Soyuq havada vaxtı səmərəli idarəetməyə dair 5 isti məsləhət

Əlbəttə ki, dövr nə qədər dəyişsə də bir çox klassik məsələlər var ki, daima aktualdır. Məsələn, vaxtın düzgün idarəedilməsində prioritetlərin düzgün müəyyən edilməsi həmişə işə yarayır. Amma elə məqamlar var ki, onlar dövrün tələblərinə uyğun formalaşır və bir çox hallarda bir neçə il sonra aktual olmur. Mən də sizlər kimi gecə-gündüz vaxtımı səmərəli idarə etmək haqqında düşünürəm, buna çalışıram. Deyim ki, bu asandır. Yox! Qətiyyən. Xüsusən telefon və internet adamın çox vaxtını alır. Qabaqdan soyuq günlər gəlir. Yəni indikindən də soyuq. Düşündüm ki, son 3-4 ilin təcrübəsinə əsasən soyuq havalara istilik gətirəcək, eləcə də vaxtınıza dəyər qatacaq 5 məsləhəti sizlərlə paylaşım:

1) Tək kofe içməyə gedin – Dolların düşməyə nəyə də olmasa kofe şopların artmasına yaman təkan verdi. İndi hər tində biri var. Siz də arada vaxt tapın, lap o kinolardakı kimi əllərinizi ağzınız havası ilə isidə-isidə gedin 1-2 saata kofe şopda oturun. Bacarsaz telefonsuz. İnsanları müşahidə edin. Kitab da götürə bilərsiz. Əsas odur ki, həftədə 1-2 dəfə ruhunuza qida verin.

2) Yaya planlar qurun – Dekabr və yanvar aylarında insan həm işi ilə bağlı, həm də şəxsi həyatı ilə bağlı illik planlar qurur. Böyük məqsədlər ortaya qoyur. Sonra necə olursa bu planların çoxsu elə plan kimi qalır. Əslində qışda olan passivlik sonradan yazda da, yayda da davam edir. Təbii ki, siz orta gəlirli və hətta ondan da aşağı gəlirli şəxssinizsə o zaman yaxşı olar ki, qışda səyahət saytlarını açıb yay üçün planlar qurasınız. Qışdan axtarsanız qızmar yay günlərində 4-5 günlük olsa da nə isə tapacaqsınız. Bu sonradan həm vaxtınıza və pulunuza qənaət etməyə imkan verəcək. Həm də bu səyahət həvəsi içinizi isidəcək.

3) Pəncərədən çölə az baxın və caza qulaq asın – Əslində qışda işə gələnədək və ya evə çatanadək insan sadəcə özünü isitmək haqqında düşünür. Xüsusən də hava qarlı və çovqunlu olanda, şimal küləyi əsəndə. Belə hava adətən insanı böyük məqsədlərdən uzaqlaşdırır və bəzilərini hətta romantikləşdirir. Deyə bilərsiniz ki, hələ üstəlik caza qulaq assaq bəs onda daha da romantik olacağıq. Sizi başa düşürəm. Amma məndə bu yanaşma çox effektiv işləyir. Qışınki cazdır. Əgər ecazkar caza qulaq assanız sanki çöldəki havanı bədəniniz daha stabil qəbul edəcək və siz böyük işləri görməyə eyni templə davam edəcəksiniz.

4) Az yatmağa çalışın – Çox pis məsləhətdir, eləmi? Xüsusən də qışınkı yatmaqdır deyənlər üçün. Çox banal görünən bu məsləhətin məğzi nədir. Əslində isti yerindən heç kim durmaq istəmir. Amma yaxşı olar ki, soyuq havalarda həmişəki kimi yerinizə tez yox, gec girin. Səhər bir qədər gec dursaz eyib etməz. Çünki qışda adətən səhər duranda ev nisbətən soyuq olur deyə həvəssiz olursan. Gecəyə doğru isə ev qəşəng qızır. Yatmaq əvəzinə kinoya baxmaq, kitab oxumaq olar.

5) Onlayn təlimlərə qatılın – Qışda hava tez qaralır. Tez qaralan tək hava deyil, işləmək də adama qara gəlir. Yazda, yayda həvəslə gördüyün işi qışda daha həvəssiz görürsən. Bəzən işdə 2-3 saat boşuna vaxt gedir. Amma yaxşı olar ki, onlayn kurslara yazılıb iştirak edəsiniz. Bunu hətta nahardan sonraya da sala bilərsiniz. Sizə və gələcək məqsədlərinizə çox bağlı olan kursdursa orada həvəslə iştirak edəcəksiniz və bu da sizin çox böyük qazancınız olacaq.

Təbii ki, insanın mühitindən asılı olaraq bunların hamısını və ya 1-2-ni həyatında tətbiq edə bilər. Bu yazı da bir bəhanədir. İpucudur. Öz həyatınıza istilik qatan başqa nələrisə tapmağa. Odur ki, qışdır deyib keçməyin. Həqiqətən hər fəsil gözəldir və hər vaxt önəmlidir.

Mən və 4 noyabr

Yəqin fikir verdinizsə, 4 noyabr ilə bağlı geridə qalan müddət ərzində heç nə yazmadım. Tədbirə qeydiyyatdan da keçməmişdim deyə dəvətnamə də gözləmirdim. Təşkilatçıların da bir qismi, MaşAllah xeyirdə-şərdə görüşdüyümüz dost-tanış idi. Əvvəlcə onları belə rezonansa görə təbrik edirəm. Hər bir bu cür işi daima dəstəkləyirəm. Bəs nədən dünənə qədər bunu etmirdim?  Çünki söhbəti gec tutdum və saytda ‘bu tədbirdə kitab satılmır’ cümləsi mənə xoş gəlmədi. Mən AIR tədbirlərinə söz atmaq kimi qəbul etdim və bunu da etik saymıram. Halbuki, sizin də, onların da gördüyü iş Azərbaycan üçün vacibdir.

Bəs yaxşı hədiyyə məsələsi niyə belə əks-səda doğurdu? Mən orada olmamışam, amma dostlar, igidlər gələcəkdə bu 2-3 məsələni mütləq nəzərə alın:

1) Şəxsən mən elə bilirdim ki, 4 noyabr hədiyyə söz verən insanlar özləri öz hədiyyələrinə təsadüfi bir qalibi seçəcək. Bütün hədiyyələri sonda 1 nəfər qazanacaq məsələsini tədbirdən sonra bildim. Görün mənim kimi neçə nəfər bunu belə bilə bilər.

2) Seçimi siz özünüz bir neçə nominasiya üzrə apara bilərdiniz. Təbii ki, aralarında zalda olmayanlar olacaqdı və insanlar şəffaflığa inanacaqdı.

3) Seçim metodologiyası öncədən paylaşıla bilinərdi. Variant çoxdur. Səhv etmirəmsə, daha çox yazan daha çox şans qazanırdı. Necə kommunikasiya etdiz, seçim prosesi necə olacaq?

4) Mən bu il mayda və iyunda Visa şirkətinin 2 lotoreyasında iştirak edirdim. 50-dən artıq kassa çeki qeydiyyatdan keçirmişdim. Lotoreyanın birincə Paşa Qəlbinurun oğlu qalib gəldi. Əziyyətimə heyfim gəldi. Kütlə VIP, tanışlıq məsələrini sevmir. Bunu bilirik, siz də bilirsiz. Amma özümü daxilən inandırdım ki, Visa bunu etməz. Siz də kütləyə bu etibarı təbliğ edin. Öz məhsullarınızla, brendlərinizlə. Bu günün sabahı da var.

5) Biz marketoloqlar kütləni tez yoldan çıxarırıq. Əgər məqsəd bu həş təq ilə böyük kütlə qazanmaq idisə elə açıqca elan edilərdi ki, qalib MARKETOLOQ olmayacaq.

Təbii ki, məqsəd gözəl tədbir keçirtmək idi. Bu da sizdə alındı. Amma marketinqin PR tərəfini lütfən unutmayın. Narazı şəxslər varsa, aqressiya ilə deyil, acıq verməklə yox, çox böyük ürəklə, səmimiyyətlə onlarla davranın.

Niyə yox, ay AFFA?

Düz 1 il qabaq AFFA apardığı PR və marketinq ilə bizi inandıra bilmişdi ki, bu seçmə mərhələdə futbol üzrə milli yığma komandamız çox yaxşı nəticə əldə edəcək. Buna əsas da var idi, 3 oyuna qazanılmış 7 xal. Əgər qalan 7 oyuna 7 xal da toplanıla bilsəydi qrup ikincisi olub play-off oynamaq şansımız var idi.

Əvəzində nə baş verdi? Növbəti 6 oyundan 5 məğlubiyyətlə ayrıldıq. Düzdür, bu dəfə müsbət rekordlar vurduq. İlk dəfə 3 qələbə, ümumilikdə 10 xal. Amma yenə də qrup 5-cisi. Bu axşam təsdiqlənəcək. Əslində isə 10 xaldan 6-ı Avropanın Beynəlxalq Universitet kimi uğursuz komandası olan elə bu dəfə də 9 oyuna 46 qol buraxan San-Marinodan aldıq. Qalan 4 rəqibdən 7 oyuna mümkün 21 xaldan cəmi 4 xal qazanmışıq. 19 % nailiyyət. Bu axşam bu 4 rəqiblə (Almaniya, Şimali İrlandiya, Norveç və Çexiya) sonuncu, 8-ci oyunumuz Almaniya ilə olacaq. İnşAllah bu gün qəlblərimiz sevinər. Amma futboldan azdan-çoxdan anlayan və bu işin menecmentini düşünən insan kimi problemləri nədə görürəm?

1) Bizdə futbolun gələcəyi sual altına düşür, çünki təcrübə çoxluqla paylaşılmır. 20 il qabaq ölkə kuboku 1/32 finaldan başlayırdı. 35-40 komanda ilə. Şəmkir, Neftçi kimisə böyük hesabla udardı. Amma hansısa zəif komanda və oyunçuları belə oyunlardan təcrübə qazanardı. İndi iki komanda kubokda da üzləşəndə 10 aya 6 dəfə üz-üzə gəlirlər. Çempionata 8 komanda, kuboka 20 komanda çox-çox azdır.

2) Yadıma gələndən Mingəçevirdə, İsmayıllıda şəhər, rayon çempionatları keçirilərdi. İntriqalar var idi. Ulduzlar ortaya çıxırdı. İndi həvəskar futbol oynayan çoxdur. Amma bunlar da başqa sahədə artıq karyera qurmuşlardır. Belə çempionatlar daha peşəkar səviyyədə olmalıdırlar.

3) 20 ildi uşaq futbolu deyirlər. Amma Qarabağın əvəzediciləri Çempionlar Liqasına bərbad başlayıb. Ölkə çempionatında da 7 oyuna 4 xalları var. 8 əvəzedici komadadan 7-i 7 tura 60 qol vurub, hərəsinə 8.5 qol. amma tək Qəbələ 7 oyuna 32 qol vurub! Qəbələ görünür bu işə daha ciddi yanaşır. Neçə ildir yağış-qar uşaqlar məşq edir.

4) Ötən dəfə statistik təhlil etmişdim. Milli çempionatda çox az qol vurulur. Cari çempionatda 27 oyuna cəmi 63 qol vurulub. Bir oyuna 2.33 qol. Yəni hamısı ‘menşe’ olan oyunlardır.  Bu indikator bizim qol vura bilməmiyimizi göstərir. AFFA bilmirəm millidə 1 qola nə qədər vəd edir. Amma mən şəxsən Almaniyaya bu gün hər qola adama 10000 AZN vəd edərdim.

5) Bu bir brend yaratmaq işidir. Yeni futbol klubu yaranıb. Xəzər. Bakını təmsil edir. Bir bank yaradıb. Sosial məsuliyyətdən əlavə bu həm də brendin, yəni bankın təbliğidir. Bunu bizneslər sevərək etməlidirlər. Millidə oynayan oyunçular da ulduzlaşmalıdır. Keepface onları Influencer kimi əməkdaşlığa cəlb etməlidirir. 2016-da Endorphin şirkəti Olimpiya millisinin hər oyunçusunu ulduz etməyə çalışmışdı. Heç Qarabağ FK bu məsələdə strateji deyil. Ulduz xəstəliyi nə qədər qorxulu olsa da, məşhur olmaq əlavə qazanc olduğu üçün oyun performansına da bu müsbət təsir edəcək.

Son aylar AFFA ara-sıra e-mail bülleten göndərir. Buna əhsən. Amma futbolu sevmək, sevdirmək, ona işlək biznes mexanizmi qurmaq lazımdır. Səmiyyət olmalıdır. Sponsorlar sponsorluğu özləri xahiş etməlidirlər. Belə isə necə deyərlər, həyat davam edir. 🙂

Yol Polisi marketoloqları işə götürsə

Bu fikirlərimi dünən Facebook-da status yazmışdım. Düşündüm ki, bloqun da yaddaşına həkk edək. Başlıq da simvolikdir. Çünki mən düşüncələrimi bir marketoloq olaraq paylaşıram.

Hərçənd ki, mənim başıma az gəlir, amma Yol Polisi əməkdaşları kimisə saxlayanda eyni mübahisəli qayda pozuntusunu mübahisə-protokol dialoqunda dalbadal neçəsi edir. Etiraz edirsən ki, bax bu da etdi, o da etdi və cavab o olur ki, hərə özünə cavabdehdir. Bir neçə həftə öncə Yol Polisi əməkdaşı aeroport yolunda mülki maşında qəza törətmişdi. Məlum oldu ki, bir neçə gün öncə olan qalmaqallı qəzada da ötüşənlərdən biri polis əməkdaşıdır, atası da keçmiş vəzifəli Yol Polisi. Bizdə yollarda çox böyük aqressiya var. İçi mən qarışıq çoxumuz etikanı tələb olunandan az qoruyuruq. Dünən gecə biri üstümə çıxır, düzgün manevr etmir hələ nifrətlə mənə baxıb niyə siqnal verdiyimə etiraz edir. Hər tində bir polis olsa belə yanaşma bir çox problemi həll etmir. Bizdə indi hətta maşınların ətraf mühitə ziyan vuran qazlarını ölçüb cərimə yazırlar. O da vacibdir, amma məncə daha vacibləri:

Elmi yanaşmanı gətirin işinizə – DYP daha çox statistik hesabatlar əsasında təhlükəli yerlərdə post qurub cərimə yazmalıdır. Bizdə hələ də 10-larla yerdə qeyri-effektiv yol hərəkəti tənzimləməsi var, o vaxtı 200 baldan QAYİ ixtisasına girənlərin nəticəsi;
Zero-tolerance – Cəmiyyət üçün ən təhlükəli adamlar qayda pozub kiməsə zəng etdirənlərdir. Bu hər sahədə var, amma neyniyək ki, bu insanlar cəmiyyətdə daha hörmətlidirlər;
Səmimiyyət – Mən mayda rayona gedəndə Mərəzə postunda məni saxlayıb yolda ehtiyatı olmağa tövsiyyə edən polisin səmiyyətinə inandım. Müsbət emosiyalar, enerji və diqqətlilik artır. Bəzən qayda pozan sürücüyə polisin 4-5 dəqiqəlik tərbiyəvi təlimatı dövlət büdcəsinə gələn 40 manatda daha vacib və faydalıdır. Postda mən qayda pozmamışdım. Reyd idi sadəcə.
Qadın Yol Polisləri – İndi xeyli qadın sürücü var. Qadın qadın psixologiyasını daha yaxşı bilir. Həm də kişiyə də cəriməni qadın yazanda priyatnı olacaq. Kişi polislə höcətləşib heç cürə qayda pozuntusunu etiraf etməyənlər qadından bu tənbehi alıb bəlkə ağıllanarlar.
Polisin marketinq və PR-ı – Hansısa polis yola düz səpəndə və ya İlk Tibbi yardım göstərəndə sosial-mediada buna bir xeyli mız qoyan olur. Halbuki bunu çox gözəl şəkildə təşkil etməklə Sürücü – Yol Polisi arasındakı uçurumu aradan qaldırmaq olar.
Sürücülükdən məhrumiyyət – Bizdə cərimələrin məbləği artmasın, ballar artsın. Qırmızı işığı lap 5 bal etsinlər. Sürücülükdən məhrum olmaq daha çox təsir edər nəinki 250 manat cərimə.
Kameralar artsın. Yenə də artsın – Sürücülərimiz sadə manevr qaydalarını ya bilmir, ya da bilərəkdən qorumurlar. Polis olmayan yerdə çox aqressiv və saymazyanadırlar. Qoy belə tez-tez ballar yığılsın, bəzilərinin ağlı gəlsin başına.
Nümunəvi olmaq – Yol Polisi sürücüləri xidməti maşında dəfələrlə mobil telefonla danışda gözlərimə tuş gəliblər. Evakuatorlar isə çox kobud sürürlər. Səmimi olub nümunə olmadan milyon eqonu düz yola gətirə bilməyəcək.

Bu siyahını artırmaq olar. Amma yenə də lazım olanlar bu barədə düşünsə özləri də kreativ çıxış yolları taparlar. Büdcə onsuzda dolacaq. Çünki sürücülərlə bu cür sistemlə işlənilsə elə adamlar olacaq ki, qaydaları bilmir deyə gündə azı 1 dəfə kameraya düşəcək. Mən nədən bunu yazıram? Hər gün bizdə azı 3-4 ağır yol qəzası olur, azı 5 nəfər ölür. Yəni kiminsə nəvəsini lap tutub basdılar bu problemi həll etmir və qısamüddətli effekt verəcək.

Plastmasdan metala dəyişən tarix

Mobil telefonların cəmi 40 illik bir tarixi var və son 10 ildə baş verənlər daha maraqlıdır. 20 il bundan qabaq telefonların əlavə funksionallıqları ilə bağlı söhbət belə yox idi. Bu o yana, hətta 1980-ci ildə dünyanın ən məşhur konsaltinq şirkəti McKinsey Amerikanın AT&T şirkətini inandıra bilmişdi ki, 2000-ci ilə qədər ABŞ-da cəmi 900 000 mobil telefon istifadəçisi olacaq. 20 il sonra isə bu proqnoz həqiqi rəqəmin sadəcə 1 faizi idi. İstifadəçilərin sayı artdıqca mobil telefonların funksionallıqları da artdı və müştəri artıq sadəcə telefon yox, hər dövr üçün onu fərqləndirəcək qeyri-adiliklər axtarmağa başladı.

Bu gün Samsung J5 modelinin metal korpusunu daha çox önə çəkib reklam edirsə, məqsəd həm də bu qeyri-adiliklərin arxasıcya düşənlərə kömək etməkdir. Düzdür indinin özündə də qiymətə, telefonun yaddaşına, fərqli rənglərə üstünlük verənlərdən də az deyil. Son aylar hər yerdə reklamını gördüyümüz Samsung Galaxy J5 modeli onsuz da münasib qiymətə təklif edilir, həm arxa, həm də ön kamerası kifayət qədər əla göstəricili, 13 MP-dir, fingerprint də bu telefonun metal qədər olmasa da, statusunu bir xeyli qaldırır. Amma təbii ki, biz müştərilər həmişə qeyri-adiliklər axtarışdayıq və bu da daima inkişaf etməkdədir. Bu yazıda bu məsələnin təbii inkişafını şəxsi təcrübəmdən paylaşaraq göstərməyə çalışacağam. Beləliklə, 17 yaşımdan bu günə qədər istifadə etdiyim telefonlarımın qısa hekayəsi ilə mobil telefonları almaq istəyi və istifadə trendinin necə dəyişdiyini real təcrübə ilə sizə təqdim edirəm:

Tələbəlik illəri – Bir çoxlarından fərqli olaraq mən birinci kursda ilk dərs günü o zaman üçün məşhur Nokia-nın sadə bir modelini belə partanın üzərinə qoya bilməmişdim. İlk telefonum yalnız birinci kursun ortasında oldu. Mənə hədiyyə olunan zavallı Philips. Utana-utana adam içərisinə çıxardırdım. Polifonik zəngləri də Montana saatını xatırlatdığından həmişə səssizdə olurdu. Bir dəfə təsadüfən əlimi * düyməsində saxlayıb bu telefonda vibrasiyanın da olduğunu kəşf etmişdim. Bir neçə aydan sonra isə o vaxtı Samsung kimi daha çox tanınan Baku Electronics-dən Samsung X140 telefonunu kreditə almışdım.  O vaxtı tələbəyə nə lazım idi? Telefonda FM radio olsun. Hələ bu telefon MMS də qəbul edə bilir və çox zəif bağlantı ilə internetə də girə bilirdi. Korpusun metal rəngi dəyişib mesaj yazmaqdan ağappaq oldu, bu telefondan əl çəkmirdim ki çəkmirdim. O zaman metal korpuslu telefonlar zakazla idi, qiyməti də elə ucuz deyildi. Həm də heç də hamı üçün metal deyə bir şeyi düşünən istehsalçı da yox idi.

İlk karyera illərim – Növbəti telefonu mən iş yerindən təqdim etdilər. Markası yadımdan çıxıb amma 80 manatlıq Nokia telefonu idi. Təbii ki, onun da FM radiosu, həm də bir neçə musiqini da yadında saxlaya biləcək yaddaşı var idi. Di gəl ki, zavallı birinci telefonumdan sonra ən az ömrü olan telefon bu oldu. İçi dolu şəkillər, mesajlar telefon bir gün sözün həqiqi mənasında öldü. Yaxşı ki, o ölməmişdən qabaq 2010-cü il üçün az olmayan məbləğə 200 manata Nokia 5230 almışdım. Hamının alma dişləməyə başladığı vaxt Nokia taçskrin telefonlarını çıxarmışdı. İlk günlərdə mesaj yazanda əsəbləşməyim indiki kimi yadımdadır. Heç cürə sensor ekranda işləməyi öyrənə bilmirdim. Tam olaraq qıcıq olurdum. Amma bu telefon başqa aləm idi. Ürəyin nə qədər istəyir musiqi, Facebook, internet. Aç istədiyin futbol oyunun hesabına bax internetdən. Vay-fay tap Youtube-a bax. Di gəl ki, Azercell bu telefondakı xəritəni internetinə bağlayıb nə isə fırıldaq etmişdi. O vaxtı MB-in 70 qəpik olan vaxtları idi. Bir dəfə güya xəritədə evimizi axtarıram deyib 10 manata yaxın pul xərcləmişdim.

Və nəhayət son 5 il – Təbii ki, Nokia bazardakı rəqabətə tab gətirə bilmədi. Qısa zamanda insanlar öz Galaxy və IPhone-ları ilə əbədi yaşanacaq müharibəyə start verdilər. Həm münasib qiymətinə, həm də tələbəlik illərindən brendə olan loyal münasibətimə görə mən ilk öncə Samsung ACE2 aldım. O vaxtı bu telefonun ekranı adama çox rəngli və böyük gəlirdi. İndi bu markaya baxanda sanki 10-15 il geriyə baxırsan. Daha sonra telefon artıq status məsələsinə çevrildi. Təbii ki, sosial mediada olan aktivlik də artdıqca daha gözəl foto və video çəkən, daha sürətli işləyən telefon axtarışına başladıq və ardıcıl olaraq Galaxy S5 və S6 nəslinə qoşulduq. Hətta sonuncu telefonu alarkən S7 artıq satışa çıxacaqdı, ancaq sözün düzü səfərə çıxacağımdan və yaxşı foto və videolar həvəsi ilə yeni nəsli gözləmədən seçim etdim. İlk video bloqun da məhz bu səfərdə çəkilmişdi.

Bu elə bir uzun tarix deyil. Cəmi 12-13 ilin qısa tarixcəsidir. Zəng gedib-gəlsin konseptindən status, həyat tərzi, sürət, fərqlilik dəyərlərinə gəlib çıxmışıq. İndi 20 yaşdan aşağı olan insanlar üçün bu tarix çox qəribə gələ bilər, ancaq texnologiya çox sürətlə inkişaf edir. Telefonlar böyüyür, korpuslar metallaşır, kinolarda gördüyümüz qeyri-adi barmaq skanerləri ilə telefonumuza giriş edirik, yaddaşlar da artır, kameralar da az qalsın NAT GEO səviyyəsində çəkir.

Alət çubuğuna keç