Yaşıl düşünmək sadəcə trendirmi?

ilham ali yusif

Hərdən biraz kənara çəkilib Azərbaycan biznes mühiti haqqında düşünəndə, ən azından özünün belə etdiyin hərəkətlərə fikir verəndə əksər hallarda xırda məsələlərin içində ilişib qaldığını görürsən. Təxminən, filan mağazaya getdim bəs satıcı mənə elə baxdı, restoranda yeməyin duzu çatışmırdı və s. Düzdür ümumi götürdükdə bunların hamısı bütöv olaraq biznes mühitini formalaşdırır, amma son zamanlar maksimum çalışıram öz şəxsi həyatımda belə bu məsələlərin içində itib, batmayım. Hətta məsələlərə maksimum satira ilə yanaşıb, içimdə olan mənfi enerjini da pozitivə çevirə bilirəm. Əslində isə Azərbaycan biznes mühitinə bir çox qlobal trendlər çox gec gəlib çatır. Hansı ki, bu trendlər haqqında bizim daha çox düşünməyimiz lazımdır.

Aktiv şəkildə yazılan bloqlar, kitablar, keçirilən tədbirlər, konfranslar Azərbaycan biznesində tətbiq edilməli qlobal trendləri azdan-çoxdan əhatələyir. Amma nədənsə ətraf mühitin mühafizəsi və yaşıl düşüncədən sanki uzaq qaçırıq. British Council-da gördüyüm daimi işimlə yanaşı ətraf mühitinin mühafizəsi koordinatorluğu da son bir neçə aydır ki üzərimdədir. Bununla bağlı mütəmadi yeniliklərlə maraqlanıram. Eyni zamanda bu fəaliyyətin vacibliyi haqqında daha çox düşünürəm. İstərdim ki, bununla bağlı bəzi fikirlərimi sizlərlə də paylaşım:

  1. Bu sadəcə qənaət deyil – Yaşıl düşüncə istifadəni azalt, təkrar istifadə et və ya tullantıdan yararlan prinsipi ilə işləyir. Ümumi desək tükənən və istifadəsi ətraf mühitə ziyan vuran istənilən bir şeyin istifadəsində yuxarıdakı prinsipi işlətmək tövsiyyə olunur. Qlobal brendlər artıq bir neçə ildir ki, bu yanaşmanı biznes gündəliklərinə daxil ediblər. Məsələn, McDonald’s iddia edir ki, onun tualetlərdə quraşdırdığı susuz unitazların hər biri ilə 10 000 litr suyun axıdılmasının qarşısını alır. Ümumilikdə isə Birləşmiş Krallıqda üzrə 1000-dən artıq restoranlarında onlar ilə 200 milyon suya qənaət etmiş olurlar. Bəli, böyük və qlobal brendlər üçün bunlar əhəmiyyətli dərəcədə hiss olunan qənaətlərdir. Amma fəlsəfə sadəcə olaraq qənaət edib qabağa düşmək prinsipi ilə işləmir. Şirkətlərin cəmiyyətə mesajı sırf tükənən resurslara həssas münasibətləridir. Hətta kiçik bir şirkətdə bu cür qənaətin astarı üzündən baha gələ bilər. Ancaq şirkət böyüdükcə əlbəttə ki, bu özünü xərclərə qənaətdə də göstərəcək.
  2. İşçinin həyatı sadəcə iş yeri ilə bağlı deyil – Şirkət bu siyasətini nə qədər səmimi aparsa, işçidə bu davranışa inam artacaq və bu onun həyat tərzinə çeviriləcək. Bu sahədə gözü açılan insan istər-istəməz işdən kənar həyatında da davranışlarını davam etdirəcək. Eynilə evdə, küçədə, istirahətdə maksimum diqqətli olacaq. Məsələn bir çox yerlərdə təkrar istehsal üçün istifadə edilə biləcək və ya bilinməyəcək əşya və zibillərin atılması tövsiyyə edilən ayrı-ayrı zibil qutuları var. Əvvəllər bu işə şəxsən elə əhəmiyyət verməzdim. Amma son zamanlar özüm bu qaydanı qorumağa çalışıram və həvəs üçün zibil qutularının içinə də baxıb insanların bu qaydalara əməl edib-etmədiklərini belə desək ‘yoxlayıram’. Əslində bu çox xırda bir nümunədir. Britaniya təşkilatında çalışdığım üçün demirəm. Amma yaşıl düşüncəni aktual edən bir çox qərb şirkətləri bu kimi qlobal trendlərdə öz əməkdaşlarının düşüncəsinə təsir edə bilirlər. Elə mənə də. Məsələn, oteldə əgər 2 gün qalıramsa, dəsmalları da 2 gün istifadə edirəm. Qısa məsafələrə maşınla yox, piyada getməyə üstünlük verirəm.
  3. Hər bir brend öz müştəriləri üçün də bir nümunədir – Bu gün bir çox brendlər böyük həvəslə öz yaşıl siyasətlərindən danışırlar. Azərbaycanda tam effektiv görsənməsə də, yaşıl yanaşmanın qərbdə brendlər tərəfindən çox uğurla istifadə edildiyini göstərə bilərik. Yuxarıda da dediyimiz kimi məsələ sadəcə hansısa resurslara qənaət etmək deyil. Vacib olan mümkün qədər az istifadə etməkdir. Təəssüf ki, biz ölkəmizdəki gəncləri bir çox qlobal trendləri susqun yaşadığını görürük. Əlbəttə ətraf mühitin mühafizəsi yeni IPhone telefonu deyil ki, onunla bağlı çox danışılsın, çox müzakirə edilsin. Qlobal brendləri hazırda ən çox narahat edən öz müştərilərinin aldıqları, istifadə etdikləri məhsul və xidmətlərdə pul dəyərinin deyil, bir çox dəyərləri axtarmasıdır. Məsələn, avtomobil alarkən onun nə qədər az benzin sərf etməsi və ətraf mühitə nə qədər az ziyan vurmasından tutmuş, sevimli muğənnilərinin öz konsertində ətraf mühitin mühafizəsinə çağırış edib-etməməsinə qədər. Razıyam, bəzi vaxtlarda bu sadəcə trendi izləməkdir. Yəni gənclər trendləri aktiv izlədiklərini göstərirlər. Amma şirkət trendsevərləri bu məqsədlər üçün istifadə edirsə bunu şəxsən mən qəbahətli saymıram.

Əlbəttə, şirkətlər, fərdi şəxslər, brendlər bunu göstəri üçün edə bilərlər. Lap elə qənaət üçün də. Amma oturub fikirləşdikdə bu trendin hətta şirkətlər, hökumətlər tərəfindən inkişaf etdirilməməsi belə bizə tükənən resurslara biganə yanaşmağımıza icazə vermir. Biomüxtəliflik, təmiz hava, su, normal temperatur bunların hamısı insanın rahatlığı üçündür. Ona görə də ağlı olan istənilən insan təbiətin qorunub saxlanılmasında maraqlı olmalıdır.

Düşünürəm ki, yerli şirkətlərimiz öz strategiyalarına yaşıl düşüncəni mütləq salmalıdırlar. Məsələ, sadəcə zibili ayrı-ayrı qablara atmaqdan getmir. İstehsal prosesində, məhsulun istifadəsində, xidmət sahələrində innovativ düşüncəli insanlarla ətraf mühitə daha az ziyanımız dəyəcək.

 

Nostalji hisslərin marketinqdə rolu

ilham ali yusif

Təxminən bir il öncə sahəsinə görə Bakıda ən böyük supermarket açıldı. Bu Salamzadə küçəsində, Nəqliyyat Nazirliyi ilə Papanin arasındakı Nömrə 1 supermarketi oldu. Yolüstü olduğundan həftədə 3-4 dəfə oradan yolumuzu salardıq. Xüsusən də gecə saatlarına qədər işlədiyindən başqalarına nisbətən bura daha çox üstünlük verirdik. Sonradan bu ilin aprel ayında Yeni Yasamalda, evin yanında Bazarstore açılanda ora heç getmədik. Oranı yaxşı tanıyanlar yəqin bilirlər ki, ətrafda Neptun və Araz supermarketləri də var. Nə isə.

İki mərtəbəli bu marketdə eyni məhsulu az qala 2-3  yerdə qoyurdular. Tualet kağızları bir mini market boyda yerdə yerləşdirilidi. Daha burada tez-tez nələr etmirdilər?! Play Station, məişət və elektronika avadanlıqlarının satışı, parfumeriya bölməsi, kimyəvi və quru təmizləmə, kababxana, gül şöbəsi, kafe, bəy və gəlin üçün, yox axırıncıya fikir verməyin. Ən dəhşətlisi o idi ki, mal da çox gəldiyindən yığılıb qalırdı vitrinlərdə və saxlama müddəti az olan ağartı məhsullarının təzəsini tapmaq əməlli-başlı problem idi. Bir də tez-tez getsək də ərazisinin böyüklüyündən həmişə şikayət edirdim. Əgər sizə antipesperant, yuxa və yumurta lazım idisə 8 dəqiqə mağazaiçi dövrə vurmaq gərəkirdi Amma ümumi bol çeşidli olması adamı özünə cəlb edirdi. Bir də ki qəşəng kabab da bişirdilər. Elə bazarlıq edənəcən bişib qurtarırdı, özünlə aparırdın.

İndi deyəcəksiz onsuzda bağlanmış marketin nəyindən yazıram? Bu günlərdə burada Bolmart supermarketi açılıb. Bu gün maraq üçün bura daxil oldum və elə həvəsləndim ki, dedim bu barədə mütləq yazacam. Nədən həvəsləndim soruşsaz, cavabım sadə olacaq. Kitablarda oxuduğumu bu gün emosional olaraq burada da yaşadım.

Əslində belə hal bir neçə dəfə olub. Bu nostalji hisslər və indiki vaxtın reallıqları ilə bağlı olan məqamdır. Yeni market hardasa köhnəsində olan 70 % məhsulları, markaları öz yerində saxlayıb. Asanlıqla gedib xiyar turşusunun harada olduğunu tapdım. Hətta konfet-şokolad da marka-marka öz yerlərindədir sanki. Təsəvvür edin ki, yeni brend altında siz sanki öz köhnə getdiyiniz yerdəsiz. Düzü, bura əksər hallarda yoldaşımla gedirdim. Nə gizlədim, insan ailəsilə keçirdiyi hər vaxtın sonradan daha da çox qədrini bilir. Hətta görürsən sevgililər ayrılanda tək-tək belə onlar birgə olduqları yerlərə gedirlər. Mən də bu gün tək idim. Yəni birgə burada olan bazarlıqları da xatırladım. Düzü mən başqa Nömrə 1 marketdə olmamışam, Bolmart-ın da fanatı deyiləm, həm də düz evin altında açıldığından biz ailəmiz üçün onsuzda bazarlığı Bazarstore-dan etməyə üstünlük verəcəyik. Amma nəzərə alsaq ki, onlar 10-da bağlanırlar, gecə saatlarında bu nostalji hisslər sayəsində mən indiki dövrün müştərisinə çevrilə bilərəm. Bax əsas mesajım da budur. Öz-özümə fikirləşirəm ki, insanların emosiyalarına müsbət təsir etməyi bacarmaq hər bir marketoloqun işindəki ən böyük uğurudur. İnsanlar nə qədər yeniliyə can atsalar da, gələcəyə tələssələr də belə nostalji hisslər onları həmişə duyğulandıracaq və emosional edib alışa həvəsləndirəcək. Mənim keysimdə konkret hələ reklam da etdirəcək.

Bu arada Bolmart bu böyük obyektin hələ ikinci mərtəbəsini açmayıb. Həqiqətən vitrinləri daha səliqəli düzüb. Bu market yerləşən yer çox küləklidir. Nömrə 1 girişi parkinqdən biraz uzaqda etmişdi. İndikilər daha düzgün yerə giriş qapılarını yerləşdiriblər. Ən əsası, parkinqləri də çox səliqəlidir.

Hamı bir nəfər kimi, bir nəfər isə öz bildiyimi kimi

ilham ali yusif

İsti yay günləri, artıq sona çatmaqda olan Ramazan günləri – istər-istərməz insanlar evlərinə daha gec yığışır. Ona görə də bu günlərdə bəzi insanlar evinə bazarlığı da demək olar ki gecəyə saxlayır. Şəxsən özüm də axşam 11-də, 12-də heç də az-az marketlərdə olmuram. Yuxa almaq üçün belə. Ona görə də şəxsən buradan axşam 10-da bağlanmayan marketlərin rəhbərlərlərinə xüsusi təşəkkürlər. Bu günlərdə düz gecə 12-də sirklə üzbəüz olan Bolmart supermarketində idim. Əllərimdə dondurmalar gəldim ki, kassaya tez hesablaşım, baxıram ki, kassalar müştərilərlə doludur. Az sonra başa düşdüm ki, bəs 12-ə az qalmış kassalardakı kompüterlərdə proqramı belə deyək ‘perezaqruzka’ edirlər. Hər şey məhz ondan sonra başladı.

Cəmiyyətdə insanları 5 kateqoriyaya bölsək, 2 kateqoriya mütləq olaraq hər bir məkanda olacaq. Birincisi belə vəziyyətlərdə ucadan danışıb xarici ölkələrdən ağızdolusu nümunə gətirən və az qala ətrafdakı hər kəsə baxıb təsdiq gözləyən, ikincisi isə çoxluq təşkil edib bu adama ‘dəlidir e bu’ gözü ilə baxıb özlərini səbrli aparanlar. El içində bu tandemə demaqoq və laqeyd adı verənlər də var. İş belə gətirmişdi ki, bu demaqoqlardan biri məhz bizim kassada biz laqeydlərdən öndə idi və kassir onun mallarını vuran məqam proqramda yenidən yükləmə baş vermişdi. İlk öncə bu şəxs çox səbrlə danışırdı ki, ‘bəs belə olmaz, hər axşam belə edirsiz, insanlar evinə tələsir, bunu biraz gec edin və s.’. Düzü mən başa düşüdüyüm qədər buna səbəb supermarketin digər hissəsində kassaların bağlanması və günün təzələnməsi idi. Amma yenə də nə məntiq?

Bizim demaqoq danışdıqca başına dönməyərək yığışdığımız kassir elə ironik təbəssümlə ‘mənim problemim deyil’ deyə-deyə durmuşdu. Səbrdən kasad müştərilər şikayətləndikcə, bu kassir da sanki başqa supermarketin işçisidir rolunu oynayıb ‘mənlik deyil’ deyərək daha da böyük qıcıq yaradırdı. Bu arada mən də narahatam ki, bəs dondurmalarım əriyir. Təxminən 10 dəqiqə sonra kassaların işi bərpa olunanda dedim yəqin bu yüngülvari mübahisədə də buzlar əriyər. Amma kassirin onsuzda səbri tarama çəkilmiş həmin o demaqoq müştərinin aldığı yoqurtu skannerə vurub qabağına tullaması müştərini özündən daha da çıxartdı. İkincisi yoqurtu kassirin qabağındakı masaya elə çırpdı ki, yoqurt kassa masası nədir, 2-3 metr aralıdakı bir sonrakı müştərinin saçına qədər gedib çıxdı. ‘Biz olmasaq, sənin maaşın da olmaz, işin də olmaz’ müştərinin əsəbi avazları altında kassir acıq edirmiş kimi öz xidməti kreslosunu tərk etdi. Vəziyyəti ağ köynəkli supervayzer xilas etməyə çalışdı. Özü həm kassaya əyləşdi, həm də təhlükəsizlik işçisini masanı silməyə əsgi dalıyca göndərdi. Mən də öz növbəm çatanda iradlarımı bildirdim və niyə bəs həmin işçinin ‘mən yox, biz’ anlayışına sahib olmadığını soruşdum. Pərt halda olan supervayzer ‘müəllim, mən indi burada oturmalı deyiləm, prosesləri idarə etməliyəm. Onun bu etdiyi səhvlə bağlı mütləq tədbir görəcəyik’ deyib üzrxahlıq etdi.

Belə epizodlarla tez-tez rastlaşmaq olar. Elə xaricdə də. Problem nədir, təlimatsızlıq? Yoxsa işçi motivasiyasının azlığı? Bəlkə gecə növbəsində işləyən insanların ‘müvəqqəti işdir, 2-3 başımı fırlayım’ yanaşmasıdır? Məncə bu yazıda əlavə hansısa uzun şərhlərə ehtiyac yoxdur. Əsas odur ki, hər birimiz belə məqamlardan gərək dərs götürək. Böhrandır, xanımlar və cənablar. Müştəri olmasa biznes olmaz, biznes olmasa iş yerləri olmaz. Bu ki sadə məntiqdir. Niyə məhz böyük-böyük bizneslər qurub, biznesinizi şəffaf şəkildə uzunömürlü etmək məqsədini qarşıya qoymursuz? Biznesinizi əxlaqlı edin və işçiləriniz də əxlaqlı olmasına çalışın. Daxili marketinqə də gedib çıxmayacağam, sadə məntiqlə işçilərinizi sevin və onları bir məqsəd üçün birləşdirin. Yoxsa hamı bir nəfər kimi prinsipində, öz bildiyi kimi olan bir nəfərlərin sayı çox olacaq.

Yaş ötüb otuzu, CV-sində yox bir düz-əməlli işi

ilham ali yusif

Hər dəfə təəssüf edirik ki, bizdə normal tədqiqatlar aparan şirkətlər yoxdur. Dəqiq sayın bilməsəm də yaxşı ki, 100-dən artıq biznesdən öz dilimizdə, lap elə Rus və İngilis dilində yazanlarımız var. Kitab sayı isə çox məhduddur. Faktiki olaraq çoxumuz xarici kitablardan nələrisə öyrənməyə çalışırıq. İlə 2-3 forumla kifayətlənirik. Milli biznes mühitindən əsasən azdan-çoxdan yaxşı əlaqələri olan, nisbətən yaxşı yerlərdə işləyən şəxslərin məlumatı var. Yenə də ölkəmizdə dəqiq tədqiqatlar olmadığından hər hansı bir məsələ haqqında sadəcə ümumi dünya görüşümüzdən, dostdan-tanışdan eşitdiyimizdən, müşahidələrimizdən nəticə çıxarırıq.

Xarici marketinq ədəbiyyatlarında tez-tez rast gəldiyimiz, X, Y, Z nəsilləri silsiləsindən Millenium nəslinin davranışları ilə bağlı fikirlərə son zamanlar bir çox məqalələrdə rast gəlmək olar. Bu nəslin müştəri davranışları, işə götürəndən əsas gözlənti və tələbləri və bu kimi xeyli araşdırmalar. Bizdə isə belə normal tədqiqat yönümlü bölgülər olmadığından biz faktiki heç bir nəslimizə yiyə dura bilmirik. Məsələn elə biznes mühitinə hələ çox faydalı ola biləcək yaşı 30-u keçmişlər.

Mənim yaşım hələ 30-a çatmayıb. CV üçün də 2-3 yaxşı işim olub. Deyə bilərsiz ki, başımın ağrısı nədir? Sadəcə ətrafımda tanıdığım xeyli insan var ki, 30 yaşa qədər uğurlu olmayıbsa əlini-qolunu salıb aşağı sanki reallıqlarla razılaşır. Buna əsas səbəb də məhz ölkəmizdə biznes mühitinin problemləridir. İşə götürənlər nə qədər işçisizlik problemini həvəslə qabartsalar da əslində bu problem qarşılıqlıdır. Hər iki tərəf üçün bundan sonrasına maraqlı olacaq fikirlərimi sizlərlə bölüşürəm:

Şirkətlər loyal işçilərini inkişaf etdirməlidirlər – Baş nazirlə zarafat edən menecerlər var ki, 10 ildi kreslolarından durmurlar. Əlbəttə biznes mühitində kiminsə hansısa işdə nə qədər olmasına məhdudiyyət yoxdur. Amma müşahidələrimdən deyə bilərəm ki, həmin insanlar nədənsə 5 il şirkətdə sadə işi loyal görən işçiləri qabağa çəkməkdənsə, hardansa öz tanışını və ya kiminsə tanışını dartıb gətirir. Böyük sual çıxır, əgər sən öz işçini 5 ildir inkişaf etdirə bilmirsənsə onda hansı işçi loyallığını gözləyirsən. Motivasiya sadəcə pul ilə olmur, həqiqətən loyal olmağı sevən insanlara qarşı diqqətli olmaqla işdə motivasiyanı artırmaq mümkündür.

Şirkətlər özlərini də inkişaf etdirməlidir – Böhran bir bəhanə oldu ki, şirkətlər özlərini tanısınlar. Əgər tanıya bildilərsə. Biz biznes mühitini nədənsə özümüzə yaxın buraxmaq istəmirdik. Aya 10 000 manat qazan iş adamı işçiyə 500 manat verəndə ‘canı çıxır’ sanki. Məsələ kiçik və orta biznesə çatanda vacibdir ki, işçi və biznesmen arasında gəlir 50 dəfə fərqli olmasın. Xüsusən də əgər bu iş adamları işçiyə karyera perspektivləri vermirsə. Onu inkişaf etdirə bilmirlərsə. Şirkəti inkişaf etdirmək sadəcə çox pul qazanmaq demək deyil. Korporativ mühit qurmaq çox vacibdir.

İnsan özü isə nağıllara uymamalıdır – Onsuzda şirkətlər qəfil çönüb ideal olmayacaqlar. Hətta yaşı 30-u keçmiş və özünə yaxşı karyera qurmuş və sözün həqiqi mənasında bacarıqlı insanlar da bu yazını oxuyub ‘ağılları olardı vaxtında əziyyət çəkərdilər’deyəcəklər. Amma bloqun məğzi odur ki, bu şablon yanaşmadan çıxaq. Şirkətlər faktiki çox zaman vaxtında hansısa təhsil ala bilmək imkanı və ya həvəsi olmayan insanlara nağıl danışmağa davam edəcəksə yaxşı olmayacaq. 500 manat maaşla 5000 manat maaş alan üçün həyat heç də eyni səviyyədə yaxşı olmayacaq. İnsan özü bunu başa düşməli və bataqlıqdan özü özünü çıxartmalıdır.

Yaş diskriminasiyası – Başqa bir məsələ də var. Özünüz özünüzü çıxartdız. Biz də elə həmişə davamlı təhsil deyə car çəkirik. Heç nə heç zaman gec deyil deyirik. 30 yaşına çatmış insan da hətta magistr təhsilinin də ona bir faydası olmadığını başa düşür. Başlayır öz üzərində çalışıb hər hansı bir kvalifikasiya qazanmağa. Həyat təcrübəsi də imkan verir ki, daha dərin təhlil edə bilsin. Amma di gəl ki, biznes mühiti onlara qucaq açmır. Ya ucuz işçi qüvvəsi axtarır, ya deyir bu çox danışacaq, ya bunu öz ailə qayğıları var, ya bacarıqlı olsaydı indiyə qədər normal iş tapardı deyə-deyə belə insanlara tərəf baxmır. Biz bu məsələdə çox gecikmişik, amma yaxşı olar ki, CV-də yaş, ailə vəziyyəti və bu kimi şəxsi məsələlər yazmağı tələb etmək qanunla qadağan edilsin.

Uğurlu insan hekayələrini yaymaq – Nədənsə psixoloji olaraq çoxumuz uğurlu insan deyəndə öz biznesi olan insanları göz önündə canlandırırıq. Amma hər hansı bir şirkətdə işləyərək də həm uğurlu işçi, həm də uğurlu insan olmaq olar. Bizdə uğur hekayələri faktiki çoxdur, amma onları çatdırılması zəifdir. Bəzən çox şişirdilmiş və ya təhrif olunmuşdur. İstənilən halda bu məsələdə həm media, həm bloqerlər, yazarlar gərək cəmiyyətə faydalı olsun. Məsələn, ’30 yaşdan sonra uğurlu karyera qurmuş 100 azərbaycanlı’ kitabını yazıb nə qədər insana real ümid vermək olar.

Həyatda uğur qazanmağa bilik, əlaqələr nə qədər çox kömək edirsə, fikrimcə ondan da çox insana davranışları daha çox faydalı olar. Ona görə də insan daima iradəli, çalışqan, motivasiyalı olmalıdır ki, yaşı 30-u, 40-ı belə keçmiş olanda öz həyatını müsbətə dəyişməyə həvəsli olsun. Onsuzda həyatda özümüzdən asılı olan və olmayan çox səbəblər bizi ya büdrədir, ya da qabağa çəkir. Əsas odur ki, büdrəyəndə qabağa getmək həvəsimiz heç zaman ölməsin.

Alət çubuğuna keç