PMP imtahanına qeydiyyat və hazırlıq məsləhətləri

Ötən həftə PMP haqqında 5 yalnış və ya doğru fikir haqqında yazanda imtahan vermək istəyən şəxslər üçün faydalı bildiyim bəzi məsləhətləri də paylaşacağıma söz vermişdim. Təbii ki, bu barədə yazılacaq, deyiləcək söz çoxdur. Ancaq istəyirəm ki, bu dəfəki yazıda bəzi konkret məqamlara toxunum.

Beləliklə, mərhələ-mərhələ nə etməli olduğunuzu diqqətinizə çatdırıram:

1. Azərbaycanda PMI proqramları üzrə tədris, imtahan formatı və mərkəzləri

Mənim PMI və onun kvalifikasiyaları haqqında 8 ildən artıq məlumatım var. Hələ GRBS-də işlədiyim vaxtlarda bu şirkət Azrbaycanda PMI-ın ilk qeydə alınmış tədris partnyoru olmuşdu. PMI imtahanları kompüterləşmiş və ya yazılı qaydada keçirilir. Yaxın 1-2 ilə güman ki, ancaq kompüterləşmiş olacaq. Təəssüf ki, Azərbaycanda kompüterləşmiş imtahanı vermək mümkün deyil. Kağız üzərində imtahan üçün GRBS-in statusu olsa da, gərək bir neçə ay qabaqcadan imtahana qeydiyyatdan keçəsən. Kompüterləşmiş imtahanın nəticəsini bilməyə 30-40 saniyə lazımdırsa, kağız üzərində imtahan nəticələri azı 10 günə elan olunur. Kompüterləşmiş test üçün Azərbaycana ən yaxın imtahan mərkəzi isə Tbilisidədir. Türkiyədə Ankarada, İstanbulda və İzmirdə də bu imtahanı verə bilərsiniz. Ətraflı məlumatı Prometric qlobal imtahanlar şirkətinin internet səhifəsindən əldə edə bilərsiniz. Qayıtsaq rəsmi tədris mərkəzi məsələsinə. Azərbaycanda müxtəlif təlim mərkəzləri layihə idarə etməsi kursları təqdim edirlər. Bakı Ali Neft Məktəbində hətta magistr dərəcəsi belə var ki, burada da PMP hazırlığı kursu da var. Amma unutmayın, ancaq PMI tərəfindən qeydə alınmış tədris partnyorunda tədris alanda sizin PMI kvalifikasiyalarının imtahanı üçün tələb olunan Professional Development Unit (PDU) almaq imkanınız olur. İndi internetdə çoxsaylı onlayn proqramlar var ki, bu kurslara qoşularaq da siz rəsmi qaydada PDU qazana bilərsiniz. Yəni fiziki olaraq qeydə alınmış tədris partnyorunda hazırlıq keçmək vacib deyil. Bu baradə az sonra.

2. İmtahana qeydiyyatdan keçmək

Konrekt olaraq PMP imtahanına qeydiyyatdan keçməkdən ötrü sizə 35 PDU lazımdır. Təhsiliniz ən azı tamamlanmış bakalavr pilləsidirsə, o zaman əlavə olaraq 4500 saat layihə təcrübəsi də lazım olacaq. Bu hardasa 3 illik layihə meneceri təcrübəsi tələbidir. Əgər sadəcə 1 il ərzində paralel 3 layihədə işləmisinizsə, bu o demək deyil ki, 1 illik təcrübənizi 4500 saat təcrübə kimi qeyd edə bilərsiniz.  Bu detallara çox dərin getmirəm. Çünki PMP handbook-da bu barədə ətraflı məlumat var. Bizim yazımız daha çox hazırlıq üzərindən qurulduğundan imtahana qeydiyyatdan keçməyin psixoloji tərəflərinin vacibliyini qeyd edim. Kompüterləşmiş imtahanın qiyməti ilkin cəhddə 555 dollardır. Ancaq siz 129 dollar, üstəgəl 10 dollar xidmət haqqı ödəməklə PMI-ya 1 illik üzv ola bilərsiniz.  Bu zaman imtahan qeydiyyatı 405 dollar olacaq. Azı 11 dollar qabaqdasız. Birinci cəhddə kəsilsəniz, üzvlük sizə imtahanı 375 dollar əvəzinə 275 dollara verməyə imkan verəcək. Ödəniş kart ilədir. Azərbaycanda bəzi banklar ödənişə 18 % ƏDV əlavə edə bilər. Bu haqq-hesab məsələsi insanda böyük məsuliyyət formalaşdırır. Hazır olanda qeydiyyatdan keçərəm deyib, özümüzü aldatmayaq. İmtahana qeydiyyatdan sonra nə az, nə çox 365 gün ərzində maksimum 3 cəhddə imtahan vermək imkanınız var. Bu öhdəlik sizdə məsuliyyəti artırır. Daha konkret olursunuz.

3. Eşitmişdik ki, martda imtahana nə isə dəyişiklik olub

Bəli, düz eşitmisiniz. Amma əgər PMI ilə öncədən ciddi tanışlığınız yox idisə, bu sizi narahat etməsin. PMI 4-5 ildən bir özünün layihə idarəetməsi üzrə standartı olan Project Management Body of Knowledge (PMBOK) nəşrini təzələyir. Sonuncu dəyişiklik də ötən ilin sentyabrı baş verdi və hazırda bu nəşrin 6-cı buraxılışı qüvvədədir. 5-ci nəşrlə müqayisədə ortalama 20 %-lik dəyişiklik baş verib. Yeni proseslər əlavə edilib. Ona görə də martın 26-ı imtahanda sualların düşdükləri istiqamətlər də yenilənərək 6-cı buraxılışa uyğunlaşdırılıb. Siz bu işə yeni başlayırsınızsa, sizin üçün daha rahat olacaq. Çünki birbaşa 6-cı buraxılışı mənimsəyəcək və ən azı 4-5 il işlənəcək bu standartları daha dərindən biləcəksiniz. Bu dəyişiklik özünü yeni hazırlıq vəsaitlərinin olmamasında, yaxud da sınaq testlərin yeniliklər üzrə daha az sualın olmasında özünü göstərə bilər, ancaq yaxın bir neçə aya bu problem artıq tam həll olunacaq. Çünki bu sahədə çalışanlar ötən ilin payızından bu dəyişikliyə uyğunlaşmağa çalışırlar.

4. Praktik təlimlər, vəsaitlər

Yuxarıda qeyd etdik ki, sizin 35 saatlıq tədrisiniz olmasa imtahana qeydiyyatdan keçə bilməyəcəksiniz. Odur ki, sizə ilk yaxşılığı edirəm. Udemy onlayn tədris portalında şəxsən özümün qeydiyyatdan keçib faydasını gördüyüm Joseph Philipsin təlimini sizə tövsiyyə edirəm. Yeni suallarla olan imtahan üçün kurs da artıq yenilənməlidir. Ümumiyyətcə, bu təlimçinin izahatı, hazırladığı konspekt çox sadə və əhatəlidir. İmtahana qeydiyyat və faydalı məsləhətlərdən başlayan təlim sonra bütün mövzuları dəqiqliklə izah edir. Hər bölümün sonunda olan testləri çalışın 2 dəfə edin. Sonda olan final testini də 2 dəfə etməyi tövsiyyə edirəm. Yuxarıda sizə həm də 1 illik PMI üzvlüyünü dedim. Bu üzvlük sizə PMBOK 6-cı nəşrini lizensiya ilə yükləməyə imkan verir. Bu vəsaitin 6-cı buraxılışı ötən ildə çıxdığından onu internetdə pulsuz tapmaq müşkül məsələdir. Vəsaitin sonunda Agile layihə idarəetməsi ilə bağlı praktik vəsait də təqdim edilir. Bu vəsaiti ilk dəfə oxuyanda bir çox məsələ sizə aydın olmaya bilər. Səbirli olub 2 dəfə oxusaz, sonra vərəqləyib təkrarlasaz uğurlu olmaq şansınız 70-80 %-dir. İnternetdə həmçinin, PMP imtahanı ilə bağlı axtarış edib 50-60 səhifəlik yığcam hazırlıq vəsaitlərini tapa bilərsiniz. Burada bütün proseslər qısa izahatla verilir. Hazırlıq üçün ən populyar vəsait Rita Mulcahy-in müəllifi olduğu imtahan hazırlığı vəsaitidir ki, onun da PMBOK-un 6-cı nəşrinə uyğunlaşmış versiyası artıq satışdadır. Mən şəxsən bu kitabı istifadə etməmişəm, ancaq az qalsın hər 10 nəfərdən 8-i bu kitabı tövsiyyə edir.

5. Testlər və mobil tətbiqlər

İlk baxışdan düşünmək olar ki, bu imtahan test suallarından ibarət olduğundan yaxşı əzbərçiliklə imtahanı rahat keçmək olar. Bu ehtimal var. Amma suallar situasiya əsaslı və məntiqi olduqlarından əzbərçiliyə ümid olmaq olmaz. Yaxşı olar ki, PMP imtahanı üçün qlobal mövcud olan 15000 test bazasından heç olmasa 2500-3000 ədədini tapasınız və çoxlu testlər edəsiniz. Hamısını bir yerdə tapmaq çətindir. Xüsusən də pulsuz. Ancaq müxtəlif saytlarda, mobil tətbiqlərdə xeyli pulsuz test tapmaq olar. Testlər adətən mövzular üzrə bölünür. Həmçinin, tətbiqlərdə sınaq imtahanları da olur. Mən özüm Google Play-dən bu proqramı istifadə etmişdim. Digər proqramları da yükləsəm də, çox az istifadə etmişdim. Amma həqiqətən təkrarlamaq, boş olanda nəzərə yetirmək, düsturları əzbərləyə bilmək üçün bir neçə yaxşı mobil tətbiqlər var. Testləri təkrar-təkrar etməyin üstünlüyü sizə analoji sualları imtahanda çox tez başa düşməyə imkan verir. Düzdür, imtahan günü sualları sanki ilk dəfə görürsən, ancaq qazanılmış bilik və təcrübə əslində çox kömək edir.

6. Qant qrafiki və hazırlıq üçün ideal vaxt

Bir çox təlimçilər, bu barədə yazıb-danışanların etdiyi ən böyük məsləhət imtahana hazırlığı da bir layihə kimi görmək tövsiyyəsidir. Gərgin qrafiki olan insan üçün ən məsləhətlisi intensiv hazırlıq kursudur. Təcrübədə xeyli sayda insan var ki, 1-2 həftə intensiv hazırlıqla imtahanı uğurla veribdir. Bu barədə xarici dillərdə də çox faydalı yazıları oxuya bilərsiniz. Baxmayaraq ki, qeydiyyatdan sonra sizin 1 il vaxtınız var, yaxşı olar ki, bu prosesə 2 aydan çox zaman ayırmayasınız.  Nə qədər vaxt ayırsanız da yaxşı olar ki, görüləcək işləri Qant qrafikinə salasınız. Oxuyacağınız vəsaitləri müəyyən edib, test proqramları və saytlarını tapıb, məsləhət videolarını tapıb siyahılayasınız və hazırlığı da müvafiq ardıcıllıqla edəsiniz. Vacib deyil bu siyahıda 20-25 tapşırığınız olsun. Çoxlu vəsaitlər əslində fikri yayındırır. Konkret planlaşdırma daha yaxşıdır. Təbii ki, iş planlaşdırma ilə bitmir. Hər gün həmin günə olan tapşırığı gərək icra edəsiniz. Bir də bu məsələdə realist olun. Günə 9 saat işdə, 2 saat yolda, 7 saat yuxuda, 3 saat da hər hansı bir tədbirdə olursunuzsa həmin günə çətin ki, 100 səhifə məlumatı oxuya biləsiniz. Ona görə də planlaşdırmanı realist edin.

Yazı və videolarımızla bu mövzunu yenə də davam etdirəcəyik. Bu yazıda tam əhatə edə bilmədiyimiz məsələlər var ki, onları fərdi qaydada internetdən özünüz axtarıb ətraflı məlumat əldə edə bilərsiniz. Ancaq söz verdiyimiz kimi bu barədə yazılarımı çox olacaq, əlavə olaraq videolar da təqdim edəcəyik.

 

PMP sertifikatı haqqında 5 yalnış və ya doğru fikir

Bir ay bundan öncə sizinlə PMP imtahanından uğurla keçməyim haqqında məlumatı paylaşanda bu istiqamət üzrə bloq postlər və videolar paylaşacağıma söz vermişdim. Sözün açığı bu müddət ərzində bu sertifikat və imtahan prosesi haqqında fərdi qaydada bir çox şəxslə müzakirəmiz olubdur. Bu imtahanı tezliklə verməyə çox həvəsli şəxslərdən tutmuş, bu sertifikat nəyə lazımdır deyənlərə qədər. İlk yazıda bəzi ümumi, ancaq bu sertifikasiya haqqında olan bəzi miflərə aydınlıq gətirməyə çalışacağam.

1) 15 ildir ki, bu sahədə işləyirəm, rahat keçə bilərəm

PMP imtahanı dünyada ən çətin sertifikasiya imtahanlarından biri hesab edilir. İmtahan özündə müxtəlif biznes funksiyaları və onların proseslərini əhatə edir, eləcə də analitik düşünmək, davranış və etik düşüncəyə sahib olmağı tələb edir. Təsadüfi deyil ki, ilk baxışdan asan görünən bu imtahanda hər 2 nəfərdən 1-i ilk cəhdində kəsilir. Anoloji sertifikasiya imtahanlarının bir çoxunu əgər 51 % ilə keçmək mümkündürsə, bu imtahanda faktiki 200 imtahan sualından 150-ni yazmasan, imtahanı keçmək şansın cüzidir. Səbəb? PMI suallara cavab verərkən sadəcə şəxsi mülahizələrə, illərdir yığdığın təcrübəyə deyil, əsas olaraq standartlara əsaslanmağını istəyir. Məsələn, sınaq imtahanında suallardan birində işçi görüşə hesabatı hazırlamadan gəlirsə, görüşü təxirə sal cavabını daha düzgün sayır. Halbuki, Azərbaycan reallığında biz bu məsələni daha optimal həll edə bilərik. Ancaq imtahan dünyanın hər yerində ən optimal yol nədir, sizdən onu soruşur. Ona görə də uzun illərin təcrübəsi imtahanda bəzi hallarda hətta çaşdırıcı ola bilər. Demək ki, bu düşüncə yalnışdır.

2) PMP sertifikatı sadəcə layihə menecerlərinə lazımdır

Azərbaycanda dar ixtisaslaşmanı biz son bir neçə ildir ki, görürük. Uzun illər universitetlərimiz hətta idarəetmə sahəsində məzun olanlara lazımi bilik və bacarıqları təqdim edə bilməyib. Bunun fəsadlarını biz indi görməkdəyik. PMP sertifikatı özündə maliyyə, planlaşdırma, insan resurslarının idarə edilməsi, keyfiyyət, risklərin idarə edilməsi, kommunikasiya, təchizat kimi vacib prosesləri əhatə edir. Uğurlu layihə meneceri bütün bu prosesləri düzgün idarə edə bilən şəxsdir. Bizdə konkret layihə meneceri işi ilə məşğul olan şəxs elə də çox deyil. Şirkətlərimiz daha çox funksional formada işlədiklərindən layihə idarəetməsini müxtəlif vəzifələrdə olan şəxslər icra edə bilər. Amma və ancaq unutmaq olmaz ki, kiçik və böyüklüyündən asılı olmayaraq marketinq, insan resursları, hüquq, maliyyə və digər şöbələrin də öz layihələri ola bilər və onları idarə etmək tələb oluna bilinər. Yaxud da bu şəxslər hansısa layihə komandasında ola bilərlər. Ona görə də layihə idarə edilməsi bilik və bacarıqları ancaq baş ucalığıdır. Düzdür, qlobal səviyyədə normal ali təhsil, öz sahənə uyğun müvafiq kvalifikasiyan varsa, bu qeyri-layihə meneceri ilə üçün o qədər də vacib deyil. Beləliklə, bu fikir həm doğru, həm də yalnışdır.

3) PMP sertifikatı dünyada bu sahədə ən güclüdür

Layihələrin idarəedilməsi üzrə dünyada 10-dan artıq sertifikatlaşma var. Bəzi universitetlər də bu sahə üzrə ixtisas və proqramlar təklif edirlər. Project Management Institute isə bu sahədə yaratdığı standartlar ilə faktiki dünyadan ən məşhurudur. Baxmayaraq ki, bu təşkilat 8 fərqli kvalifikasiya təklif edir, ümumilikdə sertifikat alanların təxminən 93 %-i məhz PMP sertifikatını alırlar. Ona görə də əminliklə demək olar ki, PMP layihələrin idarəedilməsi üzrə ən vacib kvalifikasiyadır. Yeri gəlmişkən 2017-ci ilin yayına dünyada 800000-ə yaxın PMP sertifikatlı şəxs var. Azərbaycanda son 5-6 ilə qədər bu sertifikatı alanların sayı tək-tük idi. İndi güman ki, bu rəqəm 300-ə çatar. Onların da bəziləri artıq xaricdə çalışır, işləyirlər. Bu düşüncə isə dəqiq doğrudur.

4) Mənim təcrübəm var, buna ehtiyac görmürəm

22 aprel 2018-ci il tarixində keçiriləcək Mentor Talks tədbirində davamlı öyrənməkdən danışacağam. Anons kimi olmasın, amma orada bəzi məqamlara toxunacağam ki, hansı ki insanın niyə bu cür düşünməsinə səbəb olur sualına da cavab verəcək. Pul qazanmaq, 10-15 illik təcrübəyə sahib olmaq, necəsə varlanmaq gözəldir. Ancaq təhsil, standartlar olmayanda yerdə gördüyümüz işlərdən fantastik nəticələr gözləməyimiz düzgün deyil. Son illər Bakıda 1000-ə yaxın yaşayış binası tikilib. Sizlərin də bəziləriniz bu binalarda yaşayırsız. Hər birində də mütləq layihə meneceri funksiyasını yerinə yetirən şəxs olub. Görülən işlərdəki səriştəsizlikləri görəndə adam bilmir dərdini kimə desin. Bina tikilir, yaşayış olur, sonra deyirlər ki, bəs həyətdə yadımızdan çıxıb yağış suları üçün drenaj sistemini qurmamışıq. Yaxud da, məhlədə uşaq meydançası olacaq deyib, 4-5 il bununla bağlı heç bir iş görməmək. Bu dərdləri məndən də yaxşı bilirsiniz. Gülünc səslənər ki, desəm bəs bu şəxslərin PMP-si olsaydı belə problemlər olmazdı. Ancaq unutmayaq ki, insanın illərdir olan uğurlu təcrübəsinə digərlərinin çıxardığı dərslər, standartlar, nümunələr sadəcə fayda verə bilər. Ona görə də düşünürəm ki, bu cür yanaşma yalnışdır.

5) PMP sertifikatı iş tapmağa qarantiyadır

Əlbəttə, Azərbaycanda bu müəyyən qədər üstünlük ola bilər. Çox adam da deyir ki, yəqin ki, bu belədir. Məhz bunu sınaqdan keçirtmək üçün son bir ay ərzində bir neçə vakansiyaya müraciət etmişəm və bu sertifikasiyanı xüsusi olaraq qabartmışam. Nə gizlədim, hələ ki, elə super effektini hiss etməmişəm. Yaxın 2-3 ay ərzində hazırki layihəm bitmək üzrə olduğundan bu günlərdə aktik iş axtarışına keçirəm. Bu sualın şəxsi təcrübədə cavabını, bir neçə aydan sonra daha dəqiq deyə bilərəm. Ancaq internetdən oxuduğumu məlumatlar, eşitdiklərimiz bu sertifikatın əməkhaqqının 10-15 % qalxmasına səbəb olduğunu deyir. Əslində, mən də öz təcrübəmdə ‘İlham PMP-dən öncə, İlham PMP-dən sonra’ qiymətləndirməsini aparanda müsbət fərqi çox hiss edirəm. Hətta baxmayaraq ki, imtahana hazırlaşanda bu sahə üzrə çoxlu oxuyursan, videolara baxırsan, ancaq imtahanı verdikdən sonra bu əminlik çox artır. Pozitiv yanaşsaq, bu cür düşünmək doğrudur.

Növbəti yazılarımızda və videolarımızda PMP imtahanına hazırlıq, layihələrin idərəedilməsi ilə bağlı müxtəlif praktik məsələləri və məsləhətləri paylaşacağam. Hələlik isə siz vaxtınızı boşa verməyin. Elə indi www.pmi.org internet səhifəsinə daxil olub bu və digər kvalifikasiyalar haqqında ətraflı məlumat əldə etməyə çalışın.

Alət çubuğuna keç