Böhran kommunikasiyaları – Coffeeshop keysi üzərində praktik həllər (Video)

Nə gizlədim, arada Azərbaycan Turizm İnstitutundakı auditoriyalarda olmaq və yenidən gənclərlə öz fikirlərimizi paylaşmaq istəyirəm. 2 ilə yaxın burada dərs demək imkanım olmuşdu. İndi isə ara-sıra sadəcə seminarlar və çıxışlarla kifayətlənirəm. Amma hələ ki. Video bloq isə 80 dəqiqə də olmasa, 8-10 dəqiqə ərzində bəzi fikirləri çatdırmaq üçün idealdır.

Bu həftə bizi çox güldürüb, ağlatdı. Həftə isə xatırlayırsınızsa, məhz Coffeeshop Azerbaijan keysi ilə başlamışdı. Böhran kommunikasiyası baxımından faydalı olacaq növbəti video bloqu böyük məmnuniyyətlə sizə təqdim edirəm:

Hamı bir nəfər kimi, bir nəfər isə öz bildiyimi kimi

ilham ali yusif

İsti yay günləri, artıq sona çatmaqda olan Ramazan günləri – istər-istərməz insanlar evlərinə daha gec yığışır. Ona görə də bu günlərdə bəzi insanlar evinə bazarlığı da demək olar ki gecəyə saxlayır. Şəxsən özüm də axşam 11-də, 12-də heç də az-az marketlərdə olmuram. Yuxa almaq üçün belə. Ona görə də şəxsən buradan axşam 10-da bağlanmayan marketlərin rəhbərlərlərinə xüsusi təşəkkürlər. Bu günlərdə düz gecə 12-də sirklə üzbəüz olan Bolmart supermarketində idim. Əllərimdə dondurmalar gəldim ki, kassaya tez hesablaşım, baxıram ki, kassalar müştərilərlə doludur. Az sonra başa düşdüm ki, bəs 12-ə az qalmış kassalardakı kompüterlərdə proqramı belə deyək ‘perezaqruzka’ edirlər. Hər şey məhz ondan sonra başladı.

Cəmiyyətdə insanları 5 kateqoriyaya bölsək, 2 kateqoriya mütləq olaraq hər bir məkanda olacaq. Birincisi belə vəziyyətlərdə ucadan danışıb xarici ölkələrdən ağızdolusu nümunə gətirən və az qala ətrafdakı hər kəsə baxıb təsdiq gözləyən, ikincisi isə çoxluq təşkil edib bu adama ‘dəlidir e bu’ gözü ilə baxıb özlərini səbrli aparanlar. El içində bu tandemə demaqoq və laqeyd adı verənlər də var. İş belə gətirmişdi ki, bu demaqoqlardan biri məhz bizim kassada biz laqeydlərdən öndə idi və kassir onun mallarını vuran məqam proqramda yenidən yükləmə baş vermişdi. İlk öncə bu şəxs çox səbrlə danışırdı ki, ‘bəs belə olmaz, hər axşam belə edirsiz, insanlar evinə tələsir, bunu biraz gec edin və s.’. Düzü mən başa düşüdüyüm qədər buna səbəb supermarketin digər hissəsində kassaların bağlanması və günün təzələnməsi idi. Amma yenə də nə məntiq?

Bizim demaqoq danışdıqca başına dönməyərək yığışdığımız kassir elə ironik təbəssümlə ‘mənim problemim deyil’ deyə-deyə durmuşdu. Səbrdən kasad müştərilər şikayətləndikcə, bu kassir da sanki başqa supermarketin işçisidir rolunu oynayıb ‘mənlik deyil’ deyərək daha da böyük qıcıq yaradırdı. Bu arada mən də narahatam ki, bəs dondurmalarım əriyir. Təxminən 10 dəqiqə sonra kassaların işi bərpa olunanda dedim yəqin bu yüngülvari mübahisədə də buzlar əriyər. Amma kassirin onsuzda səbri tarama çəkilmiş həmin o demaqoq müştərinin aldığı yoqurtu skannerə vurub qabağına tullaması müştərini özündən daha da çıxartdı. İkincisi yoqurtu kassirin qabağındakı masaya elə çırpdı ki, yoqurt kassa masası nədir, 2-3 metr aralıdakı bir sonrakı müştərinin saçına qədər gedib çıxdı. ‘Biz olmasaq, sənin maaşın da olmaz, işin də olmaz’ müştərinin əsəbi avazları altında kassir acıq edirmiş kimi öz xidməti kreslosunu tərk etdi. Vəziyyəti ağ köynəkli supervayzer xilas etməyə çalışdı. Özü həm kassaya əyləşdi, həm də təhlükəsizlik işçisini masanı silməyə əsgi dalıyca göndərdi. Mən də öz növbəm çatanda iradlarımı bildirdim və niyə bəs həmin işçinin ‘mən yox, biz’ anlayışına sahib olmadığını soruşdum. Pərt halda olan supervayzer ‘müəllim, mən indi burada oturmalı deyiləm, prosesləri idarə etməliyəm. Onun bu etdiyi səhvlə bağlı mütləq tədbir görəcəyik’ deyib üzrxahlıq etdi.

Belə epizodlarla tez-tez rastlaşmaq olar. Elə xaricdə də. Problem nədir, təlimatsızlıq? Yoxsa işçi motivasiyasının azlığı? Bəlkə gecə növbəsində işləyən insanların ‘müvəqqəti işdir, 2-3 başımı fırlayım’ yanaşmasıdır? Məncə bu yazıda əlavə hansısa uzun şərhlərə ehtiyac yoxdur. Əsas odur ki, hər birimiz belə məqamlardan gərək dərs götürək. Böhrandır, xanımlar və cənablar. Müştəri olmasa biznes olmaz, biznes olmasa iş yerləri olmaz. Bu ki sadə məntiqdir. Niyə məhz böyük-böyük bizneslər qurub, biznesinizi şəffaf şəkildə uzunömürlü etmək məqsədini qarşıya qoymursuz? Biznesinizi əxlaqlı edin və işçiləriniz də əxlaqlı olmasına çalışın. Daxili marketinqə də gedib çıxmayacağam, sadə məntiqlə işçilərinizi sevin və onları bir məqsəd üçün birləşdirin. Yoxsa hamı bir nəfər kimi prinsipində, öz bildiyi kimi olan bir nəfərlərin sayı çox olacaq.

Günəşlini kölgədə qoyan mövzular

Günəşlini kölgədə qoyan mövzular

Azərbaycanda marketinq, reklam və PR yoxdur deyən insanlara həmişə təəccüblənirəm. Bəli bu sahələr elə peşəkar səviyyədə deyil, amma son günlər medianı yaxından izlədikcə manipulyatorların ictimai fikri, gündəmi necə əlcək kimi dəyişdiyini görmək olur. Bu günlərdə əsas məsələ neft-manat tandemi olsa da, onlardan çox başqa mövzular müzakirə olunur. Bir neçəsini mən də sizə xatırladım:

Qapını aç, güldana da su doldur

Bir neçə gün öncə içi mən daxil inandıq ki, əlində gül buketi gəlib qapını döyüb sonra da evi yarmağa girən insanlar peyda olub. Video yayıldı, share-lər, sharə dalınca. Sonra da Daxili İşlər Nazirliyi də bildirdi ki, onlar ianə yığır. Dostumuz da maraqlı bir fikir bildirdi ki, bu bankların oyunudur, istəmir camaat əmanətini çəkib evdə saxlasın. Əlqərəz 2-3 gün evdə ad günü olanlara camaat gül alıb aparmadı ki, qapıda qalarlar. Başa düşülən odur ki, bu xofun, qorxunun yaradılması düşünülmüş bir işdir, ya da hamısı bekarçılıqdandır.

Maaşların artmasına az qaldı

Bu günlər oxuduğum ən gülməli, lap elə ağlamalı başlıq məhz bu oldu. Sanki illərdir gözləyirik ki, DiCaprio Oskar alacaq və budur təltifetmə mərasiminə az qalıb. Axırda da Oskarı ayıya verirlər. Vəziyyət təxmini belədir. Şou çıxardan xəbər saytları bütün dünyada bu prinsiplə işləyirlər. Bu barədə ötən il də bir yazı yazmışdıq. Amma dəhşət odur ki, onsuzda insanların belə məyus vaxtında xəbər oxunsun deyə belə başlıqlar seçmək alçaqlıqdır.

Maşının üstünə 103, 104 yazdıranlar

DYP haqqında ara-sıra mən də etirazlarımı bildirirəm. Daha çox da parklama problemləri ilə bağlı. Dekabrın sonundan sosial medianı səs-küy bürüdü ki, bəs İlk Tibbi Yardım qutusu, yanğın söndürən balon, adını da unutduğum üçbucaq nişanı olmasa maşını saxlayıb cərimə edirlər, bal yazırlar. Xəbərçi saytlar də bu barədə çox yazdı. Əslində məlum oldu ki, deyilən cərimə real cərimədən 6-7 dəfə çoxdur. Hətta bundan sonra alkoqol reydinə görə məni DYP əməkdaşı saxlasa da, heç bu barədə sual da soruşmadı. Belə nəticə çıxdı ki, bu daha çox PR xarakterlidir və bu sözü gedən avadanlıqları satanların xüsusi kampaniyasına oxşayır. Ona görə də tibb çantasının qiyməti 8-10 manatdan 30-40 manata çatdı. Bundan əlavə oradakı dərmanlara ortalama 8-10 manat xərclənsə və 100 000 sürücü gedib bu dərmanları alsa bu 1 milyon manat deməkdir.

Orucunu açanlar

Xəbər saytlarını izlədikcə başlıqların hansı ölkədə baş verdiyini müəyyən etmək bir qədər çətindir. Bu azmış kimi Azərbaycandakı siyasi məsələləri xəbər saytları elə yazırlar ki, adam ilk baxışdan çox da əhəmiyyət vermir. Bu arada isə fikirləri daima iqtidaryönümlü olan deputat qəfil orucunu açır və müxalif-müxalif danışmağa başlayır. Buna elə çox əhəmiyyət verilmir. Bu insan həm də Azersuna daş atır, Azersunun cavabları isə manşetləri bəzəyir. Zatən, bu ‘tüpürcəyimi uddum orucum açıldı hə yəqin’ misalına oxşayır, amma yenə də onun dediyi 1-2 düz sözü də gündəmdən çıxarmağa əla taktikadır.

Və kölgədə qalan ‘Günəşli’

Dekabrın əvvəlində olan Günəşli isə gündəmdən düşdü. Əlbəttə, ölkə üçün indi daha vacib mövzular var. Amma media bir neçə gün təkrar-təkrar sadəcə emosional yazılar yazmaqla tükləri ürpətdi. Bir də FHN öz PR-nı apardı. Bu hadisələrlə bağlı ciddi təhlillər, müzakirələ mediada rast gəlmək olmadı. Bizdə başa düşüləndir ki, BBC yaxın illərdə olası deyil, amma bu hadisə fonunda əməyin təhlükəsizliyi, platformaların istismarı ilə bağlı belə müzakirələr olmadı. Əslində biz elə o an neftin dəyərini öldürdük.

Böhranda kommunikasiya öz vacibliyini daha da artırır. İnsanları vacib mövzulardan yayındarmaqdan ötrü idarəedicilər hökumətdaxili, şirkətdaxili ehtiyatda saxladıqları mövzuları gündəmə gətirirlər. Bizim də təhsildən kasad olmağımız, araşdırmaya meylli olmamağımız bu ‘hot topic’lərin  içində alışıb yanmağımıza səbəb olur. Dostlar, həqiqətən dünyanın axırı deyil. Nə gördük, nə eşitdik gərək dərhal emosiyaları işə salmayaq, rasional olaq. Həyata sadəcə 90 dəqiqə səs-küyə gedib qışqıran, alqışlayan, deyinən, əsəbləşən bir futbol azarkeşi kimi yanaşmayaq, hərdən oyunçu, məşqçi, operator, həkim olaq.

Tələbələr böhrandan hansı dərsləri götürməlidirlər?

Mən 1-ci sinifə 1993-cü ildə getmişəm və 90-cı illərin iqtisadi çətinliklər, müharibəsonrakı müddət və keçid dövrü adlandırılan illərinin böhranı tam da olmasa böyük şəkildə yadımdadır. Artıq universitetə daxil olanda, xüsusən də 1-ci kursun ortalarında ölkədə vəziyyət çox dəyişmişdi. Sadə bir nümunə ilə deyə bilərəm ki, 1-ci kursun sentyabr, oktyabr və noyabr aylarına olan təqaüdüm əgər cəm olaraq təxminən indiki puldan 14-15 manat etmişdisə, sonradan təqaüdümüz ciddi şəkildə artmışdı. Amma elə deyəsən 10 ildir ki, o artandır. 🙂 İndi universitetdə oxuyan gənclər 90-cı illərin ortalarında yenicə dünyaya gəlmişdilər və onların məktəb illəri ailələrinin azdan-çoxdan imkanlı vaxtına düşdü. İndidə qəfil bu böhran. Manatın kursu düşdü, yüksək inflyasiya, artan tələbatları azalda bilməmək qorxusu, aqressivliyin artması… Bu siyahını artıra bilərik. Artırmaqla yanaşı özümüzü daha da çox depressiyaya sala bilərik. Amma fikrimcə bir neçə dəqiqə vaxt edib aşağıda məsələlərə fikir verəcək tələbələr uduzmazlar:

Xərclərinizə nəzarət edin

Bəli, birinci məsləhət çox sadədir, amma elə ən əsasıdır. Yazılarımın birində 10 il qabaq tələbələrin daha az xərcləri olması barəsində bildirmişdim. İndi tələbələr ya özlərinin gəlirləri, ya da ailəsinin dəstəyi ilə bahalı telefona, kompüterə sahibdirlər. Sağlıqlarına qismət! Bütün bunlar dünyaya bağlanmaq üçün vacibdir. Amma gərək indiki vəziyyətdə xərclərinizə nəzarət edə biləsiniz. İldə bir telefon dəyişməyə ehtiyac yoxdur. Evdən biraz tez çıxıb hava şəraiti, xüsusən də  ‘yolların palçıqlılıq şkalası’ imkan verirsə universitetə olan yolun bir hissəsini piyada gedə bilərsiniz. Bu həm faydalıdır, həm də düşünməyə daha çox vaxtınız olacaq. Siqareti də atmağa da kömək edə bilər. Kredit kartları ilə geyimə-keçimə xərclədiyiniz pulları isə ayda özünüzə 3-4 kitab alıb, həmçinin sadəcə almaqla kifayətlənməyib oxumaqla da daha faydalı iş görmüş olarsınız. Sizin təhsil haqqınız və ya başqa vacib xərcləriniz üçün onsuzda valideynləriniz çətinliklə qazandıqları pullardan sizə olan ayırmaları azaltması ehtimal olunur. Özünüz buna hazır olun və kofeni Gloria-da deyil, evinizdə ailənizin əhatəsində için.

Vaxt həmişə qızıl olub, indi onun da qiyməti qalxır

Böhran oldu olmadı bunu unutmayın ki, vaxt hər il daha da öz dəyərini itirir. Xüsusən də siz onun dəyərli olması üçün çox az çalışırsınızsa. Əslində pul nə qədər vacib element kimi görünsə də, çoxlarımız ondan da vacib olan vaxtı düz dəyərləndirə bilmirik. Gün ərzində bizim üçün prioritet, vacib olan məsələlərə əslində çox az vaxt ayırırıq. Xüsusən də məqsədyönlü deyiliksə onda vaxt necə gəlir necə keçir bilmirik. Məktəbdə oxuyanda Çempionlar Liqasının play-off mərhələsində cavab oyunlarını gözləyəndə 2 və ya 3 həftənin çox sürətli keçməsini istəyirdim. Bir dəfə başa düşdüm ki, sevimli komandam hansısa kuboku qazansa belə bu mənim həyatımı dəyişməyəcək. Bu sadəcə mənə məmnunluq, sinif yoldaşlarımın yanında qürurlanmağım üçün bir səbəb olacaq. Bu cür yanaşma tərzilə həyatımda tam da olmasa gördüyüm işlərin böyük hissəsinin vaxt baxımından dəyərli olmasına nail ola bildim. Vaxtın idarə edilməsi ilə bağlı oxuduğum materiallarda oxşarlıqlar çoxdur. Xüsusən də ‘daha vacib məsələləri önə çəkməyə’ tez-tez rast gəlmək olur. Amma bir məqam yadıma düşdü ki, onu sizinlə paylaşmaq istəyirəm. Bu məqam o idi ki, yazı müəllifi evə çatarkən və ya səhər oyanarkən televizoru açıb xəbərlərə baxmamağı tövsiyə edirdi. Həqiqətən bir qədər dərinə gedəndə gündə bir neçə saatımızın bəzən bizə heç bir fayda verməyəcək, ən əsası bilməyimizlə bizi heç bir fəaliyyətə çağırmayan xəbərlərə getdiyini görə bilərik. Bu o demək deyil, başqa proqramlara baxmaq tövsiyyə olunurdu, sadəcə yazar misalı xəbərlər üzərində daha təsirli edə bilmişdi. 🙂 Bu misalı sosial mediaya da aid etmək olar. Növbəti bəndə bu barədə daha ətraflı.

Sosial mediadan bir qədər, lap elə çox uzaqlaşmaq

Mən çox səmimi məsləhət görürəm ki, indiki dövrdə xüsusən də böhrandan çox danışılan vaxtda sosial mediada çox az vaxt keçirəsiniz. Bəli, cəmiyyətdə baş verən hadisələrdən, ətrafınızdakı insanların həyatından xəbərdar olmaq pis deyil. Lazım gələndə hansısa məsələyə münasibət də bildirmək lazımdır. Elə sosial medianın vasitəsilə də bu yazını oxumaq imkanı əldə etmisiniz. Amma maksimum çalışın gündə sosial mediada 2 saatdan çox vaxt keçirməyəsiniz. 40 yaşına çatmış insanın, hətta 30 yaşına çatmış və özünə azdan-çoxdan şərait yaratmış bir şəxsin sosial mediadakı aktivliyi ilə özünüzü müqayisə etməyin. Xüsusən də hər bir yazıya, fotoya şərh bildirməklə elə bir qeyri-adi iş görmürsünüz. Yüzlərlə insan aylarla Facebook da olmur və çoxu da geri dönərkən bəyan edir ki, burada heç nə dəyişməyib. Eyni ilə vaxtın idarə edilməsi ilə bağlı yuxarıdakı fikirlərimdəki kimi. Odur ki, neqativ fikirlərdən, medianın qıcıqlandırıcı təbliğatından bir gənc kimi özünüzü qorumaq üçün bura yolunuzu az salın. Hərdən hətta dostlarla görüşəndə və ya axşam idmana gedəndə telefonu evdə qoyub gedin.

Əmək bazarında yeni imkanlar mütləq olacaq

Baxmayaraq ki, iqtisadçılar, mütəxəssislərin iş yerlərinin azalması ilə bağlı neqativ fikirləri var, bu sizi qətiyyən öz gələcək karyeranız ilə bağlı ruhdan salmamalıdır. Həqiqətən də sizin əmək bazarına daxil olacağınız yaxın 2-3 il ərzində vəziyyətin dəqiq necə olacağını proqnozlaşdırmaq çətindir. Amma bir proqnozu dəqiqliklə vermək olar ki, əmək bazarı, şirkətlər daha çox bacarıqlara sahib, savadlı tələbələrə çox üstünlük verəcək. İndi şirkətlərdə çalışan 30-45 yaşında olanlara nisbətən tədris aldığı illəri faydalı keçirən və oxuduğu sahəni dərindən öyrənən şəxslər gələcək üçün daha avatanjlıdırlar. Orta bizneslər gəlirlərinin azalacağı fonunda daha çox əməkhaqqına tələbatı olan şəxslərin əvəzinə daha enerjili, karyera yönümlü məzunlara üstünlük verə bilərlər. Sadəcə öz ixtisasınızı və ya çalışmaq istədiyiniz sahəni çalışın dərindən öyrənəsiniz. Əgər düşünürsünüz ki, təhsil aldığınız ixtisas üzrə sizə Azərbaycanda imkanlar azdır, xaricdə imkanlar axtarın. İxtisas-bilik-bacarıq-karyera kombinasiyasına daha real və obyektiv baxın. Öz ixtisasınıza vurulub özününüzü aldatmayın. Əmək bazarında olan şəxslərdən ixtisasın perspektivi ilə bağlı öyrənməyə çalışın və lazımdırsa qoy universitetdə ixtisasınız lap diplom xətrinə qalsın, amma özününüzü görmək istədiyiniz sahə, məsələn Maliyyə, Mühəndislik, Marketinq, Dizayn, Mühasibatlıq, İnsan Resursları, Əyləncə, Media olsun elə şou-biznes üzrə proqramlaşdırın.

Pozitiv olun dünyanın axırı deyil

Həqiqətən də, həyat öz axarı ilə gedir. Bir tələbə kimi sizin 100 nəfərlik bir şirkətdə maaşları vermək, 30 % artan ofisin kirayə pulunu ödəmək və s. ciddi biznes öhdəlikləriniz yoxdursa, dollar ilə ipotekaya ev götürməmisinzə, xaricdən dollar ilə Azərbaycana mal gətirib onu manatla satmırsınızsa və sizin əgər əsas işiniz indi daha çox oxuyub yaxşı karyera qurmaqdırsa bunu ancaq pozitiv əhval-ruhiyyə ilə edə biləcəksiniz. Deyə bilərsiniz ki, işçilərinin maaşını verə bilməyən və ya işçi olub maaşının gecikdiriləcəyindən narahat olan mənim atam, anamdır və bu böhran da bilavasitə mənə təsir edir. Bütün bu məsələləri başa düşürəm. Amma inanın ki, gənc olaraq depressiv həyat yaşayan şəxslər orta yaşlı depressiv həyat yaşayanlara nisbətən daha az uğur əldə edə bilirlər. Çünki elə işlər var ki, onları məhz tələbəlik illərində etmək daha düzgündür. Həm də bu dövr də, böhran da, tələbəlik illəri də uzun çəkməyəcək.

Ümumilikdə, bütün dövrlərdə böhrana fürsət kimi baxanlar həmişə qabağa düşüb. Dediyimiz kimi hadisələrə pozitiv yanaşmaq, vaxtı səmərəli və düzgün istifadə etmək sizləri Azərbaycan biznesinin gələcəyi edəcək. Ən əsası siz həm də ona görə Azərbaycanın gələcəyi olacaqsınız ki, sizin indi yaşı 30-dan yuxarı olanlara nisbətən Azərbaycanın real biznesinin böhran vəziyyəti və ondan çıxmaq yolları ilə bağlı oxuya biləcəyiniz çoxlu keyslər olacaq.

Alət çubuğuna keç