1 paxlavanı yeməməyim necə 10 tələbənin təhsil haqqını ödədi?

Biz məktəbdə oxuyanda mənim çox ağıllı sinif yoldaşım var idi. Nə gizlədim, bir çox fənlərdə məndən də yaxşı oxuyurdu. Hətta bizim məktəb və sinif üçün xarakterik olmasa da, Mingəçevirdə rus kanallarının yayımı dayansa belə Rus dilini də gözəl bilirdi. Bir neçə bacının da kiçik qardaşı idi. Yadımdadır ki, söz düşəndə mamam deyirdi ki, bəs onun bacısı test imtahanı təzə çıxanda öz gücünə Tibb Universitetinə qəbul oldu, Bakıda oxutmağa gücləri çatmadı, qız təhsilini yarımçıq qoyub geri qayıtdı. Sonradan mənim sinifdəki ən yaxın dostlarımdan biri olan bu şəxs hətta ali məktəbə girəcəyi təqdirdə ailəsi tərəfindən kompüterlə mükafatlandırılacağı şərtilə belə ən minimal balla tələbə qəbulu edən Mingəçevir Politexnik Universitetinə qəbul ola bilmədi. Sonradan isə onun həqiqətən o bilik və bacarıqlara yaraşmayan bir işi gördüyünü eşidib çox məyus olmuşdum.

Bizdə ən çox əziyyət çəkdiyimiz məsələlərdən biri məhz statistika, xüsusən də araşdırmaların statistik nəticələridir. Hələ keçmiş TQDK yaxşıdır ki, universitetlərə qəbul imtahanlarının balına görə, hər il ali məktəblərə nə qədər insan haradan daxil olur tipli statistikaları neçə ildir ki, yayımlayır. Ancaq bu məlumatlar bəzi sosial problemlər haqqında daha dərindən fikirləşməyə imkan vermir. Məsələn, evin böyük uşağı ali təhsili yarımçıq qoyubsa və  ya ali təhsil aldığına baxmayaraq iş tapmaqda çətinlik çəkibsə, bu sonradan evin kiçik uşaqlarının təhsil planlarına necə təsir edib tipli və s. Niyə görə bu hekayəni sizinlə paylaşıram və bu haradan yadıma düşdü? 90-cı illərin çətinliklərini hamımız birgə yaşamışıq. Hamımızın bu cür oxşar hekayələri var. Bu çətinlikləri keçərək azdan-çoxdan müəyyən səviyyəyə çatmışıq. Xüsusən də artıq işləyiriksə, əlimiz çörəyə çatandan sonra bu cür hekayələri düşünməsək, illərlə xatırlamarıq. Ölkədəki vəziyyət ilə yanaşı, bir də var insanın həyat yolundakı vəziyyətlər. Çoxunuz razılaşarsınız ki, müstəqil həyatımızda ilk bu cür çətinliklər məhz tələbəlik illərindən başlanır. Bu problemləri həll etməklə özümüzə növbəti mərhələlərə böyük özünəinam ehtiyatı yığmış oluruq.

Bu yazını yazaraq öz tələbəlik illərimi də xatırlayıram. Bəzən elə problemlər olub ki, onların həlli üçün xeyli vaxt gedib. Halbuki həmin vaxtı daha faydalı işlərə yönəltmək olardı. Hələ mən ödənişsiz təhsil almışam. Vay o günə ki, ödənişli təhsil alırsan və ailənin çətin vaxtlarında gecə-gündüz təhsil haqqını necə ödəyəcəm fikri beynindən çıxmaya. Belə vaxtı neyləməlisən?

Güman ki, bu sualı bu cür tələbələrdən biri Azər Türk Banka verib. Özü də paxlava xoşlamayan biri. Yoxsa bütün şirkətlərin bir-birinə şəkərbura-paxlava, buta formasında səməni göndərdiyi bir vaxtda Azər Türk Bank bu məqsədlə marketinq büdcəsindən ayrılmış pulları 10 tələbənin 1 illik təhsil haqqını ödəməyə xərcləməzdi. Zarafat bir qırağa, amma Novruz bayramı ərəfəsində aldığım və fotosunu da təqdim etdiyim təşəkkürnamə mənə ləzzət elədi. İlin-günün bu vaxtında pulu bu cür xərcləməyi sadəcə alqışlamaq və dəstəkləmək lazımdır. Sosial məsuliyyət həm də öz müştərilərini, partnyorlarını da inandığın ideyalara şərik qoşmaqdır. Faktiki olaraq, bu kampaniyası ilə bank bizləri də bu təşəbbüsə qoşur və bu işdə bizlərin də bir payı olmuş olur. Beləliklə də bu əlaçı tələbələr artıq öz əziyyətlərinin ilk nəticəsini görürlər. SABAH qruplarında oxumaq belə özü böyük uğurdur. Burada uğurlu oxuyub 4-cü kursun təhsil haqqını sənin oxumağına dəyər verən banka ödətdirmək isə ondan da böyük uğurdur. Bu tələbələrin arasında yuxarıda mənim paylaşdığım hekayənin qəhramanı kimi təhsil haqqını ödəməyə imkanı çatmayanlar da var idi ki, onlar əlaçı olsalar da təhsillərini yarımçıq qoya bilərdilər. Qoy Novruzda yeməyim mən 1 paxlavanı, amma sən də bundan arxayınlaşma, əksinə sübut et və göstər ki, bu dəstəkdən maksimum çox istifadə edirsən və 4-cü kursda təhsil haqqı haqqında düşünmədən yeni-yeni uğurlara doğru gedirsən!

Dostlar, təhsilə yatırılan investisiya heç zaman itmir. Mən Azər Türk Bankı bu maraqlı kampaniyasına görə təbrik edirəm və inanıram ki, bizim bizneslər bundan sonrakı korporativ sosial məsuliyyət layihələrində təhsilə daha çox yer ayıracaqlar.

Niyə görə təhsilə az dəyər veririk və kitab biznesinin gələcəyi?

Hər birimiz uğurlu karyera arzulayırıq. Ancaq buna çatmaqda vacib olan təhsilə də pul xərcləmək lazımdır. Bu məsələdə nə qədər səxavətliyik? İndiki dövrdə paralel olaraq ucuz təhsil imkanları ortaya çıxır. Bu videomuzda təhsilə və kitablara pul xərcləməyin vacibliyindən, təhsil və kitabların gələcəyindən danışırıq:

Məsələn, texnologiya gələcəkdə biznes etikanı dəyişə bilər

Trampın prezident seçilməsinin müsbət və mənfi tərəfləri haqqında aşağı və yuxarı səviyyələrdə çox müzakirələr gedir. Hərəmiz öz dünya görüşümüz, bildiyimiz gizli-aşkar məlumatlar əsasında bundan müxtəlif nəticələr çıxarırıq. Məsələn, elə bu günlərdə oxuduğum bir amerikan məqaləsində çox maraqlı bir məqama toxunmuşdular. Bu da Trampın Twitter-dən gecə-gündüz öz fikirlərini paylaşması ilə bağlı idi. Bu faktiki olaraq liderlik kommunikasiyasında bir yenilikdir. Böyük şirkət rəhbərləri var ki, özlərinə bunu sığışdırıb insanlarla ünsiyyətə girmirlər, bunu xüsusi günlərdə, məqamlarda edirlər. Fakt odur ki, istər dövlət xadimləri, istərsə də biznes rəhbərləri ictimai kommunikasiyada heç bir zaman bu səviyyədə açıq və çevik olmayıblar. Mənim oxuduğum bu məqaləni təhlil etmək fikrim yoxdur. Sadəcə özümün də ara-sıra texnologiya nəsli ilə bağlı sizlərlə paylaşdığım bəzi fikirlərimə yenilərini əlavə etmək istəyirəm.

Faktiki olaraq Tramp güclü və ya zəif siyasətçidir, fərq etmir. Əsas odur ki, o dövrün reallığını özünəməxsus tutur. İndi məlumatın gündəmdən düşmə sürətli o qədər güclüdür ki, dünən yazdığın bir status bu gün artıq auditoriya üçün maraqlı görünmür. Məsələn, dünən axşam PSJ Barselona üzərində 4-0 qələbə qazandı. Mən bu axşam bu barədə satirik status yazıramsa, bu artıq o effekti vermir. Marketinqdə indi buna real vaxt marketinqi deyirlər ki, gələcəkdə bu termin real saniyə marketinqi də ola bilər.

Texnologiya nəsli çevik əks-əlaqə gözləyir. Onlar banklarda 20 dəqiqə növbədə dayanmağa hövsələli deyillər. Həmçinin, taksi şirkətinə zəng edib sifariş etməkdə belə qıcıqlana bilərlər. Onlar texnologiya imkan verdiyi təqdirdə bu işləri çevik yerinə yetirmək istəyirlər. Texnoloji marketinq də hər dəfə yeniliklər təqdim etməklə bu prosesi daha da sürətləndirir.

Onlar restorana gedəndə yemək gələnə qədər artıq restoranı bir-iki dəfə quşlarına qoyub uçuzdura bilərlər. İşə müraciət edəndə, cavab gəlmiyəndə şirkətin Facebook səhifəsinə girib gecə 4-də öz ərizələrinin statusu ilə maraqlana bilərlər. Bax, indi bu qeyri-etik sayılır. Ancaq bu nəsil biraz da böyüdükdə, bu artıq normal hal sayıla bilinər.

Ən əsası bu səbirsizlik özünü öyrənmədə də göstərir. Bu o deməkdir ki, yaxın illər ərzində ənənəvi tədrisə əməlli əl gəzdirmək lazımdır. Biz eşdirik ki, filan ölkədə uşaqlar ayaqüstə dərs keçirlər, kitabları planşetlər əvəz edir, metodika dəyişir və s. Ancaq inanın ki, 10 ilə hələ çox şey dəyişəcək.

Belə, qısa fikirlərimi istədim ki, sizinlə bölüşüm. Mən də maksimum çalışıram ki, yazılarımı qısa edim son zamanlar 😉

Alət çubuğuna keç