Varlıya qərib ölkə, kasıba vətən yaxşı (Xaricdə Təhsil)

ilham ali yusif

Ötən ay bloqumuzda xaricdə təhsilin vacibliyi ilə bağlı ilk video postumuzu yayımlaşmışdıq. Əslində çox sadə məsələlərə toxunmuşduq. İş belə gətirib ki, mənim 7 illik peşəkar karyeram demək olar ki, tam olaraq təhsil sektoru ilə bağlı olub və olmaqdadır. Bütün bu müddətdə həm yerli, həm də xarici, əsasən də Britaniyadan olan yüzlərlə təhsil müəssisəsinin nümayəndələri ilə görüşmüşəm. Eyni zamanda son 3 il ərzində Birləşmiş Krallıqdakı 50-ə yaxın təhsil müəssisəsində olmuşam və onlar ilə yaxından tanış olmaq imkanım olub. Buradakı yazılarımızda da ara-sıra təhsildən, xüsusən də xaricdə təhsildən yazırıq.

Bir neçə aydır ki, biz də bu il yeni Xaricdə Təhsil proqramının olub-olmayacağını gözləyirdik. Bu günlərdə Təhsil Naziri rəsmi olaraq bəyan etdi ki, yeni proqram növbəti, 2017-ci ildən başlayacaq. Bir illik fasilədən sonra. Facebook-da dostluğumda olan xeyli sayda insan bu proqram ilə bağlı öz fikirlərini paylaşdı, bir qədər zaman götürüb emosiyalardan kənar olaraq bu proqram ilə bağlı mən də öz fikirlərimi paylaşıram. Bunlar real praktik təcrübə və təkliflər formasındadır. Hansısa, yorucu nəzəriyyə deyil ki, hər hansı vəchlə sübüt edim ki, bu proqram lazımdır ya yox.

Mənə biraz getdiyim yerdən danış

Birinci proqramın icrasında xeyli texniki səhvləri gördük. Xüsusən də sənəd qəbulunun gec olması və cavabların az qala dərs başlanandan sonra elan edilməsi kimi. Amma yaxşı olar ki, xaricdə təhsil proqramı üzrə proses 1 illik hazırlıq dövrü ilə həyata keçirilsin. Dünyanın bir çox ölkələrində olduğu kimi xüsusi bir agentlik yaratmaqla prosesi sistemli həyata keçirtmək olar. Dil biliyi zəif olanlar, amma istedadlı, həvəsli olanlar xarici dillər üzrə hazırlaşa bilər. Seçimdən öncə tələbənin üstünlük verdiyi və ya ixtisasın populyar olduğu ölkələrə və universitetlərə tur təşkil etmək olar. Bu turlar olmasa belə həmin ölkə ilə bağlı hazırlıq etmək çox yaxşı olardı. Bu işdə böyük təcrübəsi olan xaricdə təhsil agentliklərini də bu prosesə cəlb etmək olar. Yoxsa 1 illik magistr təhsilinin ilk 1-2 ayını tələbə daha çox adaptasiya və mədəni şoka ayırır. Sonra Christmas, sonra da ki..

Xaricdə oxuyub gəlib, indi iş tapa bilmir

İndiki dövrdə fərq etmir dövlət hesabına, ya da öz hesabına xaricdə oxuyub gəlmək faktiki olaraq insana iş tapmaqda üstünlük vermir. Çünki bizdə biznes mühiti zəifdir, yeni iş yerləri çox azdır, daha doğrusu vakansiyalar 🙂 21-22 yaşında bir insanın mən xaricdə oxumuşam 2000 manat almalıyam ambisiyalı yanaşması normaldır. Belə insanlarda Baku 2015-dəki gözəl maaşlardan sonra bu ‘özünəinam’ daha da artdı. Məsələn, bu dostlar imkan edib xaricdə qalsaydılar gərək elə istedadlı olardılar ki, ilk illər ilə 30000-40000 dollar qazana bilsinlər. Hamıda elə deyil axı. Bir də xaricdə oxumaq adı ilə insanın öz həvəsi olmadığı və ya Azərbaycanda perspektivi olmayan ixtisaslarda oxuması problemi da var. Bu da elə 1 illik hazırlığın necə vacib olmasına bir işarədir. Eyni zamanda xaricdə oxuyub gələn insanların bəzirlərinin menecer və rəhbər kimi işləmək ambisiyalar da var. Kimsə buna layiqdir və doğurdan da rəhbər kimi işləyə bilir, kimində isə bu konkret olaraq mümkün deyil. İşəgötürənlərlə də müzakirə edəndə və müşahidə apardıqda görmək olur ki, onların xaricdə oxuyub gələnlərə qarşı hər hansı bir mənfi münasibəti yoxdur, axı onların bəziləri hətta özləri xaricdə təhsil alıblar. İşəgötürənlər zəhməti çox sevənlərə üstünlük verirlər. Əgər xaricdə oxuyub gəlib özünü hamıdan ağıllı saydınsa, incimə çətin olacaq. Ümumiyyətcə götürdükdə isə xeyli xarici universitet məzunlar var ki, çox yaxşı yerlərdə də əla əməkhaqqı ilə işləyirlər. Bəziləri də xaricdə qalıb orada yaşayıb-yaradırlar. Ona görə də xaricdə oxuyub gəlib burada iş tapa bilmir daha çox mifdir.

Bərabər imkanlar və imkanlılar

Xaricdə təhsil proqramı ilə xeyli sayda imkanlı insan dövlət hesabına xaricdə təhsil alıb. Əlbəttə ki, cəmiyyətdə hər bir vətəndaş üçün bərabər imkanlar yaradılmalıdır. İlk olaraq demək çətindir ki, bunu necə tənzimləmək olar, amma seçim zamanı hansısa formada bunu nəzərə almaq lazımdır. Azərbaycan balacadır, ordan-burdan eşitmək olur ki, bəzən kimlərinsə balası necə və hansı formada proqrama düşdü. Ənənəvi KQB üsulları ilə deyil, normal mərkəzləşdirilmiş məlumat bazası ilə bunu idarə etmək olar. Düzdür, çox real görünmür, həm də bərabər imkanlar deyib bəziləri bayraq edə bilər. Amma praktik tətbiqi mümkündür.

Zəif təbliğat problemləri

Xaricdə təhsil proqramın hər il bir neçə min müraciət olsa da, onun təbliğatı diqqət çəkmirdi. Xüsusən də ilk illərində. Məsələn, hansısa rayonda 9-cü sinifdə oxuyan istedadlı bir məktəbli, Discovery kanalı vasitəsilə mühəndislik nailiyyətlərini görür və arzulayır ki, o da belə uğurlu mühəndis olacaq. Deyər bilərsiniz ki, burada Qafqaz Universitetində oxuya bilər, amma hər halda dünyada öz elmi nailiyyətlərinə görə toplaşmış universitetlər var ki, onlar uğur yolunu daha qısa, uğuru isə daha əlçatan edirlər. Gələcəkdə proqram olanda bakalavra az diqqət vermək tam başa düşülmür. 16-17 yaşında istedadlı insanı buradakı universitetlər böyük ehtimalla həvəsdən salacaq. Bu günlərdə Next Step start-up layihələrinin təqdimatına qatıldım və gənclərimizin necə uğurlu və dünya trendlərinə uyğun mühəndislik layihələri təklif etdiyini gördüm. Amma əsas problem bu ideyaları gerçəkləşdirmək üçün platformanın olmamasıdır. Yəni Lütfizadəni biz Bakıda o səviyyəyə qaldıra bilməzdik. Həmçinin, proqramın şəffaflığı da gərək gələcəkdə yaxşıca PR olunsun. Şəxsən tanıdığım onlarla insan bu proqram vasitəsilə hər hansı bir maneə olmadan xaricdə bir və ya iki təhsil pilləsi üzrə təhsil alıblar. Halbuki, bəzi insanlar hələ də düşünür ki, bu proqramda iştirak tapışsız və rüşvətsiz mümkün deyil. Bu uğur hekayələri sadəcə Təhsil Nazirliyinin vasitəsilə ilə deyil, bu insanların özlərinin vasitələrilə də cəmiyyətə təbliğ edilməlidir.

Pul göndərərəm özünə qatar alarsan

Məşhur lətifəni, uşaq atasına hamının dərsə qatarlə gedib-gəldiyini və onun bahalı maşın sürməyə utandığını bildirəndə, atasının ona qatar almaq üçün pul göndərməyə söz verdiyini xatırlamamaq olmur. Xaricdə təhsil deyərkən çoxumuzun ağlına Avropa, Amerika gəlir. Amma bildiyiniz kimi proqram 40-a yaxın ölkəni Asiyadan, Avstraliyadan Amerikaya qədər əhatə edirdi. Fərqli və innovativ düşünə bilən menecerlər, mühəndislər monoton mühitdən çıxmır. Müxtəlif ölkərin və universitetlərin təqdim etdiyi təqaüdlər öz yerində, öz imkanı ilə təhsil alanlar da bir qırağa, amma dövlətin ilə 4-5 milyona dünyanın müxtəlif ölkələrindən təhsil-elm təcrübəsini Azərbaycana gənc nəsil ilə gətirməyə ən böyük fürsətlərindən biridir bu. Bu təcrübəni xaricdən bura akademik və mütəxəssislər gətirməklə də, lap bu 4-5 milyona xaricdə təhsilə yox yerli təhsilə qoymaqla, Azərbaycanı beynəlxalq təhsil mərkəzinə çevirməklə (yaxın 10 ilə real görünmür) tam olaraq qazanmaq mümkün deyil. Bir məqam da odur ki, xarici təhsil alan şəxslərin məhz bu fərqli dünya görüşünə sahib olma ehtimalıdır ki, bu da cəmiyyətin müxtəlif problemlərinin həlli üçün çox vacibdir. Məsələn, xaricdə oxuyub gələnlər ətraf mühitə, müxtəlif təbəqələrdən olan insanların təhsilinə, iqtisadi və siyasi proseslərə yaradıcı yanaşırlar. Fərqli fikirləşmək həmişə xeyir gətirir.

Gələcək təbəqələrarası rəqabəti istəyiriksə

İstənilən halda imkanı olanlar öz övladlarını xaricə, lap kosmosa da göndərməyə davam edəcəklər. Əgər orta gəlirli insanların sayının çox olmasını istəyiriksə və hazırda ölkəmizdə təhsilin də qlobal səviyyədə dəyişməyəcini başa düşürüksə o zaman bu imkanların dövlət səviyyəsində sadə insanlara da yaradılması da çox vacibdir. Oxuyan hər yerdə oxuyar, şərait yaradın burada oxusun, internetdə axtardığın nə istəsən var demək asandır. Xaricdə oxumaq dəb deyil və ölkənin təhsildə zəif olmasının da göstəricisi deyil. Məsələn, hər il 10 000-dən artıq Amerikalı təhsil üçün Britaniyaya gəlir. Bu təcrübədir, yeni imkanlardır, beynəlxalq səviyyədə əlaqələrdir.

Bakalavr aşacaq, magistr, PhD daşacaq

Ümumlikdə 3289 nəfərin faydalana bildiyi birinci proqramda hər 100 tələbədən 35-i bakalavr pilləsində təhsil alıb. Yeni proqramda xaricdə bakalavr pilləsində çox məhdud sayda gənc təhsil ala biləcək. Bu məsələdə gərək fərqli yanaşaq. Yuxarıda da dediyimiz kimi burada bakalavra başlamaq və sonradan xaricdə təhsili davam etdirəcəm fikri ilə yaşamaq istedadlı uşağı həm dala, həm də həvəsdan sala bilər. Çünki indi insanların elm sahəsindəki uğurları çox gəncləşir. Yeni proqram da həm də deyilir ki, üstünlük magistr və PhD dərəcələrinə veriləcək. Bizə indi hər sahədə alimlərə ehtiyac var. Hansı ki, sonradan Azərbaycana gəlib sübüt etdikləri elmi praktik iş prosesinə transfer etsinlər. Bunun üçün isə əlbəttə ki, şərait olmalıdır. Bizdə görünən odur ki, bir neçə ildir ki Əmək-Təhsil-İqtisadiyyat Nazirlikləri ixtisaslar üzrə tələb və tələbatla bağlı ortaq məxrəcə gələ bilmirlər. Bu proses gecikdikcə bu şəraitsizlik və uyğunsuzluq daha uzun çəkəcək. Sonra ANS də gedib Turizm Universitetinə sujet hazırlayacaq ki, bəs buranı qurtaranlar turizm sahəsində işləmirlər.

Ötən günlərdə xaricdə təhsil proqramı ilə bağlı xeyli neqativ fikirlər gördüm. Həqiqətən də bu insanları anlamağa çətinlik çəkdim. Üstəgəl, bu dostların bəziləri hətta özləri xaricdə təhsil alıblar. Əlbbəttə heç kim çörəyi burnuna yemir. Hərə öz fikrində nəyəsə inanır ki, belə əsaslıdır. Mən də inanıram ki, yeni proqramda bu və digər məsələlər nəzərə alınacaq ki, o doğurdan da cəmiyyət üçün effektiv olsun.

PS Qeyd edim ki, ailəmizdən özüm (2008-ci il) və xalamoğlu (2013-cü il) bu proqrama müraciət etsək  də, təqaüd alanların sırasına düşə bilməmişik. Amma son illər bu proqramı böyük həvəslə ən çox təbliğ edənlərdən biri də elə mən olmuşam və yeni proqramı da elə böyük həvəslə təbliğ edəcəm 🙂

Dama-dama şortikdə görmüşəm səni

Dama-dama şortikdə görmüşəm səni

Bu yazıya başlamaq olardı ki, şortiki ilk dəfə  Amerikada geyiblər, sonra Magellan onu Avropaya gətirib. Amma bloqda nağıl yazmadığımdan Avropadan da şortiki Azərbaycana bir balıqçının gətirdiyini yazmayacağam. Zarafat bir qırağa fiziki olaraq şortiki Azərbaycana bu kişi gətirməsə də, şortik geyənlərin sayının artmasında onun əvəzsiz rolu olacaq. Zarafat deyil ömründə şortik görməyən adam da gedib alacaq ki, görəsən bu necə şeydir?

Qəzetdə nə yazırlar?

Səhər tezdən gəlib Facebook-da Kontakt Home-un reklamını gördüm. Nə gizlədim bəyəndim də, paylaşdım da. Biraz sonra görürəm ki, əməlli başlı bu məsələyə müzakirəyə çıxıbdır. Fikirləşdim ki, ilk baxışdan sevgiyə inanıram prinsipi ilə bu ideyaya vurulmağım ilə bağlı bir bloq yazaram, gördüm ki, məni artıq qabaqlayanlar da oldu 😉 Samir bəyNamiq bəy lazımi fikirləri yazdılar. Mənə qalan da məsələyə bir balaca zarafatla yanaşmaq olacaq.

BEGOC-a düşünülmüş kampaniya? 😉

Baku 2015 Əməliyyat Komitəsində çalışan bütün əməkdaşlara və bütün könüllülərə verilən şalvarlar sehirli idi. Belə ki, dizdən yuxarı hissəsində ‘zamok’ gizləşdilmişdi. Əgər bundan xəbərin olardısa şalvarını şortikə çevirmək olardı. Mənim sözün açığı bundan xəbərim olmayıb, 1 ay şalvarda gəzmişəm. İndi ki mənim bu kəşfimdən sonra digər xəbərləri olanlar da üzlərini bu mağazaya tutub endirimlərdən yararlana bilərlər. Mənə hətta elə gəlir ki, bu kampaniya oyunlarda əziyyətlə işləyənlərə bir lütfdür.

Həqiqətən bekarıq

Dünən gecə Qarabağın oyununu audio yazısına canlı qulaq asırdım. Sağ tərəfdəki çatda daha nələr yazılmırdı. Səviyyəsiz lağlağalar və küçə söyüşləri ilə dolu çat. İş o yerə çatmışdı ki, danışanı da söyürdülər. Həvəs və vaxt yoxdur ki, hazırda bu şirkətin Facebook-da paylaşdığı fotonun altındakı 841 şərhi oxuyum. Amma təcrübədən duyuram ki, yenə insanlar iki qrupa bölünüb. Şortik geyməkdə ayıb nə var deyənlər, bu gün şortik geyinən sabah epilyasiya edəcək deyənlər. Facebook və sosial medianın ən böyük bəlası da özünü ifadə adı ilə insanları belə mənasız müzakirələrə cəlb etməsidir.

Bu ki lap əsl virusdur

Adətən hekayələr sonradan formalaşır. Ola bilsin, Kontakt Home da artıq hekayəni qurub ki, biz bunun viral marketinq olacağını bilirdik, hər detalı nəzərə almışdıq. Təki elə olsun. Amma əsas olan odur ki, vaxtında olan bu addım 19 saat ərzində 773 dəfə paylaşılıb. Narxanım moddan düşdü, Yavər. Xeyirli olsun. Bilən varmı, Music Gallery-in ‘get haradan bizdən ucuz tapırsan al gətir üzümüzə vur’ kampaniyası qüvvədədirmi? Qüvvədə deyilsə onlar da havanın temperaturuna uyğun endirim təklif edə bilərlər. Bu gün rahatca 41 % endirim təklif etmək olar. Onda bilirsiniz nə qədər adam çıxıb deyəcək ki, siz hava ilə ayrıseçkilik edirsiniz. Soyuq havaya niyə hörmət etmirsiniz, ay özünə ağıllı deyib müasir düşüncəli olub başqasını bəyənməyənlər.

Əşi, kaş dərdimiz elə şortik dərdi olsun. Görüm tapsam Magellanın şortik ilə şəkilini də Facebook-da qoyacağam 😉

Fiziki iş vs. Oturaq iş – Baku 2015 təcrübəsi

Fiziki iş vs. Oturaq iş – Baku 2015 təcrübəsi

Baku 2015 1-ci Avropa Oyunları 12-28 iyun tarixləri ilə insanların yaddaşında qalacaqsa, mənim kimi BEGOC-a (Bakı Avropa Oyunları Təşkilat Komitəsi) iyun ayının əvvəlindən işləmək üçün qoşulanlar üçün isə 1-30 iyun tarixləri ilə yadda qalacaq. Sözün açığı daimi işdən istirahətə sərf edə biləcəyim 1 aylıq məzuniyyəti götürüb burada çalışmağa məni həvəsləndirən bir neçə məsələ var idi:

1) Oyunların təşkilinin idarəetmə tərəflərini müxtəlif komponentlər üzrə az bucaq ilə də görmək imkanı;

2) Gənclərlə, könüllülərlə işləyərək yeni trendləri real olaraq görmək, öyrənmək fürsəti;

3) Böyük bir tədbirin həyəcanını həm təşkilat komitəsindən, həm ziyarətçilərdən, həm də idmançılardan yaxından duymaq imkanı;

4) Yeni mühitdə və xüsusən də könüllərlə çalışaraq idarəetmə bacarıqlarını inkişaf etdirmək imkanı;

5) Nəhayət, son 10 ildə demək olar ki, ilk dəfə belə bir uzun müddətə fiziki iş ilə məşğul olub həyata fərqli bucaqdan baxmaq fürsəti.

Oyunlarla bağlı fərqli fikirlərə maksimum hörmət edərək bildirim ki, bura öyrənmək üçün əla platforma idi. Bütün bu bəndlər üzrə həmçinin mən bloq və təlimlər üçün yeni bilik və məlumatlar da toplaya bildim. İstərdim elə indi 5-ci bəndə göstərdiyim fiziki işə bağlı bir ayın nəticəsi olaraq gəldiyim bəzi fikirlərimi sizlərlə paylaşım.

1) Daş daşımırdıq

Qabaqcadan aydınlıq gətirim ki, fiziki iş deyərkən daş daşımağı filan nəzərdə tutmuram. İşin əsas xarakteriktikası bütün günü ayaqüstə olmaq, ən yaxşı halda gündə 2-3 saat oturaraq oyunları izləməyə gələn insanlara müxtəlif mövqelərdə müştəri və tədbir xidmətləri göstərmək idi. BEGOC-dan ilk təəssüratlarımda iş barəsində biraz yazmışdım. Bir ayın nəticəsi olaraq qollar və üz yaxşıca qaraldı. Antalyasayağı. Gündəlik olaraq isə ən azı 12 000 addım atılırdı. Bu hələ telefonu üstündə gəzdirdiyin vaxt qeydə alınan addımlar idi. İşlədiyimiz Crystall Hall-da sadəcə müştərilərə xidmət dəhlizinin birinci nöqtəsindən sonuncu nöqtəsinə qədər məsafə 1 km-dən artıq idi.

2) Sağlamlıq və qidalanma

Əslində çox yeyən deyiləm. Amma fiziki iş baxımdan mühitin dəyişilməsi məni çox yeməyə məcbur edirdi. Nəticədə insana elə gəlirdi ki, istinin altında bu qədər hərəkətlə arıqlayacaqsan, əvəzində isə bir neçə kilo artdım. Fiziki iş sağlamlıq üçün çox yaxşıdır, amma gərək qidalanmada diqqətli olasan. İdman ilə məşğul olanlar kkal ilə yemək-hərəkət kalkulyasiyasından xəbərdardılar. Amma sözün açığı mən bir ay ərzində bu asılılığı idarə etməyi öyrənə bilmədim.

3) Yuxu rejimi

Dəyişik növbələr, səhər saat 5-də evi tərk etmək və ya gecə 3-də evə çatmaq. Lazım gələndə ofisdə olanda da belə gərgin iş rejimi olur. Bu isə bizim burada çox qısamüddətli olsa da gördüyümüz işin gündəlik xarakteri idi. Aydındır ki, fiziki iş deyərkən mənim yuxarıda təsvir etdiyim qrafik əsas götürülməməlidir. Sadəcə bu qısa müddət mənə digər oxşar rejimdə həyatıboyu işləyən insanların yuxu və ümumi gündəlik rejimləri haqqında düşünməyə kömək etdi. 14 saatlıq növbədən sonra siz 12 saat yata bilər və ya 3 gün ardıcıl olaraq 3 saat yatıb yuxulu-yuxulu işə gedə bilərsiniz. Deyə bilərsiniz ki, burada qeyri-adi nə var? Axı oturaq iş şəraitində və ya tələbə olarkən də belə hallar olur. Sadəcə belə bir rejimlə işləyən insanların fərdi inkişafa, oxumağa, qabağa getməyə faktiki çox az imkanı olur. Çünki insanı əsas olaraq düşündürən yuxusunu almaq, işə vaxtında gedib-gəlmək və beləcə günlərini keçirtmək. Ona görə də fiziki iş ilə məşğul olan çox az şəxs həyatında müsbət dəyişiklik edib özünü daha rahat iş şəraitinə ata bilir.

4) Beyinin sakitliyi

Hərdən rayonlara gedəndə vaxtın orada necə sakit və bərəkətli keçdiyini görürürük. Gündəlik işdə isə biz nə qədər də ‘Time Management’ elementlərini işə qatsaq da intellektual yüklənmə vaxtımızı necə deyərlər içindən yeyir. Belə gərginlikdə insan sadə qərarlarda belə bəzən səhv edir. Fiziki işin isə az-çox intellektual elementləri olsa da havada olmaq, gəzmək, bütün günü kompüterin qarşısında oturmamaq beyinə lazım olan sakitliyi verir. Bu effekti nahar vaxtları yürüməklə, səhər və ya axşamlar idman etməklə və ya həftəsonları və ya tətil günləri gözəl təbiət qoynuna getməklə biz kompensasiya etməyə çalışırıq. Fizik işdə isə beyin sadəcə ən uzağı işdəki söz-söhbətdən və yaxud da həmin şəxsin öz qayğılarından yüklənir. Ona görə də sadə bir fəhlə hansısa bir problemə öz intellekti səviyyəsində kompüter arxasında oturan insandan daha praktik həll təklif edir.

5) Fiziki iş ilə məşğul olan insanlara qarşı fərqli hisslər

Bu da çox önəmli tapıntım oldu. Biz liderlik filan oxuyub özümüzü empatik insan kimi qələmə veririk. Əslində isə zaman-zaman özümüz kimi olmayan, daha dəqiq bizim rejimdə olmayan insanları duymaqda çətinlik çəkirik. Bu iş mənə imkan verdi ki, bütün günü ayaqüstə olan rejimdə işləyən mühafizəçidən tutmuş, səhər saat 4-dən küçələri süpürən insanlara qədər fərqli adamların həyat tərzlərini duyum. Sadəcə duymadım, özümüzün bəzən kondisionerin altındakı naşükürlüklərimizi xatırladım.

Bir aydan sonra yenidən artıq 10 ildir ki, mənə ‘doğma’ olan oturaq iş rejiminə qayıtdım. Fiziki iş ilə həyatını keçirənlərə ‘gərək vaxtında əziyyət çəkərdi, indi filan işdə olmazdı’ demək asandır, amma unutmayaq ki, biz özümüz də bilmədən hər an belə bir şəraitə düşə bilərik.

BEGOC-dan ilk təəssüratlarım

İyun ayının 1-dən sonunadək 1-ci Avropa Oyunlarında çalışmaq imkanım olacaq. Bu qısa vaxt ərzində öyrənmək ilə bağlı gözləntilərim çoxdur. Artıq ilk təəssüratlarım da var. Kimi deyir ki, ilkin təəssürat üçün 15 dəqiqə, kimisə deyir 48 saat lazımdır. Mən bunun vaxt məsələsinə toxunmadan gördüklərimi və duyduqlarımı 4 istiqamət üzrə təqdim edirəm:

1. Daxili müştəri

Mənim burada çalışdığım sahə ‘Tədbir xidmətləri’ adlanır. Bu istiqamətin əsas məqsədi ümumi desək bütün 17 idman arenasına tamaşaçı kimi gələcək şəxslərə müştəri xidmətləri göstərməkdir. Bu xidmətlərə qarşılamaq, istiqamətləndirmək, məlumatlandırmaq, itən-tapılan əşyalara görə dəstək və digər mühüm elementlər daxildir. Eyni zamanda izləyicilərə növbə mədəniyyətini, ‘tədbir arenasına ya biletlə, ya da dəvətnamə, ya da xüsusi akkreditasiya ilə girmək lazımdı’ yanaşmalarını aşılamaq bu sahənin missiyasıdır. Bütün bu xidmətləri isti yay günlərində göstərmək üçün isə əlbəttə ki, sizin məmnun işçi heyətiniz olmalıdır. Buna burada çox fokuslandıldığını görmək olar. Könüllülərə olan xüsusi yanaşma daha çox diqqət çəkir. Amma vacib olanı 17 gün ərzində oyunlar zamanı ümumi iş prosesində gərək bütün xırda detallar nəzərə alınsın ki, bu məmnuniyyət aşağı düşməsin. Əks halda izləyicilərin məmnunluq indeksi azalacaq.

2. Beynəlxalq təcrübənin tətbiqi

Bizdə nə ayda 2-3 dəfə 60 000 tamaşaçı ilə futbol oyunu, nə də həftədə 1 dəfə böyük konsertlər olur. İdman yarışlarına da xanımlar ümumiyyətcə az gedirlər. Oğlanlar da elə hər gün belə tədbirlərə getmirlər. Bir kateqoriya var ki, onlar idman tədbirləri nədir, ümumilikdə evdən çıxanda ictimai yerlərdə müxtəlif çətinliklərlə üzləşirlər. Bu da fiziki məhdudiyyətli olan şəxslər, xüsusən də əlil arabası istifadə edən şəxslərdir. Bütün idman arenaları bu qəbildən olan şəxslərə idman yarışlarından maksimum yerindəcə zövq almağa imkan verən infrastruktura malikdir. Tədbir xidmətləri baxımından isə bu şəxslərə maksimum diqqətlə yanaşılacaq və ehtiyac olarsa dəstək göstəriləcək. Təbii ki, onların sosial həyatı sadəcə bu yarışlardan ibarət deyil. Ən azı bu obyektlərə gələcək iş adamları maksimum öz sosial infrastrukturlarında bu detalları nəzərə almalıdırlar. Beynəlxalq təcrübədən isə hələ müxtəlif sahələrdə öyrənməli çox məsələlər var.

3. Təlimin gücü

Dediyim kimi biz idman yarışlarına elə tez-tez gedən deyilik. Bəzi idman obyektləri də yenidir. Bəzi şəxslər üçün bura ilk iş təcrübəsidir. Könüllülərin əksəriyyəti universitet tələbələridir və bizdə təhsil sistemi elə güclü deyil. Bu siyahı uzana bilər. Amma uzatmadan deyim ki, belə bir şəraitdə burada təlimə ayrılan diqqət çox diqqətimi çəkdi. Böhran oldu-olmadı əksər şirkətlər həm işçilərin peşəkarlığından şikayət edir, həm 0 təlim büdcəsinə sahib olur. Amma insan resurslarının idarəedilməsində təlimatlandırma nə qədər vacibdi hamımız bilirik. Burada hətta mənim kimi qısamüddətli qoşulan şəxslərə də intensiv təlimatlandırma edilir. Uzunmüddət çalışan şəxslər isə menecment, liderlik, xidmət, ümumi prosedurlarla bağlı təlimlər ilə yanaşı ‘İlk Tibbi Yardım’ kimi texniki, amma praktik təlimlərdə iştirak edirlər. Vaxtilə BP-in sayəsində inkişaf edən təlim mədəniyyəti böyük durğunluqdan sonra bu oyunlarla dalğalanmağa başladı. Yerli şirkətlərimiz burada dalğaları çoxaltmaqla özlərini böhrandan üzü ağ çıxarda bilərlər.

4. Xidmət sektoruna olacaq töhvə

Dostum Səfər Aslanov ilə bir komandada çalışmaq xoşdur. Bu günlərdə o oyunların gələcəkdə müştəri xidmətlərinə verəcəyi töhvələr haqqında yazı təqdim etmişdi. Yuxarıda da yazdığım kimi işçi heyətinə və tədbir xidmətlərinə qoşulacaq 3 000 könüllüyə texniki vasitələrdən istifadədən tutmuş körpə uşaqlarla idman arenalarına gələcək insanlara xüsusi qayğı ilə xidmət göstərilməsinə qədər detalları əhatə edən təlim proqramları keçirilir. İllər öncə AFFA-da və müxtəlif tədbirlərdə və konfranslarda bu sahədə könüllü kimi olan təcrübəmdən deyə bilərəm ki, bu çox effektivdir və yaxın 2-3 il ərzində müştəri xidmətləri üzrə əmək bazarında bizdə ciddi rəqabət olacaq. Bankda, supermarketdə, lap elə poçtda da bu şəxslər çalışsalar müştəri xidmətləri fəlsəfəsini bələd olaraq işləyəcəklər. Nə dərəcədə ‘tətbiqetmə mühiti’ olacaq və ya ‘təhsil sistemi elə bunları öyrədə bilər’ başqa mövzuların söhbətidir.

Bu təbii ki, ilkin təəssüratlardır və daha çox işin ümumi müştəri-tədbir xidmətləri menecmenti tərəfi ilə bağlı idi. Ümid edirəm ki, ilk təəssüratlarımda yanılmıram və yaxın 1 ay ərzində bu mövzuda yazmağa daha çox imkan olacaq.

Alət çubuğuna keç