Resurslara çıxış ilə bağlı 7 acı həqiqət

Hərdən bir çoxumuz çox böyük həvəslə 90-cı illərdən danışanda bu günlərlə bir çox fərqləri xüsusi vurğulayırıq. Məsələn, həftədə 1 dəfə kino olardı, onu gözləyərdik və o da başlayanda qəfil işıqlar keçərdi. Al, bu da sənə bu həftənin kinosu. Axı, hamıda evdə videomaqintafon yox idi. Bu bir həqiqətdir ki, o zaman çox bəsit resurslara çıxış məhdud idi. Bəs 20 il sonra bu bolluqda bizim doğurdanmı bir çox resurslara daha rahat çıxışımız var? Təbii ki yox. Heç 20 il sonra da bu olmayacaq. Buyurun, misalçünlər:

1) Networking-dən kənar düşmə. Bu tək Azərbaycana aid deyil. Amma əgər sən hansısa şəbəkələşmələrdən kənardasansa, məlumata, bonuslara çıxışın azdır. Azərbaycanda yaxşı iş yeri az olduğundan təbii ki, sənin üzv olduğun şəbəkələşmə səni qabağa çəkir. Yaşın, maddi imkanın, davranışların, xasiyyətin, mövqeyin və zamanlaman düzgün olmasa, qalırsan gəmidən kənarda.
2) Pul, təbii ki, buna çıxış çox məhduddur. Bəlkə mən bilmirəm, amma 5 dənə özəl təhsil və elm fondu saya bilərsiz? Mən hələ mələksifət investorları demirəm. Gənc insan üçün bu məhdudiyyətlər çox üzücüdür.
3) Sağlamlıq təminatı resursları. Bir çox insan düşünür ki, həkimə getsə 3 aylıq maaşı müalicəyə gedəcək. Elədir ki, var. Xəstəlik faizi artsa da, bir çox özəl şirkətlər belə hətta tibbi sığortaya maraq göstərmir.
4) Dil bacarıqları zəif olduğundan hər saniyə yenilən elmlərə çıxış məhduddur. Müəllimlər çox rahat ev tapşırığını Discovery, Discovery Science, History kanallarından verə bilərlər.
5) Özü aya 10 000 qazanıb işçisinə 350 manat verməklə həftəyə onun 60 saatını alan sahibkarlar. Güya bu pulu onlar özləri qazanır, işçilər də fərsizdir.
6) Sosial mediada keyfiyyətli məzmuna trafik proporsiyası azdır. Əyləncə və idman ilə müqayisədə faydalı məzmun istifadəçilərə daha az göstərilir. Çünki 2-3 dəfə əyləncəyə olan marağın alqoritmləri sənə ‘qarşı’ edir. Əslində bu qədər bol keyfiyyətli resurslardan uzaq düşməklə həyatdan, ömürdən günlər gedir.
7) Hələ də 20-ci əsrdə qalan şirkətlər. İşçiyə boş-boş nəzəriyyələr deyib mənasız işi göndərən eqoist menecerlər.

Bu hələ sadə sıralamadır. Yəni evdə istədiyim vaxt kinoya baxıram demək, hələ dünya ilə ayaqlaşmaq demək deyil.

Bəzən demək çox asandır ki, əziyyət çək, pul qazan, get xaricdə oxu, işlə. Həyatın bəzi məqamları var ki, orada müəyyən resurslara ehtiyac olur, o təmin edilmədikdə nə isə ala-yarımçıq qalır. Bundan sonra da çox az adam özünə gəlib davam edir.

Amma istənilən halda mən gənclərə bir daha xatırladıram. Öz həyatınıza sahib olun, unutmayın ən vacib resurs vaxtdır. Vaxtınızı oğurlayanlardan uzaq qaçın! Elə ortayaşlılara da aiddir 🙂

Uğursuzluqlar və uçan maşın

Bir neçə gün öncə Yasamaldan Bakı şəhərinə əsas çıxışlardan biri olan Bizim market və Günəş petrol qaya yolunda (əslində yolu çox yaxşı təmir ediblər, sadəcə yol o qədər dardır ki, günün əksər saatlarında aşağıdan dikinə yuxarı onlarla maşın tıxacda düzülür) bir maşın qəfil xarab oldu. Tıxaclardan bu üstdənaşağı yolda yuxarı gedən maşınlarda bu hal ara-sıra baş verir. Nisbətən köhnə avtomobillərin işləmə mexanizmdən tanış olanlar yəqin bunun səbəbini daha yaxşı bilirlər. Mənim isə diqqətimi həmin an digər bir məqam cəlb etdi. Arxada oturan 9-10 yaşlı uşaq. Atası nə qədər cəhd etsə də maşını hərəkətə gətirə bilmirdi. Uşaq həyacanla onu izləyirdi. İlk baxışdan uşağın halına acıdım. Çünki yavaş-yavaş maşınlar yanında keçib gedirdi. Sonra yadıma ətrafımda müxtəlif çətinliklərdən çıxıb sonunda hər hansı bir sahədə uğurlu olan insanlar düşdü. Əlbəttə uğurlu insanların bəzən çoxlu belə maraqlı və düşünülmüş çətinlik hekayələri olur. Bir neçə gün öncə tədbirlərin birində Dünya Bankının prezidenti Cim Yonq Kim Alibaba şirkətinin qurucusu Jack Madan KFC və iş tapmaqla bağlı digər uğursuzluq hekayələrinin doğru olub-olmamasını da zarafatca soruşmuşdu.

Bu yazımın mahiyyəti isə o deyil. Biz nə qədər istəsək də liderlik üçün yerlər, uğurluluq mövqelər azdır. Təbii ki, heç də hamımız bu yerlər uğrunda mübarizə aparmırıq. Ancaq hər gün bu yerlər uğrunda mübarizə aparanlar daha da artır. Bərkə-boşa düşmələr olduqca nərdivanın yuxarısına doğru gedənlər azalır. Sona qədər gedənlərin alt yaddaşında əminəm ki, o uşağın düşdüyü kimi çoxlu uğursuzluqlar, xoş olmayan anlar var. Kimisə deyir, atamı-anamı kasıblıqdan qurtaracam, kimsə deyir bahalı maşınım olacaq, kimsə görür ki, atası-anası hansı çətinliklərə tab gəlir və pozitiv mübarizə aparır bundan ilham alır, kimsə düşünür ki, uçan avtomobil kəşf edəcəm, kimisə deyir ki, daha yaxşı yollar salacam. İndi Azərbaycanda 25-35 yaşında olanların çoxu bu çətinliklərdən çıxıbdır. Ona görə də təsadüfən yuxarıda ətrafımdakı insanları demədim. Çünki çox çətin şəraitlərdən, özü də sadəcə maddi deyil, mənəvi sıxıntılardan, fiziki xəstəliklərdən əziyyət çəkib sonra böyük uğur qazananlardan şəxsən tanıdıqlarım çoxdur

O uşaq isə həmin vaxt sadəcə düşünürdü ki, kaş maşın tez düzələrdi. Əlbəttə, atası da istəmirdi yəqin ki, övladı sıxılsın. Atası ən yaxşı halda özünə yeni maşın ala biləcəksə, bəlkə də bu hadisə onun övladının uçan maşın mühəndisi olmasına gətirib çıxaracaq.

Üzümü gənclərə, lap elə gənc olmayanlara tutaraq

Sizlərin arasında şəxsən tanıdığım bir çox yaradıcı, çox bacarıqlı, qeyri-standart düşünən şəxslər var. Sizin böyük potensialınız var. Milli və ya qlobal səviyyədə çox yaxşı işlər görməyə əsl layiq insanlarsınız! Ona görə də aşağıdakı qeydlərim haqqında istəyirəm sizli-bizli düşünək.
Ətrafımızda çoxlu neqativ hadisələr baş verir. Lokal və qlobal səviyyədə. Vətəndaş, qlobal vətəndaş mövqeyi ortaya olmaq çox gözəldir. Bəzən hansısa məsələyə yumor və ironiya ilə yanaşmaq da normaldır. Amma və ancaq:

1) Aqressiyadan uzaq olun – Kimsə kimisə günahsız yerə öldürürsə, qayıdıb deməyin bu adamı öz əllərimlə boğardım.

2) Yaxşıya fokus olun – Ətrafınızda 10 insandan 9-unun mövqeyi sizin ürəyinizi bulandırsa belə o qalan 1 nəfərin qədrini bilin və onu onlara qatmayın.

3) Neqativdən uzaq olun – Bəlkə qısa yazım ki, sosial mediadan? 🙂 Əslində çox-çox uzaq olun. Öz sahənizə aid məhdud şəbəkələri izləyin. Çox təəssüf ki, indi LinkedIn-də bəzən dəxlisiz məzmunlar olur.

4) Təşəbbüskar olun – Kimsə hansısa problemdən danışanda, siz ona çıxış yolu təklif edin. İctimai olmasa da, ən azı özünüz deyin ki, bu problemi necə həll etmək olar.

5) Araşdırın, özü də təklikdə – Bütün bu neqativlərdən uzaq olduqda, öz gələcəyiniz və ya cəmiyyət üçün, dünya üçün edə biləcəyiniz yeniliyi, yeni yanaşmanı araşdırın. Nə isə tapın. Lazım gəlsə bu təklik 5-10 saat belə olsun. Əsas odur ki, təkliyə çəkilməyi bacarın.

Əlbəttə bütün bunlara çox azımız əməl edə biləcəyik və indinin özündə də buna çox az adam əməl edə bilir. Amma mən istəyirəm ki, siz məhz o azların içində olasınız. 🙂

Özünü tənqiddə necə ədalətli olmaq olar?

 

İndi bir çox vakansiyalarda işçilərdən tələb olunan onun tənqidi təfəkkürünün olmasıdır. Əslində tək iş yerində yox, hər bir yerdə insanın rasional düşüncə tərzinə sahib olması çox vacibdir. İndi məlumatlar o qədər çoxdur ki, insanı özündən çıxardan o qədər səbəblər var ki, fəaliyyətlərimiz çox zaman emosional düşüncələrimiz əsasında olur. Bəlkə də 100 il qabaq da belə olub. İstənilən zaman özümüzdə özünəqarşı tənqidi təfəkkürü inkişaf etdirmək olduqca vacibdir. Bəs yaxşı bu zaman necə düzgün, ədalətli olmaq olar?

Təbii ki, insanların çoxu səhv olanda belə bunu biruzə verməyi xoşlamır. Hamının özünə görə həqiqəti var deyib müzakirələrdə özünü daha haqlı görür. Obyektiv olmaq olduqca çətindir. Ötən həftəsonu Quba – Bakı magistralında xoş olmayan bir hal ilə rastlaşdım. Hava hələ açıq olduğundan 700-800 metr uzaqlıqda yolun solu ilə hərəkət edən yük maşınını görürdüm. Maksimum hərəkət sürəti 110 olan bu yolda onun sürəti 70-80 olardı. Mən də 100 ilə hərəkət edirdim və onu sağdan ötməmək üçün sola keçməyə cəhd edirdim. Ancaq həm onun zolağını dəyişmək fikri olmadığını görüb, həm də sol zolağa keçsəm arxadan gələnlər üçün mənim də təhlükə yaradacığımı düşünüb sağ zolaqla hərəkəti davam etdim. Beləliklə bu genişlə bir neçə saniyəyə onu keçməliydim. Ancaq nə baş verdi? Mən arxasında yük hissəsi 15-20 metr olan yük maşınına çatanda, onun qəfil sola dönmə işığını yandırdığını gördüm. Onun dönməsi elə qəfil baş verdi ki, mənim maşını güclü tormozlamağım bizi qəzadan qurtardı. Güman ki, məni onun ölü bucağına düşmüşdüm və mənim çatdığımı görməmişdi. Əvəzində bir az sonra mən o maşını solundan keçdim. Əlbəttə ki, bu absazı oxuyub məni də, onu da qınayalar var. Mən də təbii ki, həmin an dərhal onu qınadım və ağlıma gələn ən pis sözlərlə.

Amma və ancaq.. İstənilən vəziyyətə gərək soyuq başla baxasan. Mənim həmin an üçün etdiyim səhv hərəkət nə idi? Sağ zolaqda yüksək sürət yığmaq, şüuraltı o maşını sağ zolaqdan keçmək istəyi. Bunlar düzgün deyil. Problem məhz budur ki, biz özümüz səhv edəndə belə bunu qarşımızdakının səhvinə bağlayırıq. Ona görə də özünü tənqiddə ədalətli olmaq çətinləşir. Biz Azərbaycanda hansısa işi etməyə tənbəllik edəndən, hansısa işi səhv görəndə bunu sistemə, başqalarının adına yazmağı xoşlayırıq. Ona görə də bizdə özündən razılıq, başqalarının haqqında girmək xüsusiyyətləri formalaşır.

Hər bir insan səhv edir. Səhvi qəbul etməyi bacarmaq lazımdır. Özünə tənqidi yanaşmaq həm də səhvlərdən sonra ortaya çıxan bir məsələyə deyil. Elə məsələlər var ki, biz onlar haqqında ümumiyyətcə məlumatlı deyilik. Onları bilmədiyimizi bilmirik. Məhz özümüzü rasional təhlil edəndə, biz bu çatışmamazlıqları da ortaya çıxarda bilirik. Yalandan mən bilirəm, yaxud da bunu bilməsəm də olar deyib özümüzü aldatmağa ehtiyac yoxdur. Əsas odur ki, təhlil etdikcə öz müsbət və mənfi tərəflərimizi görə bilirik.

İnsan gərək özünü aldatmasın. Özünüqiymətləndirmədə ədalət dediyimiz məhz budur. Təbii ki, əgər insan bütün günü bütün situasiyalarda özünü mənfi mənada tənqid etsə, özünə inamı da azaldacaq. Bu da düzgün deyil. Biz bəzən bilərəkdən də hansısa səhvləri edirik. Sizin öz həqiqətlərinizə uyğun olaraq bunu özünüzün tənzimləyə bilməyiniz gərəkdir. Odur ki, gəlin özümüzə kənardan baxmağı bacaraq, özümüzü həmişə haqlı bilib özümüzü böyük faciələrə aparmayaq.

Bir yerdə ilişib qalmamaq üçün 5 dinamik məsləhət

Bəlkə siz də mənim kimi 2000-ci illərin əvvəllərində əsl adı Alecia Beth Moore olan Pink-in Family Portrait mahnısının klipinə baxanda ifaçının klipdəki uşaq olduğunu düşünürdüz. Bu mahnını Pink 22 yaşında yazmışdı. Nədən bu yadıma düşdü? 2 ay öncə Youtube-da Pink Vevo səhifəsindən onun yeni, ‘What About Us’ mahnısı yayıldı.

İşdə adətən Youtube özü axtarış tarixçəmə uyğun mahnı təkliflərini ardıcıl səsləndirir. Arxa fonda olduğundan bəzən işim gərginliyindən səs gəlsə də, əslində heç dinləmədiyim mahnılar 100 faiz olur. Ancaq bu mahnı gedəndə dərhal çevirdim klipinə ki, nə əcəb bu mahnı mənə tanış deyil, gördüm ki, Pink-in yeni mahnısıdır. Onda mahnı 1 gündü qoyulmuşdu. İndi artıq 87 milyondan da çox baxış toplayıb.

Pink 2 ilə 40 yaşını qeyd edəcək. Amma görünən odur ki, bu insanlar heç yerində saymağı xoşlamırlar. 10, 20 il dayanmadan çalışırlar. Bütün yenilikləri, yeni trendləri tuturlar və hər dövrdə auditoriyalarını məmnun etməyə çalışırlar. Özüm də ara-sıra edirəm, sizə də tövsiyyə edirəm. Dünyada idman, biznes, incəsənət sahəsindəki məşhur adamların qısa olsa da tarixçələrini Wikipediadan oxuyun. Karyera və yaradıcılıqlarının əksər hallarda 20, 30 il davamlı getdiyini görəcəksiz.

Bizim ölkə düzdür, cavandır. Üstəlik yeni biznes qaydları ilə 15-20 ildir oynayırıq. Amma ümumi götürəndə bizdə insanların çoxu davamlı karyera həvəsində olmurlar. Daha dəqiq desək bir yerə çatıb, orada rahatlanmaq istəyirlər. Bəziləri üçün bu rahatlanmaq rahat 1 tikə çörək qazanmaq, bəziləri üçünsə son mənzilə qədər qəşəng çak-çuk çıxan obyekt anlamı gətirir.

Həyat isə belə deyil. Bunu biz devalivasiyada da gördük ki, hər an böyük imkanlar əldən çıxa bilər. İnsan işdən də çıxa bilər, uzun müddət işsiz də qala bilər. Bu yazımdan bir yerdə ilişib qalmamağın 5 dinamik çıxış yolunu təqdim edirəm:

1) Komfort zonadan çıxmaq – Son 1 il ərzində bir xeyli dostumuz xaricə yaşamağa və işləməyə üz tutub. Mən onlar üçün xaricdə rahatlıq tapmağın necə çətin olduğunu çox gözəl başa düşürəm. Onların bəziləri ilə söhbətdə də bunu özləri etiraf edirlər. Ancaq onların bəziləri burada olan rahat həyatlarını burada qoyub, gələcək rahatlıqları üçün özlərini diskomfort mühitə salıblar. Daha çox çalışmaqla, az istirahət etməklə. Ancaq o ümidlə ki, gələcək təminatları daha uzunmüddət olsun. Müəyyən yaşdan sonra bunu etmək çətin olur. Ancaq çalışın ki, sizdə bu müəyyən yaş çox gec olsun. 40-45 hətta belə. İşdə əgər daha çox zəhmət tələb edən yeni vəzifə varsa və buna can atmırsınızsa demək sizin yaşınızın neçə olmasından asılı olmayaraq, siz artıq həmin müəyyən yaşa vaxtından tez çatmısınız.

2) Heç zaman özündən 100 % qane olmamaq – ‘Bu günə də şükür’ çox yaxşı təsəllidir. Amma 2-3 il boş-boş işlərlə məşğul olanda, şükür etmək yadına belə düşmür. Bir çox insan, xüsusən orta menecment bir yerə çatdıqdan sonra, özünəinam yersiz olaraq maksimum olur və özündən tam qane olmaq mərhələsi başlayır. Xüsusən cibə biraz yaxşı pul gəldi, artıq danışdığın istənilən mövzuya sanki nöqtə qoyursan. Bu heç də yaxşı hal deyil. Tanıdığım biznesmenlər gecə-gündüz çalışdığı və tam qane olmadığı halda, hansısa şirkətdə nisbətən yüksək vəzifəsi olan adam heç gündəlik öhdəliklərinə belə diqqətlə yanaşmır, günləri yola verir. Təsəllisi də özündən qane olmaqdır ki, mən istəniləm zaman bu işi görməyə qadirəm. Bu isə ömürdən-gündən aparır.

3) Həmişə cavan qalmaq həvəsi – 10 il qabaq tələbə olanda özümü 40-50 yaşlı insanlardan ağıllı sayırdım. Düşünürdüm ki, çox müasirəm. İndi əminəm ki, hazırki tələbələr məhz özlərini məndən güclü sayırlar. Müasirlik, sadəcə texnologiya istifadə etmək bacarığı deyil. Bu texniki bilikdir. Müasirlik daha çox yeni trendləri tutmaq qabiliyyətidir. Bu cür insanlar daima cavan qalırlar. Təbii ki, mənəvi ilə yanaşı fiziki sağlam qalmaq üçün idman və sağlam qida da önəmlidir.

4) Çox pul qazanmaq istəyi – Kimsə ‘otkat’ ilə çox pul qazanırsa, bu 100 % geci-tezi ona başağrısı olacaq. Rahatlıq üçün düzgün yollar haqqında düşünmək lazımdır. 10-cü 1 DƏQİQƏ videosunda da qeyd etdiyim kimi bəzi şəxslər var ki, təəcüblü olsa da müəyyən bir məbləği aylıq qazanandan sonra onu artırmağa həvəsli olmurlar. Özlərinə limit qoyurlar. Faktiki olaraq pul hər il inflyasiya uğrayır. Hər şeyin qiyməti qalxır. Yeni-yeni ehtiyaclar ortaya çıxır. İçimizdə daha çox qazanmaq istəyi olmadıqda, yeni nələrisə öyrənmirik, öz üzərimizdə az çalışırıq və tənbəlləşirik.

5) Özünü başqalarına həsr etmək  – İnsan əhatəsini kiçiltdikcə pula, vaxtına qənaət edə bilər. Az öhdəliyi olduğu üçün həyatdan gözləntiləri də az olacaq. Amma bildiyin, bacardığın məsələlərdə çoxlu insana kömək etdikcə, yeni əlaqələr qurulur və insanın ağlına gəlmədən üzünə yeni qapılar açılır. Mən sizə və özümə arzu etmirəm ki, hansısa işi təmannalı görək, etdiyimiz hər xırda əmələ qarşılıq gözləyək. Amma istər-istəməz insan bu əməllərdən fayda görür. Heç şübhəsiz ən böyük fayda insanın özünün öz sahəsi üzrə qabağa getməsi olur.

Həmişə olduğu kimi bu yazıda da maksimum şəxsi təcrübə və müşahidələrimi qeyd etdim. Əminəm ki, siz də bu 5 dinamik məsələdən savayı bir çox çıxış yollarını özünüz də bilirsiz. Bilməklə iş bitmir, təbii ki, vacib olan onlara əməl etməkdir.

Alət çubuğuna keç