Bəhanələrə Son Qoymaq Zamanıdır!

Bəzi insanlar tənhalığı birbaşa mobil telefonlara, internetə bağlayırlar. Amma mən şəxsən bununla razı deyiləm. Əksinə telefona, internetə bağlılıq heç olmasa insanı digərləri ilə ünsiyyətə qurmağa, münasibətdə olmağa imkan yaradır. Hətta bəzən olur ki, heç adamın real sevgilisi olmur, amma di gəl ki, sevdiyi mobil telefon brendi olur. Bu brend də hər dəfə səni yeni nəsə ilə sevindirəndə bu artıq çevrilir olur qarşılıqlı sevgi.

Mən özüm də uzun müddətdir ki, Samsung brendinin mobil telefonlarından istifadə etdiyimdən bu brendə olan sevgimi tez-tez utanmadan etiraf edirəm və onun yeniliklərini həvəslə paylaşıram. Bu günlərdə Samsung A8 2018 modelini Azərbaycanda təqdim etdi. Onların konseptindən azdan-çoxdan məlumatlı olduğumdan deyə bilərəm ki, bu modeldə əsas mesaj insanı həvəslə ünsiyyət qurmağa, hekayələri paylaşmağa ilhamlandırmaqdır, eləcə də öz sosial mövqeyindən zövq almağa kömək etməkdir.

Görün bizim nə qədər selfi fotolarımız var ki, sırf keyfiyyətinə görə paylaşmırıq, güman ki heç gələcəkdə də paylaşmayacağıq. İndi də faktiki sosial mediada yayımlanan hər 2 fotodan biri selfidir. Ona görə də indi bir çox mobil telefon istehsalçıları bu zəif cəhətlərini aradan qaldırmağa çalışırlar. Samsung öz yeni markasında öz kameranı 16 MP edərək istifadəçiləri çox düşündüyünü göstərə bilib. Daha nə istəyirsiniz? Selfi kamerası ilə yaxşı keyfiyyətdə foto çəkdirib sonra da şəhərdə bir bilborda elan kimi bu fotonuzu qoya bilərsiniz. Qoy, sizi daha çox insan tanısın! Yeri gəlmişkən, selfie funksiyası 2 kameralıdır. O biri kamera da 8 MP-dir. Bu da ‘canlı fokus’ etməyə imkan verir. Siz foto çəkərkən ikinci kamera ilə arxa fon ilə əməlli-başlı oynaya bilirsiz. Ən sadə desək, özünüzü önə çəkib arxa fonu yayğın (blur) edə bilirsiz.

‘Yadındadır, səninlə 2 il qabaq bir təlimdə olmuşduq, orada çəkdiyin fotomuzu mənə göndərə bilərsən?’ sualını eşidəndə ‘Bağışla, telefonumda yer yox idi, ona görə o fotonu telefonumdan silmişəm’ deməyə bəs nə qədər cəsarətlisiniz? Bilirik ki, çox böyük yaddaşı olan telefonun qiyməti nisbətən baha olur, ya da ümumiyyətcə bahalı telefon olsa da yaddaşı az olur. Ancaq Samsung A8 üçün rahatca 256 GB-lıq yaddaş kartı alıb geninə-boluna istifadə edə bilərsiniz. Belə baxanda öz yaddaşı da yaxşıdır, 32 GB. Ona görə də sosial mediada müəyyən səbəblərdən yerləşdirə bilmədiyiniz fotoları rahatca telefonunuzda saxlaya biləcəksiniz.

Əlbəttə ki, ünsiyyət həm də sosial statusla bağlıdır. İnsan bəzən sosial statusuna görə ünsiyyətdən qaçır. Faktiki siz istənilən markadan olan telefon istifadə edə bilərsiniz. Ancaq təcrübə göstərir ki, daha çox insanın sevdiyi brendlər sizi daha zövqlü və statuslu göstərir. Xüsusən də onsuz da əlçatan qiymətə olan telefon yüksək zövqlə dizayn edilmişsə.

Bəzən elə adamlar olur ki, onlarla ünsiyyətdə birdən çaşıb dedin ki, indi vaxtım yoxdur, onda əlbəttə ki, özünü çox pis vəziyyətə salmış olacaqsan. Əslində açıqca deyə bilmirsən ki, ‘bəs telefonum zaryadkanı pis saxlayır’. Uzadım? Yox, məncə ehtiyac da yoxdur. Çünki A8 telefonunuz 1 saatdan da tez tam enerji yığdından sonra istəsəz axşama qədər, lap istəsəz gecə səhərədək onu hərtərəfli rahatca istifadə edə bilərsiniz. Əsas odur ki, ünsiyyətdən qaçmayın, ünsiyyət qurmağa həmişə həvəsli olun, öz hekayələrinizi insanlarla paylaşın.

Dediyimiz kimi insan üçün əsas problem əslində ünsiyyətdir. Ünsiyyət az olduqca insan tənha da olar, bütün günü ürəyi də sıxılar. Bizim ünsiyyətimizə kömək edən istənilən vasitə əslində bizi tənhalıqdan uzaqlaşdırır, ona görə də problemi telefonlarda, internetdə axtarmayaq, əslində onlardan çıxış yolu kimi istifadə etməyi bacaraq.

Sənə 5 dəqiqə qabaq e-mail yazmışdım, niyə cavab yazmadın?

Texnologiyanın dayanmadan inkişafı, sosial medianın son 4-5 il ərzində brendlərlə, şirkətlərlə insanlar arasında ünsiyyəti sürətləndirilməsinin əslində bir çox xeyirləri olduğu kimi ziyanları da var. Məsələn, indi kimsə sənə nə isə yazanda çox qısa zaman ərzində səndən cavab və hərəkət gözləyir. Bu da biznes etikanın vacib elementi olan e-mail və ümumilikdə elektron yazışmalarda yeni nəsilin eyiblərindən biridir. Əlbəttə ki, e-mail və hər hansı bir mesaja sürətli cavab verməkdən gözəl heç nə yoxdur. Xüsusən də indi mesajlar, yazışmalar zəngləri əvəz edir. Harasa zəng etmirsən, sürətli cavab əldə etməyə çalışırsan. Hətta Facebook da səhifələrdə mesajların cavablandırılması müddətini qeyd edir ki, izləyicilər, müştərilər bu brendin nə dərəcə cavab verməyə meylli olduğunu müəyyən edə bilsin.

Deyim ki bu eyib gənclərlə yanaşı, hətta bəzən yaşı 30-u keçənlərdə də var. İşinin gur vaxtında bir də görürsən sənə e-mail və ya mesaj gəlir. Üstündən 5 dəqiqə keçməmiş görürsən həmin şəxs yenə yazır, başqa proqramlar vasitəsilə sənə xatırladır və eyham vurur ki, aldın mesajı, e-maili? Səndən də çox tez cavab gözləyir. Əslində elə cavablar var ki, onlar hansısa fəaliyyət istəyir, yaxud da sizin yazışdığınız insan bütün günü gözləmir ki, siz yazasınız və dərhal sizə cavab versin. Qeyd edim ki, bu yazdıqlarım rutin gündəlik yazışmalara və dostlarınızla, yaxınlarınızda ünsiyyətə aid deyil.

Bu günlərdə yayımladığım videoda telefonsuz günlərdən danışmışdım. Həqiqətən 24 saat telefona baxmadığım günlər oldu ötən ayın sonu. İnsan məcbur deyil ki, özünü Call Center edib 24 saat işləsin. Dərhal cavab verim, xətrinə dəyər. Bəlkə vacib nə isə deyir və s. Bu cür fikirlərlə düşünüb prioritetlərinizdən uzaqlaşmayın. Vacibdir ki, özünüzə qaydalar qoyasınız və qoy ətrafınızdakılar da bunu hiss etsin. Məsələn, mən axşam 12-dən sonra demək olar ki, heç bir mesaja cavab yazmıram.

Bu çox deyilsə də bir məsələni də qeyd edim ki, əgər siz kiməsə vacib nə isə yazırsınızsa, ‘salam, necəsən’ yazıb gözləməyin ki cavab yazanda nə demək istədiyiniz yazasınız. Məktub, mesaj etikasında bütün fikri bir dəfə yazıb elə birdəfəlik də göndərmək məsələsi var. Müasir dövr deyib belə gözəl etikadan imtina etməyin.

Nə gizlədim, hətta bəzən hər hansı bir fəaliyyət tələb edən e-mailə belə çox qısa zamanda cavab yazmaqdan zövq alıram. Vaxtın İdarəedilməsində də dərhal et mexanizmi çox gözəl işləyir. Sadəcə baxır hansı məqamlarda. Bu yazımı da özümə də, sizlərə də tövsiyyə kimi yazdım ki, başqalarının vaxtına hörmətlə yanaşaq.

Yeni il gəlir! Korporativ hədiyyəniz yenədəmi fincandır?

1390

2016-cı ilin son günlərini yaşamaqdayıq və artıq geridə qoyduğumuz həftədən başlayaraq şirkətlər və təşkilatlar öz partnyorlarına, müştərilərinə, dostlarına Yeni İl hədiyyələrini göndərməyə başlayıblar. Elə bu gün bir məqalə oxuyurdum ki, PR sahəsində çalışanlar üçün uyğun olan hədiyyələr hansılardır, onları sıralamışdılar. Düşündüm ki, şirkətin PR-ı, imici və kommunikasiyası baxımından vacib olan bu məsələ haqqında bir neçə fikrimi sizlərlə paylaşım.

Hansı hədiyyələr daha məqsədəuyğundur?

Şam ağacı şarları? Sözün açığı bunu şirkətə göndərmək pis deyil. Amma şirkətdəki fərdi şəxslərə göndərirsinizsə, məncə yaxşı ideya deyil.

Şirniyyat? Adətən yeni ildə biz işə 3-4 şirkətdən tort hədiyyəsi alırıq. Novruz bayramında hətta çərəz səbəti göndərənlər də var. Bu da korporativ üçün yaxşı hədiyyədir. Amma ayın 30-u göndərsəz və şirkət balaca olsa onu yeyə bilən az adam tapılacaq.

Fincan? Bu ən asan yollardandır. Amma mənim heç xoşuma gəlmir də bu fincan. Xüsusən də əgər siz ardıcıl  olaraq 2-3 il eyni adamlara fincan göndərərsinizsə. Həm də adətən bu fincanlar çox da keyfiyyətli materialdan olmur.

Aksessuar? Brendləşmiş və lazımi olan aksessuar fərdi şəxslərə çox gözəl hədiyyədir. Yeni İl hədiyyəsi olmasa da Azərbaycan Gənclər Fondundan olan fləş kartı artıq 5 ilə yaxındır istifadə edirəm. Açarlıq, iş masası üçün gözəl süvenir fərdi hədiyyələr üçün çox uğurludur.

Alışqan, vizitka qabı, parker qələmi və ya xüsusi dəyərli hədiyyələr? Əlbəttə ki, bunlar adətən çox fərdiləşmiş hədiyyələr olurlar. Xüsusən də alışqan. Biz bu yazıda daha çox ümumi korporativ hədiyyələrdən danışırıq və vizitka qapı müəyyən qədər buna uyğun gəlir. Ancaq indi aktual bir hədiyyə deyil. Xüsusən də əgər brendləşmiş, yəni sizin loqo ilə olan vizitka qabıdırsa, yüksək pilləli menecerin onun içində öz vizitkalarını gəzdirməsi real görünmür.

Şokolad, spirtli içki? Belçika şokoladı ilə bahalı konyak da çox fərdiləşmiş qaydada göndərilən hədiyyələrdəndir. Ancaq şampan içkisini korporativ hədiyyə kimi göndərən şirkətlər var. Azərbaycan üçün bu geniş yayılan hədiyyə tipi deyil.

Kalendar, bloknot? Üstündə bir qələm də ola bilər. Bu da ən çox yayılmış hədiyyələrdəndir. Ancaq siz bunu kifayət qədər vəzifəli şəxsə göndərərsinizsə inanmaq çətindir ki, o üzərində sizin loqo olan bloknotu özü ilə görüşlərə aparacaq. Kalendarı ən yaxşı halda iş masasına qoyacaq. Bunun üçün isə çox yaxşı konseptli bir kalendar hazırlamağınız yerinə düşərdi.  İdeyaları artıq özünüz fikirləşin. Hər ayda bankın bir filialının şəkli olan kalendarı şəxsən mən masamın üzərinə qoymaram.

Kitab? Biznes sahəsində olanlar üçün kitab pis hədiyyə deyil. Ancaq kiməsə ‘Yaxşı necə menecer olmaq olar?’ adlı kitabı hədiyyə edirsinizsə, bu aydındır ki, yaxşı qarşılanmayacaq. Hansısa yeni çox tövsiyyə olunan kitabı göndərmək yaxşı olar.

Güzəşt? Sizi yeni il münasibətilə təbrik edir və öz xidmətlərimizə və mallarımıza növbəti il üçün sizə eksklüziv 20 % güzəşt kuponunu təqdim edirik olan bir kart qıcıq yarada bilər. Hələ siz hansısa kampaniyanız ilə bağlı məlumat göndərib üstündə ta yeni il ərəfəsidir, bu arada bayramınız da mübarək yazırsınızsa, sizə mənim daha sözüm yoxdur.

Korporativ tədbirə dəvət? Bunu adətən otellərlər və ya üzvlük əsasında işləyən təşkilatlar edir. İlin yekunları üçün yaxşı bir formatdır. Həm netvorkinq imkanları yaradır, həm də korporativ tədbir keçirməyən şirkətlərin əməkdaşları üçün yaxşı əyləncədir.

Sadəcə kart göndərmək düzgündürmü? 

Etik olaraq hədiyyənin və diqqətin dəyərini ölçmək düzgün deyil. Xüsusən də korporativ mühitdə. Ona görə də sadə kartla belə təbrik etmək özü gözəl addımdır. Həm də ümumi götürəndə düzgün addımdır. Çünki şirkətlər qarşı tərəfdən bahalı hədiyyə gələndə özünü gözü kölgəli hiss edə bilər. Məsələn, biz işdə müəyyən dəyərdən artıq hədiyyələri qəbul etmirik. Həmçinin fərdi işçilərə gələn hədiyyələr belə ortaya qoyulur və sonradan onlar püşk ilə oynalınır. Yadımdadır, Azercell bir neçə il öncə çox sadə hədiyyələr göndərib, kartda da yazmışdı ki, bahalı hədiyyələr üçün pulu uşaq evlərinə xeyriyyəyə sərf etdik. Standard Sığorta isə ötən il səhv etmirəmsə təbii ağac göndərmişdi ki, onu bayramdan sonra şirkətlər əksinlər. Yəni çox aktual sosial mesaj.

Bəlkə elə e-mail ilə yazım?

Yerli şirkətlərə e-mail yazıb quru təbrik etmək və bunu da 30 dekabr axşam 5-ə saxlamaq uğursuz fikirdir. Ola bilər gözəl bir video təbrik hazırlamısız, bax onu paylaşmaq pis olmaz. Amma e-mail ilə xarici partnyorları təbrik etmək daha yaxşıdır. Yerli dostlarınız üçün isə aşağı  büdcə ilə kartlar göndərmək daha diqqətli olduğunuzu göstərəcək. Yuxarıda da yazdığım kimi hansısa bir kampaniyanız haqqında olan e-mailə təbriki yazıb atmaq da bir şey deyil. Bunu şəxsən mən məsləhət görməzdim. Bu daha çox B2C, yəni müştərilər ilə ünsiyyətdə çox effektiv ola bilər.

Böhrandır, qalsın gələn ilə

Gözlənilir ki, bu il korporativ hədiyyələrin sayı azalacaq. Aydındır ki, bəzi şirkətlər bağlanıb, çox xərclərə qənaət edir. Ancaq müştəri və partnyor ilə əlaqələrin təşkilində bir neçə yüz manatdan keçmək mütləqdir. Xüsusən də belə məqamlarda. Diqqət sizi də diqqətdə saxlayır. Bu həm də axı dəb və korporativ bir ünsiyyət qaydasıdır.

Siyahını çox uzatmaq olar. Bu prosesə onsuzda bəzi şirkətlər sentyabrdan, oktyabrdan başlayır. İndi brendləşmiş hansısa bir hədiyyəni hazırlamaq üçün onsuzda çox gecdir. Ancaq elə hədiyyələr var ki, onları hələ yaxın 2 həftə ərzində təqdim etməyə imkanınız var. Hamınıza bol-bol təbrik və hədiyyələr arzusu ilə 🙂

Alət çubuğuna keç