Milli Marketinq Forumuna kimlər gəlməsin?!

Ilham Ali Yusif

Dünən günorta vaxtı Respublika sarayının qarşısındakı parkdan keçəndə öz-özümə fikirləşirdim ki, əvvəllər yaman tez-tez parklara gedərdim, 1-2 saat oturub həm dincələrdim, həm də insanları müşahidə edərdim. Ən əsası heç hara tələsməzdim. Nədənsə dövrün qov-qaçına qoşulub bu vərdişdən yadırğamışam. Bu gün isə qərara gəldim ki, 1 saat olsa da parka gedim. Bu yazını günorta elə Sabir bağında yazdım. Həyatda vaxtdan, şəraitsizlikdən şikayətlər insanı çox dala salır. Bakıda yaxşı park və mənim vaxtım olsaydı parka gedərdim əvəzinə bu gün artıq real addım atdığıma sevinirəm.

Əslində postu bura qədər oxuyub və indiyə qədər Milli Marketinq Forumuna şəraitsizlik və vaxtdan şikayət edib getməyənlər bu il nəhayət foruma qatılmaq haqqında düşünürdülərsə, qoy onda aşağıdakı fikirlərə bir diqqət yetirsinlər. Görək gəlməyə dəyər, ya yox. Beləliklə, 27-28 may tarixlərində artıq dördüncü dəfə keçiriləcək Milli Marketinq Forumuna kimlər gəlmiyə bilər sualına cavablar:

1) Azərbaycan düzəlməyəcək deyənlər – Həyatını bir coğrafiyaya bağlamaq gələcək perspektivlərə açıq olmamaq deməkdir. Çoxumuz öz ölkəmizi sevirik. Amma bu o demək deyil ki, gələcəkdə xaricdə işləyə bilmərik. Həm də ölkə öz-özünə düzəlmir. Sənin, mənim zəhmətimlə, qurbanlarımız da olmasa heç olmasa sosial məsuliyyətimizlə düzəlir. Əslində ölkə azdan-çoxdan düzənlidir. Bəlkə, bu düzənsizlik bizim özümüzdədir. Necə olur ki, bu ölkədə hamı, hər şey düzənsiz, bir dənə ideal mənəm?!

2) Bizdə biznes heç zaman olmayacaq deyənlər – Amerikan kinolarına baxıb hərdən mən də depressiyaya düşürəm. Sonra yadıma düşür ki, özüm və ətrafımda yüzlərlə insan kifayət qədər uğurlu biznes modellər üzərində qurulmuş yerli və xarici şirkət və təşkilatlarda çalışırlar. Uğurlu karyera qururlar. Məhsul və xidmətlərini milyonlara çatdırırlar. Bəli, bizdə biznes mühiti xoşagəlməzdir. Bu həm də ona görədir ki, biz biznesdə paylaşmağı xoşlamırıq. Xoş təcrübələr mütləq paylaşılmalıdır. Elə pislər də.

3) Kifayət qədər biznes əlaqələri olanlar – Ola bilər siz artıq kifayət qədər əlaqələrə maliksiniz və yeni insanlarla, xüsusən də həmişə dövrün nəbzini hamıdan öncə tutan gənclərlə görüşməkdə maraqlı deyilsiniz. Bu gənclər gələcək iş yoldaşlarınız, lap elə müdirləriniz ola bilər deməyi istənilən halda sizə xatırlatmaq istədim. Daha sonrasına özünüz qərar verin.

4) Dostları üçün darıxmayanlar – Dövran elədir ki, hər dəfə dost-tanışla görüşmək olmur. Amma belə tədbirlərdə dəyərli insanlarla ən azı nahar vaxtı, fasilələrdə görüşmək, söhbətləşmək və ən əsası şəkil vurdurmaq imkanı olur. Məsələn, elə bu postun fotosunu mən öz dostlarımla ötən ilin oktyabr ayında Digital Marketinq Forumunda iştirak edərkən çəkdirmişəm.

5) Marketinqi sadəcə kitablardan öyrənənlər – Mən birinci forumda iştirak etməmişəm, ikincisində iştirakçı, üçüncüsündə də spiker idim. Forumlarda həqiqətən xeyli maraqlı spiker olub. Aralarında sadəcə öz şirkətlərindən, kitab cümlələrindən danışan da olub. Amma və lakin bu forumlarda real təcrübələr, uğurlar və uğursuzluqlar, insan və şirkət hekayələri Azərbaycan reallıqları fonunda təqdim edilib. Bunlar hələ ki, kitablarda yoxdur. Kitab demişkən, ikinci forumda spikerlərdən birinin tövsiyyə etdiyi, ‘Blue Ocean Strategy’ kitabından şəxsən çox faydalanmışam.

6) Bağdaddakı kor xəlifənin fanatları – Həmkarları da deyə bilərik. Hamımız desək ki, özündən razılıq xoşuma gəlməyən xüsusiyyətdir, amma bu azdan-çoxdan hamımızda var. Kimi aldığı yüksək maaşına, kimi yüksək çinli (milliyəti demirəm) qohumlarına görə, kimi işlədiyi şirkətə, vəzifəsinə görə özünü göydən aparır. Sadəlik gözəl xüsusiyyətdir. Xarizmanın yaraşığı elə lazım olanda sadə olmağı bacarmaqdır.

İndi isə hər sizə uyğun gələn cavabı 2 balla qiymətləndirib toplayın və cəmi 5 vurun. Zarafat edirəm. Bilirəm ki, bizim bloqu izləyənlər ən azı ürəklərində bu və digər forumlara pozitiv baxan insanlardır. Qismət olsa sizlərlə forumda görüşmək ümidilə.

PS Arada parklara da gedin 😉

10 manata MBA təhsili almaq olarmı?

10 manata MBA təhsili almaq olarmı?

Çoxumuzun arzusu və bəzilərimizin konkret məqsədidir ki, MBA oxuyaq. Ətrafımızda MBA məzunu olan insanların da sayı az deyil. Ara-sıra onlardan da necə oxumaq, harada oxumaq, hansı yaşda oxumaq ilə bağlı məsləhətlər alırıq. Bizi isə son qərarı verməyə saxlayan bir çox amil var və deyərdim ki ən başlıca maneə məhz puldur. İmkan yoxdur bəhanəsi ilə yekunda çoxumuz MBA almadan bu həyatdan köçüb gedirik. Deyəsən çox dramatikləşdirdim.

Başlıq sizə iddialı görünə bilər və düşünə bilərsiniz ki, hansısa ucuz kurs reklamını sizə təqdim edirəm. Əslində isə belə deyil. Bu yazını yazmağa başqa bir ciddi səbəb var. Səbəb odur ki, artıq xarici dili zəif bilmək, pula sahib olmamaq bizi MBA təhsilini hissə-hissə öz doğma dilimizdə almaqdan məhrum edə bilməz. Necə deyərlər, şəxsən özüm yaşadığım bir təcrübə haqqında sizlərlə fikirlərimi paylaşacağam:

Söhbət nədən gedir?

Qısa və konkret, Anar Bayramovun ‘Biznes nə istəyir?’ kitabından. Aydındır ki, bir kitabla MBA təhsilini göydən yerə çırpmıram. Heç kitabla MBA təhsilini də müqayisə etmirəm. Sadəcə bu kitabın biznes təhsili almaq istəyən istənilən bir şəxs üçün faydalı olacağına əmin olduğumdan Azərbaycanda biznesi bəzi çılpaqlıqları ilə görmək istəyən 18 yaşından yuxarı şəxsləri bu kitabı oxumağa dəvət edirəm. Təbii ki, əgər mənim kimi gecikməyiblərsə.

Niyə bu kitab oxunulmalıdır?

Birincisi bizdə hər deyəndə kitab yazmırlar. Özü də real biznes keyslər və təcrübələr əsasında. İkincisi kitab sadəcə marketinq və satış funksiyalarını deyil, menecmetin bir çox funksiyalarını bir-biri ilə əlaqəli izah edir. Bu bloqun auditoriyası əminəm ki, bu kitabdan çox faydalanacaq. Məsələn, adını Jobsearch.Az-da gördüyünüz və nə işlə məşğul olduğunu tam olaraq bilmədiyiniz bir çox şirkətlərin konkret nə ilə məşğul olduğunu bu kitabı oxuyub biləcəksiniz. Son zamanlar supermarketə girib çoxdandır filan brendi vitrinlərdə görmürəm, bu deyəsən yeni markadır kimi şək-şühbələrinizin bir çoxuna da bu kitabı oxuyaraq cavab tapacaqsınız. Marketinq ilə məşğul olub ümumi menecmentə aid kitab yazmağın bir üstünülüyü də odur ki, yazdıqlarını axır-əvvəl gətirib marketinqin üstünə çıxarırsan. Marketinqə yuxarıdan aşağıya baxaraq xətrinizə dəyən qeyri-marketoloq dostlarınıza, iş yoldaşlarınıza da bu kitabı hədiyyə edə bilərsiniz.

Nədir dərdimiz?

Gecə-gündüzlərini bizneslərinə sərf edən, tələskənlik və səbirsizlik xəstəliyinə tutulub işıqforda yaşıl işıq yanmamış siqnalın üstündə oturan, uzağı-uzağı bir neçə milyonluq dövriyyəsi olan özündənrazı biznesmenlərimiz məmnun olmayan işçi, müştəri ordusunun yaranmasına, keyfiyyətsiz xidmət və məhsulların evimizə gəlməsinə, innovasiyadan uzaq biznes proseslərin hələ də mövcud olmasına, vaxtın və resursların səmərəsiz idarə olunmasına əsl səbəbkarlardırlar. Pul qazanırımsa demək ki, bilirəm, bacarıram prinsipi ilə yeni bilik və təcrübəni özünə yaxın buraxmayan şəxslərin sayını məhz belə kitablar ilə azaltmaq olar. Fikirləşirəm ki, kaş dərdimiz MBA üçün məhz pul dərdi olardı, yeni bilik oxumaq və öyrənməyə həvəssiz olmaq yox.

Bəs ümumi götürsək?

Vacib deyil ki, sadəcə məşhur bestsellerlər sizin masanızda olsun. Onları da oxumaq vacibdir. Amma məsləhətli olanı, çoxumuzun daha rahat dərk etdiyi ana dilimizdə biznesi və biznes prosesləri daha sadə izah edə bilən praktik biznes kitablarının masalarımızda çox olmasıdır. Necə deyərlər, dərd var, əlacı da var. İstər bu bloq, istərsə də hazırda kifayət qədər aktiv olan digər bloqlar, yeni-yeni kitablar konkret nəticələrdir. Biz də bir-birimizin bu nəticələrindən faydalanaraq təcrübələri paylaşırıq.

Oxumaq, öyrənmək davamlı olmalıdır. Hər birimizin keyfiyyətli MBA təhsili almaq istəyimizin də davamlı olması çox yaxşıdır. Amma nə qədər ki, böyük məqsədlərimizə çata bilmirik, ətrafımızdakı bütün xırda imkanlardan maksimum istifadə etməliyik. Qiyməti on minlərlə olan bir təhsilə gücümüz çatmırsa heç olmasa on manatlıq kitablardan möhkəm tutmalıyıq. Axı onlar hələ ki, əlimizdən tutur.

 

 

Biznesdəki saqqallı uşaqlar

Biznesdəki saqqallı uşaqlar

Məzuniyyət üçün planlaşdırdığım bir neçə kitab var idi. Amma bir kitab qəflətən gəlib bu siyahıya özünü saldı. Necə, hansı şəraitdə az sonra. İndiyə qədər oxuduğum ən maraqsız kitablardan biri olsa da öncədən də düşündüyüm kimi mənə çox faydalı oldu. Həyat da onsuzda belədir, maraqsız və dadsız o qədər şey var ki, insana fayda verir. Elə istəyirəm ki, burada bu kitabdan çıxardığım bir neçə nəticəni sizlərlə paylaşım.

Əvvəlcə isə soruşun kitabla necə tanış oldum?

Məzuniyyətin bir hissəsini Türkiyədə oldum. Nə gizlədim hara getsəm düşürəm mağazaların, marketlərin canına ki, görüm maraqlı və yeni nələr var. Macro Center-də kitab satılan yerdə maraq üçün kitabların adlarına baxırdım. Bir kitab adı və üzlüyü ilə diqqətimi çəkdi. Arxasını çevirib qısa annotasiyasını oxuyanda, ‘Tabletlerin, akıllı telefonların olmadığı 90’lar… Belki de çocukların “çocuk”olduğu, “çocuk gibi” oynadığı son yıllar…’, düşündüm ki, bu kitabı oxuyub bir neçə saatlıq uşaqlıq illərinə qayıtmaq əla olardı. Yəni əslində ilk oxumaq motivasiyam uşaqlığa səyahət idi. Kitabı isə almadım. Elə marketdəcə qəzet oxumaq üçün ayrılan güşədə 3-4 nəfəsə oxuyub tamamladım.

Kitabı almadın almadın, bəs maraqsız niyə deyirsən?

Baxmayaraq ki, kitab İstanbulun 90-cı illərinin əvvəlini təsvir edir, xeyli məqamı 90-cı illərdə mən Mingəçevirdə də yaşamışam. Bu məqamların öz yeri var idi. Amma ümumi götürəndə kitab elə təsirli deyildi və bəlkə də müəllifin də ilk kitabı olduğundan axıcı da deyildi. Sujet xətti isə çox sadə idi. Deyə bilərsiniz, marketdə oxumusan deyə yəqin elə olub, yox əzizim, Bakıda çıxıb parkda kitab oxuyanda səs-küy mənim orada oxuduğum şəraitdəkindən daha çox olur.

Sözünün canı

Kitabda 9 yaşında bir uşağın ‘banda’ qurmaq, məhlədəki digər bandanın böyüyünü ‘məhv etmək’, pul qazanmaq, biznes qurmaq motivasiyası təsvir olunur. Düzdür sonda uşaq qayıdır elmə-təhsilə. Kitabı oxuduqca isə sanki bəzi bizneslər və biznesmenlərin taleyini görürdüm. Bir neçə bənd üzrə göstərəcəyəm necə:

  • Saxtakarlığa meylililik – Uşaq güya ki gedir şanslı çəkim oyunu təşkil edir. Bahalı hədiyyələrin qutusunu içi boş qoyur hədiyyələrin siyahısına ki, bəs bu var o var. Hətta bir dəfə dayısıoğlu gəlib o bahalı hədiyyələrdən birini udur. Tanış gəlir?
  • Risk etməkdən qorxmamaq – Bu uşaq məqsədinə çatmaq üçün heç cürə özünə inamı itirmir. Ağlın kəsməyəcəyi işləri görür. Rəqibini hörmətdən salmaq üçün hətta qonşularının qapı zənglərini də bir-birinə qoşub hamını bir-birinə dəydirir. Özündən böyüyün qapısını az qala ‘təpikdən açır’. Yaşa dolduqca çoxumuz üzüyola olub fürsətləri əldən veririk. Yazıya ilk baxışdan təzadlı görünsə də amma belə saqqalı uşaq olmaq heç də pis deyil 😉
  • Yalan danışmaq – Özü yalan danışmaq ilə yanaşı dostlarına da yalan danışdırır. Özünün başqa məqsədi üçün şüşəni sındırdığını yalandan boynuna belə alır. Bu uşaqların etdikləri məntiqə sığmadığından məcburdular ki, yalan danışsınlar. Zamanla da bu yalanlar böyüyür. İnsan konseptsiz və biznes etikasız olduqda yaşa dolanda da eyni cür davranır. İşçilər də yalan danışılmağa ‘məcbur edilirlər’.
  • Tez pul qazanmaq həvəsi – Bir neçə epizodda balaca ‘biznesmen’ hövsələsiz olub daha çox pul qazanmaq istəyir. Təbii ki, uşaq üçün çox görünən, amma elə böyük məbləğ olmayan. Bunun üçün isə bütün vaxtını, enerjisini sərf edir. Biznes pul gətirməlidir, o qədər biznesmen və bizneslər var ki, tez pul qazanmaq üçün nə qədər böyük perspektivləri düşünmürlər. Razıdırlar ki, insanların cibinə girsinlər, liderlik adı ilə insanlarla manipulyasiya edib böyük pullar qazansınlar. Düzdür pul bölgüsündə qəhrəmanımız ədalətli idi.
  • Birbaşa olmaq – Siyasət insanda yaxşıdır. Nəyi, necə gəldi qarşındakına demək adamı bəzən çox pis vəziyyətə qoyur. Yaxud da başqasının yanında kimisi gözdən salmaq. O qədər işgüzar insanlar var ki, uşaqlarda bağışladığımız bu xüsusiyyəti hələ də tərgidə bilmir, əvəzində daha da inkişaf etdirirlər.

Uşaq olmaq həm də saf olmaq deməkdir. Yaxşı bilirik ki, yuxarıdakı kimi uşaqlar elə çox deyil. Əslində isə məhz bəzi məqamlarda saqqallı uşaq olmaq çox yaxşıdır. Xüsusən də qazanmak istəyi, risk etmək baxımından. Böyüdükcə problemləri də böyüdürük. Amma təəssüf ki, bu gün tək Azərbaycanda deyil, bir çox ölkələrdə xarizma, eqo adı ilə uşaq düşüncəli ‘liderlər’, ‘menecerlər’ var ki, fəaliyyətləri ilə nə qədər insana, bizneslərə ziyan vururlar.

Kaş bütün günah neftdə olardı

Kaş bütün günah neftdə olardı

Çox pis hissdir. İllərdir, bəlkə də aylardır biznesinin bütün xırda detallarını öyrəndiyin şirkətin biznes və marketinq kommunikasiyaları üçün çalışırsan və şirkətin ayağı büdrəyən kimi ən birinci məhz sənin pulunu kəsir. Pulu kəsmək bəlkə yumşaqdır, çox rahat əməkdaşlığın dayandığını bildirir. Bu reklam və marketinq kommunikasiyalarını təqdim edən istənilən bir şirkət üçün tək pul itkisi deyil, həm də bu brendlə bağlı ruh itkisidir. ‘Outsource’ olanda nə olar, məgər reklam şirkəti işini gördüyü brendin uğurları üçün çalışmırmı?

Namiq bəyin Reklamın optimallaşdırılması yazında  baxıram ki, mənim də adım yazılıb. Müəllimin qətiyyən sözünü yerdə qoya bilmərəm. Cavabım elə bu yazı olacaq. Mən reklamçı olmadığımdan və konkret olaraq reklam şirkətində işləmədəyimdən bu məsələyə sadəcə reklam tərəfdən baxmayacağam. Daha çox hazırki vəziyyəti qiymətləndirəcəyəm və haqqında düşünülməli olan bir neçə məsələdən söz açacağam.

Nə düz başa vermir?

Hazırki vəziyyəti başa düşmək elə çətin deyil. Narxozu qurtarmadan belə başa düşmək olur ki, neft qiymətləri və digər siyasi faktorlar öz yerində, amma bizdə əsas problemlərdən biri də həmişə danışdığımız korporativ mühitin yox, məhz bazar mühitinin ölkənin ən böyük brendlərində də tuğyan etməsidir. 20 nəfər işçisi olan kiçik bir şirkətdə əgər illik fəaliyyət planı, marketinq büdcəsi, fərqli məhsullar və xidmətlər üçün marketinq planlar və çox yox, sadəcə 2-3 səhifəlik marketinq strategiyası yoxdursa neftin qiymətinin oynaması bəhanədir. Aydındır ki, hədəfsiz şirkətlərdə planlar tez-tez dəyişir. Hələ mən İnsan Resursları ilə bağlı vəziyyəti demirəm. Bu o deməkdir ki, çox adam öz yerində deyil və əgər yaxın zamanlarda bazara biznes təfəkkürlü daha çox insan daxil olacaqsa hələ çox adam öz uğursuzluğunu neftin üstünə atacaq. Mən neft və siyasi faktorları istisna etmirəm. Amma daxildə həll edilə bilinən məsələləri həll etmək əvəzinə xarici faktorların üstünə şər atmaq soyuqqanlı uğursuzluğu qucaqlayıb kondisionerli otaqda yuxuya getmək kimi bir şeydir.

Biznes biliyi vs. duyumu

Məsələ odur ki, biznes biliyi də heç də hər şeyi həll etmir. Narxozu qurtaran hamıya iqtisadçı deyillər. Orta və yuxarı yaşlı insanlar da inanır ki, biz, bütün Narxoz məzunları çox istedadlı iqtisadçılarıq. Nəticə göz qabağındadır 😉 Eynilə, xaricdə oxuyub gəlmək və ya bütün günü jurnallar oxumaq, bizim kimi bloq yazmaq zaman göstərir ki, biznes duyumu olmadan elə də faydalı deyil. Bütün bu bilikləri almaqdan məhrum olan çoxsaylı milyoner insanlar var. Ən azından hesabı gözəl bilirlər. Düzdür azad rəqabət mühitində bu insanlara milyonları artırmaq çətin olur. Biz vacib olan biznes və idarəetmə biliklərini istisna etmirik, amma rəqiblərin üstün və zəif tərəflərini başa düşüb təhlil etmək, ona əks tədbirlər hazırlayıb düzgün tətbiq etmək, müştərilərin ehtiyaclarını başa düşüb onlara uyğunlaşmaq, 1 il sonranın trendlərini öncədən görə bilmək, işin pis vaxtında belə onun hara və necə getdiyini hiss etmək istedaddır deyib boynumuzdan atmayaq. Bu cür xüsusiyyətlərə malik olmaq əla biznes duyumlu olmaq deməkdir.

İndi deyin görüm bu insanlar reklamı neynirlər?

Bir tərəfdən deyirik ki, biznes bilikləri üzərində formalaşan biznes təfəkkürü lazımdır, digər tərəfdən deyirik ki, bundan əlavə biznes duyumu da vacibdir. Sözümüzdən elə çıxır ki, bizdə bunlar elə çox yayılmayıb. Bəs yaxşı bu tip insanlar indiki böhran vəziyyətində reklamı neynirlər? Qəpiyi manatın üstünə qoyub özlərinin sabit xərclərini ödəyirlər də. Amma indi növbə çatır reklam şirkətlərinə ki, onlar artıq reklam və kommunikasiyanın vacibliyini, hətta böhran dövrlərində xilasedici rolunu bizneslərə çatdırsın. Biznes mühitini maarifləndirməkdən çəkinmək lazım deyil. Təbii, başa ağıl qoymaq kimi deyil, sadəcə düşündürməklə. Milli Marketinq Forumu kimi bizə hələ daha bir neçə platforma lazımdır ki, ayağı büdrəyən yüzlərlə sahibkar gəlib buradan fayda əldə etsin. Bu əslində əsas çıxış yollarından biridir. Bundan əlavə reklam şirkətlər gərək özləri öz işlərini optimallaşdırsınlar. Bəzi şirkətlərin etdiyi kimi dizayn və çap lazımdırsa xaricdə edilsin, böyük təntənli ofislər deyil, daha mobil ofislərə sahib olsunlar. Həmçinin gərək ‘otkat’ mədəniyyətinin mədəniyyətsizlik olduğu da sifarişçilərə çatdırılsın. Sirr deyil ki, şirkətlərin bəzən orta menecerləri onun xərclərinin 5-10 %-ni ‘otkat’ ilə ciblərinə qoyurlar. Ən vacibi gərək hər iki tərəf başa düşsün ki, əməkdaşlığı birdən kəsib atmaq düzgün deyil. Ola bilər ki, köhnə reklam materiallarına güvənib 1-2 nəfəri də şirkəti götürüb ‘mən özüm dizaynımı filan edəcəyəm’ demək olar. Reklam şirkəti də sonunda bir biznesdir və biznes təfəkkürünü işə salıb müştəri üçün daha optimal həllər təklif etməlidir və qiymətdə yumşaq olmalıdır. İnanıram ki, peşəkar reklam şirkətlərimiz bu prinsipləri tətbiq etməklə özləri və müştərilərini də büdrəmətə qoymurlar.

Sabah olmayacaq

Sabah olacaq, sadəcə sabah bəzi bizneslər, brendlər olmayacaq. Güclü brendlər daha da güclənəcək və gələcəkdə böyük olmaq arzusu ilə yeni brendlər ortaya çıxacaq. Hansısa sahibkarın işinə qarışmaq ki, reklam verməsən biznesin öləcək inanmıram ki elə böyük effekt versin. Ən azından o özü gecə rahat yatmaq istəyir ki, daha az maliyyə öhdəliyi olsun. Pis olan odur ki, satışlar düşəndə isə gec olur. Sənaye sahəsindən asılı olaraq müxtəlif innovasiyaların tətbiq edilməsi mümkündür ki, birisigünə də çıxasan. Təşviş onsuzda olacaq, əsas odur ki, vəziyyət düzgün təhlil edilsin, sənayedaxili rəqiblərin vəziyyəti və üstünlük və zəif tərəfləri müəyyən edilsin, işçilərlə səmimi olunsun və lazımdırsa bir neçə ay mənfəətdən imtina edilsin. O zaman işin effektliyi üçün reklam da sifariş ediləcək, CRM proqramı da tətbiq ediləcək, işçiyə ödənişli məzuniyyət də veriləcək. Buradan da görürük ki, qara gününə pul saxlayan adamlar bizdən həmişə qabaqda olacaqlar. 🙂

Milli Marketinq Forumunda mesajlarımdan biri biznesin optimallaşdırılması ilə bağlı idi. Son 10 il ərzində baxsaq yüzlərlə şirkət açılıb və brendini tanıda bilib. Aydındır ki, buna tək keyfiyyətli məhsul və xidmətləri ilə deyil həmçinin marketinq kommunikasiyaları ilə də nail olub. Bir xeyli innovativ həllər tətbiq edilib. Sadəcə elə onlayn xidmətlər və ödənişləri götürsək rahatca görürük ki, bu sahəyə qoyulan investisiya nə qədər prosesləri mərkəzləşdirir, insan rolunu minimuma endirir və vaxta qənaət edir. İndi deyilənlərə görə hər mənada durğunluqdur, amma ən azından çoxluğun yenidən dirçəlməsi üçün gərək sabahın olacağına inanıb onun uğrunda çalışmaqdır.

Alət çubuğuna keç