Bizi çərçivəyə salan təhsil və Kolanın gücü

 

Biz təhsildən, gələcəyin təhsilindən çox danışırıq. Hər bir valideyn öz uşağı üçün, bir çoxlarımız özümüz üçün, menecerlər özləri və işçiləri üçün düzgün və faydalı olan təhsil sistemi ilə bağlı daima axtarışlardayıq. Sözün açığı mən də daima axtarışlardayam, nə gizlədim. İndi o qədər informasiya var ki, insan gərək özünə ən lazımlı və faydalı olanını  müəyyən edə bilsin. Amma adətən kütləvi şəkildə insanlar bunu edə bilmirlər deyə, bu işi məktəblər, universitetlər bizlər üçün görürlər. İndi bu o ayrıca sualdır ki, onlar bunu nə dərəcədə effektiv və səmərəli görürlər.

Demək, dünən Əcəmi metrosunun yaxınlığındakı Nənəmin Təndirindəyəm. Mənim öz nənəmin deyil, əlbəttə ki, adı belədir sadəcə :). Məndən qabaq səhv etmirəmsə fars olan bir neçə turist oradan çörək, qril alırdılar. İçəridə biş-düş edən orta yaşlı xanımlardan daha bir gülüşmələr çıxırdı ki, adam özü də onlara qoşulub gülmək istəyirdi. Bu turistlər gedəndən sonra xanımlardan biri böyük dərdlə o birilərini də dərdə salan sualı verdi. Bunlar burada insanlarla necə danışırlar? Bax dili bilmirlər eləmirlər. Harada qalırlar, özlərinə nəsə lazımdırsa onu necə başa salırlar və s.  Hər halda az öncə təndirin satıcısı əl qol ilə ödənişin 15 manat olduğunu başa sala bilmişdi. O biri xanımlar da bu sual haqqında düşünərkən, biri elə həvəslə dedi ki, mən onun beyaq danışdıqlarından bir elə kolanı başa düşdüm.

Dostlar, sizə təəccüblü gələ bilər. Ancaq bizim aldığımız təhsil bəzən o qədər limitli və ya çərçivəli olur ki, alternativlər haqqında düşünmək ağlımıza belə gəlmir. O xanımlar çox dadlı çörək, peraşki, qutab bişirirlər. Əminəm ki, azı 9 il də məktəbdə də oxuyublar. Ancaq biri sual verəndə ki, bəs bunlar burada necə gəzib-dolaşır, hamısı bunun dərdini çəkməyə başlamışdı. Avtomatik cavab belə gəlmədi ki, bəlkə bunlar İngilis dilində ünsiyyət qururlar. Aldığımız təhsil bizi bir çox biliklərlə və məlumatlarla yükləsə də bizə çox zaman lazım olanı verə bilmir. Həyatda bizə lazım olanı əhatə edə bilmir. Ona görə də biz iş seçəndə, insanları qiymətləndirəndə, qlobal düşünmək istəyəndə, insanlarla ünsiyyətdə, gördüyümüz işdə yaradıcı olmaq lazım gəldikdə donub qalırıq və ya mentalitet və sterotipləri bəhanə gətiririk. Əgər bunu sizin üçün müəllimlər etmirsə, özünüz edin. Yeniliklərə açıq olun. Fərq etmir, siz hansı peşədəsiniz. Xadimə və ya menecersiniz. Bilirəm ki, deyəcəksiniz xadimənin min-bir dərdi var. Amma inanın ki, o da biraz düşünüb öz işinə rahatlıq gətirə bilər. İstifadə etdiyi təmizlik ləvazimatlarını adını bilməyən, daha doğrusu öyrənmək istəməyən xadimələr tanıyıram.

Yuxarıda fikir verdinizsə xanımların başa düşdüyü sadəcə kola idi. Elə bu hadisədən bir qədər öncə bərbərxanada ustalar da koladan danışırdılar. O məşhur söhbəti. Biri uzun müddət itir, sonra girib böyük kola dispensirini təmizləyəndə, baxırlar ki, sümükləri əriyib paltarları qalıb. Xalq da uzun müddət bu kolanı içibmiş. Ustalar amma elə həmin günü də kola içmişdilər. Söhbət də elə oradan yadlarına düşmüşdü. Hərdən fikirləşəndə ki, kola reklamlara niyə bu qədər xərcləyir, niyə az qalsın ucqar kəndlərdə belə xırda mağazalara aparıb öz soyuducularını yerləşdirir, buna cavab kimi yüzlərlə belə misallar tapıb çəkmək olar. Kola kimi yüzlərlə anlayış, brend, məlumat var ki, onlar girib bizim beynimizdə dominantlıq edir və bizə alternativlər haqqında düşünməyə imkan vermirlər. Bu qısa yazıdan gəldiyimiz nəticə isə odur ki, əslində təhsildə də lazımlı və faydalı bilik və məlumatları biz insanların beynində çox rahat yerləşdirə bilərik. Sadəcə bunu düzgün kommunikasiyası lazımdır.

TED-dəki çıxışımda nədən danışacağam?

Cəmi 2 gün sonra, 16 aprel 2017-ci il tarixində IGEC şirkətinin təşkilatçılığı ilə Bakıda, Marriott oteldə TED sayağı bir tədbirdə iştirak edirik. Bu mənim TED-də spiker kimi ilk iştirakım olacaq. Nədən danışacağam? Təhsildən. Daha ətraflı az sonra. Əslində, bu yazını başlaya bilərdim ki, bəs 10-15 il öncə, biz tələbə olanda o yox idi, bu yox idi. Belə imkanlar çox az idi. Amma yazmıram ki, çünki keçmiş keçmişdə qalıb. Maksimum gələcək haqqında düşünməliyik. Yaşımız 40 olsa belə fikrimiz keçmişdə buraxılmış səhvlərdə deyil, gələcək imkanlarda olmalıdır. Bunun üçün isə bizə davamlı öyrənmək lazımdır. Ancaq ən böyük problemimiz məhz öyrənməyə, təhsilə vaxt tapa bilməməyimizdir. Davamlı öyrənmək mənim həyat prinsipimdir. Mən bu cür yaşamağı üstün tuturam. Təhsildən danışacam deyərkən də, davamlı öyrənməyə, ümumiyyətcə təhsilə, yenilikləri əldə etməyə vaxt tapmaqdan danışacağam.

Biz lazım olan şeyə mütləq vaxt tapırıq. Hər halda ən sadə, yemək yeməyə ki vaxtımız var. Əslində vaxtımız çatmayan məsələlərdə problem vaxt ilə bağlı deyil. Necə deyərlər, vaxt elə bir məfhumdur ki, hamıya bərabər verilib. Hamının bərabər 24 saatı var. Çıxışımda həyatımla bağlı apardığım maraqlı statistik müşahidələri də iştirakçılarla bölüşəcəyəm. Uzun tarixçəsi olan bir hadisədir, ancaq bütün bu illər ərzində bunu etməyə qətiyyən peşman deyiləm. Əksinə bu cür yanaşma hər il mənim daha düşüncəli olmağıma kömək edib. Və qərara gəlmişəm ki, əslində bizim təhsilə vaxt tapa bilməməyimiz.. Yox! Qoy, bu qalsın artıq təqdimata.

Dostlar, həmişə bu cür tədbirlər haqqında maksimum bloqumuzda yazıb onların necə vacib olduğunu qeyd edirəm. Əminəm ki, siz də fürsət düşdükcə belə tədbirlərə qatılırsınız. İnanın ki, belə tədbirlərdən hətta narazı qalıb çıxsanız belə, onlar sizin həyatınızı müsbətə dəyişir. Bazar günü olacaq TED tədbirinə mənimlə yanaşı Azərbaycanda kifayət qədər uğur əldə etmiş 7 spiker də olacaq. İnanıram ki, bu tədbirdən maksimum fayda əldə edəcəksiniz. Görüşənədək!

1 paxlavanı yeməməyim necə 10 tələbənin təhsil haqqını ödədi?

Biz məktəbdə oxuyanda mənim çox ağıllı sinif yoldaşım var idi. Nə gizlədim, bir çox fənlərdə məndən də yaxşı oxuyurdu. Hətta bizim məktəb və sinif üçün xarakterik olmasa da, Mingəçevirdə rus kanallarının yayımı dayansa belə Rus dilini də gözəl bilirdi. Bir neçə bacının da kiçik qardaşı idi. Yadımdadır ki, söz düşəndə mamam deyirdi ki, bəs onun bacısı test imtahanı təzə çıxanda öz gücünə Tibb Universitetinə qəbul oldu, Bakıda oxutmağa gücləri çatmadı, qız təhsilini yarımçıq qoyub geri qayıtdı. Sonradan mənim sinifdəki ən yaxın dostlarımdan biri olan bu şəxs hətta ali məktəbə girəcəyi təqdirdə ailəsi tərəfindən kompüterlə mükafatlandırılacağı şərtilə belə ən minimal balla tələbə qəbulu edən Mingəçevir Politexnik Universitetinə qəbul ola bilmədi. Sonradan isə onun həqiqətən o bilik və bacarıqlara yaraşmayan bir işi gördüyünü eşidib çox məyus olmuşdum.

Bizdə ən çox əziyyət çəkdiyimiz məsələlərdən biri məhz statistika, xüsusən də araşdırmaların statistik nəticələridir. Hələ keçmiş TQDK yaxşıdır ki, universitetlərə qəbul imtahanlarının balına görə, hər il ali məktəblərə nə qədər insan haradan daxil olur tipli statistikaları neçə ildir ki, yayımlayır. Ancaq bu məlumatlar bəzi sosial problemlər haqqında daha dərindən fikirləşməyə imkan vermir. Məsələn, evin böyük uşağı ali təhsili yarımçıq qoyubsa və  ya ali təhsil aldığına baxmayaraq iş tapmaqda çətinlik çəkibsə, bu sonradan evin kiçik uşaqlarının təhsil planlarına necə təsir edib tipli və s. Niyə görə bu hekayəni sizinlə paylaşıram və bu haradan yadıma düşdü? 90-cı illərin çətinliklərini hamımız birgə yaşamışıq. Hamımızın bu cür oxşar hekayələri var. Bu çətinlikləri keçərək azdan-çoxdan müəyyən səviyyəyə çatmışıq. Xüsusən də artıq işləyiriksə, əlimiz çörəyə çatandan sonra bu cür hekayələri düşünməsək, illərlə xatırlamarıq. Ölkədəki vəziyyət ilə yanaşı, bir də var insanın həyat yolundakı vəziyyətlər. Çoxunuz razılaşarsınız ki, müstəqil həyatımızda ilk bu cür çətinliklər məhz tələbəlik illərindən başlanır. Bu problemləri həll etməklə özümüzə növbəti mərhələlərə böyük özünəinam ehtiyatı yığmış oluruq.

Bu yazını yazaraq öz tələbəlik illərimi də xatırlayıram. Bəzən elə problemlər olub ki, onların həlli üçün xeyli vaxt gedib. Halbuki həmin vaxtı daha faydalı işlərə yönəltmək olardı. Hələ mən ödənişsiz təhsil almışam. Vay o günə ki, ödənişli təhsil alırsan və ailənin çətin vaxtlarında gecə-gündüz təhsil haqqını necə ödəyəcəm fikri beynindən çıxmaya. Belə vaxtı neyləməlisən?

Güman ki, bu sualı bu cür tələbələrdən biri Azər Türk Banka verib. Özü də paxlava xoşlamayan biri. Yoxsa bütün şirkətlərin bir-birinə şəkərbura-paxlava, buta formasında səməni göndərdiyi bir vaxtda Azər Türk Bank bu məqsədlə marketinq büdcəsindən ayrılmış pulları 10 tələbənin 1 illik təhsil haqqını ödəməyə xərcləməzdi. Zarafat bir qırağa, amma Novruz bayramı ərəfəsində aldığım və fotosunu da təqdim etdiyim təşəkkürnamə mənə ləzzət elədi. İlin-günün bu vaxtında pulu bu cür xərcləməyi sadəcə alqışlamaq və dəstəkləmək lazımdır. Sosial məsuliyyət həm də öz müştərilərini, partnyorlarını da inandığın ideyalara şərik qoşmaqdır. Faktiki olaraq, bu kampaniyası ilə bank bizləri də bu təşəbbüsə qoşur və bu işdə bizlərin də bir payı olmuş olur. Beləliklə də bu əlaçı tələbələr artıq öz əziyyətlərinin ilk nəticəsini görürlər. SABAH qruplarında oxumaq belə özü böyük uğurdur. Burada uğurlu oxuyub 4-cü kursun təhsil haqqını sənin oxumağına dəyər verən banka ödətdirmək isə ondan da böyük uğurdur. Bu tələbələrin arasında yuxarıda mənim paylaşdığım hekayənin qəhramanı kimi təhsil haqqını ödəməyə imkanı çatmayanlar da var idi ki, onlar əlaçı olsalar da təhsillərini yarımçıq qoya bilərdilər. Qoy Novruzda yeməyim mən 1 paxlavanı, amma sən də bundan arxayınlaşma, əksinə sübut et və göstər ki, bu dəstəkdən maksimum çox istifadə edirsən və 4-cü kursda təhsil haqqı haqqında düşünmədən yeni-yeni uğurlara doğru gedirsən!

Dostlar, təhsilə yatırılan investisiya heç zaman itmir. Mən Azər Türk Bankı bu maraqlı kampaniyasına görə təbrik edirəm və inanıram ki, bizim bizneslər bundan sonrakı korporativ sosial məsuliyyət layihələrində təhsilə daha çox yer ayıracaqlar.

İngilis dilini öyrənmək istəyənlərə məsləhətlərim (Video)

Məndən ən çox soruşulan suallardan biri, xüsusən də yaşı 25-i keçmiş və işini-gücünü dəyişmək istəyən şəxslər tərəfindən, ‘İngilis dilini necə öyrənə bilərəm?’ sualına cavabımı bu videoda təqdim edirəm. Başlayanda 2 dəqiqə deyib, 8 dəqiqə danışıram 🙂

O qədər şagirdin 2 almasına düşündüyüm 5 səbəb

Ilham Ali Yusif

Bu günlərdə TQDK məlumat yaydı ki, bəs 9-cü və 11-ci sinif şagirdlərinin bu ilki buraxılış imtahanlarında ümumi olaraq 35 000 nəfəri Ana dilindən 2 qiyməti alıb. Bu müvafiq olaraq 9-cü siniflər üzrə 20 %, 11-ci siniflər üzrə 18 % şagirdin təhsillərinin sonunda bu fəndən ‘heç nə bilmədiklərini’ göstərir. Həm də açıqlanıb ki, 9-cü sinifdəkilərdən 25 %-i, 11-sinifdəkilərdən isə 19 %-i riyaziyyatdan 2 alıb. İlk öncə mən də sizin kimi sadə bir məntiqi başa düşmək istəyirəm. Sonra isə niyə bizimkilər oxumurlar bu barədə sizinlə bir neçə fikrimi paylaşacağam.

Əvvəla, məntiqlə 11-ci sinif məzunları 9-cü sinifdə imtahan verib 10-cu sinifə keçməlidirlər. Hər iki fənn üzrə 11-ci sinif qiymətləndirilməsinin də rahatca 75 %-i məhz 9-cü sinifə qədər keçirilən mövzulardan olur. Axı necə olur 9 və 11-ci siniflər üzrə kəsilmə faizi riyaziyyatdan o qədər də çox olmayan 6 % və Ana dilindən isə cəmi 2 % düşür. 9-dan 10-a qırmızı həddə yaxın keçsin tutaq ki 10 % hansı ki, onlar da azdan-çoxdan bildiklərini təkrarlamayıb unudublar. Bəs yerdə qalan təxmini 10 % necə 10-cu sinifə keçib? Keçibsə də, niyə orta təhsilin könüllü hissəsində könlünü dərslərə verməyib? Yuxarıda da ipucu verdiyimiz kimi bu yazımızda təxminən elə bu könülsüzlükdən söz açacağıq.

Həvəssiz və motivasiyasız mühit – Bu gün Azərbaycanda tək şagirdlər deyil, az qala hər 2 adamdan 1-i həvəssizdir. Mağazada vitrində dayanan gənc elə həvəssiz olur ki, adam heç yaxınlaşıb ona 1 kilo qaysı belə çəkdirmək istəmir. Universitetdə oxuyanda rüşvətdən, işləyəndə sistemdən şikayət etməyə pərgar olsaq da, öz üzərimizə düşən işi heç layiqincə görmürük. Məktəbli gününün 5-6 saatını məktəbdə keçirirsə, məktəb və təhsil sisteminin üzərinə elə böyük yük düşür ki, bütün şagirdlər oxumağa motivasiyalı olsun. Bax bu sistem necə olmalıdır, bunu gərək geniş müzakirələr edib model quraraq sonradan təhsil sistemində praktik tətbiq etmək lazımdır. Müəllimlər var ki, mən xatırlayanlardan, indi eşitdiklərimdən ancaq uşaqları aşağılamaqla, hanbal olmaq ehtimalı ilə güya ki, oxumağa həvəsləndirirlər. Şəxsən mənim özümə biri 11-ci sinifdə deyirdi, axırın araba dartan olacaq. Vacib deyil, müəllim uşağa milyarder olmağı vəd etsin, amma ən azından uşaqlar 5 yox, adi 3 ilə belə orta məktəbi bitirib həyatda hansısa peşədə uğurlu olmaq haqqında düşündürülməlidirlər. Rüşvət və qeyri-səmimi mühitlə isə bu çətin tez həll oluna.

Əyləncəli təhsil olmayınca  İndi oyunlaşdırma qlobal trendə çevrilməkdədir. Yaşından asılı olmayaraq hər bir kəs yeni bilik və bacarıqları oyun oynaya-oynaya da öyrənə bilər. Düzdür, bunun üçün onlayn oyunlar olsa daha yaxşı olar. Amma bizə təhsil sistemində ensiuastik müəllimlər lazımdır. Gəlsin dərs keçəndə ənənəvi təhsili qoysun bir tərəfə, uşaqları qəflətdən oyandırsın, əyləndirsin, güldürsün və lazım olan biliyi də onların beyninə yerləşdirsin. Lazım olanda cəzalandırsın da. Bu təminat vermir ki, daha heç kim 2 almayacaq, amma uşaqlarda məktəb illərindən oxumaq, öyrənmək vərdişləri inkişaf edəcək. Mən Azərbaycan dili müəllimi olsaydım, dərsin əvvəlində şagirdlərə 5 dəqiqə vaxt verərdim ki, günün aktual mövzularına aid 4-5 cümləlik olsa da, inşa yazsınlar. Məsələn, ‘Futbola niyə baxıram və ya baxmıram?’

Tək təhsil sistemi məsuliyyət daşıyırmı? – Xeyr! ‘Sən lijbi instituta gir, sonra hər şeyi özümüz həll edəcəyik’, aya 50 manata 5 müəllim yanına göndərib, testin hər il çətinləşdiyini bəhanə edib uşaqlarının 150 bal toplamasına haqq qazandıran valideynlərin də günahı az deyil. Bəzi hallarda bu valideynlər sözün hər mənasında boğazlarından kəsib uşaqlarının ‘təhsilinə’ pul yatırırlar. Valideyn uşağa təhsil-karyera-peşə asılılığını öz başa düşdüyü formada belə izah etməyi bacarmalıdır. Bu barədə çox yazırıq. Bəzi uşaqlar kompüteri bilməklərindən öyünə bilərlər, amma indi bu metrodan istifadə kimi sadə bir şeydir. Həm də, valideyn və uşaqların özü də sonradan deyir, bəs iş tapmağa filan-filan xarici dil bilikləri lazımdır. Dilçi olmasam da, anladığımdan öz Ana dilini bilməyən xarici dili də öyrənməyə çətinlik çəkəcək.

Test sisteminin günahı varmı? – Test insanları kütləşdirir demək həm səhv, həm də düz yanaşmadır. Amma bu məsələdə bu sadəcə bəhanədir. Səhv etmirəmsə elə buraxılış imtahanı elə testlədir. Ana dilinin testi Mendeleyev cədvəlinə aid suallardan ibarət olmur ki. Test sistemi əzbərçiliyə səbəb ola bilər, amma ilboyu normal test vərdişi olan tələbə əzbərlədiyi 100 testdən axı ən azı 25-30 %-in mənasını başa düşəcək. Cümlə üzvlərinə aid testdə ardıcıllığı axı dərk etmədən testi necə həll etmək olar? Problem yenə də sistemlə və mühitlə bağlıdır. Uşaqlar həm məktəbdən, həm evdən oxumağa, öyrənməyə həvəsləndirilməlidirlər.

Ümumiyyətcə isə çox az oxuyuruq – Bax, bu əsas problemlərdəndir. Günə 10 səhifə Azərbaycan dilində mətn oxuyan insan inanıram ki, ən azı Ana dilindən 3 ala bilər. Daha ş yerinə w yazıb sosial şəbəkələrdə ayqa, mayqa salıb vaxt öldürməklə əlbəttə dilinin qayda və qanunauyğunluqlarından bixəbər olacaqsan. Mənim attestatda cəmi 2 qiymətim 4 olub, onun da biri məhz Azərbaycan dilindən. Amma qiymət önəmli deyil. Əsas odur ki, dilimizin maksimum imkanlarından istifadə edib bizdə biznes dili yoxdur deyənlərin Rus və İngilis dillərinə qarşı yumşaq mənada layiqli mətnlər ortaya qoya bilirəm. İnanmaq istərdim ki, əllərindən düşməyən telefon və planşetlərdən şagirdlərimiz gələcəkdə öz ana dilimizdə faydalı məlumatlarla daha çox tanış ola biləcək. Onların oxuması üçün isə bizlər tək yazıdan ibarət məlumatlar deyil, həm də indiki uşaq və yeniyetmələrin tələb etdiyi daha interaktiv metodlarla gərək fəaliyyətimizi davam etdirək.

Alət çubuğuna keç