Göy göyərti və ət rəngində ət

Göy göyərti və ət rəngində ət

Ara-sıra sosial şəbəkələrdə dilimiz, daha dəqiq də olsa biznes dilimiz ilə bağlı müzakirələr gedir. Ən çox da rastlaşdığım da Rus dili ilə bağlıdır. Çoxları bu dilin işlək dil olmasına etiraz edir, həmçinin kinoteatrlarda filmlərin bu dildə göstərilməsinə çox radikal yanaşır. Bəzi şəxslər cümlələrinin yarısını ya İngilis, ya Rus, ya da Türk sözləri ilə doldurur. Amma bütün bu fonda xeyli sayda insan var ki, Azərbaycanda biznesin, biznes-müştəri münasibətlərinin uğurlu gələcəyini məhz Azərbaycan dili ilə bağlı olduğunu çox gözəl başa düşür və dilimizin imkanlarından maksimum faydalanır. Bu ayın əvvəlində olan ‘Bəlkə biz düz etmirik’ bloq yazıları deyişmələrində də milli kontentin yaradılmasının vacibliyi qeyd edilirdi. Bu günlərdə isə Yarat-ın Göydə Göy Göyərti Göyərdi layihəsi və Özsüt-ün menyuda yazdığı Ağ ətlər söhbətlərindən sonra istərdim ki, ürəyimdə olanları sizinlə paylaşım:

Mən dilçi deyiləm, sözün açığı

Qabaqcadan deyim ki, mən dilçi deyiləm. Ona görə də bu postu oxuyub qrammatik və bəlkə də çox istifadə etdiyim inversiyalara görə leksik səhvlər tapırsınızsa üzürlü hesab edin. Amma inanıram ki, dilimizin imkanlarından maksimum istifadə edib öz fikirlərimi çatdıra bilirəm. Maksimum çalışıram ki, yazılarımın başlıqlarında ikimənalı sözlərdən də istifadə edim. Nə gizlədim, sözlərlə oynamağı çox sevirəm. Mən satıla bilinən mətnlər yazmağı çox sevirəm. Bunun incəliklərini öyrənirəm. Sadə bir e-mail yazanda hansısa sözə vurğu vuracağamsa onun ətrafına az əhəmiyyətli sözləri yığıb o sözü bəzən həddən artıq şişirdirəm. Hansısa dilçi alim və ya dil məsələsində həssas adam bu addımları bəyənməz. Amma alıcım, yəni mətni oxuyan insanların çox böyük əksəriyyəti heç buna fikir də vermir. Müsbət nəticə əldə edilir.

İşləyən dil

Dünya təcrübəsində ‘güya ki qadağan olunan’ çoxlu sayda reklamın altmənalı sözləri olur. Baxırsan ki, ağızdan söyüş çıxmadı, amma ağzıyla adamı söyür. Marketoloqların bu cür xoşagəlməyən və ya qeyri-adi məsələlər haqqında söhbət və mübahisə etməsi normaldır. Bəzən heç marketinq sahəsində olmayanlar da sosial medianın imkanlarından istifadə edib belə qeyri-adiliklərə münasibət bildirirlər. Buradan sadə nəticə çıxarsaq, bu gözəl PR addımıdır. İkincisi isə brend əgər ağıllı idarə olunursa bu cür oyunların nə dərəcə onun satış və imicinə təsir etdiyini çox yaxşı da müəyyən edə bilir. Əgər doğurdan da qeyri-etik nə isə imicə təsir edirsə o zaman lazımi addımlar da atır. Amma ümumi görünən odur ki, brendlər işləyən dili istifadə edir. Kütlə üçün işləyən dil. Satış üçün işləyən dil. Amma təbii ki, maksimum çalışmaq lazımdır ki, yazılarda qrammatik səhvlər az olsun. Hətta mətn tərcümədirsə Azərbaycan dilinin ahəngliyinə yatsın. Ən əsası sadə olsun.

Mənə video reqistratorun quraşdırılması haqqında məlumat lazımdır

Niyə görə biz hansısa məlumat lazım olanda Disput.Az-a qaçırıq? Onsuzda burada da əksər müzakirələr Rus dilindədir. Səbəb isə çox sadədir, çünki biz bəzən xırda detalların içində ilişib qalırıq, böyük işlər az görürük. Brendlər bazarın balaca olduğunu əsas gətirib müştərilərə Rus dilində olan video materialları, bələdçi kitablarını təqdim edirlər. Mütəxəssislərimizin isə yazmaq-pozmaq nədir, heç video bloq ilə arası yoxdur. Elə alıcılar da passivdirlər. Əgər bizdə restoran və kafe biznesi, qurmanlıqla bağlı bloqlar, yazılar çox olsa əminəm ki, dilimizdə ayrı mənada qəbul edilən sözləri zaman-zaman yeni mənada çatdırmaq olar və insanlar çəhrayı ət sözünü normal qəbul edər. Amma yoxdur. Ona görə də mən də video reqistrator (qeydiyyatçı da deyə bilərdim) quraşdırılması haqqında Azərbaycan dilində lazımi məlumat tapa bilmirəm.

Türkün məsəli və belə pis çıxmasın

Bu ifadələri mən ümumiyyətcə istifadə etmirəm. İnsan ailədə və ya yaxınları ilə danışarkən hansısa sözə niyə axı biədəb məna axtarsın ki? Əslində elə özümüz öz kölgəmizdən qorxuruq. Anlaşılandır ki, bəzi sözlər ikimənalı olduğundan və pis çıxan mənası daha populyar olduğundan bu sözləri işlətməkdən qaçırıq. Həmçinin dilimizdəki bəzi sözləri də bəyənmirik. Heç nəfəslik, işıqfor səviyyəsindəki sözləri demirəm, məsələn alicənab, işgüzar, müştərək, əmtəə sözlərini işlətməklə biz heç də AZTV dilində danışmırıq. 

Zamanla onsuzda bu düzələcək, dil ilə bağlı başqa problemlər çıxacaq. Qloballaşma çox gözəldir, amma marketinqdə lokallaşma da ondan da gözəldir. Milli Marketinq Forumunda çıxışımda da dediyim kimi milli biznes dili yaratmaqla və öz dilimizdə müştərilərimizdə səmimi olmaqla istənilən brendi sevdirmək, duydurmaq, hiss etdirmək və s. maq-mək-lər mümkün olacaq.

 

PR şirkəti – PR kampaniyası

Öncədən bildirim ki, başlıq bizim bu postumuzda simvolik xarakterlidir və biz burada PR-dan yox, tərcümədən, daha dəqiq biznes üçün tərcümədən danışacağıq. Təlim şirkətində işlədiyim vaxt biz təlim paketlərini Azərbaycan və Rus dillərinə tərcümə etdirirdik. Bu işi ya kənar şirkət, ya da məhz paketlərin tərcüməsi üçün götürdüyümüz şəxslər edirdilər. Yeni tərcüməçi olanda onun ilk tərcümə etdiyi paketlər təlimdən öncə oxunulub çapa verilirdi hər ehtimala qarşı. Mehmanxana PR-ı təlimindən öncə paketi çapa verməmişdən öncə oxuyanda bir neçə dəfə PR şirkəti ifadəsini görüb tərcüməçinin ‘campaign’ və ‘company’ sözlərinin fərqinə varmadan PR kampaniyasını PR şirkəti kimi tərcümə etdiyini anlamışdım. Əslində bu məsələlərlə hər birimiz tez-tez rastlaşırıq. Mətnlər oxunaqlı və başa düşülən olsun deyə belə tərcümələrə tərcüməçi işindən sonra da heç də az əl gəzdirmirik. Burada qısaca bir neçə bənd üzrə hazırda ölkəmizdə biznes üçün tərcümədə olan problemlərə və səhv yanaşmalara toxunacağam.

1. Qrammatik səhvlər – İlk öncə ən primitiv məsələyə toxunaq. Çox az hallar olur ki, tərcüməçinin etdiyi mətnə qrammatik cəhətdən əl gəzdirmirsən. Özü də tərcüməçinin ana dilinə olan tərcüməsində. Nöqtə, vergül o yana, bütün mətn boyu sözləri tələffüz olunduğu kimi yazan, böyük və kiçik hərflərə məhəl qoymayan, öz ana dilimizdə olmayan sözləri ‘milliləşdirən’ tərcüməçilərin səhvlərini bu mətnə cavabdeh olan bizlər məcbur olub cümlə-cümlə düzəldirik. Milliləşdirmənin, daha dəqiq xarici və daha tez anlanılan sözlərin istifadəsinin əleyhinə deyiləm, amma məsələn müsahibə sözü ola-ola intervyu sözünün istifadəsinin əleyhinəyəm. Bu arada bu bloqda olan hər hansı bir səhvə görə mən sizlərdən bəribaşdan üzr istəyirəm! 😉

2. Sənayedən az məlumatlı olmaq – ‘Kampaniya və şirkət’ kimi məsələlərə səbəb elə müxtəlif biznes sənayelərindən xəbərsizlikdir. Biznes terminlərinin tam mahiyyətini başa düşməyən, sahə üzrə az bilgisi olan, buna baxmayaraq öz bildiyi kimi mətni tərcümə edən şəxslər, tək şirkəti kampaniya ilə deyil, bütün mətni qarışıq tərcümə edirlər. Tövsiyyə olunandır ki, tərcüməçiyə mətni təqdim edərkən terminlər, mətndəki xüsusi adlarla bağlı qısaca da olsa təlimat verəsiniz. Ən azından bu sizin redaktəyə daha az vaxt sərf etmənizə imkan verəcək.

3. Şişirdilmiş qiymətlər – Yazılı tərcümə üçün qiymətlər münasib olsa da, şifahi tərcümədə qiymətlər çox şişirdirilir. Anlaşılan odur ki, bu sahədə mütəxəssis azdır və peşəkarlar üçün də gündəlik qiymətlər 400-1200 AZN arası dəyişir. Problem odur ki, bu bahalı brendlər arasında elə tərcüməçilər var ki, bu yazıdakı digər bəndlər onlara tam şəkildə aiddir.

4. Zəif təqdimat bacarıqları – Yuxarıdakı bənddən də gördüyünüz kimi tərcümə deyərkən bu postda sadəcə yazılı tərcümə ilə məhdudlaşmırıq. Tədbirlərdə ardıcıl tərcümələrə də toxunmaq istərdik. Tədbirlərdəki çıxışlarda səhnədən tərcümə edən şəxslər zəif təqdimat bacarıqları ilə ən güclü natiqin belə çıxışını və mesajını zəif səslə, inamsız intonasiya və düzgün idarə edilə bilinməyən bədən dili ilə lazımi şəkildə auditoriyaya çatdıra bilmirlər. İnsafən deyək ki, bəzən tam əksi də olur. Mənasız bir çıxışı bacarıqlı tərcüməçi çox gözəl təqdim edə bilir.

5. Hər yerdə səhvlər – Hər hansı bir şirkətin və ya təşkilatın başlıca məlumatındakı, şuarındakı, mesajındakı tərcümə səhvi sonradan onun internet səhifəsində, reklam materiallarında əksini tapır. Daha dəqiq keyfiyyətsiz və yalnış tərcümə şirkətin və ya brendin düzgün olmayaraq təqdim edilməsinə gətirib çıxarır. Bu cür səhvlərə istər beynəlxalq şirkətlərin Azərbaycandakı ofislərinin internet səhifələri və reklam, PR materiallarında, istər məhsul və xidmətlərin nümayəndəliklərinin, istərsə də özü heç bir mətn, mesaj fikirləşməyib fəaliyyət istiqaməti üzrə hazır internet səhifəsi tapıb onu tərcümə etdirən yerli şirkətlərdə rast gəlmək olur. Sözün açığı mən həmişə ‘böyük həvəslə’ bəzi xarici brendlərin Azərbaycan dilində olan reklam xarakterli kütləvi e-maillərini gözləyirəm ki, biraz gülümsəyim.

6. Dilimizdəki bəzi gözəl söz və ifadələri bəyənməməyimiz – Bir də onu deyim ki, bizim öz ana dilimizin sözlərinə müəyyən kompleksimiz var. Hətta tərcüməçilər, copywriter-lər tərəfindən xarici dildəki sözə ana dilimizdə çox gözəl ekvivalent tapılır, de gəl ki bu sözlə bağlı uğursuz assosiasiyalarımız bu sözü bəyənməməyə, o sözə qarşı kompleksli olmağa gətirib çıxarır. Konkret misal çəkmək ona görə çətindir ki, bizi kompleksə salan ana dilimizdən sözlər insan təcrübəsindən təcrübəsinə dəyişir.

Nəhayət, xüsusi bənd kimi qeyd etməsəm də sadəcə bildirim ki, tərcüməçilərin Azərbaycan biznes dilinin inkişafına verdiyi töhvə qiymətsizdir və peşəkar tərcüməçilərimiz bu işi illərdir uğurla da aparırlar. Gəlin bu işdə bir-birimizə dəstək olaq ki, biznesin və onun dəyərlərinin kütləvi anlaşılmasına nail ola bilək.

Alət çubuğuna keç