Varlıya qərib ölkə, kasıba vətən yaxşı (Xaricdə Təhsil)

ilham ali yusif

Ötən ay bloqumuzda xaricdə təhsilin vacibliyi ilə bağlı ilk video postumuzu yayımlaşmışdıq. Əslində çox sadə məsələlərə toxunmuşduq. İş belə gətirib ki, mənim 7 illik peşəkar karyeram demək olar ki, tam olaraq təhsil sektoru ilə bağlı olub və olmaqdadır. Bütün bu müddətdə həm yerli, həm də xarici, əsasən də Britaniyadan olan yüzlərlə təhsil müəssisəsinin nümayəndələri ilə görüşmüşəm. Eyni zamanda son 3 il ərzində Birləşmiş Krallıqdakı 50-ə yaxın təhsil müəssisəsində olmuşam və onlar ilə yaxından tanış olmaq imkanım olub. Buradakı yazılarımızda da ara-sıra təhsildən, xüsusən də xaricdə təhsildən yazırıq.

Bir neçə aydır ki, biz də bu il yeni Xaricdə Təhsil proqramının olub-olmayacağını gözləyirdik. Bu günlərdə Təhsil Naziri rəsmi olaraq bəyan etdi ki, yeni proqram növbəti, 2017-ci ildən başlayacaq. Bir illik fasilədən sonra. Facebook-da dostluğumda olan xeyli sayda insan bu proqram ilə bağlı öz fikirlərini paylaşdı, bir qədər zaman götürüb emosiyalardan kənar olaraq bu proqram ilə bağlı mən də öz fikirlərimi paylaşıram. Bunlar real praktik təcrübə və təkliflər formasındadır. Hansısa, yorucu nəzəriyyə deyil ki, hər hansı vəchlə sübüt edim ki, bu proqram lazımdır ya yox.

Mənə biraz getdiyim yerdən danış

Birinci proqramın icrasında xeyli texniki səhvləri gördük. Xüsusən də sənəd qəbulunun gec olması və cavabların az qala dərs başlanandan sonra elan edilməsi kimi. Amma yaxşı olar ki, xaricdə təhsil proqramı üzrə proses 1 illik hazırlıq dövrü ilə həyata keçirilsin. Dünyanın bir çox ölkələrində olduğu kimi xüsusi bir agentlik yaratmaqla prosesi sistemli həyata keçirtmək olar. Dil biliyi zəif olanlar, amma istedadlı, həvəsli olanlar xarici dillər üzrə hazırlaşa bilər. Seçimdən öncə tələbənin üstünlük verdiyi və ya ixtisasın populyar olduğu ölkələrə və universitetlərə tur təşkil etmək olar. Bu turlar olmasa belə həmin ölkə ilə bağlı hazırlıq etmək çox yaxşı olardı. Bu işdə böyük təcrübəsi olan xaricdə təhsil agentliklərini də bu prosesə cəlb etmək olar. Yoxsa 1 illik magistr təhsilinin ilk 1-2 ayını tələbə daha çox adaptasiya və mədəni şoka ayırır. Sonra Christmas, sonra da ki..

Xaricdə oxuyub gəlib, indi iş tapa bilmir

İndiki dövrdə fərq etmir dövlət hesabına, ya da öz hesabına xaricdə oxuyub gəlmək faktiki olaraq insana iş tapmaqda üstünlük vermir. Çünki bizdə biznes mühiti zəifdir, yeni iş yerləri çox azdır, daha doğrusu vakansiyalar 🙂 21-22 yaşında bir insanın mən xaricdə oxumuşam 2000 manat almalıyam ambisiyalı yanaşması normaldır. Belə insanlarda Baku 2015-dəki gözəl maaşlardan sonra bu ‘özünəinam’ daha da artdı. Məsələn, bu dostlar imkan edib xaricdə qalsaydılar gərək elə istedadlı olardılar ki, ilk illər ilə 30000-40000 dollar qazana bilsinlər. Hamıda elə deyil axı. Bir də xaricdə oxumaq adı ilə insanın öz həvəsi olmadığı və ya Azərbaycanda perspektivi olmayan ixtisaslarda oxuması problemi da var. Bu da elə 1 illik hazırlığın necə vacib olmasına bir işarədir. Eyni zamanda xaricdə oxuyub gələn insanların bəzirlərinin menecer və rəhbər kimi işləmək ambisiyalar da var. Kimsə buna layiqdir və doğurdan da rəhbər kimi işləyə bilir, kimində isə bu konkret olaraq mümkün deyil. İşəgötürənlərlə də müzakirə edəndə və müşahidə apardıqda görmək olur ki, onların xaricdə oxuyub gələnlərə qarşı hər hansı bir mənfi münasibəti yoxdur, axı onların bəziləri hətta özləri xaricdə təhsil alıblar. İşəgötürənlər zəhməti çox sevənlərə üstünlük verirlər. Əgər xaricdə oxuyub gəlib özünü hamıdan ağıllı saydınsa, incimə çətin olacaq. Ümumiyyətcə götürdükdə isə xeyli xarici universitet məzunlar var ki, çox yaxşı yerlərdə də əla əməkhaqqı ilə işləyirlər. Bəziləri də xaricdə qalıb orada yaşayıb-yaradırlar. Ona görə də xaricdə oxuyub gəlib burada iş tapa bilmir daha çox mifdir.

Bərabər imkanlar və imkanlılar

Xaricdə təhsil proqramı ilə xeyli sayda imkanlı insan dövlət hesabına xaricdə təhsil alıb. Əlbəttə ki, cəmiyyətdə hər bir vətəndaş üçün bərabər imkanlar yaradılmalıdır. İlk olaraq demək çətindir ki, bunu necə tənzimləmək olar, amma seçim zamanı hansısa formada bunu nəzərə almaq lazımdır. Azərbaycan balacadır, ordan-burdan eşitmək olur ki, bəzən kimlərinsə balası necə və hansı formada proqrama düşdü. Ənənəvi KQB üsulları ilə deyil, normal mərkəzləşdirilmiş məlumat bazası ilə bunu idarə etmək olar. Düzdür, çox real görünmür, həm də bərabər imkanlar deyib bəziləri bayraq edə bilər. Amma praktik tətbiqi mümkündür.

Zəif təbliğat problemləri

Xaricdə təhsil proqramın hər il bir neçə min müraciət olsa da, onun təbliğatı diqqət çəkmirdi. Xüsusən də ilk illərində. Məsələn, hansısa rayonda 9-cü sinifdə oxuyan istedadlı bir məktəbli, Discovery kanalı vasitəsilə mühəndislik nailiyyətlərini görür və arzulayır ki, o da belə uğurlu mühəndis olacaq. Deyər bilərsiniz ki, burada Qafqaz Universitetində oxuya bilər, amma hər halda dünyada öz elmi nailiyyətlərinə görə toplaşmış universitetlər var ki, onlar uğur yolunu daha qısa, uğuru isə daha əlçatan edirlər. Gələcəkdə proqram olanda bakalavra az diqqət vermək tam başa düşülmür. 16-17 yaşında istedadlı insanı buradakı universitetlər böyük ehtimalla həvəsdən salacaq. Bu günlərdə Next Step start-up layihələrinin təqdimatına qatıldım və gənclərimizin necə uğurlu və dünya trendlərinə uyğun mühəndislik layihələri təklif etdiyini gördüm. Amma əsas problem bu ideyaları gerçəkləşdirmək üçün platformanın olmamasıdır. Yəni Lütfizadəni biz Bakıda o səviyyəyə qaldıra bilməzdik. Həmçinin, proqramın şəffaflığı da gərək gələcəkdə yaxşıca PR olunsun. Şəxsən tanıdığım onlarla insan bu proqram vasitəsilə hər hansı bir maneə olmadan xaricdə bir və ya iki təhsil pilləsi üzrə təhsil alıblar. Halbuki, bəzi insanlar hələ də düşünür ki, bu proqramda iştirak tapışsız və rüşvətsiz mümkün deyil. Bu uğur hekayələri sadəcə Təhsil Nazirliyinin vasitəsilə ilə deyil, bu insanların özlərinin vasitələrilə də cəmiyyətə təbliğ edilməlidir.

Pul göndərərəm özünə qatar alarsan

Məşhur lətifəni, uşaq atasına hamının dərsə qatarlə gedib-gəldiyini və onun bahalı maşın sürməyə utandığını bildirəndə, atasının ona qatar almaq üçün pul göndərməyə söz verdiyini xatırlamamaq olmur. Xaricdə təhsil deyərkən çoxumuzun ağlına Avropa, Amerika gəlir. Amma bildiyiniz kimi proqram 40-a yaxın ölkəni Asiyadan, Avstraliyadan Amerikaya qədər əhatə edirdi. Fərqli və innovativ düşünə bilən menecerlər, mühəndislər monoton mühitdən çıxmır. Müxtəlif ölkərin və universitetlərin təqdim etdiyi təqaüdlər öz yerində, öz imkanı ilə təhsil alanlar da bir qırağa, amma dövlətin ilə 4-5 milyona dünyanın müxtəlif ölkələrindən təhsil-elm təcrübəsini Azərbaycana gənc nəsil ilə gətirməyə ən böyük fürsətlərindən biridir bu. Bu təcrübəni xaricdən bura akademik və mütəxəssislər gətirməklə də, lap bu 4-5 milyona xaricdə təhsilə yox yerli təhsilə qoymaqla, Azərbaycanı beynəlxalq təhsil mərkəzinə çevirməklə (yaxın 10 ilə real görünmür) tam olaraq qazanmaq mümkün deyil. Bir məqam da odur ki, xarici təhsil alan şəxslərin məhz bu fərqli dünya görüşünə sahib olma ehtimalıdır ki, bu da cəmiyyətin müxtəlif problemlərinin həlli üçün çox vacibdir. Məsələn, xaricdə oxuyub gələnlər ətraf mühitə, müxtəlif təbəqələrdən olan insanların təhsilinə, iqtisadi və siyasi proseslərə yaradıcı yanaşırlar. Fərqli fikirləşmək həmişə xeyir gətirir.

Gələcək təbəqələrarası rəqabəti istəyiriksə

İstənilən halda imkanı olanlar öz övladlarını xaricə, lap kosmosa da göndərməyə davam edəcəklər. Əgər orta gəlirli insanların sayının çox olmasını istəyiriksə və hazırda ölkəmizdə təhsilin də qlobal səviyyədə dəyişməyəcini başa düşürüksə o zaman bu imkanların dövlət səviyyəsində sadə insanlara da yaradılması da çox vacibdir. Oxuyan hər yerdə oxuyar, şərait yaradın burada oxusun, internetdə axtardığın nə istəsən var demək asandır. Xaricdə oxumaq dəb deyil və ölkənin təhsildə zəif olmasının da göstəricisi deyil. Məsələn, hər il 10 000-dən artıq Amerikalı təhsil üçün Britaniyaya gəlir. Bu təcrübədir, yeni imkanlardır, beynəlxalq səviyyədə əlaqələrdir.

Bakalavr aşacaq, magistr, PhD daşacaq

Ümumlikdə 3289 nəfərin faydalana bildiyi birinci proqramda hər 100 tələbədən 35-i bakalavr pilləsində təhsil alıb. Yeni proqramda xaricdə bakalavr pilləsində çox məhdud sayda gənc təhsil ala biləcək. Bu məsələdə gərək fərqli yanaşaq. Yuxarıda da dediyimiz kimi burada bakalavra başlamaq və sonradan xaricdə təhsili davam etdirəcəm fikri ilə yaşamaq istedadlı uşağı həm dala, həm də həvəsdan sala bilər. Çünki indi insanların elm sahəsindəki uğurları çox gəncləşir. Yeni proqram da həm də deyilir ki, üstünlük magistr və PhD dərəcələrinə veriləcək. Bizə indi hər sahədə alimlərə ehtiyac var. Hansı ki, sonradan Azərbaycana gəlib sübüt etdikləri elmi praktik iş prosesinə transfer etsinlər. Bunun üçün isə əlbəttə ki, şərait olmalıdır. Bizdə görünən odur ki, bir neçə ildir ki Əmək-Təhsil-İqtisadiyyat Nazirlikləri ixtisaslar üzrə tələb və tələbatla bağlı ortaq məxrəcə gələ bilmirlər. Bu proses gecikdikcə bu şəraitsizlik və uyğunsuzluq daha uzun çəkəcək. Sonra ANS də gedib Turizm Universitetinə sujet hazırlayacaq ki, bəs buranı qurtaranlar turizm sahəsində işləmirlər.

Ötən günlərdə xaricdə təhsil proqramı ilə bağlı xeyli neqativ fikirlər gördüm. Həqiqətən də bu insanları anlamağa çətinlik çəkdim. Üstəgəl, bu dostların bəziləri hətta özləri xaricdə təhsil alıblar. Əlbbəttə heç kim çörəyi burnuna yemir. Hərə öz fikrində nəyəsə inanır ki, belə əsaslıdır. Mən də inanıram ki, yeni proqramda bu və digər məsələlər nəzərə alınacaq ki, o doğurdan da cəmiyyət üçün effektiv olsun.

PS Qeyd edim ki, ailəmizdən özüm (2008-ci il) və xalamoğlu (2013-cü il) bu proqrama müraciət etsək  də, təqaüd alanların sırasına düşə bilməmişik. Amma son illər bu proqramı böyük həvəslə ən çox təbliğ edənlərdən biri də elə mən olmuşam və yeni proqramı da elə böyük həvəslə təbliğ edəcəm 🙂

Alət çubuğuna keç