Günəşlini kölgədə qoyan mövzular

Günəşlini kölgədə qoyan mövzular

Azərbaycanda marketinq, reklam və PR yoxdur deyən insanlara həmişə təəccüblənirəm. Bəli bu sahələr elə peşəkar səviyyədə deyil, amma son günlər medianı yaxından izlədikcə manipulyatorların ictimai fikri, gündəmi necə əlcək kimi dəyişdiyini görmək olur. Bu günlərdə əsas məsələ neft-manat tandemi olsa da, onlardan çox başqa mövzular müzakirə olunur. Bir neçəsini mən də sizə xatırladım:

Qapını aç, güldana da su doldur

Bir neçə gün öncə içi mən daxil inandıq ki, əlində gül buketi gəlib qapını döyüb sonra da evi yarmağa girən insanlar peyda olub. Video yayıldı, share-lər, sharə dalınca. Sonra da Daxili İşlər Nazirliyi də bildirdi ki, onlar ianə yığır. Dostumuz da maraqlı bir fikir bildirdi ki, bu bankların oyunudur, istəmir camaat əmanətini çəkib evdə saxlasın. Əlqərəz 2-3 gün evdə ad günü olanlara camaat gül alıb aparmadı ki, qapıda qalarlar. Başa düşülən odur ki, bu xofun, qorxunun yaradılması düşünülmüş bir işdir, ya da hamısı bekarçılıqdandır.

Maaşların artmasına az qaldı

Bu günlər oxuduğum ən gülməli, lap elə ağlamalı başlıq məhz bu oldu. Sanki illərdir gözləyirik ki, DiCaprio Oskar alacaq və budur təltifetmə mərasiminə az qalıb. Axırda da Oskarı ayıya verirlər. Vəziyyət təxmini belədir. Şou çıxardan xəbər saytları bütün dünyada bu prinsiplə işləyirlər. Bu barədə ötən il də bir yazı yazmışdıq. Amma dəhşət odur ki, onsuzda insanların belə məyus vaxtında xəbər oxunsun deyə belə başlıqlar seçmək alçaqlıqdır.

Maşının üstünə 103, 104 yazdıranlar

DYP haqqında ara-sıra mən də etirazlarımı bildirirəm. Daha çox da parklama problemləri ilə bağlı. Dekabrın sonundan sosial medianı səs-küy bürüdü ki, bəs İlk Tibbi Yardım qutusu, yanğın söndürən balon, adını da unutduğum üçbucaq nişanı olmasa maşını saxlayıb cərimə edirlər, bal yazırlar. Xəbərçi saytlar də bu barədə çox yazdı. Əslində məlum oldu ki, deyilən cərimə real cərimədən 6-7 dəfə çoxdur. Hətta bundan sonra alkoqol reydinə görə məni DYP əməkdaşı saxlasa da, heç bu barədə sual da soruşmadı. Belə nəticə çıxdı ki, bu daha çox PR xarakterlidir və bu sözü gedən avadanlıqları satanların xüsusi kampaniyasına oxşayır. Ona görə də tibb çantasının qiyməti 8-10 manatdan 30-40 manata çatdı. Bundan əlavə oradakı dərmanlara ortalama 8-10 manat xərclənsə və 100 000 sürücü gedib bu dərmanları alsa bu 1 milyon manat deməkdir.

Orucunu açanlar

Xəbər saytlarını izlədikcə başlıqların hansı ölkədə baş verdiyini müəyyən etmək bir qədər çətindir. Bu azmış kimi Azərbaycandakı siyasi məsələləri xəbər saytları elə yazırlar ki, adam ilk baxışdan çox da əhəmiyyət vermir. Bu arada isə fikirləri daima iqtidaryönümlü olan deputat qəfil orucunu açır və müxalif-müxalif danışmağa başlayır. Buna elə çox əhəmiyyət verilmir. Bu insan həm də Azersuna daş atır, Azersunun cavabları isə manşetləri bəzəyir. Zatən, bu ‘tüpürcəyimi uddum orucum açıldı hə yəqin’ misalına oxşayır, amma yenə də onun dediyi 1-2 düz sözü də gündəmdən çıxarmağa əla taktikadır.

Və kölgədə qalan ‘Günəşli’

Dekabrın əvvəlində olan Günəşli isə gündəmdən düşdü. Əlbəttə, ölkə üçün indi daha vacib mövzular var. Amma media bir neçə gün təkrar-təkrar sadəcə emosional yazılar yazmaqla tükləri ürpətdi. Bir də FHN öz PR-nı apardı. Bu hadisələrlə bağlı ciddi təhlillər, müzakirələ mediada rast gəlmək olmadı. Bizdə başa düşüləndir ki, BBC yaxın illərdə olası deyil, amma bu hadisə fonunda əməyin təhlükəsizliyi, platformaların istismarı ilə bağlı belə müzakirələr olmadı. Əslində biz elə o an neftin dəyərini öldürdük.

Böhranda kommunikasiya öz vacibliyini daha da artırır. İnsanları vacib mövzulardan yayındarmaqdan ötrü idarəedicilər hökumətdaxili, şirkətdaxili ehtiyatda saxladıqları mövzuları gündəmə gətirirlər. Bizim də təhsildən kasad olmağımız, araşdırmaya meylli olmamağımız bu ‘hot topic’lərin  içində alışıb yanmağımıza səbəb olur. Dostlar, həqiqətən dünyanın axırı deyil. Nə gördük, nə eşitdik gərək dərhal emosiyaları işə salmayaq, rasional olaq. Həyata sadəcə 90 dəqiqə səs-küyə gedib qışqıran, alqışlayan, deyinən, əsəbləşən bir futbol azarkeşi kimi yanaşmayaq, hərdən oyunçu, məşqçi, operator, həkim olaq.

Dollar, Rus pulu – O günlər mənə necə də haydılar

Dünənki şənbə dolların və ona proporsional digər xarici valyutaların kriminal dili ilə desək qəfil ehtiyatsızlıqdan atəşin açılması sayəsində təbii ki çoxumuz üçün unuda bilməyəcəyimiz bir gün oldu. Mənim üçün isə həm də Yeni Yasamalın buzlu dik yolları ilə çətinliklə evə qayıtmaq və axşam-axşam çovğunlu havada evdə kombinin elektrik tənzimləyicisinin qəfil xarab olması ilə əlamətdar oldu. Nələr qalxacaq, nə qədər qalxacaq, kursun axırı necə olacaq kimi iqtisadi məsələlərdən söz açmadan istərdim ki, bu məsələnin PR, müştəri loyallığı və şəxsi büdcə məsələləri kimi tərəflərinə qısaca toxunum.

Mediamız öz ampulasında

Ötən ilin avqustunda cəbhədəki vəziyyəti ‘peşəkar’ işıqlandırdıqlarına görə kütləvi informasiya vasitələri tənbeh aldılar. Qeyri-peşəkarlar, şəxsi maraqlarına görə öz ‘şok’ xəbərləri ilə kütləni daha da narahatlaşdıran media bu dəfə də öz ampulasına sadiq qaldı. Lap media dili ilə danışdım 🙂 Hansısa marketdə ‘3 manatlıq peçenyə 3 manat 30 qəpik oldu” yazıb təşviş salmaqla, bir-birilərindən paylaşılan xəbərlərə dünən, bu gün tez-tez rast gəldik. TV-ləri çox izləmək imkanı olmayıb. Amma heç bir media nədənsə dolların əslində ağ bazarda 1.5 manat olduğunu işıqlandırmadı. Məsələ ciddidir, danışılası və müzakirə ediləsi çox məsələ var. Başa düşələndir şənbə-bazardır, amma media sabahdan yenə də fürsətdən istifadə edib sadəcə şok başlıqlarla özünü PR edəcəklərsə sosial mediadakı xaosu daha da böyüdəcəklər.

Sosial mediada hamımız ‘ekspertik’

Təbii ki, belə vəziyyətdə sosial mediadakı ən maraqlı məqamlardan ikisi iqtisadi ekspert kimi çoxlu proqnoz verən digər peşə sahiblərinin çoxluğu, eyni zamanda hər vəchlə bahalaşmanın çox az olmasını deyən və baş verənlərin adi, sadə bir şey olduğunu əsaslandıran ‘qəhrəmanların’ reaksiyalarıdır. Proqnozu hamı verə bilər, ciddi və ya zarafat ilə. Buna kim irad tuta bilər? Amma gəlin səmimi olaq. Sabah dollar 90 qəpik olsa dahiyanə proqnozunuza görə sizə Nobel mükafatı verməyəcəklər. İnsafən deyək ki, kredit ödənişlərinin qaytarılması, müxtəlif ticarət məntəqələrindəki qiymətlər bağlı xəbərlər, qınaqlar çox vacibdir və indiki şəraitdə milli moral və birlik üçün effektivdir. İçi mən qarışıq bu məsələnin yumorist tərəflərinə toxunmağımızın da bir həddə olsa daha düzgün olar. Sabah, növbəti həftə, növbəti ay gəlir-çıxarımızla zarafat etmək olmayacaq.

Müştəridən loyallıq gözləyən gərək əvvəl özü loyal olsun

Əgər vəziyyət dünən və bu günkü kimi davam etsə böyük marketinq cəhdləri ilə müştərilərdə banklara, eləcə də yerli şirkətlərə formalaşan inam indeksi azalacaq. Hərçənd ki, bilmirəm böhrandan öncə bu indeks ölçülmüşdü ya yox, amma nə qədər yüksək səviyyədə mesajlar olsa da bu inam azalacaq. Dəqiq faiz demək qeyri-peşəkarlıq olar. Müştəri loyallığına zərbəni isə elə qiymətlərə zərbə adı ilə müxtəlif kampaniyalar keçirən və gətirdiyi köhnə partiyaların qiymətini də dərhal dəyişən ‘brendlər’ vurdular. Yəni belə çıxır ki, vitrindəki mallar da hamısı kreditlə alınıb və dollardan olan kreditləri qaytarmaq üçün dərhal qiyməti qaldırmaq lazım idi. Texnika mağazalarına deyirəm, supermarketlər də eşitsin kimi çıxsa da əgər bu vəziyyət belə olsa müştərilərlə zəif kommunikasiya quracaq şirkətlərin, bizneslərin müştəri itkisi ilə üzləşməməsi mümkünsüzdür. 

Şirkətlərdaxili mühit necə olacaq?

Ötən ilin sonu ‘Putinin yerində olsaydınız’ yazısını yazarkən böhran vəziyyətlərində edilməli olan vacib bildiyimiz məsələləri qeyd etmişdik. Azərbaycan biznes mühiti çox cavandır. 2008-ci ildə böhran bizdən bir qədər yan keçdi. Amma dünənki qərardan geridə qalan 30-32 saat ərzində baş verənlər milli biznesdə ilk böhranın yaşanacağını göstərir. Ödənilə bilinməyən borclar, satışların azalması, hədəflərin yenidən müəyyənləşməsi, 200-300 manata görə işçilərin mümkün axını, hərçənd ki iş yerlərində ixtisarlarınn da olması qaçılmazdır. Elə mart, aprel ayında hiss edilə bilinər. Orta və kiçik biznesdə sahibkarlara, rəhbərlərə qərar vermək asan olmayacaq. İşçilərdə şirkətin büdrəməyəcəyinə inam yaratmaq, onları bir məqsəd üçün birləşdirmək, lazım gəlsə 2-3 ay daha az maaşla çalışmaq kimi hədəflər əsl liderləri üzə çıxardacaq. Müştərilərdə şirkətə inamın qorunub saxlanmasında isə Marketinq və PR mütəxəssislər xeyli əziyyət çəkəcəklər. Bu filankəsin bankıdır, şirkətidir şüuraltı mesajlar zəifləyəcək və mən düşünürəm ki daha peşəkar pozisiyalaşdırmaya ehtiyac olacaq. Böhran axı həm də inkişaf üçün gözəl fürsətdir.

Bu günün işini sabaha qoyma

İstər sahibkarlar, istər sadə insanlar bu həftənin əvvəlindən təhlükəni hiss edirdilər. Nə qədər ekspertlər, Mərkəzi Bankın sədri səviyyəsində rahatlaşdırıcı mesajlar olsa da əksəriyyət çətinliklə, lap elə asanlıqla qazandığı pullarını dollara dəyişməyə çalışdı. Amma bəzi insanlar oldu ki, ən azından sözlərində bunu etmədiklərini bildirdilər. Bəlkə də onlar da dəyişiblər. Son illər insanlarımız çox arxayınlaşmışdı. Stabil xətlə azdan-çoxdan orta sinifdə inkişaf var. Aşağı sinif də sabit gəlir və xərclərə sahib idi. Gəlirlərinə görə aşağı sinifə aid olanlara çətin olsa da, orta sinif bu hadisədən güman ki bu günün işini sabaha saxlamaq olmaz dərsini çıxarda bildi. Məsələ pulu dünənə qədər dollara dəyişməkdən getmir, daha uzaqgörən olub imkanlardan çevik istifadə etmək, vacib olmayan xərcləri ‘sabitlik’ dövründə iqtisadi və bazar biliklərini artırıb daha düzgün investisiya etmək lazımdır. Məsələn, elə təhsilə olan yatırım.

Bu oyunda kim uduzdu, kim uddu

Söz verdiyim kimi iqtisadi məsələlərə toxunmayacağam, daha doğrusu proqnoz verməyəcəyəm. Onsuzda sabah, uzağı 1-2 həftəyə mənzərəyə böyük baxış bucağı olacaq. Amma burada müsbət tərəf də odur ki, əksəriyyətimiz gəlir və xərclərimizə daha rasional yanaşmalı olacağıq. Demirəm elə böyük bədxərcliklərimiz var, amma marketoloqların cibimizə girməsinə tam imkan verməməyimiz lazım olacaq. Maaşların ciddi artması gözlənilmir. Xüsusən də pul gəlirlərimiz dəyərini itirsə milli iqtisadiyyata da töhvəmiz az olacaq. Amma yenə də bu böhran bizi qənaətə öyrətmiş olacaq.

Beləliklə, həftə artıq bitir. Həftə sonu işləməyən insanlar sabah işdə bu məsələni gündəlikdə ən önə çıxardacaqlar. İstək odur ki, bu məsələ bu işə vəzifəcə cavabdeh olan şəxslər tərəfindən də gec də olsa sabah müzakirə olunsun, aşağı sinif əhalimizin itkiləri maksimum minimumlaşsın.

Putinin yerində olsaydınız

Başlıqda cənab Putinin adı çəkilsədə burada qlobal siyasətdən danışmaq fikrimiz yoxdur. Sadəcə Rusiyada baş verən son siyasi-iqtisadi-ictimai hadisələrin mini modelini bir çox hallarda şirkətlərdə də görmək olur ki, istəyirik belə vəziyyətlərdə rəhbərlik, marketinq və PR mütəxəssislərin etməli olduğu bəzi məsələlərə nəzər yetirək. Xarici PR-a elə ciddi əhəmiyyət verməyənlər aydındır ki, belə vəziyyətlərdə də aktivlik göstərmir. Halbuki böhranda daxili ünsiyyətin zəif idarə edilməsinin heç də az itkiləri olmur. İtirməmək üçün isə ən azından növbəti məsələləri unutmaq lazım deyil:

– Rəhbərin hörməti

Rəhbəri hamı sevə bilməz. Bu təzə fikir deyil. Rəhbəri daha çox işçi sevərsə və hörmət edərsə şirkətdə firəvanlıq olar. Heç bu da təzə fikir deyil. Amma di gəl ki, rəhbərlər heç də hər zaman çoxluq üçün hörmətli ola bilmirlər. Hörmətsiz rəhbərin daxili PR-nı aparmaq təsəvvür etmək olar ki, PR mütəxəssis üçün necə əzabvericidir. Gerçək olmayan tipajı yaradıb onu sevdirmək mümkün olsa da, bu qondarma sevgi sonradan nifrətə çevrilə bilər. Yəni hörmətsizin PR-ı da sonda işə yaramır. Amma işçilərin idealı olan rəhbərləri biraz da bəzəyib qəhrəmanlaşdıranda şirkətdaxili böyük-kiçik məsələsi, hörmət böhran vəziyyətlərdə liderə etibarı daha da artırır və onun necəsə var bir yol tapacağına kütləvi inam olur.

– Qruplaşmalar və liderlər

Siz istəməsəniz belə istər 10-12 nəfərlik şirkət, istərsə də 300-500 nəfərlik şirkətdə işçiləriniz maraqlarına, xasiyyətlərinə, şöbələrinə, layihələrinə və digər səbəblərə görə qruplaşacaq və zamanla bu qrupların liderləri də müəyyənləşəcək. Əgər bu qruplaşmalar daha çox sosial həyatla bağlıdırsa bu daha da dərinləşir. Qeyri-rəsmi olsa da bu qruplaşmaların və liderlərin mövcudluğunu qəbul edin. Bəzən bu qruplar sözü bir yerə qoyub haqlı qərarlarınıza qarşı çıxsa, digər əməkdaşlara qarşı haqsız olsa, öz ideallarını irəli çəkməyə çalışsa belə sizin bölmək, ayırmaq qərarınız yalnış addım olacaq. Əvəzində bu liderlərlə dostlaşın və müzakirələrlə şirkət üçün vacib qərarlarda ortac məxrəcə gəlin.

– Şəffaflıq

Yalançı rəqəmlər, arxayınçılıqlar, örtülü bazarlar dünyaca böyük şirkətlərin sonuna çıxıbsa, kiçik şirkətlər bu təhlükələrdən sığortalanmayıblar. Gəmi aysberqə dəyibsə belə, demək məşhur kinoda göstərildiyi kimi batmasına bir neçə saat qalıbdır. Şirkətin ən vacib aktivi olan işçilərə aysberqə dəymədik deyə aldadıb şirkəti də, işçiləri də batırmaqdansa, işçiləri ‘sağ saxlayıb’ yeni gəmidə birgə yola davam etmək olmazmı?! Şirkət rəhbərlərinin şəxsi eqosu və tərsliyi ucbatından batan çox gəmi, daha doğrusu şirkət olub. PR mütəxəssisin belə vəziyyətdə üzərinə düşən iş təlaş salmadan neçə xilasedici gəminin olmağından tutmuş, təzə gəminin təxmini nə zaman yola düzələcəyi vəziyyətə qədər olan planı işçilərə göstərməyidir ki, komanda ruhu gəmini batmaqdan belə qorusun.

– Səmimi ünsiyyət

Adətən böhrana səbəb nə olur? Məhsulun və xidmətin problemi, şirkətin imici, satışın azalması, daxili ədalətsizlik, mazutun qiymətinin düşməsi və digər digər hallar. Belə baxanda xarici amillərin rolu ilə yanaşı daxili mühit amilləri də böhran yaradıb qanqaraçılıq sala bilər. İstənilən halda işçilərinizlə hər bir xırda detalda olmasa belə ümumi məsələlərdə səmimi olun. Bəzən rəhbərlər hansısa həqiqəti gizlədir və ya yıxılanı tez özüm qaldıraram heç kim görməz deyib məlumat axınını azaldırlar. Sözün açığı təlaş salmamaq, qorxu yaratmamaq üçün  liderlərin bu taktikası bəzən çox düzgündür. Amma yaxşı lider həm də, səmimi mühiti quran, ağzına su alıb öz başım, öz kömpüterim deyə oturan işçini də şirkətdəki səmiyyətə inandırıb onu dama-dama göl olar ideyasına həvəsləndirməyi bacarmalı və hər bir işçinin fikrini dinləməli və ümumi qərarlar bu fikirlərdən töhvələnməlidir. Məgər şirkətin müştərilərlə problemi varsa, bundan müştəri xidmətlərinin işçilərinin daha çox xəbərdar olmasına şübhə etmək olarmı?!

– Gələcəyə birgə baxış

Şəffaflıqla bağlı bənddə dediyimiz kimi böhran vəziyyətlərdə işçilər gələcəkdən azdan-çoxdan xəbərdar olmalıdır. Əgər çıxış yolları birgə axtarılırsa və qərarlar birgə qəbul edilirsə nə gözəl. Şirkətin fəaliyyətindən asılı olaraq, ən sadə vəzifəni icra edən əməkdaşınız belə çox ciddi bir problemə, böhrana həll təklifi təqdim edə bilər. Yetər ki, siz belə bir mühit qurasınız və şirkətin gələcəyinə əməkdaşlarınızla birgə baxasınız. Bu birgə vizyonlaşma böhran vəziyyəti olmadan, ən yaxşı günlərdə də istifadə olunmalı elə effektiv vasitədir ki, işçilərin motivasiyasına müsbət təsir edir.

Şirkətin düşdüyü vəziyyətdən asılı olmayaraq daxili ünsiyyət daima diqqətdə saxlanılmalıdır. Böhran vəziyyəti tez keçə bilər, amma gələcəkdə belə vəziyyətlərin olmaması istisna deyil. Odur ki, hətta şirkətinizdə daxili PR ilə məşğul olan şəxs yoxdursa belə daxili ünsiyyəti və biznes səmiyyətini bir rəhbər, marketinq və ya şöbə müdiri kimi özünüz uğurla idarə etməniz sizə yalnız fayda verə bilər.

Alət çubuğuna keç