq, kiməsə tək maddi deyil, başqa bir cür yardım etməklə ürəyinizə elə gözəl hisslər yayılır ki, bunu siz bahalı restoranda ən dadlı yeməkləri yeməklə yeyəndə belə tam hiss etmirik.
İnamsızlıq – Əlbəttə, siz iradə göstərib, səbrlə, tərslik etməkdən hər şeyə pozitiv yanaşıb paylaşmağı unutmasaz istənilən halda həyatınıza müsbət dəyişikliklər gətirəcəksiniz. Ancaq heç zaman özünüzə olan inamı itirməyin. Uğurlu karyera quran insanların həyatına çox fikir vermişəm. Bilmədikləri şeyləri belə özünəinamla idarə edə ediblər. İnsan özünə inamı itirəndə az danışır, danışanda şikayət edir və başqalarını günahlandırır. Özünəinam çox pul və ya vəzifə ilə artmır. Yəni bu gün pulum azdır, 5000 alım özüməinamlı olacam deməklə özünüzü aldatmayın. Kimdəsə belədirsə, sizdə belə olmasın. Ən azından əminlik və inamla uğurlu olmaq ehtimalı daha çoxdur. Bunun üçün isə ixtisaslaşın, öz üzərinizdə çalışın. Hətta yaxşı makler olmaq istəyirsinizsə belə.
Bütün bunları və burada qeyd etmədiklərimi həm şəxsi həyata və davranışlara, həm də iş mühitinə aid etmək olar. İnanclarda da insanın ən böyük mücadiləsinin öz nəfsi ilə olduğunu qeyd olunur. Özüm də və ətrafımdakı bir çox insanlar var ki, davranışlarımız və düşüncələrimizlə özümüzü nə qədər geri salırıq. Hansısa maraqlı ideyaya inam itir, ruhdan düşürük və ya lazım olmayan fikirlərə düşürük. Əvəzində isə ömürdən gedir. Arzulayıram enerjimizi belə hallar az alsın və gücümüzü real düşmənlərə saxlayaq.