Kreativlik üçün az işləmək lazımdır?

Bu günlərdə yaxın adamın internet layihəsi üçün iş elanını paylaşmışdım. LinkedIn-də 1 şəxs 12 saat işlə kreativlik olmaz deyə şərh yazmışdı. Əslində isə iş heç 12 saat da deyil. Dostumuz bunu haradan çıxardı, ilkin olaraq bilməmişdim. Sonradan ümumilikdə Azərbaycandakı iş yerlərini nəzərdə tutduğunu deyirdi. İcazə verin, bu yazıda 2-3 kəlmə çox işləmək və yaradıcılıqdan yazım:

Birincisi yaradıcılıq deyəndə çox insan avtomatik incəsənət sahələrini başa düşür. Biznesdə yaradıcılıq, gündəlik həyatda yaradıcılıq yaddan çıxır. Hələ bəziləri düşünür ki, bu dünyadakı yaradıcı şəxslər ancaq solaxaylardır. Əslində isə hər birimizdə azdan-çoxdan müəyyən bir kreativlik var. 

İkincisi həqiqətən yaradıcı biri olmaq üçün gərək ki, insan arada yaxşıca istirahət etsin, incəsənətdən tutmuş ədəbiyyata, səyahətdən tutmuş gündəlik rutindən fərqli nələrisə etməyə, onlarla məşğul olmağa çalışsın. Görmək, nümunə götürmək yaradıcılıqda vacib rol oynayır. Adətən insan özü-özünü aldadır ki, bu öz ağlıma gəldi, əslində isə çox zaman qazandığı təcrübənin məhsulu olur.

Üçüncüsü ağlımız kinolarda gördüyümüz, haqqında oxuduğumu Google kimi yerlərin ofisinə getməsin ki, naharda bilyard oynamaq, ofisdə şortiklə gəzib, MacBook-la divanda oturub milkşeyk içə-içə işləyirsən. Belə işlər dünya üzrə 1-2 % olar, ya olmaz. Qarantiya da yoxdur ki, bunlar kreativliyi artırır. Həm də elə sahələr var ki, orada ümumiyyətcə belə mühit əksinə işdəki nizam-intizama pozmağa gətirib çıxarır.

Dördüncüsü çox çalışmaq yeniyetmə və gəncləri gərək qorxuztmasın. Əziyyət çəksək nəyisə mütləq öyrənəcəyik. Sonra avtomatik olaraq gündəlik uzun zamana görülməli işləri effektiv görməyə həvəsli olub yaradıcı həllər tapacağıq. Adam var, camaatın 3 günə gördüyünü bu 1 günə görür, 2 günü öz işlərinə ayırır.

Beşincisi vaxtın qədrini bilib günə 12 saat işləmək istəməməyiz normaldır. Təqdirəlayiqdir. Amma məsələn öz biznesiniz olsa gərək günə 14 saaat işləyəsiniz bəzən. Həm də lap 15 saat belə işləsən yaradıcı olduqda işi özün üçün az-çox maraqlı edə bilirsən.

Üzərinizə götürməyin, Facebook-da adi göz oxşayan mesaj yazmağı bacarmayanlar var ki, böyük iddialarla yaşayırlar. Yazma o mesajı 30 saniyəyə, yaz 1 dəqiqəyə, qoy oxuyanın gözü oxşasın, sualına, istəyinə diqqətlə baxsın, geri tez dönsün.

İlk iş yerində diqqət etməli olduğunuz 5 məqam

Bu günlərdə Facebook və LinkedIn-də dostlardan Azərbaycanda uzunmüddətli karyera qurmaq məqsədilə çalışmaq istədiyiniz şirkət hansıdır sualını soruşmuşdum. Gələn cavabların çoxunda konkret şirkət, təşkilat adı yox idi və daha çox ölkəmizin biznes mühitindəki problemlər qeyd edilirdi. Əlbəttə ki, hazırda ölkəmizdə karyera qura bilmək ümidilə harasa işə düzəlmək deyil, dolanışıq üçün təki hardasa işə düzəlim prinsipi daha keçərlidir. Amma ara-sıra çox yaxşı iş yerləri olur ki, onlara giriş səviyyəsində yeni məzun olanları işə götürürlər. Tələbələrin məzun olmaqlarına çox az qalmış bir ərəfədə düşünürəm ki, bu yazı onlara faydalı olar. Belə ki, siz əgər uğurlu CV hazırlayıb müsahibəyə dəvət olunubsuzsa və müsahibəni də uğurla keçib işə başlamısınızsa, o zaman bu 5 məqama mütləq əməl edin:

  1. Özünüzə əmin olun, amma həm də sadə olun – Rəqabətdə bəzən özündən niyə görəsə güclü hesab etdiyin insanlara qalib gəlib yeni iş yeri tapırsansa, xüsusən də bu iş yerində korporativ mədəniyyət orta və ya yüksəkdirsə istəmədən belə şişirsən. Ona görə də gərək bir əlində mütləq özünü partlatmaq üçün iynə gəzdirəsən. Necə ki, körpə uşağın növbəti addımları onun valideynləri tərəfindən çox asan proqnozlaşdırıla bilinir, eləcə də yeni işçinin hərəkətlərini onun menecerləri çox rahat proqnozlaşdıra bilirlər. Burada da iki məsələ var ki, biri işçinin xeyrinə, biri isə ziyanına işləyir. İşçi özünü nə qədər özünə əmin göstərə bilirsə, bir o qədər rəğbət qazanır. Əgər bu özünəəminlik sən özün sezmədən belə özündənrazılığa, kobudluğa doğru gedirsə bunu çalış ki, kontrol edə biləsən.
  2. Şirkəti və ya təşkilatı daha da yaxşı tanıyın – Əlbəttə, əgər siz bu mərhələyə gəlib çatmısınsa demək ki, sizin şirkət və ya təşkilat haqqında kifayət qədər məlumatınız var. Ən azından sosial mediadakı səhifələrini izləyirsiniz, internet səhifəsinə baxmısınız. Amma şirkət həmişə daxildən fərqli olur. Şirkətin çətin günləri olur. Təhlükəli anlar yaşayır. Bunlar sizi qorxuzmasın. Siz nəzər yetirin görək şirkət bu çətinliklərə necə tap gətirəcək. Bəzən sizə bu çətinliklər keçilməz gələ bilərlər və həvəsdən düşə bilərsiniz. Ancaq axırda çox təəssüf ki, siz yanılacaqsınız. Əgər bu şirkətdə Azərbaycandaxili və ya xarici şirkətdirsə dünya üzrə ucalmaq imkanları varsa, sizi həvəsdən salanlara qulaq asmadan karyera yüksəlişi imkanlarını öyrənin.
  3. İşə konsentrasiya olun – Yeni iş yeri, iş yerindən dostlar, işdən check-inlər. Bunlar çox maraqlıdır, bəzən faydalıdır, amma həm də təhlükəlidir. Siz işə yeni dostlar qazanmağa və ya Facebook-da girib Azərbaycanda hər şeyin pis olduğunu yazmağa götürülməyibsiniz. Sizi konkret vəzifə üçün götürüblər. Ola bilsin ki, iş yeri bunun üçün sizə lazımi istiqamətlər vermir, amma yenə də ruhdan düşməyin. Yuxarıda da dediyim kimi şirkəti dərindən araşdırın, sektorunuzu öyrənin. Öyrənməyə, yeni məlumatlar əldə etməyə, iş prosesini təkmilləşdirmək məqsədilə ona töhfələr verməyə can atın. Yəni fikrinizi işinizə yönəldin. İnanın ki, ən faydalısı budur. Mənim artıq 10 ildən artıq iş təcrübəm var. Bilirsiz özümü ən çox niyə qınayıram. İş vaxtı fikrimi yayındıran məsələlərə vaxt ayıranda. O ki, qaldı dostlara. Əlbəttə bizim həyatda bəzən ən yaxın dostlarımız işdən qazanadıqlarımızdır. İnsan faktiki gününün 3-də biri yatırsa, birini yolda, ailəsilə olursa, qalan birini də işdə keçirir. Burada bizə çox doğma insanlar olur. Bu proses isə təbii gedir və sizin şəxsi keyfiyyətləriniz, bacarıqlarınız fonunda tez və ya gec ola bilər. Narahat olmayın, sosiallaşmaq üçün kifayət qədər vaxtınız olacaq.
  4. Naharı unutmayın – Adətən işlər nahar daxil 9 saat olur. İndi ola bilər ki, sizin işiniz 9 saatdan çox olsun və ya şənbə günü də işləyəsiniz. Hər halda korporativ standartları ciddi olan şirkətlərdə belə problemlər olmur. Ancaq belə şəraitdə işləyirsinizsə bu da problem deyil. Bir məsələni unutmayın. Sizin gün ərzində istirahət etmək, görüşlər keçirtmək, şəxsi işləri görə bilmək üçün 1 saat vaxtınız var. Məsələn, mən bu yazını nahar fasiləsi vaxtında yazıram. Nahar vaxtı demək olar ki, xidmət sektoru tam işlək olur. Yəni mən ənənəvi nahar vaxtı, 1-2 arası olan deyirəm. Ola bilsin ki, siz elə xidmət sektorundasınız və nahar vaxtı sizdə fərqlidir. Sözümün canı odur ki, bu bir saatı faydalı istifadə etməyə rutinləşdirin. Naharı unutmayın deyərkən həm də yemək yeməyin vacibliyini qeyd etmək istərdim. Az da olsa nahar vaxtı mütləq qida qəbul edin. Çox yemək isə bilməmiş olmazsınız, sizə nahardan sonra yuxulululuq gətirəcək.
  5. Biraz az səbirli olun – İndi Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri icraçıların sanki azalması ilə bağlıdır. İndi çox adam menecer, rəhbər və ya öz biznesinin sahibi olmaq arzusu ilə yaşayır. Bu əlbəttə ki, çox gözəldir. Ancaq mən sizə bu məsələdə səbirli olmağlı arzulayıram. Baxın, 2000-ci ilin əvvəlində Azərbaycanda cəmi 5-10 tədris mərkəzi olardı, indi onların sayı yüzlərlədir. Əlbəttə ki, bu müddət ərzində öz biznesini ağılla quran şirkətlər oldu ki, indi bazarda gəlir baxımından böyük paya malikdirlər. Yeni qurulan şirkətlərə də çətindir. Bu öz yerində, həm də 3-4 il bundan qabaq Azərbaycanda bu qədər sayda restoran var idimi? Yox. Bu mövzunu çox davam etmək olar. Qısası onu demək istəyirəm ki, narahat olmayın. Bir neçə ilə yeni biznes sahələrində imkanlar olacaq. Bəli, siz də tez-tez oxuyursunuz ki, filankəs təhsilini yarımçıq qoydu, işdən çıxdı getdi özünə biznes qurdu. Doğurdan da belə bir ideyanız varsa işləyə-işləyə bunu biraz təkmilləşdirin. Amma vacib olan odur ki, bir müddət, bir neçə il normal hesab etdiyiniz bir yerdə işləyib biznes mühitini öyrənin. Səbirli olmaq deyərkən, daha çox işinizi öyrənməyə sizi həvəsləndirmək istəyirəm. Ola bilər ki, birbaşa sizin vəzifəniz maraqsızdır və ya məhduddur. Şirkətin öz iş prinsipini, digərlərini işini öyrənin. Yeni əlaqələr qurun.

İlk iş yeri sizə gələcəyiniz haqqında düşünməyə də imkan verəcək və ola bilsin ki, siz hətta illərdir sevdiyiniz ixtisasınızı da dəyişmək haqqında düşündünüz. Əsas olan odur ki, siz özününüzü daha yaxşı tanıyasınız. Əlbəttə ki, burada bir çox məsələləri qeyd etmək olardı. Bu an ağlıma gələn ən vaciblərini qeyd etdim. Əslində burada yazılanların bəziləri ilk iş yeri olmasa belə, yeni iş yeri üçün də keçərlidir. Sizi karyeranızda uğurlar arzulayıram!

 

Bu il 100 kitab oxuyacağam tipli planlar və ya sadə planlaşdırma niyə vacibdir?

Artıq 2017-ci ildən 5 gün geridə qaldı. Hələ 2 il bundan öncə ilin sonunda oyanan əjdaha yazımızda illik planlaşdırma ilə bağlı bəzi qeydləri etmişdik. Demirəm ki, yazdıqlarımın hamısına əməl edə bildim. Ancaq ən azı yazdıqca hansısa məsələlər haqqında ən azından düşünüb onları tətbiq etməyə çalışırsan. Eyni zamanda yazdıqlarımızdan, düşündüklərimizdən, tətbiq etdiklərimizdən, yeni öyrəndiklərimizdən yeni fikirlər formalaşır ki, bu da sənin hansısa məsələlər haqqında fərqli düşünməyinə gətirib çıxarır. Yazıya biraz qarışıq giriş verdim deyəsən. Bunu daha da qəlizləşdirə bilərdim. Ancaq məqsədimi tez deyib bunu etməkdən vaz keçirəm. Bu yazıda mən həyatımıza, planlaşdırmaya maksimum sadə baxmaqdan yazacağam. Bir halda ki, yeni il gəlib, bu simvolik dəyişiklikdən istifadə edib həyatınızı müsbətə dəyişməyə çalışın. Bunun üçün sizə 5 tövsiyyəm var:

  1. Özünüzə minimal sayda vacib prioritetlər müəyyənləşdirin. Bəli bizim uzun məqsədlər siyahılarımız ola bilər. Orada getmək istədiyimiz ölkələr, oxumaq istədiyimiz kitablar, öyrənmək istədiyimiz dillər, almaq istədiyimiz əşyalar yer ala bilər. Bu uzun siyahının özü yaxşıdır. Ancaq onlardan daha vacib olan 3-5-ni seçib onlara fokuslanmağınız daha məqsədəuyğundur. Əgər ilin ortası bu məqsədlərə nail olsaz, onda siyahınıza yeni əlavələr edə bilərsiniz.
  2. Məqsədlərinizi maddi imkana bağlamayın. Pulum olsun bunu edəcəm, onu edəcəm. Mütləq bu biri işi də görəcəm. Biz məqsədləri pula bağlayıb həyatımızı çox qəlizləşdiririk. İndiki maddi vəziyyətiniz ilə yaxın 5 il ərzində özünüzə maşın almaq şansınız çox az olsa belə, sürücülük imtahanına hazırlaşıb gedib sürücülük vəsiqənizi özünüz ala bilərsiniz. Minimal xərciniz çıxacaq. Dünya dəyişir, üzü Avropaya gedəndə oradakı xalq kütləvi kirayə maşınlardan istifadə edir.
  3. Elastik olun. Nail olmaq istədiklərinizin uzun və ya qısa siyası olmasından asılı olmayaraq məqsədlərinizdə elastik olmağı bacarın. Buna görə də bütün işlərinizi bir-birinə bağlamayın. Bunun özü elə sadəlik və rahatlıqdır. Lazım olmayanda və ya real olmayanda hər hansı bir məqsədinizi təxirə sala bilər və ya dəyişə bilərsiniz. Məsələn, italyan şirkətində işləyirsiniz və ilin əvvəli italyan dilini öyrənməyə qarşısınıza məqsəd qoymusunuzsa, sonra da bir neçə dərs də getmisinizsə və elə bu vaxtı gözəl bir xanımla və ya yaraşıqlı bəylə tanış olursunuzsa sırf onun xətrinə bu dili öyrənməyi bir müddət məqsədlərinizdən çıxarın. Yəni özünüzə çox yükləməyin. Daha vacib olanını seçin.
  4. Yazın, qəlbinizə, divarlara. Zarafatsız planlaşdırma və vaxtın idarəedilməsinə aid elə bir kitab, yazı oxumamışam ki, orada planların harasa qeyd edilməsi ilə bağlı qeyd olmasın. Yuxarıda da dedim ki, uzun siyahınız olsa belə sadələşdirilmiş şəkildə, onu başa düşdüyünüz qaydada plana salmağı bacarın. Bunu hətta özünüzə əsas qruplar və onlara alt qruplar seçməklə edə bilərsiniz. Məsələn, məqsədlərinizi karyera, fərdi inkişaf, ailə və dostlar, əyləncə və səyahət qruplarına bölüb onlar üzrə ən vacib olanları alt qruplarda qeyd edə bilərsiniz. Yetər ki, bu sadəlik sizə gündəlik nəzər yetirəndə o məqsədləri rahat xatırlatsın.
  5. Qiymətləndirilə bilinən məqsədlər qoyun, amma ki. Məsələn üçün deyə bilərik ki, 5 kitab. Amma öz performans göstəricilərinizin qiymətləndirilməsini daha düzgün ifadə edəndə məqsədlərinizə çatmaq ehtimalı daha çoxdur. İlə 40 kitab oxuyacam əvəzinə HR mütəxəssis olacam məqsədini qoyun. Fərqli məzmunlu ilə 100 kitab oxuyub onlardan necə düzgün istifadə etmək haqqında bilmədikdə məqsədləriniz parçalanır. Ancaq HR mütəxəssis olmaq kimi qarşısınıza ciddi məqsəd qoyursunuzsa, o zaman alt qrupuna HR ilə bağlı 2 təlimdə iştirak edəcəm, 10 kitab oxuyacağam, 10 onlayn təlimə qatılacam kimi məqsədlər qoyanda, ən əsasə əməl edəndə uğura daha yaxın olursunuz.

Odur ki, əgər indi siyahınızda 50 nail olmaq istədiyiniz məqsəd varsa, gedib onların haqqında düşünüb 5-6 ümumi məqsəd ortaya qoyun. Unutmayın, bir çox məsələlər var ki, onları reallaşdırmaq üçün pul vacib deyil. Bu il mütləq buna nail olmalıyam deyib tərslik edib şanslarınızı itirməyin. Demirəm inadkar olmayın, amma həm də fürsətcil olun. Məqsədlərinizi sadə şəkildə bir yerə yazın və sonda elə məqsədlər müəyyən edin ki, onlar konkret hədəfli olsunlar və onları qiymətləndirmək də mümkün olsun. Belə, hər birinizə 2017-ci ildə bol-bol uğurlar arzulayıram!

Alət çubuğuna keç