Siqaret çəkən çəkməyənin sağlığını istər?!

Əvvəllər Azərbaycanda da 31 may tarixində siqaret çəkənlər siqaretdən imtina edərdilər. Ən azından mediada bu məsələ çoxluca işıqlandırılırdı. Bəlkə indi də edirlər. Yəni simvolik olaraq bunu dövrümüzdə də edirlər. Deyə bilərsiniz niyə imtina edirlər, belə ki 1987-ci ildən bəri dünyada bu gün siqaretdən imtina günü kimi qeyd edilir.

Siqaret çəkənlərə çox dözümsüzəm. Açığı 1 günlük imtina edən şəxsləri də başa düşmürəm. O insanları da başa düşmürəm ki, fəxrlə ‘lazım olsa tərgidərəm, son 6 ildə 8 dəfə tərgitmişəm’ deyirlər.

Onsuzda qısa olacaq yazıya keçməmişdən öncə istərdim bu videoyaya baxasınız:

Burada özünüzü (çəkiliş vaxtı Tailanda olanların təsadüfən kameralara düşməsini nəzərdə tutmuram) gördünüzsə çox təəssüf edirəm. Azərbaycan da siqaretə çox bağlı olan ölkələrdəndir. Statistikaya elə bağlı olmasam da ən azı müşahidələrimlə son illər siqaret çəkən gənc qızların sayının artdığını görmək olur. Bu bəlanın miqyasını artırmamaq üçün 3 təklifim var:

1. Birinci olaraq qəti şəkildə biz ictimai yerlərdə siqaret çəkməyi qadağan etməli və 50-100 manatlıq yox, lap elə 1000 manatlıq cərimə tətbiq etməliyik. Bilirəm, çox radikal görünür. Amma təcrübə göstərir ki, həm sərt cərimə, həm də bu cür qadağalar insanları ‘iradəli’ edir, daha doğrusu ‘asılılıqdan’ xilas edir. Təklif edirəm ki, xaricdə təhsilin lazımsızlığı əvəzinə bu məsələ parlamentdə müzakirə olunub qərar səviyyəsinə keçsin.

2. İkinci təklif sosial qınaq ilə bağlıdlr. Avtobusda sürücü siqaret çəkəndə, ‘əşi bütün günü yoldadır, əsəbləşir, planı ödəyə bilmir’ deyib onun siqaret çəkməyinə göz yumuruq. Evə qonaq gələndə ‘get eyvanda çək desək ayıbdır deyə’ onun zəhəri ilə boğuluruq və digər yüzlərlə misal. Biz qınamaq nədir hələ bizi zəhərlədiklərini bilə-bilə xahiş etməyə utanırıq. Təklifim odur ki, bu cür insanları özlərinə görə olmasa da özümüzə görə qınayaq.

3. Təcrübə göstərir ki, siqaret qutusunu nə qədər ora-burasına yazsalar da bu adamı gəbərdir, insanlara bu təsir etmir. Üçüncü təklifim sosial təbliğat, reklam və PR ilə bağlıdır. Bizdə ara-sıra sosial reklamlar hazırlanır. Amma ümumi götürsək siqaretin təhlükəsi demək olar ki, təbliğ olunmur. İstəmirəm ki, bütün günü siqaret üflədən ‘məşhurlar’ rola girib siqaretdən imtinaya dəvət etsinlər. Lazımdır ki, məktəblərdən, alış-veriş mərkəzlərinə təbliğat kampaniyaları keçirilsin. Radiolar, TV-lər, qısası media bu cür kampaniyalara dəstək olsunlar. Ən sadə nümunədə ‘siqaret çəkmək yüksək status deyil’, ‘qızların damağında siqaret necə irgənc görünür’, ‘dərdi unutmağa başqa vasitələr var’ və s. mesajlar çatdırılsın. Onsuzda ölümü çox az düşünürük. Hə, birdə iş qalır siqaret biznesi ilə məşğul olanların insafına, daha dəqiq onların bu kampaniyalara əks-təbliğat planına.

Siqaret çəkənlər inad etsələr də ki, ətrafındakılarının  sağlığını istəyirlər, buna inanmıram. Passiv siqaret çəkmə daha təhlükəlidir. Tullayın getsin bu zibili.

SOSial reklam – O əjdaha

Bu günlərdə sosial mediada Bakı metropoliteni tərəfindən metropoliten ərazisində ‘özünü düzgün aparmaq, mütailə etmək, böyük-kiçik yeri bilməklə’ bağlı maraqlı sosial reklamların metro stansiyalarında yerləşdirilməsi ilə bağlı xəbər yayıldı. Bu xəbərə ən çox sevinən şəxslərdən biri də mən oldum. 2012-ci ilin payızında bir təşəbbüs qrupu kimi Social Advertising Azerbaijan Facebook səhifəsini yaradarkən məqsədimiz dünyadan və Azərbaycandan maraqlı sosial reklamları paylaşmaq və özümüzün və səhifəni izləyənlərin az da olsa ətrafımız haqqında düşünməyimizə nail olmaq idi. Düzdür səhifə cəmi 1 il müddətində aktiv oldu, amma bu müddət ərzində onlarla maraqlı foto, video və məqalələr paylaşıldı. Amma əsas məqsədimiz daha çox Azərbaycanda bu tip reklamların və fəaliyyətlərin genişlənməsinə dəstək olmaq və milli təcrübəni paylaşmaq olduğundan və təəssüf ki, ölkəmizdən paylaşılası çox az nümunələr tapdığımızdan səhifəni də maraqlı etmək çətin oldu. Fürsət düşmüşkən istərdim ki, sosial reklam barəsində bəzi fikirlərimi sizlərlə paylaşım:

Sosial reklam kimə və niyə lazımdır?

İlk öncə ondan başlayaq ki, sosial medianın inkişafı google axtarışları zamanı sosial reklam axtarışları Facebook reklamı ilə qarışır. Biz qarışdırmadan bildirmək istəyirik ki, dədə-babadan sosial reklamlar cəmiyyətdəki müxtəlif problemlər, həyəcan təbilləri haqqında düşündürücü reklamlar olub ki, onların da məqsədi insanların gündəlik həyatlarında daha məsuliyyətli olmalı, hərəkətlərində tək özlərini deyil, ətraf mühiti də nəzərə almaqlarına təsir etmək olub. Sosial reklam sadəcə siqareti çəkməməyə, içkili avtomobil sürməməyə, yaxud da hansısa heyvan növünün kəskin azalmasına aid olmur, bu aydındır ki, insanların həyatlarına, sağlamlıqlarına, yaşayışına, bir sözlə narahatçılığa səbəb olan istənilən bir məsələ ilə bağlı maarifləndirmə, düşündürmə mesajlarıdır ki, adamlar adam olsun. Sosial reklamları tək qeyri-hökumət təşkilatları hazırlamır, eyni zamanda hökumətlər də müxtəlif təbliğatlar üçün sosial reklamlar sifariş etdirir və onu yayırlar. 100 ildən artıqdır ki, bu cür çağırışlar dünyada yayılıb və sovet dövründə də olan bəzi reklamlar yəqin ki, ara-sıra indi də qarşısınıza çıxır:

https://www.youtube.com/watch?v=JrsmuYmiZ80

Bəs o əjdaha bizdə niyə təkbaşlıdır?

Məsələ ondadır ki, bizdə o əjdahadan var, amma ki bu əjdahanın ola-ola uzağı 1 ya 2 başı. Yuxarıda da qeyd etdiyim kimi biz milli sosial nümunələri çətinliklə tapırdıq. Ara-sıra bəzi qeyri-hökumət təşkilatları, hökumət qurumları təhsil, təhlükəsizlik, sağlamlıqla, fiziki qüsurlarla bağlı müxtəlif tip reklamlar hazırlayıb yayımlayıblar. Özəl təşkilatlar da fərdi qaydada bu cür fəaliyyətlər həyata keçiriblər. Məsələn, hazırda 107.7 FM Avto FM maraqlı sosial radio reklamlar təqdim edir. Bir neçə il qabaq BP də Bakı-Ələt yolunda uşaqların çəkdiyi rəsimlərdən ibarət billboard-lar yerləşdirib sürəti azaltmağı təbliğ edirdi. Amma yaxşı olar ki, qeyri-hökumət təşkilatları, hökumət və özəl təşkilatlar arasında bu barədə daha effektiv əməkdaşlıq olsun. Özəl təşkilatlar bu tip layihələrə maliyyə ayırmaqda maraqlı olsun, eyni zamanda hökumət qurumları bu layihələrə, kampaniyalara peşəkar reklam şirkətlərini cəlb edib daha maraqlı və düşündürücü kampaniyalar həyata keçirsin. Evdən çıxarkən qazı söndürməyi hər birimiz unuda bilərik, AzəriQaz-da unutmamağı təbliğ etməyə çalışır. Amma AzeriQaz-ın mesajını daha çox auditoriyaya düzgün və effektiv məhz peşəkar reklam şirkəti çatdıra bilər.

Sosial məsuliyyətli şirkətlər

Qeyri-hökumət təşkilatları bu məsələdə aktivdirlər. Amma bazarda görünən vəziyyət odur ki, özəl şirkətlər bu məsələdə ən zəif tərəfdirlər. Korporativ sosial məsuliyyət çərçivəsində hansı istiqamətdə layihə reallaşdırırsınız reallaşdırın, amma sosial reklamları da unutmayın. Xüsusən də artıq öz brendini sevdirə bilmiş şirkətlər. Hansısa sosial reklamda sevimli bankdan, mobil operatordan dəstək gördükdə kütlə bu reklama sıradan bir reklam kimi baxmaz. Həmçinin, siz dəstəyi sonradan bu reklamı öz peşəkar reklam şirkətinizlə geniş kütləyə daha rahat yaya bilərsiniz ki, bundan da ən çox qazanan cəmiyyət olacaq. Sosial reklamların əhatə edə biləcəyi sahələr o qədər genişdir ki, sizə maraqlı ola biləcək istənilən bir istiqamət üzrə reklamların hazırlanmasına dəstək ola bilərsiniz. Mənim siqareti tərgitməyə və ya avtomobil sürərkən təhlükəsizlik kəməri taxmağı təbliğ etməyə nə aidiyyətim var deyib üstündən keçməyin.

Buradakı ən güclü kreativlik səmimiyyətdir

Məhsul, xidmət reklamı abstrakt və reallıqdan uzaq ola bilər. Hansısa avtomobil markası reklamında maşını dərələrdə-təpələrdə uçan quşa bənzədib şüuraltı sürəti təbliğ edə bilər. Amma sosial reklamın üstünə düşən yük daha ağırdır. Siz sadəcə insana maşının uça bilməcəyinə görə sürəti azaltmağa inandırmamalısınız, bu sürətin onu və digərlərini öldürəcəyini göstərməyi bacarmalısınız. Buradakı kreativlik auditoriyaya səmimi və real mesajı daha maraqlı çatdırmaqdan ibarətdir. Düzdür, narkotikin bir insanı zəbt etdiyini ən gözəl nümayiş üsullarından biri məhz onu şpristin içinə salıb reklam etməklə göstərmək olar. Sosial reklamlardakı məcazlar çox effektiv olur, amma yenə də vurğulamaq istərdim ki, sosial reklamlarda kreativlikdən artığı səmimilik və reallıqdır.

PR-sız olmaz

Reklam reklamdır. Kreativ oldu olmadı. Hansı reklam kanalından istifadə olunmasından asılı olmayaraq. Vacib olan onun ictimai kommunikasiyasıdır. Sosial reklam məsələsində ən böyük dəstək məhz mediadan gəlməlidir. Bəzi ölkələrdə hökumət mediadan sosial reklamları təmannasız yerləşdirməklə bağlı öhdəlik də alır. Bizdə medialar bu cür təşəbbüslərə inanıram və görürəm ki, biganə qalmırlar. Əslində belə də olmalıdır. Xəbər lentində gündə 100 xəbər yerləşdirən xəbər portalı,  günün 1 saatını reklam göstərən TV-lər, hər saata az qalsın 12 dəqiqə reklam verən radiolar sosial reklamları tək çap etməli, göstərməli və səsləndirməməli, eyni zamanda təbliğ etməli və ondan çox danışmalıdırlar. Bilirik ki, sosial mediadakı məşhurlarımız və özünü məşhur sayan şəxslər də hər hansı bir milli təşəbbüsü paylaşanda ondan çox danışılır və reklam və kampaniya hazırlayanlar da hədəflərinə çata bilirlər.

Adamın özündən çox şey asılıdır

Təşəbbüs olsun, şirkətlər dəstəkləsin, yaxşı reklam ortaya çıxsın, onu da media və insanlar PR etsin. Amma informasiya bolluğunun elə bir dövründəyik ki, qorxuram bu cür reklamlar görəndə ‘nə qəşəng reklamdır, kreativdir, aktyor çox professionaldır, elə bil bir qədər uzundur, bunu gərək ağ-qara çəkərdilər, bunu xaricdən oğurlayıblar, nəhayət bizdə də maraqlı reklam çəkdilər’ kontekstində düşünüb özümüzü ‘ağıllı’ aparıb mahiyyətdən çox uzaqlaşaq.   

Hər dövrün öz SOS məqamları olur. Hamı öz dövrünü çətin və keşməkeşli sayır. Reallıq da elə budur. Üzərimizə düşən sosial məsuliyyətli olmaq və ən azından özümüzü düşündüyümüz qədər ətrafı da düşünməyimizdir. Əks halda özümüz də SOS düyməsinə basmayacağıq, digərlərinə də mane olmuş olacağıq.

Alət çubuğuna keç