Resurslara çıxış ilə bağlı 7 acı həqiqət

Hərdən bir çoxumuz çox böyük həvəslə 90-cı illərdən danışanda bu günlərlə bir çox fərqləri xüsusi vurğulayırıq. Məsələn, həftədə 1 dəfə kino olardı, onu gözləyərdik və o da başlayanda qəfil işıqlar keçərdi. Al, bu da sənə bu həftənin kinosu. Axı, hamıda evdə videomaqintafon yox idi. Bu bir həqiqətdir ki, o zaman çox bəsit resurslara çıxış məhdud idi. Bəs 20 il sonra bu bolluqda bizim doğurdanmı bir çox resurslara daha rahat çıxışımız var? Təbii ki yox. Heç 20 il sonra da bu olmayacaq. Buyurun, misalçünlər:

1) Networking-dən kənar düşmə. Bu tək Azərbaycana aid deyil. Amma əgər sən hansısa şəbəkələşmələrdən kənardasansa, məlumata, bonuslara çıxışın azdır. Azərbaycanda yaxşı iş yeri az olduğundan təbii ki, sənin üzv olduğun şəbəkələşmə səni qabağa çəkir. Yaşın, maddi imkanın, davranışların, xasiyyətin, mövqeyin və zamanlaman düzgün olmasa, qalırsan gəmidən kənarda.
2) Pul, təbii ki, buna çıxış çox məhduddur. Bəlkə mən bilmirəm, amma 5 dənə özəl təhsil və elm fondu saya bilərsiz? Mən hələ mələksifət investorları demirəm. Gənc insan üçün bu məhdudiyyətlər çox üzücüdür.
3) Sağlamlıq təminatı resursları. Bir çox insan düşünür ki, həkimə getsə 3 aylıq maaşı müalicəyə gedəcək. Elədir ki, var. Xəstəlik faizi artsa da, bir çox özəl şirkətlər belə hətta tibbi sığortaya maraq göstərmir.
4) Dil bacarıqları zəif olduğundan hər saniyə yenilən elmlərə çıxış məhduddur. Müəllimlər çox rahat ev tapşırığını Discovery, Discovery Science, History kanallarından verə bilərlər.
5) Özü aya 10 000 qazanıb işçisinə 350 manat verməklə həftəyə onun 60 saatını alan sahibkarlar. Güya bu pulu onlar özləri qazanır, işçilər də fərsizdir.
6) Sosial mediada keyfiyyətli məzmuna trafik proporsiyası azdır. Əyləncə və idman ilə müqayisədə faydalı məzmun istifadəçilərə daha az göstərilir. Çünki 2-3 dəfə əyləncəyə olan marağın alqoritmləri sənə ‘qarşı’ edir. Əslində bu qədər bol keyfiyyətli resurslardan uzaq düşməklə həyatdan, ömürdən günlər gedir.
7) Hələ də 20-ci əsrdə qalan şirkətlər. İşçiyə boş-boş nəzəriyyələr deyib mənasız işi göndərən eqoist menecerlər.

Bu hələ sadə sıralamadır. Yəni evdə istədiyim vaxt kinoya baxıram demək, hələ dünya ilə ayaqlaşmaq demək deyil.

Bəzən demək çox asandır ki, əziyyət çək, pul qazan, get xaricdə oxu, işlə. Həyatın bəzi məqamları var ki, orada müəyyən resurslara ehtiyac olur, o təmin edilmədikdə nə isə ala-yarımçıq qalır. Bundan sonra da çox az adam özünə gəlib davam edir.

Amma istənilən halda mən gənclərə bir daha xatırladıram. Öz həyatınıza sahib olun, unutmayın ən vacib resurs vaxtdır. Vaxtınızı oğurlayanlardan uzaq qaçın! Elə ortayaşlılara da aiddir 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç