Çox istəyən azdan da qalar və ya təhsil və karyerada geri düşənlər

Çox istəyən azdan da qalar və ya təhsil və karyerada geri düşənlər

İndiki dövrdə nə qədər möhkəm insan olursan ol nəinsə peşəkar reklamı və PR-ı səni də özü ilə çəkib aparacaq. Fərq etməz istər film, istərsə də musiqi, restoran, siyasi lider, istirahət mərkəzi, avtomobil və s. Təbii ki, marketoloq olmasan belə, marketinqdən azdan-çoxdan məlumatın olanda fokus-mokuslara heç də emosional yanaşmırsan və buna görə digərlərindən yarım addım öndə olursan. Özümüz də yaxşı başa düşürük ki, səsli-küylü Hollivud filmləri ilə müqayisədə sakit gəlib-gedən Avropa filmləri daha mənalı və baxımlıdır, bəzən eyni xüsusiyyətli avtomobillərin qiymətlərinin arasında bir neçə min dollar brend ucbatından süni fərq var. Bunun kimi yüzlərlə misala səbəb olan reklam və PR manipulyasiyaları olduğunu da bilirik. Təbii ki, mən xalqımızın yaxşı məhsulu reklam etməzlər zərbi-məsəlinə qətiyyən haqq qazandırmıram. Sadəcə ən yaxşı, ən mükəmməl, ən güclü və müxtəlif ənlərlə öz həyatını quran və trenddir, belə eşitmişəm deyib həyatını yaşayan və bununla da bir çox imkanları itirən insanlara üzümü tutaraq:

Bu cür yanaşmanı təhsil və karyerada tətbiq edəndə uğursuzluğa daha yaxın olursan demək istəyirəm.

Düzdür məsələnin digər tərəfi məhz hər şeyin ən yaxşısını istəyənlərin xeyli saydakı uğur hekayələridir ki, Harward-dan, Microsoft-dan, Ferraridən gəlir. Amma aşağıdakı formatda düzgün qiymətləndirmə aparıb düşünsək heç də pis olmaz.

Arada bir sağa-sola baxaq

Ətrafımızda xeyli sayda insar var ki, təhsil bahadır deyib, filan qədər pulum olsaydı filan təhsili alardım deyirlər. Təcrübə göstərir ki, bu insanların qəfil pulu çox az hallarda artır və bu cür insanlar yekunda heç bir normal təhsil ala bilmirlər. Bu həm də o insanlardır ki, adamım olsaydı, filan şeyi bilsəydim, filan sahənin adamı olsaydım bu şirkətdə iş tapardım deyənlərdir. Özümü da bu insanlara aid etməkdən utanmıram. Səbəb isə çox sadədir. Biz xoşlayırıq ki, reallıq hissindən tez-tez uzaqlaşaq və uğursuzluğumuzun və ya indiki vəziyyətdəki narazılığımızın günahını özümüzdən başqa istənilən şəxsin üzərinə ataq. Əyilib sağa-sola baxsaq imkanların istənilən ağıllı insan üçün eyni olduğunu görərik. Həm də onu da görərik ki, çox insan həyatda məhz özünə layiq olan yerini tapır. Əgər biz bu gün 1000 nəfərlik şirkətdə CEO deyiliksə və buna çox az şansımız varsa, bu arzunu ürəkdə qoymaqdansa 100 nəfərlik şirkətdə ən azı departament müdiri olmaqdan məmnun olmalıyıq. Müsbət nəticəli departament müdirinin 100 nəfərlik şirkətdə CEO olmaq və yaxşı qazanmaq şansı aydındır ki, 1000 nəfərlik şirkətdə reklam meneceri kimi çalışmaqdan daha yaxşıdır. Rəqəm sadəcə simvolikdir.

Potensialımızı düzgün qiymətləndirək

İşlədiyim layihədə Britaniya universitetlərini Bakıda təbliğ edirik və aydındır ki, hər il yüzlərlə insan bizə bununla bağlı müxtəlif suallarla müraciət edirlər. Bir tərəfdən yaxşıdır ki, gənclərimizin əksəriyyəti Britaniyanın Top 5 universiteti ilə maraqlanır, digər tərəfdən isə pisdir ki, yalnız 10 % tələbə bu top universitetlərə daxil ola bilirlər. Qəbul olandan sonra hələ oxumağa qabiliyyəti çatıb-çatmayacağına təminat verilmir. Halbuki bu cür gənclər IELTS imtahanından maksimum 6.0-6.5 güc ilə yığırlar. Vacib deyil ki, təhsiliniz məhz Britaniyada olsun. Yaxud da vacib deyil ki, mən mütləq BP-də, Azercell-də işləməliyəm deyə onsuzda qısa olan həyatı boşa yaşayasınız. Orada oxuyan və ya işləyən sizdən, məndən artıq adam deyil, amma reallıq hissi də var ki, o da sizə öz potensialınıza uyğun yerdə olmağı tövsiyyə edir. Ona görə ki, sizin belə uğur qazanmağa daha çox şansınız var. 

Uğura yol ölçmək üçün çatmırıq

Bir misal da öncəki iş təcrübəmdən çəkim ki, bizə ara-sıra şirkətlərdən əməkdaşları üçün təlimlərin İngilis dilində keçirilməsi ilə bağlı sorğu gəlirdi. Təbii ki, menecment üzrə hansısa bir təlimi İngilis dilində dərk etmək üçün bu dili yaxşı bilmək lazımdır. Ancaq bəzən İngilis dilini Red Murphy səvviyəsində bilən işçilər mən İngilis dilində təlimdə iştirak etdim və sanki 1 günlük təlimdə İngilis dilinə qulaq asıb öyrəndim deməklə özünə təsəlli verirdi. Demək ki, arzuladığın yerdə özünə iş tapmaq və ya sanki ‘oxumaq’ hələ məsələnin hamısı deyil. Öncə qeyd etdiyimiz hazırlıqlar məhz bu zirvədən sizi daha böyük uğurlara götürməyə imkan verməlidir. Nəyisə bilməsəniz belə potensialınız varsa onu tez bir zamanda öyrənə də biləcəksiniz. Əks halda necə yüksəlmişdinizsə eləcə də yuvarlanıb aşağı düşəcəksiniz.

Ümumi götürsək, hər bir insanın haqqıdır ki, ən yaxşısını istəsin və ona doğru irəliləsin. Ancaq mən 3 000 manatlıq yerdə işləyəcəm və ya mən mütləq filan universitetdə təhsil alacağam prinsipi ilə yaşayıb aylarla işsiz qalmaq və ya 10 il keçsə də təhsil almamaq heç birimizə arzu olunan vəziyyət deyil.

Əsas odur CV daşdan yox, HR-dan keçsin

Bu günlərdə Media FM-də yayımlanan səhər şousunda CV-də nələrin qeyd edilməyinin vacibliyi ilə bağlı sorğu keçirilirdi. Təcrübəli şəxslər maraqlı və faydalı məsləhətlər verirdi. Təəssüf tam qulaq asa bilmədim, amma müxtəlif istiqamətlər üzrə müraciət edərkən maraqları qeyd etməyin əhəmiyyəti, CV-yə ‘cover letter’-in əlavə etmənin, vəzifə təlimatı və ya konkret gördüyün işləri yazmağın vacibliyi çox adam tərəfindən təklif edilirdi. Elə həmin günü qabağıma CV-də qeyd edilməməli 8 məsələ haqqında da yazı çıxdı. Qısası CV haqqında yazmağa ilhamlandım.

İstər 10, istərsə də 15 il iş təcrübən olsun, bu sənin ortaya yaxşı CV çıxarmağına zəmanət vermir. Amma ən azından illərin təcrübəsi sizə HR qarşısına ortabab bir CV qoymağınıza imkan verir. Ötən həftə ‘Narxozu qurtarıb iş tapa bilməməkdən’ yazanda hədəf qrupumuz tələbələr idi və artıq azdan-çoxdan iş tapıb çalışan şəxslər də razı olar ki, fərdi inkişafla bağlı ən çox məsləhətə ehtiyacı olan də elə tələbələr və ya 18-20 yaşında olan gənclərdir. İstərdim ki, eşitdiklərim, gördüklərim, bildiklərim silsiləsindən karyerasında ilk addımı atmaq istəyən şəxslər üçün özlərinin birinci, lap elə olsun ikinci CV-sini hazırlayarkən nəzər yetirməli olduqları məsələləri burada qısaca qeyd edim:

Mənim ilk CV-im

Birinci öz təcrübəmdən qeyd edim ki, ilk CV-imi 2005-ci ildə 1-ci kursda oxuyanda hazırlamışdım. Necə deyərlər tələbənin olanından, orta təhsil, ali təhsilə başlamağım, dil və kompüter bilikləri və ‘reading, traveling, listening to music, cars, sport, basketball’ kimi maraqlar. Bir də ki yahoo e-mailim. Amma çox keçmədi, Bakı Turizm İnformasiya Mərkəzinə təqdim etdiyim bu CV mənə 4 ay sonra Bakıda yeni açılan xarici restorana ofisiant kimi işləməyə imkan verdi. Demək ki, CV hazırlamaq üçün 4 ilin bitməsini gözləmək lazım deyil 😉

CV-im axı cəmi 1 səhifədir

Ali məktəbdə dərs deyərkən məndən mütəmadi CV ilə bağlı məsləhətlər alırdılar. Biz də azdan-çoxdan qeydlərimizi edirdik. Təəssüf ki, müəllimlərimizin çoxu bizə nələrisə öyrətməyə çalışsalar da, daha vacib məqamları çox az paylaşırdılar. Deyilənə görə mən azdan biraz çox paylaşmışam. Lap öz yerimə sevindim. Auditoriyaya ilk girərkən tələbələrdən soruşduğum suallara ‘Son 3 ildəki uğurların’ və ‘Növbəti 3 il üçün planların’ liderlik edirdilər. Cavablar isə məktəbi bitirmək, universitetə daxil olmaq, universiteti bitirmək, iş tapmaq və… Təəssüf ki, biz tələbə kimi 10 il qabaq necə düşünürdüksə, indi də bu sxemə nə isə əlavə edə bilən tələbə azdır. Ona görə də mənim birinci CV-im kimi çoxlarının CV-si cəmi 1 səhifə olur. Buna səbəblər çoxdu, amma əsas məqamlar tələbənin dərsdən kənar vaxtının səmərəsizliyi, bekarçılığı, məqsədsizliyi ilə bağlı olanlardır. Əgər hətta məktəbli kimi ‘Şahinlər’ yarışında iştirak etmisənsə, 2-3 cümlə ilə bu yarışın vacibliyi və sənə olan faydalarından qeyd etmən yalnız xeyrinə işləyə bilər. Səni gənc kimi işə götürmək istəyən insana ‘nə edirsənsə məqsədyönlü edirsən’ prinsipini 1 səhifəlik CV-də satmağı bacarmaq lazımdır. Onsuzda səni güclü karyeran var deyə işə götürmürlər, hamıya məlumdur ki sən ya tələbə, ya da sadəcə orta məktəb məzunusan. Bunlar olmasa CV-də gərək sətirlər arası interval 2 olsun ki, məlumatlar 1 səhifəyə ‘yerləşsin’.

‘Qardaş mənə bir CV düzəlt’ dövrü bitib

Əgər gənc həyatını müsbətə dəyişmək üçün ilk addımı atmaq istəyirsə, ilkin olaraq CV-ni düzəltməyə tənbəllik etməməlidir. İndi internetdə lazım olan bütün resurslar var. Öz təqdimatını özün orta qoymağı bacarmalısan. Eybi yoxdur əgər şablon varsa onun üzərində et, yetər ki özün bunu et. Çünki CV-in diqqət cəlb etsə, növbəti mərhələdə oradakıları özün təqdim etməli olacaqsan. Həm də ki, özünə inamın formalaşması üçün ‘Özüm öz CV-mi hazırladım’ deyə biləcən. Sonradan tövsiyyələr üçün onu artıq peşəkar hesab etdiyin şəxslərlə paylaşa bilərsən.

‘Copy paste’ etməyin

Şablon CV tapmaq yaxşıdır, amma orada şəxsiyyətinizi və bacarıqlarınızı və ya qısa məlumatınızı tapdığınız CV-dən tam olduğu kimi ‘kopyalamayın’. Qətiyyən!! Hətta ‘stress altında işləmək’ və ya ‘yüksək problem həll etmək bacarığı’ yazarkən CV-də qeyd etməsənizsə də özünüz fikirləşin ki, bu bacarıqlarınız ilə bağlı verilən suallara ‘iş’ təcrübənizə əsasən konkret hansı misallarınız var. Mən demirəm ki, iş təcrübəsi yoxdursa qeyd etmək olmaz. Sürücülük vəsiqəsi imtahanı və ya universitetdəki semestr imtahanları vaxtı atanızın səhhəti ilə bağlı gecəynən təcili rayona gedib sonra qayıdıb imtahanı uğuırlu vermək də buna misaldır. Özünüzü daha yaxşı tanıyın və yazdıqlarınızın nə qədər sizə uyğun olduğunu götür qoy edin. İnanın ki, elə keyfiyyətləriniz var ki, onları hələ 30 yaşında özünüzdə kəşf edəcəksiniz.

Mən necə də maraqlı insanam

CV-in ən maraqlı hissəsi ‘Maraqlar, Hobbilər’ ilə bağlıdır. Bu bir fürsətdir ki, yaxşı futbol oynaya bildiyimi, meloman olduğumu, səyahəti çox sevdiyimi və güya ki gecə-gündüz əlimdən kitab düşmədiyini burada qeyd edim və diqqət cəlb edim. Əlbəttə, məni bu yazıya ilhamlandıran radio şousunda da deyildiyi kimi elə peşələr var ki, oraya müraciət edərkən sizin nə ilə maraqlandığınıza fikir verirlər. Ümumilikdə isə bu sizin tipinizin müəyyən edilməsində çox vacib bölmədir. Qanunauyğun olaraq şablon maraqlar sizin şablonluğunuzda, daha orjinal maraqlar isə sizin orjinallığınızdan xəbər verəcək. Amma orjinal görünəsiniz deyə ömrünüzdə bir dəfə etdiyiniz məşğuliyyəti lütfən qeyd etməyin. Oxumağı qeyd edirsinizsə hansı janrı oxuduğunuzu və hansı faydalar qazandığınızı, eləcə də gündəlik həyatda bu marağın sizə hansı müsbət təsiri etdiyini yazsanız daha maraqlı maraq olar, nəinki maraqsız maraq.

Sosial simanız

Nə qədər deyilsə də yenə də CV-lərdə ‘alexa007-bakinka@bk.ru’ kimi e-mailləri yazan şəxslər var. Başa düşüləndir ki, sizdən qabakı nəsilin Məmmədov Əliləri, Həsənova Günayları Yahoo-da, Gmail-də və digər e-mail servislərində bu adları tutublar, sizə də indi çətindi ad və soyadlı e-mail açmaq. Amma bu o demək deyil ki, ad və soyadlı hər hansı bir kombinasiya tapmaq mümkünsüzdür. E-mail sizin simanızdır. Əgər sosial şəbəkələrdəki hesabınız bu e-mail ünvanı ilədirsə o zaman bu hesablara da əl gəzdirin. Bağlılıq yoxdusa belə necə bir tip olduğunuzu yoxlamaq üçün Facebook qadağan olmayan şirkətdə sizi işə götürmək istəyən mütləq sizi axtarışa verəcək. Odur ki, InterHR-ın axtarışından uğurlu keçmək üçün sosial şəbəkələrdə öz brendinizə, yəni özünüzə fikir verin. Bankda işləmək istəyirsinizsə, ara-sıra hətta fikir bildirmədən belə bank xəbərlərini öz səhifələrinizdə paylaşmaq və ya daha ciddi səhifələri ‘LAYK’ etməklə düzgün iş görmüş olarsınız. Məsləhətdir ki, CV-də gülərüz və ciddi geyimdə, eləcə də arxa fonu fontan, toy, park, meşə olmayan fotonuz olsun.

CV-in dili olsaydı

Başlığa baxmayın anatomik dili demirəm. Danışıq, daha dəqiq yazı dilini bildirirəm. Azərbaycanca olan CV-də ‘Axran’ yazan da görmüşük. Dərd bu deyil. Dərd odur ki, konkret CV-sinin Azərbaycan, Rus və ya İngilis dilində olmasından asılı olmayaraq, təkrar-təkrar redaktə edib maksimum qrammatik və leksik səhvlərdən qaçan adam çox deyil. Microsoft World yazmısınızsa düzəldib Microsoft Word edin. Hər üç dili Excellent yazıb keçməyin, ən azından CV-ni hazırladığınız dili mükəmməl bildiyinizi nümunə kimi göstərin.

Əgər şirkətin öz CV forması varsa

Nəhayət bütün bunlara əməl edib CV hazırlayıb şirkətə müraciət edəndə görürsünüz ki, onların öz CV formaları var, onda deməyin, hayıf əziyyətimdən. Daha yaxşı olar ki, tələsmədən məlumatları şirkətin ‘İşə qəbul formasına’ daxil edəsiniz. Razıyam ki, şirkətin formasında bəzi suallar olmaya bilər və siz özünüzü daha yaxşı təqdim etməyə bilərsiniz. Amma bu o demək deyil ki, öz CV-nizə vurulub maksimum onu təqdim etməyə çalışasınız. Bunu o zaman etmək yaxşı olar ki, forma CV-nizdən çox fərqlənər və suallardan kasad olar, onda e-mail ilə və ya əl ilə öz CV-nizi əlavə olaraq təqdim etmək olar. Həm də bu iş alınmazsa, sizin əziyyətlə hazırladığınız CV yenidən gündəmə gələcək.

Bəndlərin sayı arta-arta gedir, xüsusən də ‘cover letter’ və sizin haqqınızda xoş sözlər deyə biləcək adamların qeyd edilməsindən yazmaq istərdim. Amma düşünürəm ki, burada yazdığım qeydlər daha vacibləri idi və digər məsələləri özünüz də araşdırıb tapa bilərsiniz. Sonda onu deyim ki, müxtəlif məqamlarda qarşıma yüzlərlə CV çıxıb. Amma nədənsə adamın yadında daha çox pis tərtib edilmiş CV-lər qalıb. Bəlkə də onları daha çox müzakirə etmişik deyə. Amma yaxşı və ya əla CV-si olanlar sonra yadımızda deyil, yanımızda olublar. Sizin hər birinizə sizi istədiyiniz yerə götürəcək, HR-lardan keçəcək CV-lər arzulayıram!

Arzum budur ki … – Sağlıqları məqsədə çevirmək zamanı

Zarafat-zarafat ilin ilk ayının yarısı geridə qalmaqdadır. İlin ilk iş həftəsi qar ilə yadda qaldısa, bu həftə bir qədər isti keçir və tətil günlərində buzlaşan beyinlər tam olaraq əriyir. Yeni ilin gəlişi ilə bağlı elə böyük möcüzə baş vermədiyi üçün gündəlik həyat reallıqlarına da tam olaraq qayıtmaqdayıq. Amma istənilən halda yeni təqvim ilindən gözləntilərimizin çox olmasında pis heç nə yoxdur.

Ötən ilin mənim üçün uğurlarından biri bu bloqda yazmağa başlamağım oldu. İstənilən bir uğurun deyirlər yarısı start düyməsini başlamaqdan keçir. Düzdü, yazı-pozuda deyə bilmərəm ki bu start belə vacibdir, çünki davamlı fikirlər formalaşdırmaq və daha maraqlı və faydalı yazılar ortaya qoymaq düymə basmaqdan qat-qat vacibdir. Ən azından buradakı yazıların davamlı maraqlı olması, eyni zamanda 12 ayın sonunda ili xatırlayarkən bir neçə gün məmnun ola bilməmiz üçün 2015-ci ildə sizə və özümə bəzi arzularım var. Deyə bilərsiniz, bu arzuları niyə 15 gün qabaq demədim, çünki bunları bizə həmin ərəfədə demək olar ki hamı deyirdi. Xüsusən də, çoxlarımız hələ də arzuların, xəyalların içində boğulub qalmışıqsa, yenidən fikirləşib daha ciddi-ciddi bu sağlıqları məqsədə çevirməyə gecikdirməməliyik.

Beləliklə, sizə və özümə olan 4 arzudan, daha doğrusu məqsəddən qısaca qeydlərim:

Təhsilimizi davamlı etmək

Bizim nəsil elə bir avtomatlaşmış dövrə düşüb ki, yeniliklərin çoxunu elə üstəncə öyrənirik, dərindən öyrənməyə həvəsimiz, bəlkə də vaxtımız olmur. Əksər hallarda özümüzü bir çox sahələrdə bilikli və ‘ekspert’ sayırıq və çox-çox az oxuyuruq. Amma davamlı təhsilimiz üçün gündəlik, həftəlik vaxt ayırmağı bacarmalıyıq. MBA təhsilinə vaxt və pul çatmırsa, ən azından onlayn təhsil almaq olar və ya kitablardan faydalanmaq olar. Ölkəmizdə bir sıra sahələr üzrə peşəkar kvalifikasiyalar təqdim edilir ki, bu kurslarda da iştirak etmək olar. Onsuzda çoxdan sübüt olunub ki, yuxusuzluğun dərmanı əlinizdəki telefon və planşetlər deyil, kağız vərəqlərdən ibarət 5 hərfli bir əşyadır ki, yunanlar ona ‘vivlio’ deyirlər.

 Karyeramızda irəlilənmək

Yoxsa irəliləmək? Fərq etməz, əsas odur ki bunu özümüzün planına sala bilək. Ətrafımızdakı insanlar bizdən adətən işimizlə bağlı iki sualı soruşur, birincisi ‘çak-çuk var’?, ikincisi ‘promoşn var’?. Çak-çuk barəsində sual verənlərə buradan qucaqdolusu çak-çuklar. Promoşna gəldikdə isə irəlilənmək üçün daimi özümüzə işimizin keyfiyyəti ilə bağlı yeni hədəflər qoymağı bacarmalıyıq. İşimiz rutindir deyib keçmək lazım deyil. İşimizə rəng qatmağı bacarmalıyıq. Yekunda yaradıcı yanaşmaqla öz qabiliyyətlərimizi artırırıq. Bunu menecerlər görməyəcəksə bunda ən böyük günah elə özümüzdədir. Bir də rutin işim var deyib üstdən keçmək axırımıza çıxacaq, daha doğrusu bizi təqaüdə çıxaracaq. Bir də gözümüzü açacağıq ki, təqaüdçü yaşındayıq və sosial sığortaların ümidinə qalmışıq. Qısası işimizdən xoşumuz gəlmirsə əlimiz gərək cibimizdə olmasın, başımızda olsun ki, qaşıyıb daha yaxşı bir iş tapa bilək.

Şəbəkələşmək və daha çox insan tanımaq

Nə zaman ki, daha çox insanı sadəcə öz məqsədlərin üçün deyil, onlara da faydalı olmaq üçün axtaracan, ətrafında daha çox insan toplaya biləcən. Bu fikrə biznes kitablarında ara-sıra rast gəlmək olar. Biznesdən kənarda da bu belədir. Biz nə qədər çox insan tanısaq, nə qədər onlar üçün faydalı olsaq bundan birincisi özümüz zövq alacaq, ikincisi isə normal olaraq bu əlaqələrdən özümüz faydalanacağıq. Səhər tezdən insanların üzündən yağana baxmayın, gün ərzində çoxunun əhval-ruhiyyəsi yaxşı olur. Öz maraq dairəmiz, karyeramız ilə bağlı nə qədər çox şəbəkələşsək bir o qədər tanınmış olacağıq. Kim tanınmış olmaq istəmir ki?

Can-sağlığımız da ki öz yerində

Xəstəlik kiminsə qapısını 20, kiminsə qapısını 30, kiminsə də qapısı 60 yaşında döyür. Problem odur ki, sağlamlığımızın nə zaman bizi incidəcəyindən çoxumuz xəbərsizik. Amma ki, sağlam-həyat tərzi yaşamaqla bunu az da olsa təmin edə bilərik. İş tək pis vərdişləri tərgitmədən getmir, eyni zamanda qidamıza nəzarət, fiziki hərəkətlərə çox meyliliyimiz qapımız döyülərkən bizi qapının o biri tərəfində təşvişə salmaz. Sağlam olmaq həm də sağlam fikirlərə sahib olmaq deməkdir. Xüsusən də, Səhiyyə Nazirliyi xəbərdarlıq edir ki, sosial media sindromuna tutularkən azacıq məlumatlı olduğumuz məsələlərə dərhal isterik münasibət göstərməyimiz, ekranın o biri tərəfindən böyük-böyük danışmağımız sağlamlığımız üçün ziyandır.

Qısası çoxlarımızın bildiyi və eşitdiyi arzulardan, planlardan vacib bildiklərimi sizlərlə paylaşmaq istədim. Fikirmcə bu və digər ‘sağlıqları’ məqsədlərə və həyat tərzinə çevirsək, o zaman neftin qiymətinin düşməsi bizlərə 100 % təsirsiz ötüşəcək!

 

Alət çubuğuna keç