Böhran kommunikasiyaları – Coffeeshop keysi üzərində praktik həllər (Video)

Nə gizlədim, arada Azərbaycan Turizm İnstitutundakı auditoriyalarda olmaq və yenidən gənclərlə öz fikirlərimizi paylaşmaq istəyirəm. 2 ilə yaxın burada dərs demək imkanım olmuşdu. İndi isə ara-sıra sadəcə seminarlar və çıxışlarla kifayətlənirəm. Amma hələ ki. Video bloq isə 80 dəqiqə də olmasa, 8-10 dəqiqə ərzində bəzi fikirləri çatdırmaq üçün idealdır.

Bu həftə bizi çox güldürüb, ağlatdı. Həftə isə xatırlayırsınızsa, məhz Coffeeshop Azerbaijan keysi ilə başlamışdı. Böhran kommunikasiyası baxımından faydalı olacaq növbəti video bloqu böyük məmnuniyyətlə sizə təqdim edirəm:

Günəşlini kölgədə qoyan mövzular

Günəşlini kölgədə qoyan mövzular

Azərbaycanda marketinq, reklam və PR yoxdur deyən insanlara həmişə təəccüblənirəm. Bəli bu sahələr elə peşəkar səviyyədə deyil, amma son günlər medianı yaxından izlədikcə manipulyatorların ictimai fikri, gündəmi necə əlcək kimi dəyişdiyini görmək olur. Bu günlərdə əsas məsələ neft-manat tandemi olsa da, onlardan çox başqa mövzular müzakirə olunur. Bir neçəsini mən də sizə xatırladım:

Qapını aç, güldana da su doldur

Bir neçə gün öncə içi mən daxil inandıq ki, əlində gül buketi gəlib qapını döyüb sonra da evi yarmağa girən insanlar peyda olub. Video yayıldı, share-lər, sharə dalınca. Sonra da Daxili İşlər Nazirliyi də bildirdi ki, onlar ianə yığır. Dostumuz da maraqlı bir fikir bildirdi ki, bu bankların oyunudur, istəmir camaat əmanətini çəkib evdə saxlasın. Əlqərəz 2-3 gün evdə ad günü olanlara camaat gül alıb aparmadı ki, qapıda qalarlar. Başa düşülən odur ki, bu xofun, qorxunun yaradılması düşünülmüş bir işdir, ya da hamısı bekarçılıqdandır.

Maaşların artmasına az qaldı

Bu günlər oxuduğum ən gülməli, lap elə ağlamalı başlıq məhz bu oldu. Sanki illərdir gözləyirik ki, DiCaprio Oskar alacaq və budur təltifetmə mərasiminə az qalıb. Axırda da Oskarı ayıya verirlər. Vəziyyət təxmini belədir. Şou çıxardan xəbər saytları bütün dünyada bu prinsiplə işləyirlər. Bu barədə ötən il də bir yazı yazmışdıq. Amma dəhşət odur ki, onsuzda insanların belə məyus vaxtında xəbər oxunsun deyə belə başlıqlar seçmək alçaqlıqdır.

Maşının üstünə 103, 104 yazdıranlar

DYP haqqında ara-sıra mən də etirazlarımı bildirirəm. Daha çox da parklama problemləri ilə bağlı. Dekabrın sonundan sosial medianı səs-küy bürüdü ki, bəs İlk Tibbi Yardım qutusu, yanğın söndürən balon, adını da unutduğum üçbucaq nişanı olmasa maşını saxlayıb cərimə edirlər, bal yazırlar. Xəbərçi saytlar də bu barədə çox yazdı. Əslində məlum oldu ki, deyilən cərimə real cərimədən 6-7 dəfə çoxdur. Hətta bundan sonra alkoqol reydinə görə məni DYP əməkdaşı saxlasa da, heç bu barədə sual da soruşmadı. Belə nəticə çıxdı ki, bu daha çox PR xarakterlidir və bu sözü gedən avadanlıqları satanların xüsusi kampaniyasına oxşayır. Ona görə də tibb çantasının qiyməti 8-10 manatdan 30-40 manata çatdı. Bundan əlavə oradakı dərmanlara ortalama 8-10 manat xərclənsə və 100 000 sürücü gedib bu dərmanları alsa bu 1 milyon manat deməkdir.

Orucunu açanlar

Xəbər saytlarını izlədikcə başlıqların hansı ölkədə baş verdiyini müəyyən etmək bir qədər çətindir. Bu azmış kimi Azərbaycandakı siyasi məsələləri xəbər saytları elə yazırlar ki, adam ilk baxışdan çox da əhəmiyyət vermir. Bu arada isə fikirləri daima iqtidaryönümlü olan deputat qəfil orucunu açır və müxalif-müxalif danışmağa başlayır. Buna elə çox əhəmiyyət verilmir. Bu insan həm də Azersuna daş atır, Azersunun cavabları isə manşetləri bəzəyir. Zatən, bu ‘tüpürcəyimi uddum orucum açıldı hə yəqin’ misalına oxşayır, amma yenə də onun dediyi 1-2 düz sözü də gündəmdən çıxarmağa əla taktikadır.

Və kölgədə qalan ‘Günəşli’

Dekabrın əvvəlində olan Günəşli isə gündəmdən düşdü. Əlbəttə, ölkə üçün indi daha vacib mövzular var. Amma media bir neçə gün təkrar-təkrar sadəcə emosional yazılar yazmaqla tükləri ürpətdi. Bir də FHN öz PR-nı apardı. Bu hadisələrlə bağlı ciddi təhlillər, müzakirələ mediada rast gəlmək olmadı. Bizdə başa düşüləndir ki, BBC yaxın illərdə olası deyil, amma bu hadisə fonunda əməyin təhlükəsizliyi, platformaların istismarı ilə bağlı belə müzakirələr olmadı. Əslində biz elə o an neftin dəyərini öldürdük.

Böhranda kommunikasiya öz vacibliyini daha da artırır. İnsanları vacib mövzulardan yayındarmaqdan ötrü idarəedicilər hökumətdaxili, şirkətdaxili ehtiyatda saxladıqları mövzuları gündəmə gətirirlər. Bizim də təhsildən kasad olmağımız, araşdırmaya meylli olmamağımız bu ‘hot topic’lərin  içində alışıb yanmağımıza səbəb olur. Dostlar, həqiqətən dünyanın axırı deyil. Nə gördük, nə eşitdik gərək dərhal emosiyaları işə salmayaq, rasional olaq. Həyata sadəcə 90 dəqiqə səs-küyə gedib qışqıran, alqışlayan, deyinən, əsəbləşən bir futbol azarkeşi kimi yanaşmayaq, hərdən oyunçu, məşqçi, operator, həkim olaq.

Qoy həmişə forum olsun dedik, oldu da

Qoy həmişə forum olsun dedik, oldu da

Bizdə hər deyəndə milli forum olmur(du). Amma dövr o dövr deyil və Azərbaycanda bu ili mənim iştirak etdiyim 3 Milli Forum artıq olub. Marketinq, Digital Marketinq forumlarından sonra bu gün, 19 dekabr 2015-ci il tarixində Bakıda Milli İnsan Resursları Forumu keçirildi. Birinci dəfə. Forumun birinci panelini qaçırsam (Elvin bəyi çox dinləmək istərdim) da hesab edirəm ki, forumdan çıxardığım bəzi nəticələri sizinlə paylaşmaq olar:

  1. Yol verin, yeni nəsil gəlir – İş dünyasına 1995-2000-ci illərdə doğulmuş nəsilin nümayəndələri gəlir həyəcanla qeyd edilməsini çox bəyəndim, əslində bu barədə çox düşündüm. Bu nəsilin digital olmağı ilə bağlı marketinq müzakirələrində çox etmişik. Buna hazırdır iş dünyası?
  2. Problemləri çoxumuz bilirik, bəs necə həll edək? – Bu forumda bir daha əmin oldum ki, baxmayaraq marketinq, insan resursları, biznes bloqerlər bəzən eyni platformada olmurlar, amma aşağı-yuxarı hamımızım dərdi eynidir. Düşünürəm ki, böyük bir platformada problemləri ümumi həll etmək zamanı çatıb.
  3. Kim deyir ki, bizdə insanlar öyrənmək istəmirlər? – Forumda xeyli yeni simalar var idi ki, onları biz marketinq tədbirlərində görməmişdik. Aydındır bu HR tədbiri idi. 🙂 Təşkilatçıların promo fəaliyyəti real nəticələr verib. Suallardan, fasilələr zamanı müzakirələrdən insanları belə həvəsli görmək çox xoş oldu.
  4. Elastik iş mühiti – Bu dövrün tələbədir və çoxumuzun da bildiyi kimi evdən iş, qeyri-standart iş saatları artıq qərb dediyimiz yerdə illərdir tətbiq edilir. Mənə elə gəldi ki, biz hələ buna hazır deyilik deyib bu işə hazırlıqla bağlı böyük investisiya tapmaqdan və əlavə işdən sanki baş qaçırdırıq. Təki mənə elə gəlsin.

İndi isə bir neçə kəlmə spikerlərdən:

Həqiqətən gözəl fikirləri çatdırmaq üçün qeyri-adi təqdimata ehtiyac yoxdur. Fiziki məhdudiyyətli şəxslərin məşğulluğu haqqında Gülşən xanım fikirlərindən əminəm ki, çoxunuz təsirləndirdiniz.

Azersun bu forumda 2 peşəkar ilə təmsil olunurdu. Elçin bəyCəlal bəy hər ikisi çox maraqlı təqdimat etdilər. Google-in geriləməsi göstərir ki, şirkətlər HR brendinq sahəsində ciddi rəqabətdədirlər (hələ ki oralarda). Cəlal bəy isə forumlardan ən çox gözlədiyim bir işi gördü. Öz real təcrübələrindən danışdı.

Forumun vasitəsilə uzun zamandan sonra dostumuz Alruz bəyi də gördük. 10 ildir tanıyıram deyə demirəm, amma onun investisiya yanaşmasını bəyəndim və Ana testi çox əla idi. Xəqani Səfərov haqqında çox eşitsəm də təqdimatında ilk dəfə idim. Təlim işi məşğul olan şəxsin üstünlüyü odur ki, 5 dəqiqə danışsa da maraqlı misallarla səni təlim mühitinə aparır. 

Əlbəttə ki, forumun ən maraqlı çıxışlarından biri məhz Namiq Məmmədovun çıxışı oldu. Pozitiv ruhlu olan çıxışda HR sahəsində çalışanlara marketoloqlardan nümunə götürmək tövsiyyə olundu. 2016-cı ilin böhranı fonunda iş yerlərindəki potensial vəziyyəti isə Namiq bəy çox gözəl təsvir etdi – Əvvəl sizin əlinizlə işçiləri, sonra isə sizin özünüzü çıxardacaqlar.

Cəlal bəyə və Xəqani bəyə avtomatlaşdırma ilə bağlı sualımı lazımi çatdıra bilmədim. Bu barədə əlavə bir yazı olacaq tezliklə. Bir daha təşkilatçılara çəkdikləri əziyyətə görə, nəbilim çaya, kofeyə, dadlı yeməyə, köhnə dostlarla, yeni insanlarla bizi qovuşdurduqlarına, səbirli davranışlarına, lotoreyada mənim nömrəmin ətrafında fırlanan rəqəmləri çıxartdığına görə təşəkkür edirəm. Əsl hədiyyəm pozitiv enerji və düşüncələr oldu onsuzda 🙂

Kaş bütün günah neftdə olardı

Kaş bütün günah neftdə olardı

Çox pis hissdir. İllərdir, bəlkə də aylardır biznesinin bütün xırda detallarını öyrəndiyin şirkətin biznes və marketinq kommunikasiyaları üçün çalışırsan və şirkətin ayağı büdrəyən kimi ən birinci məhz sənin pulunu kəsir. Pulu kəsmək bəlkə yumşaqdır, çox rahat əməkdaşlığın dayandığını bildirir. Bu reklam və marketinq kommunikasiyalarını təqdim edən istənilən bir şirkət üçün tək pul itkisi deyil, həm də bu brendlə bağlı ruh itkisidir. ‘Outsource’ olanda nə olar, məgər reklam şirkəti işini gördüyü brendin uğurları üçün çalışmırmı?

Namiq bəyin Reklamın optimallaşdırılması yazında  baxıram ki, mənim də adım yazılıb. Müəllimin qətiyyən sözünü yerdə qoya bilmərəm. Cavabım elə bu yazı olacaq. Mən reklamçı olmadığımdan və konkret olaraq reklam şirkətində işləmədəyimdən bu məsələyə sadəcə reklam tərəfdən baxmayacağam. Daha çox hazırki vəziyyəti qiymətləndirəcəyəm və haqqında düşünülməli olan bir neçə məsələdən söz açacağam.

Nə düz başa vermir?

Hazırki vəziyyəti başa düşmək elə çətin deyil. Narxozu qurtarmadan belə başa düşmək olur ki, neft qiymətləri və digər siyasi faktorlar öz yerində, amma bizdə əsas problemlərdən biri də həmişə danışdığımız korporativ mühitin yox, məhz bazar mühitinin ölkənin ən böyük brendlərində də tuğyan etməsidir. 20 nəfər işçisi olan kiçik bir şirkətdə əgər illik fəaliyyət planı, marketinq büdcəsi, fərqli məhsullar və xidmətlər üçün marketinq planlar və çox yox, sadəcə 2-3 səhifəlik marketinq strategiyası yoxdursa neftin qiymətinin oynaması bəhanədir. Aydındır ki, hədəfsiz şirkətlərdə planlar tez-tez dəyişir. Hələ mən İnsan Resursları ilə bağlı vəziyyəti demirəm. Bu o deməkdir ki, çox adam öz yerində deyil və əgər yaxın zamanlarda bazara biznes təfəkkürlü daha çox insan daxil olacaqsa hələ çox adam öz uğursuzluğunu neftin üstünə atacaq. Mən neft və siyasi faktorları istisna etmirəm. Amma daxildə həll edilə bilinən məsələləri həll etmək əvəzinə xarici faktorların üstünə şər atmaq soyuqqanlı uğursuzluğu qucaqlayıb kondisionerli otaqda yuxuya getmək kimi bir şeydir.

Biznes biliyi vs. duyumu

Məsələ odur ki, biznes biliyi də heç də hər şeyi həll etmir. Narxozu qurtaran hamıya iqtisadçı deyillər. Orta və yuxarı yaşlı insanlar da inanır ki, biz, bütün Narxoz məzunları çox istedadlı iqtisadçılarıq. Nəticə göz qabağındadır 😉 Eynilə, xaricdə oxuyub gəlmək və ya bütün günü jurnallar oxumaq, bizim kimi bloq yazmaq zaman göstərir ki, biznes duyumu olmadan elə də faydalı deyil. Bütün bu bilikləri almaqdan məhrum olan çoxsaylı milyoner insanlar var. Ən azından hesabı gözəl bilirlər. Düzdür azad rəqabət mühitində bu insanlara milyonları artırmaq çətin olur. Biz vacib olan biznes və idarəetmə biliklərini istisna etmirik, amma rəqiblərin üstün və zəif tərəflərini başa düşüb təhlil etmək, ona əks tədbirlər hazırlayıb düzgün tətbiq etmək, müştərilərin ehtiyaclarını başa düşüb onlara uyğunlaşmaq, 1 il sonranın trendlərini öncədən görə bilmək, işin pis vaxtında belə onun hara və necə getdiyini hiss etmək istedaddır deyib boynumuzdan atmayaq. Bu cür xüsusiyyətlərə malik olmaq əla biznes duyumlu olmaq deməkdir.

İndi deyin görüm bu insanlar reklamı neynirlər?

Bir tərəfdən deyirik ki, biznes bilikləri üzərində formalaşan biznes təfəkkürü lazımdır, digər tərəfdən deyirik ki, bundan əlavə biznes duyumu da vacibdir. Sözümüzdən elə çıxır ki, bizdə bunlar elə çox yayılmayıb. Bəs yaxşı bu tip insanlar indiki böhran vəziyyətində reklamı neynirlər? Qəpiyi manatın üstünə qoyub özlərinin sabit xərclərini ödəyirlər də. Amma indi növbə çatır reklam şirkətlərinə ki, onlar artıq reklam və kommunikasiyanın vacibliyini, hətta böhran dövrlərində xilasedici rolunu bizneslərə çatdırsın. Biznes mühitini maarifləndirməkdən çəkinmək lazım deyil. Təbii, başa ağıl qoymaq kimi deyil, sadəcə düşündürməklə. Milli Marketinq Forumu kimi bizə hələ daha bir neçə platforma lazımdır ki, ayağı büdrəyən yüzlərlə sahibkar gəlib buradan fayda əldə etsin. Bu əslində əsas çıxış yollarından biridir. Bundan əlavə reklam şirkətlər gərək özləri öz işlərini optimallaşdırsınlar. Bəzi şirkətlərin etdiyi kimi dizayn və çap lazımdırsa xaricdə edilsin, böyük təntənli ofislər deyil, daha mobil ofislərə sahib olsunlar. Həmçinin gərək ‘otkat’ mədəniyyətinin mədəniyyətsizlik olduğu da sifarişçilərə çatdırılsın. Sirr deyil ki, şirkətlərin bəzən orta menecerləri onun xərclərinin 5-10 %-ni ‘otkat’ ilə ciblərinə qoyurlar. Ən vacibi gərək hər iki tərəf başa düşsün ki, əməkdaşlığı birdən kəsib atmaq düzgün deyil. Ola bilər ki, köhnə reklam materiallarına güvənib 1-2 nəfəri də şirkəti götürüb ‘mən özüm dizaynımı filan edəcəyəm’ demək olar. Reklam şirkəti də sonunda bir biznesdir və biznes təfəkkürünü işə salıb müştəri üçün daha optimal həllər təklif etməlidir və qiymətdə yumşaq olmalıdır. İnanıram ki, peşəkar reklam şirkətlərimiz bu prinsipləri tətbiq etməklə özləri və müştərilərini də büdrəmətə qoymurlar.

Sabah olmayacaq

Sabah olacaq, sadəcə sabah bəzi bizneslər, brendlər olmayacaq. Güclü brendlər daha da güclənəcək və gələcəkdə böyük olmaq arzusu ilə yeni brendlər ortaya çıxacaq. Hansısa sahibkarın işinə qarışmaq ki, reklam verməsən biznesin öləcək inanmıram ki elə böyük effekt versin. Ən azından o özü gecə rahat yatmaq istəyir ki, daha az maliyyə öhdəliyi olsun. Pis olan odur ki, satışlar düşəndə isə gec olur. Sənaye sahəsindən asılı olaraq müxtəlif innovasiyaların tətbiq edilməsi mümkündür ki, birisigünə də çıxasan. Təşviş onsuzda olacaq, əsas odur ki, vəziyyət düzgün təhlil edilsin, sənayedaxili rəqiblərin vəziyyəti və üstünlük və zəif tərəfləri müəyyən edilsin, işçilərlə səmimi olunsun və lazımdırsa bir neçə ay mənfəətdən imtina edilsin. O zaman işin effektliyi üçün reklam da sifariş ediləcək, CRM proqramı da tətbiq ediləcək, işçiyə ödənişli məzuniyyət də veriləcək. Buradan da görürük ki, qara gününə pul saxlayan adamlar bizdən həmişə qabaqda olacaqlar. 🙂

Milli Marketinq Forumunda mesajlarımdan biri biznesin optimallaşdırılması ilə bağlı idi. Son 10 il ərzində baxsaq yüzlərlə şirkət açılıb və brendini tanıda bilib. Aydındır ki, buna tək keyfiyyətli məhsul və xidmətləri ilə deyil həmçinin marketinq kommunikasiyaları ilə də nail olub. Bir xeyli innovativ həllər tətbiq edilib. Sadəcə elə onlayn xidmətlər və ödənişləri götürsək rahatca görürük ki, bu sahəyə qoyulan investisiya nə qədər prosesləri mərkəzləşdirir, insan rolunu minimuma endirir və vaxta qənaət edir. İndi deyilənlərə görə hər mənada durğunluqdur, amma ən azından çoxluğun yenidən dirçəlməsi üçün gərək sabahın olacağına inanıb onun uğrunda çalışmaqdır.

Alət çubuğuna keç