Şəbəkələşmə tədbirlərindən necə məmnun ayrılmaq olar?

Şəbəkələşmə tədbirlərindən necə məmnun ayrılmaq olar?

Yazsam ki, biznesdə uğurun əsas faktorlarından biri şəbəkələşmə tədbirləridir, deyəcəksiniz ki, bunu bilirik. Desəm ki, bu tədbirlərdə çoxumuz özümüzü bəzən çox rahatsız hiss edir və ya bəzən tədbirdən sonra hansısa fürsətlər qaçırdığımızı düşünüb sıxılırıq soruşacaqsınız bəs bunun əlacı nədir? Sözün açığı bu əlacı axtaranlardan biri də özüməm. Bu dəfəki yazıda da qısaca olaraq  belə tədbirlərdən maksimum faydala bilməmiz üçün vacib olan 4 məsələdən danışacağam:

1) Tədbir haqqında öncədən məlumat əldə etməyə çalışın

Çoxlu şəbəkələşmə tədbirlərində iştirak etmək yaxşıdır. Elə insanlar var ki, az qala hər gün hansısa şəbəkələşmə tədbirində iştirak edir. Elə işlərini də tədbirdən tədbirdə rahatca düzüb qoşurlar. Amma bəzən tədbir haqqında öncədən məlumatlı olmaqdıqda və təbdirə çatıb yüngül desək şok keçirəndə adamın ilk öncə vaxtına hayıfı gəlir. Tədbir vaxtı isə maraqlı həmsöhbət tapmadıqda, tədbirin formatını bəyənmədikdə mənəvi yük ilə buranı tərk edirsən. Odur ki, maksimum dəvət aldığınız tədbir haqqında öncədən məlumat toplamağa çalışın. Böyük şəbəkələşmə təşkilatçıları onlayn sistemə bütün iştirakçılar haqqında məlumatı daxil edir və onlara bir-biriləri ilə onlayn qaydada öncədən görüş təyin etmək imkanı verir. Qısası vaxtımıza dəyər verərək, hara gəldi getməməliyik.

2) Mütləq hazırlıqlı olun

Hazırlıqlı olmaq sadəcə üstündə biznes kartı daşımaq və ya tədbir haqqında məlumatlı olmaqdan ibarət deyil. Təsəvvür et ki, sadəcə 5 dəqiqən var yazımda insanın özünü təqdim etmək üçün əlinə düşdüyü fürsətlərdə etməli olduğu bəzi məsələləri qeyd etmişdim. Tədbirin formatından, məkandan, iştirakçılardan, keçirilmə vaxtından asılı olaraq özünüz, təşkil etdiyiniz təşkilat və ya öz biznesiniz haqqında hansı məlumatları təqdim etməli olduğunuzu öncədən planlaşdırın.  Çünki bəzən sizin çox qısa vaxtınız olur. Bu qısa vaxt ərzində siz gələcək partnyorunuz, rəqibiniz, iş yoldaşınız, müdiriniz, dostunuz ilə əlaqələrin fundamentini qoya bilərsiniz. Tədbirə qatılmaq məqsədinizi tədbir zamanı hər bir görüşünüzdən öncə xatırlayıb nəzərdə tutduğunuzu insanlara çatdırmağa çalışın.

3) Yeni əlaqələr qurmağa çalışın

Bəzən, hansısa tədbirdə sizin öncədən tanıdığınız şəxslər olur. Avtomatik olaraq qaçırıq bu insanların yanında. Əslində burada pis heç nə yoxdur. Çünki dostumuz, tanışımız ilə artıq davam etdirilməli çox söhbətimiz var və yeni mövzu açmaq məcburiyyətində deyilik. Amma sadəcə ürəksiz olub və ya həvəssiz olub şəbəkələşmə görüşlərində yeni əlaqələr qurmamaq bizə sonda könül naxoşluğu gətirir. Ona görə də yuxarıda dediyim kimi yaxşı olar ki, tədbirlərdə görüşləri öncədən dəqiq təyin etmək üçün yardım göstərilsin. Amma nəzərə alsaq ki, axşam ziyafətlərində bu çox çətindir, xüsusən də ayaqüstə olanda ona görə də bu ziyafətlərdən maksimum istifadə edib faydalı əlaqələrinizin sayını artırın. Gördüyüm maraqlı bir təcrübə də var ki, axşam ziyafətində hətta masa arxasında otursaq da, yemək gələnə qədər bir qrup insanla, yeməyi artıq ayrı masada digər qrup insanla, deserti isə başqa bir qrup insanlarla üçüncü masada yemişdik. Nəticədə daha çox insanla maraqlı ab-havada danışmaq imkanı olmuşdu.

4) Gülün, sadəcə satmaq üçün deyil

Belə görüşlərdə siz çoxlarında ilkin təəssürat oyadırsınız. Məsələn, indiki dövrdə ola bilsin ki, digər insanlar sizi sosial şəbəkələrdən tanıyır, amma həyatda ilk dəfədir ki, görür. Bəzi insanların belə mühitdə ən böyük səhvi məhz özünü ciddi göstərmək xatirinə zəhrimar simasına sahib olmaqlarıdır. Elə edin ki, insanlar gülüşünüzə vurulsun, qalanı yaxşı olacaq. Bir də ki, gülüşünüz sadəcə satıcı gülüşü olmasın. Bəzi insanlar hər görüşü satmaq fürsəti kimi görür və başqa mövzulara keçməyi demək olar ki, unudur. Bir dəfə Britaniya rəsmilərinin görüşündə iştirak edirdim. Saat yarım çəkən görüşdə əsas məsələ haqqında 2-3 dəqiqə danışıldı. Qalan vaxtı isə əsas mövzuya fundament qoyuldu.

Özüm bu məsələləri nəzərə alıb görüşlərdən pozitiv ayrıla bilirəm. Xüsusi olaraq bənd kimi göstərmədiyim bir məsələ də mənə kömək edir, belə tədbirlərdə daha çox dinlə

Təsəvvür et ki, sadəcə 5 dəqiqən var!

Bu günlərdə iştirak etdiyim sosial tədbirlərdən birində yaşca məndən kifayət qədər böyük olan həmsöhbətlərim var idi və yaş və söhbətlərinin maraqlı olması məni daha çox dinləyici statuslu edirdi. Sonradan məlum olacaqdı ki, həmsöhbətlərimdən biri kifayət qədər sadə olsa da övladları ciddi bizneslərə sahibdir və insan özü elm adamı olması ilə yanaşı biznes dəyərləri və strateji idarəetmə üzrə detallı və strukturlu məlumatlıdır. Danışılan mövzulardan mənə yaxın olanları ilə bağlı mənim də 1-2 kəlmə deməyimə imkan düşdükcə ‘5 dəqiqə’ limitimdən istifadə edirdim. Sözün açığına qalsa heç bir limitim yox idi, yuxarıdakı başlıq da simvolikdir. Sadəcə bəzən insan çox gözəl başa düşür ki, sənə meydanı limitsiz versələr belə nə qədər qısa, dəqiq, aydın və eyni zamanda qarşıdakılara hörmətlə danışsan bu bir o qədər sənə baş ucalığı gətirər. Odur ki, elə görüş vaxtı bu yazını yazmaq barəsində düşündüm və yazını daha canlı etmək üçün özümə elə oradaca simvolik olan 5 dəqiqəni verdim ki, fikirlərim pafoslu yox, hər hansı bir məsələyə daha obyektiv münasibətli və düşündürücü olsun.

Belə vəziyyətlərə tez-tez düşürük. İş ilə bağlı, şəxsi görüşlərdə bəzən çox az vaxt olur. Hansısa satış ilə bağlı görüşdə, müsahibədə, lap elə hansısa tədbirin rəsmi ziyafətində kart dəyişmək məqamında özün və təmsil etdiyin təşkilat, bəzən ölkən haqqında məlumat verməli olursan. Əgər ilkin verdiyin məlumatlar qarşındakına maraqlı və uyğun olarsa, ən əsası vaxt imkan verərsə bu danışıqlar uzana bilər və sizin qatıq balonunun üstündəki kimi əlavə bonus dəqiqələriniz ola bilər. Amma ümumi götürəndə həyatımızda 5 dəqiqəlik ayaqüstü görüşlərin sayının çox olmasını nəzərə alıb, istərdim ki gələcək üçün sizi və özümü bəzi məsələlər haqqında düşünməyə dəvət edim:

Özünü təqdimat

Mən özüm çox yaxşı oğlanam demək istəyiriksə düzgün reklam kanalı seçməmişik. Belə görüşlər bunun üçün uyğun məqam deyil. Həm də bu görüşlərdə onsuzda CV-də olanları qısaca danışmağı xahiş edən də olmur. Özünü ilk öncə biznes kartla təqdim etmək imkanı olur və ya sadəcə adımız və ya işlədiyimiz yeri deyə bilirik. Öz təcrübəmdən də deyə bilərəm ki. belə görüşlərdə sonradan söhbət əsasında hətta işlədiyim layihələr, təcrübələr, təhsilim haqqında da söz gəlişi məlumat vermək imkanım olub. Vacib olan odur ki, tələsməmək və ilkin olaraq çox qısa məlumatdan başlamaq lazımdır. Özümüzü az da olsa savadlı hesab ediriksə, vacibdir ki səmimi şəkildə qarşımızdakını özümüzdən də savadlı hesab edək və ona da danışmağa imkan verək.

Təmsil etdiyin təşkilat

Yuxarıda qeyd etdiyim kimi bəzən hansısa tədbirdə təşkilatımızı təmsil edirik. Hazırda çalışdığım təşkilatda kütləvi şəkildə hansısa tədbirə, ziyafətə qatılırıqsa cari layihələrimiz və planlarımız haqqında qısa müzakirə olur ki, belə görüşlər zamanı verdiyimiz məlumatlarda mesajımız effektiv və faydalı olsun. Bəzən hansısa qeyri-rəsmi tədbirdə səni söhbətə tutub öz məhsulları, xidmətləri haqqında danışan insanlara ara-sıra rast gəlmək olur.  Əgər məhsul də unikal bir məhsul deyilsə, siz verilən məlumatlara maraq göstərmisinizsə və qarşıdakı insan sanki leksiya oxuyurmuş kimi fasiləsiz 10-15 dəqiqə danışırsa belə insanları 20 ildir ki, əlində Tide qutusu qapını döyərək ‘Gəlin paltarları çirklədib sonra yuyub sınayaq’ deyənlərdən fərqini görmürəm. Təşkilatımız və işlərimiz haqqında danışmaq yaxşıdır, sadəcə ya söhbəti qarşıdakına maraqlı etmək, ya da qısa olmaq lazımdır. Yeri gəlmişkən, bu bloqda ilk yazımda məhz biznes kartlar ilə bağlı bəzi qeydlər etmişdim.

İdeologiya və dəyərlərini unutmamaq

Ola bilər ki, qısa vaxt ərzində hansısa aktual mövzunun müzakirəsi ola bilər. Bu insanı tanımaq baxımından kifayət qədər həssas məqamdır. Xüsusən də aktual mövzu sizdə emosional olaraq narahat vəziyyət yaradırsa. Gündəmdə olan mövzuya əgər Facebook-dan oxuduğumuz şərhlər əsasında hansısa aqressiv və sərt tənqidi münasibətimiz varsa lazım deyil ki, ilk dəfə görüşdüyümüz insanla bu barədə yüksək emosionallıqla danışaq. Özümüzün ideologiyası və dəyərlərini belə məqamlarda da unutmamalı və ruh vəziyyətimizi maksimum stabil edib hansısa bir məsələ haqqında da bizdən fikir soruşulanda ona strateji cavab vermək və ya sadəcə ustalıqla susmağı bacarmaq lazımdır. Susmaq razılıq deməkdir deyib danışaraq partlamamaq lazım deyil.

Bəs qarşımızdakının vaxtını kim sayır?

İstər biznes, istər rəsmi, istərsə də sosial tədbirlərdə demək olar ki, 3 əsas tip insanlar olur. Çox danışan, qulaq asmağı bacaran və danışmağa ürək etməyən. Əgər siz çox danışansınızsa o zaman qabağınızdakının kim olduğunu müəyyən etməyə çalışın. O da çox danışsa gərək vaxtınızı ədalətli böləsiniz. 🙂 Çünki çox danışan insanlar bir neçə dəqiqədən sonra sözünüzü ağzınızda qoyacaq. Mən isə təklif edərdim ki, qulaqasmağı bacaran tip olmağa çalışaq. Onsuzda çox danışan tapılacaq və biz belə insanlara qulaq asdıqca onun bizimlə ünsiyyətə marağı çox olacaq.

Ola bilsin doğurdan da sadəcə bir neçə saniyəmiz var

Biznes şəbəkələşmə ilə bağlı oxuduğum yazılarda özünü təqdimatda ‘məşhur’ 8 saniyə, 40 saniyə, 1 dəqiqə limitləri ilə bağlı qeydlər var. Baxışlar fərqlidir və qabaqcadan deyim ki, mən bu məsələyə bu qədər punktual yanaşmağın əleyhinəyəm. Reklam materialı deyilik ki, qarşımızdakı insan bizim xronometrajımıza görə bizdən pul istəsin. Sadəcə məsələ odur ki, bəzən istər iş ilə, istərsə də hansısa şəxsi görüşlərdə bizim sadəcə bir neçə saniyəmiz olur ki, özümüz haqqında təəssürat formalaşdıra bilək. İlkin təəssüratın da vacibliyindən əlavə nəsə yazmaq artıqdır. Hansısa konkret vaxt limiti olmadan sadəcə vəziyyətə uyğun özümüzü uzun və qısa təqdim etməyi bacarmalıyıq. Əgər liftdə bir neçə mərtəbə bir yerdə qalxıb-düşəcəyimiz insanla tanış olmaq istəyimiz və ya qısaca müzakirəmiz varsa bunu sadəcə saniyələrə sıxışdıra biləcəyik.

Məşhur atalar sözündə deyildiyi kimi

Beləliklə, məşhur atalar sözündə deyildiyi kimi insanı geyimi ilə qarşılayıb ağlı ilə yola salırlar. Xaricə görünüşə, geyimə bəzən çox üstünlük veririk və qarşıdakı insan haqqında özümüzdə müəyyən fikirlər formalaşdırırıq. Eyni ilə qarşıdakı insanlar da bizim çəngəl tutmağımızdan, nədən nə qədər içməyimizə qədər göz qoya bilər. Amma bütün bunlardan önəmlisi bizim hansı sözə sahib olmağımızdır. Sözün əməl ilə üst-üstə düşüb-düşməmisini deyil, daha çox sözün gücünü, dəyərini və faydalılığını nəzərdə tuturam. Əgər ətrafınızda savadlı və biznes sahəsindən adamlarıdırsa əmin olun ki, sizin sözün dəyəri mütləq qiymətləndiriləcək.

Həyatda insanı uğurlu edən əsas şərtlərdən biri də ələ düşən fürsətləri düzgün istifadə edə bilməsidir. Rəsmi və sosial tədbirlərdə də insanın gələcəyi üçün qarşısına çox gözəl fürsətlər çıxır. Ona görə də belə məqamlara hazır olmaq lazımdır. Yekunda biznes şəbəkələşmənin əsas mahiyyətinin yeni əlaqələrin qurulması və şəxsi və korporativ brendin gücləndirilməsi olmasını unutmadan belə məqamlara hazır olmaqla yanaşı onlardan da maksimum istifadə etməyə bacarmalıyıq.

Sən kartını mənə ver, mən mütləq sənə yazacam!

Toyda, yasda, ad günündə belə bir ‘vəd’ eşitdikdən sonra heç bir e-mail almadıqda başa düşmək olur, amma hər hansı bir işgüzar görüşmədən sonra belə vəd verən insanlardan e-mail gəlmədikdə anlamaq çətin olur. Özü də bu əksər vaxtlarda olur və həm də tək mənim başıma gəlmir axı. Mən başa düşürəm ki, əksər hallarda mən məhz qarşı tərəfin istəyi ilə çalışdığım şirkətlərin xidmətləri ilə bağlı danışmış, suallara cavab vermişəm. Amma hər hansı bir şəbəkələşmə görüşlərində, tədbirlərdə gəlib həvəslə sənə xidmətlərindən danışan, kart alıb yazmayan adamlar çox görmüşük. Təcrübəmdəki görüşlərin əksəriyyəti satış ilə bağlı olduğundan burada söz verib yazmayanlara daha çox satış prizmasından yanaşıram. 

Onsuzda yaxşı satıcı potensial müştərini hiss edir və özü qarşı tərəfə imkan vermədən görüşdən sonra e-mail də yazır, zəng də edir, lazım olsa ikinci görüşə, üçüncü görüşə də nail olur və əməkdaşlıq qura bilir.  Amma unutmayaq ki satıcı yaxşı olsa da bəzən hansısa səbəblər olur. Mən düşünürəm ki, söz verib cavab yazmamağa növbəti situasiyalar səbəb ola bilər:

  • Bu insan danışmağı çox xoşlayır, amma iş işləməyə çatanda e-mail yazmağa belə ərinir;
  • Bu şəxs çox görüşür, çoxlu biznes kartları yığır və sonra da vaxt tapmır ‘follow up’ etsin;
  • Bu şəxs təqdim etdiyi xidmət və məhsullardan əmin deyil və ya həmkarlarının satışdan sonrakı əməliyyat prosesinə güvənmir;
  • Əməkdaşlıq üçün uyğun vaxt deyil, vaxtı çatanda sizə mütləq yazacaq. Amma quru bir e-mail yazıb təşəkkür etmək olar axı; 
  • Bu şəxs təqdim etdiyi məhsullar standart deyil və hər danışığa uyğun olaraq öz e-mailini formalaşdırmalı və ya təklif hazırlamalıdır. Buna görə də fikirləşir yazmasam yaxşıdır;
  • Satan tərəf sizsinizsə, o zaman sizin təqdim etdiyiniz məhsul və ya xidmətlər qarşı tərəfə maraqlı deyil;
  • Nəhayət, satan tərəfsinizsə və ‘follow-up’ etmirsinizsə demək ki sizin özünüzün satmağa, əməkdaşlığa həvəsiniz yoxdur.

Bu mümkün situasiyalar öz yerində amma bir məsələni də qeyd edim. Vacib deyil ki, biznes kartın üzərindəki e-mailə yazılsın. İndi çoxlarımızın sosial şəbəkələrdə hesablarımız var. Görüşdən sonra həmsöhbətin ilə əlaqəni sosial mediada davam etdirmək olar və elə oradaca da yazmaq olar. Mən özüm LinkedIn-in imkanlarından bu baxımından çox istifadə etməsəm də tövsiyyə edərdim ki, burada görüşənlərin görüşdən sonra bir-birinə qoşulması uğurlu addımdır. Korporativ biznes kartları olan böyük şirkətlərdə biznes kartların üzərində fərdi sosial media hesablarını qeyd etmək əksər hallarda mümkün olmasa da, fərdi bizneslərdə bunu qeyd etməklə bir nədir, bir neçə addım qabağa getmiş olursuz.

Biznes kartdan söz düşmüşkən, xatırlayıram, bir dəfə təkbətək görüşlərin birində adət-ənənəyə uyğun olaraq görüşdüyüm şəxsə öncədən biznes kartımı təqdim etdim. Görüşün məzmununu tam xatırlamıram, amma görüşdə danışan tərəf mən idim. Demək görüş başlayandan sona qədər görüşdüyüm şəxs biznes kartımı əvvəl 2 qat, sonra 4 qat, sonra 8 qat, sonra 4 qat, sonra 2 qata bükürdü, açırdı. Yalnız görüşün sonunda nə etdiyini başa düşdü və sonra da kartı gizlətdi. İndi bilmədim mənmi gərgin danışırdım, bu onun xassiyəti idi və ya sadəcə onun mənə yazmaq fikri yox idi..

Beləliklə, rəqəmsal dünya mobil telefonlar, planşetlərlə dolub daşsa da biznes kart hələ də öz vacibliyini qoruyub saxlaya bilir. Şirkətiniz 1 nəfər, yoxsa 100 nəfərdən ibarət olmasından və ya zəif, yoxsa güclü şirkət olmasından asılı olmayaraq bu kart sizin biznesin mövcudluluğundan, sizin bu kartların çapına çəkdiyiniz xərcin timsalında az da olsa ciddilikdən xəbər verir. Odur ki, yazsalar da, yazmasalar da üzərinizdə biznesinizi təqdim edən kartları gəzdirməyi unutmayın.

Siz şərh yazın, mən cavab verəcəm 😉

Alət çubuğuna keç