Onu oxudum, bu qaldı deməyinizə son qoyacaq bir platforma

Baku Blogs

Bu payız artıq ikinci il olacaq ki, mən də öz düşündüklərim, öyrəndiklərim, arzuladıqlarımla bağlı bu bloqda yazıram. Hələ bloqun 1 yaşı olanda yazmışdım ki, çox zamanlar öncədən yazmağa başlamaq istəsəm də, nə isə, kimsə sanki adamı tutub saxlayırdı. Bundan da çıxardığım nəticə o oldu ki, fikrində nə isə varsa mütləq həmin andan yazmağa başlamaq lazımdır. Vacib olanı odur ki, bunu davamlı edəsən. Əgər konkret bloq yazmağa vaxtınız yoxdursa, elə bir çoxları kimi siz də öz fikirlərinizi Facebook-dan, lap elə indi daha asan olan LinkedIn üzərindən paylaşa bilərsiniz. Vacib deyil ki, ilkin olaraq sizin yazınızı minlərlə insan oxusun. Sizə dəyər verən 5-10 nəfər oxuyub şərh və fikir paylaşsa belə yetərlidir. Əsas odur ki, siz paylaşmağa başlayasınız.

Müqəddəs Ramazan ayına yenicə girmişik. Bu ayın fəlsəfəsi çox genişdir. Ancaq Ramazanın ən gözəl dəyərlərindən biri də məhz paylaşmaqdır. Bu xüsusiyyət özümüzdə ən çox inkişaf etdirilməli olduğumuz dəyərdir. Axı həqiqətən də vacib deyil ki, siz varlı bir insana çevriləsiniz və ondan sonra başlayasınız öz var-dövlətinizi insanlarla paylaşmağa. Əgər az olanda paylaşa bilmirsinizsə, çox olanda da paylaşma vərdişiniz olmayacaq. Bu hətta vərdiş də deyil, ürəkdən gələn bir istəkdir. Həm də o vacib deyil ki, siz insanlarla sadəcə maddi nələrisə paylaşasınız. Bildiyiniz istənilən məlumat, bilgi kimlərsə üçün dəyərli ola bilər. Hətta ağlınıza gəlməyən insanlara belə.

Mən əminəm ki, Azərbaycanda son 2-3 il ərzində sayı xeyli artan mikro, makro, super bloqerlər də məhz bu prinsipdən işlərinə yanaşırlar. Hərçənd ki, buna pul mənbəyi kimi baxanlar da var. Deyilənə görə hətta paştet bloqerləri də var ki, gedib restoranın paştetindən cana vurub sonra başlayırlar restorandan yazmağa. Amma fokusu buna vurmaq fikrində deyilik. Qətiyyən. Sizə böyük məmnuniyyətlə Macarıstanda təhsil alan dəyərli bir gəncimizin bir neçə gün öncə yaratdığı faydalı bir platforma, bloqlar bloqu olan www.bakublogs.com layihəsini təqdim etmək və bu platformanı izləməyin niyə vacib olduğunu sizlərə qısaca çatdırmaq istəyirəm.

Son 1 il ərzində çox yaxın dostlarımızdan bir neçəsi Azərbaycanda vahid bloq şəbəkəsi yaratmaqla bağlı təkliflər irəli sürmüşdü. Mən də bunu maraqlı və vacib olduğunu bildirmişdim. Hətta ötən ilə Bloqer Azərbaycan Facebook səhifəsi də yaradıldı və bloqerlər burada öz yazdıqlarından paylaşmağa başladır. Twitter-də isə Azerbaijan Blogs müxtəlif bloqerlərdən maraqlı yazıları paylaşır. Keepface layihəsi də bloqerlər şəbəkəsini qurmaqda davam edir. Ötən il MobChannel layihəsi də açıldı ki, orada bloqerlərə abunə olmaq mümkün idi. Bu qədər informasiya axını olduğu halda, üstəlik izləmək istədiyiniz hər bir bloqeri sosial mediada izləmək imkanı olduğu halda nədən bu həngamə lazımdır?

Əvvala ona görə ki, burada neytral olaraq mümkün qədər çoxlu sayda bloqerin müxtəlif yazıları cəmləşir. Biznes sahəsində çalışan bloqerliyi əgər sadəcə marketinqlə beynində şüuraltı assosiasiya edirsə, bu platformaya girməklə müxtəlif sahələrdən olan yazıları, videoları, məlumatları izləmək olar. Bura hansısa xəbər saytı deyil ki, hər hansı bir şok başlıqla şou xarakterli yazıları oxuyasınız. İnanın ki, buradakı şok başlıqlı yazılar da faydalana bilməyiniz üçün sizin diqqətinizi çəkmək məqsədilə yazılır. Bu platformanın belə deyək ki, yazı oxumaq üçün daha rahat görünüşü var. Bəzən hansısa birimizin bloqu oxumaq üçün narahat olur. Həvəskar yığılan bloqlar olur. Amma burada yazılar rahat oxunaqlıdır. Dostlarımız, Turizm.Az bu ilin əvvəli səyahət ilə bağlı maraqlı bir bloq platforması açıb və səyahətdən yazanlara meydan verib. Burada da ayrıca turizm bölməsinin olması əladır. Çünki bloq  yazanlardan, çəkənlərdən tanıdıqlarım kifayət qədər gəzib görmüşlərdir. Əgər səyahət təcrübəniz azdırsa, burada ucuz səyahətdən tutmuş, səyahət zamanı edilməli olan bir çox vacib məqamlarla bağlı öyrənə bilərsiniz.

Əlbəttə, hər bir bloqer ilkin olaraq istəyir ki, onun Youtube kanalına daha çox baxış sayı olsun, bloquna birbaşa keçidlər daha çox olsun. Bu gözəl motivasiyadır. Amma qayıtsaq yenə də öncə qeyd etdiyimiz paylaşmağa, şəxsən mənim üçün bu daha vacib olduğundan ona görə də son 2 il ərzindən 10-dan artıq xəbər və informasiya portallarında yazlarımın paylaşılmasına sadəcə çox məmnun olmuşam. Üstəlik bu ilin əvvəlindən yazıları paralel olaraq LinkedIn üzərindən də paylaşıram. Məqsəd fikirlərimizi mümkün qədər daha çox insana çatdırmaqdır. İnanıram ki, mənimlə bu dəyəri paylaşan dostlarımız öz yazılarını bu yeni platformada yaymaqda çox maraqlı olacaqlar.

Lap bloqer olmaq istədim

Lap bloqer olmaq istədim

Bu günlərdə dostlar bloqdan, bloqçuluqdan müxtəlif yazılar yazdılar. Onları oxuduqca fikirləşdim ki, məndən də elə pis bloqer çıxmaz. Gərək başlayım 🙂 Azərbaycanda neftin qiyməti yaxşı olanda da bloqerlər olub, rusca, ingiliscə, elə doğma Azərbaycan dilində də yazıblar, çəkiblər, göstəriblər. Amma rahat görmək olar ki, son 1 il ərzində xeyli sayda gənclər bloqçuluğa başlayıb. Bunun vacibliyi haqqında müxtəlif vaxtlarda yazmışıq. Amma gərgin və dinamik başlayan 2016-cı ilin əvvəlində gələcək bloqerlərə və ara-sıra bloq oxuyan, bloqa baxan, qulaq asan dostlara bir neçə ürək sözüm var:

1) Konkretləşin – Çox insan şikayət edir ki, sosial media çox vaxtlarını alır. Bu günlərdə İsveçdə 6 saatlıq işə keçən şirkətlər vaxtın səmərəli idarəedilməsi məqsədi ilə işçilərə bu 6 saat ərzində sosial mediadan istifadə etməyə icazə verməyəcək. Məntiqlidir. İndi bloq yazan çoxdu. Anlaşılandır ki, sosial mediaya da çox zaman yeni məlumat axtarışı ilə gəlirik. Bloqerləri izləyim filan. Amma məsləhət görürəm ki, bu məsələdə konkretləşin. Məsələn, mən 4 ilə yaxındır ki, İlkin müəllimin bloqundakı yazılarının məhz e-mailə gələn versiyasını oxuyuram. Siz müxtəlif bloqlara abunə olmaqla, sizə maraqlı olan bloqların siyahısını qeyd etməklə istənilən vaxt birbaşa bloqları izləyə bilərsiniz. Digər bir üsul Facebook-dakı Bloqer Azərbaycan qrupudur. Elə bizim yaxın dostumuz olan bu bloqa da abunə ola bilərsiniz.

2) Təhlil edin, müqayisə edin – Hansı sahə üzrə oxumağı, yazmağı müəyyənləşdirdikdən sonra bu sahələr üzrə tək yerli bloqerləri deyil, xarici bloqerləri, xəbər və məlumat saytlarını da izləyin. Yəni hər dəfə google-da axtarış etməklə deyil. Bir dəfə əməlli-başlı araşdırma etdikdən sonra xarici mənbələrdən də özünüzə bir siyahı müəyyən edin. Onlarda və bizdə müqayisələrini aparın. Bizdəki proseslərin içindəsinizsə bu sizə daha rahat olacaq. Tənqidi təfəkkür, tənqidçilik sadəcə neqativ olmur, dostlar. Bu sizə oxuduğunuz məlumatları təhlil etməyə, müqayisə etməyə və nəticə çıxrmağa imkan verir.

3) Siz də yazın da – Heç xüsusi səhifə açmadan. Səhifə açmaq istəsəniz məsləhətlər üçün Samir Kərimovun bloquna nəzər yetirin. Amma bunu etmək istəməsəniz çoxlu saytlar var. Onlar üçün yaza bilərsiniz, məsələn Facemark.Az, Oneclick.Az. Bloqunuz vacib deyil ki, biznesdən olsun. Ya mütləq marketinqdən. Deyə bilərsiniz, mən nədən yazım?! Bir ideya mən verim. Məsələn, kinolardan yazın. Kinolar haqqında fikirləri mən əksər vaxtlarda məhz rus dilində olan kontentdən oxuyuram. Unutmayın bloq hazırlamaq sizə yaradıcı olmağa imkan verir. Bloqa siz dost kimi baxırsınızsa o zaman elə bilin ürəyinizi aça biləcəyiniz ən yaxın dostunuzdur.

4) Hərənin öz həyatı var – Ola bilsin ki, sizin 20 yaşınız var. Bloqlar, kitablar oxuyursunuz. Bəzən həvəsdən düşürsünüz. Bəzən özünüzün rəf-rəf yığılmış problemləriniz yada düşür. Bu qədər oxumağınız həyatınızda heç nəyi dəyişmir deyə düşünürsüz. Belə deyil, əzizim. Oxuduğunuz, izlədiyiniz insanların hərəsinin öz həyatında müxtəlif öhdəlik və problemləri var. Özlərinə məxsus həyat tərzləri var. Hansısa bloqerə günə 4 saat yatmaq kifayət edirsə (Məsələn Fəxri müəllimə) gecə özünüzə zülüm verib bütün günü yuxulu gəzməyin. Hər bədənin öz fiziki tələbatları var. Kimsə biznes qurmaq üçün çalışırsa bəlkə siz elə böyük transmilli şirkətdə işləməklə uğur qazanacaqsınız. Yəni vəziyyətinizi düzgün qiymətləndirin. Amma mütləq oxuyun. Fərqliliklərdən xəbərdar olmaq və daha geniş düşünə bilmək üçün.

Dostlar, qısası ölkədə olan bu neqativ mühitdə davamlı fərdi inkişaf sizə çox rahatlıq verəcək. Ona görə də neqativ ab-havada, məsələn elə sosial mediada az olun. İndi Facebook-da az-az gördüyümüz insanları 2-3 il sonra ya xaricdə, ya da Azərbaycanda yeni və innovativ bizneslərdə görəcəyik 🙂

Gün hələ ki bu gündür və mən artıq 1 yaşındayam!

Gün hələ ki bu gündür və mən artıq 1 yaşındayam!

Ötən il avqustda məzuniyyətdə olanda qərara gəldim ki, biznes bloq açıb yazmağa başlayacağam. Texniki və psixoloji hazırlıq 2-3 həftə çəkdi. İlk postumuz isə 13 sentyabr 2014-cü ildə oldu. Beləcə artıq özündə 10-dan artıq kateqoriyanı birləşdirən bu bloqu 1 ildir ki oxuyursunuz, çox ümid edirəm! 🙂 1 il ərzində yayımladığım 50-dən artıq yazının arasında uğurlu da olanı da oldu, az oxunanı da oldu, sonradan özümün oxuyub yeni nələrisə də öyrəndiklərim də oldu. Üsluba azdan-çoxdan bələd olanlar yazıların daha çox pozitiv ruhlu və ironik məqamlardan təşkil edildiyini bilirlər. Hərdən bu ironiyaları düzgün başa düşməyən dostlarımız da oldu. İstənilən halda bu yazıda sizə öz təşəkkürlərimi, öyrəndiklərimi, çalışmalı olduqlarımı və nəhayət tövsiyyələrimi təqdim etmək istərdim.

Təşəkkürlərim!

İlk öncə hər bir kəsə sadəcə yazıları oxumağa görə deyil, eyni zamanda öz fikirlərini də bölüşdüyünə və dəstək olduqlarına görə öz minnətdarlığımı bildirirəm. Uzun müddətdir görmədiyim xeyli dostlar, tanışlar olur ki, görüşəndə, zəngləşəndə ilk öncə ‘oxuyuruq, oxuyuruq, pis deyil’ sözlərini deməyi unutmurlar. Dostlar öz yerində, yazılarla tanış olub ‘bu yazısını bəyənmədim, amma belə pis adama oxşamır, qoy bir əlavə edim’ niyyəti ilə məni Facebook-da əlavə edən insanlara da salamlar. Söz verirəm ki, daha faydalı və maraqlı yazacağam. Həmçinin, Facemark.Az, OneClick.Az, Telebe.Az-a və digər internet səhifələrinə də yazıları paylaşdığına görə təşəkkür edirəm. Özümə isə ona görə təşəkkür edirəm ki, bu işi davamlı edə bilirəm. 😉

Öyrəndiklərim

Bloq yazmaq həqiqətən çox asan olsa da məsuliyyətlidir. Bu insanın öz fikirləridir, bəzən elə olur ki, hansısa yazını sadəcə 1 saatdan da az müddətə yazıb çap edirsən. Bildiyin, etdiyin, düşündüyün məsələlərdir. Amma elə yazılar olur ki, onu yazmamışdan qabaq gərək əməlli-başlı oturub araşdırasan, öyrənəsən. Çünki qısa bir yazıda mövzunu tam əhatə etmək olmur. Amma ən azı çalışırsan ki, daha vacib məqamları çatdırasan. Heç olmasa elə edəsən ki, oxuyan adamın fikirləri qarışmasın, səhv istiqamətlənməsin. Bu həm də insanda sadəcə yazı yazmadan belə ümumilikdə öyrənmək məsuliyyətini də artırır. Artıq bir məclisdə, səyahətdə, işdə, gündəlik həyatda yaxşı mənada məcbursan ki, daha diqqətli müşahidəçi olasan. Belə müşahidələr zamaı o qədər olur ki, yazının az qala hamısını fikirlərində yazırsan, amma şərait olmur ki, oturub ona internetə yazasan. Ona görə fikirləşirəm ki, bu bloqda gərək video postlar da edim.

Daha çox çalışmalı olduğum sahələr

Mən çox istəyirdim ki, bu bloqda daha çox uğur hekayələri olsun. Etiraf edim ki, bu bloqda əsas məqsədlərdən biri uğur hekayələrinin paylaşılması olsa da ən az vaxt ayırdığım məhz bu istiqamət olub. Turizm və təhsildən də çox yazmaq istəyirəm. Necə deyərlər ürəyim bu sahələrə daha çox yanır. Daha dəqiq bu sahələrin marketinqi və PR-ı üçün. Növbəti aylar ərzində bu istiqamətlər üzrə daha çox yazıların olacağına çalışacağam. Ümumilikdə isə bu bloqun sizlər üçün daha faydalı olması üçün gərək məsələləri daha geniş konteksdə baxmağı öyrənim. Daha qısa və çox faydalı yazmağı öyrənmək üçün isə davamlı oxuyuram, öyrənirəm.

Faydalı ola biləcək tövsiyyələrim

Tarixə qayıtsaq müxtəlif bloq serverlərində ilhamyusifov, ilhamaliyusif adlarını 2008, 2009-cü illərdən məşğul etmişdim. Amma nədən, necə başlamaq barəsində fikirləşəndə deyirdim lazım deyil. Hərdən elə fikirləşirdim ki, yazdığım mövzu haqqında onsuzda hamı bilir, bunun kiməsə faydası olmaz. Qısası, həvəs yox idi. Amma tilsim 1 il qabaq qırıldı. Əgər bir əlinizdə çəkic, o biri əlinizdə də kley oturub bu tilsimi qırıb yapışıdırsınızsa o zaman növbəti tövsiyyələri nəzərə ala bilərsiniz:

  1. Mütləq başlayın – Əgər domen, hostinq üçün 1 ilə təxminən 80-100 manat ayıra bilməyəcəksinizsə belə pulsuz xidmətlərdən istifadə edib yazın. Facebook-da yazın, yuxarıda adlarını çəkdiyim və çəkmədiyim internet səhifələri də mütləq onları paylaşacaq.
  2. Qeyri-müəyyən olmayın – Hansı sahələr üzrə yazmaq barəsində qərarlı olun. Deyə bilərsiniz ki, bu bloqda kateqoriya çoxdur. Biraz razıyam. Amma ən azından bu istiqamətlərdə müəyyənliyim var. Siz də çalışın nədən yazdığınızı dəqiq biləsiniz.
  3. Davamlı edin – Bunu artıq bir neçə ildir ki, bloq yazan dostlarımız da dəfələrlə tövsiyyə edib. Yarımçıq qoymayın. 
  4. Rahat dildə yazın – Yazılarınızın başlıqları başa düşülən, mətn oxunaqlı olmaqla yanaşı az istifadə olunan və daha az adamın başa düşdüyü sözlərdən yaxşı olar ki, az istifadə edəsiniz. Demirəm ki, 5 yaşında da uşaq başa düşən dil olsun, amma elə edin ki, oxuyan 1-2 nəfəsə oxuyub qurtarsın.
  5. Qısa yazın – Məsələn, bu yazı xeyli uzun alındı. Bloq əgər elmi yazılarını üçün deyilsə qısa və konkret yazın. Bu sizin davamlı yazmağınız üçün da işinizi asalaşdıracaq.

Gün o gün olsun, balacanın 10 yaşını qeyd edək! 🙂

Alət çubuğuna keç