Yeni işə düzəlmək istəyənlərlə bir balaca səmimi söhbət

ilham ali yusif

Bu səhər işə British Council-da müştəri xidmətləri vakansiyası üzrə işə düzəlmək istəyən şəxslərin yazılı imtahan nəticələrini yoxlamaqla başladım. Bu yazıları yoxlaya-yoxlaya elə bu bloq postu da cızma qara etdim. Düşünürəm ki, iş təcrübəsi az olan və indiki dövrdə iş tapmağa çətinlik çəkən insanlar üçün bu yazı faydalı olar. Fikirlərimi bir neçə bənd üzrə qısa çatdırmağa çalışacağam:

Kreativlik və emosiyalar

Təsəvvür edin ki, sizə 40 dəqiqə vaxt verilir və cəmi 2 qısa tapşırıq. Siz də tapşırığın hər birini mümkün 4-5 absaz yazı yazmaqla yerinə yetirməlisiniz. Konkret mənim misalımda seminarda iştirak üçün müştəri son tarixdən sonra müraciət edir və müştəri xidmətləri təmsiliçisi bu e-maili cavablandırmalıdır. Seminarın detalları da təqdim edilir. Bu cavabları oxuyarkən mənim ən çox görmək istədiyim məhz kreativlik və emosiyalar idi ki, onu da cəmi 20 %-in yazısında görə bildim. Deyə bilərsiniz ki, 10-12 cümlə ilə axı öz yaradıcılığımı necə göstərə bilərəm? Əlbəttə ki, bu mümkündür. Müştəriyə quru-quru yazmaq ki, siz son tarixdən sonra müraciət etmisiniz və buna görə də sizin qeydiyyatınızı nəzərə ala bilməyəcəyik çox asandır. Elə buna görə də çoxu bunu belə sadə yazmışdır. Amma belə tapşırıqlarda namizədlərdən tələb olunan odur ki, əlavə 2-3 cümlə yazıb müraciət edən şəxsin problemini həll etməyə maraqlı olduğunu göstərmək, onu gələcək tədbirlərə həvəsləndirmək, onu istiqamətləndirmək, ona başqa xidmətlər və tədbirlər haqqında məlumat vermək və onu ümidsiz buraxmamaq.

Ola bilsin ki, siz az danışan insansınız

Nə qədər təəccüblü görünsə də, yuxarıda məhz söhbət əlavə 2-3 cümlədən gedirdi ki, müştərilərlə işləyəcək şəxs onları öz yazısına əlavə etməli idi. Əgər bu vakansiya İT mütəxəssisi, dizayner üçün olsaydı, sizin az danışan biri olmanıza rahatca göz yummaq olardı. Amma məsələ müştəridən gedirsə, o zaman tələb olunan odur ki, onun nə istədiyini duyasınız, onu ümidsiz qoymayasınız. Necə ki, illərdir ki, brendləşmiş banklara gedib ‘dollar var? sualına kobud yox cavabı almaq istəmirsiniz, hər bir sahədə müştərinin gözlədiyi də məhz o ümiddir. Əgər siz müştərilərlə işləyəcək şəxsinizsə bunu qolunuza bilərzik edin. Burada da belə nəticə çıxır ki, indiki işsizlik şəraitində belə harasa müraciət edirsinizsə özünüzü gecə-gündüz bu sahəyə hazırlayın. Hələ 7-8 il qabaq mən hansısa müsahibəyə gedəndə belə internetdə müxtəlif faydalı məsləhətlərlə tanış olurdum. Demirəm ki, bunlar hamısı uğur gətirirdi. Amma azdan-çoxdan nailiyyətlər əldə etməyə imkan verirdi. 

Qarşı tərəf haqqında fikirləriniz

Əlbəttə ki, gənclərin işəgötürənlər ilə bağlı çox haqlı iradları var və çoxlu güyaları. Güya özləri belə peşəkardır, güya özləri hər şeyə öz hesablarına nail olublar və s. Mən deyərdim ki, bu güyaları bir kənara qoyub özümüz haqqında fikirləşsək daha faydalı olar. Sizin iradlarınız dediyim kimi haqlıdır. Məsələn, sizi çox çətin seçim ilə işə götürürlər, çətin müsahibələrdən keçirsiniz və işə düzəlirsiniz. Sonra məsuliyyətsiz iş mühitini görüb öz-özünüzə fikirləşirsiniz bu boyda zurna-balaban kimə lazım idi. Əlbəttə ki, işə götürənlər də çox çətin komponentlər üzrə işçini işə götürürsə, ona yaratdığı şərait sadəcə sosial paket olmamalıdır. Təşkilatda, şirkətdə öyrədici mühit olmalıdır. Sistem işləməlidir. Yeni işçilərə, gənclərə düzgün istiqamətverici fəaliyyətlər olmalıdır. Əslində bizdə indi menecer vəzifələrini tutan insanların özləri də hələ yeni-yeni öyrənməyə başlayırlar. Ola bilsin ki, bir çoxumuz nəzəriyyədən azdan-çoxdan bilirik, amma iş fəaliyyətinə gələndə nə qədər effektiv və peşəkar işlədiyimizi ölçmək çətindir. Yəni bu dediklərimlə yeni iş axtaranların ayağı yer almasın. Bir söz idi dedim. Əsas olan odur ki, özünüzü tək Azərbaycanda deyil, istənilən bir xarici ölkədə işləyə biləcək bir işçi səviyyəsinə gətirib çıxarmalısınız. Təki harada gəldi, hansı peşədə oldu işləyim prinsipini qoyun bir kənara. Ürəyimə damıb ki, yaxın 1-2 ilə peşəkar olmaq istəyən gənclərə çox ehtiyac olacaq.

Dostlar, yenidən CV-yə, oxumağa, fərdi inkişafa qayıtmayacağam. Bu barədə ara-sıra onsuzda yazırıq. Amma özünüzü fərqləndirə bilməniz üçün gərək çox çalışasınız. Əziyyət çəkilən yerdə istənilən bir nəticə olur. Əziyyətsiz yaxşı iş tapmaq şansları isə çox azdır.

Əsas odur CV daşdan yox, HR-dan keçsin

Bu günlərdə Media FM-də yayımlanan səhər şousunda CV-də nələrin qeyd edilməyinin vacibliyi ilə bağlı sorğu keçirilirdi. Təcrübəli şəxslər maraqlı və faydalı məsləhətlər verirdi. Təəssüf tam qulaq asa bilmədim, amma müxtəlif istiqamətlər üzrə müraciət edərkən maraqları qeyd etməyin əhəmiyyəti, CV-yə ‘cover letter’-in əlavə etmənin, vəzifə təlimatı və ya konkret gördüyün işləri yazmağın vacibliyi çox adam tərəfindən təklif edilirdi. Elə həmin günü qabağıma CV-də qeyd edilməməli 8 məsələ haqqında da yazı çıxdı. Qısası CV haqqında yazmağa ilhamlandım.

İstər 10, istərsə də 15 il iş təcrübən olsun, bu sənin ortaya yaxşı CV çıxarmağına zəmanət vermir. Amma ən azından illərin təcrübəsi sizə HR qarşısına ortabab bir CV qoymağınıza imkan verir. Ötən həftə ‘Narxozu qurtarıb iş tapa bilməməkdən’ yazanda hədəf qrupumuz tələbələr idi və artıq azdan-çoxdan iş tapıb çalışan şəxslər də razı olar ki, fərdi inkişafla bağlı ən çox məsləhətə ehtiyacı olan də elə tələbələr və ya 18-20 yaşında olan gənclərdir. İstərdim ki, eşitdiklərim, gördüklərim, bildiklərim silsiləsindən karyerasında ilk addımı atmaq istəyən şəxslər üçün özlərinin birinci, lap elə olsun ikinci CV-sini hazırlayarkən nəzər yetirməli olduqları məsələləri burada qısaca qeyd edim:

Mənim ilk CV-im

Birinci öz təcrübəmdən qeyd edim ki, ilk CV-imi 2005-ci ildə 1-ci kursda oxuyanda hazırlamışdım. Necə deyərlər tələbənin olanından, orta təhsil, ali təhsilə başlamağım, dil və kompüter bilikləri və ‘reading, traveling, listening to music, cars, sport, basketball’ kimi maraqlar. Bir də ki yahoo e-mailim. Amma çox keçmədi, Bakı Turizm İnformasiya Mərkəzinə təqdim etdiyim bu CV mənə 4 ay sonra Bakıda yeni açılan xarici restorana ofisiant kimi işləməyə imkan verdi. Demək ki, CV hazırlamaq üçün 4 ilin bitməsini gözləmək lazım deyil 😉

CV-im axı cəmi 1 səhifədir

Ali məktəbdə dərs deyərkən məndən mütəmadi CV ilə bağlı məsləhətlər alırdılar. Biz də azdan-çoxdan qeydlərimizi edirdik. Təəssüf ki, müəllimlərimizin çoxu bizə nələrisə öyrətməyə çalışsalar da, daha vacib məqamları çox az paylaşırdılar. Deyilənə görə mən azdan biraz çox paylaşmışam. Lap öz yerimə sevindim. Auditoriyaya ilk girərkən tələbələrdən soruşduğum suallara ‘Son 3 ildəki uğurların’ və ‘Növbəti 3 il üçün planların’ liderlik edirdilər. Cavablar isə məktəbi bitirmək, universitetə daxil olmaq, universiteti bitirmək, iş tapmaq və… Təəssüf ki, biz tələbə kimi 10 il qabaq necə düşünürdüksə, indi də bu sxemə nə isə əlavə edə bilən tələbə azdır. Ona görə də mənim birinci CV-im kimi çoxlarının CV-si cəmi 1 səhifə olur. Buna səbəblər çoxdu, amma əsas məqamlar tələbənin dərsdən kənar vaxtının səmərəsizliyi, bekarçılığı, məqsədsizliyi ilə bağlı olanlardır. Əgər hətta məktəbli kimi ‘Şahinlər’ yarışında iştirak etmisənsə, 2-3 cümlə ilə bu yarışın vacibliyi və sənə olan faydalarından qeyd etmən yalnız xeyrinə işləyə bilər. Səni gənc kimi işə götürmək istəyən insana ‘nə edirsənsə məqsədyönlü edirsən’ prinsipini 1 səhifəlik CV-də satmağı bacarmaq lazımdır. Onsuzda səni güclü karyeran var deyə işə götürmürlər, hamıya məlumdur ki sən ya tələbə, ya da sadəcə orta məktəb məzunusan. Bunlar olmasa CV-də gərək sətirlər arası interval 2 olsun ki, məlumatlar 1 səhifəyə ‘yerləşsin’.

‘Qardaş mənə bir CV düzəlt’ dövrü bitib

Əgər gənc həyatını müsbətə dəyişmək üçün ilk addımı atmaq istəyirsə, ilkin olaraq CV-ni düzəltməyə tənbəllik etməməlidir. İndi internetdə lazım olan bütün resurslar var. Öz təqdimatını özün orta qoymağı bacarmalısan. Eybi yoxdur əgər şablon varsa onun üzərində et, yetər ki özün bunu et. Çünki CV-in diqqət cəlb etsə, növbəti mərhələdə oradakıları özün təqdim etməli olacaqsan. Həm də ki, özünə inamın formalaşması üçün ‘Özüm öz CV-mi hazırladım’ deyə biləcən. Sonradan tövsiyyələr üçün onu artıq peşəkar hesab etdiyin şəxslərlə paylaşa bilərsən.

‘Copy paste’ etməyin

Şablon CV tapmaq yaxşıdır, amma orada şəxsiyyətinizi və bacarıqlarınızı və ya qısa məlumatınızı tapdığınız CV-dən tam olduğu kimi ‘kopyalamayın’. Qətiyyən!! Hətta ‘stress altında işləmək’ və ya ‘yüksək problem həll etmək bacarığı’ yazarkən CV-də qeyd etməsənizsə də özünüz fikirləşin ki, bu bacarıqlarınız ilə bağlı verilən suallara ‘iş’ təcrübənizə əsasən konkret hansı misallarınız var. Mən demirəm ki, iş təcrübəsi yoxdursa qeyd etmək olmaz. Sürücülük vəsiqəsi imtahanı və ya universitetdəki semestr imtahanları vaxtı atanızın səhhəti ilə bağlı gecəynən təcili rayona gedib sonra qayıdıb imtahanı uğuırlu vermək də buna misaldır. Özünüzü daha yaxşı tanıyın və yazdıqlarınızın nə qədər sizə uyğun olduğunu götür qoy edin. İnanın ki, elə keyfiyyətləriniz var ki, onları hələ 30 yaşında özünüzdə kəşf edəcəksiniz.

Mən necə də maraqlı insanam

CV-in ən maraqlı hissəsi ‘Maraqlar, Hobbilər’ ilə bağlıdır. Bu bir fürsətdir ki, yaxşı futbol oynaya bildiyimi, meloman olduğumu, səyahəti çox sevdiyimi və güya ki gecə-gündüz əlimdən kitab düşmədiyini burada qeyd edim və diqqət cəlb edim. Əlbəttə, məni bu yazıya ilhamlandıran radio şousunda da deyildiyi kimi elə peşələr var ki, oraya müraciət edərkən sizin nə ilə maraqlandığınıza fikir verirlər. Ümumilikdə isə bu sizin tipinizin müəyyən edilməsində çox vacib bölmədir. Qanunauyğun olaraq şablon maraqlar sizin şablonluğunuzda, daha orjinal maraqlar isə sizin orjinallığınızdan xəbər verəcək. Amma orjinal görünəsiniz deyə ömrünüzdə bir dəfə etdiyiniz məşğuliyyəti lütfən qeyd etməyin. Oxumağı qeyd edirsinizsə hansı janrı oxuduğunuzu və hansı faydalar qazandığınızı, eləcə də gündəlik həyatda bu marağın sizə hansı müsbət təsiri etdiyini yazsanız daha maraqlı maraq olar, nəinki maraqsız maraq.

Sosial simanız

Nə qədər deyilsə də yenə də CV-lərdə ‘alexa007-bakinka@bk.ru’ kimi e-mailləri yazan şəxslər var. Başa düşüləndir ki, sizdən qabakı nəsilin Məmmədov Əliləri, Həsənova Günayları Yahoo-da, Gmail-də və digər e-mail servislərində bu adları tutublar, sizə də indi çətindi ad və soyadlı e-mail açmaq. Amma bu o demək deyil ki, ad və soyadlı hər hansı bir kombinasiya tapmaq mümkünsüzdür. E-mail sizin simanızdır. Əgər sosial şəbəkələrdəki hesabınız bu e-mail ünvanı ilədirsə o zaman bu hesablara da əl gəzdirin. Bağlılıq yoxdusa belə necə bir tip olduğunuzu yoxlamaq üçün Facebook qadağan olmayan şirkətdə sizi işə götürmək istəyən mütləq sizi axtarışa verəcək. Odur ki, InterHR-ın axtarışından uğurlu keçmək üçün sosial şəbəkələrdə öz brendinizə, yəni özünüzə fikir verin. Bankda işləmək istəyirsinizsə, ara-sıra hətta fikir bildirmədən belə bank xəbərlərini öz səhifələrinizdə paylaşmaq və ya daha ciddi səhifələri ‘LAYK’ etməklə düzgün iş görmüş olarsınız. Məsləhətdir ki, CV-də gülərüz və ciddi geyimdə, eləcə də arxa fonu fontan, toy, park, meşə olmayan fotonuz olsun.

CV-in dili olsaydı

Başlığa baxmayın anatomik dili demirəm. Danışıq, daha dəqiq yazı dilini bildirirəm. Azərbaycanca olan CV-də ‘Axran’ yazan da görmüşük. Dərd bu deyil. Dərd odur ki, konkret CV-sinin Azərbaycan, Rus və ya İngilis dilində olmasından asılı olmayaraq, təkrar-təkrar redaktə edib maksimum qrammatik və leksik səhvlərdən qaçan adam çox deyil. Microsoft World yazmısınızsa düzəldib Microsoft Word edin. Hər üç dili Excellent yazıb keçməyin, ən azından CV-ni hazırladığınız dili mükəmməl bildiyinizi nümunə kimi göstərin.

Əgər şirkətin öz CV forması varsa

Nəhayət bütün bunlara əməl edib CV hazırlayıb şirkətə müraciət edəndə görürsünüz ki, onların öz CV formaları var, onda deməyin, hayıf əziyyətimdən. Daha yaxşı olar ki, tələsmədən məlumatları şirkətin ‘İşə qəbul formasına’ daxil edəsiniz. Razıyam ki, şirkətin formasında bəzi suallar olmaya bilər və siz özünüzü daha yaxşı təqdim etməyə bilərsiniz. Amma bu o demək deyil ki, öz CV-nizə vurulub maksimum onu təqdim etməyə çalışasınız. Bunu o zaman etmək yaxşı olar ki, forma CV-nizdən çox fərqlənər və suallardan kasad olar, onda e-mail ilə və ya əl ilə öz CV-nizi əlavə olaraq təqdim etmək olar. Həm də bu iş alınmazsa, sizin əziyyətlə hazırladığınız CV yenidən gündəmə gələcək.

Bəndlərin sayı arta-arta gedir, xüsusən də ‘cover letter’ və sizin haqqınızda xoş sözlər deyə biləcək adamların qeyd edilməsindən yazmaq istərdim. Amma düşünürəm ki, burada yazdığım qeydlər daha vacibləri idi və digər məsələləri özünüz də araşdırıb tapa bilərsiniz. Sonda onu deyim ki, müxtəlif məqamlarda qarşıma yüzlərlə CV çıxıb. Amma nədənsə adamın yadında daha çox pis tərtib edilmiş CV-lər qalıb. Bəlkə də onları daha çox müzakirə etmişik deyə. Amma yaxşı və ya əla CV-si olanlar sonra yadımızda deyil, yanımızda olublar. Sizin hər birinizə sizi istədiyiniz yerə götürəcək, HR-lardan keçəcək CV-lər arzulayıram!

‘Narxozu’ bitirmişəm, amma ki işsizəm

Bu günlərdə kiçik ərzaq mağazasına girəndə satıcı və dostu olan gəncin söhbəti diqqətimi çəkdi. Deyirlər, başqasının söhbətinə qulaq asmazlar. Amma söhbət məzunu olduğum ‘Narxoz’dan gedirsə qulaq verməmək çətin olur. Qısası bu iki gənc narxozu bitirib ‘işsiz’ qalmaqdan şikayətlənirdilər. Bu yazını bu vəziyyətə düşməyi arzulamayan tələbələr üçün təqdim etmək istərdim. Özü də ki, tək narxoz tələbələri üçün yox. Nəzərə alsaq ki, nə əkərsən, onu da CV-də qeyd edərsən prinsipindən qaçmaq olmaz, odur ki tələbələrə lap elə birinci kursun əvvəlindən nəzər yetirməli olduğu məsələlərlə bağlı qeydlərimizi təqdim edirik:

1) Tələbəlik illərində buraxılan səhvlər

Orta hesabla 17-18 yaşına çatmış gənclərimizin təxminən hər 10 nəfərindən 3-ü ali təhsil almaq şansı əldə edir. Ali təhsilin gücünə, imicinə bizdən qat-qat çox inanan valideynlərimiz də tələbə olduğumuz vaxtdan bitirinə qədər bizə böyük inam bəsləyirlər. Biz də bizə olan bu inamın içində 4 ili keçirib universiteti bitirəndə möcüzənin baş verməsini gözləyirik. Bu möcüzə isə baş verməyə tələsmir. Tələbəlik illərində çoxlu səhvlər buraxılır. Mən onlardan ən vacibi kimi indiki dövrün gənclərinin onlayn təhsil imkanlarından, youtube-dan, google-dan, wikipedia-da yetərincə yararlanmamaqlarında görürəm. Kimlərki bu dövrün onlayn və offlayn imkalarından düzgün istifadə edir, onlar 2 addım daha öndə olurlar.

2) Haradasa, nədənsə başlamaq

Fikrimcə, tələbə olarkən dərsləri çatdırmaq olmur, iş yoxdur, yarımgünlük işə heç kim götürmür və digər bəhanələrlə işləməkdən qaçan adamlar çox uduzur. Hansısa təşkilatda könüllü işləmək belə tələbə üçün uğurlu təcrübədir. Biznes, menecment sahəsi üzrə təhsil alan şəxsin adi bir satıcı olaraq işləməsi onun insanları öyrənməsi üçün əla imkandır. 10 il əvvəl tələbənin daha az xərci var idi. Bakıda KFC yox idi, bu qədər sayda kinoteatrlar yox idi, uzağı 200-250 manatlıq Nokia telefonları, böyük monitorlu kompüterlər var idi. Metro da ki, cəmi 5 köpük. Başa düşüləndir ki, indiki tələbənin xərci çoxdur. Ona görə də tələbəyə günə 4 saatlıq işə 150 AZN təklif ediləndə tələbə beynində avtomatik xərclər hesablanır və cavab o olur ki, yox işləmirəm, maaş azdır. Nəticədə, əla düşən tək-tük fürsətlər də qaçırılır.

3) Zamanı gələcək

Yuxarıdakı fikirdə demək istədiyimiz o idi ki, nədənsə, haradasa başlasaz sizin də zamanınız gələcək. Bəzi insanlar var ki, heç nəyə fikir vermədən çoxlu oxuyur, oxuyur və universiteti bitirən andan yaxşı bildiyi bir şirkətdə işləməyə başlayır. Bu pis seçim deyil, deyərdim bəzi şəxslər üçün həddindən artıq uğurlu seçimdir. Amma bu prinsipin çoxları üçün problemi odur ki, bu tip insanların işdən kənar sosial həyatı çox maraqsız olur. Oxumaqla yanaşı sosial bağlılıqlarınıza da önəm vermək lazımdır, çünki bu əlaqələr harada, hansı vəzifədə işləməyinizdən asılı olmayaraq ömürboyu sizin əlinizdən tutacaq. Amma bu o demək deyil ki, əlinizi əlinizin üstünə qoyub bu möhtəşəm zamanı illərlə gözləməlisiniz. Yuxarıda dediyimiz kimi başlayın, sizin də zamanınız 2, 5 uzağı 15 ilə də olsa gələcək. Yetər ki, dəyər və məqsədlərinizi düzgün müəyyənləşdirəsiniz. 

4) Yeniliklərə həyatboyu hazır olmaq

Məqsədlərin ömürlük olması vacib deyil. Bankda işləməyi planlaşdıran bir tələbənin 3 il sonra neft şirkətində HR şöbəsində görmək təəccüblü deyil. İxtisası üzrə işləmək yaxşıdır. Amma ki, iş bazarında imkanlar çox dinamikdir. Kim bilir, bəlkə 2 il arzuladığınız bir sahədə işlədikdən sonra, gedib xaricdə tam başqa bir sahədə işlədiniz. Bu o demək deyil ki, işinizi yeniliklər adı ilə hər ildən bir dəyişmək lazımdır. Sadəcə istər həkim, istərsə də hakim olmaq istəyiniz olsun, daima özünüzü yeniliklərə hazır edin. Bundan əlavə yaxşı insan olmağın vacibliyini də unutmayın.

5) Bəlkə elə ‘ticarət’ adamısınız?

Mən 2 ilə yaxın Azərbaycan Turizm İnstitutunda dərs deyərkən, oxumağın vacibliyindən söz açarkən tələbələrdən bəziləri Billin, Stivin heç ali təhsil almadığını böyük fəxrlə bildirirdilər. Mənim isə reaksiyam sadəcə o idi ki, özünə inamın varsa, auditoriyalarda vaxtını öldürmə. Get, elə bu andan başla. Yetər ki, öz ideyana və gücünə inan. Ticarət sözünü valideynlərimizin çoxu sevmədiyi üçündür ki, ali təhsil adı ilə potensiallı ticarət adamları ən azı 4 ili auditoriyalarda keçirtmək məcburiyyətində qalır. Ticarət olmasın, hər hansı bir başqa peşə və istiqamət olsun. Yetər ki, özünüzü tanımağa çalışın və fikirlərinizi bu istiqamətə yönəldin. Arxayın olmayın ki, həyat universiteti bitirəndən sonra başlayır, əslində düzgün yaşamalı olduğunuz həyat ən uzağı məktəbi bitirəndən sonra başlayır. 

Bu barədə danışılması vacib olan çox məsələ var. Ümumi olaraq 5 məsələyə toxunduq ki, tələbələr bu və digər məsələlər haqqında düşünüb daha çalışqan və məqsədyönlü olsunlar. Unutmayın ki, gələcəkdə yaxşı işlərə vaxtınızın çox qalması üçün, gərək tələbə olarkən sizə ‘xoş gəlməyən’ işlərə daha çox vaxt ayırasınız. Bu yaxınlarda bloqumuzda uğur hekayələri kateqoriyası üzrə müxtəlif sahələrdə uğur əldə etmiş gənclərimizdən olan yazılarımızı da təqdim edəcəyik. İnanıram ki, ömürlük tələbə olduğumuz həyatda onların həyatlarından da öyrənməli çoxlu məsələlər olacaq.

Alət çubuğuna keç