Bəs sən ACCA tələbəsisən?

On il bundan öncə təhsil alan tələbələr üçün uğurlu karyeranı təmin edən çox az sayda təhsil imkanları barəsində məlumat var idi. Şəxsi əlaqələr, şəbəkələşmələr vasitəsilə az sayda gənclərimiz xaricdə təhsil almağa gedir, təhsil səviyyəsi yüksək olan Bakıdakı özəl universitetlərdə təhsil alır və ya az sayda təlim mərkəzlərində kurslara gedirdilər. Təhsil şirkətlərinin reklam büdcələrinin azlığı, təhsil və karyera ilə bağlı məlumatların çatışmamazlığı və internetin çox məhdud əhatə dairəsinin olması hansısa yeni təhsil xidmətlərini daha çox sayda insana çatdıra bilmirdi. Yaxşı ki, bu 10 il qabaq idi. İndi vəziyyət çox dəyişib və ‘məlumatım yoxdu’ demək sadəcə bəhanədir. Gənclər və tələbələr, eyni zamanda karyerasını inkişaf etdirmək istəyən hər bir şəxs müxtəlif təhsil imkanları barəsində dərhal məlumat əldə edə bilər. Dövr o dövr deyil, amma hələ o dövr də deyil. Bu cür imkanlardan təxminən hər 10 tələbədən indinin özündə də ortalama 2 tələbə yararlana bilir. Bu yazını da həmin 2 nəfərlərə həsr edirik.

ACCA hegomonluğu

Ola bilsin ki, bu ‘akka’ nədir deyə soruşacaqsınız. Bu ACCA (ey si si ey) 100 ildən artıq tarixi olan böyük təhsil mexanizmi, daha dəqiq kvalifikasiyasıdır. Maliyyə və mühasibatlıq sahəsində karyera qurmaq istəyən istənilən insan akademik təhsil ilə yanaşı bu kvalifikasiya üzrə də təhsil almağa çalışır. Hətta bəzi təhsil müəssisələri bu kvalifikasiyanın proqramının böyük hissəsini öz akademik proqramlarına daxil ediblər. Son 5 il ərzində Azərbaycandan bu kvalifikasiya üzrə təhsil alan tələbələrin sayı 300-350 nəfərdən təxminən 10 dəfəyə qədər artıb və maraq hər il artmaqda davam edir. Bu kvalifikasiya haqqında az və heç məlumatı olmayanlar ətraflı özləri araşdıra bilərlər. Bu şəxsi iddia kimi görünsə də amma düşünürəm ki, ACCA bu gün güclü təbliğat və karyera faydaları üzərindəki ağızdan-ağıza effekti ilə bazarda öz potensialından daha çox paya sahib çıxıb və digər peşələrdə karyera qura biləcək insanları da özünə cəlb edə bilib.

Bəs bazarın ehtiyacları necədir?

Azərbaycanda əmək bazarının ehtiyaclarını ümumi müəyyən etmək elə asan deyil. Bu ehtiyac Əmək və Təhsil Nazirlikləri arasında gərək ki, çoxdan müəyyənləşdirməli idi. Çoxumuzun təhsil aldığımız ixtisaslar da açılarkən onlara olan  ehtiyac üzündən deyil, trend olduğundan açılıblar. Məsələn, mənim özümün təhsil aldığım turizm ixtisası kimi. Məntiqi olaraq ümumi ixtisas adları bazarın tələblərini ödəyə bilən kurrikulumlar təqdim edə bilmir, həmçinin gələcək karyera perspektivləri də tələbələrə çardırılmır. Amma ümumi biznes mühitindən xəbəri olan istənilən tələbə ən azından öz ixtisası və ya özünə maraqlı olan başqa sahə üzrə bazar potensialını müəyyənləşdirə bilər. Düzdür bu çox çətindir. Amma ACCA kimi uğurlu modellər gənclərə ‘real karyera uğuru’ yolunu cızmağı öyrədir. Ona görə də ACCA nümunəsində bazarda öz payını artıra bilir. Müxtəlif sahələrin də, İnsan Resursları, Marketinq, Əməyin Təhlükəsizliyi, Təchizat, Loqistika, Ümumi menecment və digər biznes proseslərin, öz ACCA-si var. Məsələn marketinq sahəsi üzrə ölkəmizdə həm müxtəlif praktik təlimlər, həm də artıq CIM (Chartered Institute of Marketing) üzrə təhsil proqramları təqdim edilir.

Tələbə nəyi seçməlidir?

ACCA özünə imici rahat qazanmayıb. O uğurlu təhsil-karyera mexanizmi qura bilib onu işlədə bildiyi üçün minlərlə insanın seçimidir. Hansı ki, bir çox ixtisaslar üzrə Azərbaycandakı ali təhsil müəssisələri hələ model işlətmək nədir, hazırlaya bilmirlər. Tələbələr ən azı internetin imkanlarından faydalanıb karyera yönümlü ixtisaslar tapa bilərlər. Hər hansı bir kurs, kvalifikasiyaların haralarda hansı vəzifələə imkan yaratması araşdırmaq çətin deyil. Tövsiyə olunur ki, seçim sadəcə trend üzərindən deyil, real karyera faydaları  düşünülab qərar verilməlidir.

Xaricdə biznes və menecment oxuyanlar

Bu yaxınlarda tanış olduğum hesabatda deyilir ki, 2030-cü ildə elm sahələri, mühəndislik, riyaziyyat üzrə hər ali təhsil müəssisələrinin hər 10 məzunundan 6-ı ya Hindistandan, ya da Çindən olacaq. Demək olar ki, əhali sayına görə bu proporsiya məntiqlidir. Amma bizim ölkədən də xaricdə təhsil almağa nədənsə əksəriyyət biznes və menecment sahəsi üzrə gedirlər. Mən isə gənclərə, xüsusən də universitetə hazırlaşan, ilk kurslarda oxuyan gənclərə elm sahələri üzrə istiqamətlənməyi tövsiyyə edirəm. Nə qədər sadə olsa da marketinqi, lap elə mühasibatlığı sonradan öyrənmək olar. Amma elmə gərək lap əvvəldən başlayasan ki, innovasiyaları idarə etməli olan menecerlər də elm adamlarının hesabına evlərinə çörək apara bilsinlər. 

Gələcək haqqında düşünsək…

Əgər elmə həvəsiniz yoxdursa ACCA və digər biznes sahələrini öyrənməkdə israrlısınızsa o zaman vaxt itirməyin. Başlayın! İndiki mühitdə ənənəvi təhsildən bu cür proqramlar sizə daha çox fayda verəcək . Elmə həvəsi olanlar, lakin Azərbaycanda bunun mümkün olmadığını düşünənlər isə xaricdə rahat təhsil ala bilmələri üçün fərdi və ya kurs şəklində Bakıda fəaliyyət göstərən İngilis dilində riyaziyyat, fizika və kimya dərslərinə qoşula bilərlər. Həm də elmə marağı olanlar nəzərdə saxlasınlar ki, onların xaricdə təhsil üzrə dövlət təqaüd proqramına düşmə ehtimalları daha böyükdür. Gələcək haqqında həm də onu vacib addım kimi qeyd edək ki, dövlət təşkilatları, konsaltinq şirkətləri bazarın real ehtiyaclarını müəyyənləşdirib bazarda yeni məhsul və xidmətlər yaradanlarla bu məlumatları paylaşmalıdırlar.

Doğurdan da ACCA, ümumi maliyyə və mühasibatlıq ixtisasları üzrə əmək bazarının böyük imkanları var. Amma bu o demək deyil ki, digər sahələr üzrə imkanlar yoxdur. Odur ki, öz gələcəyinizi planlaşdırarkən səsə-küyə düşüb daha çox təbliğatı aparılan sahələr deyil, digər sahələr haqqında da düşünün. Məsələn, elə mühəndislik.

PS Bizimkilər oxumur demək çox sadədir. Bu gün təhsil sahəsində çalışan istənilən şəxs gərək ACCA misalından nümunə götürərək özündə təsdiqləsin ki, güclü təbliğat bütün faydalı təhsil xidmətləri bazarını inkişa etdirə bilər.

Uğur hekayəsi – Zahid Qədimli

Bloq açıb yazı yazmağa məni həvəsləndirən ən vacib məsələlərdən biri məhz ‘uğur hekayələri’ni tapıb onları öyrənmək ilə özümü və sizi ilhamlandırmaq idi. Baxmayaraq bu əsas məqsədlərdən biri idi, amma artıq bir neçə aydır ki, yazdığım bloqda bu istiqamət üzrə bu ilk yazımız olacaq. İlk öncə qısa bu ‘rubrika’ ilə bağlı əsas məsələləri qeyd edim, sonra isə hədəf aldığım insanı uğurlu edən səbəbləri öyrənməyə çalışarıq:

Sadəcə məşhurların hekayələrimi?

Xeyr, mən deyərdim ki, bizim populyar insanlarla çox az işimiz olacaq. Düzdür çalışdığı şirkətdə, sferadakı məşhurları hədəfləcəyik, amma bacardıqca orta statistik gəncləri hədəfə alacağıq ki, onların real və mümkün yanaşmalarını daha çox insan tətbiq etsin. Nə qədər desək ki, əlçatmaz heç kim yoxdur, amma bəzən məşhurların PR-ı elə uğurlu aparılır ki, onlar əlçatmaz nədir, ömür çatmaz olur.

Xaricilər ya özümüzkülər?

Maksimum özümüzkülər. Uğurun disturları üçün dünyada oxşar təkliflər çoxdur. Amma düşünürük ki, burada yerli mühit və psixoloji amillər daha vacibdir.

Yalan və pafosdan uzaq olacağıq

Necə milyoner oldun sualına təxminən ‘Mən 10 manata alıb 11 manata satırdım, gecələr oyaq qalırdım və qəfildən həyat yoldaşımın xalası vəfat etdi və 1 milyonluq varidatını bizə buraxdı’ cavab verən insanlar bizlik olmayacaq.

Formatımız necə olacaq

Bu da çox sadə və oxunaqlı. Müsahibə kimi deyil, təhlil kimi olacaq. Uğurunu öyrəndiyimiz insana ya suallar verib fikrini ümumi öyrənəcəyik, ya onun haqqında ətrafındakılarının fikrini öyrənəcək, ya da kənardan uğurunu qiymətləndirməyə çalışacağıq. Deyə bilərsiz, ən düzü birinci variantdır, amma düşünürük ki, ikinci və üçüncü versiyaları da tətbiq etmək səhv olmaz.

Nəhayət məqsədimiz nədir

Orta statistik insanlar arasında həyatına fərqli yanaşan və bizlərdən biri olub amma bizlərdən çoxumuzun nail ola bilmədiyi uğurlara nail olmuş şəxslərin nailiyyətləri haqqında öyrənmək və bu təcrübəni yaymaqla ən azından qəhrəmanımız qədər uğurlu olacaq şəxslərin 1-dən 100-ə qalxmasına töhvə vermək.

Yuxarıdakı prinsiplərimizi əsas tutaraq sizə ilk qonağımız Zahid Qədimlinin hekayəsindən maraqlı məqamları təqdim edirəm. Zahid hazırda dünyanın aparıcı audit və konsaltinq şirkətlərindən biri olan Deloitte & Touche şirkətinin Azərbaycan ofisində çalışır. Böyük dördlüyə daxil bu şirkətdə, eləcə də digər audit və konsaltinq şirkətlərində işləmək yüzlərlə gəncin arzusu və məqsədidir. Kimsə buna çox tez nail olur, kimsə çətin, kiməsə illər lazım olur, kimsə heç yaxın gəlməyə ürək etmir, kimsə isə heç bu barədə bilmir. Əslində isə ən azından aşağıdakılara yaxın bir həyat tərzi qursaq ‘iş yoxdur’ deyənlərdən 71.43 sm (1 addımın orta göstəricisi) qabaqda olarıq.

Ətrafımıza fikir verməli

Zahid fikirləşir ki, insanların həyat tərzinə dostların böyük təsiri olur. Dost əhatəsi nə qədər düzgün seçilərsə, bu bir o qədər də düzgün və sağlam həyat tərzi deməkdir. Amma bu o demək deyil ki, dostu sadəcə hər hansı bir mənfəətə görə seçmək lazımdır. Həyatında və ya karyerasında uğur qazanmış insanlara ünsiyyət insanı həyatda uğur qazanmağa motivə edir. Ümumi nəticə budur ki, bizi məqsədlərimizə çatmağa həvəsləndirəcək insanlarla daha çox vaxt keçirtmək məsləhətdir. Hətta sosial mediada belə dost olduğumuz və izlədiyimiz insanların sırasına uğurlu və faydalı daha çox şəxsi daxil etməklə 71 sm-in 10 sm-i getmiş olarıq.

İnternetdə vaxtı səmərəli keçirməli

Biz Zahiddən əksərən heç bir ödəniş tələb etməyən onlayn təhsil resursları haqqında soruşanda cavabı o oldu ki, ‘Hələ bakalavrda oxuyarkən mən bir necə online təhsil resurslardan faydalanmağa başlamışdım, bunlara misal olaraq coursera.org, khanacademy.org, udemy.com, ‘iTunes U’ və s. bu tip təhsil resursları mənim bilik səviyyəmin və dünya görüşümün artmasında mühim yer tutur.’ O həmçinin bir çox nüfuzlu unversitetlərin online təhsil təklif etdiyini, bunlardan yararlanıb distant təhsil ilə də yüksək keyfiyyətli təhsil almağım mümkünlüyünü xüsusi qeyd edir. Əlavə olaraq mən də qeyd edim ki, sadəcə elə TEDx və Youtube-da professorların, ekspertlərin minlərlə videosu var ki, çox yox elə yüzünə baxıb bizdəki bəzi ali təhsil müəssisələrindəki 4 illik təhsildən daha çox bilik öyrənmək olar. Odur ki, internetdə çalışın sistemli onlayn təhsil resurslardan faydalasınız.

Filan yerdə işləyənlərin hamısı xaricdə oxuyanlardır deməməli

Qəhrəmanımız da qəbul edir ki, hal-hazırda universitetlərimizin təhsil səviyyəsi bir çox Avropa və Amerika universitetlərindən geri qalır. Xaricdə təhsil almış gəncin ilk olaraq dünya görüşü daha geniş olur və xaricdə təhsil almış gənclərimiz iş ilə təmin olmaq baxımından o qədər də çətinlik çəkmirlər. Amma əgər dövlət proqramına düşə bilməmisənsə və xaricdə oxumağa özünün də kifayət qədər pulun yoxdursa bunu dramatikləşdirmə. Zahid məsələhət görür ki, öz ixtisasın və ya karyera qurmaq istədiyin sahə üzrə beynəlxalq, nüfuzlu assosiasiyaların sertifikat imtahanlarını verməyə çalışasınız. Audit şirkətləri timsalında söhbət ACCA kvalifikasiyasından gedir. Beləliklə də, daha 10 sm qabağa addım atmaqla həm digər tələbə yoldaşlarından seçilə və xaricdə təhsil almış gənclərlə bilik baxımından rəqabət apara biləcəksən.

Əlavə bacarıqlar haqqında da düşünməli

Mən soruşanda ki, oxuduqlarını işdə tətbiq edə bilməyəndə özündə hansı yeni bacarıqların və keyfiyyətlərini olmasını istəyirsən, cavab o oldu ki, ‘İş həyatında məktəb və universitetdə yiyələndiyin biliklərin heç də hamısını istifadə etmirsən, lakin karyerada uğurlu addımlamaq üçün güclü orta və ali təhsil vacibdir. Məncə, xüsusən də iş həyatının ilk illərində, ən böyük çətinliklərin arasında qərar qəbuletmə, problemlərin həlli, vaxtın düzgün idarə edilməsi kimi məsələlər önə çıxır. Bunları isə həm təlimlərlə, həm də iş təcrübəsi artdıqca aradan qaldırmaq daha asan olur.’ Göründüyü kimi, bu keyfiyyətləri sonradan inkişaf etdirmək olar. Əsas odur ki, özünü düzgün qiymətləndirə biləsən və hələ sahib ola bilmədiyin bacarıqsızlıqlara görə bildiklərini də unudasan.

Tələbə olarkən qurtarıb işləyərəm deyib arxayınlaşmamalı

Zahid fikirləşir ki, tələbə 3-cü kursdan başlayaraq ‘internship’ və ya ‘part-time’ işlərə müraciət etməlidir. Əgər hər hansı bir şirkətə qəbul olarsa, bu ona öyrəndiklərini praktiki olaraq tətbiq etməyə köməklik edəcək. Bundan əlavə tələbə hətta işə qəbul olmasa belə, işə qəbul zamanı müsahibələrdə öz güclü və zəif tərəflərini əvvəlcədən təyin edib və onları elə universitet dövründə inkişaf etdirməyə başlamalıdır ki, universiteti bitirdikdən sonra bu tip problemlərlə qarşılaşmasın. Bu barədə öz fikirlərimi mən ‘‘Narxozu’ bitirmişəm, amma ki işsizəm’ yazımda da qeyd etmişdim. İşləyərkən, azdan-çoxdan insanın əlinə pul da gəlir və bəzər gənclər bu pulu daha düzgün necə xərcləmək barəsində çox düşünürlər. O deyir ki, ‘Əgər ailədə imkanlar yüksəkdirsə, onda işləyərək qazanılmış pulun xərclənməsi üçün da bir neçə alternativ ortaya çıxır. Kursda iştirak, təlimə yazılmaq və digər faydalı ola biləcək investisiyalar etmək olar.’

Sonda bildirim ki, 2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin İdarəedilməsi ixtisası üzrə bakalavr məzunu olmuş Zahid ACCA (the Association of Chartered Certified Accountants) üzrə 8 fənnin imtahanını uğurla verə bilib. Təbii ki, yüksək ballarla. Zahid kimi Azərbaycanda minlərlə gənc var, amma bu cür ola bilməyən on minlərlə də insan var. Biz inanırıq ki, bu yazıdan da ən çox faydalananlar da elə on minlərlə insanın arasında olan şəxslər olacaq və kim bilir, bir neçə il sonra kimlərsə onların hekayələrini oxuyanda onlar bu son sətirləri xatıralayacaq. 🙂

Alət çubuğuna keç