Süz, doyunca süz! Deyirsən səninlə 1 bakalın söhbətini edəcəyəm?

Bu günlərdə Bakıda, 28 Mall-da Burger King fəaliyyətə başladı. Sözün açığı bu brendin sadəcə darçın və almalı dondurmasını xoşlayıram, onu da menyularında görə bilmədim. Amma çox maraqlı bir məqamı sizlərlə bölüşmək istəyirəm. Demək onlar indiyə qədər Bakıdakı beynəlxalq rəqiblərinin etmədiyi bir ilki ediblər. İçkiyə bir dəfə pul verirsən, sonra 2 saat ərzində gəlib istədiyin qədər özün süzüb içirsən. Faktiki 2 manatdan da az olan qiymətə olan içkinin qabı onsuz da əməlli tutumludur. İstərdim ki, bu maraqlı konsepsiya üzərində tədqiqat və müşahidə üçün 5 məsələni sizlərlə bölüşüm:

1) Utancaqlıq – Qoy birinci başqası etsin. 3-4 gənc insan olanda güman ki, aralarından 1 nəfər bunu mütləq edəcək. Dəstə də onlara qoşulacaq. Yaşa görə, cinsə görə, müəyyən edilə bilən digər demoqrafik faktorlara görə geri dönüşlərin necə olduğunu müşahidə etmək maraqlı olar. Halalca haqqı kimi 2-ci, 3-cü içkini neçə insan gedib mərd-mərdanə özünə süzəcək?

2) Etibar və dürüstlük – Rəqiblərinin adını çəkmiyəcəm, amma bir dəfə qamburqerin yanında Cola yerinə səhvən Sprite demişdim, süzmüşdülər deyə onu dəyişmədilər. Yəni mahiyyəti bir şey olmayan məsələ indiyə qədər yadımdadır. Bir insan içsin uzağı 1 litr. Uzağı ha. Həm də yəqin ki, insanlar evdən özləri ilə stəkan gətirib pulsuz içki məsələsini ehsan kimi qəbul etməyəcəklər. Yaxşıdır ki, onlar xalqımıza, insanlara inanırlar. Buna böyük alqış düşür. İstənilən halda süi-istifadə hallarını müşahidə etmək də maraqlıdır.

3) Fərqli dadlar və 1-ci bakaldan sonra yada düşən dieta – Bunun özü də bir araşdırma mövzusudur. Birinci dəfə Cola süzən ikinci dəfə eyni seçimi edir, yoxsa məsələn Zero Cola seçir? Xüsusən də faktiki 2-ci, 3-cü və 100-cü pulsuzdursa.

4) Artan satış – Sözün açığı mən özüm cəmi 1 dəfə belə üstünlükdən istifadə etmişəm. İsti yay günündə Türkiyədə 2-ci dəfə gedib bakalımı doldurmuşdum. Yəqin ki, burada psixoloji məqamlar çoxdur. Xüsusən də alış-veriş mərkəzlərinin qaynayıb-qarışan yemək meydanlarında yenidən satışa bir neçə santimetr məsafədə olursansa, yeni nə isə sifariş etmək ehtimalı çoxdur. Bunu da araşdırmaq olar ki, yaxınlaşan nə qədər insan ikinci alışı edir?

5) Tənbəllik – Bəlkə də kimlərsə yerində oturub durub yenidən özünə bir stəkan su tökməyə tənbəllik edəcək. Bunları da müşahidə etmək olarmı? Yoxsa bu qarnı və gözütoxluqdur? Yaxud da ağzının dadını dəyişmək üçün 1 stəkan kifayətdir? Ola bilsin ki, heç bundan həmin şəxslərin məlumatı yoxdur?

Əlbəttə ki, bu təcrübələr isti hava günlərində başqa nəticələri verə bilər. Bəlkə də zaman-zaman bu trendlər dəyişə bilər. Ancaq ‘biz belə millətik, elə millətik filan’ deməmişdən qabaq gərək müxtəlif tədqiqatlar edəsən. İstənilən halda bu çox yaxşı təşəbbüsdür. Yəqin ki, Burger King özündə hansısa təhlilləri edəcək və bu konsepti daimi edəcək.

Alət çubuğuna keç