Şəxsi hekayələri danışmaq sizi digərlərindən necə fərqləndirir?

Bu günlərdə işdə Azərbaycanın qərb rayonlarında yaşayan gənclərin İngilis dilində Novruz bayramı haqqında yazdıqları bir neçə inşanı oxuyurdum. Bu şəxslər BP təşkilatının British Council ilə birgə icmalarda İngilis dili bacarıqlarını artırılması məqsədilə ilə keçirdikləri uzunmüddətli təlimin iştirakçılarıdırlar. Sözüm onda deyil. Başlıqdan da göründüyü kimi bu yazıda hekayə danışmaqdan vacib bildiyim bəzi fikirlərimi sizinlə paylaşacağam.

İstənilən bir təqdimatı, yazılan inşanı, esseni, müsahibədə bölüşülən təcrübəni gözəl tərtib edilmiş şəxsi hekayə ilə birgə təqdim etdikdə sizə uğurlu nəticəyə çox yaxınlaşırsınız. Hələ mən dostlarla, yeni tanış olduğunuz şəxslərlə ünsiyyətdə öz hekayənizi bölüşməyi demirəm. İstənilən halda bizlərin çoxlu hekayələrimiz var ki, onları yerində istifadə etdikdə söhbətimizi daha maraqlı etmiş oluruq.

Təsəvvür edin ki, bütün inşaları oxuyursan və orada hamı Novruzun simvollarından, 4 çərşənbədən, Zərdüştlükdən danışır. Qəfil yazanların arasından 2-3 nəfər çıxır ki, onlar çox fərqlənir. Necə? Yazırlar ki, bəli bu bayram gözəldir, çərşənbələri var. Amma bu bayramın mənim üçün çox özəl məqamları var. Belə ki, bir dəfə mənim 5 yaşım olanda bayram günü bu baş vermişdi. İllər keçdi və mən bir dəfə tonqalın yanında dayananda, o məqamı xatırladım. Ancaq bunu həmin an yanımda olan şəxs ilə bölüşə bilmədim. Hələ digər biri Novruza hazırlıqdan yazarkən öz nənə və babasını yad edir və təəssüf edir ki, indi babasının səhhəti onlar üçün əvvəllər olduğu kimi saz ifa etməyə imkan vermir. Bu inşalar çox şəxsi olduqlarından mən onların detallarını sizlərlə təəssüf ki, bölüşə bilmirəm. Həm də yazılar bu məqsədlə də yazılmayıblar. Sadəcə bəzi məqamları toxunuram ki, nə demək istədiyim daha aydın olsun.

Şəxsi hekayələrin dediyimiz kimi yerində işlənilməsi çox vacibdir. Həm də danışılan bu hekayə sadəcə mövzuya aid olmağı ilə yekunlaşmamalıdır. O həm də hansısa bir pozitiv mesajı paylaşmalıdır. Neqativ nəticə də ola bilər. Tutaq ki, siz konfransda çıxış edirsiniz və insanlara yeni iş yerində davranışdan danışırsınız və ilk iş yerində başınıza gələn maraqlı məqamları bölüşüb bunu danışdığınız mövzuya uyğunlaşdırırsınız. Yaxud da, siz internetdən səmərəli istifadə etməklə bağlı seminar keçirsiniz və 3 yaşınızda oğlunuzun əlində telefon olan fotosunu slaydların birində qoyub, onun internet və telefon asılılığından və sizin bunu necə idarə etməyə çalışdığınızdan bəhs edirsiniz. İnsanlar şəxsi hekayələri çox sevirlər. Xüsusən də bir insan artıq ulduzlaşıbsa, onun şəxsi həyatı haqqında çox məqamları öyrənmək istəyirlər.

Digər  bir məqam inşa yazanların bəzilərinin bizim standart mətn kimi qəbul etdiyimiz inşalarda maraqlı foto və şəkillərdən istifadəsi idi. Düzdür, burada şəxsi fotolar deyildi. Amma çox yaxşı haldır ki, gənclərimiz işə belə yaradıcı yanaşırlar. Demək artıqdır ki, indiki dövrdə vizual məlumatlar, foto və videolar daha çox diqqət cəlb edirlər. Uzun mətnlərə elə çox fikir vermirlər. Bu həm də məlumatı daha yadda saxlayır.

Dostlar, həyatı elə yaşayın ki, danışmağa çoxlu hekayələriniz olsun. Onsuzda biz istəməsək də, həyatımızda neqativ məqamlar da olur. Əsas odur ki, bu hekayələrdən çıxardığımız nəticələri yeri düşəndə digərləri ilə bölüşək və ünsiyyətimizi, təqdimatımızı, yazılarımızı faydalı edək.

PS Şəxsi hekayələrdən söhbət düşmüşkən, bu postda istifadə edilən fotonun 10 yaşı var. Mən əslində heç vaxtı gözümün zəif görməsinə görə eynək taxmamışam. Amma arada dostların eynəklərini alıb taxardım. Hətta bir dəfə universitetdə zaçot vaxtı müəllimin gözündə ‘ağıllı uşaq’ kimi görünmək üçün uşaqların birinin eynəyini alıb taxmışdım.

Paşa Sığortanın məsuliyyətli sürücü keysi haqqında

Bu günlərdə Paşa Sığorta şirkəti Gənclik Mall-da kasko sığortası almaq istəyənlər üçün yol hərəkəti qaydaları ilə bağlı test keçirir və suallara daha çox sayda düzgün cavab verənlər müvafiq olaraq sığorta haqqına endirim qazana bilirlər. Mən də bu testdə iştirak etdim və bu videoda bu keysin maraqlı məqamlarına toxunuram:

Yeni il gəlir! Korporativ hədiyyəniz yenədəmi fincandır?

1390

2016-cı ilin son günlərini yaşamaqdayıq və artıq geridə qoyduğumuz həftədən başlayaraq şirkətlər və təşkilatlar öz partnyorlarına, müştərilərinə, dostlarına Yeni İl hədiyyələrini göndərməyə başlayıblar. Elə bu gün bir məqalə oxuyurdum ki, PR sahəsində çalışanlar üçün uyğun olan hədiyyələr hansılardır, onları sıralamışdılar. Düşündüm ki, şirkətin PR-ı, imici və kommunikasiyası baxımından vacib olan bu məsələ haqqında bir neçə fikrimi sizlərlə paylaşım.

Hansı hədiyyələr daha məqsədəuyğundur?

Şam ağacı şarları? Sözün açığı bunu şirkətə göndərmək pis deyil. Amma şirkətdəki fərdi şəxslərə göndərirsinizsə, məncə yaxşı ideya deyil.

Şirniyyat? Adətən yeni ildə biz işə 3-4 şirkətdən tort hədiyyəsi alırıq. Novruz bayramında hətta çərəz səbəti göndərənlər də var. Bu da korporativ üçün yaxşı hədiyyədir. Amma ayın 30-u göndərsəz və şirkət balaca olsa onu yeyə bilən az adam tapılacaq.

Fincan? Bu ən asan yollardandır. Amma mənim heç xoşuma gəlmir də bu fincan. Xüsusən də əgər siz ardıcıl  olaraq 2-3 il eyni adamlara fincan göndərərsinizsə. Həm də adətən bu fincanlar çox da keyfiyyətli materialdan olmur.

Aksessuar? Brendləşmiş və lazımi olan aksessuar fərdi şəxslərə çox gözəl hədiyyədir. Yeni İl hədiyyəsi olmasa da Azərbaycan Gənclər Fondundan olan fləş kartı artıq 5 ilə yaxındır istifadə edirəm. Açarlıq, iş masası üçün gözəl süvenir fərdi hədiyyələr üçün çox uğurludur.

Alışqan, vizitka qabı, parker qələmi və ya xüsusi dəyərli hədiyyələr? Əlbəttə ki, bunlar adətən çox fərdiləşmiş hədiyyələr olurlar. Xüsusən də alışqan. Biz bu yazıda daha çox ümumi korporativ hədiyyələrdən danışırıq və vizitka qapı müəyyən qədər buna uyğun gəlir. Ancaq indi aktual bir hədiyyə deyil. Xüsusən də əgər brendləşmiş, yəni sizin loqo ilə olan vizitka qabıdırsa, yüksək pilləli menecerin onun içində öz vizitkalarını gəzdirməsi real görünmür.

Şokolad, spirtli içki? Belçika şokoladı ilə bahalı konyak da çox fərdiləşmiş qaydada göndərilən hədiyyələrdəndir. Ancaq şampan içkisini korporativ hədiyyə kimi göndərən şirkətlər var. Azərbaycan üçün bu geniş yayılan hədiyyə tipi deyil.

Kalendar, bloknot? Üstündə bir qələm də ola bilər. Bu da ən çox yayılmış hədiyyələrdəndir. Ancaq siz bunu kifayət qədər vəzifəli şəxsə göndərərsinizsə inanmaq çətindir ki, o üzərində sizin loqo olan bloknotu özü ilə görüşlərə aparacaq. Kalendarı ən yaxşı halda iş masasına qoyacaq. Bunun üçün isə çox yaxşı konseptli bir kalendar hazırlamağınız yerinə düşərdi.  İdeyaları artıq özünüz fikirləşin. Hər ayda bankın bir filialının şəkli olan kalendarı şəxsən mən masamın üzərinə qoymaram.

Kitab? Biznes sahəsində olanlar üçün kitab pis hədiyyə deyil. Ancaq kiməsə ‘Yaxşı necə menecer olmaq olar?’ adlı kitabı hədiyyə edirsinizsə, bu aydındır ki, yaxşı qarşılanmayacaq. Hansısa yeni çox tövsiyyə olunan kitabı göndərmək yaxşı olar.

Güzəşt? Sizi yeni il münasibətilə təbrik edir və öz xidmətlərimizə və mallarımıza növbəti il üçün sizə eksklüziv 20 % güzəşt kuponunu təqdim edirik olan bir kart qıcıq yarada bilər. Hələ siz hansısa kampaniyanız ilə bağlı məlumat göndərib üstündə ta yeni il ərəfəsidir, bu arada bayramınız da mübarək yazırsınızsa, sizə mənim daha sözüm yoxdur.

Korporativ tədbirə dəvət? Bunu adətən otellərlər və ya üzvlük əsasında işləyən təşkilatlar edir. İlin yekunları üçün yaxşı bir formatdır. Həm netvorkinq imkanları yaradır, həm də korporativ tədbir keçirməyən şirkətlərin əməkdaşları üçün yaxşı əyləncədir.

Sadəcə kart göndərmək düzgündürmü? 

Etik olaraq hədiyyənin və diqqətin dəyərini ölçmək düzgün deyil. Xüsusən də korporativ mühitdə. Ona görə də sadə kartla belə təbrik etmək özü gözəl addımdır. Həm də ümumi götürəndə düzgün addımdır. Çünki şirkətlər qarşı tərəfdən bahalı hədiyyə gələndə özünü gözü kölgəli hiss edə bilər. Məsələn, biz işdə müəyyən dəyərdən artıq hədiyyələri qəbul etmirik. Həmçinin fərdi işçilərə gələn hədiyyələr belə ortaya qoyulur və sonradan onlar püşk ilə oynalınır. Yadımdadır, Azercell bir neçə il öncə çox sadə hədiyyələr göndərib, kartda da yazmışdı ki, bahalı hədiyyələr üçün pulu uşaq evlərinə xeyriyyəyə sərf etdik. Standard Sığorta isə ötən il səhv etmirəmsə təbii ağac göndərmişdi ki, onu bayramdan sonra şirkətlər əksinlər. Yəni çox aktual sosial mesaj.

Bəlkə elə e-mail ilə yazım?

Yerli şirkətlərə e-mail yazıb quru təbrik etmək və bunu da 30 dekabr axşam 5-ə saxlamaq uğursuz fikirdir. Ola bilər gözəl bir video təbrik hazırlamısız, bax onu paylaşmaq pis olmaz. Amma e-mail ilə xarici partnyorları təbrik etmək daha yaxşıdır. Yerli dostlarınız üçün isə aşağı  büdcə ilə kartlar göndərmək daha diqqətli olduğunuzu göstərəcək. Yuxarıda da yazdığım kimi hansısa bir kampaniyanız haqqında olan e-mailə təbriki yazıb atmaq da bir şey deyil. Bunu şəxsən mən məsləhət görməzdim. Bu daha çox B2C, yəni müştərilər ilə ünsiyyətdə çox effektiv ola bilər.

Böhrandır, qalsın gələn ilə

Gözlənilir ki, bu il korporativ hədiyyələrin sayı azalacaq. Aydındır ki, bəzi şirkətlər bağlanıb, çox xərclərə qənaət edir. Ancaq müştəri və partnyor ilə əlaqələrin təşkilində bir neçə yüz manatdan keçmək mütləqdir. Xüsusən də belə məqamlarda. Diqqət sizi də diqqətdə saxlayır. Bu həm də axı dəb və korporativ bir ünsiyyət qaydasıdır.

Siyahını çox uzatmaq olar. Bu prosesə onsuzda bəzi şirkətlər sentyabrdan, oktyabrdan başlayır. İndi brendləşmiş hansısa bir hədiyyəni hazırlamaq üçün onsuzda çox gecdir. Ancaq elə hədiyyələr var ki, onları hələ yaxın 2 həftə ərzində təqdim etməyə imkanınız var. Hamınıza bol-bol təbrik və hədiyyələr arzusu ilə 🙂

Böhran kommunikasiyaları – Coffeeshop keysi üzərində praktik həllər (Video)

Nə gizlədim, arada Azərbaycan Turizm İnstitutundakı auditoriyalarda olmaq və yenidən gənclərlə öz fikirlərimizi paylaşmaq istəyirəm. 2 ilə yaxın burada dərs demək imkanım olmuşdu. İndi isə ara-sıra sadəcə seminarlar və çıxışlarla kifayətlənirəm. Amma hələ ki. Video bloq isə 80 dəqiqə də olmasa, 8-10 dəqiqə ərzində bəzi fikirləri çatdırmaq üçün idealdır.

Bu həftə bizi çox güldürüb, ağlatdı. Həftə isə xatırlayırsınızsa, məhz Coffeeshop Azerbaijan keysi ilə başlamışdı. Böhran kommunikasiyası baxımından faydalı olacaq növbəti video bloqu böyük məmnuniyyətlə sizə təqdim edirəm:

Məndən PR mütəxəssis çıxarmı?

ilham ali yusif

Ötən həftə dostumuz Tərlanın təşəbbüsü ilə həyata keçirilən Digital Təcrübə Layihəsi çərçivəsində mənim də şəkildə gördüyünüz bu gənc insanlarla görüşmək imkanım oldu. Görüşümüzdə biz PR haqqında vacib bildiyimiz ilkin bilikləri və medianın müxtəlif üzlərini göstərməyə çalışdıq. Ümid edirəm ki, keçirdiyimiz görüşdən bu gözəl insanlar razı qaldılar. Əslində bu seminar düz 1 həftə öncə olub və fikrim onun haqqında danışmaq deyil. İndi istərdim ki, iştirakçılardan birinin verdiyi sual ətrafında bəzi fikilərimi sizinlə paylaşım. İştirakçılardan biri PR mütəxəssis olmaq üçün nələr lazım olması barəsində sual vermişdi. Beləliklə, siz əgər gələcəkdə PR sahəsində işləmək və ya indi bu sahədə çalışıb peşəkar olmaq olmaq istəyirsinizsə bu yazıdan buyurub faydalana bilərsiniz:

  1. Yazmaq və ya hekayə qurmaq bacarığı – Əgər siz hər hansı bir xəbəri hamının yazdığı kimi yazacaqsınızsa və sadəcə kim, nə, harada, nə zaman və nə üçün suallarına cavab vermək prinsipi ilə ortaya çıxaracaqsınızsa, bu sizə elə böyük uğur gətirməyəcək. İstər məqalə, istər məktub, istər e-mail üçün mətn olsun fərq etməz, siz onu maraqlı etməyi bacarmalısınız. Başlıq cəlbedici olmalıdır. Əgər siz hansısa brend üçün yazacaqsınızsa, onun dəyərlərini və prinsiplərini mətnaltı effektlərlə oxuyana çatdırmağı bacarmalısınız. Yazmağı vərdiş halına gətirmək üçün elə bloq yazmaq da yaxşı üsuldur. Yaxud da, ən azından siz Facebook-da 6-7 cümləlik hansısa maraqlı faktları status kimi da paylaşıb insanların sizin yazmaq qabiliyyətinizə olan marağını da izləyə bilərsiniz. Yaza, hekayə qura bilsəniz sonradan sizə onu real həyatda da təqdim etmək rahat olacaq.
  2. Fərqli bucaqla hadisələrə baxmaq bacarığı – PR-ın sehirli qüvvələrini media, şirkətlər, brendlər çox gözəl istifadə edirlər. Necə ki, tez-tez gündəm dəyişir, kimsə el qəhrəmanı, kimsə öləndən sonra gülüş obyekti olur, bunlar hamısı PR-ın sayəsində baş verir. PR sahəsində çalışan adamı zərgər kimi qəbul etsək, bu insan hər hansı bir üzüyə, sırğaya baxarkən onun necə hazırlanmasını, neçə qram qızıldan, eləcə də başqa daş-qaşlardan hansı səviyyədə istifadə edildiyini bilməlidir. Yəni işin texniki və həyata keçirilməsi tərəflərini və konsepsiyanı başa düşməlidir. Siz də özünüzə PR mütəxəssis demək istəyirsinizsə, gündəmdə olan hadisələrin və ya hansısa ümumi problemlərin fərqli tərəflərini görməyi bacarmalısınız. Əgər hadisələri adi insanların gördüyü kimi görür və dərhal özünüzdən çıxır, əsəbləşib narahat olursunuzsa PR sahəsində işiniz çətin olacaq.
  3. İnsanların içərisində olmaq – Vacib deyil ki, bütün günü metro ilə gedəsiniz, hər gün restoranda yemək yeyəsiniz, bazarda, marketdə olasınız. Zaman-zaman, xüsusən də insan öz maddi ehtiyaclarını ödədikcə ictimai yerlərdən qaçır. Əslində insanların içərisində olmaq deyərkən də birbaşa ictimai yerlərdə olmağı nəzərdə tutmuruq. Əsas mesajımız odur ki, hər bir səviyyədə olan insanları duyasınız. Bu çox çətindir. Yəni adi başa düşdüyümüz mən səni çox gözəl başa düşürəm məsələsi deyil. Əgər siz ətraf mühitə azdan-çoxdan ziyan vuran hansısa bir zavodda çalışırsınızsa və onun PR işlərini həyata keçirirsinizsə zavodun yerləşdiyi ərazidə yaşayan insanlara kağız çantada bloknot və qələm paylamaq PR deyil. Yaxud da televizorda çıxıb bizim ətraf mühitə heç bir ziyanımız dəymir deməklə iş bitmir. Özünüzü həmin ərazinin bir sakini kimi hiss edin, hansı ki, gecələr iydən yata bilmir və ya zavodun ətrafa buraxdığı maddələrin təsirindən xəstələnmiş yaxınını itirib, yaxud da axşam 10-da evə gəlir və televizora baxmır. Qısası özünüzü çox çəkməyək, biraz aşağı düşək! 🙂
  4. Xəbərləri, daha doğrusu trendləri izləmək – PR sahəsində çalışan insan tək çalışdığı sahə üzrə deyil, yaxud da indi dəbdə  olan texnoloji trendləri deyil, bütün sahələr aid xəbərləri izləsə bundan sadəcə qabağa düşər. Vacib deyil ki, günün 1-2 saatını xəbər oxuyasınız. Yaxşı olar ki, özünüzə müxtəlif xəbər saytlarını mənbə kimi müəyyənləşdirin. Bu hansısa Facebook profilləri də ola bilər. Günün müəyyən hissəsində siz bu resurslara daxil olub dünyada və Azərbaycanda nə baş verdiyini ümumi öyrənə bilərsən. Həftəlik və aylıq bülletenlər bizdə az yayılsa da, onları da izləmək faydalıdır. Çünki siz hansısa bir yeniliyi, trendi ümumi kontekstdə izləyə bilirsiniz. Əgər neftin və ya dolların qalxıb düşməsini sadəcə hər gün girib Bloomberg saytında izləyirsinizsə, bu sizə elə də böyük fayda verməyəcək. Çalışın təhlilləri də izləyəsiniz. Bir misal kimi göstərəyəcəm. Mən təhsil ilə bağlı ildə bir neçə dəfə Britaniya təhsil müəssisələri üçün təqdimatlar keçirirəm. Ona görə də Təhsil Nazirliyinin saytında xəbərlərə abunə olmuşam və onlardan mənə maraqlı olan xəbərləri açıb oxuyuram. Amma sahəm təhsil ilə bağlıdır deyə, sadəcə təhsil xəbərləri ilə işimi bitmiş saymıram. Lazım olanda hətta Banu Muradın şəkillərinin altında yazılan şərhlərə də açıb baxıram, sensansion xəbərlər yazan saytlardan da ölkədəki ‘biznes’ mühiti haqqında oxuyuram ki, cəmiyyəti daha yaxından başa düşüm.
  5. Biznesi başa düşmək – Bizdə jurnalistlərin PR sahəsində çalışması geniş yayılıb. Yəni əslində yaxşı yazmaq bacarığı və ya media ilə yaxşı əlaqələrin olması PR üçün çox vacibdir. Amma bu sadəcə işin yarısıdır. PR həm marketinqin, həm də üumilikdə biznesin əsas aparıcı qüvvəsidir. Hətta elə biznes sahələri var ki, onun məhsulu və xidmətinə görə PR ölüm-dirim səviyyəsində vacib rol oynayır. Əgər siz ağlınıza gələni tez-tələsik PR adı ilə mediaya ötürürsünüzsə və bu məlumat təhlil edilmirsə 2-3 gün sonra şirkətin başqa prioriteti və ya problemi çıxırsa bu sadəcə sizin brend haqqında mənfi fikir formalaşdıracaq. PR mütəxəssin işi zatən sadəcə hər xəbəri dərhal mediaya çıxartmaq da deyil. Yaxud da bu gün ölkədə idman dəbdədirsə istənilən idman tədbirinə sponsor olaq prinsipi ilə işləmək düzgün deyil. Bu sahədə çalışan hər şeydən öncə marketinqi bilməlidir ki, hər hansı bir addımı atmamışdan öncə biznes prespektivində 2-3 addım sonranı görə bilsin.

Mən burada şəbəkələşmə bacarığından tutmuş çalışqanlığa qədər müxtəlif xüsusiyyətlərdən yaza bilərdim. Əslində bunlar sizə hər bir sahədə lazımdır. Əgər gəncsinizsə və ilkin olaraq, bəlkə də sonradan davamlı olaraq hansısa sahədə çalışmaq istəyirsinizsə mütləq o sahədə mütəxəssis olmaq üçün nələr lazımdır onları öyrənin və sonra da onlar haqqında öyrənin. Bəlkə elə sizdən gələcəkdə çox yaxşı PR mütəxəssis çıxdı?!

Alət çubuğuna keç