Xanımlar, güclü xanımlar haqqında

 

Bir neçə gün öncə axşamcağı Puşkin küçəsində bir xanımın sahibi və ya adi işçisi olduğu mağazanın qapısını bağlayıb getdiyini görəndə bu postu yazmaq qərarına gəldim.

Müəyyən sosial gərginlik fonunda uğurlu xanımlar görəndə çox sevinirəm. Uğur sadəcə təbii ki, avtomobil sürmək və ya hardasa menecer vəzifəsini tutmaqla məhdudlaşmır. Özünəinamı yüksək olmaq, çalışqan, öz zəhməti ilə hər hansı bir sahədə uğurlu olmaq, yeniliklərə açıq olmaq, müəyyən yaşdan sonra hətta öz təhsilinə vaxt ayırmaq da bir uğurdur. Xüsusən də ipinə odun düzməli olmayan şəxslə ailəsi dağılsa da, sonradan vicdanla öz övladlarını mərdcəsinə böyüdən xanımlara rəğbətim böyükdür. Nəzərə alsaq ki, indi belə bəylərin sayı əvvələ nisbətən daha çoxdur. Şəxsi həyat məsələlərinə çox qarışmadan bu uğura şərait yaradan vacib 1-2 məqamını sizinlə də bölüşüm.

1) Təbii ki, təhsil ən önəmlidir – Əlbəttə bizim ətrafımızda olan insanlar çox gözəl başa düşürlər ki, qız övladı da eyni səviyyədə təhsil almalı və uğurlu karyera qurmağa can atmalıdır. Zatən bunu gözəl başa düşərək biz sosial mediada bir-birimizi izləyirik. Ancaq düşünürəm ki, fürsət olduqca bu məsələlərə laqeyd qalmamalıyıq. Xanımlar üçün sadəcə dərzi, kosmetoloq peşə kursları deyil, sahibkarlıq yönümlü kurslar da keçilməlidir. Xanıma sadəcə kluba pulsu giriş deyil, bəzi kurslara heç olmasa 5-10 % endirim olmalıdır.

2) Düşüncə tərzimizdə dəyişiklik – Məsələn, axşam saat 11-də metro və avtobusla evə gələn xanım çox zaman kefindən elə gec evə getmir. Çünki Mall-lar 10-da bağlananda, işçi də iş yerini 11-ə işləmiş tərk edir. Az olub hansısa qıza qarşı təcavüz edildi yazısının altında, ‘axşam 11-də küçədə nə edir’ yazıblar? Hamının işi rahat deyil. Bir tikə çörək üçün biz çox çətin və fərqli şəraitlərdə çalışırıq.

3) Daha etik olmaq – Belə bir düşüncə var ki, bəzi şirkətlərdə xanımlar qabağa gedir. Rəhbərlik şərait yaradır. Birincisi biznes mühitində qadın-kişi, ortayaşlı-cavan, ateist-dindar, Habibtərəfdarı-McQreqortərəfdarı tipli ayrıseçkiliklər aradan qalxmasa bu cür yalnış, bəlkə də doğru fikirlər çox müzakirə olunacaq. Məqsəd etik olmaqdır. Əgər hansısa vəzifəyə layiq X adamdırsa, o da olmalıdır. CV-nizdə mütləq və mütləq şəkil qoyun yazan elanları yıxıb sürümək lazımdır. İnsan resursları müzakirələri belə fundamental məsələlərdən başlayıb, sonra performansdan danışmalıdır.

Əlbəttə bu fikirlərin formalaşmasında güman ki, qız övladına sahib olmağım da az-çox rol oynayır. Və durub-durub nədən bu barədə yazdım? Yox, sadəcə düşüncə tərzimizi reallıqlara kökləməsək, informasiyaya çıxışı az olan xanımların təhsilinə önəm verməsək, xanımların liderliyinə vicdanla şərait yaratmasaq, qadınların uğuruna sevinməsək, ümumiyyətcə bir insan kimi bir-birimizə dəyər verməsək, yaxşı ideallar uğurunda çalışmasaq ədalətli mühit qura bilməyəcəyik.

Söhbət təbii ki, sadəcə xanımlardan getmir, həm də müxtəlif yerlərdə dominantlıq edən qrupların qrupdaxili azlıqlara, xüsusən də az təhsilli, aşağı gəlirli, fiziki məhdudiyyəti olan şəxslərə qarşı ədalətsiz, vicdansız mövqeyindən gedir..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç